ABŞ tarixi. İkinci Dünya müharibəsindən sonra

ABŞ tarixi. İkinci Dünya müharibəsindən sonra

İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri arasında əsaslı yerdəyişmə baş verdi. Qaliblər sırasında müharibədən yalnız ABŞ iqtisadi və hərbi cəhətdən qüdrətli dövlət kimi çıxmışdı. ABŞ Qərb dünyasını sovet təcavüzündən müdafiə etməyi özünün başlıca missiyası elan etdi və tezliklə lider oldu.

1945-ci ilin aprelində F.Ruzveltin qəfil vəfatından sonra onu bu vəzifədə vitse-prezident Harri Trumen əvəz etdi. “Yeni xətt”i davam etdirən Harri Trumen Konqresə sonralar “Ədalətli xətt” adlandırılan geniş liberal islahatlar proqramını təklif etdi. Müharibədən sonra güclənmiş iri kapital dairələri isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasətinə qarşı çıxaraq “prosperiti dövrü”nün qaydalarına qayıdılmasını tələb edirdilər. 1948-ci ilin prezident seçkilərində H.Trumen qalib gəldi. Minimum əməkhaqqının artırılması, sosial sığorta haqqında qanunun əhatə etdiyi şəxslərin sayının çoxaldılması, azgəlirli ailələr üçün mənzillərin inşasının maliyyələşdirilməsi haqqında qanunlar qəbul olundu. Soyuq müharibənin kəskinləşməsi, SSRİ-nin atom casusluğu, Çində kommunistlərin hakimiyyətə gəlməsi ABŞ cəmiyyətində təlaş əhvalını gücləndirmişdi. Bu zaman ABŞ-da aparılan qatı antikommunist kampaniyası senator Cozef Makkartinin adı ilə makkartizm (1950–1954) adlanırdı. ABŞ əhalisini kommunist təhlükəsi ilə hədələyən senator və onun tərəfdarları azadfikirli insanlara qarşı genişmiqyaslı təqiblər aparırdılar.

Koreya müharibəsinin həlledici təsir göstərdiyi 1952-ci ilin prezident seçkilərində respublikaçıların namizədi general Duayt Eyzenhauer qalib gəldi. Onun “dinamik mühafizəkarlıq” adını almış daxili siyasəti iqtisadiyyata dövlət müdaxiləsinin zəiflədilməsini nəzərdə tuturdu.

1950-ci illərdə ABŞ-da baş verən nəhəng elmi-texniki tərəqqi yeni sənaye sahələrinin yaranmasına, işsizliyin azalmasına, əhalinin rifahının yüksəlməsinə səbəb oldu. İstehsalın kompüterləşdirilməsi və avtomatlaşdırılması həyata keçirildi. 1950-ci illərdə ABŞ-ın sənaye məhsullarının həcmi müharibədən əvvəlki dövrlə müqayisədə üç dəfə artdı. Kənd təsərrüfatının müasir səviyyəli texnika ilə təchizatı yaxşılaşdırıldı. Şəhər ətrafında yaşamağa üstünlük verən orta təbəqə və ixtisaslı fəhlə ailələri üçün bütün zəruri şəraiti olan evlərdən ibarət yeni yaşayış massivlərinin genişmiqyaslı inşasına başlanıldı. 1960-cı ildə ölkə əhalisinin 1/3-nə qədəri burada yaşayırdı. Şəhərlilərin yarıdan çoxunun şəxsi evi, 72%-nin isə şəxsi avtomobili var idi. 

İlk dəfə teledebatların keçirildiyi 1960-cı il prezident seçkilərində namizədlər arasında “yeni hüdudlar” şüarını irəli sürən demokratların namizədi Con Kennedi qalib gəldi. O, iqtisadiyyatın idarə olunmasında dövlətin fəal iştirakının tərəfdarı idi. Əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi və geniş sosial proqramların həyata keçirilməsi üçün daxili siyasətdə dövlət xərcləri artırıldı. Ölkə tarixində inflyasiya ən aşağı həddə düşdü. Prezidentin daxili və xarici siyasət fəaliyyətindən narazı olan cəmiyyətin mühafizəkar qruplarının kəskin müqaviməti şəraitində Kennedi 1963-cü il noyabrın 22-də qətlə yetirildi. Onu prezident vəzifəsində əvəz edən və növbəti prezident seçkilərində qalib gələn Lindon Conson yoxsulluğun aradan qaldırılması və ölkədə “böyük cəmiyyət”in qurulması məqsədilə geniş sosial islahatlar keçirdi: gəliri az olan şəxslərə tibbi xidmətin göstərilməsi təmin edildi, minimum əməkhaqqı artırıldı, gəlir vergisi azaldıldı.

ABŞ-da afro-amerikalıların irqi ayrı- seçkiliyə qarşı mübarizələri güclənmişdi. 1955-ci ildə Monthomeridə (Alabama ştatı) afro-amerikalılara qarşı şəhər nəqliyyatında irqi ayrı-seçkiliyə etiraz olaraq Martin Lüter Kinqin başçılığı ilə aparılan qeyri-zorakı mübarizə uğurla nəticələndi. Arkanzas ştatı irqi ayrı-seçkiliyin aradan qaldırılması üçün konqresin qanunvericilik aktlarını qəbul etməsinə qarşı çıxdıqda Eyzenhauer buraya qoşun yeritdi. Afro-amerikalıların “Qara bəbirlər” təşkilatına rəhbərlik edənlər mövcud quruluşa qarşı silahlı mübarizənin tərəfdarı idilər. Kennedinin irqi ayrı-seçkiliyə qarşı konqresə təqdim etdiyi qanunverici təşəbbüslər mühafizəkar qüvvələr tərəfindən rədd edilsə də, prezident afro-amerikalı tələbələrin universitetlərə buraxılmadıqları Missisipi və Alabama ştatlarına qoşun yeritdi. 1960-cı illərin ikinci yarısında konqres irqi ayrı-seçkiliyin bütün təzahürlərinə son qoyan qanunlar qəbul etdi.

1968-ci il prezident seçkilərində seçicilərin əksər hissəsi ölkədə radikal gənclərin qiyamları və afro-amerikalıların zorakı davranışlarının qarşısını ala biləcək namizədi müdafiə edirdi. “Qanun və qaydanın müdafiəsini təmin edəcəyini” vəd edən respublikaçı Riçard Nikson seçkilərdə qalib gəldi. O, federal hökumətin tənzimləyici funksiyalarını azaldaraq ştatlara və bələdiyyələrə geniş maliyyə səlahiyyətləri verdi.

1971-ci ildə iqtisadi böhranın nəticələrini aradan qaldırmaq üçün “yeni iqtisadi siyasət” adlandırılan tədbirlərin keçiriləcəyini bəyan etdi. Qiymətlər və əməkhaqqı üzərində nəzarət tətbiq olundu, sosial xərclər, ərzaq talonları alan şəxslərin sayı artırıldı. R.Nikson cəmiyyəti ciddi narahat edən radikal gənclər hərəkatına qarşı sərt repressiya tədbirləri həyata keçirdi. “Qara bəbirlər”in bir sıra liderləri qətlə yetirildilər. Lakin hökumət gənclərə və afroamerikalılara güzəştə getməyə məcbur oldu. 1972-ci ilin prezident seçkilərində Demokratlar Partiyası daxilində çəkişmələrdən istifadə edən Nikson yenidən qalib gəlsə də, onun ətrafında olan şəxslərin seçki kampaniyası dövründə qanunazidd vasitələrdən istifadə etməsi (“Uotergeyt”, rüşvət, gizli sövdələşmələr) siyasi böhrana səbəb oldu. İmpiçment təhlükəsi qarşısında əvvəl vitse-prezident, sonra isə prezident (1974) istefa vermək məcburiyyətində qaldı. Bu hadisə dövlət hakimiyyətinin nüfuzunu sarsıtdı. ABŞ tarixində ilk dəfə dövləti seçki yolu ilə deyil, təyinatla vəzifələr tutan siyasi xadimlər idarə etməli oldular.

1976-cı ilin prezident seçkilərində seçicilərin respublikaçı administrasiyalardan narazılığından istifadə edən və “heç vaxt ölkəyə yalan danışmayacağını” vəd edən demokrat Cimmi Karter qalib gəldi. Lakin onun prezidentliyi dövründə ölkənin iqtisadi və sosial vəziyyəti daha da ağırlaşdı: büdcə kəsiri, inflyasiya, işsizlərin sayı, hərbi xərclər artdı, səhiyyə və vergi sahələrində vəd edilmiş islahatlar keçirilmədi. Daxili və xarici siyasət sahəsindəki fəaliyyətində böyük uğursuzluqlara görə tənqid olunan Karter 1980-ci il prezident seçkilərində respublikaçı Ronald Reyqana məğlub oldu.

R.Reyqanın daxili siyasətinin əsas məqsədi ölkəni iqtisadi böhrandan çıxarmaq idi. Onun bu məqsədlə təklif etdiyi tədbirlər proqramı (“Reyqanomika”) 1981-ci ildə konqresdə qəbul olundu. Büdcə xərcləri, əsasən, sosial xərclər və xüsusi sahibkarlara yardım məqsədilə vergilər azaldıldı, sahibkarlıq fəaliyyəti üzərində dövlətin nəzarəti zəiflədildi, sənayeyə kapital qoyuluşu artırıldı. Bundan başqa, enerji sahəsində dövlətin nəzarəti zəiflədi, ərzaq talonları alanların sayı azaldıldı, işsizlərə verilən uzunmüddətli müavinət ləğv edildi. Kasıblıq həddində yaşayan əhali vergilərdən azad olundu, işsizlərin sayı yarıya qədər azaldı. 1980-ci illərin ortalarında işləyən əhalinin əksəriyyəti xidmət sahəsində məşğul idi. İnsanların həyatına ciddi təsir göstərmiş yeniliklər meydana çıxdı. 1981-ci ildə ilk fərdi kompüter istehsal olundu. 1983-cü ildə ölkədə mobil telefon rabitə şəbəkəsi yaradıldı.

Ronald Reyqanın daxili siyasətini prezident Corc Herbet UokerBuş davam etdirdi. Lakin 1980-ci illərin sonlarından etibarən dərinləşən iqtisadi tənəzzül, büdcə kəsirinin daha da artması, sosial yardım proqramlarının maliyyələşdirilməsinin azaldılması və s. hallar Buşun 1992-ci il prezident seçkilərində məğlubiyyətinə səbəb oldu. Seçkilərdə qalib gələn demokrat Bill Klintonun dövlət səhiyyə xidməti sahəsində islahatı konqres tərəfindən rədd edilsə də, dövlət idarəçilik xərclərinin azaldılması, vergi, sosial təminat və təhsil islahatlarının aparılması, yeni iş yerlərinin açılması sahəsində tədbirlər həyata keçirildi. Federal büdcə kəsiri aradan qaldırıldı, dövlət borcu, inflyasiya və işsizlik xeyli azaldıldı. Klintonun prezidentliyi dövrü XX əsrdə ABŞ-ın iqtisadi tarixinin ən uğurlu mərhələlərindən biri oldu.

2000-ci ildə keçirilən prezident seçkilərində respublikaçıCorc Uoker Buşun mübahisəli şəraitdə qalib gəlməsi ilk dövrdə onun nüfuzuna ciddi xələl gətirdi. 2001-ci ilin 11 sentyabr terror hadisələri iqtisadi tənəzzülə səbəb oldu, işsizlik artdı. Həm daxili təhlükəsizliyi möhkəmləndirməyə yönəlmiş əlavə xərclər, həm də hökumətin maliyyə siyasəti büdcə kəsirinin artmasına gətirib çıxardı. C.U.Buşun ikinci prezidentliyi dövründə ölkənin iqtisadi vəziyyəti ağırlaşdı. 2007-ci ilin yayından etibarən dərinləşən maliyyə böhranı hökuməti ciddi tədbirlər görməyə məcbur etdi.

2008-ci ilin prezident seçkilərində ABŞ tarixində ilk dəfə “Biz dəyişikliklərə inanırıq” adlı platforma ilə çıxış edən afro-amerikalı və valideynlərindən biri müsəlman olan demokrat Barak Obama qalib gəldi. Sabit iqtisadi inkişafın təmin edilməsi üçün dövlətin tənzimləyici rolunun artırılmasının tərəfdarı kimi çıxış edən Obama, ilk növbədə, iqtisadi böhranın nəticələrinin aradan qaldırılmasına diqqət yetirdi. Səhiyyə xidmətində aparılacaq islahatların (“Obamakeyr”) maliyyələşdirilməsi üçün yüksək gəliri olan təbəqənin ödəyəcəyi vergilər artırıldı, büdcə kəsiri və işsizlik azaldıldı.

2016-cı ildə keçirilən prezident seçkilərində qalib gələn respublikaçı Donald Tramp mühacirlərə qarşı sərt münasibət nümayiş etdirdi, sosial xərclərin azaldılmasına çalışdı. Onun ilk tədbirləri və ziddiyyətli çıxışları cəmiyyətdə birmənalı qarşılanmadı. Lakin keçirilən vergi islahatı ölkə iqtisadiyyatında böyük canlanmaya və işsizliyin xeyli azalmasına səbəb oldu.

Top