Jiquli

Jiquli

Hamımızın, əsasən də, yaşlı nəslin çox yaxşı tanıdığı və istifadə etdiyi, günümüzə qədər gəlib çıxan VAZ-2101 markalı “Jiquli” avtomobilinin tarixi İtaliyadan başlayır. Bu avtomobil ilk dəfə İtalyada FİAT-124 adı ilə istehsal olunmuşdur.
FİAT-124 öz dövrünün ən yaxşı avtomobillərindən sayılırdı. 1966-cı ildə istehsal olunmuş avtomobilin rəsmi primyerası Paris şəhərində keçirilib. Bir il sonra 1967-ci ildə FİAT-124 ilin maşını adına layiq görülmüşdür. Görünür, həmin vaxtdan rus çinovnik və texnikləri maşına göz qoyublar.

FİAT-124-ün vətəni İtaliyada istehsal ömrü qısa oldu. Cəmi 8 il istehsaldan sonra 1974-cü ildə, avtomobilin istehsalı dayandırıldı. Bundan sonra bu avtomobilə bir çox ölkədə müxtəlif adlar altında- İspaniyada SEAT-124, Hindistanda Premier 118, Türkiyədə Tofaş Murat və s. rast gəlinməyə başladı.
SSRİ-də bu avtomobil modernizə edilmiş formada VAZ-2101 “Jiquli” adı ilə istehsal edildi.

20 iyul 1966-cı ildə Mərkəzi Komitə Tolyatti şəhərində avtomobil zavodunun tikintisi ilə əlaqədar qərar qəbul etdikdən sonra, 1967- ci ilin yanvar ayında tikintiyə start verildi. Onu da nəzərə almaq lazımdır ki, avtomobilin istehsalı və ilin maşını seçilməsi tarixi ilə Mərkəzi komitənin qərar qəbul etməsi və zavodun tikilməsi eyni tarixə düşür.

SSRİ-də İlk dəfə 19 aprel 1970-ci ildə arxa çəkişli sedant VAZ-2101 “Jiquli” avtomobil seryası buraxıldı. Bu avtomobillərin sayı 2-si göy, 4-ü qırmızı rəngdə olmaqla 6 ədəd idi. Qeyd edək ki, avtomobillərin kuzov hissələri İtalyadan gətrilmiş, qalan bütün hissələr isə zavodda yığılmışdır.

Kütləvi istehsala isə 9 sentyabrda başlanıldı. Bununla da sovet avtomobil sənayesində yeni mərhələyə qədəm qoyuldu. Sovet texnikləri tərəfindən Fiat-124 avtomobilinə 800-ə qədər dəyişiklik edilmişdir. Dəyişikliklər sovet şəraitinə uyğunlaşdırılmışdır. İşıqlandırma məsafəsi artırılmış, kuzov və asma gücləndirilmiş, çirklənməyə daha davamlı və uzunomürlü olması məqsədi ilə arxa əyləc diskləri barabanla əvəz edilmişdi. Slindirlər arasında məsafə artırılmış, slindirlərin diametri genişləndirilmişdir. Xarici görnüşündə də xırda dəyişikliklər edilmişdi. Arxa görüntünü təmin etmək üçün sol tərəfə güzgü əlavə edilmiş, daha müasir qapı dəstəkləri ilə təchiz olunmuşdu. Bunun hesabına avtomobilin çəkisi 90 kiloqram artmışdı.

Avtomobil sınaqlardan uğurla çıxdı. İlk avtomobillə Moskvadan Uzaq Şərqə 10 dəfə səyahət edildi. VAZ 2101 20-25, hətta 30 il əsaslı təmir olunmadan sürülmək üçün hesablanmışdı. İlk məhsullar istehsaldan 4 ay sonra satışa çıxarıldı. Bütün ölkə səbirsizliklə Tolyattidən ilk avtomobili gözəyirdi. Tezliklə VAZ 2101 modeli küçələrdə peyda oldu. Bu “Moskviç”ə, “Volqa”ya, “Pobedaya” bənzəmirdi. Bu avtomobildə o dövr üçün gözəl və müasir görünüş, İtalyan dinamikası, rahat idarəetmə, qənaətcillik var idi. Qısa müddətdə “Jiquli” hamının sevimlisinə çevrildi. VAZ bütün istehsal dövrü ərzində - 1970-ci ildən 1983-cü ilə qədər 2 milyon 702 min 657 avtomobil istehsal etdi.
İlk illərdə bu minik maşınları sərbəst satışda olmadı. Onu almaq üçün qeydiyatdan keçirdilər. O dövrdə təzə avtomobilin qiyməti 5000 rubl idi.
1972-ci ilin mayında VAZ-2101 beynəlxalq “Qızıl Merkurı” mükafatına layiq görüldü.

Mənbə: Zaman qəzeti

Top