Müstəqil Ukrayna dövlətinin yaranması.1985-ci ilin martında SSRİ dövlətinin sükanı arxasına keçən Sov.İKP-nin 54 yaşlı yeni Baş katibi M.S.Qorbaçov islahatın zəruriliyini başa düşərək sosialist cəmiyyətinin yeniləşməsi vəzifəsini irəli sürdü. Belə ki, elan edilən yenidənqurmanın obyektiv səbəbi sovet cəmiyyətinin yeniləşdirilməsinə olan tələbat idi. Ümumiyyətlə ən böyük Slavyan dövləti olan Rusiyanı üç dəfə yeniləşdirməyə cəhd edilmişdir. Birinci dəfə XX əsrin əvvəllərindəki “mütləqiyyət”, ikinci dəfə əsrin ortalarında “sosialist”, nəhayət üçüncü dəfə əsrin sonlarındakı “yenidənqurma” yeniləşdirilməsi SSRİ-yə daxil olan Ukraynada yenidənqurma siyasətinin öz xüsusiyyətləri var idi. Birinci növbədə respublikanın ictimai-siyasi həyatının liberallaşdırılması prosesi baş verdi. 1986-cı ildə 300 nəfərə yaxın siyasi məhbus, o cümlədən V.Çernovil, M.Qorin, L.Lukyanenko həbsdən azad edildi. USSR-nın Cinayət məcəlləsindən ideya və düşüncəsinə görə adamların təqib olunması maddəsi çıxarıldı. Bəyan edilən aşkarlıq siyasəti tədricən azad söz demək, fikrini ifadə etmək imkanına şərait yaratdı. Respublikanın həyatında ukrayna dilinə diqqət artdı.Y.Muşketik, B.Oleynik, D.Pavliçko kimi məşhur yazıçılar məktəblərdə məcburi ukrayna dilinin öyrənilməsini irəli sürdülər. 1989-cu ilin yazında Kiyevdə “Memorial” cəmiyyəti meydana gəldi. Yazıçıları, rəssamları, kinomatoqrafçıları, teatr xadimlərin birləşdirən bu cəmiyyət Ukraynada Stalin repressiyası qurbanlarına bəraət verilməsi məqsədilə fəaliyyət göstərirdi.
1988-ci ildə ölkədə Sov.İKP-yə qarşı müxatifət hərəkatının meydana çıxması ilə Ukraynada çoxpartiyalılıq formalaşmağa başladı. 1988-ci ilin payısıznda artıq “Narodnıy Rux yenidənqurma uğrunda” müstəqil birliyi yarandı. 1990-cı ilin mart-aprel aylarında USSR-in Ali Radasına keçirilən seçkilərdə Ruxun əsas qüvvə olduğu Ukrayna Demokratik bloku parlament müxalifəti olan Xalq Radasın təşkil etdilər. 1989-cu ilin payızında Ukrayna KP MK-nin birinci katibi V.Şerbitskini V.İvaşko əvəz etdi. Lakin respublikadakı siyasi islahatlar iqtisadi məsələləri əhatə etmədiyi üçün ölkədə sosial böhran dərinləşirdi. SSRİ-də olduğu kimi Ukraynada da yenidənqurma məqsədinə çatmadı, ancaq rəsmi senzuranın zəifləməsi Ukraynanın milli demokratik qüvvələrinə respublikanın sözdə elan edilən deyil, real hüquqlar uğrunda mübarizə aparmağa imkan yaratdı.
“Narodnıy Rux” öz fəaliyyətin daha da artırdı. İvan Draç, Vladimir Yavorivski, Mixail Qorin, Sergey Konev onun rəhbərləri oldu. RUX ukrayna dilinin və mədəniyyətinin müdafiəsi məqsədilə çıxış edir, respublikanın iqtisadi və siyasi inkişafı proqramını irəli sürürdü. O, bir çox kütləvi tədbirlərin, o cümlədən Kiyevi, Lvov və İvano-Frankovskilə birləşdirən canlı zəncir aksiyasının təşkilatçısıdır. Məhz Ukrayna Ali Sovetinin tərkibinə seçilmiş RUX və başqa siyasi təşkilatların təzyiqi nəticəsində 1989-cu il oktyabrın 28-də ukrayna dilinə rəsmi dövlət dili statusu verilməsinə dair qanun qəbul edildi. SSRİ-də olduğu kimi Ukraynada da bir çox mədəniyyət xadimi Kommunist partiyasının sıralarını tərk etdi. 1990-cı ilin yayına doğru Ukraynada vəziyyət daha da kəskinləşdi, mədənçilərin tətili başladı. Kiyevdə Ali Sovetin binası qarşsında ukraynalı tələbələr müstəqillik tələbilə aclıq aksiyası təşkil etdilər.
Ukrayna xalqının və onun önündə gedən ziyalıların mübarizəsi nəticəsində 1990-cı il iyulun 16-da USSR-in Ali Radası çox böyük tarixi əhəmiyyəti olan Ukraynanın dövlət suverenliyi haqqında Bəyannamə qəbul etdi. Bəyannamə ukrayna millətinin öz müqəddəratını təyin etmək hüququnu tanıyır və elan edir ki, dövlət ukraynalıların milli dövlətçiliyini müdafiə edib qorumalıdır. Dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır, USSR-nın Ali Radası onun adından çıxış etmək səlahiyyətinə malikdir. Sənəddə qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölünməsi prinsipindən bəhs edilir. Baş prokuror qanunların yerinə yetirilməsi üzərində nəzarət edir. Bəyannamə Ukrayna ərazisinin toxunulmazlığını və uzun illər susqunluqdan sonra insan hüquq və azadlıqlarını təsbit etdi. Müstəqilliyin iqtisadi bölməsində elan olundu ki, “torpaq, onun yeraltı, hava, su və təbii ehtiyacları ukrayna xalqının, yəni Ukraynanın bütün millətlərindən olan vətəndaşlarının mülkiyyətidir”.
Ukrayna öz silahlı qüvvələrini yaratmağı nəzərdə tuturdu. Ukrayna həm də nüvə silahını hazırlamamaq, yaymamaq, artırmamaq haqqında öz üzərinə öhdəlik götürürdü. Bəyannamə Ukraynanın gələcək xarici siyasətini, ilk növbədə ölkənin milli maraqlarını nəzərə almaqla bitərəflik siyasəti çərçivəsində nəzərdə tuturdu. Bəyannamə qəbul edildikdən dərhal sonra V.İvaşko istefaya getdi, 1990-cı il iyulun 18-də L.Krauçuk Ukrayna SSR Ali Radanın sədri seçildi.
Yenidənqurma siyasəti iqtisadi vəziyyəti düzəltmədi. Bundan başqa dəmir pərdənin qaldırılması sıravi sovet adamlarına öz həyat səviyyələrini qərbdəki ilə müqayisə etməyə imkan yaratdı. Məhz Ukrayna və Baltikyanı respublikalarda milli hərəkatlar belə meydana gəldi. Qafqaz və Orta Asiyanı milli zəmində münaqişələr bürüdü. M.S.Qorbaçovun yarımçıq islahatları nəticə vermədi, iqtisadiyyat gündən-günə çətinləşməyə başladı. Yeni tarixi şəraitdə, o cümlədən Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin dağılması Kommunist partiyasının nüfuzdan düşməsinə səbəb oldu. Xüsusilə qərb respublikalarında, o cümlədən Estoniya, Latviya, Litva və Ukraynada hakimiyyət kommunistlərin əlindən çıxmağa başladı.
Kommunist rəhbərliyinin mühafizəkar dairəsi SSRİ-ni və öz vəzifələrini xilas etmək məqsədilə son bir cəhd etdilər. 1991-ci il avqustun 19-da yeni hakimiyyət orqanı -Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) yaratdılar. Vitse-prezident G.İ.Yanayev televiziya ilə çıxış edərək bildirdi ki, M.S.Qorbaçov səhhətinə görə müvəqqəti olaraq hakimiyyətdən uzaqlaşdırılır. Moskvaya qoşun yeridildi. Müxalifət partiyalarının və bir çox kütləvi informasiya vasitələrinin fəaliyyəti qadağan edildi. DFVK-nin üzvləri güc tətbiq etməklə İttifaqın və Sovet dövlətinin dağılmasının qarşısını almağa cəhd etdilər. Bütün bunlar həm Moskvada, həm də milli respublikalarda ciddi etirazlara səbəb oldu. 1991-ci il avqust qiyamının baş tutmama-sında demokratik qüvvələr, Rusiya prezidenti B.N.Yeltsin və Qərbin sərt mövqeyi həlledici rol oynadı.
Bütün bu hadisələrin gedişində rəsmi Kiyev gözləmə mövqeyi tutdu. DFVK-nin hərəkətlərinə qarşı Ukraynanın demokratik qüvvələri, o cümlədən RUX və yeni siyasi partiyalar qətiyyətlə səslərini ucaltdılar. Ukrayna Ali Radasının müxalifətçi deputatları — Xalq Radası və demokratik təşkilatların nümayəndələri DFVK-nin fəaliyyətini konstitusiyaya zidd hərəkət kimi qiymətləndirərək Sov.İKP-nin qeyri-məhdud hakimiyyətinin bərpasına yönəldiyini elan etdilər. Xalq Radası Ali Radanın deputatlarını fövqəladə sessiyaya toplanmağa, hərbçiləri öz xalqını müdafiə etməyə, qiyamçıların göstərişlərini yerinə yetirməməyə çağırdı.
Ukrayna üçün bu hadisələr 1991-ci il avqustun 24-də Ukraynanın müstəqilliyinin bəyan edilməsi Aktının qəbul edilməsi ilə nəticələndi. Müstəqillik Aktında qeyd olunurdu ki, “Ukraynanın ərazisi bölünməz və toxunulmazdır. Bundan sonra Ukrayna ərazisində yalnız müstəsna olaraq Ukrayna Konstitusiyası və qanunları qüvvədədir”. 1991-ci il dekabrın 1-də Ukraynanın müstəqilliyini təstiq etmək məqsədilə ümumukrayna referendumu keçirildi. Referendumda iştirak edənlərin demək olar ki, 90,3 faizi Ukraynanın müstəqilliyinə “bəli” dedi. Həmin gün Ukraynada prezident seçkisi keçirildi, Leonid Kravçuk müstəqil ukraynanın ilk prezidenti seçildi. Dünyanın siyasi xəritəsində müstəqilliyə doğru mürəkkəb və ziddiyyətli yol qət edən yeni müstəqil demokratik dövlət — Ukrayna meydana gəldi. Müstəqil Ukraynanın prezidenti seçilən L.M.Kravçuk 1991-ci il dekabrın 5-də respublikanın 1922-ci il İttifaq müqaviləsindən çıxdığını elan etdi. SSRİ-nin kortəbii dağılması prosesi başladı. 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarusiyanın rəhbərləri Belovej qoruğunda görüşərək bəyan etdilər ki, onların respublikaları 1922-ci il İttifaq müqaviləsindən çıxaraq Müstəqil Dövlətlər Birliyi (MDB) yaradır. Belovej sazişin RSFSR-in prezidenti B.N.Yeltsin, USSR-in prezidenti L.M.Kravçuk və BSSR-in Ali Sovet sədri S.S.Şuşkeviç imzaladı. 1991-ci il dekabrın 21-də Azərbaycan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldaviya, RSFSR, Ermənistan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan MDB-nin yaradılması haqqında Bəyannamə imzaladılar. 1991-ci il dekabrın 25-də mövcud olmayan dövlətin prezidenti M.S.Qorbaçov istefa verdi. Ertəsi gün SSRİ-nin Ali Soveti SSRİ-nin buraxılması faktını təsdiq edərək öz səlahiyyətlərini dayandırdığını elan etdi.
1992-ci ilin yanvar-fevral aylarında müstəqil Ukraynanın Ali Radası ölkənin dövlət simvollarını, o cümlədən üçdişli Dövlət Gerbini, göy-sarı rəngli Dövlət Bayrağını, Pavel Çubinskinin (1853-1884) sözləri, Mixail Verbitskinin musiqisi əsasında bəslənmiş milli himnini Dövlət himni kimi təsdiq etdi. Müstəqil Ukraynada dövlət quruculuğu prosesi yeni konstitusiyanın və buna uyğun qanunvericilik bazası olmaması üzündən xeyli çətinliklərlə müşayiət olunurdu. Ukraynada 1978-ci ildə qəbul edilən sovet konstitusiyası fəaliyyət göstərirdi ki, müstəqillik şəraitində ona da 200-dən şox düzəliş əlavə edilmişdir. Hər şeydən əvvəl 1991-ci il sentyabrın 17-də Ukrayna Sovet Sosialist Respublikasının adının Ukrayna dövləti olması haqqında qanun qəbul edildi. 1991-ci il oktyabrın 8-də qəbul edilən “Ukrayna vətəndaşlığı haqqında” Qanunda elan edildi ki, Ukrayna ərazisində yaşayan, başqa dövlətin vətəndaşı olmayan və ukrayna vətəndaşlığını qəbul etməyə etiraz etməyən hər kəsə Ukrayna vətəndaşlığı təqdim olunur.
1991-ci il noyabrın 1-də Ali Radanın qəbul etdiyi “Ukrayna millətlərinin hüquq Bəyannaməsində” qeyd edilirdi ki, Ukrayna onun ərazisində yaşayan bütün xalqlara, milli qruplara, vətəndaşlara bərabər iqtisadi, siyasi, sosial və mədəni hüquqlar verilməsinə təminat verir. 1991-ci il noyabrın 4-də qəbul olunmuş “Ukraynanın dövlət sərhədlərinə dair” Qanunla sərhədlərin müəyyən edilməsi, qoruma və keçilmə qaydası təsbit edildi. 1991-ci il dekabrın 6-da qəbul edilən “Ukrayna silahlı qüvvələri haqqında” Qanuna və 1993-cü il oktyabrın 19-da elan olunan Ukraynanın hərbi doktrinasına görə Ukrayna nüvəsiz və bloklardan kənar status əsasında kifayət qədər ağıllı silahlanma prinsipinə əməl etməklə hər hansı bir ölkəni potensial rəqib saymadan öz silahlı qüvvələrini formalaşdırmalıdır.
1990-cı ilin oktyabrında Ali Rada dövlətin müstəqilliyi haqqında Bəyannaməyə əsaslanaraq L.Kravçukun sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlamaq məqsədilə Konstitusiya komissiyası yaratdı. Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi prosesi şərti olaraq iki dövrə bölünür. 1992-1994-cü illəri əhatə edən birinci dövrdə Konstitusiya komissiyası prezident L.Kravçukun, Ali Radanın sədri İ.Plyuşun başçılığı altında hüquqşünas alimlərlə, məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri, hakimlər və xalq deputatları ilə birlikdə Konstitusiya layihəsinin iki variantını hazırlayaraq ümumxalq müzakirəsinə təqdim etdilər. Lakin bunlardan heç biri qəbul edilmədi. 1990-1994-cü illərdəki onikinci çağırış Ali Rada prezident L.Kravçukun ölkənin daxili işlərindəki səlahiyyətini azaltmağa səy göstərirdi. Ümumi böhran və artan sosial etiraz dalğaları şəraitində Prezident və Ali Rada qarşıdurması tərəflərin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə başa çatdı. 1994-cü ilin yazında Ali Radaya seçkilər keçirildi. Ukrayna Sosialist partiyasının lideri A.Moroz Ali Radanın (1994-1998-ci illər) sədri seçildi. Demək olar ki, parlamentdə yerlərin üçdə birin sol partiyalar aldı. 1994-cü ilin yayında Ukraynada prezident seçkilərində ikinci turda L.Kuçma səslərin 52 faizindən çoxunu alaraq prezident oldu.
Məhz 1994-1996-cı illəri əhatə edən ikinci dövrdə Konstitusiya komissiyasına prezident L.Kuçma və Ali Radanın sədri A.Moroz başçılıq etdi. 1996-cı ilin fevralında Ali Rada yeni konstitusiya layihəsinin müzakirəsinə başladı. Uzun müzakirələrdən sonra mübahisəli məsələləri həll etmək mümkün oldu. 1996-cı il iyunun 28-nə keçən gecə Ali Radanın deputatlarının böyük əksəriyyətinin səsi ilə Ukraynanın Konstitusiyası qəbul olundu. Ukrayna Konstitusiyasının qüvvəyə minib fəaliyyətə başlamasına dair prezident fərman verdi. Fəaliyyətdə olan yeni Konstitusiya Ukraynanı müstəqil, suveren, demokratik, sosial və hüquqi dövlət kimi təsbit etdi. İdarəetmə formasına görə Ukrayna respublika, dövlət quruluşuna görə unitar, yəni vahid dövlət oldu. İnsan və vətəndaşların hüquq və azadlıqları beynəlxalq demokratik standartlara uyğun olaraq Konstitusiya ilə təmin edilirdi. Yeni Konstitusiyanın qəbul edilməsi ilə Ukraynada qanunverici, icraedici və məhkəmə hakimiyyətinin formalaşması institutu başa çatdı.
1998- ci ilin martında Ali Radaya növbəti seçkilər ilk dəfə qarışıq majoritar-proporsional sistem üzrə keçirildi. Seçkidə 30 siyasi partiya və blok iştirak edirdi ki, onların da 8-i 4 faizlik səddi aşaraq deputat yeri almağı bacardı. Ukrayna Kommunist partiyası 24,7, Narodnıy Rux Ukrayna 9,4, Ukrayna Sosialist partiyası ilə Ukrayna Kəndli partiyasının “Həqiqət, Xalq və Ukrayna uğrunda” bloku 8,6 faiz və s. səs aldılar. A.Tkaçenko Ali Radanın sədri seçildi.
1999- cu ildəki prezident seçkilərini ikinci turda 56,25% səs toplayan L.Kuçma təkrar qazandı, onun rəqibi UKP-nın lideri P.Simonenko isə seçicilərin yalnız 37,8 % səsini almışdır. Ali Radanın hakim sol qanadı prezidentin təklif etdiyi islahat kursunu qəbul etmədiyinə görə prezidentlə parlament arasındakı ziddiyyət kəskinləşdi. Hətta 2000-ci il yanvarın 13-də A.Tkaçenko və onun tərəfdarları yeni bir struktur olan parlament çoxluğunu yaratdılar. Buna cavab olaraq on bir fraksiya, qrup və qeyri-fraksiya deputatları L.Kravçukun başçılığı ilə çoxluğun əlaqələndirmə Şurasını təşkil etdilər. Parlamentin iclasları ayrı-ayrı keçirilməyə başlandı. Prezident və hökumətə başçılıq edən V.Yuşşenkonun təşəbbüsü ilə 2000-ci il yanvarın 21-də Ali Radanın 242 deputatı parlamentin reqlamentini dəyişməyə, Radanın sədri A.Tkaçenko və birinci müavin A.Martınyukun vəzifələrindən azad edilməsinə səs verdilər. Fevralın 1-də Ali Radanın 255 deputatı İ.Plyuşu parlamentin sədri, V.Medvedçuku birinci müavini, S.Qav-rişini müavin seçdi. Fevralın 8-də yenidən təşkil edilmiş Ali Rada tam tərkiblə fəaliyyətə başladı. Sol fraksiyalar parlament komitələrinin rəhbərliyindən uzaqlaşdırıldı. Lakin 2000-ci ilin fevralında prezident və hökumət tərəfdarı olan fraksiyalar tərəfindən təşkil edilən parlament çoxluğu 2001-ci ilin aprelində parçalandı.
2000- ci il aprelin 16-da prezident referendum keçirilməsinə dair fərman imzaladı. Ümumxalq müzakirəsinə 6 məsələ, o cümlədən Ali Radaya etimadsızlıq, parlamentin buraxılaraq prezidentə əlavə səlahiyyətlər verilməsi, deputat toxunulmazlığının məhdudlaşdırılması, xalq deputatlarının sayının 300 nəfərə endirilməsi, ikipalatalı parlamentin formalaşması və Konstitusiyanın ümumukrayna referendumu vasitəsilə qəbul edilməsi təqdim edilmişdir. Referendumun keçirilməsin sollar və sağ siyasi partiyaların bir hissəsi, beynəlxalq təşkilatlar müdafiə etmədi. Ukraynanın Konstitusiya Məhkəməsi Ali Radaya etimadsızlıq haqqında və Konstitusiyanın Ümumukrayna referendumu vasitəsi ilə qəbul edilməsi maddələrini konstitusiyaya zidd hesab edərək qəbul etmədi. Səsvermə aprelin 16-da oldu və iştirakçıların 80 faizindən çoxu gündəlikdə olan 4 maddəyə “hə” dedi. Müxalifət referendumun nəticələrinin saxtalaşdırlmasını irəli sürsə də Mərkəzi Seçki Komissiyası nəticəni təstiq etdi.Lakin referendumun qərarı əsasında olan Konstitusiya dəyişikliyini yalnız parlament edə bilərdi. Mövcud parlamentdə isə bu dəyişikliyi təsdiq edən 300 deputat səsini toplamaq qeyri-mümkün olduğundan bu məsələ açıq qaldı.
Tam aydın olmayan şəraitdə müxalifətçi jurnalıist Q.Qonqadzenin itkin düşməsi və 2000-ci il noyabrın 28-də A.Morozun parlamentdə çıxışında bu məsələdə prezident L.Kuç-manı ittiham etməsi ölkədəki siyasi vəziyyəti daha da kəskinləşdirdi. Sosialistlərin lideri prezidentin onun qorumasının zabiti mayor N.Melniçenko ilə danışıq kassetini təqdim edərək sübut kimi göstərdi. Audioyazıda bir sıra qanun pozuntularından, o cümlədən müxalifətin, kütləvi informasiya vasitələri işçilərinin təqib edilməsindən, rüşvət və korrupsiyadan, prezident seçkilərinə inzibati təzyiqlərdən və s. söhbət gedir. 2002-ci ilin əvvəllərində amerikan ekspertizası kasetin saxta deyil, həqiqi olduğunu bildirdi. Kasset qalmaqalından sonra radikal müxalifət L.Kuçmanın istefasını və növbədənkənar prezident seçkiləri keçirilməsini tələb etdi. 2000-ci ilin dekabrında “Kuçmasız Ukrayna” hərəkatı yarandı. Kommunistlər müxalifətin hərəkatına qoşulmayaraq özləri “Kuçmasız və Yuşşenkosuz Ukrayna” şüarı altında fəaliyyətə keçdilər. 2001-ci il aprelin 17-də Ali Rada müstəqillik dövründə ilk dəfə Nazirlər Kabinetinin fəaliyyət proqramını yerinə yetirməsi haqqında hesabatı dinlədi. Aprelin 26-da parlament səs çoxluğu ilə V.Yuşşenko başda olmaqla Nazirlər Kabinetini istefaya göndərdi. Aprelin 28-də prezident hökumətin istefası haqqında fərmana imza atdı. 2001-ci il mayın 29-da A.Kinax Ukraynanın yeni Baş Naziri oldu.
2001- ci ilin əvvəllərində Kiyevdə kütləvi antiprezident çıxışları başladı. Şəhər mərkəzində çadırlar quruldu və üç həftədən sonra məhkəmənin qərarı ilə sökülərkən həbslər aparıldı. Ölkəni regionların etiraz nümayişləri bürüdü. 2001-ci il martın 9-da T.Şevçenkonun doğum günü münasibətilə təşkil edilən tədbirdə Prezident İcra aparatının binası ətrafında müxalifətlə milis qüvvələri arasında toqquşma baş verdi. 200 nəfərə qədər adam, o cümlədən əsasən tələblər həbs olundu. Tələbələr sonradan azad edildi, müxalifətin 16 nəfər üzvü başda A.Şkil olmaqla bir ildən çox məhkəmə istintaqına məruz qaldı. Etiraz aksiyalarının təzyiqi altında hakimiyyət UTŞ-nın başçısı L.Derkaçı və Daxili işlər naziri Y.Kravçenkonu istefaya göndərməyə məcbur oldu. Aprelin 26-da Ali Rada prezidentə impiçment tətbiq etməyə səy göstərsə də buna nail ola bilmədi. Mart hadisələrindən sonra müxalifətin fəallığı azaldı, əhalinin böyük hissəsi etiraz aksiyalarında iştirak etmədi.
2001-ci ilin fevralında Ali Rada “Ukrayna xalq deputatlarının seçilməsi haqqında” Qanun qəbul etdi. Qanuna əsasən proporsional, yəni partiya siyahıları üzrə seçki sisteminə keçilirdi. Ancaq Prezident bunun üzərinə siyasi partiyalara mənsub olmayan vətəndaşların seçki hüququnun pozulması səbəbi ilə veto tətbiq etdi. Müxalifətin fikrinə görə isə majoritar sistem üzrə seçki keçirilən tək mandatlı dairələrdə inzibati orqanların seçkiyə nəzarət etməsi daha əlverişli idi. Prezidentlə Ali Rada razılığa gələ bilmədiklərindən növbəti seçki əvvəlki kimi qarışıq, yəni deputatların bir hissəsi tək mandatlı seçki dairəsi, digər hissəsi isə partiya siyahısı üzrə baş tutdu. 2002-ci ildəki seçki marafonunda 33 siyasi partiya və blok iştirak edirdi. Prezident yönümlü cəbhəni icra aparatının rəhbəri V.Litvinin başçılıq etdiyi “Vahid Ukrayna uğrunda” bloku təmsil edirdi. Baş nazir A.Kinaxın rəhbərliyi altında seçki siyahısında ikinci olan partiyalar da hakimiyyəti müdafiə edirdi. On siyasi partiya V.Yuşşenkonun “Bizim Ukrayna” blokunu yaradaraq konstruktiv müxalifəti təmsil edirdilər. Əsas kommunist olmayan müxalifəti isə A.Morozun Ukrayna Sosialist partiyası ilə Y.Timoşenkonun 4 partiyanın daxil olduğu bloku təmsil edirdi. Bloka daxil olanların əsas şüarı L.Kuçmaya impiçment tətbiq edilməsi və hakimiyyətin parlament formasına keçilməsindən ibarətdir. Bu məqsədə çatmaq məqsədilə Y.Timoşenko blokuna məşhur siyasətçiləri, o cümlədən L.Lukyanen-konu, A.Matviyenkonu, Q.Omelçenkonu, V.Onopenkonu, S.Xmarı cəlb etmişdir. Seçkilərdə heç bir partiya və blok mütləq səs çoxluğu qazanmadı. Seçici səslərinin 23,5 faizini V.Yuşşenkonun “Bizim Ukrayna” bloku, 20 faizini P.Simonenkonun rəhbərlik etdiyi Ukrayna Kommunist partiyası, 11,8 faizini V.Litvinin başçılıq etdiyi hakimiyyət bloku, 7,2 faizini Y.Timoşenkonun bloku və s. əldə etdi. Ukrayna Ali Radasının sədri V.Litvin seçildi. 2002-ci il noyabrın 21-də Donetsk vilayətinin icra başçısı V.Yanukoviç Ali Radanın iclasında iştirak edən 237 deputatdan 234 nəfərin səsini alaraq yeni Baş nazir seçildi. Deputatlar qarşısında çıxış edən hökumətin başçısı V.Yanukoviç bildirdi ki, hökumətin əsas vəzifəsi yoxsulluğu aradan qaldırmaq üçün orta sinfi möhkəmlətməkdən, bu məqsədlə orta və kiçik sahibkarlardan alınan vergilərin azaldılmasından ibarətdir.
2004-cü ildə Ukraynada keçirilən prezident seçkilərində hakimiyyəti Baş nazir V.Yanukoviç təmsil edirdi. Müxalifət qüvvələri Ukrayna milli Bankının keçmiş sədri, 2000-2001-ci illərdə Baş nazir olmuş “Bizim Ukrayna” blokunun lideri V.Yuşşenkonun ətrafında birləşmişdir. Oktyabrın 31-də baş tutan seçkilərdə V.Yuşşenko səslərin 39, 26, V.Yanukoviç isə 39,11, qalan namizədlər isə nisbətən daha aşağı faizini qazandılar. 2004-cü il noyabrın 21-də iki daha çox səs toplamış V.Yuşşenko ilə V.Yanukoviç arasında seçkinin ikinci turu keçirildi. İkinci turun nəticələrini açıqlayan MSK V.Yanukoviçin qələbəsini elan etdi. Müxalifət seçkinin nəticələrinin saxtalaşdırılması iddiası ilə noyabrın 21-də Kiyevin mərkəzi Müstəqillik meydanında mitinqə toplaşdı ki, bu, ölkədə kütləvi etiraz aksiyasına çevrildi, adı da tarixə “Narıncı inqilab” olaraq keçdi. Prezidentliyə namizəd V.Yuşşenkonun təşviqat kompaniyasında narıncı rəngdən istifadə edildiyi üçün “Narıncı inqilab” adını alan nümayişlər dinc xarakter daşıyırdı. Müxalifətin dinc aksiyasına cavab olaraq V.Yanukoviç tərəfdarları ölkənin əsasən cənub-şərq rayonlarından Kiyevə hərəkət edərək Nazirlər Kabinetinin binası qarşısında çadır şəhərciyi qurdular. Hətta V.Yanukoviç tərəfdarları ölkəni bölməyi belə gözə alaraq Donetsk, Luqansk, Xarkov və başqa vilayətləri birləşdirən Cənub-Şərq muxtar Respublikasını elan etməyi tələb edirdi. Mürəkkəb şəraitdən çıxış yolu tapmaq məqsədilə Polşa, Litva, Rusiya, ATƏT və Aİ-nin nümayəndələri Kiyevə rəsmi missiyaya gələrək münaqişənin tərəfdarları prezident L.Kuçmanı, prezidentliyə namizədlər V.Yuşşenko və V.Yanukoviçi bir araya gətirərək böhranın siyasi həlli üçün zəmin hazırladılar.
2004-cü il dekabrın 3-də Ukraynanın Ali Məhkəməsi seçkinin ikinci mərhələsinin nəticələrinə dair noyabrın 26-da MSK-nın elan etdiyi qərarı ləğv etdi və dekabrın 26-da yeni səsvermə təyin etdi. Dekabrın 7-də L.Kuçma seçki kampaniyası ərəfəsində Baş nazir V.Yanukoviçi məzuniyyətə göndərdi, N.Azarovu Baş nazir vəzifəsinin icraçısı təyin etdi. MSK-nın Y.Davidoviç başda olmaqla yeni tərkibi təstiq olundu. 2004-cü il dekabrın 26-da baş tutan prezident seçkisində səsvermədə iştirak edən seçicilərin 51,99 faizi V.Yuşşenkoya, 44,21 faizi isə V.Yanukoviçə səs verdi. 2005-ci il yanvarın 25-də V.Yuşşenko and içərək Ukraynanın yeni prezidenti oldu. Bununla da, 1991-2004-cü illərdə müstəqil Ukraynada milli dövlət quruculuğu dövrü başa çataraq yeni mərhələyə qədəm qoydu.
2006- cı il martın 26-da Ukrayna Ali Radasına partiya siyahıları üzrə seçkilər keçirildi. 45 partiya və blokun yarışdığı seçkidə yalnız 5 siyasi qüvvə 3 faizlik səddi aşa bildi. Bunlar 32,14% seçici səsi toplayan Regionlar partiyası, 22,29% səs alan Yuli Timoşenko bloku, 13,94% səsə malik “Bizim Ukrayna” bloku, 5,67% səs yığan Ukrayna Sosialist partiyası və nəhayət 3,66% seçici səsi qazanan Ukrayna Kommunist partiyası idi. Prezident “Yuli Timoşenko Bloku”, “Bizim Ukrayna” Xalq ittifaqı və Ukrayna Sosialist partiyasının “narıncı” hökumət koalisiyasının təşkil edilməsini irəli sürdü. Lakin koalisiyaya daxil olan siyasi qüvvələr Y.Timoşenkonun baş nazir vəzifəsinə, A.Morozun Ali Radanın spikeri vəzifəsinə olan iddiaları üzündən dağıldı. Uzun müddət davam edən qarşıdurmadan sonra münaqişə tərəfləri növbədənkənar parlament seçkilərinin 2007-ci il sentyabrın 3-də keçirilməsinə dair razılığa gəldilər.
2007- ci il sentyabrın 3-də Ukrayna Ali radasına növbədənkənar seçkilər oldu. Yalnız 6 partiya və blok 3 faizlik seçki səddin aşmağa müvəffəq oldu. Regionlar partiyası 33,37, Yuli Timoşenko bloku 30,71, Bizim Ukrayna-Xalq özünümüdafiəsi 14,15, Ukrayna Kommunist partiyası 5,39 və Litvin bloku 3,96 faiz seçici səsi topladı. 450 nəfərdən ibarət olan Ali Radanın 227 nəfər deputatı demokratik koalisiya təşkil etdilər, Yuliya Timoşenko Baş Nazir seçildi. Arseni Yasenyuk Ali Radanın spikeri seçildi.Lakin tezliklə “Bizim Ukrayna” Xalq ittifaqı fraksiyasının bir qrup depuatatı və Regionlar partiyası prezident V.Yuşşenkonun Gürcüstanı, Rusiya və Cənubi Osetiya ilə münaqişədə müdafiə etmək təklifini qəbul etmədilər. Beləliklə, koalisiya dağıldı və sentyabrın 17-də Ali Radanın spikeri A.Yasenyuk istefa verdi.
2008-ci il dekabrın 10-da Baş nazir Y.Timoşenkonun bloku, prezidenti müdafiə edən “Bizim Ukrayna” bloku və sabiq spiker V.Litvinin bloku öz aralarında yeni koalisiya yaratdılar. Vladimir Litvin Ali Radanın növbəti sədri seçildi. 2012-ci ildə Ukraynada 200 siyasi partiya fəaliyyətə başlamaq üçün qeydiyyatdan keçmişdir. Bu partiyalar 2011-ci ilin noyabrında qəbul edilən siyasi partiyalara dair Qanun əsasında öz işlərini qururdu. 2012-ci ildə Ukraynada keçirilən növbəti parlament seçkilərində 29 partiya iştirak etmişdir ki, onların da 6-sı 5 faizlik səddi keçərək parlamentdə təmsil edilmək hüququ almışdır.
2014-cü ilin noyabrında baş tutan növbədənkənar parlament seçkilərində “Pyotr Poroşenko Bloku” seçici səslərinin 34,51 faizini qazanaraq 144 deputat mandatı ilə birinci oldu. Aleksandr Turçinovun “Xalq cəbhəsi” 19,62 faiz səs, 83 deputat mandatı ilə ikinci oldu. Yuri Boykonun “Müxalifət Bloku” səslərin 9,46 faizini, deputat mandatlarının 40-ı əldə edərək parlamentə daxil oldu. Hazırda 450 deputatı olan Ukrayna Ali Radasının sədri Vladimir Qroysmandır. Ölkə 27 inzibati-ərazi vahidinə bölünür ki, onların da 24-ü vilayət, biri muxtar respublika, ikisi isə dövlət tabeliyində olan şəhərlərdir. Ukrayna dövlət statistika idarəsinin məlumatına əsasən 2015-ci il iyulun 1-də Ukraynada 42.823.188 nəfər əhali qeydə alınmışdır. Ərazisi 603.549 kv.km təşkil edir ki, faktiki olaraq onun bir hissəsinə dövlət nəzarət edə bilmir.
2010-cu il yanvarın 17-də Ukraynada prezident seçkiləri keçirildi, bu mərhələdə qalib aşkar edilmədi. Fevralın 7-də seçkilərin ikinci turu keçirildi, Viktor Yanukoviç baş naziri Yuliya Timoşenkonun üzərində 3% üstünlüklə qələbə qazandı. Prezidentin seçicilərin səslərinin 50%-dən daha az səs alması Ukrayna tarixində ilk dəfə baş verirdi. Nikolay Azarovun başçılığı ilə yeni hökumət martın 11-də yarandı. Aprelin 21-də Viktor Yanukoviçin və Dmitri Medvedevin arasında Ukrayna-Rusiya əlaqələri, iqtisadiyyat və humanitar məsələlərin əhəmiyyəti barəsində danışıqlar aparıldı. Bundan başqa Ukrayna ərazisindən Qara dənizə çıxış üçün orada rus donanmasının yerləşməsi və rus qazının Ukrayna üçün 30%, min kub metri 100 dollardan çox olmamaq şərti ilə verilməsi müzakirə olundu. Eyni zamanda Viktor Yanukoviç 2042-ci ilə qədər Sevastopolda Rusiya Federasiyasının Qara dəniz flotunun olmasının müddətinin uzadılması haqqında Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevlə Xarkov razılaşmasını imzaladı. 27 apreldə bu müqavilə Ukraynanın Ali Radası və Rusiya Federasiyasının Dövlət Duması tərəfindən təsdiq edildi.
2013-cü il noyabrın 16-da Vergi kodeksinə qarşı etiraz aksiyaları başlandı, ölkədə kütləvi mitinqlər və etirazlar keçirildi, Kiyevdə Nezalejnosti Meydanında çadır şəhərciyi salındı. Paytaxtda təxminən 20 min adamın iştirak etdiyi mitinqlər davam edirdi. Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında saziş bağlanması barədə danışıqlar 2007-ci ildən aparılırdı. Qəbul haqqında yeni sənədin mətni hələ 2011-ci ilin noyabrında hazırlanmışdı, amma Avropa İttifaqı ilə Ukrayna arasında mürəkkəbləşmiş münasibətlərlə əlaqədar onun imzalanması bir neçə dəfə təxirə salınırdı, bu halda Avropa İttifaqı Ukrayna rəhbərliyinə bir sıra ilkin şərtlər irəli sürdü. 30 mart 2012-ci il razılaşması Ukraynanın və Avropa İttifaqı nümayəndə heyətlərinin başçıları tərəfindən paraflanmışdı. Avropa İttifaqıyla Ukraynanın assosiasiyası haqqında razılaşma siyasət, ticarət, mədəniyyət və təhlükəsizliyin inkişafı sahəsində Ukrayna və Avropa İttifaqı arasında inteqrasiyanın dərinləşməsinə səbəb olan, Avropa ölkələrilə Ukrayna arasında əməkdaşlıq yaradan bir müqavilə idi. Lakin Ukrayna hakimiyyəti eyni zamanda Avrasiya İqtisadi Birliyinə üzv olmaq danışıqları aparırdı, bu isə Avropa İttifaqının qanunlarına zidd idi, çünki Ukrayna eyni zamanda həm Avropa İttifaqı, həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya iqtisadi Birliyi ilə gömrüksüz ticarət əlaqələri saxlaya bilməzdi. Rusiya-Ukrayna əlaqələrində ciddi gərginlik 2013-cü ilin iyulu yarandı, əvvəlcə Rospotrebnadzor “Roşen” Ukrayna şirkətinin məhsullarının idxalını qadağan etdi, sonra isə Ukrayna mallarının Rusiya bazarına girməsinə gömrük çətinlikləri yaratdı. Vəziyyət yalnız sahibkarları deyil, həm də Ukrayna hakimiyyətində böyük narahatçılıq yaratdı, Ukraynadan ixrac olunan mallar Rusiya sərhəddində dayandırıldı. Ukraynanın həmçinin dövlət borcu artır, iqtisadiyyatda çətinliklər yaranırdı. Ukraynanın qızıl-valyuta etiyatları 20,6 milyard dollara qədər azaldı, dövlət borcu demək olar ki, 70 milyard dollar təşkil etdi.
2013-cü ilin noyabrında, assosiasiyanın imzalanması planlaşdırılan Vilnüs sammiti -“Şərq əməkdaşlığ”ndan bir neçə gün əvvəl Avropa İttifaqına hazırlıq prosesi Ukrayna hökuməti tərəfindən dayandırıldı ki, buna da səbəb Rusiyanın təzyiqləri idi. 2013-cü ilin 21 noyabr tarixində hakimiyyətin Avropa İttifaqı ilə assosiasiya müqaviləsini imzalamaqdan imtina etməsinə cavab olaraq, Kiyevdə və Ukraynanın digər şəhərlərində kütləvi etiraz aksiyaları başlandı. Kiyevin mərkəzi meydanında baş verən mitinqləri kütləvi media “Avromaydan” kimi adlandırdı. 21 noyabr tarixində birinci aksiya min nəfərdən çox adamın iştirakı ilə keçirildi. Xalq qarşısında Viktor Kliçko, Oleq Tyaqnibuk və Arseniy Yaçenyuk çıxış etdi. Növbəti gündə çıxışlar Lvovda da keçirildi. Eyni zamanda hakimiyyətin qərarlarına etiraz əlaməti olaraq Kiyevdə çadır şəhərciyi quruldu və onların başında Andrey Parabuy durdu. 24 noyabr tarixində ölkədə baş verənlərin zəminində Nazirlər kabineti binası ətrafında toqquşmalar yarandı.2013-cü ilin 28-29 noyabr tarixində Vilnüsdə “Şərq əməkdaşlığı” sammiti keçirildi. Avropa İttifaqı ilə Ukraynanın assosiasiyası haqqında razılaşmanın imzalanmaması ölkədəki vəziyyəti daha da qarışdırdı. Dekabrın 1-də Xalq Veçesinin meydanında radikallar Kiyev Radasının və Həmkarlar İttifaqının binasını tutdu, eyni zamanda Prezident Administrasiyasına da hücum edirlər. Hadisələrin gedişində adamlar məsələnin kəskin həllini istəyən radikallara və mülayimlərə bölündü. 30 noyabrda etiraz aksiyalarının zorla dağıdılması cəhdinə qədər çıxış edənlər Aİ ilə assosiasiyanın qurulması haqqında şüarlar səsləndirsə də, 1 dekabr tarixindən artıq prezidentin istefası, hakimiyyət dəyişikliyi haqqında tələblər irəli sürüldü. Müxalifət hökumətin istefası, prezident və Ukraynanın Ali Radasına yeni seçkilərin keçirilməsini tələb etdi. Amma digər Ukrayna Daxili İşlər Nazirliyinin bölmələri ilə toqquşmalarda iştirak etmiş daha radikal qruplar Ukraynanın avrointeqrasiyası fikrini bölüşmürdülər. Belə ki, nümayişlərdə təkcə müxalifət deyil, sağ meylli qruplar və radikallar da iştirak edirdi. Mitinqlərə Ukraynanın “Batkivşina”, “Zərbə” və “Azadlıq” müxalifət partiyaları rəhbərlik edirdi. Ümumiyyətlə, Avromaydanda ölkə ərazisində olan siyasi və qeyri-siyasi bütün partiya təşkilat və qrupların nümayəndələrinə rast gəlmək olardı. 2013-cü il dekabrın 2-də etiraz edənlər Ukrayna hökumət binasına girişləri kəsib, Azarov hökumətinin işini əngəllədilər. 4 dekabr 2013-cü ildə Kiyevə Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Q.Vestervelle gəldi, etiraz edənlərin düşərgəsinə baş çəkdi, V.Kliçko və A.Yasenyuk ilə görüşdü. Dekabrın 8-də Ukraynada “xalq veçesi” adlandırılan yeni etiraz aksiyaları keçirildi. Ən çoxsaylı mitinq Kiyevdə oldu, şəhər mərkəzində Avromaydan fəalları Leninin abidəsini uçurdular. 2013-cü il dekabrın 22-də “Maydan Xalq Birliyi” adlı ictimai təşkilat yarandı. Kiyevə eyni zamanda Avropa İttifaqının xarici məsələlər üzrə ali komissarı Ketrin Eşton gəldi, prezident Viktor Yanukoviçlə danışıqlar aparıb, ona bütün məsələlərin sülh və dinc yolla həll edilməsini tövsiyə etdi.
2014-cü ilin 12 yanvar tarixində Kiyevin Müstəqillik meydanında 2014-cü ilin ilk aksiyaları keçirildi. Həmin aksiyalarda 50 mindən 200 minə qədər adam iştirak edirdi. Müxalifət lideri Kliçko və Yasenyuk Münhen konfransında iştirak edərək, ABŞ dövlət katibi Con Kerri və Avropa ölkələrinin rəhbər nümayəndələri ilə görüşdülər. 4 fevral tarixində “Zərbə” fraksiyası lideri Vitaliy Kliçko Ali Radanı 2004-cü il Konstitusiyasına qayıtmağa çağırdı. Bu qərarı Arseniy Yasenyuk da dəstəklədi. Y.Timoşenko həbsxanadan məktub yazaraq, 2004-cü ilin Konstitusiyasına qayıtmamağı təkid etdi. Fevralın 18-də ölkədə mövcud vəziyyət daha da kəskinləşdi, “qanlı çərşənbə axşamı” adını almış hadisələr baş verdi. Avromaydanın radikal iştirakçıları ilə hüquq-mühafizə orqanları arasında Kiyevin mərkəzində Ali Radanın iclası günü toqquşma baş verdi. Burada, Avromaydanın bir neçə min silahlı fəalları da iştirak edirdi ki, onlar da milis dəstələri ilə toqquşaraq keçidə mane olan bir neçə minik və yük maşınlarını yandırdılar. Bir qrup adam Region partiyasının ofisini ələ keçirib yandırdı. Hadisə yerinə gələn yanğınsöndürən maşınlarının girişinə maneəçilik törətdilər. Hücum zamanı ofisin əməkdaşı qətlə yetirildi. Axşama doğru “Berkut” dəstələri və daxili qoşunlar onları Maydana doğru sıxışdırdılar. Gün və gecə boyunca toqquşmalar nəticəsində 25 nəfər həlak oldu, 350 nəfər yaralandı, 250-dən çox insan isə xəstəxanaya yerləşdirildi. Gecə prezident V.Yanukoviç, müxalifət liderləri Kliçko və Yasenyukun görüşündə vəziyyətin sabitləşdirilməsi yolunda hər hansı bir razılaşma əldə olunmadı. Fevralın 21-də Maydandan Viktor Yanukoviçə ultimatum verdilər ki, 22 fevral səhər saat 10-a qədər istefa verməsə, onlar silahlı hücuma keçəcəklər. V.Yanukoviç və Ali Radanın sədri Vladimir Rıbak davam edən kütləvi qarışıqlığın fonunda Kiyevi tərk etdi və Xarkova yola düşdülər. Fevralın 21-dən 22-nə keçən gecə Maydanın komendantı Andrey Parabuyun əmri ilə Maydanın özünü müdafiə qüvvələri ultimatumun bitmə vaxtını gözləmədən Ali Rada və Prezident Administrasiyasının binasını ələ keçirdilər. 22 fevralda Ali Radanın iclasında 2004-cü il Konstitusiyası və prezident-parlament idarəçilik forması bərpa olundu. Həmin gün Viktor Yanukoviç Ali Radanın qərarı ilə prezident səlahiyyətlərindən məhrum edildi. 23 fevralda Ukrayna prezidentinin vəzifələrini icra edilməsi Ali Radanın sədri Aleksandr Turçinova həvalə olundu. Fevralın 27-də müvəqqəti hökumət formalaşdırıldı və ona Arseniy Yasenyuk başçılıq etdi.
Kiyevdə hakimiyyət dəyişikliyindən sonra 2014-cü il fevralın sonu-martın əvvəllərində cənub-şərqi Ukrayna şəhərlərində hökumət əleyhinə separatçı şüarlar altında kütləvi aksiyalar başlandı. Çıxışlar Dnepropetrovsk, Donetsk, Luqansk, Xarkov və bir sıra cənub və cənub-şərqi Ukrayna şəhərlərində baş verdi. Xarkov administrasiyasının ələ keçirilməsi zamanı 68 nəfər həlak oldu. Rusiya meyilli qüvvələrə qarşı “Metallist” klubun fanatları və “Sağsektor” qruplaşmasının döyüşçüləri müqavimət göstərirdi. Odessada antimaydan mitinqinin iştirakçıları rus dilinin qanuniləşdirilməsini və ölkənin federallaşmasını tələb edirdilər. 1 mart 2014-cü ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Məclisinə müraciət edərək rus qoşunlarının Ukrayna ərazisində istifadə edilməsinə icazə verilməsini tələb etdi. Elə həmin gün, Federal Məclis rus qoşunlarını Ukrayna ərazisində istifadəsini təstiq etdi. 2014-cü ilin aprel ayında regionda silahlı qarşıdurma başladı. Ukraynanın Donetsk və Luqansk əyalətlərində hərbi əməliyyatlar aprel ayı boyunca davam etdi. 2014-cü ilin aprelində Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikasının yaradılması elan edilmişdi. Döyüş əməliyyatları Ukraynanın silahlı qüvvələrinin və rusiya meylli separatçıların arasında gedirdi. Mariupol uğrunda, Donetskdəki hava limanı yaxınlığında döyüşlər daha şiddətli olmuşdur. 2014-cü il avqustun 28-də Ulyanovskdəki qanlı döyüşlərdə min nəfərdən çox ukraynalı əsgər öldürüldü.
Krım Muxtar Respublikasının və Sevastopol əhalisinin “Kiyevdə hakimiyyətin qeyri-qanuni dəyişdirilməsi və radikalların hakimiyyətə gəlməsinə” qarşı fevralın 23-27-də başlayan çıxışları zamanı Krım yarımadası faktiki olaraq Ukraynadan ayrıldı. 11 mart 2014-cü ildə Krım Muxtar Respublikasının və Sevastopol şəhər soveti Krım Muxtar Respublikası və Sevastopol şəhərinin müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Krım Muxtar Respublikasının separatçı rəhbərliyi tərəfindən planlaşdırılan “referendum” 2014-cü il martın 16-da təşkil olundu. Referenduma iki sual çıxarılmışdır: 1. “Siz Krımın Rusiya Federasiyasının subyekti hüququ ilə Rusiyaya birləşməsinin tərəfdarısınızmı? 2. “Siz Krım Respublikasının və Krımın Ukraynanın bir hissəsi olmasına dair statusunun tərəfdarısınızmı?”. 2014-cü ilin martın 16-da keçirilən referendumda rəsmi açıqlamalara görə Krımın Rusiyaya birləşdirilməsinə Krım əhalisinin 96,77%-i, Sevastopolun 95,6%-i səs vermişdi. İlkin nəticələrin açıqlanmasından sonra Krımdakı Rusiya tərəfdarları küçələrə çıxaraq “qələbə”ni qeyd etdilər. Referendumu boykot edən Krım tatarları isə nəticələri tanımayacaqlarını elan etdilər.
Referendumun nəticələrinin açıqlanmasından sonra ABŞ və Avropa ölkələrindən rəsmi münasibət bildirildi. Ağ Evdən verilən açıqlamada referendumun nəticələrinin tanınmadığı vurğulanaraq Rusiyanın bu hərəkətinin cavabsız qalmayacağı bildirildi. Avropa Parlamenti sədri, Joze Manuel Barosso da referendumun nəticəsini tanımadıqlarını bildirərək rus əsgərlərinin Krımdan çıxmasını tələb etdi. 2014-cü il martın 18-də Krım Respublikasının Dövlət Şurasının sədri Sergey Aksyonov və Sevastopolun Həyat fəaliyyətinin təminatı və idarəsinin təşkili üzrə koordinasiya şurasının Sədri Aleksey Çalıy Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə Krım Respublikasının Rusiya Federasiyasına qəbul edilməsi barəsində saziş imzaladı. Bunun ardınca Dövlət Duması və Federasiya Şurası Ukraynanın Krım Muxtar Respublikasının Rusiyaya birləşdirilməsinə dair qərar qəbul edərək yarımadanı Krım Respublikası olaraq Federasiyanın inzibati ərazisinə daxil etdi. Beləliklə, Rusiya 1994-cü ildə Ukraynanın müstəqilliyi ilə bağlı Budapeşt Memorandumunu imzalasa da atdığı addımla bu prinsipləri pozaraq, beynəlxalq hüquq normalarının əksinə Ukraynanın daxili işlərinə müdaxilə edərək anneksiya (ilhaq) siyasətini həyata keçirdi.
2014-cü il mayın 25-də Ukraynada keçirilən prezident seçkilərində qələbə qazanan Pyotr Poroşenko iyunun 7-də and içərək rəsmi prezident vəzifəsini yerinə yetirməyə başladı. Ukrayna prezidenti P.Poroşenko andiçmə mərasimində bildirdi ki, “Krım Ukraynanın tərkib hissəsidir və bu məsələ ilə bağlı güzəşt ola bilməz”.
Müstəqil Ukrayna dövlətinin güclənməsinin və beynəlxalq nüfuzun artmasının əleyhinə olan rusiyapərəst qüvvələr ölkənin Cənubi-Şərq rayonlarında, o cümlədən Donetsk, Luqansk, Xarkov, Dnepropetrosk, Odessa kimi yerlərdə silahlanaraq muxtariyyət şüarı altında mərkəzi hakimiyyətə qarşı müharibəni genişləndirdilər.Ukraynanın Şərq rayonlarında məskunlaşan rus əhalisinin mənafeyini qorumaq adı altında Rusiya separatçı qüvvələrə hərtərəfli hərbi, maddi və mənəvi kömək edirdi. Rusiyadan aldığı müasir döyüş texnikası və mütəxəssis köməyi nəticəsində separatçılar Ukrayna hərbi hissələrinə ağır zərbələr vurdu. BMT-nin İnsan hüquqları komissiyasının məlumatına əsasən Ukraynanın Cənub-Şərqində qanlı münaqişə davam edəndən 2015-ci il martın 2-nə kimi 6 min nəfər həyatını itirb, 14,8 min nəfər isə yaralanıb. Bu elan olunmamış müharibəni dayandırmaq məqsədilə 2015-ci il fevralın 12-də Belarusun paytaxtı Minskdə Rusiya, Ukrayna, Fransanın prezidentləri və Almaniyanın kansleri görüşdü.V.Putin, P.Poroşenko, F.Olland, A.Merkel, eyni zamanda özlərini müstəqil elan etmiş Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko və Luqansk Xalq Respublikasının lideri İqor Plotnitski arasında bütün gecə davam edən danışıqlardan sonra saziş imzalanmışdır. Normandiya dördlüyünün imzaladığı bu sənəd 2014-cü il sentyabrın 5-də qol çəkilən I Minsk müqaviləsinin şərtlərini əsasən təkrar edirdi. Müqavilənin maddələrinə əsasən fevralın 15-dən Ukraynanın Şərq rayonlarında atəşkəs elan edilir, 14 gün ərzində ağır texnika və xarici qoşunlar döyüş bölgələrindən geri çəkilir, hər iki tərəf arasında ən azı 50 km-lik aralıq ərazi yaradılırdı. Həmçinin Ukraynanın Konstitusiyasına ölkənin şərq rayonlarına xüsusi statusun verilməsilə bağlı əlavələr edilməsi nəzərdə tutulmuşdur. Lakin reallıq ondan ibarətdir ki, razılaşmaya baxmayaraq Ukraynanın şərqində gərginlik qalmaqla davam edir və zaman-zaman bölgədən atəş səsləri eşidilir.
Ukraynanın sosial-iqtisadi və mədəni inkişafı
SSRİ-nin süqutu və ölkəni bürüyən ümumi iqtisadi böhran Ukraynanın iqtisadiyyatına dağıdıcı təsir göstərdi. Ümumittifaq iqtisadi kompleksin dağılması nəticəsində müəssisələrinin 95 faizi Moskvaya tabe olan Ukraynada demək olar ki, istehsalın 80 faizinin texnoloji tamamlanması başa çatmamışdır, texnoloji cəhətdən köhnəlmiş maşın və avadanlığın 40 faizi isə yenilənməli idi.
1992-ci ilin mart ayında Ali Rada “Milli iqtisadi siyasətin əsasları” sənədini təsdiq etdi. Sənəddə iqtisadiyyatın dövlət bölməsinin ləğv edilməsi, özəlləşdirmə, sənayenin yenidən qurulub modernləşdirilməsi, rubl məkanından çıxmaq, MDB dövlətlərilə beynəlxalq qiymət sistemi əsasında qarşılıqlı ödəmə əməlyyatına keçilməsi və xarici ticarətin əsasən Qərb bazarına istiqamətlənməsi irəli sürüldü. Lakin 1992-ci ilin yazında Ukraynanın iqtisadiyyatında böhranın bütün əlamətləri göz qabağında idi, belə ki, köhnə təsərrüfatçılıq sistemi dağılmış, yeni sistem isə formalaşmamışdır. Böhran respublikanın həm sənayesini, həm də kənd təsərrüfatını əhatə edirdi. Mərkəzi hakimiyyətin dağılması ilə Müstəqil Ukraynanın Ali Radası ölkəni iqtisadi böhrandan xilas etmək məqsədilə dörd hökumət, o cümlədən 1990-cı ilin mayından oktyabrına kimi V.Masol, 1990-cı ilin noyabrından 1992-ci ilin oktyabrına kimi V.Fokin, 1992-ci ilin oktyabrından 1993-cü ilin sentyabrına kimi L.Kuçma, 1993-cü ilin sentyabrından — 1994-cü ilin iyununa kimi L.Kravçuk-Y.Zvyagilski hökumətlərini təşkil etdi. Onlar iqtisadi böhrandan çıxmaq məqsədilə yeddi proqram hazırlasalar da bunların heç biri real olaraq həyata keçirilmədi. Bunun başlıca səbəbi proqramların yarımçıq olması, adamların sosial müdafiəsinin nəzərə alınmaması, qətiyyətsiz yerinə yetirilməsi idi.
İttifaq orqanlarının süqutu, müstəqil Ukraynanın iqtisadi yolunu tapmaması nəticəsində 1990- cı ildən 1994-cü ilə kimi respublikada ümumi milli məhsul 44, sənaye məhsulunun həcmi 41, milli gəlir 54 faiz aşağı düşdü. 1993-cü ildə Ukraynada inflyasiyanın səviyyəsi dünyada ən yüksək həddə çataraq İkinci Dünya müharibəsi dövründəki göstəriciləri belə ötüb keçdi.Əhalinin əsas hissəsinin həyat səviyyəsi sürətlə aşağı düşərək onun 64 faizinin yoxsulluq həddinə çatmasına gətirib çıxardı. Əhalinin alıcılıq qabiliyyəti çox aşağı düşərək 1991- 1994-cü illərdə demək olar ki, 5 dəfə azaldı.
1990-1994-cü illərdə Ukraynanın milli iqtisadiyyatının böhranlı vəziyyətə düşməsi və onun aradan qaldırılmaması qətiyyətli və təcili tədbirlər həyata keçirilməsini tələb edirdi. Belə bir addımı Ukraynanın prezidenti seçilən Leonid Kuçma 1994-cu ilin oktyabrında Ali Radaya “Radikal iqtisadi islahatların yolu” müraciətilə atdı. Bu əslində müstəqil Ukraynanın yeni sosial-iqtisadi strategiyasının konsepsiyasıdır. Bunun mahiyyəti maliyyə sabitliyindən, vergilərin azaldılmasından, bank islahatının dərinləşdirilməsindən, dövlətin nəzarəti altında qiymətlərin mərhələlərlə liberallaşdırılmasından, xüsusi bölməyə söykənən bazar iqtisadiyyatının yaradılmasından, iqtisadiyyatın idarə olunmasının mərkəzləşməsinin ləğv edilməsindən, xarici iqtisadi əlaqələrin liberallaşmasından, əmək haqqı, sosial yardım və sosial sığortada islahatdan ibarət idi.
Dövlətin sosial-iqtisadi strateji kursundan irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlandı. Eyni zamanda prezident L.Kuçma dövlətin antiböhran fəaliyyət proqramını bəyan etdi. Bunun ardınca 1996-cı ildə hökumət Ukraynanın qrivna adlı yeni milli pulun tədavülə buraxdı. XX əsrin 90-cı illərin ikinci yarısıdan milli iqtisadiyyatı təşkil edən əsas sahələr, o cümlədən pul, maliyyə, ödəmə, vergi, gömrük, bank sistemləri formalaşdı. Ukrayna dövlətinin ardıcıl və qətiyyətli iqtisadi islahatları ölkədə mülkiyyət formasının kökündən dəyişilməsinə, iqtisadiyyatda xüsusi mülkiyyətin bərqərar olmasına səbəb oldu. Aşağı-yuxarı 6,1 milyon nəfər Ukrayna vətəndaşı torpaq payına sahib oldu ki, bu da ölkənin torpaq sahəsinin yarısından çoxunu təşkil edirdi. Həyətyanı sahələrin özəlləşdirilməsi əsasən başa çatdı, 11 milyon vətəndaş xüsusi mülkiyyətçi oldu. Yeni sosial-iqtisadi strategiyaya uyğun olaraq Ukraynada qiymət tarifinin bazar mexanizmi bərqərar oldu, xarici ticarətə liberal rejim tətbiq edildi. Bu milli iqtisadiyyatda xroniki hal alan defısit anlayışının aradan qalxmasına, bazarın malla dolmasına şərait yaratdı.
1999-cu ildə Ukraynada son onillikdə ilk dəfə olaraq iqtisadi sabitlik yarandı. Əsasən ümumi daxili məhsulun istehsalının aşağı düşməsinin qarşısını almaq mümkün oldu. Sənaye məhsulunun həcmi 4,3% artdı. Mənzil yaşayış tikintisinin həcmi isə 7,5 % artdı. Ukraynanın dövlət büdcəsinin kəsiri xeyli azaldı, inflyasiyanın səviyyəsi aşağı düşdü. 1999-cu ildə Ukrayna ilk dəfə olaraq uzanan böhrandan çıxmaq yolunda real addım ataraq rəqabətə açıq iqtisadi modelin bərqərar olmasına nail oldu.
Ukraynanın iqtisadiyyatının növbəti beş ildə yenidən qurulması proqramı Ukrayna prezidentinin 2000-ci ilin fevralında Ali Radaya “Ukrayna: XXI əsrə addım. 2000-2004-cü illərdə strateji iqtisadi və sosial inkişaf’ müraciətində öz əksini tapmışdır. İqtisadi sahədə Ukraynanın qarşısında duran əsas vəzifə iqtisadi artım siyasətini həyata keçirmək idi. Əhalinin real gəlirini 1,3 -1,4 dəfə artırmaq, bir milyon yeni iş yeri açmaq, əmək təqaüdlərinin miqdarını minimum həyat səviyyəsi həddinə çatdırmaq qarşıya qoyulan konkret vəzifələr idi. Ukrayna Prezidentinin bu strateji kursuna uyğun olaraq V.Yuşşenko hökuməti “Rifah adına islahat” proqramını hazırladı, bu da 2000-ci ilin aprelində Ali Rada tərəfindən təsdiq olundu. Hökumətin gördüyü işlər sayəsində Ukraynanın iqtisadiyyatında kooperativ və özəl bölmənin genişlənməsi daha da sürətləndi. Artıq 2001-ci ilin əvvəllərində ölkədə sənaye məhsulunun ümumi həcminin 70 faizdən çoxu özəl müəssisələrin payına düşürdü. 2004-cü ildə ümumi daxili məhsul keçən illə müqayisədə 12, sənaye istehsalının həcmi 12,5, kənd təsərrüfatı məhsulu istehsalı 19,1 faiz artmışdır. 2004-cü ilin yekunlarına görə Ukrayna 198 ölkə ilə xarici ticarət əməliyyatları aparmış, bunun müsbət saldosu 3.412,4 mln ABŞ dolları ölmüşdür. Ukraynada xarici ticarətin həcmi 2011-ci ildə 140,3 milyard dollar olmuşdur. Bunun 63,3 milyard dolları ixracatın, 77,0 milyard dolları isə idxal edilən məhsulun payına düşür. Ölkə əsasən elektrik avadanlığı, parça, ağac, faner və s. ixrac edir. Respublikaya elektrik daşıyıcıları, maşın və avadanlıq, kimya və neft emalı sənayesi məhsulları gətirilir. 2014-cü ilə görə Ukrayna məhsulları Rusiya, Türkiyə, Çin, Polşaya ixrac edilir. Ölkəyə Rusiya, Çin, Almaniya, Belarus məhsulları idxal olunur. 2011-ci ilin məlumatına əsasən Ukraynanın iqtisadiyyatına 60,5 milyard dollar xarici investisiya yatırılmışdır. Ukrayna investorları xarici ölkələrə 3 milyard dollar vəsait qoymuşdur.
Bu gün Ukrayna sənaye-aqrar ölkəsidir. Milli rəqabət gücünə görə 2013-cü ildə Ukrayna dünyada 84-cü yeri tutur. 2011-ci il məlumatına əsasən Ukraynanın iqtisadiyyatı ümumi məhsulun həcminə görə dünya iqtisadiyyatında 39-cu yerdə olmaqla bərabər əhalinin adam başına 7.600 ABŞ dolları düşür. 2012-ci ildə Ukraynada ümumi məhsul istehsalı 0,2 % artmışdır. Müasir Ukraynanın iqitsadiyyatında bazar münasibətləri ilə bərabər dövlətin də rolu fəaldır. Belə ki, dövlət ölkənin milli təsərrüfatının 140 iri müəssisəsinə, əsas ərzaq və yanacaq məhsulları sənayesinə nəzarət edir. 2011-ci ildə Ukraynanın 22,09 milyon nəfər əmək qabiliyyəti olan əhalisinin 7 faizi işsiz sayılırdı. Ümumdünya Bankının hesablamalarına görə Ukraynada ümumi məhsul istehsalı 2010-cu ildə 136, 2011-ci ildə 163, 2012-ci ildə 176,6, 2013-cü ildə isə artaraq 177,4 milyard ABŞ dolları təşkil etmişdir.
Ukraynanın müstəqilliyinin elan edilməsilə milli mədəniyyətin inkişafı dövlətin əsas vəzifələrindən biri oldu,1989-cu ilin oktyabrında “Ukrayna SSRİ-də dil haqqında Qanun” qəbul edildi. Qanuna əsasən ukrayna dili dövlət dili elan olundu, onun cəmiyyət həyatının bütün sahələrində fəaliyyət və inkişafı üçün şərait yarandı.
Müstəqil dövlətin sosial-iqtisadi və mənəvi inkişafını təmin etmək məqsədilə təhsil sistemində islahatlar keçirildi. Çoxsaylı litsey, gimnaziya, kollec, sənət akademiyası və universitet kompleksləri meydana gəldi. Bütün bunlar dünya birliyinə inteqrasiya olunma şərtilə müstəqil Ukraynanın yeni təhsil modelinə tələbatından yaranırdı. Yeni təhsil modelinin əsas prinsipi tədris və təlim-tərbiyə prosesinin differensasiyası, humanistləşməsi və fərdiləş-məsindən ibarət nəzərdə tutulmuşdur. 1993-cü ilin noyabrında Ukrayna hökuməti “Təhsil” (“XXI əsrdə Ukrayna”) proqramını qəbul etdi. Proqramda qarşıda duran başlıca vəzifə Ukrayna təhsil sistemini Qərb təhsil nümunəsi əsasında milli adət və ənələləri nəzərə almaqla yenidən qurmaq, demokratik cəmiyyət üçün azad və bilikli, vətənsevər gənclər yetişdirməkdir. Ancaq ölkə iqtisadiyyatının böhranlı vəziyyəti təhsilin maliyyələşdirilməsini xeyli məhdudlaşdırdı. 1992-ci ildə Ukraynada təhsilin inkişafına dövlət büdcəsindən 12,6, 1994-cü ildə isə yalnız 9,5 faiz vəsait ayrılmışdır.
1999-cu ildən başlayaraq müstəqil Ukraynanın iqtisadiyyatının tədricən dirçəlməsi təhsil sahəsində də vəziyyətin müsbətə doğru dəyişilməsinə təkan verdi. 2000-ci ildə Ukraynada “12 illik orta ümumtəhsil məktəbləri konsepsiyası” irəli sürüldü. Ümumitəhsil məktəbləri şəbəkəsinin formalaşması istiqamətində dövlət hər bir vətəndaşın maneəsiz və pulsuz tam orta təhsil almaq hüququnu konstitusiyada göstərildiyi kimi təmin edir. Ukraynanın ümumtəhsil məktəbləri təhsil səviyyəsinə uyğun olaraq üç dərəcəyə bölünür. Birinci dərəcə ibtidai məktəblərə, ikinci dərəcə əsas məktəblərə və nəhayət üçüncü dərəcə yuxarı məktəblərə bölünür ki, onlar da bir yerdə və ya ayrı-ayrı fəaliyyət göstərə bilərdi.
Maliyyə vəsaitinin çatışmazlığı üzündən birinci onillikdə elm və ali təhsil sahəsində böhran vəziyyətinin yaranmasına zəmin hazırlandı. Bir çox alim və elmi-pedoqji işçi xarici ölkələrə üz tutdu ki, bunun da sayəsində ölkə əsaslı elmi mövqelərinin böyük bir hissəsini itirdi, Qərbin elmi səviyyəsindən geri qalmağa başladı. Düzdür, XXI əsrin əvvəllərindən başlayaraq Ukrayna dövləti elm və mədəniyyətə daha çox maliyyə ayırdı, mədəniyyət işçilərinin əmək haqqını artırdı. Məsələn, 2005-ci ildə 2004-cü illə müqayisədə dövlət büdcəsində mədəniyyət sahəsinə 1,5 dəfədən çox vəsait ayrıldı, müvafiq dövrdə mədəniyyət işçilərinin əmək haqqı 35% artdı.
2005-ci ilin mayında Ukrayna Boloniya təhsil prosesinə qoşularaq Avropa dövlətləri ilə təhsil əməkdaşlığını daha da dərinləşdirdi. 2007-2008-ci tədris ilində Ukraynanın ali təhsil müəssisələri test üsulu ilə qəbul imtahanları təşkil etdi. Dövlətin gördüyü tədbirlər nəticəsində müstəqil Ukraynada təhsilin şəbəkəsi və keyfiyyəti gündən-günə artıb təkmilləşir. 2011-ci ildəki rəsmi məlumatlara əsasən Ukraynada 83 dövlət, 3 minə yaxın özəl ali məktəb fəaliyyət göstərir. Taras Şevçenko adına Kiyev Milli Universiteti, Ukrayna Milli Texniki Universiteti, Kiyev-Mogilyan Akademiyası və d. onların içərisində xüsusi yerə malikdir. 2007-2008-ci tədris ilində Ukraynanın 930 dövlət peşə-texniki tədris müəssisələrində 530 ixtisas üzrə peşəkar kadrlar hazırlanırdı. Xüsusi mülkiyyət formasına aid olan peşə-texniki məktəblərinin sayı 738-ə, onlarda təhsil alan şagird kontingenti isə 100 min nəfərə çatırdı. 2014-cü ilin sonuna olan rəsmi malumata əsasən Ukraynada əhalinin 50 faizi internet istifadəçisidir. Müstəqil respublikada səhiyyə şəbəkələri gündən-günə genişlənir. Belə ki, əhalinin hər 3472 nəfərinə bir həkim, 1667 nəfərinə isə 1 xəstə çarpayısı düşür. Əhalinin 80 %-i keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Müstəqil Ukrayna dövləti mədəniyyət, təhsil və incəsənətə getdikcə daha çox diqqət ayırırdı. 2005-ci ilin aprelində Ali Rada “Ukraynada mədəniyyət siyasəti, prioritetlər, prinsiplər və onların reallaşması” mövzusunda dinləmə təşkil etdi. Qədim mədəniyyət abidələrinin, ağac və daşdan olan kilsə memarlıq tikililərinin hifz edilməsi, turizmin inkişafı, Ukraynanın Avropa Şurası və Avropa İttifaqının proqram və layihələrində iştirakı, Ukraynanın məlumat və mədəniyyət şəbəkələrinin xaricdə genişlənməsi müzakirənin əsas mövzuları idi. Ədəbiyyat sahəsində Ukrayna Milli Yazıçılar İttifaqı, Ukrayna Regionlararası Yazıçılar İttifaqı, Ukrayna Ədiblər Konqresi, Ukrayna Yazıçılar Assosiasiyası səmərəli fəaliyyət göstərirdi.
Müstəqil Ukraynanın musiqi, teatr və incəsənəti bütün çətinlikləri aradan qaldıraraq irəliləməkdə davam edir. Milli ənənələrlə müasirliyi birləşdirən musiqi ölkədə daha geniş yayılmışdır. “Drevo”, “Vlastelin”,”Bojiçi”, “Buttya” kimi ansambılların şöhrəti geniş yayılmışdır. Ukraynanın populyar musiqisi bütün dünyada səslənir. Uopli Vidoplyasova, Okean Elza, Tartak, Ruslana bu musiqi sahəsinin aparıcı nümayəndələridir. Onların Avropa və dünya miqyasında təmsil olunmalarının konkret misalı 2004-cü ildə “Avroviziya” yarışmasında ukraynalı müğənni Ruslananın qalib gələrək birinci yerə sahib olmasıdır. “Şedrik” Kiyev uşaq xoru isə Romada keçirilən özfəaliyyət kollektivlərinin festivalında iki nominasiyada qalib gələrək laureat adını qazandılar. Ölkənin mədəni həyatında mühüm hadisələrdən biri V.Qorovtsanın xatirəsinə həsr edilən gənc pianoçuların beynəlxalq konkursudur. Ukraynalı bəstəkar Miroslav Skorikin başçılıq etdiyi jüri artıq 10 ildən çox təkrar edilən bu möhtəşəm musiqi şənliyində 2005-ci ilin aprelində 26 ölkənin 98 nümayəndəsi arasında qalibləri müəyyən etməli idi. İddiaçılar isə 9 yaşından 33 yaşına kimi olan, dünyanın bir çox ölkəsindən gələn gənc pianoçular idi. Görkəmli opera müğənniləri V.Lukyanets, A.Koçerqa, V.Pyatniçka və b. bütün dünyada şöhrət qazanmışdır.
Müstəqil Ukraynanın mədəniyyətinin başqa sahələrində olduğu kimi milli kino sənayesində də işlər bir sıra çətinliklərlə bağlıdır. Kinoteatrların və televiziya kanallarının amerikan kino sənayesinin məhsulları ilə dolub-daşması adamların yaddaşında doğma kino anlayışını sıxışdırırdı. Lakin tədricən dövlət yerli kinofılmlərin çəkilməsinə diqqəti artıraraq bu sahədə vergiləri xeyli azaltdı, yerli kino sənayesinə investisiya qoyuluşuna və kredit açmağa kömək etdi, bu işə xarici filmlərin açılışından əldə olunan gəlirin bir hissəsini yönəltdi. Tədricən yerli kinofılmlərin sayı və onların keyfiyyəti artmağa başladı. Rejisor V.Kristo-voviçin “Ölünün dostu” bədii filmi müasir Ukrayna kinosunun ən gözəl nümunələrindən biridir. Təbii olaraq bu gün Ukrayna rejisorlarının çəkdiyi kinofılmlər Kann və Berlin film kinofestivallarında böyük rəğbət qazanır. 2007-ci ildə Ukraynada bədii və sənədli film ənənələrini dirçəltmək məqsədilə “Şabalıd ev” festivalı, Andrey və Arseni Tarkovskilər mükafatı təsis edilmişdir.
Ukrayna tarixinin son onillikləri dini fəaliyyətin fəallaşması ilə bağlıdır. 80-ci illərin sonunda Ukrayna yunan-katolik kilsəsinin fəaliyyəti leqallaşdırıldı. Ukrayna pravoslav kilsəsi yenidənqurma şəaritində parçalanaraq üç konfesiyaya bölündü. Birinci konfesiya demək olar ki, 8.5 min icmanı birləşdirən Moskva patriarxlığının Ukrayna pravoslav kilsəsidir. İkinci konfesiyaya təqribən 2.5 min icmanın daxil olduğu Kiyev patriarxlığının Ukrayna pravoslav kilsəsidir. Üçünçü konfesiya isə aşağı yuxarı 1000 icmanı birləşdirən Ukrayna aftokefal pravoslav kilsəsi hesab olunur.
Bu parçalanma eyni zamanda cəmiyyətin birliyinə və Ukraynada dini qarşıdurmalara, münaqişələrə səbəb olub. Odur ki, hazırda dindarların çoxu və ilahiyyatçılar Ukraynada vahid pravoslav kilsəsinin yaradılmasına səy göstərir. Ukrayna əhalisi arasında protestantlıq, iudaizm və islam da yayılır. Ukraynada 105 dini birlik fəaliyyət göstərir ki, onlar arasında da ünsiyyət və əlaqəni kilsə və dini təşkilatların Ümumukrayna Şurası nizamlayır.Vicdan azadlığı müstəqil Ukrayna həyatının əsas elementlərindən biridir. Dövlət çalışır ki, bütün konfessiyaların nümayəndələri cəmiyyət həyatının bərabərhüquqlu iştirakçısı kimi fəaliyyət göstərsin.
Xarici siyasət
Ukrayna dövlət müstəqilliyi haqqında Aktı bəyan etdikdən sonra beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti oldu. 1991-ci il dekabrın 5-də Ümumukrayna referendumundan sonra Ali Rada dünya parlamentləri və xalqlarına müraciət edərək bildirdi ki, Ukrayna BMT-nin məqsəd və prinsiplərinə uyğun olaraq öz xarici siyasətini dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinə yönəldir. Başlıca məsələ dünya birliyinin Ukrayna dövlətini tanıması idi. 1991-ci il dekabrın 2-də birinci olaraq Polşa və Kanada, dekabrın 3-də Macarıstan, dekabrın 4-də Latviya və Litva, dekabrın 5-də Argentina, Bolqarıstan, Boliviya, Rusiya və Xorvatiya Ukraynanı tanıdı. Ümumən bir ay müddətində 57, 1992-ci ilin sonuna kimi 132 dövlət, bu gün isə demək olar ki, bütün dünya dövlətləri Ukraynanı tanıyır.
Ukrayna dövlətinin xarici siyasətinin əsas prinsipləri 1990-cı il dövlət suverenliyi haqqındakı Bəyannamədə, Ali Radanın 1993-cü il “Ukraynanın xarici siyasətinin əsas istiqamətləri” normativ aktında və 1996-cı il Ukrayna Konstitusiyasında əks olunmuşdur. Bunlar, başqa dövlətlərin daxili işlərinə qarışmadan onlarla qarşılıqlı fayda və bərabərlik əsasında əməkdaşlıq, hərbi bloklarda iştirakdan imtina, nüvə silahından azad olmaq prosesində iştirak etmək, beynəlxalq hüququn aliliyini qəbul etmək və dünyadakı mövcud sərhədlərin tanınmasından ibarətdir.
Müstəqil Ukrayna öz xarici siyasət konsepsiyasına uyğun olaraq beynəlxalq təşkilatlara üzv olmağa başladı. Tezliklə beynəlxalq qurumların qapısını bir-bir açan Ukrayna artıq 40dan çox beynəlxalq və hökumətlərarası təşkilatların üzvü oldu. Ukraynanın xarici işlər naziri Gennadi Udovenko BMT Baş Məclisinin sədri olmuşdur. 2000-2001-ci illərdə Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvü funksiyasını yerinə yetirmişdir. 2001-ci ilin martında Ukrayna BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik edirdi.
1995- ci il noyabrın 9-da Ukrayna Avropa Şurasının üzvü oldu. Ukrayna nümayəndələrinin Avropa Şurasının Parlament Assambleyasının iclaslarında iştirakı Ukraynada demokratiya və hüquq normalarının möhkəmlənməsində əhəmiyyətli rol oynadı. 2001-ci ilin yanvarında Avropa Parlamenti Ukraynada azad söz mövzusunda dinləmə təşkil etmişdir. Ukraynanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı ölkənin təhlükəsizliyi üçün təminat olmasına, onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə Rusiya, ABŞ, Böyük Britaniyanın hörmətlə yanaşmasına şərait yaratdı.
1997-ci ilin yayında Madriddə Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatı, yəni NATO ilə xüsusi tərəfdaşlıq haqqında Xartiya imzaladı. Avroatlantik Şurası tərəfdaşlığının təsisçi ölkəsi kimi Ukrayna “Sülh naminə tərəfdaşlıq” proqramının fəal iştirakçısıdır. Ukrayna və NATO ölkələri vaxtaşırı regional təhlükəsizlik məsələləri üzrə, münaqişələrin aradan qaldırılması, hərbi təhsil almaq sahəsində birgə çalışırlar.
Ukraynanın xarici siyasət xəttinin mühüm istiqamətlərindən biri də Rusiya Federasiyası və MDB ilə olan münasibətlərdir. Ukrayna ilə Rusiya arasında həm MDB-yə münasibət, həm də NATO-nun Şərqə doğru genişlənməsi məsələsində ciddi fikir ayrılığı mövcud olmuşdur. Ukrayna MDB-nin öz hakimiyyət və idarəetmə orqanları ilə dövlət üzərində qurum olmasının əleyhinədir. Ukrayna belə hesab edir ki, dövlətlər arasında ikitərəfli əməkdaşlıq əsasında münasibətlərin qurulması daha əlverişlidir, MDB isə, ilk növbədə ticarət-iqtisadi əlaəqlərin inkişafına fikir verməlidir. 1994-cü ildə Ukrayna MDB çərçivəsində iqtisadi ittifaqa assosiativ üzv oldu. Bu addım Ukraynanın maraqları daxilində münasibətləri milli mənafeyə və mövcud qanunçuluğa ziyan vurmadan qaydaya salmağa imkan verir. Rusiya Federasiyası isə çalışır ki, MDB-ni milli səlahiyyətlər üzərində bir quruma çevirsin.
Ukrayna eyni zamanda hesab edir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatına münasibət, onun tərkibinə daxil olmaq hər bir suveren dövlətin daxili işidir. Ancaq Ukrayna NATOya daxil olan dövlətin ərazisində nüvə silahı yerləşdirilməsinin əleyhinədir. Rusiya isə vaxtı ilə SSRİ-nin nüfuz dairəsində olan dövlətlərin NATO-ya daxil olmasının əleyhinədir.
1996- cı ildə Avstriyada xarici işlər nazirlərinin konfransında Ukrayna qonşu dövlətlər, Polşa, Slovakiya, Belarusiya, Ruminyanın daxil olduğu Mərkəzi Avropa Təşəbbüsünün üzvü qəbul edildi. Ukraynanın bu təşkilatda iştirakı nəqliyyat, rabitə, energetika, ətraf mühit və ekoloji təhlükəsizlik, elm və texnika, kənd təsərüfatı, statistika, məlumat, mədəniyyət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. Ukrayna-Polşa əlaqələri dinamik inkişaf edir. 1997-ci ilin yanvarında Ukraynanın prezidenti L.Kuçma Polşada rəsmi səfərdə olarkən ikitərəfli ticarətin liberallaşdırılması üzrə tədbirlərə dair Memorandum imzalamışdır. 1998-ci ilin avqustunda Polşanın prezidenti A.Kvasnevski Ukraynada rəsmi səfərdə olmuşdur. 1997-ci ildə Ukrayna ilə Rumıniya arasında dostluq, əməkdaşlıq və mehriban qonşuluğa dair Müqavilə imzalanmışdır. Düzdür Qara dənizdə olan adaya iddiası üzündən Rumıniya tərəfi ərazi problemini hələ də həll olunmamış hesab edirdi.
Getdikcə Ukraynanın xarici siyasətində ABŞ-la əlaqələr ön plana çıxmışdır. Nəzərə almaq lazımdır ki, SSRİ ərazisinin cəmi 2,6 faizini təşkil edən Ukraynada keçmiş İttifaqın nüvə ehtiyyatının 40 faizi cəmləşmişdir. Odur ki, ABŞ-Ukrayna münasibətlərinin inkişafında Ukraynanın böyük nüvə potensialından azad olması əhəmiyyətli rol oynadı. 1994-cü ilin yanvarında Moskvada Ukrayna, Rusiya və ABŞ arasında bağlanan sazişdə Ukrayna 7 il ərzində bütün nüvə başlıqların Rusiya ərazisinə köçürməyi öhdəsinə götürmüşdür. 1994-cü ilin sonunda Budapeştdə Ukrayna, Rusiya, ABŞ və Böyük Britaniya dövlət başçıları Ukraynanın təhlükəsizlik təminatı haqqında Memorandum imzaladılar. Lakin bu memorandumun şərtləri yuxarıda qeyd olunduğu kimi 2014-cü ildə Ukraynanın tərkib hissəsi olan Krımın Rusiya Federasiyasına ilhaq edilməsi ilə kobud surətdə pozulmuşdur.
1995-ci ilin mayın 11-12-də ABŞ prezidenti B.Klinton rəsmi olaraq Kiyevə səfər etdi. 1996-cı il sentyabrın 19-da Ukrayna ilə ABŞ arasında əməkdaşlıq üzrə Dövlətlərarası komissiya yaradıldı. Ukraynanın prezidenti L.Kuçma və ABŞ-ın vitse-prezidenti A.Qor bu komissiyanın rəhbərləri təsdiq edildilər. Bu komissiyanın təşkil olunması ölkələr arasında milli təhlükəsizlik, xarici siyasət, ticarət və investisiya sahəsində qarşılıqlı fəaliyyətə şərait yaradır. 2000-ci ilin iyununda ABŞ-ın prezidenti B.Klinton Ukraynaya səfərə gələrkən bir sıra məsələlər, o cümlədən Avropanın təhlükəsizliyindən ətraf mühütün mühafizəsinə kimi olan işlər müzakirə olundu. ABŞ prezidenti Ukraynada kiçik və orta biznesin inkişafına yardım etməyi vəd verdi. ABŞ prezidenti Ukraynanın Xəzər regionundan dünya bazarlarına açılan “Şərq-Qərb” enerji dəhlizində iştirakını müdafiə etdiklərini bildirdi.
2002-ci ilin mayında Ukrayna özünün Avropa seçimini elan etdi ki, bu yolda çox çətin və mürəkkəb idi. Bunun üçün Avropa standartlarına cavab verən inkişafı təmin etmək məqsədilə islahatları həyata keçirmək tələb olunurdu. 2002-ci ilin iyulunda “Ukrayna-AB” sammitində Ukraynanın bazar iqtisadiyyatlı dövlət statusu və AB-yə assosiativ üzv olmaq məsələsi müzakirə edildi. Sammitin gedişində qeyd olundu ki, Ukrayna hələlik AB standartlarına cavab vermədiyi üçün 2004 və 2007-ci illərdəki AB üzv qəbul edilən ölkələr siyahısına daxil edilmir. Buna baxmayaraq Ukrayna 2003-cü ildə “AB-nin qonşu ölkəsi” statusunu aldı.
ABŞ-ın dəstəyini almaq məqsədilə Ukrayna höküməti 2003-cü ildə Küveyt və İraqa hərbi kontingent göndərdi. Bu aksiya ölkədə birmənalı qarşılanmadı, əməliyyatlar nəticəsində Ukrayna hərbçiləri 18 adam itirdi. Ukrayna bir tərəfdən Avropa Birliyi ilə inteqrasiyanı davam etdirir, başqa bir tərəfdən Şərq ölkələri ilə əlaqələri artırırdı. 2003-cü ilin ortalarında Rusiya, Ukrayna, Belarus, Qazaxıstan vahid iqtisadi məkanın yaradılmasına dair saziş imzaladılar.
2005-ci ildə Ukraynada prezident seçkilərindən sonra dövlət başçısı olan V.Yuşşenko xarici siyasətdə Avropa ilə inteqrasiya kursunu bəyan etdi. Ölkə qarşısında bazar iqtisadiyyatlı dövlət statusu almaq və Ümumdünya Ticarət Təşkilatına üzv olmaq imkanı açıldı. Ukrayna-Aİ-na üzv olmaq üçün müraciət etdi. 2006-cı ilin oktyabrında Helsinkidə baş tutan “Ukrayna Aİ” sammitində Finlandiyanın baş naziri, Avropa Şurasının başçısı Matti Vanhanen əmin etdi ki, Aİ 2007-ci ildə Ukrayna ilə yeni formatda danışıqlara başlamağa hazırdır. Bu şərtlə ki, azad ticarət forması tərtib edilən sənədin əsas elementi olmalıdır. Bunun üçün isə Ukrayna, ilk növbədə Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilməlidir. Bu planların həyata keçirilməsi ciddi əmək tələb edirdi.
Ukrayna ilə Avropa İttifaqı arasında assosiyasiya haqqında saziş bağlanmasına dair danışıqlar 2007-ci ildə başlayıb, 2011-ci ildə qəbul haqqında yeni sənədin imzalanması ilə başa çatmışdır. 2012-ci il martın 30-da razılaşdırılan sənəd Ukrayna və Avropa İttifaqının nümayəndə heyətinin rəhbərləri tərəfindən paraflanmışdır. Avropa İttifaqı ilə Ukraynanın assosiasiyası haqqında razılaşdırılmış sənəd siyasət, ticarət, mədəniyyət və təhlükəsizlik sahəsində Ukrayna ilə Avropa İttifaqı arasında inteqrasiyanın dərinləşməsini nəzərdə tuturdu. Lakin Ukrayna hakimiyyəti eyni zamanda həm də Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə üzv olmaq üçün danışıqlar aparırdı, bu isə Aİ-nın qanunlarına zidd idi, ona görə ki, eyni zamanda hər iki quruma daxil olub gömrüksüz ticarət əlaqəsi saxlamaq mümkün deyildi. Odur ki, 2013-cü ilin yayından başlayaraq Ukrayna-Rusiya münasibətləri gərginləşməyə başladı.
Ümumiyyətlə, zaman-zaman Ukrayna ilə Rusiya arasında Rusiyanın Ukrayna və Avropaya qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi təbii qaz tranzitinə görə dəfələrlə kəskin anlaşılmazlıqlar olmuşdur. Ən kəskin 2009-cu ildəki “qaz böhranı” nəticəsində 18 Avropa dövləti qışın soyuğunda qazsız qalmışdır. Yalnız Ukraynanın o zamankı Baş naziri Y.Timo-şenko V.Putinlə görüşdükdən sonra böhranı aradan qaldırmaq mümkün olmuşdur.
Növbəti dəfə Ukraynadakı hadisələrin gedişindən narazı qalan Rusiya 2014-cü ilin iyununda Ukraynanın 3,1 milyard dollar borcunun ödəmədiyini bəhanə edərək qaz verilməsini dayandırmışdır. Buna cavab olaraq Ukrayna tərəfi də tranzit keçidi bağladı. 2014-cü ilin oktyabrında Brüssel görüşündən sonra növbəti “qaz böhranını” nizama salmaq mümkün olmuşdur.
2013- cü ilin noyabrında Viktor Yanukoviçin başçılıq etdiyi Ukrayna hakimiyyətinin Rusiyanın təzyiqi altında Avropa İttifaqı ilə assosiasiya müqaviləsini imzalamaması Ukraynada kütləvi etiraz aksiyası ilə müşayiət olundu. Nəticədə yuxarıda ətraflı bəhs edildiyi Ukraynada hakimiyyət dəyişikliyi baş verdi və Krım yarımadası Rusiya Federasiyası tərəfindən ilhaq edildi. Eyni zamanda Ukraynanın şərqindəki rusiya meylli qüvvələr Rusiyanın hərtərəfli köməyi ilə 2014-cü il mayın 25-də Ukraynanın yeni prezidenti seçilən Pyotr Poroşenkonun hakimiyyətinə qarşı silahlı mübarizəyə başladılar. 2015-ci ilin sonuna olan məlumata əsasən Ukraynanın şərqindəki silahlı toqquşmalarda 20 min nəfərdən çox hərbi və mülki şəxs ölüb və ya yaralanmışdır. Dünya birliyinin səylərinə baxmayaraq bu gün də bölgədə qarşıdurma davam edir.
Ukrayna xarici siyasət xəttində bloklardan kənar statusunu elan etsə də NATO ilə fəal əməkdaşlıq edir. 2002-ci ildən NATO ilə fərdi tərəfdaş planı olan Ukrayna 2005-ci ildən Alyansla fəal müzakirələr aparırdı. 2013-cü ildəki mövqeyinə görə Ukrayna yeganə dövlətdir ki, tərəfdaş kimi Şimali Atlantika Alyansının bütün əməliyyatlarında iştirak edir və ona Alyansa daxil olmaq imkanı tanınır.Əvvəllər isə 1991-ci ildən 2014-cü ilə qədər Ukrayna MDB-nin təsisçilərindən biri və üzvü olmuşdur. 2013-cü ildə Ukraynaya AİB-nə müşahidəçi statusu ilə üzv olmaq hüququ tanınmışdır. 2014-cü il sentyabrın 16-da Ukraynanın Ali Radası və Avropa parlamenti video əlaqə vasitəsilə Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişi parafladılar. Ukraynanın prezidenti Pyotr Poroşenkonun qeyd etdiyi kimi, “Bu Ukraynanın Avropaya doğru qəti və dönüşü olmayan seçimidir”. 2014-cü il sentyabrın 16-da Ukrayna ilə Avropa İttifaqı arasında imzalanmış ortaqlıq müqaviləsi tərəflər arasında dərin siyasi iş birliyinə, iqtisadi əməkdaşlığa və bazarda sərbəst hərəkət etmək imkanına şərait yaratmışdır. Hər iki tərəf sazişin mübahisəli maddələrinin 2016-cı ilə kimi qüvvəyə minməməsi haqqında razılığa gəlmişdir. Saziş Ukraynanın Aİ-na üzvlüyü üçün əhəmiyyətli addımdır.
Ukraynanın prezidenti Pyotr Poroşenko ilk xarici səfər çərçivəsində 2014-cü il iyunun 3-də Polşanın paytaxtı Varşavada ABŞ prezidenti Barak Obama ilə görüşmüşdür. Rəsmi Vaşinqton bir daha Ukrayna dövlətinin yanında olduğunu nümayiş etdirərək ölkənin ərazi bütövlüyünün pozulmasını pislədi. ABŞ Ukraynanın bir hissəsi hesab etdiyi Krımın zorla Rusiyaya ilhaq edilməsilə bağlı bu ölkəyə tətbiq etdiyi sanksiyaları sərtləşdirməyi nəzərdə tutduğunu ifadə etdi.
2014- cü il iyunun 4-də Brüsseldə toplaşan dövlət və hökumət başçılarının G 7 zirvəsində də Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozması kəskin tənqid olunaraq vəziyyəti normallaşdırmaq məqsədi ilə bir sıra konkret tələblər irəli sürülmüşdür. 2014-cü ilin iyulunda Rusiyaya qarşı bank, silah və neft şirkətlərini əhatə edən yeni sanksiyalar tətbiq olunmuşdur. Rusiya isə, öz növbəsində, ona sanksiya tətbiq edən ölkələrdən ət, balıq, meyvə, tərəvəz, süd məhsulları idxalına məhdudiyyət qoymuşdur. Sanksiyaların iqtisadi təsiri ağır olsa da onun siyasi nəticəsi görünmür. Analitik Z.Bjezinski vəziyyətdən çıxış yolunun kompromis olduğunu ifadə edərək bildirmişdir ki, Rusiya Krımı zəbt etmək kursundan imtina etməlidir, Qərb Ukraynanı NATO-ya daxil etmək məqsədinin olmadığına rusları inandırmalıdır.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev