İtalyan avtomobil şirkəti “Ferrari” 1929-cu ildə “Alfa Romeo”nun yarış komandası kimi qurulmasına baxmayaraq, 1946-cı ildə avtomobil istehsalına başlamışdır. Şirkətin mərkəzi İtaliyanın Modena şəhəri yaxınlığında yerləşən Maranello qəsəbəsindədir. “Ferrari”nin tarixi onun qurucusu Enzo Ferrarinin həyat hekayəti ilə üst-üstə düşür.
Enzo Ferrari 1898-ci ildə Modena şəhərində anadan olub. Birinci Dünya müharibəsində ailəsini itirən Ferrari 18 yaşında ikən yarış aləmi ilə tanış olur. Elə karyerası da bu vaxtlardan başlayır. İlk dəfə 1920-ci ildə “Alfa Romeo”nun pilotlarından biri kimi çıxış edir. Sürətə olan marağı, əvvəllər heç kimin çata bilmədiyi sürətlə döngələri dönmək qabiliyyəti və avtomobillərə göstərdiyi hərtərəfli maraqla o avtomobil yarışlarının tarixinə düşür.
Enzo Ferrari 1929-cu ildə “Skuderiya Ferrari”ni (Scuderia Ferrari) “Alfa Romeo”nun yarış komandası kimi qurur. 1932-ci ilə kimi yarışmağa davam edən Ferrari oğlu Dino dünyaya gəldikdən sonra bu işdən uzaqlaşır və avtomobil zavodunun işlərilə məşğul olmağa başlayır. Bu vaxtlarda avtomobil mühərriklərinin gücünün artırılması, idman avtomobillərinin inkişafı, dizaynı ilə əlaqədar işlər görməyə başlayır. Qurmuş olduğu yarış komandası iştirak etdiyi bütün yarışlarda qalib gəlir. Yalnız 1935-ci ildə qalib dəyişir. Bu “Mersedes” komandası olur. “Mersedes”in yarışı qazanmasında “Castrol”un mühərrik təmizləyicisi mühüm rol oynamışdı. Sonrakı illərdə bunu nəzərə alan “Alfa Romeo” firması da “Castrol”un mallarından istifadə etməyə başlayır. Ferrarinin yarış avtomobillərinə olan marağı, savadı və ixtiraları onun “Alfa Romeo”nun idman direktoru vəzifəsinə təyin edilməsinə gətirib çıxarır. Ancaq onun baxmadan imzaladığı sənəddə işdən ayrılacağı təqdirdə 4 il müddətinə heç bir yarış komandasında işləməyəcəyi şərti də var idi. Qısa müddətdən sonra Ferrari şirkətdən ayrılır və “Avto-Avio Kostruzyoni” (Auto-Avio Costruzioni) qurur. Bu şirkət yarış avtomobilləri hissələrinin satışı ilə məşğul olmağa başlayır. Daha sonra o, Modenada avtomobil istehsalı üçün kiçik bir sex qurur. Burada yalnız özü istifadə etmək üçün avtomobil hazırlamaq istəyir. Ancaq bu dəfə İkinci Dünya müharibəsi onun işlərini yarımçıq qoyur. Belə ki, Modena bombalandığına görə, o Maranelloya köçmək məcburiyyətində qalır. İllər sonra istehsal olunan “Ferrari Modena 360” avtomobili Enzo Ferrarinin emalatxanasında qalan sadə bir dizayndan alınaraq, Pininfarina tərəfindən hazırlanmışdır. Maranelloya gəldikdən sonra burada da emalatxana quran Enzo Ferrari 1946-cı ildə “Ferrari”ni işləyib hazırlayır. Ferrari 1951-ci ildə İngiltərə “Qran-Pri”sini və “Le Mans”da 14 qələbə qazanır. 1960-1965-ci illərdə 6 dəfə dalbadal “Le Mans”ı qazanması onu daha da məşhurlaşdırır. Bütün bunlara baxmayaraq, şirkətin qarşısına çoxlu problemlər çıxır. İdarəçilik bacarığının, professionallığın az olması səbəbindən “Ferrari” ağır günlər yaşayır. Belə ki, Enzo Ferrari bank əvəzinə İtaliya mafiyasından borc alır. Elə ağır günlər bundan sonra başlayır. Bu vaxtlar oğlunun ölümü Enzo Ferrarinin vəziyyətini daha da ağırlaşdırır. Qeyd edək ki, Dino Ferrarinin ölümü ilə bağlı çoxlu mülahizələr mövcuddur. Borcunu qaytara bilməyən Enzo Ferrarinin oğlu Dinonun mafiya tərəfindən öldürülməsi fikri həmin mülahizələrdən biridir. Məhkəmə sənədlərində onun xəstəlikdən, ölkənin kütləvi informasiya vasitələrində isə narkotikadan öldüyü bildirilirdi. Dino avtomobillər haqqında dərin biliyə sahib idi. Maraqlı məqam ondan ibarətdir ki, Dino “Formula-2” avtomobilləri üçün V6 mühərrikini hələ 23 yaşında ikən düşünmüş, ölümündən bir müddət öncə öz texniki düşüncələri barədə Vittorio Janoya danışmışdı. Bu isə onun həyatının son günlərində belə, aktiv olduğunu göstərir. Oğlunun ölümündən təsirlənən Enzo Ferrari “Ferrari Dino” avtomobili üzərində işləməyə başlayır. Ancaq bu avtomobilə “Ferrari” loqosunun qoyulmasına sərt şəkildə qarşı çıxır. Buna görə də avtomobilə üzərində Dino yazılan bir loqo qoyulur. Ancaq şirkət üçün böyük problemlər hələ qarşıda idi. Maliyyə problemləri getdikcə böyüyürdü. Çıxış yolu tapa bilməyən Ferrari şirkətin səhmlərini satışa çıxarır. 1963-cü ildə “Ford” firması bu məqsədlə ona 18 milyon dollar təklif edir. Bütün məsələlərlə razılaşan Enzo Ferrari yarış komandasının idarəçiliyini “Ford”a verməyə razı olmur. Buna görə də razılaşma pozulur. 1969-cu ildə tamamən iflic vəziyyətində olan şirkət səhmlərinin yarısını “Fiat”a verir və Ferrari idarəçilikdən bir addım geri çəkilir. 1988-ci ildə isə “Fiat” şirkətin səhmlərinin 90 faizinə sahib olur. 2000-ci illərə yaxın “Fiat”ın da səhmlərinin bir hissəsinin İtaliyanın məşhur banklarında olan “Mediabanco”ya satılması ilə “Ferrari”nin səhmləri ayrı-ayrı səhmdarların əlinə keçir. “Ford”un “Ferrari” hazırlıqları boşa çıxdığından, şirkət layihəni “Ford GT40” adı altında davam etdirir. İki illik hazırlıqdan sonra “Ferrari”ni yarışlarda ötməsi Amerika avtomobil yarışlarının ən böyük günü kimi xatırlanır. 1969-cu il “Ferrari”nin tarixində ən önəmli illərdən biri idi. Enzo Ferrari dizayner dostu Battista Farinanın oğlu Sergio Pininfarinaya gözəl bir şans verdi. Beləliklə, “Ferrari 512s” prototip olaraq təqdim edildi. 1971-ci ildə istehsalına başlanılan “Ferrari BB” ilə şirkət avtomobil dünyasında yenidən özünəməxsus yer tuta bildi. 1984-cü il “Ferrari” üçün çiçəklənmə ili oldu, belə ki, bütün zamanların ən gözəl dizaynına malik avtomobil kimi göstərilən “Ferrari Testarossa” bazara çıxarılan kimi çox baha qiymətə təklif olunmasına baxmayaraq, satış rekordu qazanmağı bacardı. 1988-ci ildə Enzo Ferrari “Ferrari”nin 40-cı ili üçün istehsal olunan “F40”ın təqdimindən 1 il sonra vəfat edir. Enzo Ferrari həyatının son günlərində, ən çox sevdiyi “Ferrari”nin “F40” olduğunu demişdi. “Ferrari F40”ın ilk sahibi futbol dünyasının ulduzlarından sayılan Dieqo Armando Maradonadır. Belə ki, “Napoli” klubunun prezidenti Korrado Ferlaino Maradonanı klubda saxlamaq üçün ona qara rəngli “F40” hədiyyə etmişdi. 1992-ci ildə “Ferrari 456 GT”, 1994-cü ildə “F355” və 1996-cı ildə “Maranello” kimi modellərini bazara çıxaran şirkət dünyanın hər yerində yüksəksəviyyəli idman avtomobilinin istehsalçısı kimi tanınır. Quruluşunun 50-ci ilində məhdud sayda “F50” istehsal edir. 1979-cu ildən sonra “Formula-1” pilotlar və 1984-cü ildən sonra komandalar yarışında qələbə qazana bilməyən “Skuderiya Ferrari” 1990-cı ildə “MakLaren”dən ayrılan Alayn Prost ilə müqavilə bağladı. 1990-cı ilin son yarışında isə komanda Ayrton Sennanın bilərəkdən Alayn Protun avtomobilini vurması hesabına birinciliyi əldən verdi. 1991-ci ildən sonra güclü “Formula-1” avtomobili istehsal edə bilməyən “Ferrari” növbəti bir neçə ildə çempionatlara qatıla bilmədi. 1993-cü ildə rəhbərliyə Jan Todtun keçməsi ilə yenidən özünü toplaya bilən komanda 1995-ci ilin sonunda 1994 və 1995-ci illərdə dünya çempionatlarını qazanmış Mixael Şumaxerlə razılığa gəldi. 1996-98-ci illərdə də komandanın başı üzərindən qara buludlar çəkilmədi. 1999-cu ildə İngiltərədə keçirilən yarışlarda Şumaxerin qəzaya uğrayaraq ayağını sındırmasına baxmayaraq, “Skuderiya Ferrari” yarışları Edi İrvinlə davam etdirdi. Pilotlar yarışını qazana bilməyən “Ferrari”nin komandası, nəhayət ki, 1984-cü ildən bəri qazana bilmədiyi birinciliyi 2000-ci ildə komandalar yarışında əldə etdi. Bu son deyildi. Belə ki qazanılacaq qalibiyyətlər hələ qabaqda idi. 5 il dalbadal qələbə qazanan komanda yalnız 2005-ci ildə “Ferrari” avtomobili təkər uyğunsuzluğu səbəbindən 3-cü yerlə kifayətlənməli oldu. “Ferrari”nin 60-cı il üçün hazırladığı “F60” modeli “Enzo Ferrari” adı ilə təqdim edilib.
2009-cu ildə “Ferrari 430”, “Ferrari 599 GTB Fiorano”, “Ferrari 612”, “Ferrari F430” modelləri kimi gözəl dizayna malik idman avtomobilləri ilə könülləri fəth edən şirkət 2010-cu ildə “Ferrari 599 XX”, “Kaliforniya”, “F450”, “Ferrari 458” və başqa modellərini təqdim edir.