Polşa Respublikası. 1989-2015- ci illər

Polşa Respublikası. 1989-2015- ci illər

Polşanın siyasi inkişafı.1989-cu il aprelin 17-də “Həmrəylik” təkrar qeydiyyatdan keçirildi. “Dəyirmi masa”nın işi qurtardıqdan sonra PBFP, müttəfiq partiyalar və müxalifət parlament seçkilərinə hazırlaşmağa başladı. Tərəflərin razılığına görə seymdəki mandantların 65 faizi hakim koalisiyaya (o cümlədən 37 faizi PBFP-yə ), 35 faizi müxalifət üçün nəzərdə tutulmuşdu. Senata seçkilər azad idi. 1989-cu ildə keçirilmiş parlament seçkilərinin iki turu müxalifətə böyük uğur qazandırdı. O, özünün bütün namizədlərini artıq birinci turda parlamentə keçirə bildi. Senatda isə 100 yerdən 99-nu tutdu. Seym və senatın birgə iclasında V.Yaruzleski ölkənin prezidenti seçildi.

Hökumətin tərkibi avqustun 17-də müəyyən edildi. PBFP-nin keçmiş müttəfiqləri Birləşmiş Kəndli partiyası və Demokratik partiya da hökumətin tərkibinə daxil olmaqla hazır olduğunu bildirdilər. Katolik ziyalıları hərəkatının tanınmış xadimi, əvvəllər “Həmrəyliyin” müşaviri olmuş Tadeuş Mazovetski hökumətin başçısı təyin olundu. Beləliklə, kommunistlərin əməli olaraq 40 ildən artıq uzun sürən şəriksiz hökmranlıq dövrü başa çatdı. Polşa parlamentli demokratiya yoluna daxil oldu. İkinci Dünya müharibəsindən sonra Polşa 45 il müddətində siyasi, ideoloji və təşkilati cəhətdən SSRİ-dən asılı olaraq mövcud olub. 1993-cü ildə tamamilə Polşanı tərk edən Sovet ordusunun və Dövlət Təhlükəsizlik komitəsinin yüksək rütbəli şəxslərinin hökumət strukturlarında və orduda mühüm vəzifələr tutmaları bu asılılığın mühüm şərtləri idi. Nəticədə kommunistlər tərəfindən qurulan sosial-iqtisadi sistem həyatın sınağından keçmədi, planlı iqtisadiyyat baş tutmadı, “blok” dövlətlərindəki sosialist nailiyyətlərin real həyatdan çox uzaq olduğu bəlli oldu.

1989-cu ilin payızında real sosializm adlanan quruluşun sürətlə dağılması prosesi başladı. İlk olaraq Macarıstanda demokratik partiyalar meydana gəldi və onlar hakimiyyəti ələ aldılar. 1989-cu ilin noyabrında kəskin etirazlardan sonra alman kommunistlərinin lideri Erix Honneker istefaya göndərildi. Berlini iki yerə bölən divar uçuruldu və vahid Almaniya dövləti yarandı. Bolqarıstanda “diktator” Todor Jivkovun hakimiyyəti devrildi. Çexoslovakiyada demokratik müxalifət qansız “məxməri” inqilabı həyata keçirdi, Vaslav Qavel prezident oldu. 1989-cu ilin dekabrında Rumıniyada Nikolay Çauşeskinin edamı ilə başa çatan hakimiyyət dəyişikliyi baş verdi. Xalq inqilabı nəticəsində hakimiyyət Milli Qurtuluş Cəbhəsinin əlinə keçdi. MQC-nin lideri İon İliyeski Rumıniyanın prezidenti seçildi. Bununla da Şərqi Avropa ölkələrində kommunist rejimləri süquta uğradı. Onun iqtisadi və siyasi hərbi strukturları buraxıldı.

Şərqi Avropanın sosialist ölkələrində cərəyan edən bu hadisələrin təsiri altında 1989-cu ilin ikinci yarısında Poşanın siyasi həyatında böyük dəyişikliklər əmələ gəldi. 1989-cu ilin noyabrında ölkədə 154 siyasi partiya qeydə alımışdı. Əvvəllər fəaliyyət göstərən partiyalar əsaslı dəyişikliyə məruz qaldılar. 1989-cu ilin sonu — 1990-cı ilin əvvəllərində Birləşmiş Kəndli Partiyası təşkilati cəhətdən yenidən qurularaq Polşa Kəndli Partiyası (PKP) kimi yenidən quruldu. 1990-cı ilin yanvarında PBFP-nin buraxılması haqqında qərar qəbul edən sonuncu XI qurultayı keçirildi. Onun bazasında yaradılan güclü partiyalardan biri Aleksandr Kvasnevski və Leşek Millerin rəhbərlik etdikləri Polşa Respublikası Sosial-Demokrat partiyası (PRSDP) onun varisi oldu. PRSDP elan etdi ki, çoxpartiyalı sistem, parlamentli demokratiya və bazar iqtisadiyyatı tərəfdarıdır. PBFP-nin üzvlərinin sayı 1989-cu ilin axırlarında təxminən 2 milyon nəfər olduğu halda yeni yaranan PRSDP-nin cəmi 50 min məfərə yaxın üzvü var idi.

1989- cu ilin dekabrında Polşa parlamenti yeni konstitusiyanın qəbul edilməsinə kimi bəzi maddələri dəyişdirilmiş 1952-ci il Konstitusiyası qüvvədə qalırdı. Lakin onun mətnindən dövlətin sosialist xarakteri, PBFP-nin rəhbər rolu, SSRİ ilə ittifaq kimi məsələlər çıxarılaraq siyasi partiyaların azad fəaliyyəti, özünüidarə və müstəqil sahibkarlığın ölkənin demokratik sisteminin əsası olması müddəaları əlavə edilmişdir. 1989-cu il dekabrın 29-da konstitusiyanın dəyişdirilmiş mətninin qəbul edilməsi nəticəsində formal olaraq Polşa Xalq Respublikası öz fəaliyyətini dayandırdı. Yeni dövlət Polşa Respublikası və yaxud III Reç Pospolita adlandı.

1990- cı ilin noyabrın axırlarında Polşa Respublikasında ilk prezident seçkiləri keçirildi. 5 nəfər namizədin iştirak etdiyi seçkidə yalnız ikinci turda Qərbdə böyük nüfuz sahibi olan, Nobel sülh mükafatı laureatı, onlarla Universitetlərin fəxri doktoru Lex Valensa Polşa Respublikasının prezidenti seçildi.

Valensa Lex 1943-cü ildə nasistlərin ilhaq etdiyi Pomorski voyevodalığında dülgər ailəsində anadan olmuşdur. 1961- ci ildə Lipnodakı texniki-sənət məktəbini bitirmişdir. 1963-1965-ci illərdə Polşa ordusuna qulluq etmişdir. 1967-ci ildən Qdansk tərsanəsində elektrik işləmişdir. 1976-cı ildə tənqidi çıxışlarına və rejim əleyhinə görüşlərinə görə işdən azad edilmişdir. 1980-cı ildə bir qrup tərəfdarı ilə Şərqi Avropada ilk dəfə azad, dövlətin nəzarət etmədiyi həmkarlar təşkilatı olan “Həmrəyliyi” yaratmışdır. 1981-ci ildə general V.Yaruzel-skinin siyasi rejimi “Həmrəyliyi” qanundankənar elan etmiş, L.Valensa isə həbsxanaya salınmışdır. 1983-cü fəhlələrin hüququnun müdafiəçisi kimi Nobel sülh mükafatı almışdır. 1990-cı ildəki prezident seçkilərində ikinci turda seçicilərin 74,25 faiz səsini toplayaraq Polşanın prezidenti seçilmişdir. 1995-ci ildə və 2006-cı ildəki prezident seçkilərin uduzaraq köhnə iş yerinə qayıtmışdır. Dövlət təhlükəsizlik orqanları ilə əməkdşlıqda ittiham edilir.

1991- ci ilin oktyabrında Polşa parlamentinə seçkilər baş tutdu. Parlamentdə mütləq çoxluğu “Həmrəylik” cəbhəsindən çıxan, lakin hazırda bir-birinə qarşı duran sağ və mərkəzçi partiyalar qazandılar. PRSDP başda olmaqla Demokratik sol qüvvələr ittifaqı seçki blokunda (DSQİ) birləşən sollar ikinci nəticə göstərdilər. Seçkilərdə iştirak edən partiyalardan heç bir səslərin mütləq əksəriyyətini qazana bilmədi. Əslində 20-ci illərdə yaranmış vəziyyət təkrar olundu, parlament 29 siyasi fraksiyadan təşkil edilmiş oldu. Bu da, öz növbəsində, hökumətin yaradılması işini olduqca çətinləşdirirdi. Eyni zamanda, prezident L.Valensa daima səlahiyyətlərini aşaraq qanunverici orqanların işinə müdaxilə edirdi. Çətin danışıqlardan sonra yaradılmış Y.Olşevski hökuməti yarım ildən bir az çox fəaliyyət göstərə bildi. Hökumətin süqutuna səbəb ali dövlət xadimlərinin lyustrasiyası haqqında seym tərəfindən qəbul edilən qərar və Daxili İşlər Nazirliyi tərəfindən PXR dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq edən ali dövlət xadimlərinin gizli siyahısının açıqlanması ilə bağlı başlanmış qalmaqal idi. Onların içərisində çoxlu məşhur siyasətçilər, o cümlədən prezident L.Valensa da vardır.

Seymin ən böyük uğuru 1992-ci ilin avqustunda Polşanın “kiçik” Konstitusiyası adlanan konstitusiyasının qəbul edilməsi oldu. Parlament idarəçiliyi sistemi parlament-prezident idarəçiliyi sisteminə çevrildi ki, bu da seym, prezident və hökumətin sıx konstruktiv fəaliyyətinin tarazlığını təmin etdi. Konstitusiyaya görə 5 il müddətinə seçilən prezident seym tərəfindən formalaşdırılmış hökuməti təyin etmək, onun istefasını qəbul etmək, güc nazirlərinin və xarici işlər nazirlərinin namizədlikləri haqqında rəy vermək hüququ aldı. Prezident Nazirlər Kabinetinin istefasından sonra yeni kabinet təşkil etmədikdə parlamenti də buraxa bilərdi.

1992- ci ilin iyununda Polşa tarixində ilk dəfə qadın baş nazir — Xanna Suxotskaya “Milli razılıq” hökumətinə başçılıq etdi. O, dövlətin təsərrüfat fəaliyyətini məhdudlaşdırmaq, müəssisələrin özəlləşdirilməsini sürətləndirmək, kənd təsrrüfatını yeniləşdirmək kursunu götürdü. 1993-cü ilin mayında seym bir səs üstünlüyü ilə X.Suxotskaya hökumətinə etimadsızlıq göstərdi və hökumət istefaya göndərildi. X.Suxotskayanın rəbərlik etdiyi hökuməti istefaya göndərildikdən sonra yeni hökumətin təşkili bir ay çəkdi və bu dəfə sağmərkəzçi koalision hökumət yaradıldı. Bu hökumət də sağdan və soldan kəskin tənqidə məruz qaldı.

1993- cü ildə prezident Lex Valensa konstitusiya səlahiyyətlərindən istifadə edərək, dövlət büdcəsini müəyyən edilmiş vaxtda təsdiq edə bilmədiyi üçün parlamenti vaxtından əvvəl buraxdı. Parlament seçkiləri seymin buraxılmasından bir müddət əvvəl qəbul etdiyi seçkilər haqqında yeni qanuna uyğun keçirildi. Qanuna görə seçicilərin 5 faiz səsini toplamış partiyalar parlamentə seçilə bilərdi.

1993-cü il seçkiləri sol qüvvələr — Demokratik Sol Qüvvələr İttifaqı və Polşa Xalq partiyası üçün uğurlu oldu. İkinci yeri tutmuş Polşa Kəndli partiyası ilə birlikdə sollar seymdə mütləq səs çoxluğu qazandılar ki, burada da 6 partiya təmsil olunmuşdu. Tezliklə koalisiya haqqında razılıq əldə edildi. Onlar parlamentdə çoxluq qazandıqlarından yeni hökuməti təşkil etmək hüququ əldə etdilər. İki il hakimiyətdən qalan solların hökumətinə əvvəlcə PKP-dan Valdemar Pavlyak, sonra isə sosial-demokrat Yuzef Oleks başçılıq etdi. Koalision hökumətin əsas diqqəti əvvəlki hökumətin buraxdığı səhvlərin aradan qaldırılmasına yönəldilmişdi. Özəlləşdirmənin sürəti azaldıldı, sənayenin dağılmağının miqyası məhdudlaşdırıldı, nəticədə işsizliyin artmasınının qarşısı alındı, əmək haqqı stabilləşdirildi.

Seym ilə prezident münasibətlərinin kəskinləşməsinə yol verməmək məqsədi ilə koalisiya iştirakçıları L.Valensaya güc nazirliklərinə və xarici işlər nazirliyinə nazirlərin təyin edilməsi hüququnun verilməsi ilə razılaşdı. Baxmayaraq ki, “kiçik” Konstitusiyada bu hüquq prezidentə verilməmişdi. Hakim koalisiya ilə Prezident arasında vaxtaşırı çəkişmə və hətta münaqişə baş verirdi. Hökumətin əleyhdarları bəzən heç bir əsas olmadan yüksək rütbəlu siyasətçilər PXR təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməkdə əsassız ittihamlar irəli sürmək üsulundan istifadə edirdilər. Bunun nəticəsi olaraq Baş nazir Y.Oleksi onların qurbanı oldu. Onun yerini Vlodzimej Çimoşeviç (DSQİ) tutdu. Bütün bu çəkişmələrə və fikir ayrılıqlarına baxmayaraq bu illər Polşada parlament siteminin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılmış oldu.

1995-ci ilin noyabrında prezident seçkiləri keçirildi. Seçkinin nəticələrinə görə ikinci tura L.Valensa və PRSD partiyasının lideri A.Kvasnevski çıxdılar. Gənc seçicilərin səslərinin çox hissəsini toplayan A.Kvasnevski Polşanın prezidenti seçildi.

1997-ci ilin yazında parlament ümummilli referendum nəticəsində bəyənilmiş Polşa Respublikasının yeni Konstitusiyasını qəbul etdi. Konstitusiyada Polşa parlamentli Respublika kimi təsbit edildi. Konstitusiya Polşanı “sosial ədalət prinsipləri üzərində qurulan demokratik, hüquqi dövlət” kimi səciyyələndirdi. Parlament 4 il müddətində, prezident 5 il müddətinə seçilirdi. Qanunvericilik təşəbbüsü hüququ seym, senat, hökumət və prezidentlə yanaşı sayı 100 mindən az olmayan vətəndaş qrupları da əldə etdilər. Parlament kabineti formalaşdırmaq və istefaya göndərmək səlahiyyətinə malik idi. Kabinetin başçısını qələbə çalan partiya və ya koalisiya təqdim edir, hökumət isə formal olaraq prezident tərəfindən təsdiq edilirdi. Prezident güc nazirləri və xarici işlər naziri təyin edilərkən əvvəllər verilmiş səlahiyyətdən məhrum edildi. Prezident parlament tərəfindən qəbul edilmiş qanunlara veto qoymaq hüququ əldə etdi. Lakin parlament veto qoyulmuş qanuna seymin təcrübəli iştirakçılrının 3/5 hissəsinin səsini topladıqda prezidentin veto hüququnu ləğv edə və ya konstitusiya tribunalına göndərə bilərdi. Sonuncunun qəbul etdiyi qərar qəti idi. Yeni hökumət təşkil edə bilmədikdə prezident seymi buraxmaq hüququna malik idi.

Demokratik Sol Qüvvələr İttifaqı və Polşa Kəndli partiyası daxili və xarici siyasət sahəsində mühüm uğurlar qazanmasına baxmayaraq, 1997-ci il seçkilərində əvvəlki seymdə təmsil olunmayan müxalifət qüvvələrinə uduzdu. Onlar hələ 1996-cı ildə “Həmrəylik” Seçki Aksiyasında (HSA) birləşmişdilər. Bununla yanaşı, DSQİ 1992-ci il seçkilərinə nisbətən daha çox səs qazansalar da Həmrəylik Seçki Aksiyasına uduzdu. Seymə yalnız 5 patiya daxil ola bildi. Seçkinin nəticələrinə görə Yeji Buzek başda olmaqla koalision hökumət formalaşdırıldı ki, hökumətin tərkibinə qalib gəlmiş blokla yanaşı əvvəllər “Həmrəylik” təşkilatının bazasında meydana gəlmiş mərkəzçi Azadlıq Uniyası da daxil oldu.

Hökumət, ilk növbədə, PXR dövrünə mənfi münasibəti özündə əks etdirən bir sıra qərarları seymdən keçirə bildi. Qərarlarda Polşa xalqının iradəsinə zidd olaraq ona qəbul etdirilmiş totalitar kommunist sistemi tənqid edilirdi. 1945-1989-cu illərdə hakimiyyət orqanlarında fəaliyyəti cinayət xarakteri daşıyanların cəzalandırılacağı göstərilirdi. Həmçinin lüstra-siya haqqında qanuna müvafiq olaraq dövlət strukturlarında yüksək vəzifələrdə çalışan şəxslər PXR-in xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmələri haqqında bəyannamə təqdim etməli idilər. Bunun yoxlanılması lüstrasiya məhkəməsinə və prokurora həvalə edilirdi. PXR-in bütün gizli xidmət arxilvəri Milli Yaddaş İnstitutuna verildi. Hər bir Polşa vətəndaşı onun haqqında burada olan və ya nə vaxtsa açılan dosya ilə tanış olmaq hüququna malik idi.

Y.Buzek hökumətin fəaliyyətinin növbəti istiqaməti seçki kampaniyası ərəfəsində vəd edilmiş idarəçilik sistemində, səhiyyədə, təhsildə, orduda və sosial təminat sahələrindən asılı islahatlar keçirilməsinə hazırlığa başlaması idi. Səhiyyə və təhsil sahəsində yenidənqurma cəmiyyət tərəfindən ağrılı qarşılandı. Bu müəssisələr üçün ayrılan vəsaitin çox hissəsi vətəndaşların və yerli özünüidarə orqanlarının üzərinə düşməklə yanaşı, həm də xırda yaşayış məntəqələrində çoxlu xəstəxana və məktəblərin bağlanmasına səbəb oldu. İnzibati islahatın gedişində voyevodalıqların sayı 49-dan 16-ya endirilməsi də, dövlət qulluqçularının gözlənilən sayı nəinki azalmadı, icmalarla voyevodalıqlar arasında daha 227 aralıq orqanlar yaradıldı. Nəticədə mərkəzi dövlət orqanlarında çalışan qulluqçuların sayı 1989-cu ildəki 40 mindən 2000-ci ildə 150 minə, voyevodalıqda isə müvafiq olaraq 110 mindən 118 minə çatdı. Paralel olaraq, çox hallarda dövlət orqanlarını təkrarlayan, tam fəaliyyət göstərmək üçün kifayət qədər maliyyə vəsaiti olmayan özünüidarə orqanları yaradılırdı. Hökumət dövlət hakimiyyəti və özünüidarə orqanlarında islahatın köməyi ilə idarəetmənin səmərəliliyini yüksəltmək və həm də əsas vəzifələrə özünün tərəfdarlarını yerləşdirmək məqsədi güdürdü. 1997-2000-ci illərdə dövlət idarəçiliyin yenidən qurulması istiqamətində hökumətin atdığı addımlar cəmiyyət tərəfindən müdafiə edilmədi və rəyi soruşulanların 50 faizi hökumətin bu addımlarına mənfi münasibət bildirdi. Cəmiyyətdə hökumətin nüfuzunun aşağı düşməsi 2000-ci ilin mayında Azadlıq Uniyasının koalisyasından çıxmasına gətirib çıxardı. Hökumət parlamentdə çoxluğu itirsə də hakimiyyətdə qala bildi. Azlığın hökuməti kimi fəaliyyətini davam etdirən Y.Buzak kabineti islahatları dayandırdı.

2000- ci ilin payızında yeni Polşada növbəti — sayca üçüncü prezident seçkiləri keçirildi. Seçkinin elə birinci turunda özünün yaxın rəqibindən üç dəfə çox səs toplayan A.Kvasnevski qalib gəldi. Keçmiş kommunistlərə qarşı dayanmağa qadir və iqtisadi vəziyyəti düzəldə biləcək vahid namizəd kimi özünü təqdim edən L.Valensa seçicilərin yalnız bir faizinin səslərini toplaya bildi. Bu nəticə əslində onun siyasi karyerasının başa çatması idi və L.Valensa əvvəlki iş yerinə — Qdansk tərsanəsinə qayıtdı.

2001- ci il Polşanın sonrakı siyasi sisteminin yenidən qurulması dövrünün başlanğıcı oldu. Belə ki, həm Azadlıq Uniyası və həm də “Azadlıq Seçki Aksiyası” (ASA) böhran və parçalanmaya məruz qaldılar. Sağların və mərkəzçilərin bir hissəsi bu təşkilatlardan ayrılaraq Vətəndaş Platformasını (VP) yaratdılar. Digər yeni yaradılmış sağmərkəzçi siyasi təşkilat bir vaxtlar L.Valensanın qızğın tərəfdarları və sonralar onun qəti əleyhdarları olan əkiz qardaşlar Lex və Yaroslav Kaçinskilərin rəhbərlik etdikləri Hüquq və Ədalət təşkilatı idi. “Özünümüdafiə” partiyası da ölkədə böyük nüfuz qazanmaqda idi. Bu partiyaya yollarda, hökumət idarələrində blokadarlar quran, kütləvi yürüşlər və s. təşkil edən, populist çıxışları ilə cəmiyyət tərəfindən, xüsusilə bazar xüsusiyyətli dəyişikliklərlə həyat səviyyəsinin aşağı düşməsindən narazı olan kənd seçiciləri tərəfindən özünə çoxlu tərəfdar tapan Anje Lepperin başçılıq edirdi. 2001-ci ildə keçirilən parlament seçkiləri seçicilərin 40 faizindən çoxunun səslərini toplamış Sol Qüvvələr Demokratik İttifaqının (SQDİ) və Əmək Uniyası koalisiyasının qələbəsi ilə nəticələndi. Cəmi 6 partiya öz deputatlarını seymə keçirə bildi. Onların içərisində “Həmrəylik” Seçki Aksiyası və Azadlıq Uniyası yox idi. Lakin solların qələbəsinə baxmayaraq hökuməti təşkil etmək üçün kifayət qədər mandat olmadığından onlar Polşa Kəndli partiyası ilə koalisiyaya girməyə məcbur oldular. SQDİ-nin nümayəndəsi L.Miller Baş nazir oldu. Maliyyə sistemini sağlamlaşdırmaq, ölkəni iqtisadi böhran təhlükəsindən qurtarmaq və Avropa İttifaqına daxil olmağa tezləşdirmək hökumətin qarşısında duran ən yaxın vəzifələr idi. Polşanın iqtisadi vəziyyəti olduqca ağır idi. Büdcə kəsiri 88 milyard zlotı təşkil edirdi, sənayedə durğunluq hökm sürürdü, işsizlərin sayı 2,8 milyon nəfərə çatmışdı.

Polşa Kəndli partiyası ilə koalisiya heç də möhkəm deyildi. “Özünümüdafiə” partiyasının kənddə nüfuzunun daima artması Polşa Kəndli partiyasının kənddə sosial dayağını get-gedə zəiflədirdi. Həm də Polşada istehsal olunan kənd təsərrüfatı məhsulları Avropa İttifaqı dövlətləri və ABŞ-da istehsal olunan kənd təsərrüfatı məhsulları ilə rəqabət apara bilmirdi. Hökumət heç cür iqtisadiyyatdakı böhran hallarını aradan qaldırmaq proqramnı həyata keçirə bilmirdi. İqtisadi bloka daxil olan nazirlərin tez-tez dəyişdirilməsi də xalq təsərrüfatının sabit inkişaf etməsini təmin edə bilmirdi. Bu və digər səbəblər 2003-cü ilin fevralında hökumət koalisiyasının dağılmasına gətirib çıxardı. Lakin Y.Buzek Hökuməti kimi, L.Millerin kabineti də istefa vermədi. Hökumət daha iki il fəaliyyət göstərsə də kabinetin və SQDİ-nin nüfuzu daima aşağı düşürdü. 2004-cü ilin martında SQDİ-nin tarixində ilk dəfə parçalanma baş verdi və 2004-cü ilin mayında Polşanın Avropa İttifaqına daxil olmasının ertəsi günü L.Miller baş nazir vəzifəsini tərk etdi. Onun varisi Marek Belka 2005-ci ilin sentyabrında keçirilən parlament seçkilərinə qədər hökuməti saxlaya bildi.

2005-ci il seçkilərində seçkiqabağı mübarizəyə qoşulmuş 52 partiyadan yalnız 6-sı 5 faizlik həddi keçərək parlamentdə yer ala bildilər. Sağçı Hüquq və Ədalət partiyası seçkilərin qalibi oldu. İkinci yerə sağmərkəzçi Vətəndaş Platforması, üçüncü yerə heç kəsin gözləmədiyi halda “Özünümüdafiə” partiyası çıxdı.

2005-ci ilin oktyabrında Polşada növbəti prezident seçkiləri keçirildi. İkinci turda Polşa Kəndli partiyasının namizədi Lex Kaçinski birinci turun qalibi, Vətəndaş Platformasının lideri Donald Tusku qabaqlayaraq qələbə çaldı. D.Tuskun məğlubiyyətinin başlıca səbəbi onun partiyasının PKP ilə koalisiyaya girməkdən imtina etməsi idi. Seçkilərdən sonra 2005-ci ilin noyabrında PKP-nin nümayənəsi Kazimej Martsinkeviçin başçılıq etdiyi yeni hökumət yaradıldı. 2006-cı ilin mayında PKP, “Özünümüdafiə” partiyası və Polşa Ailələri Klerikal Liqası nümayəndələrindən təşkil olunmuş koalision hökumət formalaşdı. 2006-cı ilin iyununda K.Martsinkeviçi PKP-nin lideri D.Kaçinski əvəz etdi.

Parlament demokratiyası şəraitində Polşanın siyasi inkişaf təcrübəsi göstərdi ki, ölkədə islahatları ardıcıllıqla həyata keçirə bilən sabit hökumətin yaradılması vəzifəsi həll edilməmiş qaldı. Partiyaların təşkilatlanması hələ tam başa çatdırılmamışdı. 1991-ci ildən sonra keçirilən bütün parlament seçkilərində yalnız iki partiya — Sol Qüvvələr Demokratik İttifaqı (SQDİ) və PKP müntəzəm iştirak etmişdir. Son illərdə “Özünümüdafiə” partiyası və millətçi Polşa Ailələri Liqası təşkilatlarının nüfuzunun artması müşahidə edilir. Bu iki partiya 2005-ci il seçkilərində birlikdə 19 faizdən çox səs toplaya bildilər. Nəhayət, prezident və parlament seçkilərində iştirak edənlərin sayının azalması tendensiyası da müşahidə olunmaqdadır. Belə ki, 2005-ci il parlament və prezident seçkilərində müvafiq olaraq əhalinin 40,57 faizi və 50 faizə yaxını iştirak etmişdir. Buna səbəb cəmiyyətin müxtəlif təbəqələrinin parlament demokratiyasından və özlərinin həyat səviyyəsindən narazılığı idi. XXI əsrin əvvəllərində ölkədə keçirilən rəy sorğusuna görə əhalinin 39 faizi özlərinin ən yaxşı illərini E.Gerek dövrünə, 40 faizi V.Yaruzleski dövrünə, 15,5 faizi isə cəmiyyətin yenidən qurulması dövrünə aid edirlər. Buna baxmayaraq, Polşanın siyasi qüvvələrinin böyük hissəsi konstitusiyanın və seçki qanunun dəyişdirilməsi məsələsini irəli sürmür, hakimiyyət sükanında sağ və sol qüvvələrin vaxtaşırı bir-birini əvəz etməsi onları tam qane edir. Xaricilərlə bərabər rəqabət aparmaq iqtidarında olmayan və dövlətin müdafiəsinə ehtiyacı olan ölkə sahibkarları da bu vəziyyətlə razılaşmalı oldular.

2007-ci ilin oktyabrında Polşada növbədənkənar parlament seçkiləri oldu. Seçkilərdə “Vətəndaş Platforması” qələbə qazandı, onun lideri Donald Tusk Baş nazir seçildi. 2010-cu il aprelin 10-da Polşanın prezidenti Lex Kaçinski Xatın faciəsinin ildönümündə iştirak etmək məqsədilə Rusiyanın Smolensk şəhərinə uçarkən təyyarəsi qəzaya uğradı, dövlət başçısı, həyat yoldaşı və təyyarədəkilər həlak oldu. Dövlət başçısı vəzifəsini Seymin marşalı Bronislav Komorovski yerinə yetirməyə başladı. 2010-cu il iyulun 4-də prezident seçkilərinin ikinci turu oldu, Bronislav Komorovski prezident seçilərək avqustun 6-da fəaliyyətə başladı. 2011-ci il oktyabrın 9-da növbəti parlament seçkiləri keçirildi, “Vətəndaş Platforması” və Polşa Kəndli partiyası Seym və Senatda çoxluq təşkil etdi. 2015-ci il avqustun 6-dan Ancey Duda Polşanın Prezidentidir. 2014-cü il sentyabrın 22-də Eva Kopaç “Vətəndaş Platforması”nın liderlərindən biri kimi Polşanın 54-cü hökumətini təşkil etmişdir.

Polşanın iqtisadi inkişafı

Polşada siyasi sistemin yenidən qurulması dövründə ölkənin iqtisadiyyatında ciddi çətinliklər yaranmışdı,1989-cu ilin birinci yarısında inflyasiya kəskin şəkildə artmağa başladı. Meçislav Rakovskinin başçılıq etdiyi Polşa Xalq Respublikasının sonuncu hökumətinin qiymətləri və əmək haqqını dondurmaq cəhdi bir nəticə vermədi. Mağazaların rəfləri boşaldı. 1989-cu il iyulun sonlarında bazar qiymətlərinə keçilməsi ilə əlaqədar inflyasiya 1989-1990-cı illərdə 558 faizə çatdı, qara bazarda bir Amerika dolları 13 min zlotıya dəyişdirilirdi. Ölkənin borcları 48 milyard dollara yüksəlmişdi.

İqtisadiyyatın yenidən qurulması böyük çətinliklərlə həyata keçirilirdi. Həyat səviyyəsinin aşağı düşməsi, kütləvi işsizlik, əhalinin sosial müdafiəsinin zəif olması, bütün bunlar etiraz çıxışlarına səbəb olur və ölkənin sosial-siyasi vəziyyətini mürəkkəbləşdirirdi. 1989-cu il seçkilərdən sonra hökumətin baş naziri “Həmrəylik” xadimi Tadeuş Mazovetski oldu. T.Ma-zovetski hökuməti maliyyə naziri Leşek Baltseroviçin hazırladığı iqtisadiyyatın köklü surətdə yenidən qurulması və sağlalaşdırılması palnını həyata keçirməyə başladı. Bu plana Polşa iqtisadiyyatının sabitləşdirilməsinin Baltseroviç planı deyilirdi. Plan qərb ölkələri tərəfindən bəyənildi və maliyyə dəstəyi aldı. O, planlı iqtisadiyyatın sürətlə bazar iqtisadiyyatına keçməyini nəzərdə tuturdu və “sok terapiya” — yəni məşğulluğun azaldılaması, işsizliyin artması adını aldı. Qiymətlər üzərində nəzarət ləğv olundu, dövlət mülkiyyəti özəlləşdirilməyə başlandı, xarici kapital iqtisadiyyata cəlb edildi. Bu tədbirlər bazarın sabitləşməsinə nail olmağa imkan verdi, mağazalar müxtəlif mallarla dolmağa başladı, defısit anlayışı yox oldu, ölkənin pul vahidi zlotı konversiya edilmək qabiliyyəti qazandı. Polşanın bazar iqtisadiyyatına keçməsində marağı olan Qərb ölkələri Polşaya kömək göstərdilər. Onlar 1991-ci ildə 50 miyard dolları — keçmiş borcu azaltmağa razı oldular. Görülən tədbirlər sənaye və kənd təsərrüfatı istehsalının aşağı düşməsinin qarşısını almaq üçün heç də kifayət deyildi. Sənaye müəssisələrinin müflisləşməsi və dövlət kənd təsərrüfatı müəssisələrinin ləğv edilməsi halları baş verirdi.

Baltseroviç planı nəzərdə tutulduğundan daha sürətlə keçirildiyindən işsizlərin sayı 1991-ci ilin payızında artaraq 2,4 milyon nəfərə çatdı. Ölkədə tətil dalğası, nümyaişlər başladı və bu da vaxtaşırı asayiş qüvvələri ilə toqquşmalara gətirib çıxarırdı, qeyri rəsmi məlumata görə bu toqquşmalarda 18 nəfər həlak oldu ki, bu da 1981-ci ildə tədbiq edilmiş hərbi vəziyyət dövründəkindən çox idi. Eyni zamanda hökumət müəssisələrin səhm ilə satılmasına və özəlləşdirilməsinə başladı. Faktiki olaraq bu proses hələ PBFP-nin idarəçiliyi dövründə başlamışdı və 1989-cu ildə geniş xarakter aldı. Lakin ölkə əhalisinin böyük bir hissəsinin müəssislərin səhmlərini almaq üçün real imkanı yox idi. Buna baxmayaraq, emaledici sənayedə xüsusi bölmənin çəkisi 1989-cu ildəki 7,4 faizdən 1993-cü ildə 36,3 faizə çatdı. Polşa məqsədyönlü şəkildə bazar iqtisadiyyatına doğru irəliləyirdi.

Nəhayət, 1992-ci ildə sənaye istehsalının aşağı düşməsinin qarşısı alındı və onun 2000-ci ilə qədər davam edən yüksəlişi başlandı. İqtisadi yüksəliş daha uğurla 1993-1997-ci illər baş verdi. Ümumi daxili məhsul 1,8 dəfə artdı ki, bu da dünyada ən böyük göstəricilərdən biri idi. 1998-ci ildə istehsal qismən aşağı düşməyə başladı və bu meylin 2005-ci ilə qədər qarşısını almaq mümkün olmadı. 1990-2005-ci illərə sənaye istehsalının həcmi ildə orta hesabla 4-6,5 faiz artdığı halda, kənd təsərrüfatı məhsulları istehsalında artım hiss olunmurdu. Həm də aldıqları sənaye mallarının qiymətlərinin artmasına baxmayaraq kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsi müşahidə olunurdu.

Büdcə kəsirinin artması ciddi iqtisadi problem kimi qalırdı. 2000-ci ildə ümumi daxili məhsulun 33 fazini təşkil edən daxili borc və ona sərf olunan büdcə xərcləri daima artmaqda idi. Bu fəal iqtisadi siyasətin həyata keçirilməsi imkanını məhdudlaşdırırdı. Büdcənin forma-laşdırlmasında vasitəli verginin, həmçinin mütərəqqi şkala ilə tutulan gəlir vergisinin rolu böyük idi. 80-ci illərin sonlarında infilyasiyanın qarşısının alınması 1995-ci ildə milli valyuta zlotını 10.000:1 nisbətə denominasiya etməklə mümkün oldu. Maliyyənin stabilləşdirilməsi xarici ticarətdə, həmçinin sərhədyanı ticarətdə müsbət saldo yaradılmasına imkan yaratdı. Polşaya vizasız gediş-gəlişdən istifadə edən şərqdən gələn “çelnoklar” — alverçilər ildə oradan 5,5 milyard dollarlıq mal alırdılar. Avropa İttifaqına daxil olmaq kursunu götürən Polşa 90-cı illərin sonlarında Rusiya ilə viza rejiminə keçdi, bunun nəticəsində Kalininqrad vilayəti vasitəsilə sərhədyanı ticarətin həcmi kəkin şəkildə aşağı düşdü. XXI əsrin əvvəllərində Rusiyadan idxal edilən neft və qazın qiymətinin kəskin artması vəziyyəti daha da gərginləşdirdi. Nəticədə Polşanın xarici borcu 1994-cü ildəki 26 milyard dollardan 2005-ci ildə 80 milyard dollara çatdı.

İşsizliyin yüksək səviyyədə olması Polşa üçün ən ağır sosial problem kimi qalırdı. Son 15 ildə yalnız 1997-ci ildə bu rəqəm 1,8 milyon nəfərə enmiş, qalan illərdə bu rəqəm 2,5 milyon nəfərdən az olmamışdır. Bununla əlaqədar olaraq həm sayları ildə 200 min nəfərdən çox olan mövsümü, həm də daimi yaşamaq üçün miqrasiya geniş miqyas almaqda idi. Hər il 15-20 min polyak ölkəni tərk edirdi ki, bu da ölkəyə qayıdanların sayından çox idi.

Özəlləşdirmənin ümumi xarakter alması məqsədilə 1993-cü ildə milli İnvestisya fondu (MİF) haqqında qanun qəbul edildi. Qanunda ölkənin bütün yaşlı əhalisinə seçdiyi müəssisələrin vəsaitinin 60 faizinin verilməsi nəzərdə tutulurdu ki, bunların səmərəli idarə edilməsi səhm sahiblərinin zənginləşməsinə və iqtisadiyyatın modernləşməsi ilə nəticələnməsi idi. Bunun üçün 512 müəssisə ayrıldı ki, bunların əsasında 15 MİF yaradıldı. Artıq 1997-ci ildə bütün pay şəhadətnamələrinin hamısı satıldı. Ümumi özəlləşdirmə təcrübədə özünü doğrultmadı. MİF-lərin çoxu müflisləşdi. Hökumət və deputatlar onların fəaliyyərinə lazımi diqqət yetirmədilər. Pul özəlləşdirilməsi uğurla davam edirdi və xırda biznes inkişaf edirdi. Xüsusi bölmədə kənd təsərrüfatı istisna olmaqla 1997-ci ildə Ümumi daxili məhsulun (ÜDM) 64 faizi istehsal edilirdi.

Kənd təsərrüfatının yenidən qurulması çətinliklərlə üzləşmişdi. Yenidənqurma dövrünün lap əvvəlində iri dövlət təsərrüfatları ləğv edildi ki, bu da kənddə işsizliyin kəskin artmasına səbəb oldu. Dövlətin büdcəsindən yardım almağa adət etmiş kəndli təsərrüfatları Avropa İttifaqının kənd təsərrüfatı məhsulları ilə rəqabət aparmağa məcbur oldu. Bunun sayəsində az məhsuldar torpaqlar dövriyyədən çıxdı, kiçik və orta təsərrüfatlar tənəzzülə uğradı. Polşanın Avropa İttifaqına daxil olması və məqsədli yardım alması ilə kənd təsərrüfatının modernləşdirilməsi artdı.

Polşa sənaye-aqrar ölkəsidir. 2012-ci ildə ümumi məhsul istehsalında əhalinin hər bir nəfərinə düşən alıcılıq payı 22162 dollar təşkil edir. Nominal olaraq ümumi məhsul istehsalı isə 489,795 milyard dollardır. Dünya bankının məlumatına görə 2013-cü ildə nominal ümumi məhsul istehsalı artaraq 517,5 milyard dollar təşkil etmişdir ki, bu da dünyada 24-cü göstərici deməkdir. Polşada iş qabiliyyəti olan əhalinin 2004-cü ildə 18 faizi işsiz olduğu halda, 2008-ci ildə işsizlər 6,5 faizə düşmüşdür.

Polşa beynəlxalq münasibətlər sistemində

SSRİ-nin qərbi antihitler koalisiyası müttəfiqlərinin 1945-ci ildə Müvəqqəti Milli Birlik hökumətini tanıması Polşanın tezliklə beynəlxalq siyasətə qoşulmasına imkan verdi. Polşa BMT-nin təsisçilərindən biri kimi onun nizamnaməsini imzalamaq, köhnə və yeni yaranan beynəlxalq təşkilatlara daxil olmaq hüququ əldə etdi. Polşanın xarici siyasətinin fərqləndirici cəhəti ondan ibarət idi ki, 80-cı illərin sonlarına qədər SSRİ ilə münasibətlərə üstünlük verirdi.

Polşanın Sovet İttifaqına meylli olması, ilk növbədə, SSRİ-nin fəal səyi nəticəsində 1945-ci il Potsdam konfransında onun qərbdə və şimalda 1939-cu ilə qədər Almaniyanın nəzarəti altında olan torpaqların: Aşağı Sileziya, Opol Sileziyası, Lyubuş torpağı, Qərbi Pomorye, Şərqi Prussiyanın bir hissəsi, azad şəhər Dansiq (Qdansk) daxil olmaqla geniş torpaqların ona qaytarılması ilə bağlı idi. Mərkəzi Avropada sərhədlərin dəyişdirilməsi məsələsi Almaniyaya dair sülh konfransında həll edilməli idi. Lakin belə bir konfrans keçirilmədi. Polşanın qərb sərhədi 1953-cü ildə Polşa-ADR, 1970-ci ildə Polşa- AFR müqavilələri ilə nizama salındı. AFR dövlət sərhəddinin Oder və Neysə çayları boyunca keçməsini qəbul etdi.

Polşa sosialist əməkdaşlığı adlanan xalq demokratiyası cəbhəsinin formalaşdırılmasında fəal iştirak edirdi. Sonralar bu sosializm birliyi adlanmağa başladı. Polşa 1949-cu ildə Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) təsisçilərindən biri oldu. Həmçinin 1955-ci ildə Polşanın paytaxtında NATO-ya və yenidən hərbiləşdirilmiş AFR-ə qarşı duran Varşava Müqaviləsi Təşkilatı yaradıldı.

Polşa hökuməti Avropada beynəlxalq gərginliyin zəiflədilməsi istiqamətinə yönəldilmiş bir sıra təşəbbüslərin təşkilatçısı idi. 1957-ci ildə Polşa tərəfindən Avropada nüvəsiz zona yaradılması planını, yəni diplomayita tarixində “Rapatski planı” adlanan planı irəli sürdü. Polşa həmçinin 1975-ci ildə Helsinkidə keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Ümumavropa müşavirəsinin əsas təşəbbüsçülərindən biri oldu.

Sosializm sisteminin dağılması ilə Polşanın tam suverenliyi və müstəqilliyi ona qaytarıldı və eyni zamanda onun siyasi elitasının qarşısında ölkənin milli təhlükəsizliyinin yeni yollarını axtarmağa vadar etdi. Polşada 1989-cu ildə ilk qeyri-kommunist hökumətinin yaradılması ilə Sovet İttifaqının nəzarəti altında həyata keçirilən əvvəlki xarici siyasət kursundan imtina etmələri üçün şərait yaranmış oldu. Lakin yeni xarici siyasət kursunu həyata keçirmək üçün real imkan Çexoslovakiyada “məxməri” inqilabın baş verməsi, Berlin divarlarının uçurulması və Varşava Müqaviləsi Təşkilatının ölkəyə soxulması təhlükəsi aradan qalxdıqdan sonra yarandı. 1990-cı ildə Varşavanın təkidi ilə sovet qoşunlarının ölkədən çıxarılması haqqında başlanan danışıqlar 1992-ci ildə uğurla nəticələndi. 1992-ci ildə Varşava Müqaviləsi Təşkilatının buraxılması ilə milli təhlükəsizliyin təmin edilməsi dönməz xarakter aldı.

1991-ci ildə Polşa Mərkəzi, Şərqi və Cənubi Avropa ölkələri əməkdaşlığı təşkilatına -Mərkəzi Avropa təşəbüsünə qoşuldu. Buraya Avstriya, Macarıstan, İtaliya, Yuqoslaviya və Çexolovakiya daxil idi. Lakin Yuqoslaviyanın dağılması və orada başlanan millətlərarası münaqişələr və toqquşmalar təşkilatın fəaliyyətinin reallaşdırılmasına imkan vermədi.

1991-ci ilin avqustunda Polşa da daxil olduğu Almaniya və Fransa ilə birlikdə Veymar üçbucağı, Çexoslovakiya və Macarıstanla birlikdə Vışeqrad üçbucağı təşkil olundu. Polşa həmçinin 1990-cı ilin əvvəllərində Baltik dənizi dövlətləri İttifaqının və azad ticarət haqqında Mərkəzi Avropa sazişi regional təşkilatların yaradılmasında fəal iştirak edirdi.

SSRİ-nin süqutundan sonra Polşa hökuməti tezliklə yeni yaradılmış dövlətlərin müstəqilliyini tanıdı və öz üzərinə Avropada onlara bələdçi rolunda çıxış etməyə cəhd göstərirdi. Postyuqoslaviya məkaninda etnik qruplar arasında toqquşmalarda Varşavanın antiserbiya siyasəti də Qərblə yaxınlaşmasına şərait yaratdı.

A.Kvasnevskinin prezident seçkilərində qələbəsi ölkənin xarici siyasət kursuna təsir etmədi. Bununla yanaşı, Qərb ölkələri ilə, ilk növbədə Vaşinqtonla əlaqələr xeyli fəallaşmağa başladı. ABŞ konqresi 1994-cü il yanvarın 27-də NATO-nun genişləndirilməsini elan edən qərar qəbul etdi. Polşa Respublikasında NATO-ya daxil olmağı demokratiyanın və təhlükəsizliyin təminatı olduğu fikrində idilər. Polşanın xarici işlər naziri Y.Onitskeviç bəyan etdi ki, NATO-ya daxil olmaq eyni zamanda Rusiyanın Polşa üçün yaratdığı təhlükədən qorunmaq məqsədilə vacibdir. Polşa 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramını imzalamaqla bu hərbi-siyasi təşkilata daxil olmaq istiqamətində real addım atmış oldu. 1996-cı il iyul ayında Polşanın prezidenti A.Kvasnevski Vaşinqtonda ABŞ prezidenti B.Kilintonla görüşündə NATO-nun şərqə doğru genişlənməsi müzakirə olundu. Alyansın genişlənməsini müdafiə edən hər iki tərəf bildirdi ki, təşkilata yeni dövlətlərin daxil olması hər hansı bir ölkəyə qarşı yönəlməyib və Avropada təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Rusiyanın etirazına baxmayaraq Polşa rəhbərliyinin Şimali Atlantika İttifaqına daxil olmaq haqqında inadlı cəhdi öz nəticəsini verdi. 1997-ci ildə Madriddə NATO üzvləri tərəfindən Polşa da daxil olmaqla Vişeqrad qrupu iştirakçılarının bloka üzv qəbul edilməsi haqqında qərar qəbul edildi. Qərarda belə bir fikir də səsləndirildi ki, Polşanın ərazisində nüvə silahı yerləşdirilməyəcək. Bu proses 1999-cu il martın 16-da, Şimali Atlantika İttifaqının 50 illiyində başa çatdı. NATO üzvü olan Polşa təyyarə limanlarını Kosovo böhranı ilə əlaqədar Serbiyanı bombalayan NATO qüvvələrinə verdi. Polşa hərbi kontingenti Əfqanıstan və İraqda sülhməramlı qüvvələrin tərkibinə daxil edildilər.

Avropa İttiaqı 1991-ci il dekabrın 16-da Polşa ilə assosiasiyası haqqında saziş imzaladı. 1994-cü ilin əvvəllərində Polşa Avropa İttifaqının assosiativ üzv kimi bu təşkilata daimi üzvü olmaq üçün müraciət etdi. Polşanın Avropa İttifaqına inteqrasiyası haqqında rəsmi danışıqlar 1998-ci il martın 31-də başladı. Danışıqlar asan keçmirdi, belə ki, Polşa qanunlarını Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırmaq, iqtisadi məsələləri — o cümlədən, torpaqların xari-çilərə satılması şərtləri və polyaklara Qərbdə, yəni tərəfdaş ölkələrdə işə düzəlmək hüququ verilməsi haqqında qərarlar qəbul edilməsi prosessi 2004-cü ilin mayında başa çatdı. 2004-cü ilin iyununda Polşada keçirilən ümummilli referendum hökumətin bu qərarını bəyəndi.

Beləliklə, Polşanın NATO və Avropa İttifaqına daxil olması ilə onun xarici siyasətinin istiqaməti prosesi başa çatdı. Artıq onun əsas müttəfiqləri və tərəfdaşları Qərb dövlətləri, ilk növbədə, Amerika Birləşmiş Ştatları oldu. 2003-cü ildə ABŞ-ın İraqa qarşı təcavüzü onun səkkiz müttəfiqinin narazılığına səbəb olsa da, Polşa Vaşinqtonun siyasətini müdafiə etdi.

2003-cü ildə ABŞ-ın prezidenti C.Buş Polşanı “Birləşmiş Ştatların Avropada ən yaxşı dostu” adlandırmışdı. Buna baxmayaraq, Polşa İraq əməliyyatlarında iştirakdan əməli olaraq heç nə qazanmadı. ABŞ Polşa vətəndaşlarının ölkəyə vizasız gəlməsi haqqında müraciətinə baxmaqdan imtina etdi. Lakin Qərblə yaxınlaşma nəticəsində Polşa artıq 90-cı illərin birinci yarısında Pariş və London kreditorlar klubundan xarici borcların demək olar ki, yarısının silinməsinə razılıq ala bildi. Lakin bu qərar borcun tam ləğv edilməsinə kömək edə bilmədi, eyni zamanda borc daima artmaqda davam edirdi.

Polşanın Rusiya ilə münasibətlərini tam normallaşdırmaq hələlik mümkün olmamışdır. Buna səbəb Rusiyadan alınan yanacağın azalması ilə Polşa sənayesinin kəskin surətdə aşağı düşməsi və kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında xarici və rus məhsulları ilə rəqabətə davam gətirə bilməməsi idi. Eyni zamanda postsovet məkanında Polşanın səylə liderik mövqeyini ələ keçirmək cəhdi Rusiyanın strateji maraqları ilə toqquşudu. Bu Varşavanın 2004-cü ildə Ukraynada “narıncı inqilabı” və Belarusiya müxalifətini müdafiə etdiyi dövrdə özünü xüsusilə göstərmişdir. Polşa-Rusiya əlaqələrində gərginliyə səbəb olan hadisələrdən biri ABŞ tərəfindən həyata keçirilməsi nəzərdə tutulan Raketdən Müdafiə Qurğularının inşası məsələsidir. Bu sistemin quraşdırılmasının mərkəzi Polşa ərazisi nəzərdə tutulur ki, buna cavab olaraq Rusiya bunun baş tutması şəraitində Polşanın nüvə hədəfi təhlükəsinə məruz qalmasını bildirərək əslində Polşanı təhdid edir. Çar Rusiyasının və onun varisi olan Sovet İttifaqının genişlənmə siyasətinin hədəfi olmaqdan daima xilas ola bilməyən Polşa dövləti üçün hazırda Raketdən Müdafiə Sisteminə malik olmaq slavyan ailəsinin eyni üzvləri olmalarına baxmayaraq ölkəyə ola biləcək rus təhlükəsini müəyyən dərəcədə aradan qaldırmaqda bir addım kimi qiymətləndirilir.

Bu fikir ayrılığına baxmayaraq, 2009-cu ildə Rusiya Federasiyasının baş naziri V.V.Putinin Polşa dövlətinə baş tutan səfəri bu iki slavyan ailəsinin ən böyük üzvləri olan ölkələr arasında münasibətlərin normallaşdırlması baxımından mühüm əhəmiyyət kəsb edir. Polşa ikitərəfli münasibətlər və ikitərəfli müqavilələrə əsaslanan yaxşı qonşu əlaqələrini Rusiya ilə də inkişaf etdirməyə mühüm diqqət ayırır.

XXI yüzilliyin əvvəllərində Avro-Altantik zonasının ölkələrilə, eyni zamanda terrorçuluğa qarşı koalisiyanın çərçivəsində ABŞ-la sıx əməkdaşlıq edən Polşa dövləti Almaniya, Fransa və Böyük Britaniya kimi əsas avropalı tərəfdaşları ilə əlaqələri daha dinamik bir şəkildə inkişaf etdirib möhkəmlətmək xətti yeridir.

Polyak və Azərbaycan xalqları arasında yaxın və mehriban münasibətlər hələ qədim zamanlardan mövcuddur. Oxşar və yaxın tarixlər hər iki ölkəni bir-birini daha aydın dərk etməyə, daima dost münasibətləri saxlamağa kökləyib. 2010-cu ildə Donald Tusk və baş nazirin müavini, istisadiyyat naziri Valdemar Pavlyakın Bakıya səfəri ikitərəfli əlaqələrin inkişafını göstərir. Polşa-Azərbaycan münasibətlərində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya xüsusi rol oynayır. Faktlar göstərir ki, Polşanın Şərq siyasətində əsas yerlərdən birini Azərbaycanla dostluq və əməkdaşlıq tutur.

XX əsrin 90-cı illəri və XXI yüzilliyin əvvəllərində Polşa dövlətinin siyasi və iqtisadi sistemində baş verən dəyişikliklər, xarici dövlətlərlə çoxtərəfli əməkdaşlıq Polşa Respublikasının beynəlxalq aləmdə mövqeyinin, nüfuzunun və rolunun artmasını təmin etmişdir.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top