Çexoslovakiya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Çexoslovakiya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Çexoslovakiya müharibədən sonrakı 1945-1948-ci illərdə.1945-ci ilin aprelində azad edilmiş ərazidəki Koşitse şəhərində çexlərin və slovakların Milli Cəbhə hökuməti təşkil edildi. Hökumətin təqdim etdiyi Koşitse proqramı müharibədən sonrakı Çexoslovakiyada liderlik uğrunda mübarizə aparan siyasi qüvvələrin kompromis proqramı oldu. Bu milli-azadlıq mübarizəsində iştirak etmiş cəmiyyətin bütün təbəqələri üçün aydın olan sosial dəyişikliklər proqramı idi. Beneş və tərəfdarları belə güman edirdilər ki, hakim elitanın tərkibinə kommunistlərin nümayənlərini də daxil etməklə Çexoslovakiyanı əvvəlki əsaslarla bərpa etmək mümkündür.

Sənədin iqtisadiyyata aid hissəsində müəssisələrin milliləşdirilməsi, vətən xainlərinin, almanların, macarların torpaqlarının müsadirə edilməsi nəzərdə tutulmuşdu. İşğalçılarla əlaqədar olmayan milli burjuaziyanın mövqelərinə demək olar ki, toxunulmurdu. Proqramda alman və macar əhalsinə qarşı siyasət məsələsi də müəyən edilmişdi. Antifaşistlər istisna olmaqla yerdə qalan əhali deportasiya edilib, vətəndaşlıqdan məhrum edilirdi. Koşitse proqramında xalq-demokratik dövlətin əsas prinsipləri formalaşdırılmışdı. Çexlərin və slovakların milli cəbhəsi siyasi partiyalar və kütləvi milli təşkilatlarla təmsil olunmuş bütün sosial siniflərin və qrupların qarşılıqlı fəaliyyət forması idi. İki mühacir mərkəzi arasında 1945-ci ilin mart danışıqları nəticəsində Çex torpaqlarında dörd siyasi partiya, ÇKP, Sosial-Demokrat, Milli Sosialistlər və Xalq partiyası yaradıldı. Slovakiyada əvvəl iki partiya, Slovakiya Kommunist partiyası və Demokratik partiya fəaliyyət göstərirdi. 1946-cı ildə burada daha iki partiya, Əmək partiyası və Azadlıq partiyası yaradıldı. Bununla yanaşı, ölkənin gələcək inkişafı yolları haqqında məsələ Koşitse proqramında açıq qalmışdı. Bu proqramın hazırlanmasında iştirak etmiş siyasi qüvvələr yalnız milli, sosial-iqtisadi yenidənqurmada, vətən xainləri ilə mübarizədə, alman və macar əhalisinin ölkədən çıxarılmasında yekdil idilər.

Çexoslovakiyanın müharibədən sonrakı ilk üç ili gələcək inkişafın istiqamətlərinin müəyyən edilməsi uğrunda siyasi qüvvələr arasında mübarizənin getdiyi illərdir. Kimin üstünlük qazanacağı xalqın böyük bir hissəsini öz tərəfinə çəkə biləcəyindən asılı idi. Burada kommunistlər əlavə üstünlüyə malik idilər, çünki onlar SSRİ tərəfindən fəal müdafiə edilirdi. Həm də Podkarpat Rusu istisna olmaqla SSRİ Çexoslovakiyanın müharibədən əvvəlki sərhədləri hüdudlarında bərpa edilməsində böyük rol oynamışdır.

Daha kəskin daxili çəkişmələr sənayenin milliləşdirilməsi məsələsi ətrafında gedirdi. Liberal-demokrat yönümlü partiyalar çalışırdılar ki, milliləşdirmə Koşitse proqramı çərçivəsindən kənara çıxmasın və onun vaxtı şəraitdən asılı olaraq uzadılsın. Kommunistlər isə onun dərhal həyata keçirilməsini tələb edirdilər. İşğalçıların və kollaborasionistlərin, yəni vətən xainlərinin əmlakının müsadirəsi haqqında 1945-ci ilin mayında dekret çıxdıqdan sonra həmin ilin oktyabrında fəhlə hərəkatının təzyiqi altında bankların, sığorta kompaniyalarının, bundan başqa sənaye istehsalının 25-dən çox sahələrinin milliləşdirməsi haqqında dekretlər verilirdi. Buraya 500 nəfərdən çox işçi çalışan müəssisələr aid edilmişdi. Bu dekretlər Koşitse proqramı çərçivəsindən kənara çıxırdı. İqtisadiyyatda həlledici mövqe bütün sənaye istehsalının 61 faizini, işləyənlərin isə 80 faizini əhatə edən dövlət bölməsinin əlinə keçdi. Orta burjuaziyanın mülkiyyətinə hələlik toxunulmadı.

1946-ci ilin mayında müharibədən sonra parlamentə ilk seçkilər keçirildi. Seçkilərdə bütün leqal çex və slovak siyasi partiyaları iştirak edirdilər. Onlardan ən güclüsü Çexiya, Moraviya və Sileziyada geniş dəstəyə malik olan və seçicilərin 38 faizinin səslərini toplamış ÇKP idi. Slovakiyada səslərin 62 faizini toplamış Demokratik partiya uğur qazandı. Slovakiyada kommunistlər 30,4 faiz səs topladılar. Milli Məclisdə kommunistlər 114, Milli-sosialistlər 55, Xalq partiyası 47, Slovak demokratları 44, Sosial demokratlar 36 mandata sahib oldular. Slovakiya Azadlıq partiyası və Əmək partiyası hərəyə iki yer aldı.

Hökumətə ÇKP-nin lideri Klement Qotvald (1896-1953) rəhərlik edirdi. Ən mühüm vəzifələr — daxili işlər naziri, maliyyə naziri, kənd təsərrüfatı naziri və b. Kommunist partiyasının əlinə keçdi. May seçkilərindən sonra ÇKP inqilabın daha da dərinləşdirilməsi kursunu götürdü. Kommunist partiyası tərəfindən həllini tələb edən ilk mühüm vəzifə irəli sürüldü, yeni konstitusiyanın və xalq təsərrüfatının bərpasına dair ikiillik planın qəbulu. Bunların həyata keçirilməsi ilə kommunistlər ölkənin uğurla sosializmə doğru irəliləyəcəyinə ümid edirdilər. İkiillik plan məsələsi tezliklə siyasi mübarizənin mərkəzinə çevrildi. Kommunistlərin iqtisadiyyatda dövlət bölməsinin genişləndirilməsi cəhdinə qarşı digər partiyalar xüsusi bölmənin genişləndirilməsi təklifi ilə çıxış edirdilər. 1947-ci ildə baş vermiş quraqlıq nəticəsində daxili siyasi vəziyyət xeyli gərginləşdi. Gündəlik tələbat mallarının qiymətləri qalxdı, qara bazar sürətlə canlandı. Quraqlığın nəticələrini aradan qaldırmaq məqsədilə kommunistlər millionçular üzərinə əlavə vergi qoymağı təklif etdilər ki, bu zaman onların sayı bəzi məlumatlara görə 35 min nəfərə yaxın idi. Bu təşəbbüs başqa partiyaların etiarzına səbəb olsa da, əhalinin əksəriyyəti tərəfindən müdafiə olundu.

1948-ci ilinfevral hadisələri.1948-ci ilin əvvəlləri üçün ÇKP ölkədaxili siyasi vəziyyəti təhlil etdikdən və Kommunist İnternasionalı bürosunun göstərişindən sonra sosial-iqtisadi dəyişiklikləri daha da dərinləşdirmək tədbirləri, o cümlədən daxili topdansatış və xarici ticarətin, həmçinin 50 nəfərdən çox fəhləsi olan bütün müəssisələrin milliləşdirilməsi tədbirlərini işləyib hazırladı. Bunlarla yanaşı, aqrar islahatın dərinləşdirilməsi, torpaqların həmçinin maksimum 50 hektar müəyyən edilməsi və müsadirə olunmuş torpaqların aztorpaqlı kəndlilər arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Bu təkliflər liberal-demokratik yönlü partiyalar üçün əsla qəbuledilməz idi. Ölkədə siyasi böhran yetişməkdə idi. 1948-ci ilin fevralında ÇKP-nin təşəbbüsü ilə təhlükəsizlik orqanlarından 8 nəfər qeyri-kommunist nümayəndələrinin çıxarılması və onların kommunistlərlə əvəz edilməsi partiyalararası münasibətləri kəskinləşdirdi. Hökumətin iclasında daxili işlər nazirinə bu qərarın dəyişdirilməsinə nail olmaq tapşırıldı. Lakin o, bunu etməyə tələsmirdi. Onda Milli sosialistlərin nümayəndələri hökumətin digər üzvlərinə etiraz əlaməti olaraq istefa vermələrini təklif etdilər. Liberal-demokrat yönümlü partiyalar bu ideyanı müdafiə etdilər və fevralın 20-də 26 nazirdən 12-si hökumətin tərkibindən çıxdıqlqarını bildirdilər. Sosial-demokratlar bu aksiyanı müdafiə etmədilər. Kabinetin üzvlərinin çoxunun öz vəzifələrini yerinə yetirdiyindən ÇKP prezident E.Beneşə istefa verənlərin ərizəsini qəbul etməyi və onların yerinə başqalarını təyin etməyi təklif etdi. Müxalifət elə düşünürdü ki, 12 nazirin istefa verməsi K.Qotvald başda olmaqla, bütün hökumətin süqutuna səbəb olacaq və kommunistlərsiz yeni kabinetin formalaşdırılmasına şərait yaranacaq. Lakin onların ümidləri özünü doğrultmadı. ÇKP bir neçə gün ərzində burjua nazirlərin istefasını tələb edən kütləvi çıxışlar təşkil edə bildi. Prezidentə təzyiq göstərilməsində fevralın 22-də Praqada açılmış zavod sovetlərinin qurultayının mühüm rolu oldu. Qurultayın 800 nümayəndəsinin qərarı ilə ÇKP-nin tələblərinin müdafiə edilməsinə dair bir saatlıq ümumi tətil keçirildi. Qurultayda həmçinin sənayenin milliləşdirilməsinin davam etdirilməsini tələb edən qətnamə qəbul etdilər.

1948-ci il fevralın 24-25-də ümumi siyasi tətildən sonra E.Beneş 12 nazirin istefasını qəbul etdi. Beləliklə, başlıca məsələ — hakimiyyət və ölkənin gələcək inkişafı istiqamətləri məsələsi ÇKP-nin xeyrinə həll edilmiş oldu,1948-ci il fevralın 25-də Slovakiyada Demokratik partiyasından olan nazirlər istefa verdilər. Lakin onların funksiyalarını hökumətin başqa üzvləri yerinə yetirməyə başladılar. 1948-ci ilin martında Q.Qusak başda olmaqla yeni Səlahiyyətli Korpus formalaşdırıldı.

1948- ci ildə Çexoslovakiyada liberal-demokratik cəbhənin məğlubiyyət səbəblərindən biri kimi tez-tez Beneşin və partiyaların liderlərinin ciddi səhvlərə yol vermələri və ÇKP-yə qarşı parlament demokratiyasının fəal müdafiə xəttini yarada bilməmələri göstərilir. Lakin bununla bərabər siyasi qüvvələrin cəmiyyətə təsirində o illərin ümumi durumunu da nəzərə almamaq mümkün deyildir. Xüsusilə kommunistlərin Milli cəbhədəki müttəfiqlərinin üzərinə hücumları gündən-günə şiddətlənirdi.

Çexoslovakiyada 1948-ci il fevral hadisələri heç də sadəcə olaraq etiraz aksiyası deyil üç burjua partiyasının konstitusiya yolu ilə dövləti dəyişdirmək cəhdinin qarşısını ÇKP-nin fəhlə sinflərinin köməyi ilə alması idi. Deputatların sayı 70 nəfər azalmış Milli Məclis (onların çoxu yaranmış vəziyyətlə barışmayaraq ölkəni tərk etmişdi) tezliklə yeni hökuməti və onun proqramını müdafiə etdiyini bildirdi. Sabiq Xarici İşlər naziri, ÇSR-in birinci prezidentinin oğlu Yan Masarik etirazın son formasına — intihara əl atdı. Prezident E.Beneş nümayişkaranə şəkildə özünün Praqa yaxınlığındakı malikanəsinə yollandı. XX əsr ərzində Çexoslovakiyada parlament demokratiyası 2-ci dəfə öz fəaliyyətini dayandırdı, ölkə sosializm quruculuğu yoluna qədəm qoydu. Əsas məsələ siyasi hakimiyyətin Çexoslovakiya Kommunist partiyasının rəhbərliyi altında fəhlə sinfinin əlində cəmləşməsi oldu.

Çexoslovakiya 1948-1968-ci illərdə sosializm quruculuğu dövründə.Fevral hadisələri nəticəsində ÇKP-nin inhisarçı hakimiyyətin yaranması cəmiyyətin gələcək köklü dəyişikliklər yolunun müəyyən edilməsinə gətirib çıxartdı. 1948-ci ilin yazında milliləşdirmənin ikinci mərhələsi başlandı. Milliləşdirmənin gedişində orta burjuaziyanın iqtisadi dayağı ləğv edildi. İlin sonuna yaxın ölkədə 20 nəfərdən çox fəhlə çalışan özəl müəssisə qalmamışdı. Kommunistlərin təşəbbüsü ilə aqrar islahata dair qəbul edilmiş yeni qanun həyata keçirilməyə başlandı. Nəticədə 50 hektardan çox torpaq sahəsi olan bütün təsərrüfatlar ləğv edildi. 1949-cu ildə kənd təsərrüfatının başdan-başa kooperativləşdirilməsinə hazırlıq başlandı. Üç mərhələdə həyata keçiriləcək vahid kənd təsərrüfatı kooperativləri haqqında qanun qəbul edildi. Qanuna görə birinci mərhələ 1949-1952-ci illəri, ikinci mərhələ 1953-1954-cü illəri və koope-rativləşməyə qarşı kəndlilərin müqavimətini qırmış olan 1955-ci il üçüncü mərhələni təşkil edirdi.

1949- 1953-cü illəri əhatə edən xalq təsərrüfatının inkişafına dair birinci beşillik planın həyata keçirilməsi prosesi başladı. İqtisadiyyatın modernləşdirilməsi, ağır sənayenin üstün inkişafı, həmçinin Slovakiya iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi vəzifələri qarşıya qoyulmuşdu.

1949-cu ildə Çexoslovakiya QİYŞ-nin üzvü oldu və Sovet tipli ölkələrin iqtisadi blokunun əsas dayaqlarından birinə çevrildi. Xarici ticarət dövriyyəsində sosialist ölkələrinin payı 1948-ci ildəki 40 faizdən 1953-cü ildə 80 faizə yüksəldi. Birinci beşilliyin plan tapşırıqlarının yerinə yetirilməsi nəticəsində ölkə iqtisadiyyatının sosialist bölməsi kooperativ mülkiyyətilə birlikdə milli məhsulun 92 faizini verirdi. Sənaye məhsulunun ümumi istehsal həcmi beşillikdə 93 faiz, 1937-ci illə müqayisədə isə iki dəfədən çox artdı. Əsas aparıcı sahəyə çevrilən maşınqayırma məhsulları beş il ərzində 3,3 dəfə artdı. Slovakiya sənayesinin artım sürəti daha yüksək idi. Artım əsasən ekstensiv inkişaf hesabına əldə edilirdi ki, bu da sonrakı illər üçün də xarakterik idi. İdarəçilikdə inzibati metodlar üstünlük təşkil edirdi. Çexoslovakiya, ilk növbədə müdafiə və maşınqayırma sahələrini inkişaf etdirməklə, SSRİ ilə yanaşı başqa Sovet bloku ölkələrində də sənayeləşdirməni keçirmək üçün təcrübə məktəbi rolunu oynayırdı. İnkişaf etmiş kapitalist dövlətləri tərəfindən SSRİ-nin müttəfiqlərinə qarşı ticarətdə məhdudiyyətlər və qadağalar qoyulduqdan sonra Qərblə iqtisadi əlaqələr minimum səviyyəyə endirilmişdi. Həm də iqtisadiyyatda başlıca nöqsan ondan ibarət idi ki, əhalinin ən zəruri mallara tələbatı tam ödənilmirdi. Yalnızl953-cü ildə ağır sənayenin inkişaf tempi aşağı salınmaqla əsas diqqət əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən istehlak mallarının istehsalına yönəldildi. Buna təkan verən hadisə 1953-cü ildə soyğunçu pul islahatına qarşı çıxan ölkənin 128 müəssisəsində baş verən tətillər oldu. Plzendə fəhlələrin çıxışları ordu və milisin köməyi ilə yatırıldı.

1956-cı ildə 1956-1960-cı illərdə xalq təsərrüfatının inkişafına dair ikinci beşillik plan qəbul edildi. Planda sosializmin maddi istehsal bazasının qurulmasını tamamlamaq, xalq təsərrüfatının bərabər səviyyəli inkişafını təmin etmək, yanacaq enerjisi və xammal sahəsindəki geriliyi aradan qaldırmaq, istehsalın inkişaf səviyyəsini sürətləndirmək, marksizm-leninizm prinsipləri əsasında xalqın mənəvi-siyasi birliyini möhkəmləndirmək nzərdə tutulurdu. Bu vəzifələrin əsasən yerinə yetirilməsi nəticəsində sənaye istehsalının həcmi ikinci beşillikdə 1955-ci illə müqayisədə 66 faiz artmışdır ki, bu da 1937-ci illə müqayisədə 4 dəfə çox idi. Milli gəlir 1948-ci illə müayisədə 2,5 dəfə artdı. Kənd təsərrüfatının 87,4 faizi sosialist bölməsinin payına düşürdü. Adambaşına ərzaq və sənaye məhsulları istehsalına görə Çexoslovakiya dünyada qabaqcıl yerlərdən birini tuturdu.

50-ci illərin ikinci yarısı kənddə kollektivləşdirmənin dərinləşməsi ilə xarakterizə olunur. 1960-cı ildə kənddə yalnız bir neçə on min fərdi təsərrüfat qalmışdı ki, onlar da çalışan kənd əhalisinin 2,6 faizini təşkil edirdi. Kollektivləşdirilmə kənd təsərrüfatına mənfi təsir göstərdi. Ümumiməhsul istehsalı 50-ci illərin sonlarında müharibədən əvvəlki səviyyəyə çatmamışdı.

1961-1965-ci illəri əhatə edən üçüncü beşillik planda inkişaf etmiş sosializm cəmiyyəti quruculuğu nəzərdə tutulmuşdu. İlk növbədə, real iqtisadi-sosial göstəricilər işlənib hazırlanmışdı. Lakin 1960-cı ildə çağırılmış partiya konfransında bu beşillik plana yenidən baxılmış və kontrol rəqəmlər yüksəldilmişdir. Əslində ölkənin güc və imkanlarına lazımı qiymət verilməmiş, real vəziyyət nəzərə alınmadan qərar qəbul edilmişdir. ÇKP-nin XII qurultayında beşillik plandan illik plana keçilməsi qərara alınmışdı. Müharibədən sonrakı illərdə ilk dəfə milli gəlirin səviyyəsinin azalması baş verdi. Belə ki, 1963-cü ildə milli gəlirin həcmi 2 faiz azaldı, əmək məhsuldarlığı 21 faiz aşağı düşdü. Hakimiyyət bunun səbəbini xarici siyasi vəziyyətin çətinlikləri və Çin Xalq Respublikasının Çexoslovakiya ilə imzalanmış uzunmüddətli sazişin pozulması ilə izah etməyə çalışırdı. Çexoslovakiya texnikası yüklənmiş eşalonlar Çopdan Çin sərhədlərinə qədəruzanıb gedirdi. Onun az bir hissəsi satıldı, qalanları əridilməyə verildi, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, maşın parkının köhnəlməsi və ÇSSR-in inkişaf etmiş ölkələrdən çox geri qalması ölkənin rəhbərliyi qarşısında istehsalın səmərəliliyini yüksəltmək üçün yeni yollar axtarmaq vəzifəsini qoydu. 1965-ci ildə işlənib hazırlanmış iqtisadi islahatlar proqramına böyük ümidlər bəslənilirdi, lakin iqtisadi islahatı tam həyata keçirmək mümkün olmadı.

Sosializmin Sovet modelinin qurulması

Fevral dəyişiklikləri 1948-ci il may Konstitusiyası ilə möhkəmləndirildi. Konstitusiyaya uyğun formal olaraq əvvəlki hakimiyyət institutları da fəaliyyət göstərirdi, lakin onların səlahiyyətləri xeyli məhdudlaşdırılmışdı. Bütün hakimiyyət ÇKP rəhbərliyinin əlində cəmləşmişdi. Beneş Konstitusiyanı imzalamaqdan imtina etdi, ağır xəstə olan Beneş 1948-ci ilin iyununda istefaya getməyə məcbur oldu. K.Qotvald respublika prezidenti seçildikdən sonra hakimiyyət sonrakı 40 ildə bütünlükdə ÇKP-nin əlində cəmləşdi. Üzdə xalq demokratik hakimiyyətinin elan olunmasına baxmayaraq, faktiki olaraq totalitar rejimin qurulması baş verdi, belə ki, ölkədə mövcud olan parlament sistemi formal xarakter daşıyırdı.

1948-ci il fevral hadisələrindən sonra ölkədə SSRİ hakimiyyətinin diktəsinə əsasən müxalifətin üzərinə genişmiqyaslı hücum başlandı. Üç min nəfər müxalifətçi ölkəni tərk etdi, 250 min nəfər işsiz qaldı. Əhalinin bir hissəsinin yeni kursu müdafiə etməməsi onlara qarşı saxta siyasi proseslərin tətbiq edilməsilə müşayiət olunurdu. İlk səs salan belə siyasi “tamaşalardan biri İkinci Dünya müharibəsi illərində 5 il faşist ölüm düşərgəsində cəza çəkmiş Milli-Sosialist partiyasından parlamentin deputatı Milada Qorakova üzərindəki açıq məhkəmə prosesi olmuşdur. M.Qorakova 1901-ci ildə anadan olmuş, Praqa Universitetinin Hüquq fakültəsini bitirmişdir. Üç xarici dildə sərbəst danışan M.Qorakova 1928-ci ildə elmlər doktoru Boquslav Qorakovla ailə quraraq 1929-cu ildə həyat yoldaşı ilə birlikdə Milli-Sosialist partiyasına daxil olmuşdur. Faşist Almaniyası Çexoslovakiyanı işğal etdikdən sonra gizli antifaşist fəaliyyətinə görə gestapo tərəfindən həbs edilərək ölüm düşərgəsinə salınmışdır. Müharibədən sonra azad edilərək ölkə parlamentinin deputatı seçilmişdir. Çexoslovakiya qadınlar şurasının sədri kimi Parisdə keçirilən Beynəlxalq qadınlar konqresində ölkəsini təmsil etmişdir. 1949-cu il sentyabrın 27-də “burjua millətçiliyi”, “təxribatçı qəsdin iştirakçısı” saxta maddələrlə 12 nəfərlə birlikdə mühakimə edilmişdir. 1950-ci il iyunun 27-də Pankras həbsxanasında asılaraq edam edilmişdir. Ölümündən sonra bəraət almışdır.

1950-ci il aprelin 6-7-də Slovakiya KP MK-nın plenumunda Q.Qusak və L.Novo-meskinin “burjua millətçiliyi” haqqında məsələ müzakirə edildi. SSRİ hakimiyyət orqanlarının, şəxsən İ.V.Stalinin nəzarəti altında məsələ 1950-ci ilin mayında Slovakiya KP IX qurultayının iclasında müzakirə edilərək Q.Qusak, L.Novomeski və V.Klementisin “burjua millətçisi” damğası alıb işdən azad olması ilə nəticələndi. Əsl həqiqətdə isə Çexoslovakiyanın Xarici İşlər naziri olan Vladimir Klementis öz ölkəsinin SSRİ-nin nüfuz dairəsinə daxil olmasının qəti əleyhdarı olmuşdur. O, 1902-ci ildə Slovakiyanın Tisovetsində anadan olmuş, 1921-1925-ci illərdə Praqanın Karlovo Universitetində hüquq təhsili almışdır. Kommunist mətbuatı üçün məqalə və pamfletlər yazan V.Klementis E.Beneş tərəfindən Londondakı mühacir Çexoslovakiya hökumətinin üzvü təyin edilmişdir. 1948-ci ildə Masarikin müəmmalı ölümündən sonra xarici İşlər naziri təyin edilmişdir. İ.V.Stalin təmizlənməsinin qurbanı kimi titoizm və millətçilikdə təqsirləndirilərək 1952-ci ildə asılaraq öldürülmüşdür. 1963-cü ildə ölümündən sonra bəraət almışdır.

SSRİ-də olduğu kimi “xalq düşməni” axtarışı 1952-ci il noyabrın 20-27-si arasında R.Slanski başda olmaqla bir qrup partiya və dövlət rəhbəri üzərində məhkəmə tamaşası təşkil edilmişdir. Mühakimə edilən 13 nəfərdən 11-i yəhudi idi və onlar dövlətə qarşı saxta trotskiçi-sionist-titoçu damğası ilə casusluqda ittiham olunurdular. Məhkəmənin qərarı ilə mühakimə olunanlardan 3 nəfərə ömürlük həbs, yerdə qalanlara ölüm hökmü kəsilmişdir.

Slanski Rudolf Zaltsman 1901-ci ildə Plzen şəhərində orta çex yəhudi ailəsində anadan olmuşdur,1921-ci ildə ÇKP sıralarına daxil olaraq “Rude pravo” qəzetinin redaktoru, 1935-1938-ci illərdə parlamentin deputatı seçilmişdir. 1944-cü ildəki Slovakiya Milli üsyanının iştirakçısıdır,1945-1950-ci illərdə ÇKP-nin baş katibi, 1948-ci ildən yeni hökumətin başçısı,

1951-ci ilin sentyabrından Çexoslovakiyanın vitse-prezidenti olmuşdur. Noyabr ayında ingilis və amerikan kəşfiyyatına işləyərək kommunist rejimini bir sionist kimi devirmək iddiası ilə mühakimə edilərək 1952-ci ilin dekabrın 3-də edam edilmişdir,1963-cü ildə bəraət almışdır.

Siyasi repressiya qurbanlarının sayı haqqında tam məlumat olmasa da onların ümumi sayının 200-280 min nəfər olduğu ehtimal olunur. 1953-cü il martın 14-də İ.V.Stalinin dəfn mərasimindən qayıdan Klement Qotvald 57 yaşında ürək tutmasından vəfat etdi. Moraviya kəndlisinin nigahdan kənar uşağı olan K.Qotvald 1896-cı ildə anadan olmuşdur.Vyanada sosial-demokrat gənclər hərəkatına qoşulan K.Qotvald 1921-ci ildə Çexoslovakiya Kommunist partiyasını yaradanlardan biri olmuşdur. 1921-1926-cı illərdə Bratislavada “Qlas lyudu” partiya qəzetinin redaktoru, 1925-ci ildə partiya MK-nın üzvü, 1929-1945-ci illərdə ÇKP-nin Baş katibi, 1939-1945-ci illərdə Moskvada kommunist müqavimət mərkəzinin rəhbərlərindən biri, 1946-1948-ci illərdə Milli cəbhə hökumətinin sədri, 1948-1953-cü illərdə Çexoslovakiyanın prezidenti olmuşdur.

K.Qotvaldın ölümündən sonra A.Zapototski Çexoslovakiyanın prezidenti, V.Şirokiy Baş nazir seçildi. Baş nazirin müavini A.Novotno 1953-cü ilin sentyabrında ÇKP MK-nın birinci katibi seçildi.Antoni Zapototski 1884-cü ildə dərzi ailəsində anadan olub, 1902-ci ildən Sosial-demokrat partiyasının sıralarına daxil olub. 1921-ci ildə ÇKP-nin təsisçilərindən biri olmuşdur. Çexoslovakiya almanlar tərəfindən işğal edildikdən sonra 6 il Zaksenhauzen düşərgəsində həbsdə olmuşdur. Müharibədən sonra 1948-1953-cü illərdə Çexoslovakiyanın Baş Naziri, 1953-1957-ci illərdə prezidenti olmuşdur. Onun adı ilə ölkədə çoxsaylı repressiyalar və siyasi proseslər bağlıdır və K.Qotvald kimi o da son dərəcə mühafizəkar və stalinist kimi şöhrət qazanmışdır.

Antonin Novotnı 1904-cü ildə Praqanın Letnani sənaye mərkəzində anadan olmuşdur. 1921-ci ildən ÇKP-nin üzvüdür. 1941-1945-ci illərdə Maythauzen nasist düşərgəsində olmuşdur. 1948-ci ildə Çexoslovakiyada kommunistlərin hakimiyyəti zəbt etməsinin rəhbərlərindən biri olmuşdur. Partiyadakı təmizləmədən öz şəxsi məqsədləri üçün istifadə edən A.Novotnı 1953-cü ildə R.Salanskini vəzifədən kənar edərək 1953-1968-ci illərdə ÇKP MK-nın birinci katibi, 1957-1968-ci ildə ÇSSR-in prezidenti olmuşdur. “Praqa baharı” dövründə hər iki vəzifəsini itirmişdir.

1953-cü il iyunun 1-də ölkədə həyata keçirilən pul islahatına qarşı Plzen və Praqada nümayiş başlandı. 9-12 min nəfər adam Plzendə şəhər mərkəzinə toplaşaraq hökumət əleyhinə şüarlar səsləndirib, təhlükəsizlik orqanının əməkdaşlarını döydülər. Bir qrup radio mərkəzini ələ keçirərək hökuməti devirməyə çağıran şüarlar səsləndirdi. Plzen təhlükəsizlik orqanlarının köməyinə Praqadan Müdafiə nazirliyinin birlikləri göndərildi. Voytex Proxazka başda olmaqla 152 adam həbs olundu. Plzendə komendant saatı tətbiq edildi. İyunun 2-də Praqanın “Stalinqrad”, “Praqa”, “Aero” zavodlarının 5 min nəfər işçisi nümayişə çıxdı. Lakin iyunun 5-nə doğru Moskvanın sərt tələbi, təhlükəsizlik orqanlarının yaxından iştirakı ilə vəziyyət nor-mallaşdı. Lakin pul islahatı ilə bağlı çaxnaşmalardan sonra ölkənin partiya və dövlət rəhbərliyi Sovet İttifaqının da təzyiqi ilə sosial-demokratlara qarşı müharibə elan etdilər. 1953-cü ilin dekabrında Çexoslovakiyanın təhlükəsizlik orqanlarının əməkdaşları Avstriyadan partiyanın keçmiş lideri B.Lauşmanı oğurlayaraq ölkəyə gətirdilər. Məhkəmə ona 17 il həbs cəzası kəsdi və o həbsxanada öldü.

1956-cı ilin yazında ölkənin ali təhsil məktəblərinin tələbələrinin çıxışları başlandı. Tələbə çıxışları ilə əlaqədar olaraq hətta rəhbərlik ali təhsil məktəblərin bağlamağı belə düşünürdü. Yalnız tələbə yataqxanalarına səfərbər edilən kommunistlərin, fəhlələrin və milis dəstələrinin köməyi ilə tələbələri “sakitləşdirmək” mümkün oldu.

SSRİ-də N.Xruşşovun hakimiyyətə gəlməsi həm də Çexoslovakiyanın siyasi həyatına qismən mülayimlik gətirdi. Bu demək olar ki, 60-cı illərdə də saxlanılmışdı. Nəticədə həmkarlar ittifaqlarının, gənclər təşkilatlarının, katolik kilsəsinin fəaliyyəti canladı. Qeyri-kom-munist partiyaları üzvlüyünə qəbul artdı. Tələbə təşkilatlarının tələbləri səslənməyə başladı. 1956-cı ildə çağırılmış yazıçıların II qurultayında müxalifət əhval-ruhiyyəsi qurultayın işinə öz təsirini göstərmiş oldu, qurultaydan sonra yazıçıların nüfuzu artdı, onlara xalqın vicdanı kimi baxmağa başladılar.

Siyasi sahədə rəsmi rejimin az da olsa tənqidi başlandı. 1956-cı ildə sosializm düşərgəsində baş verən hadisələr, yəni 1956-cı il Polşa və Macarıstan hadisələri çoxları üçün, həmçinin vəziyyəti daha düzgün dərk edən ÇKP-nin bəzi üzvlərinə əsl dərs oldu. Sosializm cəmiyyətinə inamsızlıq getdikcə artmağa başlayırdı. Bununla yanaşı, öz qüvvələrini düzgün hesaba almayan partiya və dövlət rəhbərliyi 1960-cı ilin iyulunda parlamentin qəbul etdiyi yeni Konstitusiyada bəyan etdi ki, keçid dövrünün bütün əsas məsələləri həll edilmişdir və Çexoslovakiyada sosializm cəmiyyəti qurulmuşdur. Konstitusiyaya uyğun olaraq ölkə Çexoslovakiya SosialistRespublikası (ÇSSR) adlandırıldı.

1968-ci il Çexoslovakiya böhranı.1965-ci ildə qəbul edilmiş təsərrüfat islahatı bir sıra müsbət nəticələr verdi. Şəhər və kənd arasında fərqlər tədricən aradan qalxır, əhalinin müxtəlif təbəqələrinin həyat səviyyəsi yüksəlirdi. Qiymətlərin qalxmasının qarşısını da almaq mümkün oldu. Lakin dəyişikliklərin sürəti hələ də aşağı idi. 1957-ci ildə ölkə prezidenti olan A.Novotnı və onun tərəfdarları iqtisadiyyata yeni üsulla rəhbərliyin partiyanın dövlətdə mövqeyini zəiflədəcəyindən ehtiyyat edirdilər.

1956-cı ildən sonra Çexoslovakiyanın siyasi inkişafında Slovak məsələsi ən vacib məsələ oldu, çünki rejim liberallaşdıqca və slovakların milli şüuru artdıqca bu məsələ özünü daha çox kəskinliyi ilə büzruzə verirdi. 40-cı illərdə çex və slovakların hüquq bərabərliyi uğrunda çıxış edən slovak kommunistləri 50-ci illərin əvvəllərində burjua millətçiləri kimi günahlandırılaraq məhkəməyə verildilər. 1960-cı il Konstitusiyası ilə bütün hakimiyyət Praqada mərkəzləşdi. Slovakiya hakimiyyət orqanlarının səlahiyyətləri məhdudlaşdırıldı, Slovakiyanın ali icraiyyə orqanı — Səlahiyyətlilər Korpusu ləğv edildi. Bu dəyişikliklər onunla əsaslandırılırdı ki, iki xalqın yaxınlaşması və qaynayıb-qarışması prosesində müsbət irəliləyişlər baş vermiş və bu güya slovak xalqının maraqlarına tam cavab verir. Həmin vaxt Q.Qusak və L.Novomeski həbsdən azad edildilər. V.Klementis isə ölümündən sonra bəraət aldı. Slovakiyanın Çexoslovakiya dövlətində konstutisiya vəziyyəti Slovakiya mətbuatında qızğın müzakirə olunurdu. A.Novotnının bəzi addımları slovakların milli hissiyyatlarının təhqir edilməsi kimi qiymətləndirilirdi. Bu şəraitdə Slovakiya kommunistləri Aleksandr Dubçek (1921-1992) başda olmaqla A.Novotnı qruplaşmasına qarşı açıq şəkildə çıxış etdilər.

60-cı illərdə mülayimləşmənin əlamətləri ictimai və mədəni həyatda da müşahidə olunurdu. İnsanları qorxu hissi tərk edir, yeni liberal yönümlü jurnallar nəşr olunurdu. “Ədəbiyyat” və “Mədəni həyat” kimi qəzetlər formalaşmaqda olan müxalifətin tribunasına çevrilirdilər. 1967-ci ilin oktyabrında Praqa tələbələri ilə hakimiyyət orqanları arasında açıq toqquşma baş verdi. Tələbələrin təşkil etdikləri nümyaişi dağıtmaq üçün güc tətbiq edildi. Bu da ictimaiyyətin və bəzi partiya rəhbərlərinin narazılığı ilə qarşılandı,1967-ci ilin iyununda yazıçıların IV qurultayında mövcud rejim açıq şəkildə tənqid olundu. Bundan sonra “Ədəbiyyat qəzeti”nin nəşri dayandırıldı, tənqidçilərə qarşı təqiblərbaşlandı.

Ölkənin siyasi sistemində böhran açıq-aydın görünürdü. Bu zaman ÇKP-nin nüfuzu xeyli dərəcədə aşağı düşdü ki, bunu da partiya rəhbərləri görməyə bilməzdilər. Partiya təşkilatlarında 1948-ci ildən sonra görülmüş işlər, atılmış addımlar təhlil edilməyə başladı. ÇKP MK-nın 1967-ci il oktyabr plenumunda A.Dubçek A.Novotnı üçün gözlənilmədən onun ünvanına tənqidlər yağdırdı. Dubçeki MK-nın bir sıra üzvləri dəstəklədilər və patiya rəhbərli ilə prezident vəzifəsinin bir əldə cəmləşməsini yolverilməz hesab etdilər. Belə bir şəraitdə A.Novotnı bütün ümidlərini Moskvanın köməyinə dikmişdi,1967-ci ilin dekabrında ÇKP MK-nın plenumunda A.Novotnı daha kəskin tənqid olundu. MK praktiki olaraq iki cəbhəyə parçalandı. İlk dəfə A.Novotnının partiyada tutduğu vəzifədən uzaqlaşdırılması təklifi irəli sürüldü.

1968-ci ilin yanvar plenumu partiyadakı böhranın həll edilməsində mühüm addım oldu. Partiyanın islahatçı qanadı Novotnını ÇKP MK-nın birinci katibi vəzifəsindən uzaqlaşdırmağa müvəffəq oldu. Partiyanın rəhbəri vəzifəsinə A.Dubçek seçildi. Dubçek Aleksandr 1921-ci ildə Slovakiyanın Banovtse- Bebravo şəhərinin Uqrovets kəndində anadan olmuşdur. Ailəsilə birlikdə 1925-ci ildə SSRİ-yə gələrək Bişkek və Nijni Novqorodda orta təhsil almışdır,1939-cu ildən Çexoslovakiya KP-nın üzvüdür. 1944-cü ildə Slovakiya Milli üsyanın iştirakçısı olmuşdur. 1955-ci ildə Yan Komenski adına Bratislava Universitetinin hüquq fakültəsini bitirmişdir. 1955-1958-ci illərdə Moskvada Ali Partiya məktəbində təhsil almışdır. 1960-1962-ci illərdə Çexoslovakiya KP MK-nın katibi, 1963-1968-ci illərdə Slovakiya KP MK-nın birinci katibi, 1968-1969-cu illərdə Çexoslovakiya KP MK-nın birinci katibi olmuşdur. “Praqa baharı”ndan sonra vəzifəsindən azad edilərək 1969-1970-ci illərdə Türkiyəyə səfir təyin edilmişdir. “Məxməri inqilab”da fəal rol oynayaraq 1990-1992-ci illərdə Federal parlamentin sədri işləmişdir. 1992-ci ilin noyabrında maşın qəzasında həlak olmuşdur.

Yeni rəhbərlik partiya və cəmiyyətdə, ictimai quruluşa yeni sifət, o vaxtlar deyildiyi kimi, “sosializmə insan sifəti” verə biləcək islahatlar keçirəcəyini qəti şəkildə bəyan etdi. Təxirə salınmadan həyata keçiriləcək tədbirlər sırasında Slovakiya məsələsi, partiyanın ziyalılara münasibəti və ilk növbədə siyasi proseslərdə zərər çəkənlərə ardıcıllıqla bəraət verilməsi dururdu. Bütün bu vəzifələrin həlli üçün Çexoslovakiyanın daxili inkişaf şəraitini nəzərə alan yol seçilmişdi. 1968-ci ilin martında senzura demək olar ki, ləğv edildi və mətbuat sosializmi tənqid edən məqlələrlə doldu. Bütün bunlar Çexoslovakiyada tədricən vətəndaş cəmiyyətinin formalaşmasına kömək etdi.

Partiya təşkilatlarının hesabat konfransları gedişində islahatçı qüvvələr bir çox rayon partiya təşkilatları rəhbərliyində üstünlük qazandılar. ÇKP Praqa şəhər partiya təşkilatı islahatçı qüvvələri təşkilati, siyasi və ideya cəhətdən əlaqələndirilən əsil mərkəzə çevrildi. 1968-ci il aprel plenumu çağrılan zaman artıq ÇKP MK-nın rəyasət heyətində, katiblikdə və yerlərdə islahatçılar əsas vəzifələri tutmuşdular. 1968-ci ilin martında respublikanın prezidenti vəzifəsinə müharibə illərində SSRİ-də Çexoslovakiya hərbi birləşmələrinin təşkilatçısı və repressiya dövründə zərər çəkmiş general L.Svoboda seçildi.

Svoboda Lyudviq 1895-ci ildə Avstriya-Macarıstanın Qroznatin kəndində anadan olmuşdur. 1915-ci ildə Ali Əkinçilik məktəbini bitirərək Avstriya-macar ordusunda əsgərliyə göndərilmişdir. Ruslara əsir düşərək 1916-1920-ci illərdə Çexoslovakiya legionunda zabit rütbəsinə kimi yüksəlmişdir. 1922-ci ildən professional hərbçi kimi Çexoslovak hərbi hissələrində komandirlik etmişdir. Nasistlər Polşaya hücum etdikdən sonra öz dəstəsi ilə SSRİ ərazisinə daxil olduğu üçün Qızıl Ordu tərəfindən əsir alınaraq ölümə məhkum edilmişdir. Məlum olmayan səbəblərə görə ölüm hökmü ləğv edilmiş, Almaniyanın SSRİ-yə hücumundan sonra birinci Çexoslovak batalyonu, briqadasını sonra isə ordu korpusunu təşkil etmişdir. Kiyevin azad edilməsində iştirak etmiş, 1945-ci ildə diviziya generalı rütbəsini almışdır. 1945-1950-ci illərdə bitərəf kimi Çexoslovakiyanın Müdafiə naziri işləmişdir. 1948-ci ildəki kommunist çevrilişindən sonra Çexoslovakiya KP-nin sıralarına daxil olmuşdur. 1951-ci ildə İ.Stalin milli təmizləməsinin qurbanı kimi ordudan tərxis edilərək bir neçə ay həbs cəzası çəkmişdir. 1954-cü ildə N.S.Xruşşovun Praqaya səfəri zamanı L.Svoboda onun tərəfindən bəraət alaraq K.Qotvald adına Hərbi Akademiyanın komandanı təyin olunmuşdur. 1960-cı ildə “Buzlukdan Praqaya qədər” xatirələr kitabını çap etdirmişdir. 1968-ci il martın 30-da ÇSSR-in prezidenti seçilərək 1975-ci ilə kimi ölkə başçısı olmuşdur. 1965-ci ildə Sovet İttifaqının, 1965, 1970, 1975-ci illərdə isə Çexoslovakiyanın Qəhrəmanı adına layiq görülmüşdür. 1979-cu ildə vəfat etmişdir.

Y.Smrkovski parlamentin sədri, O.Çernik hökumətin sədri oldular. 1968-ci ilin yazı üçün ölkədə sosialistcəsinə yeniləşdirmək şüarları altında çıxış edən kütləvi hərəkat başlandı. Cəmiyyətdə mühafizəkar qüvvələrin mövqelərinin qırılması Çexoslovakiyada demokratiyanın bərqərar olunması prinsipləri ilə müşayiət olunurdu. Siyasi sistemin yenişlədirilməsi cizgiləri “Fəaliyyət proqramın”da öz əksini tapdı. Lakin cəmiyyətin birliyini təmin edən başqa bir sənəd “2000 söz Manifesti” oldu. Manifest 1968-ci il iyunun 27-də verildi və onun müəllifi yazıçı L.Vatsulik idi. Manifest respublika vətəndaşlarını yerlərdə islahat yolunda bütün maneələri dəf etməyə çağırdı. Partiya və dövlət orqanları mövcud siyasi sistemin dağıdılmasına çağıran bu sənədi rədd etdilər.

1968-ci ilin yayı üçün Kommunist partiyasının ölkədə rəhbər rolu əslində yox idi. Cəmiyyət Xalq Cəbhəsinin demokratikləşməsini, plüralizm və parlament demokratiyası prinsiplərinin həyata keçirilməsini, siyasi partiyalarının azad rəqabətini tələb edirdi. Həmçinin Xalq Cəbhəsinin tərəfdaş münasibətləri prinsipində qurulmasını, ÇKP-yə müxalifət partiyalarının fəaliyyətinə icazə verilməsi tələbləri eşidilirdi. Kütləvi ictimai təşkilatların əsaslı şəkildə yenidən qurulması başlandı. Zavod həmkarlar ittifaqları komitələrinə seçkilərin gedişində yeni tipli həmkarlar ittifaqları yaradılırdı. Həmkarlar ittifaqları proqramının yeni layihəsi nəşr olundu. Gənclər hərəkatının fəallığı görünməmiş dərəcədə artdı. 1968-ci ilin martında Çexoslovakiya vahid gənclər ittifaqı buaxıldı və onun yerinə 20-yə yaxın müstəqil gənclər təşkilatları, yüzlərlə müxtəlif klublar yarandı.

Varşava Müqaviləsi ölkələrinin partiya və dövlət rəhbərlərinin Praqada, Drezdendə, Sofiyada, Moskvada, Varşavada müşavirələri keçirildi və orada Çexoslovakiya liderlərinin seçdikləri kursdan imtina etmələri haqqında məsələ müzkirə edildi. Lakin A.Dubçek başda olmaqla islahatçı qüvvələri seçdikləri kursdan döndərmək mümkün olmadı. Çexoslovakiyada ictimai rəy islahatçı kursu müdafiə edirdi, xarici təzyiq isə antisovet əhval-ruhiyyənin artmasına səbəb oldu. ÇSSR ilə sovet bloku müttəfiqləri arasında qarşıdurmanın yaranması şəraitində Çexoslovakiyanın daxili siyasətində başlıca məqsəd ölkənin suverenliyini qorumaq idi. Bu zaman A.Dubçekə və onun tərəfdarlarına cəmiyyətin böyük bir hissəsi kömək edirdi. Kütləvi müdafiə özünün ən yüksək nöqtəsinə 1968-ci il iyulun sonu — avqustun əvvəllərində Çierne-Tissoda Sovet-Çexoslovakiya nümayəndələrinin danışıqları zamanı çatdı.

Eyni zamanda Sov. İKP və Şərqi Avropa ölkələrinin kommunist partiyalarının rəhbərliyi, xüsusən L.İ.Brejnev, V.Qomulka, V.Ulbrixt tərəfindən “antisovet qüvvələrə” qarşı amansız mübarizə aparılması tələb olunurdu. ÇSSR-dən ölkədə Sovet qoşunlarını yerləşdirməyə razılıq verilməsini tələb etdilər. İyulun ortalarında Varşava Müqaviləsinin iştirakçısı olan beş dövlətin iştirak etdiyi müşavirədə kommunist liderlər ÇKP rəhbərliyindən “antisosialist qüvvələr” üzərinə hücuma keçməyi, onların təşkilatlarını əzməyi, senzuranı bərpa etməyi tələb etdi. ÇKP MK Rəyasət Heyəti bu tələbləri daxili işlərə qarışmaq kimi qiymətləndirərək rədd etdi və bildirdi ki, ÇKP “onu nüfuzdan salan bürokratik — polis metodları əvəzinə başqa siyasi rəhbərlik və idarəetmə metodlarına qadirdir”. Kursu müdafiə etmək üçün ÇKP-nin qurultayını çağırmaq qərara alındı. Ancaq ÇKP rəhbərliyinin beş üzvü, V.Bilyak, A.İndra, D.Kolder, O.Şvestk və A.Kapek MK-dan gizli Moskvaya hadisələrin gedişinə qarışmaq və əksinqilab təhlükəsinin qarşısını almaq xahişi ilə məktub göndərdilər və bununla müdaxiləyə hüquqi əsas yaratdılar.

Bu təzyiqləri zəiflətmək üçün A.Dubçek 1968-ci il avqustun 3-də sosialist dövlətləri rəhbərlərinin Bratislava görüşündə irəli sürülmüş sosializm nailiyyətlərinin müdafiə edilməsi, möhkəmləndirilməsi və qorunması “bütün sosialist ölkələrinin ümumi beynəlmiləl borcudur” müddəasını təsdiq etməyə məcbur oldu. Lakin Aleksandr Dubçek və rəhbərliyin hərəkətləri Moskvada qeyri-qənaətbəxş qəbul edildi. Hərbi müdaxilə qərarı mexanizmi üzərində iş başladı. Məlum olduğu kimi Stalinizm dövründən sonra SSRİ-də daha vacib qərarlar kollektiv rəhbərlik tərəfindən verilirdi və Çexoslovakiyaya hərbi müdaxilə haqqında qərar da Sov. İKP MK-nın Siyasi Bürosunda avqustun 17-də qəbul edilmişdir. 240 min nəfər əsgər və zabitin iştirak etdiyi müttəfiq qoşunların Çexoslovakiyaya hərbi müdaxiləsi avqustun 20-də şənbə günü başladı və əsasən uğurla keçdi. Müdaxiləçilər nəzərdə tutulan bütün məntəqələrə silah tətbiq etmədən yerləşdilər, yalnız Praqada kiçik toqquşmalar oldu. Ümumiyyətlə, 1968-ci ilin avqustunda Çexoslovakiyada 70 nəfərə yaxın adam öldürülmüş, 2500 nəfərə yaxın insan isə yaralanmışdır. 1968-ci il avqustun 20-də ÇKP Rəyasət Heyətinin iclası keçirildi, partiya rəhbərlərinin yürütdüyü siyasi xətlə razılaşmayan hissəsi ölkədə hakimiyyəti ələ keçirmək üçün cəhd göstərdisə də bu uğursuzluqla nəticələndi. Beləliklə, 1968-ci il avqustun 20-də Varşava Müqaviləsinin iştirakçısı olan beş dövlətin — Bolqarıstan, Macarıstan, ADR, Polşa və SSRİ-nin qoşunları ÇSSR-in sərhədlərini keçərək heç bir silahlı müqavimətə rast gəlmədən qısa bir vaxtda bütün ölkəni işğal etdilər.

Ölkədə demokratikləşmə prosesin qarşısı alındı. Avqustun 21-də səhər tezdən ÇKP MK-nın birinci katibi A.Dubçek, hökumətin sədri O.Çernik, Milli Məclisin sədri A.Smrkov-ski, Milli Cəbhənin sədri F.Kriqel, Praqa şəhər partiya komitəsinin katibi B.Şimon və Brnen vilayət komitəsinin katibi Y.Şpaçek SSRİ dövlər təhlükəsizlik orqanları tərəfindən həbs olunub SSRİ-yə göndərildilər. Müdaxilə Çexoslovakiya ictimaiyyətinin böyük narazılığına səbəb oldu. İctimaiyyət mitinqlərin və nümyaişlərin gedişində republika başçılarını dəstəklədi və işğalı pislədi. ÇKP MK Rəyasət Heyəti böyük səs çoxluğu ilə bu hərəkəti beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirdi. Çexoslovakiyanın Xarici İşlər naziri A.Qa-yek BMT-nin Təhlükəsizlik Şurasında qoşunların ölkəyə yeridilməsini kəskin tənqid etdi. Prezident L.Svoboda isə Sovet qoşunları komandanının yeni hökumət yaratmaq haqqındakı tələbini yerinə yetirməkdən imtina etdi. Sovet İttifaqı tərəfindən Aloiz İndranı ÇKP MK-nın birinci katibi, Vasil Bilyakın hökumətin başçısı, Draqomir Kolderin Milli Cəbhənin sədri təyin etdirmək cəhdi uğursuz oldu.

Avqustun 22-də Praqada Slovak nümayəndələrinin iştirakı olmadan ÇKP-nin təcili qeyri-leqal XIV qurultayı keçirildi və ÇKP MK-nın işğalı pisləyən etirazını müdafiə etdi və yeni MK seçdi. Qurultay bildirdi ki, “Çexoslovakiyada heç bir əksinqilab olmamışdır və heç nə sosializmin inkişafına qorxu törətmir”. Qurultay həbs olunanların hamısının qaytarılmasını tələb etdi. Milli Məclis bəyanat qəbul etdi ki, “heç bir konstitusiyalı orqan işğalçı Varşava paktı qoşunlarını çağırmağa vəkil edilməmişdir”. Hərbi müdaxilə müvəffəqiyyələ başa çatsa da Sovet dövlətinin qarşıya qoyduğu siyasi plan baş tutmadı. Bu SSRİ-nin patiya və dövlət rəhbərliyini taktiki gedişin istiqamətini dəyişdirməyə məcbur etdi. Bunu isə ÇSSR-nin qanuni seçilmiş rəhbərliyi ilə danışıqlar aparmadan tamamlamaq olmazdı. Bütün bunların hamısını, həmçinin beynəlxalq demokrarik ictimaiyyətin qəzəbini nəzərə alan SSRİ rəhbərliyi 1968-ci il avqustun 23-26-da Moskvada Dubçeklə və Çexoslovakiyanın digər rəhbərləri ilə danışıqlar aparmağa məcbur oldu və danışıqlar nəticəsində Çexoslovakiya tərəfini siyasi və iqtisadi islahatlardan imtina etmələri haqqında protokol imzalamağa məcbur edildi. Bu tarixə “Moskva protokolu” kimi daxil olmuşdur. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və Sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalması şərtləri haqqında saziş imzalaması ilə başa çatdı. Bundan sonra çex və slovak liderləri ölkələrinə dönərək öz vəzifələrini yerinə yetirməyə başladılar.

Sovet qoşunlarının orada olmasına arxalanan islahat əleyhidarları hücuma keçdilər. Moskva danışıqlarının iştirakçısı olan Q.Qusak Slovakiya Kommunist partiyasının fövqəladə qurultayında ÇKP-nin qeyri-leqal XIV qurultayı slovak kommunistlərinin iştirakı olmadan keçirildiyindən onu qeyri-qanuni elan edən qərar qəbul edilməsinə nail oldu.

1968-ci il avqustun 28-də ÇSSR-in federal quruluşu haqqında qərar qəbul edildi və 1969-cu il yanvarın 1-də qüvvəyə mindi. Çexoslovakiya Sosialist Respublikası Çexiya və Slovakiya respublikaları adlanmağa başladı. Slovak məsələsinin həlli ÇSSR-də milli siyasət-dəki dəyişikliklərin əsasını qoydu. A.Dubçek və onun əhatəsi bir sıra qarşılıqlı güzəştlərin köməyi ilə hakimiyyəti əlində saxlamağa və öz siyasətinin başlıca islahat istiqamətini qoruyub saxlamağa çalışırdı. Lakin onlar bunu edə bilmədilər, çünki Moskvanın onlara artıq inamı itmişdi. ÇKP MK 1968-ci il avqustun 31-də Moskva danışıqlarını və nəticələrini dəstəklədi. General L.Svoboda və Q.Qusak ÇKP MK-nın Rəyasət Heyətinə daxil edildilər. ÇKP MK-nın 1968-ci il noyabr plenumunda islahatçıların avqusta qədərki olan dövrdə yürütdükləri xətti tənqid edən qətnamə qəbul edildi.

Tələbə Y.Palax ictimaiyyəti islahat kursunu qətiyyətlə müdafiə etməyə, hərəkətə gətirməyə cəhd etdi və 1969-cu il yanvarın 16-da Praqanın baş meydanında özünü yandırdı. Palaxın dəfni müdaxiləçilərə qarşı güclü nümayişə çevrildi. Bu hadisədən sonra həm də sosialist ölkələrini avqust təcavüzü haqqında “Qara kitab”ın nəşr olunması ilə A.Dubçekə qarşı Sovet təzyiqi gücləndi,1969-cu ilin martında xokkey üzrə Çexoslovakiya milli yığma komandasının Sovet komandası üzərində qələbə çalması münasibətilə azarkeşlərin nümayişi və həmçinin “Aeroflot” nümayəndəliyinə basqın ÇKP MK-nın Rəyasət Heyətində A.Dub-çekin rəqiblərinin onun üzərinə hücuma keçməsi üçün bəhanə oldu. Sovet tərəfinin də etirazı ÇKP MK-nın aprel plenumunda qüvvələr nisbətini qəti olaraq dəyişdirdi. Sovet rəhbərliyinin təzyiqi altında 1969-cu ilin aprelində A.Dubçek ÇKP MK-nın birinci katibi vəzifəsindən azad olundu və partiyada “sağlam qüvvələrin” lideri Q.Qusak birinci katib seçildi. Yüksək partiya və dövlət vəzifələrində olan islahatçılar onların opponentləri ilə əvəz olundu.

Qusak Qustav 1913-cü ildə Bratislavada anadan olmuş, Yan Komenski adına Bratislava Universitetinin hüquq fakültəsini bitirmişdir. 1933-cü ildən Kommunist partiyasının üzvü olan Q.Qusakı Slovakiyanın faşist hökuməti 1940-1943-cü illərdə gizli kommunist fəaliyyətinə görə həbsxanaya salmışdır. 1944-cü ildə Slovakiya Milli üsyanının iştirakçısı olmuşdur. Çexoslovakiyada İ.Stalin təmizləməsinin qurbanı olaraq 1951-ci ildə millətçi kimi həbs edilmiş, 1954-cü ildə ömürlük həbs cəzası almışdır,1960-cı ildə bəraət almış, 1963-cü ildə partiya sıralarına bərpa edilmişdir. 1968-ci ilin avqustunda Sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsindən sonra Slovakiya KP MK-nın birinci katibi, 1969-cu ildə isə Moskvanın əli ilə Çexoslovakiya KP MK-nın birinci katibi seçilərək 1987-ci ilə kimi bu vəzifəsində qalmışdır. 1987-ci ilin aprelindən ölkə Kommunist partiyasının birinci katibi, 1989-cu ildən ölkə prezidenti vəzifələrindən istefa vermişdir,1991-ci ildə vəfat etmişdir.

ÇKP MK-nın 1969-cu ilin mayında keçirilən plenumunda vəziyyətin “düzəlməsi” tədbirləri irəli sürüldü, həmçinin XIV qurultaya qədər olan dövrdə partiyanın inkişaf direktivləri qəbul edildi. 1969-cu ilin sentyabr plenumu 1968-ci ilin avqustunda qeyri-leqal şəklində keçirilmiş XIV qurultayın bütün qərarlarını ləğv etdi. 1970-ci ildə pariya sıralarında təmizləmə aparıldı. ÇKP üzvlərinin 20 faizi onun sıralarını tərk etdi. 1970-ci ilin dekabrında ÇKP MK-sı “XIII qurultaydan sonra böhranlı inkişafın ibrət dərsləri” adlı qondarma bir sənəd qəbul etdi. Sənəddə deyilirdi: “Beş sosialist ölkəsi müttəfiq qoşunlarının Çexoslovakiyaya daxil olması həm Çexoslovakiya zəhmətkeşlərinin ümumi mənafeyinə, həm də beynəlxalq fəhlə sinfinin, sosializm birliyinin mənafeyinə və beynəlxalq kommunist hərəkətinin sinfi mənafeyinə uyğun olan beynəlmiləl həmrəylik tədbiri idi”. Bu sənəd mühafizəkar qüvvələrin özünəməxsus manifesti idi və son iki onillik müddətində partiya və dövlət həyatının tənzimlənməsinə təkan verdi. Dövlət hakimiyyətinin yuxarı orqanlarında da dəyişiklik baş verdi. A.İndra Milli Məclisin sədri oldu. L.Ştrouqal Baş nazir təyin edildi. Həmkarlar ittifaqlarında “normallaşdırma” çətinliklə həyata keçirilirdi ki, bu proses 70-ci illərin ortalarında başa çatmış oldu. Beləliklə, tədricən Çexoslovakiya islahatının bütün nailiyyətləri ləğv edildi.

Çexoslovakiya 70-80-ci illərdə. “Məxməri inqilab”

1969-cu ilin ikinci yarısından başlayaraq iqtisadiyyatın mərkəzləşdirilmiş idarəçilik metodlarına keçildi. Dövlət büdcəsinin formalaşdırılması haqqında xüsusi qanun qəbul edildi. 70-ci illərin birinci yarısında qiymətlər donduruldu, həmçinin güzəştli qiymətlərlə Sovet kreditləri, xammalı və materialları alındı. Nəticədə 1971-1975-ci illəri əhatə edən beşillik sosializm quruculuğu bütün dövrünün ən uğurlu beşilliyi oldu. Əhalinin real gəliri 28 faiz artdı, zəhmətkeşlərin orta əmək haqqı yüksəldi. 1971-ci ildə ÇKP-nin XIV qurultayında işlənilmiş sosial proqrama uyğun olaraq, analara verilən müavinət xeyli artırıldı, gənc ailələrə güzəştli istiqrazlar və uşaq doğularkən yardım verilməsi qərarı qəbul olundu. Bütün bu tədbirlər 1973-1975-ci illərdə əhalinin xeyli artmasına şərait yaratdı. 1976-cı ildə pensiya təminatı haqqında qanun qüvvəyə mindi ki, qanuna əsasən 3 milyondan çox adamın təqaüdü artırıldı.

İqtisadiyyata rəhbərlikdə planlaşdırma pinsiplərinə qayıdılması 70-ci illərdə çoxlu vəsaitin bir sıra obyektlərin tikintisinə yönəltmək imkanı verdi və 70-ci illərdə Çexoslovakiyada inkişaf etmiş sosializm quruculuğunun simvoluna çevrilmiş bir sıra obyektlərin tikilməsi ilə nəticələndi. Bunlara misal olaraq Praqa-Brno-Bratislava avtomagistralını, Praqa metrosunun birinci növbəsini, Praqa mədəniyyət sarayının tikintisini, Bratislav qradının yenidən qurulmasını, Dünay çayı üzərində Bratislavaya gedən körpünün salınmasını göstərmək olar.

1976-1980-ci illəri əhatə edən altıncı beşillik plan istehsalın səmərəliliyinin yüksəldilməsinə, xalq təsərrüfatının bütün sahələrinin dinamik inkişafı üçün elmi-texniki tərəqqinin sürətləndirilməsinə başlıca yer ayırmışdır. Beşinci və altıncı beşillik plan tapşırıqlarının uğurla həyata keçirilməsinin sayəsində 1976-1980-ci illərdə orta hesabla sənayenin artım sürəti 6,7 faiz təşkil edirdi. Kimya və maşınqayırma, elektronika və hesablama texnikası daha sürətlə inkişaf etmişdir. Keçmişdə dağınıq və kiçik müəssisələrdən ibarət olan yüngül və qida sənayesi yenidən qurularaq müəssisələrinin 50 faizi min nəfərdən çox işçisi olan mərkəzlərə çevrildilər. Ümumiyyətlə, 1945-1970-ci illərdə ÇSSR-də 2000-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.1949-1970-ci illərdə sənaye istehsalı həcmi 10 dəfə, maşınqayırma 23, kimya sənayesi məhsulları 27 dəfə artmışdır.

1976-cı il məlumatına əsasən Çexoslavakiyada kənd təsərrüfatının 94 faizi sosialist bölməsinin payına düşürdü. Ölkənin kənd təsərrüfatı sahəsində 213 dövlət müəssisəsi, iki mindən çox kooperativ tipli kənd təsərrüfatı istehsal birlikləri mövcud idi. Bunların sayəsində 1976-cı ildə ölkənin kənd təsərrüfatı istehsalı həcmi müharibədən əvvəlki səviyyədən 36, o cümlədən heyvandarlıq məhsulları 66 faiz artmışdır. Ümumən ölkənin kənd təsərrüfatı ərzaq ehtiyacının təqribən 85 faizini ödəmək gücündə idi. 1960-1975-ci illərdə ölkədə milli gəlir iki dəfə artmışdır. ÇSSR-in dövlət və kooperativ bölmələrində çalışan fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1960-cı ildə 1365, 1970-ci ildə 1937, 1975-ci ildə isə 2304 kron olmuşdur.

Lakin 70-ci illərin sonlarında yenidən iqtisadi inkişafda çətinliklər özünü göstərməyə başladı. 80-cı illərdə Çexoslovakiyanın Qərb ölkələri ilə müqayisədə texniki geriliyi göz qabağında idi. Sosialist ölkələrinin müəssisələri ilə tərəfdaşlıq münasibətlərinin etibarlı olmaması istehsal olunan məhsulların maya dəyərinin artmasına, dünya bazarlarında rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olurdu. Milli gəlirin artım sürətinin aşağı düşməsinə baxmayaraq ölkə hələ də həyat şəraitinin səviyyəsinə görə sosialist ölkələri arasında ADR-dan sonra ikinci yeri tuturdu.

70-ci illərdən, daha dəqiq desək ÇKP MK-nın 1969-cu il aprel plenumundan sonra ictimai həyatın bütün sahələrində keçmiş idarəçilik metodlarının zorla bərpası baş verdi. 60-cı illərin Çexoslovakiya böhranını yaradan səbəblər inzibati yolla aradan qaldırıla bilməzdi. Struktur dəyişikliklərini həyata keçirmək lazım idi, lakin bunun üçün partiya və dövlət rəhbərliyində nə siyasi iradə, nə də anlaşıqlıq var idi. Başlıca vəzifə mövcud rejimi saxlamaq və möhkəmləndirmək idi. “Normallaşma” prosesində “praqa baharı” dövründə özünün fallığı ilə seçilən humanitar ziyalılar daha çox ziyan gördü, onların çoxu tutduğu vəzifəni və əsas işini itirdi. Xaricdən ölkələrinə müdaxiləni qardaş köməyi hesab etməyənlər də ziyan çəkdi. Lakin Çexoslovakiya şəraitində Q.Qusakın özünün də bilavasitə qurban olduğu 50-ci illərin sərt repressiya tədbirlərinə qayıtmaq mümkün deyildir.

“Praqa baharından” sonra 1971-ci ilin noyabrında keçirilən ilk parlament seçkilərində ÇKP namizədləri səslərin 100 faizini topladı ki, bu da əhalinin böyük əksəriyyətinin, xüsusilə fəhlə və kəndlilərin rejimə loyallığını göstərdi. 1975-ci ildə 80 yaşlı L.Svoboda prezident vəzifəsindən istefa verdikdən sonra onun yerini “normallaşdırma”nın simvoli olan Q.Qusak tutdu. 1987-ci ilə qədər prezident, ÇKP MK-nın birinci katibi və Milli Cəbhənin sədri funksiyaları onun əlində cəmləşmişdi. 1980-ci ilin dekbarında Federal Məclis 1968-ci il federasiya haqqında qanuna dəyişikliklər və əlavələr haqqında üç konstitusiya qanunu qəbul etdi. Əvvəllər olduğu kimi, yenidən respublikaların real hüquqlarının pozulması hesabına mərkəzi federal orqanlarının hüquqları genişləndirildi. Çex və Slovaklar arasında vaxtı çatan milli məsələlərin bir çoxu həll edilmədən qaldı. 80-ci illər xalqın həyatı problemlərindən get-gedə uzaqlaşan partiya-hökumət elitasının formalaşdırılması faktiki olaraq başa çatdı. İnzibati-amirlik idarəçiliyi yalnız iqtisadiyyatı deyil, mədəniyyəti, elm və təhsili də əhatə edərək onu yenidən ideologiyalaşdırdı.

SSRİ-nin aşkarlıq və yenidənqurma dövrünə qədəm qoyması ilə ÇSSR-in ictimai və siyasi həyatında durğunluq ab-havası dəyişməyə başladı. Qonşu Macarıstanda uğurla həyata keçirilən iqtisadi islahat böyük maraq doğurdu. Çexoslovakiya ictimaiyyəti M.Qorbaçovun ölkəyə səfəri ilə əlaqədar və M.Yakeşin 1987-ci ilin sonunda ÇKP MK-nın birinci katibi seçilməsindən sonra siyasi həyatın demokratikləşəcəyinə böyük ümid özünü doğrultmadı.

Amma yenidən ÇSSR hökumətinə Baş nazir təyin edilmiş L.Ademets özünü iqtisadiyyatda islahatın keçirilməsinin fəal tərəfdarı kimi göstərirdi. Onun tərəfindən ÇKP MK-nın Rəyasət Heyəti üzvlərinin bir qrupundan islahatçı qanad yaratmaq təşəbbüsü edildi. Lakin Y.Foytik və 1969-1970-ci illərdə ÇKP sıralarında təmizləməyə rəhbərlik edən M.Yakeşin qruplaşmasının müqaviməti üzündən bu iş yarımçıq qaldı. Mühafizəkarlar öz karyeralarının müflis olacağından ehtiyyat edərək “yenidənqurmaya” şübhə ilə baxırdılar.

Bununla bərabər, cəmiyyət tədricən qorxu hissindən azad olurdu, 1968-ci il işğalının 20 illiyi münasibəti ilə Praqanın mərkəzində icazəsiz nümayiş keçirilirdi, həmçinin 1988-ci il oktyabrın 28-də milli müstəqillik günü ilə əlaqədar nümayiş təşkil olundu. Ölkənin ictimai həyatında 1977-ci ildə yaranmış hüquq müdafiəsi təşkilatı “Xartiya 77”-nin təsiri get-gedə artırdı. Bu qeyri-formal təşkilat 1975-ci ildə ÇSSR hökumətinin Helsinski müşavirəsində ölkədə insan haqlarının qorunması haqqında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət edir və bu sahədə pozuntular haqqında yerli və dünya ictimaiyyətinə məlumat verirdi. Təşkilata növbə ilə məşhur filosof Y.Patoçka, 1968-ci ildə Xarici İşlər naziri olmuş Y.Qayek və dramaturq Vatslav Qavel başçılıq edirdilər. 1977-ci ilin sonlarına qədər, təqiblərə baxmayaraq, xartiyaya 800 min adam imza atmışdı. “Xartiya-77”-nin üzvlərinin təşəbbüsü ilə 1978-ci ildə ədalətsiz təqib olunanların müdafiəsi üçün komitə təşkil edildi. Bu komitə qanunsuz həbs olunanlar haqqında ictimaiyyətə məlumat verir və zərər çəkənlərin ailə üzvlərinə maddi yardım göstərirdi. 1979-cu ildə xartiyanın 10 fəal üzvü həbs olundu, 6 nəfər, o cümlədən V.Qavel müxtəlif müddətlərdə cəza alsa da, komitənin fəaliyyəti davam edirdi.

80-cı illərin sonlarına yaxın “Xartiya-77”-nin ətrafında toplaşan müxtəlif qeyri-formal təşkilatların sayı artdı. 1989-cu ilin əvvəllərində onların sayı 35-i keçmişdir. Dövlətin kilsə siyasətinə qarşı kardinal Tomaşek tərəfindən dəstəklənən etiraz kampaniyası keçirildi. Dindarların konstitusiya hüquqlarına hörmətlə yanaşmağı tələb edən petisiyaya 600 min adam imza atdı. Həmçinin V.Qavelin də azad olunması uğrunda imzalar toplanmağa başlandı.

1988- ci ilin sonunda hakimiyyət insan haqqları beynəlxalq günü ilə əlaqədar ATƏT-in Vyana konfransının keçirilməsi ilə bir vaxtda düşən nümayişə icazə verməli oldu. Aksiya cəmiyyətdə böyük səs doğurdu. “Normallaşdırma”nın qatı tərəfdarlarından biri, ÇSSR-nin insan haqları üzrə Vyana razılaşmasına qoşulmasının əleyhinə olan V.Bilyak istefaya getməyə məcbur oldu.

Lakin 1989-cu ildə Y.Palaxın xatirəsinə həsr olunmuş nümayişin dağıdılması və nümayişin təşkilatçılarının həbs edilməsi onu göstərdi ki, dövlət müxalifətlə dialoqa girmək fikrində deyil. V.Qavel yenidən həbs olundu. Onun azad olunması uğrunda imza toplanması aksiyasında təkcə dissidentlər yox, məşhur mədəniyyət və elm xadimləri də iştirak edirdilər.

1989- cu ilin iyununda siyasi məhbusların azad edilməsi, müstəqil təşkilatlara azad fəaliyyət imkanı verilməsi, həmçinin milli tarixin mühüm problemlərinə dair açıq diskussiyaların keçirilməsi tələblərini irəli sürən “Dirçəliş” klubu təşkilatının qurultayı keçirildi. “Bir neçə söz” çağırışına imza atanların sayı artaraq ilin sonunda 40 min nəfərə çatdı. Müxalifət 1968-ci il 21 avqust sovet qoşunlarının müdaxiləsi və 1989-cu il 28 oktyabr respublikanın müstəqilliyi günləri münasibətilə nümayişlər təşkil etdi.

1989-cu ilin ikinci yarısından başlayaraq “Xartiya-77” və başqa müxalifətçi qrupların tərəfdarları ÇKP-nin kursunu tənqid etməyi gücləndirdilər. Lakin partiya rəhbərliyi yenə də müxalifətlə dialoqa girməkdən imtina etdi. ADR-də Honekker rejiminin yıxılması hadisələrin gedişini sürətləndirdi. Müxalifətçi qruplar ÇKP-nin rəhbər roldan imtina etməsini tələb edən bir sıra nümayişlər keçirdilər, lakin polis onları qovdu. 1989-cu il noyabrın 17-də Praqada tələbə nümayişinə sərt divan tutuldu. Şəhər teatrlarının birində “Xartiya-77”-nin təşəbbüsü ilə Vətəndaş Forumu yaradıldı. Onun rəhbərliyinə keçmiş kommunistlər, “Praqa baharı” dövründə partiyadan kənar olunanlar daxil oldu. Milli Cəbhə partiyalarından Çexoslovakiya Sosialist partiyası onu müdafiə etdi. Vatslav Qavel, “Vətəndaş Formunu”nun rəhbəri oldu. Slovakiyada isə oxşar hərəkata “İctimaiyyət Zorakılğa Qarşı” (İZQ) təşkilatı başçılıq edidi. Ölkəni nümayişlər bürümüşdür.

17 noyabr nümayişləri Çexoslovakiyada “məxməri”, yaxud “zərif’ adı almış inqilabın başlanğıcını qoydu. İlk əvvəl onun iştirakçıları son dərəcə dinc yolla hərəkət edən tələbələr idi. Onlar hökumət binalarını və ÇKP-nin obyektlərini tutmağa təşəbbüs etmirdilər, polislə toqquşmadan qaçırdılar. Praqanın iri müəssisələri tələbələri müdafiə edirdilər. Bir çox qəzet demokratik hərəkatın tərəfinə keçdi.

İnqilabın beyin mərkəzi olan Vətəndaş Forumu qısa müddətdə ÇKP-nı mövqeyindən sıxışdıra bildi. Bir milyondan çox üzvü olan partiyanın siyasi mübarizə aparmağa qabiliyyəti olmadığı məlum oldu, partiya-dövlət aparatı iflic olmuşdu. Vətəndaş Formunun qoyduğu məqsəd — cəmiyyəti demokratizmə və humanizmə qaytarmaq, ölkədə çox geniş müdafiə olundu. 1989-cu il noyabrın 21-də Federal hökumətin sədri L.Adametslə “Vətəndaş For-mu”nun (VF) sədri V.Qavel arasındakı danışıqlarda qərara alındı ki, ziddiyyəti demokratik yolla həll etsinlər.

Çexoslovakiyada və əsasən də Praqada cərəyan edən kütləvi nümayiş və tətillərin təsiri altında 1989-cu il noyabrın 24-də M.Yakeş ÇKP MK-nın birinci katibi vəzifəsindən istefa verdi və federal parlament konstitusiyanın ÇKP-nin rəhbər rolunu təsdiq edən maddəsini çıxartdı. 1989-cu il dekabrın 3-də Q.Qusak hökumətinin istefasını elan edib, özü də prezident vəzifəsindən istefa verdi, yeni yaradılmış hökumət kabinetində 21 yerdən 16-nı kommunistlər tutdular. Çıxışların yeni dalğası bu hökuməti də dekabrın 7-də istefaya getməyə məcbur etdi.

Dekabrın 10-da ÇKP-dən olan M.Çalfa başda olmaqla “milli razılıq” hökuməti formalaşdırıldı. Yeni hökumətə müxtəlif partiyaların nümayəndələri daxil oldular. “Vətəndaş Forumu” və Slovakiyada ona yaxın olan “Cəmiyyətdə zorakılığa qarşı” ölkənin ən nüfuzlu siyasi qüvvələri oldular. Yeni kabinetin tərkibinə ÇKP-dən 10 sosialist və xalq partiyalarının hər birindən 2, “Vətəndaş Forumu” və “Cəmiyyətdə zorakalığa qarşı”dan 7 nəfər daxil oldu.

1989-cu ilin sonunda dövlət rəhbərliyinə yeni adamlar gəldi. Vətəndaş azadlıqları uğrunda mübarizənin fəal iştirakçısı, “Xartiya-77”-nin tərəfdarlarından biri, Vətəndaş Formunun lideri dramaturq Vatslav Qavel (1936-cı ildə anadan olub) dekabrın 29-da Federal Məclisdə prezident, 1968-1969-cu illərdə ÇKP MK-nin birinci katibi, “Praqa baharı”nın qəhrəmanı olmuş A.Dubçek isə Federal yığıncağın sədri seçildi. 1990-cı ildə keçiriləcək parlamentdə seçkilərə hazırlıq başlandı. Qavel yeni il tərkibində qeyd etdi ki, xaricdən təsir olmadan həyat qurmaq vaxtı gəlib çatmışdır.

Çexoslovakiyanın yeni inkşaf mərhələsinə qədəm qoyması həyatın bütün sahələrində əsaslı dəyişikliklərə səbəb oldu. Özəl mülkiyyətin, sahibkarlığın inkişafına diqqətin artırılması dövlət xərclərinin nəzərə çarpacaq dərəcədə azaldılmasına geniş imkanlar açıldı. Mülkiyyət münasibətlərinin dəyişdirilməsi 1990-cı ildə maliyyə naziri Vatslav Klausun təklifi ilə çek özəlləşdirilməsi proqramının həyata keçirilməsi ilə başlandı. Ölkənin vətəndaşları az bir məbləğlə çek kitabçaları almaqla bu və ya digər müəssisələri özəlləşdirməkdə payçı kimi iştirak etmək imkanı əldə etdilər. Çek özəlləşdirilməsinin artıq birinci mərhələsində əhalinin geniş təbəqələri — 70 faizə qədəri yeni kursu müdafiə edən aksiya sahiblərinə çevrildilər. Qiymətli kağızlar bazarı sürətlə formalaşmaqda idi. “kiçik” özəlləşdirmə deyilən özəlləşdirmə nəticəsində mağazalar, məişət xidməti müəssisələri və s. dövlət mülkiyyətindən çıxarılaraq auksi-yonlarda satılırdı. Bəzi milliləşdirilmiş əmlakın əvvəlki sahiblərinə qaytarılmasına başlandı.

Ünvanlı iqtisadi dəyişikliklərin uğurları islahatçıların nüfuzunun artmasına və “məxməri” inqilabdan sonra ilk dəfə 1990-cı ilin iyulunda qanunverici orqanlara keçirilən seçkilərdə onların qələbəsini təmin etdi. “Vətəndaş Forumu” və “İctimaiyyət Zorakılığa Qarşı” hərəkatları seçicilərin əksər səslərini qazandı. Qələbənin təmin edilməsində Xristian-Demokratik Uniya, Moraviya-Sileziya hərəkatı, Yaşıllar partiyası və s. rolu böyük idi. Məhz bu təşkilatlar hökumətin koalisiyasının əsasını təşkil edirdi. Prezident Qavel də bu təşkilatlarla həmrəy idi. Parlament seçkilərinin müvəffəqiyyəti həm də V.Qavelin təkrar Çex və Slovakiya Federativ Respublikalarının prezidenti seçilməsilə başa çatdı. Belə ki, 1990-cı ilin yazında dövlətin rəsmi adı Çex və Slovakiya Federativ Respublikası idi. Seçkidən sonra mürəkkəb əsaslı dəyişikliklər şəraitində “Vətəndaş Forumu” və “İctimaiyyət Zorakılığa Qarşı” hərəkatları çexlər və slovaklar arasında artan milli ziddiyyətləri həll etməyi bacarmadı. Bu hərəkatlar əslində dövlət quruculuğu probleminin həllinə müxtəlif nöqteyi-nəzərdən yanaşan azad antikommunist təşkilat və qrupların qarışığından ibarət idi. Parlament seçkilərindən sonra çox keçmədən “Vətəndaş Forumu ” bir sıra siyasi partiyalara parçalandı. Bunların sırasında ən nüfuzlu liberal yönümlü “Vətəndaş Hərəkatı” və tərkibinə görə daha böyük müasir realizm ideologiyasına söykənən Vətəndaş Demokratik partiyası fərqlənirdi. V.Klausun lideri olduğu bu partiya radikal iqtisadi islahat tərəfdarı kimi dövlətin iqtisadi rolunu zəiflətməklə sürətli özəlləşdirmə tərəfdarı idi. “Vətəndaş Forumun”dan ayrılan üçüncü qüvvə çex mühafizəkar dəyərlərini təbliğ edən “Vətəndaş Demokratik Alyansı” idi.

İqtisadiyyatda islahatın nəticələri Slovakiyanın vəziyyətinə çox halda mənfi təsir göstərdi. Belə bir şəraitdə Slovakiya İctimaiyyəti Zorakılığa qarşı təşkilatın dağılmasından sonra kütlələr tərəfindən müdafiə edilən məşhur siyasətçi, Demokratik Slovakiya Uğrunda hərəkatın sədri Vladimir Meçiar uğur qazandı. Meçiar slovakların milli suverenliyi uğrunda hərəkata rəhbərlik edir, çex-slovak federasiyası tərəfdarlarına qarşı çıxırdı. Slovakiyanın müstəqilliyi uğrunda Kanadada və ABŞ-da yaşayan slovak mühacirləri də çıxış edirdi. Slovakiyanın tam müstəqilliyini əvvəllər Slovakiya cəmiyyətinin az bir hissəsi müdafiə edirdi. Lakin 1990-cı ildəki seçkilərdən sonra bu tələb Slovakiya milli partiyasının və digər partiya, qruplarının fəaliyyət proqramına çevrildi.

Slovakiya Praqaya təzyiqi gücləndirərək federasiyada bərabər imkanların qarantına çalışırdı. Artıq 1990-cı ilin yazında Federal yığıncaqda (məclisdə) dövlətin adının dəyişdirilməsi müzakirə ediləndə millətlərarası münasibətlərin kəskinləşməsi göz qabağında idi. Slovakiya liderləri ciddi-cəhdlə təkid edirdilər ki, ölkənin Çexo-Slovakiya adı dəyişdirilsin. Nəticədə ölkənin adının Çex və Slovakiya Federativ Respublikası adlandırılması haqqında qarşılıqlı razılıq əldə edildi. Elə bu zaman Bratislavada Slovakiyanın tam müstəqilliyini tələb edən çıxışlar oldu. P.Pitqartın çex hökuməti ilə V.Meçiarın Slovak hökuməti arasında səlahiyyətlərin bölünməsində narazılıq yarandı.

1991- ci ilin yazında Meçiarın hökuməti istefa verdi və onun yerini Y.Çarnoqurski kabineti tutdu. O, konstitusiya qəbul olunanadək xüsusi çex və slovak müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Çexlər bu tələbi qəbul etdilər. Lakin yenə də Slovakiyada müstəqil respublikanın yaradılması şüarları daha kəskin səslənməyə başladı.

Uzun sürən qarşıdurma özünün ən yüksək zirvəsinə 1992-ci il seçkilərində çatdı. Seçkilərdə Çex respublikasında Vətəndaş Demokratik partiyası səslərin 30 faizinə qədərini, Slovakiyada V.Meçiarın başçılıq etdiyi Demokrat Slovakiya Uğrunda hərəkat səslərin çox hissəsini qazanaraq qələbə çaldılar. Bu qüvvələr müxtəlif iqtisadi və siyasi məqsədlər qarşısına qoyduğu üçün tam gücü ilə fəaliyyət göstərən federal hökumətin yaradılması problem idi. Belə bir şəraitdə seçkidə qalib gəlmiş partiyaların liderləri bir silsilə danışıqlardan sonra federasiyanın bölünməsi qərarına gəldilər.

1992- ci il noyabrın 25-də Federal Məclis iki xalqın federasiyasının ləğv edilməsi haqqında qərar qəbul eti. Üç həftədən sonra Çex Milli Şurası Çex republikasının Konstitusiyanı qanuniləşdirdi. 1993-cü il yanvarın 1-də Avropanın xəritəsində keçmiş Çexoslovakiya federasiyası ərazisində iki yeni dövlət-Çex Respublikası və Slovakiya Respublikası meydana gəldi. Onların ərazisi və coğrafi vəziyyəti əvvəlki kimi saxlanıldı, geopolitik şərait və dövlətin inkişafı şəraiti əsaslı dəyişikliklərə məruz qaldı.

Çex və Slovak mədəniyyəti

Çexoslovakiyada 1948-ci il qanununa əsasən bütün təhsil müəssisələri milliləşdirildi, məktəb kilsədən ayrıldı. 6-16 yaş arasında olan uşaqlar üçün icbari təhsil tətbiq edildi. Məktəblər 1-4-cü sinifləri əhatə edən başlanğıc pillə, 5-8-ci sinifləri əhatə edən tam olmayan orta pillədən ibarət əsas məktəb təhsil siteminə malik idi. 1976/77-ci tədris ilində ölkənin 8550 əsas məktəblərində 1882 min şagird oxuyurdu. Əsas məktəb bazasında tam orta məktəb — gimnaziya təşkil olunurdu ki, burada da təhsil müddəti 4 ildir. 1976/77-ci tədris ilində 339 gimnaziyada 137,1 min şagird təhsil alırdı. 2-4 illik sənət məktəbləri və 3-4 illik orta sənət məktəbləri xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı fəhlə kadrları hazırlayırdı ki, burada da bəhs edilən tədris ilində 307,2 min şagird oxuyurdu.

Çexoslovakiya Respublikasının ali təhsil sistemində 4-6 illik təhsil müddətinə malik olan universitet, institut, ali məktəb və uçilişlər fəaliyyət göstərirdi. 1976/77 -ci tədris ilində ölkənin 36 ali məktəbində 168,3 min tələbə təhsil alırdı. Praqa, Bratislava, Brno universitetləri ən qədim təhsil müəssisələridir. 1980-ci illərin sonunda ölkədə 37 ali məktəb fəaliyyət göstərirdi.

“Real sosializm” dövründə Çexoslovakiyada texniki, təbiət və humanitar sahələr üzrə elmi-tədqiqat müəssisələrinin şəbəkəsi artdı. 1952-ci ildə Çexoslovakiya Elmlər Akademiyası, 1953-cü ildən Slovakiya Elmlər Akademiyası meydana gəldi. Görkəmli riyaziyyatçı alimlər E.Çex, V.Yamik, V.Korjinekin əməyi nəticəsində riyaziyyat elminin yeni sahələri, funksional analiz, differensial bərabərlik, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq və kibernetika meydana gəldi.

Dünya şöhrətli çex alimi Yaroslav Qeyrovskinin kimya elmi sahəsində apardığı tədqiqatlar 1959-cu ildə onun Nobel mükafatına layiq görülməsinə səbəb oldu. Kimyanın problemləri və genetika sahəsində R.Brdiçka, tətbiqi birləşmələr kimyası sahəsində R.Lukeş, geologiya və mineralların tədqiqində F.Slavik, tektonik problemlərin tədqiqatçısı V.Zoubek yaratdığı məktəblərlə ölkə elminə əvəzsiz xidmət göstərirdilər.

Ölkə bioloqlarını öz tədqiqatları ilə bitkilərin fiziologiyası, mikrobiologiya sahəsində D.Blaşkoviç, virusoloq F.Qerçik, biofızik Y.Şterel bütün dünyada layiqincə təmsil edirdi. Tibb elmini böyük alimlər histoloq F.Studniçka, tibb biokimyaçı, endokrinoloq V.Laufberqer, nevroloq Y.Qrbek, onkoloq V.Turzo, pediatr İ.Qouştek təmsil edirdi.

Texniki elmlər, xüsusilə tədbiqi mexanika sahəsində Y.Kojeşnik, maşınların hidavlik nəzəriyyəsi sahəsində Y.Qibl, texniki energetika tədqiqatçıları İ.Rjezniçek, İ.Stranski, B.Qel-ler səmərəli çalışırdı. Bütün bu elmi təcrübə və potensialın nəticəsində 1978-ci ilin martında ilk çexoslovak kosmonavt V.Remek “Saluyt-6” — “Soyuz” orbital uçuşunda iştirak edərək beynəlxalq ekipaj kimi bir sıra mühüm elmi-tədqiqat xarakterli təcrübə həyata keçirmişdir.

Humanitar elmlər, xüsusilə tarix elmi sahəsində İkinci Dünya müharibəsindən sonra slavyanların etnogenezi, Çexiya və Slovakiya ərazisində ibtidai insan məskənləri tarixinin öyrənilməsində Needlı, Y.Bem, Y.Filip, İ.Poulik, feodalizm və kapitalizmin genezisi, milli-azadlıq hərəkatının tədqiqində Qusa, Qosiorovski, Rjiqa, B.Varsik, İ.Yanaçek, Y.Purş, ümumi tarix və beynəlxalq münasibətləri məsələlərinin qələmə alınmasında İ.Vesele, L.Qolotik, V.Kral, M.Kropilak, Ç.Amort, İ.Qroziençik və başqalarının monoqrafiya, əsər və tədqiqatları çox dəyərli və əhəmiyyətlidir.

1948-ci ildən sonra təhsil sahəsindəki yenidənqurma xüsusilə ictimai elmləri, o cümlədən tarix, fəlsəfə, iqtisad, hüquq sahəsini marksizm-leninizm prinsipi əsasında sərt ideoloji və partiya diktəsinə tabe etməklə diqqəti cəlb edir. Tamamilə partiya və dövlətin ideoloji nəzarəti altında olan kütləvi informasiya vasitələri “yeni sovet insani” tərbiyə etmək istiqamətində çalışırdı. Odur ki, keçmişin dəyərləri üzərindən xətt çəkilərək yeni bədii ideya cəhətdən vahid siyasi xəttə uyğun yaradıcılıq metodlarından istifadə olunurdu. Karel Çapek kimi görkəmli yazıçıların yaradıcılığı demək olar ki, ədəbiyyat tarixindən çıxarılmışdır. Müasir modernist və avanqardist cərəyanlar tənqid edilir, Qərb mədəniyyəti ilə əlaqələr yox dərəcəsində idi.

Mədəniyyət sahəsində mülayimləşmə yalnız 1950-ci illərin sonu — 60-cı illərin əvvəllərində baş verdi. 1948-ci ildə Nobel mükafatı olan Yaroslav Zeyfert bu sahədə nüfuzlu və məşhur çex şairi kimi qələm yoldaşların xalqın əsl vicdan olmağa çağırdı. Yaşlı nəslin nümayəndələri V.Rjezaç, V.Nezvalın yaradıcılığında hərbi və antifaşist mövzular ön planda idi. Tədricən bədii yaradıcılıqda sosialist realizmi bərqərar oldu ki, bu da sonradan mədəniyyətin ümumi vəziyyətinə neqativ təsir göstərdi.

“Real sosializm” dövründə müxalifət və dissident mədəniyyəti ancaq Qərbdə səs gətirə bilərdi. Odur ki, Çex respublikasının gələcək prezidenti Vatslav Qavelin pyesləri məhz ilk dəfə Qərbdə işıq üzü gördü. Bundan əlavə Milan Kunder, Boqumir Qrabl kimi yazıçıların təkrarolunmaz əsərləri də məhz orada çap edilmişdir. İctimai rəyin müxalif islahatçı istiqamətini filosoflar Yan Patoçka, Karel Kosik, tarixçi Vatslav Çernınin əsərləri təmsil edirdi.

Mühacirətdə 1950-ci ildən başlayaraq ABŞ-da “Azad Çexoslovakiya Şurası”, Kanadada Slovakların Dünya konqresi fəaliyyət göstərirdi. 1956-cı ildən Parisdə Pavel Tiqridin başçılığı altında “Şəhadətnamə” (“Svidetelstva”), Romada Y.Pelikanın buraxdığı “Vərəqlər” (“Listı”) jurnalları ətrafında intellektual elita cəmləşmişdir. Mühacirət təmsilçiləri ölkə daxilində təqib edilən müxalifətin çex və slovak yaradıcı ziyalılarına maddi kömək göstərirdilər.

Xaricdə çalışan çex kinorejissoru Miloş Formanın “Tutuquşu yuvası üzərində uçuş” (“Polet nad qnezdom kukuşki”), “Amadeus” kinofilmləri dünyada şöhrət qazanmışdır. Çexoslovak kinomatoqrafiyasında yenilikçi rejissorlar Yirji Mentsela, Veri Xitilova, Yuraya Qertsa, Yuraya Yakubisko, Ştefana Uqra və b. xüsusilə fərqlənirdilər.

1945-ci ildən sonra Çexoslovakiyada ölkənin qəhrəmanlıq tarixindən bəhs edən rejissor K.Steklının “Sirena” bədii filmi tezliklə məşhurlaşdı. Ölkədə İkinci Dünya müharibəsindən bəhs edən kinofilmlər meydana gəlməyə başladı. 1958-ci ildəki rejissor İ.Sekvensik “Qaranlıqdan qaçış” (“Beqstvo iz teni”), 1962-ci ildə İ.Novakın “Göy səma” (“Zelyonıe qori-zonti”) və Z.Brınixin “Cənnətdən daşınma” (“Transport iz raya”) kinofilmləri buna misaldır.

Slovak rejissorları M.Qollı 1970-ci ildə “Mis qala” (“Mednaya başnya”) İ.Rejuxa 1972-ci ildə “Olduqca saf oğlanlar” (“Vpolne poryadoçnıe parni”), Ş.Uqer 1975-ci ildə “Uzun gecə, uzun gün” (“Bolşaya noç, bolşaya den”) kinofilmləri yaratdılar. Y.Marvan, F.Smolik, İ.Kaçirkova, V.Fialova, İ.Bek, V.Brodski, M.Vaşariova və b.aktyorların şöhrəti bütün ölkədə və dünyada yayılmışdır. Təkcə, 1976-cı ildə “Barrandov-fılm” kinostudiyası 68 tam metrajlı bədii film çəkmişdir.

Slovak opera sənətçiləri Qabriela Benyaçkova, Edita Qruberova, Peter Dvorski bütün dünayaya səs salmışdır. Müasir bəstəkarlardan Petr Eben və Svatopluk Qavelkinin yaradıcılığın ayrıca qeyd etmək yerinə düşər.

Müasir heykəltaraşlıq əsərlərindən 50-ci illərdəki Praqanın Jijkov dağındakı rəssam Y.Manesunun Yanu Jijke abidəsini, Karel Pokomının Slavyan adasındakı yazıçı Bojene Nemtsovanın heykəlini, V.Makovskinin “Yeni əsir” kompozisiyasını misal göstərmək olar. Bir çox çex və slovak ustaları Y.Vaqnerin Praqadakı Ali bədii-sənaye uçilisinin emalatxanasından keçmişlər. Slovak heykəltaraşı V.Kompanekinin yaradıcılığı başdan-başa xalq adət-ənənələri ruhundadır.

Müharibədən sonraki memarlıq nümunələrindən Z.Aleks, F.Ledererin Bmodakı beynəlxalq maşınqayırma yarmarkası kompleksini, K.Qubaç və Z.Patrmanın Yeşted dağındakı telegüllə və mehmanxana binalarını D.Kuzma, Y.Yankoviçin Banska-Bistritsadakı Slovak milli üsyanına həsr etdiyi abidəni nümunə kimi göstərmək olar.

1970-80-ci illərdə K.Filsak, Y.Şvetsin Praqadakı “İnternasional” mehmanxanası, Y.Xauskrextin Bratislavadakı “Forum” mehmanxanasını, V. və V.Maxoninlərin “Kotva” Praqa univermağını ən yaxşı memarlıq abidələri kimi misal çəkmək olar. 1970-ci ildə Praqa metrosunun birinci xətti zəngin vestibül mozaikası ilə işə düşdü. A.Tesar, Y.Latsko, İ.Slamenin layihəsi əsasında Bratislavaya Dunay üzərindən 431 m uzunluğunda dəmir asma körpü salındı. Müharibədən sonra bir sıra çex və slovak memarlıq inciləri yenidən bərpa edildi. Y.Fraqnerin layihəsi əsasında Praqa Universitetinin “Karolinum” böyük akt zalı, F.Tsubr, Y.Qrubı, Z.Pokornının başçılığı ilə Praqa Qradında Sv.Yirji monastrı, Bratislav Qradı, Slo-vakiyadakı Banska-Ştyavnitsa tarixi şəhər kompleksi yenidən bərpa edildi.

 

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top