Avropanın ən məşhur avtomobil konstruktoru kimi tanınan Ferdinand Porşe “Daymler”dən (Daimler) istefa verdikdən sonra 1931-ci ildə “Mühərriklərin qurulması, konsultasiyası və avtomobilqayırma” firmasını təsis edir. 30-cu illərin əvvəllərində F.Porşe öz məşhur “körpəsini”, xalq avtomobili sayılan “Böcəy”i düzəltməyə başlayır. Milliyyətçi sosialistlərin hakimiyyətə gəlməsi ilə “kasıb əhali üçün avtomobil” layihəsi canlanır. 1934-cü ildə yeni “Volksvagen”in (Wolksvagen) düzəldilməsi ideyasını Almaniya hökuməti dəstəkləyir. Alman xalqı qarşısında çıxış edən Adolf Hitler “Alman fəhləsi işə piyada getməyəcək, milli sosializmin sayəsində onların öz avtomobili olacaq” deyəndə məhz “Volksvagen”i nəzərdə tuturdu. Artıq 1935-ci ildə Ferdinand yeni avtomobilin ilk nümunələrini nümayiş etdirdikdən sonra 1936-cı ildə bu modellərin istehsalı üçün zavodun tikintisinə başlanılır. “Kdf” (xoşbəxtlikdən gələn güc) seriyasına daxil olan və daha sonralar “Böcək” adını qazanan bu yeni avtomobilləri 990 markaya hər bir alman vətəndaşı əldə edə bilərdi. O illərdə “Böcək” modeli dünya səviyyəsində satış rekordu qırmışdı.
Porşe faşist Almaniyasına kömək etməkdə ittiham olunur. Ferdinand hərbi texnika düzəltsə də, bu sahədə uğur əldə edə bilməyib. Belə ki, Porşe özünü doğrultmayan “Ferdinand” adlı özüyeriyən zirehli maşın (90 ədəd bu növ maşın istehsal olunmuşdu) və iki ədəd həddindən artıq böyük olan “Maus” (Mouse) adlı tank düzəltmişdi. Tank mühəndisləri Porşenin niyə 180 tonluq nəhəngi düzəltdiyini başa düşmürdü. Çünki “Maus” ağır tankları əksər körpülərin üstündən keçə bilməzdi. 1945-ci ildə sovet qoşunlarının Almaniyaya yaxınlaşdığını görən almanlar bu iki tankı partlatmışdırlar. Ancaq daha sonralar rus mühəndisləri tərəfindən tanklardan biri bərpa olunmuş və hal-hazırda Kubinka şəhərindəki muzeydə saxlanılır.
Müharibədə Almaniyanın məğlubiyyəti Porşe ailəsi üçün böyük zərbə oldu. Belə ki, bombardman nəticəsində qərargahda yerləşən mühəndislərin çertyoj arxivinin hamısı yanıb kül olmasıyla yanaşı, həm də Fransa hökuməti ata və oğul Porşeni həbs etmək qərarına gəlmişdi. Onları faşist hökuməti ilə əməkdaşlıq etməkdə, əsirlərin əməyindən istifadədə və hərbi avtomobil istehsalına zərər vuran döyüşçülərin gestapoya təhvil verilməsində ittiham etmişdilər.
1946-cı ildə Porşenin oğlunu - Ferri Porşeni həbsdən azad etmək qərarına gəlirlər. Az müddət ərzində Ferri Porşe italyan firması “Cisitalia” üçün yarış maşınları düzəltmiş və əvəzində aldığı 1 milyon frankı atasını azad etmələri üçün fransız hökumətinə təklif etmişdi. Ancaq Fransa hökuməti bu təklifi cavabsız qoymuşdu. Ümumi rejimli həbsxanada 22 ay məhbus həyatı yaşayan Porşenin səhhəti getdikcə pisləşirdi. Həbsxana rəhbərliyi heç bir səbəb göstərmədən onu müayinə etmək üçün təcrübəli həkimlərin ziyarətinə icazə vermirdi. Porşenin vəziyyəti daha da pisləşəndən sonra, nəhayət ki, qadağa aradan götürüldü. Porşeni müayinə edən həkimlər onun azad edilməsini tələb edirdilər.
1950-ci ilin 19 noyabrında insult keçirən Porşe 30 yanvar 1951-ci ildə vəfat etdi. Amma ölümünə qədər Porşenin həyatında xoş məqamlar da olmuşdu. O, “Böcəyi”n kütləvi istehsalını görə bilmişdi. Ən əsası isə oğlu ilə birgə “356” adını almış sonuncu avtomobilini düzəldə bilmişdi. Bu avtomobil yeni qurulmuş “Porşe”(Porsche) firmasının ilk seriyalı avtomobili sayılır.