1991-ci ilin sonundan dünya xəritəsində tərkibində 89 subyekt, o cümlədən 21 muxtar respublika olan yeni dövlət — Rusiya Federasiyası meydana gəldi. Bu yeni dövlətin yalnız adı idi, qarşıda duran əsas vəzifə dövlətin və cəmiyyətin dəyişdirilməsindən ibarət idi. Əsaslı islahatların birinci mərhələsi yeni dövlətçiliyin formalaşması, sosialist plan iqtisadiyyatının bazar iqtisadiyyatına keçməsindən ibarət olub xronoloji cəhətdən 1992-1993-cü illəri əhatə edir. İqtisadi islahatlarla başlayan birinci mərhələ köhnə dövlət quruluşunun dağılması, sovet respublikalarının demokratik respublikalarla əvəz edilməsilə nəticələndi.
Müasir Rusiya tarixinin ikinci mərhələsi 1994-1999-cu illəri əhatə etməklə, birinci mərhələdə olduğu kimi B.N.Yeltsinin prezident olduğu vaxtdan ibarətdir. Bu zaman 1990-cı illərin əvvəllərində əsası qoyulan sosial-iqtisadi proseslərin islahatları davam etdirilirdi. Lakin ictimai həyatın yenilənməsi ləngiyir, V.S.Çernomırdin hökumətinin elan etdiyi sabitləşmə kursuna uyğun olaraq bəzən yerində sayırdı. İstehsalın aşağı düşməsi, əhalinin böyük əksəriyyətinin həyat səviyyəsinin pisləşməsi, böyük həcmdə xarici borclar, müxalifətçilik əhval-rushiyyəsi islahatlara mane olurdu. Bununla belə, ikinci mərhələnin sonunda cəmiyyətin mo-dernləşdirilməsinin ilk siyasi nəticələri kimi parlamentarizm, qubernator, mer, regional qanunverici orqanların seçkili olması, çoxpartiyalılıq formalaşırdı. İqtisadi sahədə xüsusi mülkiyyət, kapitalist istehsalı, bazar münasibətləri bərqərar oldu.
Üçüncü mərhələ 2000-ci ildən bu günə kimi olan vaxtı əhatə etməklə V.V.Putin və D.A.Medvedyevin prezidentlik dövrlərindən ibarətdir. Rusiya rəhbərlərinin elan etdiyi bu mərhələnin başlıca vəzifəsi cəmiyyətin sabit inkişafının təminatı olan güclü dövlətin möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, korrupsiya və cəmiyyətin krimi-nallaşmasın aradan qaldırılması, iqtisadiyyatın inkişafı üçün hüquqi və əlverişli investisiya şərtlərinin yaradılması, onun inkişaf sürətini təmin edərək həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Yeni yaranan müstəqil Rusiya dövlətinə SSRİ-dən böyük nüvə dövləti statusu, iqtisadi və elmi-texniki potensialın 60 faizə qədəri, böyük ərazi və zəngin təbii ehtiyatları miras qalmışdır. Eyni zamanda ciddi problemlər, SSRİ-nin 70 milyarda yaxın borcları, 70 faizə qədəri köhnəlmiş əsas sənaye fondları bu mirasa daxil idi. 1992-ci ildə B.N.Yeltsin Rusiya hökumətini formalaşdıraraq baş nazirin vəzifəsini icra etməyi gənc islahat tərəfdarı, alim, iqtisad elmləri doktoru Yeqor Timuroviç Qaydara tapşırdı. A.N.Şoxin və A.B.Çubays isə baş nazirin müavinləri təyin edildi. Onlar sürətli bazar təsərrüfatına keçmək hesabına iqtisadiyyatı sağlamlaşdırmaq kursunu götürdü. Gənc islahatçıların ölkəni böhrandan çıxarmaq məqsədilə təklif etdikləri yol “şok terapiyası” adını aldı. 1992-ci il yanvarın 2-də Rusiya Federasiyası prezidentinin fərmanı ilə qiymətlər liberallaşdırıldı, yəni malların böyük əksəriyyəti dövlətin müəyyən etdiyi qiymətdən azad olundu. Müvəqqəti olaraq enerji, çörək, süd və az miqdarda əhalinin tələbat duyduğu zəruri mallar dövlətin qiymət nəzarətində qaldı. Ticarətin azad olması ilə yanaşı xarici valyutanın istifadəsinə rəsmi icazə verildi. Xaricdən ərzaq mallarının idxalı gündəlik tələbat malları bolluğu yaratdı. “Qaydar” islahatı tez və əsaslı nəticə verdi, bir neçə ay ərzində mal çatışmazlığına son qoyuldu, mağazaların rəfləri mallarla doldu.
Qiymətlərin liberallaşdırılması ilə bağlı olaraq büdcədən maliyyələşdirilənlərin və təqaüdçülərin əmək haqqı iki-üç dəfə artdı. Lakin istehsalın son dərəcə inhisarlaşması və ərzağın total çatışmazlığı istehlak mallarının qiymətinin 10-15, bəzi malların isə hətta 30 dəfə artmasına gətirib çıxardı. İl ərzində qiymətlər orta hesabla 26 dəfə artdı və əhalinin real gəliri 44 faiz aşağı düşdü. Əhalinin böyük əksəriyyəti yoxsulluq həddinə çatmışdı. Əmanət kassalarında əhalinin çoxillik əməyi sayəsində yığdıqları vəsait qiymətdən düşdü. Xüsusilə təqaüdçülərin və büdcəyə baxan müəllim, həkim, elmi işçi, kitabxana və muzey əməkdaşlarının vəziyyəti daha ağır idi. Eyni zamanda, azsaylı sosial üst təbəqənin gəliri sürətlə artaraq cəmiyyətin təbəqələşməsinin əsasını qoydu. Əhalinin həyat səviyyəsi aşağı düşməkdə davam etdi, bu göstərici 1990-cı ildə 50 faiz təşkil edirdi. Əhalinin Dövlət Bankındakı qiymətdən düşmüş vəsaitinin verilməsi dayandırıldı.
İstehsalla yanaşı sosial sahələrdə, elm, səhiyyə və təhsil sistemində də vəziyyət ağır olaraq qalırdı. Çoxlu elmi-tədqiqat institutları, laboratoriyalar bağlanır, alim və elmi-pedaqoji kadrların maddi vəziyyəti pisləşdiyi üçün onlar kommersiya strukturlarına və ya xaricə üz tuturdu. Təkcə 1992-ci ildə 90 min alim kommersiya strukturlarına keçdi. Elmi-pedoqoji kadrlar isə 27 faiz azaldı. Rusiya Elmlər Akademiyasının məlumatına əsasən 1993-cü ilin sonunda ölkədə cəmiyyətin varlı təbəqəsi 3-5, orta təminatçılar 13-15, kasıblar 40, yoxsulluq həddindən də aşağı olanlar 40 faiz təşkil edirdi.
Ölkədə başlayan radikal dəyişikliyə kimi öz gəlirinə əsasən qulluqçular, fəhlə sinfinin yüksək ixtisaslı hissəsi, ziyalılar, dövlət qulluqçuları orta sinfi təşkil edirdi. Məhz onlar ən çox M.S.Qorbaçovun islahatların müdafiə edirdi. İslahatın gedişində yenə də məhz onlar heç bir şeyə nail olmadı.
İstehsalın azalması işsizliyin artmasına səbəb oldu. Ancaq sistemin ləngliyi və müəssisə rəhbərlərinin ənənəvi siyasəti ölkədə milyonlarla işsizin küçəyə atılmasının qarşısını aldı. Rusiya şəraitində işsizliyin əmək məhsuldarlığının artırılmasını və bazarın işçi qüvvəsinin səfərbər edilməsini təmin edən faktlar olmasına ümid özünü doğurltmadı. Ölkənin plan iqtisadiyyatının və müəssisələrin yerləşməsinin xarakteri, azad əldə edilə bilən yaşayış yeri çətinliyi işsizlik problemini əsl fəlakətə çevirirdi. Ölkədə çoxlu şəhər və qəsəbə mövcud idi ki, onların taleyi birbaşa ərazilərində yerləşən müəssisələrin işləməsindən asılı idi.Yerli sənayedə çalışan adamlar yaşayış yerlərində iş tapmaq və ya başqa regiona keçmək imkanından məhrum idilər. Federal orqanların rəsmi qeyd etdiyi işsizlər ölkədə faktiki mövcud olan işsizlərin yalnız bir hissəsini təşkil edirdi. Müəssisələrə gələn, lakin işləməyən, tam həftəni iş görməyən gizli işsizlər ordusu kütləvi xarakter almışdır. Müəssisə direktorlarına işçiləri azad etməkdənsə əvəzi ödənilmədən məzuniyyətə göndərmək sərf edirdi. Ən azı onlar işsizlər üçün vəsait ödəməkdən azad olurdular. Mütəxəssislərin hesablamalarına görə 1994-cü ilin sonunda ölkədə potensial işsizlərin sayı bütün iş qabiliyyəti olan ölkə əhalisinin 13,2 faizini təşkil etməklə 9,9 milyon nəfərə çatırdı. Ölkənin ayrı-ayrı regionları üzrə yerli əhali arasında işsizlərin sayı fəlakətli həddə çatırdı. Məsələn, 1995-ci ilin əvvəllərində İvanov vilayətində yerli əhalinin 40 faizə qədəri işsiz idi. Onların isə 40 faizindən çoxu ali və orta ixtisas təhsilli idi. Moskva, Sankt-Peterburq, Saratov, Ulyanovsk, Belqorodda olan işsizlərin yarıdan çoxu ali və orta ixtisas təhsilli mütəxəssislər idi.
Özəlləşdirmə (Privatizatsiya) — dövlət mülkiyyətinin əmək kollektivlərinin və fərdi şəxslərin əlinə keçməsi həyata keçirildi. Dərin iqtisadi islahatları həyata keçirmək üçün Rusiyada xüsusi mülkiyyəti bərpa etmək lazım idi. Faktiki olaraq özəlləşdirmə prosesi gedirdi, belə ki, dövlət əmlakını qarət edərək ara firma vasitəsi ilə onu aşağı qiymətə sataraq bu işi kortəbii və qeyri-leqal olaraq davam etdirirdilər. Belə özəlləşdirmənin real gəliri isə nə dövlətə, nə də cəmiyyətə çatırdı, onu müəssisə və təşkilatların rəhbərləri mənimsəyirdi. Bu prosesi dayandırmağa qadir olan inzibati vasitələr isə artıq mövcud deyildi. Odur ki, “direktor” özəlləşdirilməsini ancaq ümumi qanuna əsaslanan kütləvi özəlləşdirmə dayandıra bilərdi.
Özəlləşdirmə proqramın A.B.Çubaysın rəhbərlik etdiyi Dövlət Əmlak Komitəsi hazırlayıb həyata keçirdi. Müəssisələrin dəyəri ödənilmədən əmlak kollektivlərinə verilməsi təklifi rədd edildi, ona görə ki, bu köhnə direktorlara hakimiyyətlərini davam etdirməyə şərait yaradaraq, müəssisənin yeni faydalı mülkiyyətçinin əlinə keçməsinə mane olardı. Bundan əlavə, belə özəlləşdirmədən təqaüdçülərə, büdcədən əmək haqqı alan işçilərə pay düşmürdü. Odur ki, özəlləşdirmənin üç variantı irəli sürüldü.
Birinci varianta görə aksiyaların 25 faizi pulsuz, 10 faizi isə otuz faizlik güzəştlə əmək kollektivinə verilirdi. Müəssisə rəhbərliyi nominal dəyəri ilə əlavə 5 faiz aksiya da almaq hüququna malik idi. Direktor korpusunun təzyiqi ilə qanunverici orqanlar ikinci variantı təqdim etdi, bu varianta əsasən əmək kollektivləri aksiyaların dəyərinin nominaldan 1,7 dəfə artıq olmaq şərti ilə onların 51 faizinə, yəni nəzarət paketinə sahib ola bilərdi. Hər bir işçi ayrılıqda aksiya mülkiyyətçisi ola bilərdi. Üçüncü varianta görə müəssisə rəhbərliyi aksiyaların 40 faizini son dərəcə aşağı qiymətlə almaq hüququ alırdı.
Müəssisə rəhbərləri və əməkdaşların əlinə keçən aksiyalar azad surətdə alınıb-satıla bilərdi. Amma əhalinin özəlləşdirilmiş müəssisələrin aksiyalarını almaq üçün vəsaiti yox idi. Xarici investorları Rusiyaya cəlb etmək məqsədilə təminatlı qanunverici baza olmadığı üçün onlara ümid bəsləmək mümkün deyildi. Pulla özəlləşdirmə isə uzun müddət tələb edirdi. Liberal islahatçılar isə özəlləşdirmənin sürətləndirilməsində maraqlı idi. Bu şəraitdə bütün əhaliyə özəlləşdirmə çeki, yəni vauçerlər verilməsi qərara alındı. Hər bir vauçerin nominal qiyməti 10 min manat dəyərində idi. Vauçerlər məhdudiyyət qoyulmadan müəssisələrin özəlləşdirilmiş aksiyalarına dəyişdirilə bilər, çek investisiya fondlarına qoyula bilər, alınıb-satıla bilərdi. Vauçerlər 1992-ci ilin avqustunda Rusiya prezidenti B.Yeltsinin fərmanı ilə verilməyə başladı. 1992-ci ilin oktyabrından 1993-cü ilin fevralına kimi əhaliyə vauçerlər paylandı və Rusiya əhalisinin 97 faizi vauçerlərlə təmin olundu. 1991-ci ildə Rusiyada olan bütün müəssisələrin 47 faizi 2001-ci ilə doğru özəlləşdirilmiş, 40 milyona yaxın əhali aksiya sahibi olmuşdur. Əlavə olaraq yeni xüsusi müəssisələr meydana gəlmiş, nəticədə 2002-ci ilin sonuna doğru bütün müəssisələrin 75 faizi dövlət müəssisəsi olmaqdan çıxdı. Beləliklə, 1992-1994-cü ildə tədbiq edilən özəlləşdirmə siyasəti nəticəsində ölkə iqtisadiyyatında dövlət bölməsinin aparıcı rolu başa çatdı. Amma mülkiyyət formasının dəyişməsi iqtisadiyyatda məhsuldarlığı artırmadı. 1993-1994-cü ilin ortalarında sənaye istehsalı 21, o cümlədən maşınqayırma 31, istehlak malları istehsalı 30 faiz aşağı düşdü.
Vauçer özəlləşdirməsi ictimai tələbatı doğrultmadı. Vauçerlərin verildiyi birinci günlər qəzetlərdə iki-üç özəlləşdirmə çeki müqabilində mənzil verilməsi haqqında elanlar çap edildiyi halda sonradan investisiya fondlarına qoyulmuş çeklərin illik gəliri bir neçə çörək buxan-kasının qiymətinə düşmüşdü, lakin buna baxmayaraq, vauçer özəlləşdirməsi Rusiyada xüsusi mülkiyyətin formalaşmasına əhəmiyyətli töhfə verərək, pul özəlləşdirilməsinə keçməyə şərait yaratdı. 1994-cü ildən ölkədə pul özəlləşdirilməsi başladı. 1994-cü il iyunun 30-da Dövlət Əmlak Komitəsi çek özəlləşdirilməsinin başa çatdığını bəyan etdi. Aksionerlərin çoxu əhəmiyyətli mülkiyyətçi ola bilmədi. Çünki müəssisələrin idarə edilməsində iştirak etmək üçün ən azı 10 faizlik aksiya paketinə sahib olmaq lazım idi. Bu isə adi aksiyaçılar üçün əlçatmaz hesab edilirdi. Digər tərəfdən özəlləşdirməyə qoşulan əhalinin bir hissəsinin dividentə, yəni qazanc payına bəslənən ümidləri də özünü doğrultmadı. Belə ki, 1994-cü ildə özəlləşdirilmiş müəssisələrin yalnız 10 faizi gəlirlə işləyirdi. Bu investisiya çekləri fondlarına da aiddir. 1994-cü ilin ikinci kvartalında 646 fondun ancaq 136-1 cüzi divident gətirirdi. Özəlləşdirmədən büdcəyə daxil olan gəlir də ona bəslənən ümidi doğrultmadı. İki il müddətində bütün səviyyələrdə büdcəyə ancaq bir trilyon manat daxil oldu ki, bu da Macarıstanda özəlləşdirmədən alınan gəlirdən iki dəfə az idi. Gözlənilənin əksinə olaraq iqtisadiyyata qoyulan xarici investisiyalar azaldı. Onun həcmi 1993-cü ildəki 2921 milyon manatdan 1994-cü ilin 9 ayı ərzində 768 milyon manata düşdü. Eyni zamanda investisiyalar emal sənayesinə, yüksək texnoloji sahələrə deyil çıxarma üzrə sərf edilirdi.
Təqribən 1,5 trilyon manat olan vauçer fondunun nominal həcmi 1991-ci ilin sonunda Rusiyadakı əsas istehsal fondları balansının dəyərinə uyğun gəlirdi. Lakin qiymətlər liberallaşdıqdan sonra 20 dəfə artdığı halda əsas fondların yenidən dəyərləndirilməsi ancaq 1993-cü ilin ortasında həyata keçdi. Odur ki, vauçer fondunun müəssisənin dəyərinə görə qiymətləri yüksək idi, bu isə çek investisiya fondları vasitəsilə dövlət mülkiyyətini faktiki olaraq yeni sahibinə aşağı qiymətlərlə verilməsinə gətirib çıxardı. Məsələn, 200 milyard dollardan az dəyəri olmayan özəlləşdirilmiş Rusiyanın 500 iri müəssisəsi faktiki olaraq 7,2 milyard ABŞ dollarına satıldı. Lixaçev adına iri Moskva avtomobil müəssisəsinin əsas fondları bir milyard dollar dəyərində olmasına baxmayaraq cəmi 4 milyon dollara satıldı.
1994-cü ilin iyulunda Rusiya Federasiyasının Dövlət Duması özəlləşdirmənin birinci mərhələsini qeyri-qənaətbəxş hesab etdi. Ona görə özəlləşdirmə siyasəti ölkədə sosial-iqtisadi böhranı dərinləşdirərək ondan çıxmağı daha da çətinləşdirirdi. Bəyan edilən məqəsədə nail olunmadı. 1994-cü il istehsalın və investisiya fəallığının daha çox aşağı düşməsi, ölkənin elmi-sənaye potensialının dağılması ilə müşayiət olundu. Əhalinin real əmək haqqı və orta yaşayış həddi aşağı düşdü, xalqın tənəzzül etməsi təhlükəsi artdı. Elektrik maşınlarının istehsalı 46, metalkəsici alətlər 52, minik avtomobilləri 17, traktorlar 68, kimyəvi liflər 43 faiz azaldı. Yüngül sənaye istehsalı kəskin aşağı düşdü. Məsələn, paltar 51, ayaqqabı 51, mürəkkəb məişət texnikası 40-50 faiz az istehsal edildi. İstehlak bazarında xarici mallar 1993-cü ildəki 23 faiz yerinə 1994-cü ildə artaraq 35 faizə çatdı.Vətəndaşların maddi vəziyyəti pisləşdi,1994-cü ildə əmək haqqı 2,5 dəfə artdığı halda, qiymətlər 3,2 dəfə artdı. Faktiki əmək haqqı 22 faiz aşağı düşdü. Ölkədəki ölənlərin sayı anadan olanların sayından 1993-cü ildə 770 min nəfər çox olduğu halda, 1994-cü ildə 920 min nəfərə çatdı, yəni artdı.
İqtisadi islahatlar proqramıkənd təsərrüfatında mühüm dəyişikliklərlə nəticələndi. 90-cı illər yeni təsərrüfat formalarının meydana gəlməsilə müşayiət olunurdu. İqtisadiyyatın aqrar bölməsində açıq və qapalı səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli şirkətlər, kənd təsərrüfatı kooperativləri geniş yayılmışdır,1999-cu ildə kənd təsərrüfatı strukturunda onların xüsusi çəkisi 65,8 faizə çatırdı. İqtisadi böhran aqrar bölmənin vəziyyətinə ağır zərbə vurdu. Mineral gübrələr, kənd təsərrüfatı texnikası çatmırdı. 1996-cı ildə kənd təsərrüfatı maşınları istehsal edən müəssisələr 14 min traktor, 9800 taxılyığan kombayn buraxdığı halda, 1998-ci ildə onların sayı müvafiq olaraq 2500 və 1000-ə düşdü. Sonrakı illərdə də onların istehsalı azalmaqda davam etmişdi. Xüsusilə fermer təsərrüfatlarında kənd təsərrüfatı texnikasının çatışmazlığı, təsərrüfat formalarının təşkilindəki nöqsanlar məhsuldarlığın səviyyəsinin aşağı düşməsilə nəticələndi. 1990-cı illərin ortalarında kənd təsərrüfatı istehsalının ümumi həcmi
1991-1992-ci illərlə müqayisədə 70 faiz aşağı düşmüşdür. İribuynuzlu mal-qaranın sayı 20 milyon baş azalmışdır.
1991-ci il dekabrın 29-da Rusiya Federasiyası hökuməti “Kolxoz və sovxozların yenidən qurulması haqqında” qərarı ilə torpaq islahatın başlamışdır. Qərara müvafiq olaraq torpaq üzərindəki dövlətin inhisarı ləğv edilərək kənd təsərrüfatı istehsal subyektinin mülkiyyətinə keçirdi. 1993-cü ildə prezident “Torpaq münasibətlərin qaydaya salınması və Rusiyada aqrar islahatların inkişafı haqqında” fərman imzaladı. Fərmana əsasən torpaq üzərində xüsusi mülkiyyət bərqərar oldu. 1994-cü ilin əvvəllərində torpaqların birinci bölüşdürülməsi başa çatdı. Rusiyadakı torpaqların 60 faizindən çoxu vətəndaşların xüsusi mülkiyyətinə keçdi. Təqribən 44 milyon nəfər Rusiya vətəndaşı onlara məxsus olan kiçik torpaq paylarında şəxsi yardımçı təsərrüfatla məşğul olurdu. Bəzən zəruri əmək haqqını qazana bilməyən adamlara bu yardımçı təsərrüfatlar ailənin vacib gəlir mənbəyi rolun oynayırdı.
Əsasən hökumət ölkədə maliyyə stabilliyini təmin etməyə və inflyasiyanı aşağı salmağa müəssər oldu. Lakin xüsusilə istehsal və emal sənayesi sahəsində məhsul istehsalı aşağı düşməkdə davam edirdi. İslahat əleyhdarları belə hesab edirdi ki, istehsalın aşağı düşməsinin səbəbi özəlləşdirmə siyasətidir. İslahatçılar isə bəyan edirdi ki, özəlləşdirilmiş müəssisələrdə vəziyyət dövlət müəssisələrində olduğundan yaxşıdır. Ölkədəki qeyri-sabit siyasi vəziyyət, müharibə investisiyaların artmasına mane olurdu. Yerli biznesmenlər öz pullarını ya xaricə çıxarmağı, ya da kommersiya banklarında dövriyəyə buraxmağa üstünlük verirdi. Çox yüksək və soyğunçu vergilərə görə ondan yayınanların sayı durmadan artırdı. Əhali öz vəsaitini yerli müəssisələrin səhmlərini almağa deyil, xarici valyuta, xüsusilə dollar, alman markası almağa sərf edirdi.
Büdcədə vəsait çatışmadığına görə elmi işçilərə, müəllim, həkim, hərbçilərə vaxtında əmək haqqı ödənmirdi. Səhmdar müəssisələrin işçilərinin, xüsusilə mədən və müdafiə sahəsindəki işçilərin əmək haqqı fasilələrlə ödənilirdi. Bəzi regionlarda əmək haqqının ödənilməsi yarımillə ləngiyirdi. Büdcədəki vəsait çatışmazlığın aradan qaldırmaq məqsədilə Baş nazirin birinci müavini A.B.Çubaysın təklifi ilə büdcənin xərcləri kəskin azaldıldı. 1997-ci ildə iqtisadiyyatda sağlamlaşma meylləri hiss edildi. Birinci yarım ildə ölkənin qızıl-valyuta ehtiyatları 2,8-dən 10,7 milyard manata çatdı. İnflyasiyanın səviyyəsi aşağı düşdü, az da olsa iqtisadi artım nəzərə çarpdı.
1997-ci ilin payızından Rusiya ixracatının əsası olan neftin qiymətinin aşağı düşməsi, Asiya maliyyə böhranı ölkə iqtisadiyyatını növbəti ağır vəziyyətə sürüklədi. Bundan xilas olmaq məqsədilə B.Yeltsin 1998-ci ilin martında 1992-ci ilin dekabrından Baş nazir olan V.Çernomırdinin yerinə hökumətin başçısı S.V.Kirienkonu təyin etdi. Yeni hökuməti dəmir yolu magistrallarını bağlayan mədənçilərin tətilləri, dövlət borcunun sürətlə artması, Mərkəzi Bankın valyuta ehtiyatının kəskin aşağı düşməsi qarşıladı. Yeni hökumətin sərt maliyyə siyasəti Dumada solların kəskin müqaviməti ilə qarşılandı. Nəticədə 1998-ci il avqustun 17-də S.Kirienko hökuməti devalvasiya, yəni kağız pulların məzənnəsini aşağı salmaq yolunu tutaraq, defolt, yəni borcları ödəməkdən imtina etməyi elan etdi. Xarici investorlarla kommersiya banklarının borcları ödəməsi üzərinə moratorium, qadağa qoyuldu. 1998-ci il avqustun 23-də B.Yeltsin hökumətin başçısı S.Kirienkonu istefaya göndərdi. Rusiyanın bank sistemi dağılma təhlükəsi ilə üz-üzə qaldı. Bir sıra böyük banklar öz fəaliyyətini dayandırdı. Əhalinin kommersiya banklarındakı əmanətləri manat hesabı ilə 15, real olaraq isə 52 faiz qiymətdən düşdü. Əmanətçilər çox halda aylarla öz vəsaitlərini banklardan ala bilmir və ya köhnə kursla almağa məcbur olurdu. Orta sinfə aid edilən yüz minlərlə insan öz iş yerlərini və gəlir mənbələrini itirdi.
S.Kirienko hökumətini istefaya göndərdikdən sonra B.Yeltsin V.Çernomırdini yenidən hökumətin başına gətirmək istəsə də Duma buna razılıq vermədi. Yeni hökuməti sol müxalifətin nümayəndələri ilə birlikdə Y.M.Primakov (1929-2015) qurdu. Yeni Baş nazirin iqtisadiyyat üzrə birinci müavini RF KP-nın nümayəndəsi Y.D.Maslyukov oldu. Gözlənilənin əksinə olaraq Y.Primakov hökuməti iqtisadi kursu dəyişdirməyərək avqust böhranı ərəfəsində əvvəlki hökumətin Dumaya təqdim etdiyi qanunları təstiq etdirdi. İnflyasiya aşağı düşdü, rubl sabitləşdi, balanslaşdırılmış büdcə qəbul edildi. Sənaye istehsalı tədricən artdı, yerli mallar xaricilərlə müqaisədə ucuz olduğu üçün ona olan tələbat artdı. Yerli mallar ucuzlaşdığından onun ixrası da artdı. 1999-cu ilin may ayında Y.Primakov hökuməti radikal xarakterli islahatlar keçirməkdən imtina etdiyi üçün B.Yeltsin tərəfindən istefaya göndərildi.
Əslində ölkədə vəziyyəti stabilləşdirmək məqsədilə Baş nazir postuna B.Yeltsin tərəfindən təyin edilən akademik, keçmiş xarici işlər naziri Primakov Yevgeni Maksimoviç iqtisadiyyatda dövlətin rolunun möhkəmləndirilməsi tərəfdarı idi. İqtisadçı və tarixçi olan Y.M.Primakov hökumətin başçısı kimi 1999-cu ildə 156,7 milyard dollara çatan dövlət borclarının xarici kreditorlara ödənməsi məsələlərində güzəştə nail olaraq böyük uğur qazanmışdı. Bununla yanaşı, rusiyalıların 2000-ci ilə doğru real gəliri 1991-ci il səviyyəsinin yalnız 47 faizini təşkil edirdi. Kasıb və varlılar arasındakı gəlir fərqi durmadan artırdı. Bir çox göstəricilər üzrə Rusiya dünyanın az inkişaf etmiş ölkələrinin səviyyəsinə yaxınlaşmağa davam edirdi. 1999-cu ilin mayında istefaya göndərilən Y.M.Primakovun yerinə S.V.Stepaşin Baş nazir təyin olundu və cəmi üç ay bu vəzifədə qaldı.
İctimai-siyasi vəziyyət
Müasir Rusiya dövlətçiliyinin tarixi 1990-cı il iyunun 12-də RSFSR 1-ci Xalq deputatlar qurulatyının Rusiyanın dövlət müstəqilliyin elan etməsi haqqında Bəyannamənin qəbul edilməsilə başlayır. Bir ildən sonra 1991-ci il iyunun 12-də B.N.Yeltsin Rusiyanın Prezidenti seçildi. Rusiya yalnız SSRİ öz varlığını dayandırdıqdan sonra bir dövlət kimi fəaliyyətə başladı. Yeni Rusiyanın ərazisi 17,1 milyon kv.km olmaqla RSFSR-in sərhədləri daxilində meydana gəldi. 1989-cu ilin siyahıyaalmasına əsasən bu ərazidə 147,4 milyon nəfər əhali yaşayırdı ki, bunların da 120 milyon nəfəri ruslar idi. 2002-ci il siyahıyaalmasına əsasən bu rəqəmlər müvafiq olaraq 145 və 115,9 milyon nəfər idi. 2002-ci siyahıyaalmasına görə şəhər əhalisinin sayı 106 milyon nəfərə çatırdı. Orta ailə tərkibi üç nəfərdən ibarət idi. 2002-ci il rəsmi məlumatına əsasən ruslardan sonra ölkədə 5,5 milyon tatar, 2,9 milyon ukraynalı, 1,7 milyon başqırd, 1,6 milyon çuvaş, 1,3 milyon çeçen, 0,8 milyon nəfər belarus yaşayırdı
SSRİ 1991-ci il dekabrın 26-da öz varlığına xitam verdikdən sonra əvvəlki hakimiyyət və idarəçilik strukturları ləğv edilməyə başladı. Bir çox keçmiş İttifaqın idarə və təsisatı Rusiyanın idarəetmə strukturlarının sərəncamına verildi. 1992-ci il aprelin 21-də Rusiya dövlətinin rəsmi adı olan RSFSR dəyişdirilərək Rusiya Federasiyası — Rusiya oldu. Müstəqil Rusiyanın daxili siyasi vəziyyəti son dərəcə mürəkkəb idi. Həyata keçirilən radikal islahatlar əhalinin böyük əksəriyyətinin həyat səviyyəsinin aşağı düşməsinə, onların əmanət kassala-rındakı vəsaitlərinin itirməsinə gətirib çıxardı. Odur ki, əhali arasında demokratların nüfuzu aşağı düşmüş, müxalifətə isə rəğbət artmışdı.
Sov.İKP və RKP qadağan edilməsi bir sıra yeni kommunist təşkilatlarının yaranması ilə müşayiət olundu. V.İ.Anpilovun başçılığı ilə yaranan Rusiya kommunist fəhlə partiyası (RKFP) və onların “Trudovaya Moskva”, “Trudovaya Rossiya” hərəkatları daha radikal mövqe tuturdu. Onların əsas hərəkat metodu “Yeltsinin antixalq rejiminin” devrilməsi şüarı, özəlləşdirmənin ləğvi, əvvəlki qiymətlərin, SSRİ-nin bərpası tələbləri ilə küçə nümayiş və yürüşləri idi. 1992-ci ilin aprelində 6-cı Rusiya Xalq deputatları Qurultayında prezident və hökumətin siyasətinin əleyhinə olan müxalifət qüvvələri “Rossiyskoye Yedinstvo” blokunu yaratdı.
1992-ci ilin iyununda “Trudovaya Moskva” Ostankino televiziya mərkəzi ətrafında piket təşkil etdi. Tezliklə milis qüvvələri zor tədbiq edərək piketçiləri dağıtdı. Ostankino ətrafında hadisələrin cərəyan etdiyi bir vaxtda DTK-nin sabiq generalı A.N.Sterliqov “Russkoqo Natsionalnoqo Sobora”nı (RNS) yaratdı. RNS-ın ideoloqları M.S.Qorbaçov və B.N.Yeltsini qərbin xüsusi xidmət orqanlarının tapşırığı ilə SSRİ və Rusiyanı məqsədli şəkildə dağıtmaqda ittiham edir, Rusiya dövlətini 1914-cü il sərhədləri daxilində bərpa etməyi qarşılarına məqsəd qoyurdular.1992-ci ilin sentyabrında M.G.Astafyev, S.N.Baburin, G.A.Zyuqanov “Front Natsionalnoqo Spaseniya” (FNS) yaradaraq B.Yeltsinin “işğalçı rejimini” devirməyi, SSRİ-ni bərpa etməyi tələb etdilər.
1992-ci ilin iyununda Rusiyadakı 40-dan çox partiya və təşkilat “Qrajdanskiy Soyuz” birliyində birləşdi ki, onun da lideri sənaye və sahibkarlar ittifaqına başçılıq edən A.İ.Volski oldu. Q.X.Popov isə “Rossiyskoye dvijenie demokratiçeskix reform” (RDDR) ittifaqın yaratdı. Lakin hər iki hərəkatı geniş əhali kütləsi müdafiə etmədi.
Hakimiyyətin iki mərkəzi-icraedici, yəni prezident və onun formalaşdırdığı hökumət, qanunverici, yəni Ali Sovet ölkənin sosial-iqtisadi kursunu müəyyən etməli olan yeni konstitusiya layihəsini hazırlamaq məsələsində açıq siyasi mübarizəyə başladı. Hakimiyyət məsələsində bu və ya başqa yolun seçilməsi əslində Konstitusiyadan başlayırdı. Dövlət quruluşunun və iqtisadi dəyişikliklərin müəyyən olunmasındakı siyasi mübarizə konkret olaraq prezident kimi B.N.Yeltsin və Ali Sovetin Sədri R.İ.Xasbulatov fiqurları arasında gedirdi. Mahiyyət etibarilə R.Xasbulatov prezidentə geniş səlahiyyətlər vermək şərti ilə parlament respublikası ideyası tərəfdarı idi. Məsələ ondan ibarətdir ki, prezident dövlət başçısı kimi hökumətin sədrini təstiq üçün parlamentə təqdim edir, onlar isə parlament qarşısında cavabdeh olurdu. R.Xasbulatov və onu müdafiə edən deputatlara görə imkan daxilində yeni Konstitusiya qəbul etməyərək qüvvədə olan dövlət hakimiyyətinin ali orqanın Rusiya Federasiyasının xalq deputatları qurultayını elan edən sənədə dəyişiklik etməklə kifayətlənmək olardı. Qurultay öz tərkibindən Ali Soveti formalaşdırırdı. B.N.Yeltsin “Sovetlərin bütün hakimiyyətini” ləğv etmək şüarın irəli sürərək respublika yaradılmasını və bununla dövlət başçısı olan prezidentin daha çox səlahiyyət imkanları əldə etməsini istəyirdi. Bu ona görə radikal islahatların daha təsirli həayata keçirilməsini təmin edən, federativ dövlətdə mərkəzdənqaçma meyllərinə cığır açan fəaliyyətə son qoyardı.
1992- ci ilin dekabr ayında 7-ci Rusiya Xalq deputatları qurultayı Y.T.Qaydar hökumətinin səlahiyyətlərini məhdudlaşdıran Konstitusiya dəyişikliyini qəbul etdi. 1992-ci il dekbarın 10-da B.Yeltsin qurultayın tribunasından Rusiya vətəndaşlarına müraciət edərək Ali Soveti islahatlara qarşı təxribat törətməkdə ittiham etdi. Öz növbəsində, Ali Sovet Prezidenti qanunvericilik orqanı məhv etməkdə günahlandırdı. Dekabrın 12-də Konstitusiya məhkəməsinin sədri V.D.Zorkinin təklifi ilə kompromis qərar qəbul edildi, 1993-cü ilin aprelində yeni Konstitusiyanın əsasları haqqında referendum təyin edilir, prezident isə baş nazir vəzifəsin tutmaq məqsədilə qurultayı üç namizəd təqdim etməli idi. İrəli sürülən namizədlərdən ən çox səsi V.S.Çernomırdin aldı və 1992-ci il dekabrın 14-də ölkənin Baş naziri oldu.
Çemomırdin Viktor Stepanoviç 1938-ci ildə anadan olmuş, 1957-ci ildə Orsk neft emaledən zavodda əmək fəaliyyətinə başlamışdı. 1989-cu ildən “Qazprom” dövlət konsernin idarə heyətinə başçılıq edir. 1992-ci ilin mayından Rusiya baş nazirinin müavini, dekabrından isə hökumətin Baş naziri olaraq 1998-ci ilin martına kimi fəaliyyət göstərmişdir. “Naş dom-Rossiya” hərəkatının lideri, Rusiyanın Ukraynadakı səfiri olmuşdur.
1993- cü ilin fevralında G.A.Züqanovun başçılığı altında Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) rəsmi olaraq bərpa olundu. Partiya proqramında iqtisadiyyatda çox-ukladlığa və burada dövlətin rolunun artmasına, radikal islahatların və kütləvi özəlləşdirmənin tənqidinə, hökumətdən fəal sosial siyasət yeridilməsi tələbinə geniş yer vermişdir. M.İ.Lap-şinin liderliyində demək olar ki, kommunist partiyası ilə eyni vaxtda meydana gələn Rusiya Aqrar partiyası da öz proqramına görə RFKP-na yaxın idi.
1993-cü ilin martın 8-12-də 8-ci Rusiya Xalq deputatları qurultayı növbəti dəfə prezidentin səlahiyyətlərini məhdudlaşdırdı, 1992-ci il dekabrın 12-də olan sazişi ləğv etdi, referendum keçirilməsi üzərinə moratorium qoydu. Buna cavab olaraq B.Yeltsin martın 20-də hakimiyyət böharanı dəf edilənə kimi xüsusi idarəetmə qaydaları haqqında fərman imzaladı. Aprelin 25-nə prezidentə etimad, yeni Kosntitusiya, yeni parlamentin seçilməsi məsələlərini əhatə edən referendum təyin etdi. R.Xasbulatov, V.Zorkin, A.Rutskoy fərmana qarşı çıxdı. Konstitusiya Məhkəməsi fərmanın bir sıra maddələrinin Konstitusiyaya zidd olmasına dair qərar qəbul etdi. Martın 26-da növbədənkənar 9-cu Rusiya Xalq deputatları qurultayı toplandı. Qurultay prezident B.Yeltsinə implement, yəni etimadsızlıq göstərilməsi haqqında qərar qəbul etməyə cəhd etsə də zəruri olan 689 deputat səsinə qarşı 617 səs alaraq məqsədə çata bilmədi. Beləliklə, qurultay 4 məsələdən ibarət referendum keçirilməsinə razılıq verdi: 1.RF-nın prezidenti B.N.Yeltsinə etibar edirsinizmi? 2.RF-nın prezidentinin 1992-ci ildən həyata keçirdiyi sosial-iqtisadi siyasəti bəyənirsinizmi? 3.RF prezidentinin növbədənkənar seçki keçirilməsini zəruri hesab edirsinizmi? 4.RF Ali Sovetinin növbədənkənar seçkisinin keçirilməsini zəruri hesab edirsinizmi?
Bu dörd məsələyə aydınlıq gətirməli olan referendum 1993-cü il aprelin 25-də baş tutdu. Səsvermədə Rusiya əhalisinin 64 faizi, yəni 69 milyon nəfəri iştirak etdi. 40 milyon nəfər, yəni səsvermədə iştirak edənlərin 58,7 faizi Prezidentə etimad nümayiş etdirdi. Prezidentin sosial-iqtisadi siyasətini isə seçicilərin 36 milyon nəfəri, yəni 53 faizi müdafiə etdi. Beləliklə, qəbul edilən qərara əsasən sorğuda iştirak edənlərin yarısından çoxu prezindenti müdafiə etdiyindən o, qələbə çaldı, lakin siyasi böhran daha da dərinləşdi. Növbədənkənar seçkilərin keçirilməsinə dair sorğunun son iki maddəsi müvafiq olaraq 40 və 67,6 faiz səs topladığı üçün əlavə seçkilər keçirmək baş tutmadı.
Müxalifətin siyasi mövqeyinin güclənməsi onların küçə fəaliyyətinin fəallaşmasına səbəb oldu. 1993-ci ilin mayın 1-də Moskvanın Leninqrad prospektində kommunist nümayişçilərlə milislər arasında çaxnaşma baş verdi ki, bunun da nəticəsində ölən və yaralananlar oldu. Həm qapalı qapılar arxasında, həm də meydanlarda baş verən hadisələr hər iki tərəfi qəti hərəkət etməyə sövq etdi. B.N.Yeltsinin göstərişi ilə yeni Konstitusiyanın hazırlanması prosesi sürətləndi. Yeni layihədə prezindentin səlahiyyətləri əhəmiyyətli dərəcədə artdı. Bu Ali Sovetin böyük əksəriyyətinin narazılığına səbəb oldu. Ali Sovetin rəhbərliyi yeni qanunların qəbul edilməsinin qarşısını alaraq hakimiyyətin üst təbəqələrində korrupsiya olduğunu bəyan etdi. Prezident 1993-cü il sentyabrın 1-də imzaladığı fərmanla vitse-prezident A.R.Rutskoyu vəzifəsindən azad etdi. Ali Sovet bu fərmanı konstitusiyaya zidd addım hesab edərək ləğv etdi, Prezident və deputatların növbədənkənar seçkisini elan etdi.
1993-cü il sentyabrın 21-də B.N.Yeltsin seçilmiş nümayəndələrdən ibarət hakimiyyət orqanlarının — Rusiya Federasiyasının Ali Sovetinin və Xalq Deputatları Qurultayının buraxılmasına dair fərmanı elan etdi, dekabrın 12-nə parlamentin yeni seçkisini təyin etdi. Ali Sovet fərmanı dövlət çevrilişi kimi qiymətləndirərək, B.Yeltsini hakimiyyətdən uzaqlaşdırıb, A.V.Rutskoyu yeni prezident seçdi. Sentyabrın 24-də A.Rutskoy və R.Xasbulatovun silahlı tərəfdarları podpolkovnik S.N.Terexovun başçılığı altında Zabitlər İttifaqının üzvləri ilə birlikdə Leninqrad prospektindəki MDB silahlı qüvvələrinin birləşmiş Qərargahını tutmağa cəhd etdilər. Sentyabrın 24-də Ali Sovetin iclaslarının keçdiyi “Ağ ev” milis qüvvələri tərəfindən mühasirəyə alındı, binanın işıq və su təchizatı kəsildi. Prezident və Ali Sovetin iki həftəlik qarşıdurması başladı. 1993-cü il oktyabrın 2-3-də qarşıdurma silahlı xarakter aldı. A.V.Rutskoyun tərəfdarları oktyabrın 3-də Yeni Arbatdakı şəhər meriyasına hücum etdilər, ilk qurbanlar oldu.A.Rutskoy və general A.M.Makaşov öz tərəfdarlarını Kremlə hücüm etməyə çağıraraq Ostankino televiziya mərkəzinə hücuma keçdilər. Telemərkəz işğal edilməsi təhlükəsi altında öz verlişlərini dayandırdı. Yalnız 2-ci kanal ehtiyat studiyasından verilişlərini davam etdirirdi. Oktyabrın 4-də Prezident B.Yeltsin Moskvada hərbi vəziyyət elan edərək paytaxta qoşun yeritdi. “Ağ ev” tanklardan top atəşinə tutulduqdan sonra günün ikinci yarısı müdafiəçilər təslim oldu. A.Rutskoy, R.Xasbulatov, A.Makaşov və b. həbs edilərək Lefortovo həbsxanasına göndərildi. Rəsmi məlumata əsasən oktyabrın 3-4 hadisələrində 152 nəfər, qeyri rəsmi məlumatlara əsasən isə 200-dən 400 nəfərə qədər adam öldürüldü. Parlament binasının tanklardan atəşə tutulması ölkədə birmənalı qarşılanmadı, ziyalılar da iki cəbhəyə bölünərək bu aktı antikonstitusiya hərəkəti kimi qiymətləndirənlərə, yaxud parlament rəhbərliyin başqa yolla saxlamaq mümkün deyildir kimi fikirlər səsləndirənlərə bölündü.
1993-cü il oktyabrın 7-də B.Yeltsinin fərmanı ilə Moskva Soveti buraxıldı. İki gündən sonra Prezident “Rusiya Federasiyasında nümayəndəli hakimiyyət və özünüidarə orqanlarında islahatlar haqqında” fərman imzalayaraq bütün rayon, şəhər, qəsəbə və kənd sovetlərinin fəaliyyətinə xitam verdi, onların səlahiyyətləri yerli icra başçılarına verildi. Oktyabrın 24-də Prezidentinin başqa bir fərmanı ilə Moskva və Moskva vilayəti Dumalarına seçkilər haqqında, Oktyabrın 26-da “Rusiya Federasiyasında yerli özünüidarə islahatları haqqında” fərman imzaladı ki, buna əsasən yerli sovetlər öz fəaliyyətini dayandıraraq səlahiyyətlərini yerli icra başçılarına təslim edirdi. Beləliklə, Rusiya Federasiyasının prezidenti B.N.Yeltsinin yuxarıda adı çəkilən fərmanları əsasında Ali Sovetin müqaviməti silah gücünə qırıldıqdan sonra 76 il mövcud olan sovet hakimiyyəti ildırım sürəti nəticəsində ləğv edildi. Bununla da dövlət quruluşunun sovet formasına son qoyuldu.
1993-cü il dekabrın 12-də referendum keçirildi, burada iştirak edənlərin 58,4 faizi prezidentin təqdim etdiyi Konstitusiya layihəsini bəyəndi. Rusiyanın qəbul edilən yeni Konstitusiyasına görə Rusiya Federasiyasının Ali qanunverici orqanı iki palatadan, yəni Dövlət Duması və Federasiya Şurasından ibarət olan Federal Yığıncaq elan edildi. Prezident çox böyük səlahiyyətlərə malik oldu. O, hər iki palatanın qərarına veto qoymaq hüququ alırdı. Bu vetonu aradan qaldırmaq üçün palata üzvlərinin üçdəiki hissəsinin səsi tələb edilirdi. Baş nazirin namizədliyini üç dəfə rədd edən Dumanı prezident buraxmaq səlahiyyətinə malik oldu. Əgər Duma hökumətə etimadsızlıq göstərsə idi o zaman prezident ya hökuməti istefaya göndərər, ya da Dumanı buraxa bilərdi. Faktiki olaraq Rusiya prezident respublikası elan edildi. Prezidentə impiçment, yəni etimadsızlıq göstərilməsinin baş tutması xeyli çətinləşdirildi. Belə ki, Kosntitusiyaya əsasən prezidenti vəzifəsindən kənar etmək məqsədilə Federal Yığıncağın hər iki palatası deputatlarının üçdəikisinin səsi tələb olunurdu.
Referendumla yanaşı Federal Yığıncağın aşağı palatası Dövlət Dumasına seçkilər keçirildi. Seçkilər majoritar və proporsional sistem üzrə baş tutdu. 225 deputat birmandatlı majoritar dairələr üzrə, 225 deputat ümumfederal partiya siyahısı üzrə seçilmişdi. Seçkilərdə iştirak etmək hüququ qazanan 13 partiya və birlikdən yalnız 8-i beş faizlik həddi keçərək Dumada öz yerini aldı. Y.T.Qaydarın rəhbərlik etdiyi “Vıbor Rossii” partiyası radikal islahatların tərəfdarı kimi seçicilərin yalnız 15 faizinin səsini ala bildi. Səslərin dörddəbirini, yəni 63 deputat yeri alan V.V.Jirinovskinin Liberal-Demokratik partiyası (LDPR) 1990-cı ilin martında meydana gələrək vahid Rusiya, SSRİ-nin bərpası, güclü mərkəzi hakimiyyət, bazar, sosialyönümlü iqtisadiyyat uğrunda mübarizə aparırdı. Ümumiyyətlə, Dumada M.Lapşinin rəhbərlik etdiyi Aqrar partiya 55, G.Züqanovun Rusiya Federasiyası Kommunist Partiyası 45, Rossiyskiy Put birliyi 25 yer qazanaraq müxalif sol və böyük dövlətçilik-vətənpərvər qüvvələrinin üstünlüyünü təmin etdilər. Demokratik partiyaları təmsil edən “Bıbor Rossii” 76, “Yabloko” (Q.A.Yavlinski, Y.Y.Boldırev və V.P.Lukin) 23, “Soyuz 12 dekabrya” 12 deputat yerinə sahib oldu. Mərkəzçi mövqe tutan S.M.Şaxayın “Partiya Rossiyskoqo yedinstva i soqlasiya” 30, “Jenşini Rossii” 23 deputat yer aldı. Federasiya Şurasının birinci sədri keçmiş iri sənaye müəssisəsinin direktoru olan V.F.Şumeyko oldu. Dövlət Dumasına İ.Rıbkin başçılıq etdi. Dumanın ilk aktlarından biri 1991-ci il avqust qiyamı və 1993-cü il oktyabr hadisələri iştirakçılarını əfv etmək qərarı oldu.
1994-cü ilin aprelində milli-vətənpərvər qüvvələr istisna olmaqla ictimai-siyasi qüvvələrin böyük əksəriyyəti və Prezident ictimai razılıq əsasında müqavilə imzaladı. Müqaviləyə əsasən iki il müddətində cəmiyyətdə sabitliyi pozan Konstitusiya dəyişikliyinə yol verilməməli, federal hakimiyyət orqanlarına növbədən kənar seçkilər keçirilməməli idi. 800 nəfərdən çox müxtəlif hakimiyyət, siyasi partiya və birlik nümayəndələrinin bu müqaviləni imzalamasına baxmayaraq, RFKP və Aqrar partiya, sonradan isə daha 10 partiya bu sənəddən imtina etdi. Bütün bunlara baxmayaraq müəyyən mənada müqavilə cəmiyyətdə vəziyyətin sabitləşməsinə kömək etdi.
Federalizmin inkişafı. Çeçenistan müharibəsi.Rusiya federasiyasına SSRİ-dən miras qalan ən mürəkkəb məsələlərdən biri millətlər arasındakı münasibətlər problemidir. Vəziyyəti gərginləşdirən şərait ondan ibarət idi ki, yeni Rusiyaya federativ quruluşun əvvəlki etnik prinsipi miras qalmışdı.Yalnız fərq ondan ibarət idi ki, Federasiyanın subyektləri keçmiş Rusiya muxtariyyətləri idi. Ölkədəki etnosiyasi vəziyyət göstərdi ki, SSRİ-dən fərqli olaraq əhalinin 80 faizindən çoxunu təşkil edən rus xalqı bütün Rusiya ərazisi üzrə yayılmışdır. Məhz bu amil respublikalarda fəaliyyətdə olan milli hərəkatlarda və ayrı-ayrı respublikaların rəhbərliyində nəzərə alınmamışdı.
1992-ci ilin martında Prezidentlə respublikaların nümayəndələri arasında imzalanan Federativ müqavilə problemi siyasətdən hüquq sahəsinə keçirməklə Rusiyanın parçalanması təhlükəsin təxirə saldı. Lakin müqavilə yeni təhlükəyə, Federasiya subyekti statusunun qanun qarşısında qeyri-bərabərliyinə şərait yaratdı. Milli respublikalar vilayət və diyarlardan fərqli olaraq daha çox səlahiyyət alırdı. Çeçenistan və Tatarıstan müqaviləni imzalamadıqlarından Rusiya Federasiyasının bütövlüyü sual altında qalırdı. Bir çox milli hərəkatların proqram sənədlərində separat tələblər yer alırdı. Konstitusiyalarını qəbul edən bir sıra muxtar respublikalar yerli qanunları federal qanunlardan üstün tutur və Federasiyadan çıxmaq hüququnu təsbit edirdi. Tatarıstan, Çeçenistan, Başqırdıstan, Tuva, Yakutiya (Saxa Respublikası) federal büdcəyə keçirdikləri vəsaiti azaltdı. 1992-ci ildə Tatarıstan respublikasının dövlət statusu haqqında referendum keçirildi. Səsvermədə iştirak edənlərin 60 faizi Tatarıstanın dövlət müstəqilliyinə səs verdi. 1994-cü il fevralın 15-də Federal hakimiyyətlə Tatarıstan arasında səlahiyyətlərin müəyyən edilməsinə dair müqavilə imzalandı ki, bu sənədə əsasən respublika Federasiyasının başqa subyektlərindən daha çox hüquqlar, o cümlədən tatar vətəndaşlığının verilməsi, xarici dövlətlərlə münasibətlər yaradılması və b. hüquqlar aldı. Yalnız bundan sonra Tatarıstanda RF Dövlət Dumasına seçkilər keçirildi. Bir çox məsələlər üzrə kompromisin əldə edilməsində Tatarıstan Respublikasının Prezidenti M.Ş.Şaymiyevin çevik və konstruktiv mövqeyi önəmli rol oynadı. 1993-cü ildəki Prezident və Parlament qarşıdurmasından, yeni Rusiya Konstitusiyasının qəbul edilməsindən sonra Federasiyanın subyektlərinin böyük əksəriyyətilə münasibətlər normal məcraya düşdü. 1994-1995-ci illərdə muxtar qurumlarla 20 ikitərəfli müqavilələr imzalandı. Nəticədə Federasiyanın milli-ərazi subyektləri daha çox müstəqillik əldə etdilər ki, bu da bir çox diyar və vilayət rəhbərliyinin narazılığına səbəb oldu. Bununla birlikdə, mərkəzin kompromis mövqeyi separatizmin tədricən aradan qaldırılmasına, eksteremist milliyətçi qüvvələrin təcrid edilməsinə kömək etdi.
Müstəqilik uğrunda cərəyan edən hadisələrin mərkəzi Şimali Qafqaz oldu. 1990-cı ilin yazında çeçen xalq konqressi Çeçenistanın müstəqilliyi haqqında qətnamə qəbul edərək onu İckeriya Respublikası adı ilə elan etdi. 1991-ci ilin oktyabrında Estoniyadakı keçmiş HHQ-nin diviziya komandiri, istefada olan general C.Dudayev Çeçen-İnquşetiya respublikasının prezidenti seçildi. 1992-ci il iyununda İnquşetiya Çeçenistandan ayrılaraq RF tərkibində İnquş respublikasını elan etdi. 1991-ci il oktyabrın 27-də C.Dudayev Çeçen Respublikasının prezidenti seçildi və parlament formalaşdı. 1991-ci il oktyabrın 26-da C.Dudayevin fərmanı ilə Çeçen respublikasının ərazisində olan bütün Rusiya Federasiyasının hərbi hissələrinin silah və hərbi texnikası respublikanın mülkiyyəti elan olundu,1992-ci ilin mayında C.Dudayevin tərəfdarları hərbi texnikanın 80, atıcı silahların 75 faizini ələ keçirdi. 1991-ci il dekabrın 24-də imzaladığı fərmanla respublikanın bütün kişi əhalisin orduda xidmət etmək mükəlləfiyyəti ilə vəzifələndirən C.Dudayev daimi ordu yaratdı ki, onun da sayı 15 min nəfərə çatırdı.
1994- cü il noyabrın 29-da Rusiya Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların başlaması haqqında qərar qəbul edildi. Noyabrın 30-da prezident B.Yeltsin, “Çeçen respublikasının ərazisində konstitusiya qanununun və hüquq qaydalarını bərpa etmək tədbirləri haqqında” gizli fərman imzaladı. Əməliyyatı 25 gün ərzində yekunlaşdırmaq nəzərdə tutulsa da onu pis hazırlamışdılar. 1994-cü il dekabrın 11-də birinci çeçen müharibəsi başladı. Qroznıda C.Dudayevin 15 min qoşunu, 60 top və minaatanı, 30 “Qrad” qurğusu, 50 tankı vardı. Federal qoşunlar çeçen respublikasının ərazisinə daxil olaraq 1995-ci ilin yayına doğru ağır döyüşlərdən sonra əsas yaşayış məntəqələrini ələ keçirərək dudayevçiləri dağlara sıxışdırdılar. Baxmayaraq ki, Müdafiə naziri P.S.Qraçov ictimaiyyəti və prezidenti inadırmağa çalışırdı ki, C.Dudayevi devirmək üçün “iki saat və bir paraşüt desant polku” kifayətdir. Əməliyyatlar göstərdi ki, dudayevçilər müasir sovet və xarici silahlarla hərbi əməliyyatlara daha yaxşı hazırlaşmışlar. “Qayda-qanunun bərpası” aviasiya, tanklar və digər ağır texnikanın tədbiqi ilə uzun və qanlı müharibəyə çevrildi.
1995- ci ilin iyulunda bir qrup çeçen döyüşçüsü Ş.Basayevin başçılığı ilə Çeçenistan sərhədindən 150 km uzaqlıqda yerləşən Stavropol diyarının Budyonovsk şəhərində 1500 nəfəri, o cümlədən uşaq və qadınları girov götürərək Rusiya hökumətini onların tələblərini yerinə yetirməyə məcbur etdi. Federal hakimiyyət çeçen liderlərlə yenidən danışıqlara başladı.
1996-cı ilin aprelində C.Dudayev öldürülsə də vəziyyət dəyişmədi. 1996-cı ilin avqustunda çeçen döyüşçüləri dağlardan enərək Qroznıya hücum etdilər və onu federal qoşunlardan təmizlədilər. 1996-cı il avqustun 31-də Dağıstanın Xasavyurt qəsəbəsində Təhlükəsizlik Şurasının katibi general-leytenant A.Lebedlə çeçen qoşunlarının qərargah rəisi A.Masxadov arasında müharibənin dayandırılması, rus qoşunlarının respublikadan çıxarılması və Çeçen respublikasının ərazisində demokratik seçkilərin keçirilməsi haqqında saziş imzalandı. Çeçenistanın statusunun həlli məsələsi beş il müddətinə təxirə salındı. 1997-ci ildə Çeçen respublikasının Prezidenti seçilən A.A.Masxadov bu müqaviləyə faktiki olaraq Çeçenistanın müstəqilliyinin tanınması kimi baxırdı. 1997-ci ilin mayında Moskvada B.Yeltsin və A.Masxadov RF və Çeçen Respublikası İçkeriya arasında sülh və qarşılıqlı münasibət haqqında müqavilə imzaladılar. Faktiki olaraq Çeçenistan müstəqil elan edildi və Rusiya onun dağıdılmış iqtisadiyyatının bərpasına kömək etməyə razılıq verdi.
1999-cu ilin payızında Çeçenistan ətrafında vəziyyət yenidən kəskinləşdi. İkinci Çeçen müharibəsi başladı. 1999-cu ilin sentyabrında Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Moskvada terror aktları törədildi. Rusiya hökumətinin cavab tədbirləri sərt oldu.İkinci Çeçen müharibəsində 150 min nəfər hərbiçi, milis və daxili qoşun səfərbər edildi. Çeçen tərəfinin döyüşçüləri 20 min nəfərə çatırdı. Federal qoşunlar birinci Çeçen müharibəsindən nəticə çıxararaq əsasən artilleriya və hava hücumlarına üstünlük verirdi. 1999-cu ilin dekabrında HHQ və sərhədçilər Gürcüstan sərhədi yaxınlığındakı Arqun dərəsini tutaraq çeçn döyüşçülərinə gələn köməyin qarşısını aldı. 2000-ci ilin yanvarında möhkəm qalaya çevrilən Qroznunu Federal qoşunlar aldı. Döyüşlərin gedişində çeçen döyüşçülər 15 min, Federal qüvvələr 2 min nəfər itirdi. 2000-ci ilin axırlarında federal qoşunlar bütün Çeçen respublikasının yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi. Respublikada keçmiş müfti A.A.Kadırovun başçılığı ilə vətəndaş idarəçiliyi yaradıldı. 2003-cü ilin martında keçirilən referendumda Çeçen Respublikasının yeni Konstitusiyası qəbul edildi ki, burada da Çeçenistan Rusiya Federasiyasının ayrılmaz tərkib hissəsi elan olundu. A.A.Kadırov Çeçen Respublikasının Prezidenti seçildi. Çeçen xalqının çox hissəsi getdikcə daha çox dinc həyatı qaydaya salmağın vacib olduğun başa düşür.
Rusiya 90-cı illərin ikinci yarısı — 2015-ci ilə kimi olan dövrdə.1995-ci ilin de-kabrındakı Dövlət Dumasına ikinci seçkidə 43 partiya və seçkiqabağı birlik iştirak etdi. Sol qüvvələri təmsil edən G.Züqanovun RFKP-nın seçki proqramı Prezidentin islahatlarının tənqidinə, onun SSRİ-ni dağıtmasında təqsirləndirilməsi və xalqın yoxsullaşmasına səbəb olmasına həsr edilmişdir. Hökumətin siyasətini NDR hərəkatı müdafiə edirdi. Demokratik qüvvələri “Yabloko” və Y.Qaydarın “Demokratiçeskiy Vıbor Rossii” (DVR) təmsil edirdi. Seçkilərdə yalnız dörd birlik, o cümlədən 22 faiz səslə KPRF, 11 faiz səslə LDPR, 10 faiz səslə NDR və 8 faiz səslə “Yabloko” beşfaizlik səddi keçərək Dumada təmsil edilmək hüququ qazandı. Dumada üstünlük təşkil edən kommunistlərin nümayəndəsi G.N.Seleznyov spiker seçildi.
Konstitusiya prezidentə çox böyük səlahiyyətlər tanıdığı üçün 1996-cı ildəki prezident seçkiləri ölkənin üçüncü minilliyə hansı yolla gedəcəyi məsələsinə aydınlıq gətirmək mənasında çox böyük siyasi əhəmiyyət daşıyırdı. Siyasi partiyalar bu həlledici döyüşə ciddi hazırlaşırdı. Prezident seçkilərinin birinci turu iyunun 16-da keçirildi. Səsvermədə iştirak edən seçicilərin B.Yeltsinə 35,3, G.Züqanova 32, A.lebedə 14,5, Q.Yavlinskiyə 7,3, V.Jirinovskiyə 5,7, S.Fyodorova 0,9, M.Qorbaçova 0,5, M.Şakkuma 0,4, Y.Vlasova 0,2 və V.Brınsalova 0,2 faizi səs verdi. Onbirinci namizəd A.Tuleyev seçkiyə kimi G.Züqanovun xeyrinə öz namizədliyin geri götürdü. Beləliklə, ikinci tura B.Yeltsin və G.Züqanov çıxdı. B.Yeltsin siyasi manevr edərək səslərin 14,5 faizini toplayan A.İ.Lebedi Təhlükəsizlik Şurasının katibi və prezidentin Milli məsələlər üzrə köməkçisi təyin etdi. Bu addım, səslərin B.Yeltsinin xeyrinə dəyişməsinə şərait yaratdı,1996-cı ildə seçkilərin ikinci turunda B.N.Yeltsin səslərin 53,7 faizini toplayaraq Rusiya Federasiyasının Prezidenti seçildi. G.Züqanov seçicilərin yalnız 40,3 faiz səsini qazandı. Bu isə o demək idi ki, Rusiya qəbul etdiyi islahatlar yolunu davam etdirir.Y.S.Stroyev 1996-cı ildə Federasiya Şurasının sədri seçildi.
B.N.Yeltsin ikinci dəfə Rusiya prezidenti seçildikdən sonra səhhətində yaranan problemlərlə bağlı uzun müddət dövlət işlərindən ayrı düşdü. Ürəyindən mürəkkəb əməliyyat keçirən prezident B.Yeltsin yalnız 1997-ci ilin martında fəal dövlət işləri fəaliyyətinə başlayaraq radikal islahatlar proqramı ilə çıxış etdi. “Gənc islahatçılar” A.B.Çubays və B.E.Nemtsov Baş nazirin birinci müavinləri təyin edildi. Hökumətin yeritdiyi islahat xəttinə baxmayaraq, ölkədə vəziyyət ağır olaraq qalırdı. 1998-ci ilin sonu 1999-cu ilin əvvəllərində ölkədəki vəziyyət belə fikir yürütməyə əsas verdi ki, prezident kimi B.N.Yeltsinin siyasi rolu başa çatmaq üzrədir. Duma ilə yanaşı prezidentə qarşı müxalifətə keçən Federasiya Şurası B.Yeltsinin istefasını tələb etdiyi Baş prokuror Y.İ.Skuratovu vəzifədən azad etmədi. Moskva şəhərinin meri Y.M.Lujkov və onun rəhbərlik etdiyi “Oteçestvo” hərəkatı B.Yeltsini və onun ətrafın kəskin tənqid etməyə başladı.Əslində ölkənin siyasi həyatında hakimiyyət böhranı daha aydın hiss edilirdi. Hökumət, nazirlik və sahə idarələrində tez-tez kadr dəyişikliyi edən B.Yeltsinin nüfuzu və dövlətin həyatındakı rolu aşağı düşürdü,1998-ci ilin aprelindən 2000-ci ilin martına kimi Rusiya Federasiyasının Baş Naziri vəzifəsində 5 nəfər S.V.Kiriyenko, V.S.Çemomırdin, Y.M.Pirimakov, S.V.Stepaşin, V.V.Putin bir-birini əvəz etdi. Hökumət rəhbərliyinin dəyişdirilməsi ölkədə vəziyyəti dəyişmədi.
1999-cu ilin avqust ayında B.N.Yeltsin RF-nın Baş naziri vəzifəsinə V.V.Putini təyin etdi. Putin Vladimir Vladimiroviç 1952-ci ildə Leninqradda anadan olub, 1975-1990-cı illərdə SSRİ DTK-nin xarici kəşfiyyat işlərində çalışaraq Almaniya üzrə ixtisaslaşıb. Polkovnik rütbəsində istefaya çıxdıqdan sonra 1990-cı ildən Leninqrad Sovetində, Sankt-Peterburq meriyasında çalışıb. Xarici əlaqələr Komitəsinin sədri olub. 1997-ci ildən RF Prezidentinin İcra aparatı rəhbərinin müavini,1998-1999-cu illərdə Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru, 1999-cu ilin avqustundan 2000-ci ilin mayına kimi Rusiya hökumətinin sədri olub. Eyni zamanda 1999-cu il dekabrın 31-dən Rusiya Federasiyası Prezidentinin vəzifəsini icra edib. 2000-ci il martın 26-da keçirilən Prezident seçkisində V.V.Putin birinci turda inamlı qələbə qazanaraq ölkə prezidenti olub.
1999-cu ilin dekabrından Dövlət Dumasına seçkilərdə mövcud hakimiyyətin əsas rəqibi kommunistlər deyil Y.Primakov və Y.Lujkovun başçılıq etdiyi “Oteçestvo-Vsya Rossii” hərəkatı oldu. Şeçkiqabağı təbliğatı hakimiyyəti kəskin tənqid edərək B.Yeltsinin yaxın ətrafını korrupsiyada ittiham üzərində quran hərəkata cavab Kremldən gəldi. Y.Lujkovun ünvanına da eyni səpkili ittihamlar mərkəzi televiziya kanalı vasitəsilə səsləndi. Ölkənin siyasi həyatında yeni qüvvələr əvvəllər siyasətdən uzaq olan Fövqəladə vəziyyət naziri S.K.Şoyqunun liderliyi altında V.V.Putinin müdafiə etdiyi “Yedinstvo” (“Medved”) hərəkatını yaratdı. V.V.Putini həmçinin S.V.Kirienko, B.Y.Nemtsov, İ.M.Xakamandanın başçılıq etdikləri Soyuz Pravıx Sil (SPS) demokratik yönümlü birlik müdafiə edirdi. 1999-cu il dekabr seçkilərində KPRF 24,3, “Yedinstvo” 23,3, “Oteçestvo-Vsya Rossiya” 13,3, SPS 8,5, “Yabloko” 5,9, LDPR 5,9 faiz səs topladı. Ən çox uğur “Yedinstvo” və SPS qazandığı halda, KPRF və LDPR-in nüfuzu xeyli aşağı düşdü.
V.V.Putini müdafiə edən blokların qələbəsi onun cəmiyyətdə nüfuzunun artığını nümayiş etdirdi. Bu şəraitdə B.N.Yeltsin 2000-ci ilin iyulunda başa çatmalı olan prezidentlik müddətini gözləmədən təcili istefaya getməyi qərara aldı. 1999-cu il dekabrın 31-də B.Yeltsin özünün istefasını elan edərək hakimiyyəti V.V.Putinə dövr etdi. 2000-ci il martın 26-da keçirilən prezident seçkisində V.V.Putin seçicilərin səsinin 52,9 faizini toplayaraq birinci turda Rusiyanın növbəti prezidenti seçildi. Onun ən yaxın rəqibi G.Züqanov isə yalnız seçicilərin 29,2 faiz səsini toplaya bildi. V.V.Putin M.M.Kasyanovu Rusiyanın Baş naziri təyin etdi. Vətənpərvərlik, əxlaqi dəyərlər, milli nailiyyətlərə qayğı və ölkənin təhlükəsizliyi yeni Prezidentin çıxışlarının ana xəttini təşkil edirdi.
Uzun illər davam edən kəskin müzakirələrdən sonra 2000-ci ilin dekabrında Prezidentin təklifi ilə Duma Rusiyanın simvollarını qəbul etdi. Ölkənin gerbində ikibaşlı qartal, bayrağında isə üç-ağ-göy-qırmızı rənglər əks olunmuşdur. Sovet dövrünün qırmızı rəngli bayrağı silahlı qüvvələrin simvolu oldu. Böyük Vətən müharibəsi dövründə A.V.Aleksandrovun himninə S.V.Mixalkovun yazdığı yeni sözlərlə müstəqil Rusiyanın yeni milli himni təstiq olundu. Milli simvolların keçmişlə müasirliyi birləşdirən əlamətləri əslində cəmiyyətdə müxtəlif siyasi qüvvələrin barışığını saxlayaraq ölkənin keçmişi ilə yeniliyi arasında əlaqənin qanunauyğunluğun təcəssüm etdirirdi.
2001-ci ildə “Yedinstvo” və “Oteçestvo-Vsya Rossiya” birləşərək hakimiyyətyönümlü “Yedinaya Rossiya” partiyasını yaratdılar. Sonradan onun sədri B.V.Qrızlov oldu. Beləliklə, hökumət Dumada özünə çoxluğun köməyini təmin etdi, bu isə vaxtı çatmış qanunların qəbul edilməsinə şərait yaratdı. Ölkədə sabitləşdirmə məqsədilə atılan addımlar nəhayət islahatlar başlanandan sonra ilk dəfə olaraq icraedici və qanunverici orqanlar arasında qarşıdurmaya son qoydu ki, bu da cəmiyyətin bütün təbəqələrinin mənafeyinə uyğun idi.
Yeltsin epoxasındakı prezidentlik və parlament qarşıdurmasından fərqli olaraq V.Putinin prezidentliyi dövründə onun xəttini müdafiə edən “Yedinaya Rossiya” partiyasının 2003-cü ildə Dövlət Dumasında səslərin böyük əkəsiyyətini alması siyasi qüvvələrin prinsipcə qruplaşmasına, dövlət başçısına isə müəyyən etdiyi kursu uğurla davam etdirməyə şərait yaratdı. Ölkədəki mövcud partiya və hərəkatın hər biri sosial-iqtisadi inkişaf prespektivini öz proqramı çərçivəsində şərh edir. Siyasi qüvvələrin sağında liberal meylli, öz prorqamında daha çox sosial problemlərə yer ayıran “Soyuz pravix sil” və “Yabloko” gəlir. Sol cəbhədə çoxsaylı və yaxşı təşkil olunmuş KPRF durur. Onların arasında mərkəzyönümlü partiyaların ən böyüyü “Yedinaya Rossiya” gəlir ki, bunun da ölkənin bütün regionlarında şöbələri mövcuddur. 2001-ci ildə partiyalar haqqında yeni Qarnın qəbul edilib ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrini təmin etməlidir.
Prezidentin 2003-cü il mayın 16-da RF-nın Federal Yığıncağına müraciətində Rusiyanın vətəndaş cəmiyyətinə malik, möhkəm demokratik əsaslı, insan hüquqlarının, vətəndaş və siyasi azadlıqların mövcud olduğu bir ölkə olması vurğulanır. Daxili siyasətin əsas məsələlərindən biri Rusiya dövlətçiliyinin əsasının möhkəmləndirilməsidir. Bu məqsədlə 2000-ci ildə ölkənin idarəetmə mexanizmini möhkəmlətmək üçün 7 federal dairə təşkil olundu. Dairələrin başında Prezidentin səlahiyyətli nümayəndəsi durur ki, onlar da öz fəaliyyətini Rusiya Konstitusiyasına əsasən yerli hakimiyyət orqanları ilə razılaşdırırdılar. Federal Yığıncaq yenidən quruldu. Qanunverici orqanın üst palatasında regionun başçısı yerinə onun təyin etdiyi, bu sahədə iş təcrübəsi olan şəxs fəaliyyət göstərməyə başladı. 2004-cü ilin payızında dövlət hakimiyyəti strukturunda daha bir islahat həyata keçdi. Qubernatorlar əvvəllər olduğu kimi ümumxalq seçkisi ilə deyil Rusiya Prezidentinin təqdimatı əsasında Federal parlament tərəfindən təsdiq edilərək işə başlaya bilərdi.
2003-cü il dekabrın 7-də seçkilər keçirildi. Dövlət Dumasına 450 nəfər deputat seçildi ki, bunların da 350 nəfəri, yəni böyük əksəriyyəti hakimiyyətin “Yedinaya Rossiya” partiyasına məxsus idi. Bundan əlavə, KPRF 52, LDPR 36, “Rodina” 36 yer aldı. Müstəqil deputatlar 23 yerlə Dumaya daxil oldu. Müxalifət partiyaları “Soyuz Pravıx Sil” və “Yabloko” müəyyən edilən səddi keçə bilmədikləri üçün Dumada təmsil edilmədi. B.V.Qrızlov Dövlət Dumanının sədri seçildi. Seçkinin nəticələri bir daha təstiq etdi ki, Rusiya əhalisinin böyük əksəriyyəti ölkədə siyasi sabitliyin bərqərar olmasın istəyir, onun güclü, beynəlxalq miqyasda nüfuzlu bir dövlət olmasında maraqlıdır.
2007- ci ilin dekabrında Dumaya yeni Qanun əsasında seçkilər keçirildi. Qanuna uyğun olaraq həm ali, həm də regional dövlət hakimiyyət oqanlarına seçkilər proporsional sistem əsasında baş tutdu. Seçkilərdə yalnız siyasi partiyalar iştirak etmək hüququ aldı ki, bu da iri partiya fraksiyalarının formalaşmasına şərait yaratdı. Parlament seçkilərinə görə “Yedinaya Rossiya” Dövlət Dumasında yerlərin çoxunu aldı. Bunun ardınca KPRF, LDPR və “Spraved-livaya Rossiya” Dumada öz yerlərini tutdu. ”Soyuz Pravıx Sil” və “Yabloko” yeni seçki qanununun tələb etdiyi 7 faizlik səddi aşa bilmədikləri üçün Dumaya düşə bilmədi.
2008- ci ilin martında Rusiya Federasiyasının yeni, üçüncü Prezidenti 1965-ci il təvəllüdlü Peterburq Universitetinin Hüquq fakültəsini bitirmiş Dmitri Anatolyeviç Medvedev seçildi. D.A.Medvedevin namizədliyin “Yedinaya Rossiya” partiyası və şəxsən keçmiş prezident V.V.Putin müdafiə etdi. Yeni Prezident V.V.Putinin Rusiyanın inkişafına dair daxili və xarici siyasət xəttinin tam tərəfdarı olub, onun rəhbərliyi altında hökumətin baş nazirinin müavini kimi dörd milli proqrama nəzarət etmişdir. Odur ki, təbiidir ki, D.A.Medvedyev prezident seçildikdən sonra V.V.Putin hökumətə başçılıq etmişdir. Hər iki lider 2020-ci ilə kimi Rusiyanın inkişafının strateji məqsədini, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, xalqın həyat səviyyəsinin yüksəldilməsində görür.
2011- ci il dekabrın 14-də VI çağırış Dövlət Dumasına növbəti seçkilər oldu. Nəticədə hakim partiya “Yedinaya Rossiya” parlament çoxluğuna sahib olsa da bir çox müşahidəçilərin, yerli və xarici siyasətçilərin, jurnalist və ekspertlərin rəyinə görə seçkilər yekunu saxtalaşdırılmışdır.
2012- ci il martın 4-də Rusiya Federasiyasının prezidenti seçkiləri keçirildi, Vladimir Putin birinci turda qalib gələrək mayın 7-də prezident vəzifəsin icra etməyə başladı. Prezidentliyə namizəd Gennadi Züqanov və başqaları prezident seçkisində yol verilən nöqsanlara görə seçkini qeyr-legitim hesab edirlər. Mayın 8-də Dövlət Duması prezident V.Putinə Dmitri Medvedyevi hökumətin sədri təyin etməyə razılıq verdi.
Müasir Rusiyanın xarici siyasəti.
1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra tərkibindən ayrılan respublikalar Müstəqil Dövlətlər Birliyini (MDB) yaratdı. Baltikyanı respublikalarından başqa keçmiş sovet respublikalarının hamısı MDB-də təmsil olundu. 1992-ci ilin mayın 15-də MDB ölkələri kollektiv təhlükəsizlik haqqında müqavilə imzaladı. 1993-cü ilin yanvarın 22-də MDB-nin Nizamnaməsi qəbul edildi. Rusiya keçmiş sovet məkanında nüfuzunu və varlığını MDB çərçivəsində səmərəli əməkdaşlıq mexanizmi əsasında davam etdirmək niyyətindədir. Başqa bir tərəfdən “yaxın xaric” ölkələrində bir saatda xarici olan 25 milyon rus vardır ki, onların da taleyi Rusiya dövlətinin MDB daxilində yeritdiyi siyasətdən çox asılıdır. 1992-1996-cı illər arasında MDB çərçivəsində 600-dən çox müqavilə və saziş imzalanmasına baxmayaraq Birlik dövlətlərarası möhkəm təsisata çevrilə bilməmişdir.
MDB-nin tərkibinə daxil olan postsovet respublikalarının hamısı öz milli ordusunu yaratmışdır. Nüvə silahına nəzarət Rusiya dövlətinə məxsusdur. Belarusiya və Ukrayna onların ərazisində yerləşdirilən nüvə silahlarının Rusiyaya aparılmasına razılıq verdi. Lakin 1992-ci ilin yazında Ukrayna öz ərazisindəki nüvə silahına sahib olmaq hüququnu irəli sürdü. Qazaxıstan da oxşar təkliflə çıxış etdi. Lakin Rusiya və ABŞ-ın təzyiqi ilə hər iki dövlət nüvə silahına olan iddiasından əl çəkərək, nüvə silahının yayılmaması müqaviləsinə qoşuldu. Hərbi kosmik sahədə Rusiya Qazaxıstanla sıx əməkdaşlığı davam etdirərək Baykonur kosmodromunu 20 il müddətinə icarəyə götürdü.
Rusiya ilə Ukraynanın münasibətləri Qara dəniz flotunun üstündə gərgin olaraq qalırdı. 1992-ci ilin avqustunda o MDB Birləşmiş silahlı qüvvələrinin tərkibindən çıxarılaraq Rusiya və Ukraynanın birgə idarəsinə verildi,1995-ci ilin iyununda Rusiya və Ukraynanın dövlət başçıları Qara dəniz flotunun bölünməsini, rus və ukrayna hərbi-dəniz qüvvələrinin yerinin müəyyən edilməsini həll etdilər. Qəti olaraq bu məsələ 1997-ci ilin mayında öz həllini tapdı, Rusiya Qara dəniz flotunun 87 faizinə sahib olmaqla Sevastopol hərbi-dəniz bazasını icarəyə götürmək hüququ aldı,1997-ci il mayın 31-də Rusiya və Ukrayna Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə imzladı.
Müqavilənin imzalanmasına baxmayaraq Krım yarımadası Ukrayna ilə Rusiya arasında mübahisəli yer kimi qaldığından zaman keçdikcə Krımın Rusiya tərəfindən ilhaqı ilə başa çatdı. Belə ki, Qərblə Rusiya arasında qalan Ukraynada vəziyyətin mürəkkəbləşməsindən istifadə edən qüvvələr Krımın Rusiyaya birləşdirilməsi məsələsini gündəmə gətirdilər. Krım yarımadasında Rusiya-Ukrayna ikili vətəndaşlığı əksəriyyəti rus olanlar yaşayırlar. Sevastopol-da Rusiyanın hərbi-dəniz bazası yerləşir və onlar 2042-ci ilə kimi bu bazada qalmaq hüququna malikdirlər.
Ukraynada hakimiyyətin Avropa İttifaqı ilə assosiativ razılaşmadan imtina etməsinə qarşı etiraz aksiyaları başlasa da, hərəkat tez bir zamanda istiqamətini korruspsiya və insan hüquqlarının pozulmasına qarşı yönəldi. 2013-cü il noyabrın 30-dan dekabrın 1-nə keçən gecə dinc aksiya iştirakçılarını dağıtmaq cəhdi hakimiyyətə baha başa gəldi və ölkədə faktiki olaraq durum nəzarətdən çıxdı. Yüz minlərlə aksiya iştirakçıları Azadlıq Meydanında iqtidarın istefasını tələb etdi. Ukrayna prezidenti Viktor Yanukoviç paytaxt Kiyevdən qaçmağa məcbur oldu. Ukraynada hakimiyyətin dəyişilməsi Rusiya Prezidenti V.V.Putin üçün çətinlik törətdi, belə ki, Prezident böyüklüyünə görə ikinci Şərqi Slavyan ölkəsi olan Ukraynanın gələcəkdə Avropa İttifaqının yanında yer almasından ehtiyat edirdi. Odur ki, Rusiya rus dilli əhalinin əksəriyyət təşkil etdiyi rayonlarda olduğu kimi, Krımda da yeni hakimiyyətə qarşı müxalifəti dəstəklədi. İlk növbədə 2014-cü il martın 16-da Krımın statusu haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 96 faizdən çoxu Krım Muxtar Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinə səs verdi. Rusiya prezidenti V.V.Putin 2014-cü il martın 18-də Krım Respublikasının Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında müqavilənin imzalanması barəsində sərəncam verdi. Bunun ardınca Dövlət Duması və Federasiya Şurası Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edərək yarımadanı Krım Respublikası olaraq Federasiyanın inzibati ərazisinə daxil etdilər.
İki şərqi slavyan dövləti Rusiya və Belarusiya sıx əməkdaşlıq edir. 1996-cı ilin aprelində Rusiya-Belarus birliyinin yaradılmasına dair müqavilə imzalandı. 1997-ci ildə birlik Rusiya-Belarus İttifaqına çevrildi. 1997-ci il mayın 23-də İttifaqın Nizamnaməsi qəbul edildi. Rusiya-Belarus İttifaqı tədricən konfederasiya şəklində birləşməyə gedir. Rusiya və Belarus vətəndaşları azad surətdə bir ölkədən digərinə getmək, əmlaka sahib olmaq hüququna malikdir. Lakin Belarusun iqtisadiyyatı bazar münasibətlərinə keçmədiyi üçün Rusiyadan fərqlidir. Siyasi sistem isə avtoritar rejimə malik olduğundan Rusiyanın demokratik düşüncə tərzli siyasətçilərin qorxudur. Belarusun prezidentinin siyasəti həm ölkə daxilində, həm də xaricdə ciddi tənqid edilir. O, Konstitusiyaya zidd olaraq öz prezidentlik hakimiyyətinin vaxtını uzatmaqda ittiham olunur. 2000-ci ildə Belarusda müxalifət Rusiya əleyhinə mitinqlər təşkil edərək bu ölkə ilə inteqrasiyanın əleyhinə olduqlarını nümayiş etdirdilər. Müxalifət belə hesab edir ki, Rusiya Belarusu öz tərkibinə qatmağı nəzərdə tutur. Bir çox rus siyasətçiləri də belə düşünür ki, birləşmə yalnız Belarusun Rusiyanın tərkibinə qatılması ilə mümkündür.
MDB daxilində Rusiyanın mühüm tərəfdaşlarından biri Qazaxıstandır. Qazaxıstan həm də Rusiya, Qırğızıstan və Belarus ilə birlikdə Gömrük İttifaqını təşkil edir. Buna baxmayaraq, Qazaxıstanda da rus dilli əhaliyə təzyiq göstərilir. Xüsusilə rus və ukraynalıların sıx yaşadığı ölkənin şimal regionlarında vəziyyət daha mürəkkəbdir. Şimal hissəsindəki nüfuzlu siyasi qüvvələr bu ərazilərin Qazaxıstandan ayrılıb Rusiyaya birləşməsini tələb edir, Qazaxıstan isə bunu ərazi bütövlüyünə qəsd hesab edir. Bütün bu fikir ayrılığı və çətinliklərə baxmayaraq 2014-cü il mayın 29-da Rusiya, Belarus və Qazaxıstan Avroasiya İqtisadi İttifaqının (AAİİ) yaradılması haqqında müqavilə imzaladılar. Avroasiya Gömrük İttifaqı əsasında yaradılan bu beynəlxalq inteqrasiya iqtisadi birliyi 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayıb.
MDB çərçivəsində Rusiya Federasiyasının yaxın tərəfdaşlarından Qırğızıstan və Tacikistandır. 1997-ci ildə Rusiyanın vasitəçiliyi ilə Tacikistan hökumətilə müxalifət arasındakı hərbi əməliyyatların dayandırılıb milli barışıq komissiyası təşkil edilməsinə dair saziş imzalandı. Tacikistanın cənub sərhədlərini Rusiyanın 201-ci diviziyası qoruyur. Bu isə terrorçuların, narkotik və silah alverçilərinin sərhədi keçmələrinin qarşısına sipər çəkir.
Rusiyanın Cənubi Osetiya üzündən Gürcüstanla münasibətləri gərgin olaraq qalmaqdadır. Belə ki, 2008-ci il avqustun 7-dən 8-nə keçən gecə Gürcüstan hərbi qüvvələri Cənubi Osetiyada qayda-qanunu bərpa etmək və yerli separatçı qüvvələrin hərəkətlərinin qarşısını almaq məqsədilə əyalətin ərazisinə daxil oldular. Avqustun 8-də Rusiyanın 58-ci ordusunun hərbi qoşunları Roki tunelini keçərək müstəqil Gürcrüstanın ərazisinə daxil olub, Sxinvali şəhəri istiqamətində hücuma keçdilər. Beləliklə, 5 günlük Rusiya-Gürcüstan müharibəsi başladı. Canlı və hərbi texnika cəhətdən Gürcüstan ordusundan qat-qat üstün olan Rus qoşunları avqustun 9-da 150 tankla Şimali Osetiya istiqamətindən Cənubi Osetiyaya daxil olub əks-hücuma keçdilər. Rus qoşunları tezliklə Cənubi Osetiyanın yerli əsgərləri ilə birlikdə Gürcü qoşunlarını məğlubiyyətə uğradaraq Roki tunelini və Cənubi Osetiyanı tutdular. Beş günlük müharibə nəticəsində 215 nəfər gürcü əsgər və zabiti öldürüldü, 283 nəfər isə yaralandı. Qarşı tərəf isə təxminən 400 nəfər əsgər və zabit, çox sayda mülki şəxs itirdi. Müharibədən sonra Gürcüstan Rusiya ilə quru və hava yollarını bağladı. Beş günlük Rusiya-Gürcüstan müharibəsi rus və gürcü xalqı arasında dərin uçurum yaratdı. Gürcüstan Abxaziya və Cənubi Ose-tiyanın nəzarətində olan hissəsini itirməklə suveren ərazisnin 20 faizini itirmiş oldu. 2012-ci ilin dekabrında Rusiyanın Baş naziri Dmitri Medvedev bəyan etdi ki, Rusiya Mixail Saakaş-vilidən sonrakı yeni hakimiyyətlə danışıqlara hazırdı, amma qarşı tərəf bölgədəki geosiyasi dəyişiklikləri qəbul etməlidir. Tanınmamış Cənubi Osetiya Respublikası ilə sərhəd xəttinin dəyişdirildiyinə görə Gürcüstan 2015-ci il avqustun 12-də növbəti dəfə Rusiya tərəfinə nota ilə müraciət etmişdir. Rusiya Gürcüstan münasibətləri bu gün də gərgin olaraq qalmaqdadır.
Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də yaranıb. 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanmışıdr. Hər iki tərəf arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq gündən-günə inkişaf edir. Rusiya Federasiyanın prezidentləri V.V.Putin və D.A.Medvedev 2001, 2006, 2008 və 2009-cu illərdə Azərbaycan Respublikasına rəsmi səfərə gələrək dövlət başçısı Heydər Əliyev və İlham Əliyevlə işgüzar görüşlər keçiriblər. Bu Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın artan xətt üzrə inkişaf etdiyini göstərir. Xüsusilə
2013-cü ilin avqustunda Rusiya Federasiyasının prezidenti V.V.Putinin Azərbaycan Respublikasına növbəti səfəri və bu səfər çərçivəsində Bakıda Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevlə işgüzar görüşü iki tərəfin qarşılıqlı əlaqələrini daha da zənginləşdirmək marağından xəbər verir. Eyni zamanda Rusiyanın dövlət başçısı V.V.Putin 2015-ci ilin iyununda Bakıda keçirilən Birinci Avropa oyunlarının rəsmi açılışında iştirak edib, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə işgüzar danışıqlar aparıb. Hər iki lider danışıqların səmərəli olduğunu bəyan edib.
1991-ci il dekabrın 24-də Rusiya BMT-də SSRİ-nin yerini tutaraq Təhlükəsizlik Şurasının daimi üzvü oldu. 1992-ci ilin yanvarında Təhlükəsizlik Şurasının iclasında iştirak etmək məqsədilə ABŞ-a səfər edərək Rusiya prezidenti B.N.Yeltsin ölkə prezidenti C.Buşla “Rusiya və ABŞ arasındakı münasibətlərin prinsipləri haqqında” bəyannamə imzaladı. Bəyan edildi ki, hər iki ölkə arasındakı münasibətlər dostluq və tərəfdaşlıq əsasında qurulur. 1992-ci ilin martında Rusiya və MDB ölkələri Şimali Atlantika əməkdaşlığı Şurasına daxil oldu. Bu MDB ölkələrinin NATO ilə tərəfdaşlığının əsasını qoydu. 1994-cü ilin Rusiya və MDB-yə daxil olan keçmiş sovet respublikaları Şərqi Avropa ölkələrinin də iştirak etdiyi “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu. 1994-cü il mayın 5-də MDB-yə daxil olan Azərbaycan Respublikası NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu.
1995-ci ilin may ayında Rusiya Federasiyasına səfər edən ABŞ prezidenti B.Klinton bildirdi ki, NATO-nun genişləndirilməsi Avropanın yenidən parçalanmaması üçün tədricən həyata keçiriləcək. Bu məsələdə ABŞ-ın başlıca məqsədi Şərqi Avropa ölkələrinin bir daha Rusiyanın təsiri altına düşməsinə yol verməməkdir. ABŞ Rusiya Federasiyası ilə əməkdaşlığı Avropada yeni təhlükəsizlik sisteminin əsas elementlərindən biri saydığı üçün həm “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, həm də ikitərəfli Rusiya ilə əlaqələrin inkişafında maraqlı idi. 1997-ci ilin yanvar ayında NATO-nun baş katibi Rusiyaya rəsmi səfərə gəldi. 1997-ci il mayın 10-da Helsinkidə B.Yeltsinlə B.Klintonun görüşü oldu. 1997-ci il mayın 27-də Parisdə NATO ilə Rusiya Federasiyası arasında “Qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında akt” imzalandı. Rusiya NATO-nun genişlənməsi ilə razılaşdı, NATO isə Şərqi Avropa ölkələrində nüvə silahı yerləşdirməməyi öhtəsinə götürdü.
2002-ci ilin may ayında Rusiya NATO-nun Romada keçirilən sammitində iştirak etdi. Rusiya-NATO Şurasının yaradılmasına dair bəyannamə imzalandı. ABŞ Baltikyanı respublikalarının NATO-ya daxil olmasına səy göstərirdi, Rusiya isə bunun əleyhinə idi. 2002-ci ilin noyabrında NATO-nun Praqada keçirilən sammitində Bolqarıstan, Litva, Latviya, Estoniya, Rumıniya, Slovakiya və Sloveniyaya NATO-ya daxil olmaqları məqsədilə dəvətnamə göndərmək qərara alındı. 2003-cü ildə 7 Avropa dövlətinin NATO-ya qəbul edilməsi prosesi başa çatdı.
1990-cı illərdə Balkan yarımadasında cərəyan edən hadisələr Avropada və dünyada beynəlxalq münasibətləri kəskinləşdirdi. 1991-ci ilin iyununda Sloveniya və Xorvatiya öz müstəqilliyini elan etdi. Serbiya və Çernoqoriya vahid İttifaq dövlətinin saxlanılması tərəfdarı idi. 1991-ci ilin martında Bosniya İttifaqdan çıxdı, YSFR-in dağılması prosesi başa çatdı. 1992-ci ilin yazında hadisələrin mərkəzi serblər, müsəlmanlar və xorvatlar yaşadığı Bosniyaya keçdi və onlar arasında hərbi əməliyyatlar başlandı. Qərb dövlətlərinin Bosniya münaqişəsi ilə bağlı siyasəti fəallaşdı. Rusiya NATO-nun Bosniya münaqişəsinə qoşulmasının əleyhinə çıxış edərək şərt qoşurdu ki, bunun üçün BMT Təhlükəsizlik Şurası icazə verməlidir. ABŞ-ın Deyton şəhərində Serbiya, Xorvatiya və Bosniya arasında danışıqlar başladı, 1995-ci ilin noyabrında onlar arasında Deyton barışığı, dekabrın 14-də isə Parisdə sülh müqaviləsi imzalandı. Bosniya ərazisinin 51 faizi müsəlman-xorvat federasiyasına, 49 faizi serblərə verildi, beləliklə Bosniyada vahid dövlət konfederasiyası formasında saxlandı.
Yuqoslaviya İttifaq Respublikası 1992-ci ildə Serbiya və Çernoqoriyanın birləşməsi nəticəsində yarandı. Kosovo albanları müstəqillik uğrunda mübarizəyə başladı. YİR polis və ordu qüvvələri ilə Kosovodakı albanları kütləvi şəkildə ölkədən qovmağa başladı. NATO qoşunları Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başlayaraq Serbiyanı bombaladı. Buna cavab olaraq Rusiya NATO ilə əməkdaşlığı dayandırdı. Rusiyanın prezidenti B.N.Yeltsin V.Çernomırdini Yuqoslaviya böhranının həlli məsələsi üzrə xüsusi nümayəndə təyin edərək 1999-cu il aprelin sonunda Belqrada göndərdi. V.Çernomırdin may ayının 18-də Belqradda S.Miloşeviçlə görüşüb danışıqlar apardı. Uzun danışıqlardan sonra NATO qoşunları Kosovaya daxil oldu, qaçqın albanlar isə öz yerlərinə qayıtdı. Helsinki və Kölndə əldə olunan razılıq Rusiyanın Kosovadakı sülhyaratma əməliyyatlarında iştirak etməyə şərait yaratdı. 1999-cu il iyunun 20-də serb qoşunlarının və polisin Kosovadan çıxarılması başa çatdı. NATO-nun Baş katibi X.Solana YİR-na qarşı hərbi əməliyytların dayandırıldığını bildirdi.
Rusiya Federasiyasında həyata keçirilən iqtisadi və siyasi islahatlar onun Avropada yeni münasibətlər sisteminə inteqrasiya olunmasına yol açdı. 1994-cü ildə Rusiya Qərbi Avropa İttifaqı ilə əlaqə yaratdı, 1996-cı ildə Avropa Şurasına daxil oldu. 1994-cü il iyun ayının 24-də Rusiya Federasiyası ulə Avropa İttifaqı arasında əməkdaşlığa dair müqavilə bağlandı.
SSRİ dağıldıqdan sora dünyada qüvvələr nisbəti əhəmiyyətli şəkildə dəyişdi. ABŞ və müttəfiqlərinin nüvə silahından çəkindirmə vasitəsi kimi istifadə məqsədi azaldı. 1993-cü il yanvarın 3-də Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının ixtisar edilməsi haqqında müqavilə imzalandı. Müqaviləyə əsasən hər iki dövlətin strateji hücum raketlərindəki döyüş başlıqlarının miqdarı 3500 ədəd müəyyən edildi. 1999-cu il iyunun 20-də Rusiya Federasiyasının prezidenti B.Yeltsin ABŞ prezidenti B.Klintonla görüşündə strateji silahların ixtisarına dair yeni müqavilə haqqında danışıqlara başlamaq üçün razılıq əldə olundu. 2000-ci ilin aprel ayında Rusiyanın Dövlət Duması strateji hücum silahlarına dair
1993- cü il müqaviləsini təstiq etdi. 2001-ci il noyabrın 12-də Rusiya Federasiyasının prezidenti V.V.Putin ABŞ-a səfərə getdi. 2002-ci il mayın 24-də ABŞ prezidenti C.Buş Rusiyaya səfər etdi və hər iki ölkə arasında “Strateji hücum potensialının məhdudlaşdırılması haqqında” müqavilə imzlandı. Hər iki tərəf 2002-ci il dekabrın 31-dək qitələrarası ballistik raketlərdəki döyüş başlıqlarının sayını 1700-2200 həddində ixtisar etməyi nəzərdə tuturdu. Müqaviləni Rusiya Federasiyasının parlamenti 2003-cü ilin mayında təstiq etdi.
1990-cı illərin əvvəllərindən başlayaraq Rusiya Federasiyasının Çinlə əlaqələri artdı. 1992-ci ildə prezident B.Yeltsinin Çinə səfəri çərçivəsində Pekin bəyannaməsi imzalandı, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq genişləndi. 2001-ci il iyulun 16-da Moskvada Rusiya ilə Çin arasında 20 il müddətinə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı.Tərəflər bir-birinə qarşı qüvvə tətbiqindən, nüvə silahı işlətməkdən və strateji nüvə raketlərini yönəltməkdən imtina etdilər. Dinc yanaşı yaşamaq prinsipini əldə rəbhər tutaraq Rusiya və Çin bir-birinin daxili işinə qarışmamalı və müəyyən etdikləri inkişaf yoluna hörmət etməli idi.
90-cı illərin əvvəllərində Monqolustanda bazar iqtisadiyyatı və demokratiyaya əsaslanan cəmiyyət quruculuğuna başlandı. 1993-cü ildə Monqolustan Rusiya Federasiyası ilə,
1994- cü ildə Çinlə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalandı. 1992-ci ildə Cənubi Koreya Rusiya ilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladı. Rusiyanın Cənub-Şərqi Asiya ölkələrilə, Çinlə, Hindistanla iqtisadi və hərbi texniki əməkdaşlığı ildən ilə inkişaf edir.
Ümumiyyətlə, son onilliklərin təcrübəsi göstərir ki, Rusiyanın dünyada fəal və müstəqil mövqeyə malik olması beynəlxalq aləmdə sabit şəraitin təminatçısı olmaqla bərabər bütün dövlət və xalqları əhatə edən problemlərin həll edilməsində əsas rol oynayır.
Rusiyanın mədəniyyəti.Rusiya mədəniyyəti yeni siyasi və sosial-iqtisadi münasibətlər şəraitində inkişaf edirdi. Mülkiyyətin dövlət formasının aradan qalxması əhalinin əmlak bərabərsizliyini daha da dərinləşdirdi. Xüsusi sahibkarlıq mədəniyyət sahəsinə də nüfuz edib möhkəmləndi. Mədəni həyatın mərkəzləşmiş idarəetmə mexanizmi başa çatdı. Sərt ideoloji diktatorluq və yuxarının “göstərişləri” aradan qalxdı. Mətbuat üzərindəki nəzarət ləğv olundu. Dövlətin mədəniyyət sahəsindəki ana xəttini keçmişin müsbət ənənələrindən bəhrələnərək mədəniyyətin müxtəlif sahələrinin inkişafına qayğı və diqqəti təmin etmək təşkil edirdi.
Ölkədəki sosial-iqtisadi islahatlar təhsil sahəsində dəyişikliklərə zəmin yaratdı. Yenidənqurma dövründə meydana gələn alternativ təhsil sistemi möhkəmləndi. Dövlət tədris müəssisələri ilə bərabər özəl məktəblər, litseylər, gimnaziyalar, kolleclər meydana gəldi. XXI yüzilliyin əvvəllərində Rusiyada 700-ə yaxın özəl ümumtəhsil məktəbi fəaliyyət göstərirdi ki, bu da ölkədə olan məktəblərin bir faizindən çoxu demək idi. Məktəb təhsilinin alternativ forması daha çox Moskva, Sankt-Peterburq kimi mərkəzi şəhərlərdə yarandı. Orta və ali təhsil məktəbləri daha çox ümumtəhsil və tədrisin vahid fənn proqramları çərçivəsində öyrədilməsindən uzaqlaşmağa meyl edirdi. Xüsusilə ictimai fənlər üzrə çoxlu yeni proqram və dərsliklər hazırlandı.
Özəl ali məktəblərin sayı artaraq yeni əsrin əvvəllərində ali məktəblərin 27-28 faizini, burdada təhsil alan tələbələr ümumi tələbələrin 8-12 faizini təşkil edirdi. Xüsusilə iqtisadçı, menecer, bank və birja sahəsində çalışan mütəxəssis hazırlığı ön plana keçdi. Yüksək hazırlıqlı elmi-pedaqoji kadrların özəl ali məktəblərdə az olması bir çox halda belə məktəblərdə təlim-tərbiyənin səviyyəsinin aşağı düşməsinə şərait yaradırdı.
SSRİ EA-nın xələfi olan Rusiya Elmlər Akademiyası kəskin maliyyə çatışmazlığı nəticəsində əsaslı elmi-tədqiqatlara vəsait ayırmaqda çətinlik çəkirdi. Keçmiş sovet respublikalarının və Şərqi Avropanın elmi-tədqiqat mərkəzləri ilə əlaqələr kəsilmişdir. Ölkə elminin zəif maddi-texniki bazası, aşağı əmək haqqı bir çox aparıcı alimin ölkəni tərk edərək xaricdə işləməsinə sövq etdi. Lakin 1990-cı illərin axırından başlayaraq elm sahəsində işlər yaxşılığa doğru dəyişdi. Dövlət elmin bütün sahələrini vacib olan vəsaitlərlə təmin etməyə başladı. Hər il ən yaxşı elm və texnika sahəsindəki tədqiqatlar Rusiya Federasiyasının Dövlət mükafatı ilə təltif edilməyə başlandı. XXI əsrin əvvəllərində fizika sahəsində Rusiya alimləri J.S.Alfyorov, V.L.Ginzburq və A.A.Abrikosov Nobel mükafatına layiq görüldü. İctimai elm sahəsində çalışan alimlər əvvəllər bağlı arxivlərdə saxlanılan materialları əldə etmək imkanı qazandılar, bu isə fəlsəfə, tarix, sosiologiya sahəsində yeni mahiyyətli əsərlərin yazılmasını təmin etdi.
Ədəbiyyatın ictimai həyatda rolu dəyişdi. Yazıçıların ictimai fikrin formalaşmasında təsiri xeyli aşağı düşdü. A.İ.Soljenitsinin əsərləri kütləvi tirajla çap edilməsinə baxmayaraq, yazıçının “Rusiyanın yenidən qurulması” haqqındakı fikirləri geniş oxucu kütləsini cəlb etmədi. V.ö-Rasputin, V.İ.Belov, Ç.T.Aytmatov, F.A.İskəndər kimi yazıçılar rus ədəbiyyatı üçün ənənəvi sosial problemlərdən bəhs edirdilər. Bu dövrdə detektiv ədəbiyyatı janrı geniş yayılmışdı. B.Akunin, A.Marinin, V.Makanin, L.Ulitskayanın əsərlərini buna misal göstərmək mümkündür.
Ölkənin teatr, musiqi, kino sahəsində ənənəvi klassik və müasir formanın çulğalaş-masından doğan əsərlər geniş yayılmışdır. Görkəmli rejissorlardan Y.M.Solomin Malı teatrda, M.A.Ulyanov Evq.Vaxtanqov adına teatrda, M.A.Zaxarov “Lenkomda”, O.P.Tabakov “Taba-kerka”da, ö-B.Volçek “Sovremennik”də klassik və müasir əsərləri öz repertuarına daxil edərək geniş tamaşaçı kütlələrinin rəğbətini qazanmışdılar. Y.P.Leonov, İ.M.Çurikova, A.G.Ab-dulov, A.B.Treyndlix, L.M.Öurçenko və b. aktyorlar yaratdığı səhnə obrazları ilə milyonların sevimlisinə çevrilmişdilər.
Opera və balet teatrının lideri Sankt-Peterburqun Marinski teatrı idi. Teatrın baş rejissoru və bədii rəhbəri V.A.Gergievin başçılığı ilə S.S.Prokofyevin opera silsiləsi və R.Vaq-nerin opera teatrologiyası “Koltso Nibelunqov” səhnələşdirilməsi bütün ölkədə şöhrət qazandı. Hər il Marinski teatrının səhnəsində ən yaxşı yerli və xarici ifaçıların iştirakı ilə “Belıye noçi” festivalı təşkil edilirdi. Rus bəstəkarlarının yenilikçi axtarışları onlara dünya şöhrəti qazandırdı. V.Artyomov, S.öubaydulina, E.Denisov, A.Şnitke və b. buna misaldır.
Maliyyə çətinliklərinə baxmayaraq son illər dövlət kino sahəsinə xeyli vəsait ayırıb. Odur ki, milli kino istehsalının səviyyəsi artıb. S.S.Bodrovun baş rolda çəkildiyi “öardaş” (“Brat”), “öardaş-2” (“Brat-2”) müasir kinosu, qəhrəmanlıq tarixi epizodlarından bəhs edən N.Lebedevin “Ulduz” (“Zvezda”) kinosu tamaşaçıların rəğbətini qazanıb. Tarixi keçmişin yenidən əxz edilməsindən bəhs edən A.G.Germanın “Billur maşın!” (“Xrustalev, maşinu!”), A.N.Sokurovun “Rus mücrüsü” (“Russkiy kovçeq”), N.S.Mixalkovun “Günəşdən yorulmuşlar” (“Utomlyonnıe solntsem”) və “Sibir bərbəri” (“Sibirskiy tsiryulnik”) əsərləri kino incəsənətinin inkişafında irəliyə doğru böyük addım hesab edilə bilər. Keçmişdəki məşhur ədəbi əsərlərin yeni realist kino ənənələri əsasında ekranlaşdırılması diqqəti cəlb edir. Y.V.Örımovun “Mumu”, A.A.Proş-kinin “Rus qiyamı” (“Russkiy bunt”) ekran əsərləri bu siyahıya daxildir. Gənc rejissor A.Sidrov kütləvi rus teleserialı istehsalı olan “Briqada” əsərini ekranlara daşıdı.
Müasir Rusiyada heykəltaraşlıq və memarlıq incəsənəti sahəsində yeni ənənəvi istiqamətin yaradıcılarından biri Rusiya Federasiyasının Bədii Akademiyasının prezidenti Z.K.Se-reteli hesab edilir. Onun Moskva və Rusiyanın başqa şəhərlərindəki heykəltaraşlıq kompozisiyaları şəhərin landşaftlarına xüsusi əlamət bəxş edir. Tarixi kompozisiya və portretlər müəllifi İ.S.Ölazunov, müasir portret qalereyası yaratmış A.M.Şilov özünəməxsus rus təsviri incəsənətinin ön sıralarında yer tutmuşdular. Keçən onillik ərzində Dövlət Tarix muzeyi, Dövlət Rus muzeyi, A.S.Puşkin adına Dövlət muzeyi və Sankt-Peterburqdakı A.S.Puşkinin ev muzeyi yenidən quruldu. Şəhərin 300 illiyi ilə bağlı Peterburqun altındakı saray-park ansamblı bərpa olundu. 1997-ci ilə bədii ziyalıların xüsusilə akademik D.S.Lixaçevin təşəbbüsü ilə “Kultura” dövlət telekanalı fəaliyyətə başladı.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev