Almaniya Federativ Respublikası

Almaniya Federativ Respublikası

Müharibədən sonra viran qoyulmuş Almaniyanın mənəvi cəhətdən tamamilə düşkün vəziyyətdə olan əhalisi üçün ən vacib məsələ gündəlik qida və yaşayış yeri ehtiyaclarının təmin edilməsi idi. Ölkənin maliyyə sistemi iflasa uğramışdı. ABŞ siqaretləri qara bazarlarda əsas “valyuta” hesab olunurdu. Qaçqın düşmüş və deportasiya olunmuş almanların sayı 12 mln. nəfərə çatmışdı.

Qərbi AlmaniyaBöyük Britaniya və Fransa ABŞ-ın kifayət qədər güclü Almaniyanın qorunub saxlanılması niyyəti ilə razılaşmalı oldu. Almaniyanın qərb işğal zonalarının iqtisadi birliyi yaradıldı. Ona “Marşall planı” əsasında yardım göstərildi. Qərb ölkələrinin 1948-ci ildə burada həyata keçirdikləri pul islahatına SSRİ-nin cavab tədbirləri keçmiş müttəfiqlər arasında müharibə təhlükəsini gücləndirdi. Bundan sonra Qərbi Almaniya ərazisində ayrıca dövlətin yaradılmasına hazırlıqlar başlandı. 1949-cu ildə qəbul edilmiş konstitusiya əsasında yeni seçilmiş parlament Almaniya Federativ Respublikasının yaradıldığını elan etdi. Xristian Demokratik İttifaqının (XDİ) rəhbəri Konrad Adenauer AFR-in ilk federal kansleri seçildi. SSRİ də, öz növbəsində, buna cavab olaraq Almaniyanın sovet işğal zonasında Almaniya Demokratik Respublikasının yaradılmasına qərar verdi.

1950-ci illərdə AFR-də “iqtisadi möcüzə”nin baş verməsi, ilk növbədə, iqtisadiyyata iri kapital qoyuluşu, “Marşall planı”na əsasən yardımın göstərilməsi, aşağı əməkhaqqı ilə çalışmağa razı olan yüksəkixtisaslı işçi ehtiyatının mövcudluğu, elmi-texniki tərəqqi, hərbi xərclərin az olması, ölkənin Qərbi Avropa ölkələrinin iqtisadi inteqrasiyasında iştirakı ilə bağlı idi. Sənaye istehsalının artım sürətinə görə AFR bu dövrdə yalnız Yaponiya və İtaliyadan geri qalırdı. 1960-cı illərin əvvəllərində iqtisadi inkişafı təmin edən mənbələrin tükənməsi, iqtisadi böhranlar, tətil hərəkatlarının genişlənməsi Adenauerin nüfuzuna zərbə vurdu. “Şpigel” jurnalı ətrafında yaranmış qalmaqalla* əlaqədar ictimai rəyin təzyiqi ilə 87 yaşlı Adenauer 1963-cü ildə istefa verdi. 1960-cı illərin sonu 1980-ci illərin əvvəllərində hakimiyyətdə olan koalisiya hökumətləri sosial-iqtisadi sahədə bir sıra islahatlar keçirdilər.

XDİ-nin sədri Helmut Kol 1982-ci ildə AFR-in kansleri seçildi. Azad sahibkarlığın fəaliyyətinə qayğı artırıldı. Sabit maliyyə sistemi yaradıldı. 1980-ci illərin ortalarından etibarən iqtisadi yüksəliş başladı. 1990-cı ilin oktyabrında Şərqi Almaniyanın birləşdirilməsi ilə AFR ərazisinə görə Qərbi Avropanın üçüncü, əhalisinə görə isə birinci dövləti oldu.

Şərqi Almaniyanın iqtisadi və sosial inkişaf səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər həyata keçirildi. Ölkənin qərbində və şərqində yaşayan almanların qarşılıqlı münasibətlərinin qurulması ən mürəkkəb məsələlərdən biri idi. Ölkə prezidentinin “Birləşmək – bölüşməyi bacarmaq deməkdir” fikri Qərbi Almaniyanın əksər əhalisi tərəfindən qəbul edilmirdi. İqtisadi problemlərin artması Kolun nüfuzuna mənfi təsir göstərirdi. 1998-ci ildə keçirilən parlament seçkilərində H.Kol məğlub oldu.

Hal-hazırda AFR-in kansleri vəzifəsini 2005-ci ildən XDİ-nin sədri Angela Merkel icra edir. O, Almaniyanın tarixində bu vəzifəni icra edən ilk qadın siyasətçidir.

Helmut Kol dəfələrlə Almaniyanın parçalanmasının aradan qaldırılması haqqında çıxışlar etsə də, bu hadisənin şahidi olacağına inanmırdı. 1989-cu ilin noyabrında o, AFR və ADR-in birləşdirilməsi haqqında 10 maddədən ibarət plan hazırladı. Almaniyanın birləşdirilməsi planlaşdırıldığından tez – 1990-cı ilin oktyabrında baş verdi.
Angela Merkel 2004–2017-ci illərdə «Forbes» jurnalının apardığı rəy sorğusuna əsasən, 12 dəfə dünyanın ən nüfuzlu qadın siyasətçisi hesab olunmuşdur. 2012-ci ildə internet saytlarının biri Merkeli «Tefton Marqeret Tetçeri» adlandırmışdır.

Top