20-ci illərin ikinci yarısında aqraq ölkəni sənaye dövlətinə çevirmək, onun iqtisadi müstəqilliyini təmin etmək və müdafiə qabiliyyətini möhkəmlətmək iqtisadi sahədə qarşıda duran əsas vəzifə idi. ÜİK (b) P-nın XIV qurultayı 1925-ci ilin dekabr ayında ümumi cizgilərlə olsa da öz qərarlarında sənayenin inkişaf etdirilməsinin zəruri olmasından bəhs edərək tarixə sənayeləşdimə qurultayı kimi daxil olmuşdur. Xalq təsərrüfatının inkişaf etdirilməsi vəzifəsini irəli sürən qurultayın qərarında qeyd edilirdi ki, “SSRİ-nin iqtisadi müstəqilliyini təmin etmək, SSRİ-ni dünya kapitalist təsərrüfatının əlavəsinə çevrilməkdən qorumaq üçün ölkəni sənayeləşdirmə istiqamətinə yönəltmək, istehsal vasitələri istehsalının inkişafını və iqtisadiyyatda hərəkət etmək məqsədilə ehtiyatların yaradılmasını təşkil etmək vacibdir.” Qurultaydakı müzakirələr göstərdi ki, SSRİ maşın və avadanlıq idxal edən ölkədən onu istehsal edən ölkəyə çevrilməlidir. Texniki cəhətdən yenidən qurulan sosialist sənayesinin yaradılmasına xüsusi diqqət ayrılmışdır.
1926-cı ilin aprelində olan ÜİK (b) P MK-nın plenumunda əsasən sənayeləşdirmənin həyata keçirilməsi üçün lazım olan yığım mənbələrindən bəhs edən təsərrüfat siyasəti məsələləri mükazirə edildi. MK-dan əsas məruzəçi olan A.İ.Pıkov qeyd edirdi ki, sənaye siyasətinin uğuru onun öz daxili mənbələrindən asılıdır. A.Rıkova görə fəhlələrə kömək edən kəndlilər sayəsində kənd sənayenin sürətlə inkişaf etməsi üçün əsas yığım mənbəyinə çevriləcək, amma ondan inqilaba kimi əldə ediləndən az almaq lazımdır. 1926-cı ildə yaranan trotski -zinovyevçi müxalifətin adından plenumda L.D.Trotski çıxış edərək A.Rıkovu onda təqsirləndirdi ki, o, sənayeləşdirmənin sürətlə həyata keçirilməsinin zəruruiliyini və kəndin sənayeləş-dirmə üçün əsas yığım mənbəyi olması imkanını lazımınca qiymətləndirməmişdir. Q.Y.Zinovyev, L.B.Kamenev, Q.L.Pyatakov və b. bu ruhda çıxış etdilər. Lakin İ.V.Stalin başda olmaqla plenum üzvlərinin böyük əksəriyyəti A.Rıkovu müdafiə etdi. L.V.Stalin “sosializm quruculuğu üçün zəruri olan sənaye inkişafının minimum həddi” tezisini əsaslandıraraq elan etdi ki, “sənaye kəndin tədricən güzaranının yüksəlməsinə əsaslanmalıdır.” 1926-cı il oktyabrın 27-dən noyabrın 3-dək davam edən XV partiya konfransı maşınqayırmanı sənayeləşdirmənin əsas hissəsi elan edərək onun sürətli inkişafını həyata keçirməyi irəli sürdü. Eyni zamanda konfransda sənayeləşdirmə məqsədilə nəzərdə tutulan yığım mənbələri də müəyyən olundu. Sənayenin daxilində yeni əlavə məhsul kütləsinin dövriyyəsi, xalq təsərrüfatının başqa sahələrində gəlirlərin dövlət büdcəsi vasitəsilə istifadəsi, əhalinin gəlirlərinin kooperativlər, əmanət kassaları, kredit, dövlət istiqrazları və s. səfərbər edilərək sənayeləşdirmə işində istifadə edilməsi bura daxildir. Əmək məhsuldarlığının artırılması, qənaət rejimi və məhsulun maya dəyərinin aşağı salınması yığım mənbəyinin əsasını təşkil edirdi. Sənayeləşdirmə siyasətinin başlanması 1927-ci il aprel ayında toplanan SSRİ IV Sovetlər qurultayının onu qanunvericilik yolu ilə təsdiq etməsilə qüvvəyə mindi. İlk vaxtlar əsas diqqət köhnə sənaye müəssisələrinin yenidən qurulmasına verilirdi. Eyni zamanda Saratov və Rostov kənd təsərrüfatı maşınqayırma, Karsaknay misəritmə və s. müəssisələr kimi 500 yeni zavod tikilirdi. Türküs-tan-Sibir dəmir yolunun (Türksib) və Dnepr hidroelektrik stansiyasının (Dneprohes) tikintisinə başlandı. Sənaye müəssisələrinin inkişafı və genişləndirilməsi demək olar ki, müəssisələrin 40 %-nin öz ehtiyatları hesabına həyata keçirilirdi. Sənayedaxili yığım mənbəylərindən başqa milli gəlirin sənayenin xeyrinə uyğun yenidən bölünməsi də onun maliyyələşdirilməsinə sərf edilirdi.
Sənayeləşdirmə siyasətinə keçilməsi sənayenin idarə edilməsi sisteminin dəyişdirilməsini tələb edirdi. İdarəetmənin sahə sisteminə keçilməsi, xammalın, fəhlə qüvvəsinin, istehsal edilən məhsulun bölgüsünün mərkəzləşdirilməsini və bir yerdə olmasını nəzərdə tuturdu. Bütün bunları nəzərə alaraq SSRİ AXTŞ əsasında ağır, yüngül və meşə sənayesi xalq komissarlıqları yaradıldı. G.K.Orconikidze, İ.Y.Lyubimov və S.S.Lobov yeni yaranan komissarlıqlara rəhbər təyin olundular. 1920-30-cu illərdə meydana gələn sənayenin idarə olunmasının forma və metodları təsərrüfatçılıq mexanizminin bir hissəsinə çevrilərək uzun müddət mövcud olmuşdur. Son həddə çatan mərkəzləşmə, direktivlərlə müşayiət edilən rəhbərlik və yerlərdə təşəbbüsün boğulması bu vəziyyət üçün xarakterik idi. Sənaye müəssisələrinin fəaliyyətinin bütün sahələrinə qarışan təsərrüfat və partiya orqanlarının bu işdə rolu aydın müəyyən edilməmişdir.
1927-ci ilin dekabrında ÜİK (b) P-nın XV qurultayı birinci beşillik planın tərtib edilməsi haqqında direktivləri qəbul etdi. Dövlət Plan Komitəsi və AXTŞ bu sənəd əsasında birinci beşillik planın tapşırıqlarını hazırlamağa başladı. SSRİ Dövlət Plan Komitəsinin sədri görkəmli alim Q.M.Krjijanovskinin təklifi ilə beşillik planın bir-birindən 20 % fərqi olan minimal və optimal variantları hazırlandı. 1929-cu ilin mayında V Ümumittifaq Sovetlər qurultayı optimal variantı qanun kimi qəbul etdi. Birinci beşillik plana qiymət verən tarixçilər bir məsələdə həmrəy idilər ki, onun tapşırıqları şişirdilmişdir, lakin miqyasına baxmayaraq, onun yerinə yetirilməsi real idi. Plan beşillik ərzində sənaye məhsulu buraxılışını 180, istehsal vasitələri istehsalını 230, kənd təsərrüfatı məhsullarını 55, milli gəliri 103% artırmağı nəzərdə tuturdu. Çuqun əridilməsi 10 mln ton, elektrik enerjisi hasilatı 22 mlrd. kvt. nəzərdə tutulurdu. Sənayedə əmək məhsuldarlığı 110, real əmək haqqı 71, kəndlilərin gəliri 67% artmalı idi. 1928/29-1932/33-cü illəri əhatə edən birinci beşillik planın tapşırıqlarının müəyyən edilməsində görkəmli biokimyaçı alim A.N.Bax, enerji sahəsində adını tarixə yazdırmış İ.Q.Alek-sandrov və A.N.Vinter, aqrokimya elmi məktəbinin əsasını qoyan D.H.Pryanişnikov və b. mühüm rol oynadı. 1929-cu ilin dekabrında zərbəçilərin qurultayında İ.Stalin “Beşilliyi dörd ildə!” şüarın irəli sürdü. Bu vəzifəni yerinə yetirmək məqsədilə plan tapşırıqlarına yenidən baxılaraq artırıldı. Ölkə əvvəlcə planlaşdırılandan iki dəfə artıq əlvan və qara metal, avtomobil, kənd təsərrüfatı maşını, çuqun və s. hasil etməyə borclu idi. Məsələn, beşilliyin sonunda əvvəlcə planlaşdırılan 10 mln yerinə 17 mln ton çuqun əridilməli, 55 min yerinə 170 min traktor, 100 min yerinə 200 min avtomobil buraxılmalı idi. Yeni müəyyən edilən tapşırıq rəqəmləri sağlam düşüncənin məhsulu olmayıb, heç bir real əsasa söykənmirdi. Sənayenin inkifaşında “böyük sıçrayış” istiqaməti seçən partiyanın rəhbərliyi səhv olaraq belə hesab edirdi ki, siyasətdə olduğu kimi iqtisadiyyatda da kütlələri yüksək ideyalar uğrunda təşkil edib ruhlandıraraq onları aydın ideyaların həyata keçirilməsi uğrunda qəti mübarizəyə atmaq olar. Plan tapşırıqlarının süni surətdə şişirdilməsi və qüvvələrin son dərəcə gərginliyi beşilliyin vəzifələrinin bir çox hissəsinin yerinə yetirilməməsinə səbəb oldu. 1929-cu ildə birinci beşilliyin həm minimum, həm də optimal variantının planı yerinə yetirildiyi halda, 1931-ci ildə həta minimal plan belə yerinə yetirilmədi. Lakin buna baxmayaraq, xüsusilə beşilliyin ilk illərində ölkə sənaye müəssisələri tikintisi meydanını xatırladırdı. Belə ki, ölkənin şərqində mərkəzi Maqnitoqorsk və Kuznetsk olan yeni kömür-metallurgiya bazası Ural-Kuzbas meydana gəldi. Mariupol, Stalinqrad, Moskva, Nikopol və Pervouralskdə əlvan metaləritmə və boru prokatı zavodları salındı. Qorki və Moskvada iri avtomobil zavodları, Stalinqrad, Xarkov və Çelyabinskdə traktor zavodları, Rostov-Don və Zaporojyedə kənd təsərrüfatı maşınqayırma, Qorlovki, Kramatorsk, Sverdlovskda ağır maşınqayırma zavodları tikildi. Bereznikovsk, Solikamsk, Bobrikdə kimya kombinatları işə salındı.
Ümumiyyətlə, birinci beşillik planda 1235 müəssisə, yerli elektrostansiya, mədən və neft yataqları nəzərə alınmaqla 1500-dən çox müəssisə tikilib istifadəyə verilməli idi. Məhz sovet adamlarının tükənməz əməyi sayəsində beşillik ərzində 1500 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Başqa sözlə, SSRİ sənaye avadanlığı ixrac edən ölkəyə çevrildi. Sənaye quruculuğunun geniş miqyası işə kütləvi fəhlə qüvvəsini cəlb etməyi tələb edirdi. Birinci beşillik illərində sənaye, tikinti və nəqliyyat sahələrinə 12,5 mln yeni fəhlə gəlmişdir ki, bunların da 8 mln nəfəri kənd yerlərindən gələnlərdən ibarət idi. Adamlar yeni ucalan zavod və müəssisələrdə gecə-gündüz demədən, özlərinə acımadan çalışırdılar. 1929-cu ildə sosializm yarışı təşkil edilir, zərbəçi əmək briqadaları meydana gəlirdi. İlin sonunda iri müəssisələrin fəhlələrinin 26%-i zərbəçi briqada üzvü idi, yarışlarda isə fəhlələrin 65%-i iştirak edirdi. 1928-1932-ci illəri əhatə edən birinci beşilliyin sonlarında Donbas mədənçisi N.A.İzotovun adı ilə qabaqcılların izotov hərəkatı geniş yayılmışdır. İzotovçular yeni fəhlələrə istehsalat təlimi keçməyi bir vəzifə olaraq öz üzərlərinə götürdülər. Sənaye quruculuğundan əsl əmək xarüqələri yaradan fəhlələr çox vaxt ən ibtidai məişət şəraitindən belə məhrum idilər. İstehsalatda “hücum” ab-havasının yaradılması bəzən işin ritminin pozulmasına və keyfiyyətin aşağı düşməsinə səbəb olurdu.
Birinci beşilliyin plan tapşırıqları ilk iki ildə yeni iqtisadi siyasətin ehtiyyatları hesabına sənayenin inkişafında artıqlaması ilə yerinə yetirildi. Plan tapşırıqlarının mərkəzdən süni olaraq dəyişdirilib artırılması və ehtiyatların azalması 30-cu illərin əvvəllərində sənayenin inkişaf sürətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb oldu. Belə ki, bu 1928-1929-cu illərdəki 23,7% əvəzinə, 1933-cü ildə 5%-ə düşdü. Beşilliyin yekun ilinin planları demək olar ki, yerinə yetirilmədi. Buna baxmayaraq, İ.Stalin elan etdi ki, birinci beşillik plan tapşırıqları dörd il üç ayda yerinə yetirilib. Bunu təsdiq etmək məqsədilə yalnız məhsulun manatla dəyəri hesablanırdı, natura cəhəti isə nəzərə alınmırdı. Xammal, avadanlıq, maşınların qiymətlərinin artması meydana gələn fərqin səbəbi kimi göstərilirdi. Natural göstəricilərə görə isə plan tapşırıqları yerinə yetirilməmişdir. Xüsusilə yüngül və yeyinti sənayesi ağır vəziyyətdə idi, belə ki, bu sahədəki göstəricilər hətta 20-ci illərin sonlarındakından aşağı idi. Belə bir vəziyyət ondan irəli gəlirdi ki, yüngül və yeyinti sənayesinə kifayət qədər diqqət ayrılmamış, başqa bir tərəfdən 20-30-cu illərin qovuşuğunda kollektivləşdirməyə keçilməsilə bağlı kəndin ağır sarsıntıya məruz qalması ilə əlaqədar olmuşdur. Dəmir yol, dəniz və su nəqliyyatı sahəsində beşillik planda nəzərdə tutulan işlərin yalnız üçdə birini yerinə yetirmək mümkün oldu. Məhz “böyük sıçrayış” illərində xalq təsərrüfatının sahələri arasında dərin uyğunsuzluq yarandı ki, bu da onilliklər boyu SSRİ-nin iqtisadiyyatı və cəmiyyətinin xarakterik xüsusiyyətinə çevrildi. Tarixçilər belə hesab edirlər ki, 1928-1932-ci illərdə birinci beşillik plan tapşırıqlarının pozulması İ.Stalin başda olmaqla bolşevik rəhbərliyini məcbur etdi ki, planlaşdırmanı düzəltmək üçün beşilliyin təcili yerinə yetirildiyini elan etsinlər.
1934-cü ilin yanvar-fevralında ÜİK(b) P-nın XVII qurultayı 1933-1937-ci illəri əhatə edən ikinci beşillik planı təsdiq etdi. “Sıçrayışın” mənfi təcrübəsi planın tərtib edilməsinə onun göstəricilərini aşağı salmaq şərtilə son dərəcə ehtiyatla yanaşmağı tələb edirdi. Sənayenin orta illik artım sürəti birinci beşillikdəki 30 yerinə 16,5%-ə düşmüşdür. Yüngül sənaye sahəsindəki geriliyi aradan qaldırmaq məqsədilə onun orta illik artım sürəti 18,5, ağır səna-yeninki isə xeyli az, yəni 14,5% müəyyən edildi. Sənayedə əmək məhsuldarlığını 63% artırmaq, məhsulun maya dəyərini isə 26% aşağı salmaq nəzərdə tutulurdu. Uralda, Qərbi və Şərqi Sibirdə, Başqırdstanda, Qazaxıstanda və Orta Asiyada sənayenin yeni dayaq mərkəzlərinin yaradılması planlaşdırılırdı. Yüngül və yeyinti sənayesini xammal mənbələrinə yaxınlaşdırmaq üçün Orta Asiya, Sibir, Cənubi Qafqazda yeni toxuculuq müəssisələrinin salınması irəli sürüldü.
Birinci beşillikdə zay məhsulların çoxluğu fəhlələrin istehsalat təliminə xüsusi diqqət ayrılmasını tələb etdi. Birinci beşilllikdəki “Texnika hər şeyi həll edir!” şüarı indi “Kadrlar hər şeyi həll edir!” şüarı ilə əvəz edildi. 1932-ci ildən Xalq Ağır Sənaye Komissarlığına başçılıq edən Georgi Konstantinoviç Orconikidze (1886-1937) yeni ixtisaslı kadrların hazırlanmasına, əmək məhsuldarlığının artırılmasına, sənayenin yeni sahələrinin yaradılmasına xüsusi fikir verirdi. 1934-cü ilin dekabrında Makeev metal zavodunun fəhlələri dövlət dotasiyası olmadan iş rejiminə keçmək təşəbbüsü ilə çıxış edərkən onları Serqo Orconikidze müdafiə etdi. Üç aydan sonra makeevçilər öz öhdəliklərini yerinə yetirdilər. Georgi (Serqo) Orconikidze Makeev zavodunun təcrübəsini bütün ağır sənayeyə yaydı ki, bunun da sayəsində 1936-cı ilin sonuna doğru dövlət dotasiyasına tələbat xeyli azaldı, zavodların öz ehtiyyatları hesabına maliyyələşdirilməsi iki dəfədən çox artdı.
1933-1937-ci illərdə sosializm yarışı yeni inkişaf mərhələsinə qədəm qoydu. 1935-ci ilin sentyabrında Donbasın mərkəzi İrmino mədəninin fəhləsi A.Q.Staxanov növbəsi vaxtı 7 ton norma yerinə 104 ton kömür çıxararaq Staxanov hərəkatının əsasını qoydu. Bu rekord məqsədli şəkildə hazırlanmışdır, əmək bölgüsündən istifadə nəticəsində əsas mədənçini iki əlavə fəhlə müşayiət edərək mədənin möhkəmləndirilməsi işi ilə məşğul olurdular. A.Staxa-nov əsas diqqəti kömür çıxarmağa yönəltdi. Bir neçə gündən sonra həmən mədəndə M.D.Dyukanov rekordu 114 tona çıxardı. Staxanov hərəkatı başqa sahələrə də yayıldı. Toxucular Y.V. və M.İ.Vinoqradovalar, dəmirçi A.X.Busıqin, paravoz sürücüsü P.F.Krivonos və b. bütün ölkədə şöhrət qazandılar. Staxanov hərəkatı geniş təbliğ olunurdu ki, bu da fəhlələrin daha yüksək əmək nəticələri əldə etməsinə səbəb oldu. Bəzən elə hallar olurdu ki, staxa-novçular üçün xüsusi şərait yaradılır və ya sadəcə olaraq başqalarının birlikdə gördüyü işlər onların adına yazılırdı. Getdikcə staxarovçular fəhlə sinifinin elit təbəqəsinə çevrildilər, onlar məşhurlaşaraq həyatda irəli getmək imkanı qazandılar.
Sənayeləşmə gündən-günə daha çox ixtisaslı kadrlara ehtiyac duyurdu. 1933-cü ilin payızında çoxyönlü ixtisaslar üzrə fəhlə kadrları hazırlamaq məqsədilə fabrik-zavod şagird məktəbləri (FZU) yenidən təşkil olunaraq peşə təhsil məktəblərinə çevrildilər. Çətin və mürəkkəb ixtisaslar üzrə təhsil müddəti uzadılaraq iki, sonra isə üç ilə çatdırıldı. İkinci beşillik ərzində birinci beşillik dövründəkindən üç dəfə çox, yəni 1,4 mln fəhlə bu məktəbləri bitirmişdir.
1933-1937-ci illəri əhatə edən ikinci beşillik plan tapşırıqları yüngül sənaye, ağır sənayenin bir sıra sahələri, sosial sahədə yerinə yetirilməməsinə baxmayaraq, ümumi nəticələr birinci beşillik göstəricilərindən xeyli yaxşı idi. Əmək məhsuldarlığı birinci beşillikdəki 41% yerinə iki dəfə artdı. Yeni müəssisələr bütün məhsulun 80%-ni verirdi. Kömür çıxarılması iki dəfə, neft 1,4 dəfə, boru istehsalı üç dəfədən çox artdı. İkinci beşillik illərində 4500 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Ural maşınquraşdırma, Çelyabinsk traktor, Novo-Tula metallurgiya zavodları işə salındı. 1935-ci ildə Moskvada metropolitenin birinci xətti salındı. Ukraynada maşınqayırma, Özbəkistanda metal emalı zavodları işə başladı. 1933-cü ildə Belomor-Baltik, 1937-ci ildə Moskva adına kanallar istifadəyə verildi. İkinci beşillik plan tapşırıqlarının vaxtından əvvəl, yəni dörd il üç ayda yerinə yetirilməsi elan edildi. Buna baxmayaraq, 46 göstərici üzrə plan tapşırıqlarının yalnız 10-u üzrə planlar yerinə yetirilmişdir. Qalanları üzrə isə plan yalnız 70-77% yerinə yetirildi.
Sənayeləşdirmə yeni iqtisadi siyasətin sıxışdırılıb aradan çıxarılmasına səbəb oldu. Bütün maliyyə və maddi vəsaitin, fəhlə qüvvəsinin dövlətin əlində cəmləşməsi xüsusi bölmənin məhvinə səbəb oldu. Dövlət müəssisələrinin idarə olunması dəyişdi. Təsərrüfat hesabı faktiki olaraq yox edildi. Böyük miqyaslı tikintilər, iri xərclər, aşağı məhsuldarlıq sənayenin gəlirlərinin aşağı düşməsinə səbəb oldu. Müəssisələrin daxili yığımı sənayeləşdirməni təmin etmirdi. Odur ki, dövlət vəsaiti və onun bölgüsünü öz əlində cəmləşdirdi. Bütün gəlirlər büdcəyə keçirildi. Müəssisələr arasındakı topdansatış ticarəti dayandırıldı. Artıq xammal və avadanlıq satılmır, ayrılmış fond və limit əsasında mərkəzləşmiş qaydada bölünürdü. Maliyyə müstəqilliyini itirən müəssisələr özünüidarə imkanlarını da itirirdi. Beləliklə, sovet iqtisadiyyatında idarəçiliyin inzibati-rəhbər modeli qələbə çaldı. Bu isə qısa müddətdə sənayenin sıçrayışı üçün əlverişli olduğu halda, texniki tərəqqi və məhsulun keyfiyyəti nöqteyi-nəzərindən əhəmiyyətli deyildir.
20-ci illərin birinci yarısının sonlarında SSRİ-nin kənd təsərrüfatı müharibədən əvvəlki səviyyəyə çatdı. Ancaq mülkədar və qolçomaq təsərrüfatları ləğv edildiyi üçün onun məhsulu aşağı idi. Xırda kəndli təsərrüfatı birinci növbədə öz tələbatını ödəyərək bazarla mütəmadi əlaqə saxlamırdı. Yalnız iri təsərrüfatlar məhsul istehsalının artımını təmin edə bilərdi.
Sənaye sıçrayışı kəndli təsərrüfatlarının vəziyyətinə ağır təsir göstərdi. Sənayeləşdirməni vəsaitlə təmin etməyə məcbur olan kəndlilər, sənaye fəhlələrini aşağı qiymətdə ərzaqla, fabrik və zavodları xammalla təmin etməli, valyuta əldə etmək üçün xaricə taxıl ixrac etməli idi. 1926-27-ci təsərrüfat ilində varlı kəndlilər üzərinə qoyulan kənd təsərrüfatı vergisi 50%-ə qədər artdı. Ertəsi il bu vergi daha da çoxaldı. Vergilərin sürətlə artması kəndlilərin narazılığına və çaxnaşmaya səbəb oldu. Eyni zamanda sənaye məhsullarının qiyməti artır, taxılın dövlət satınalma qiyməti isə süni surətdə aşağı salınırdı. Bununla bərabər, dövlət kəndlə ticarəti tamamilə öz nəzarəti altına almaq məqsədilə xüsusi sahibkarlığın bütün növləri üzərinə hücuma keçdi. Bu siyasət kəndlilərin yoxsullaşmasına və iflasına gətirib çıxarırdı. Kənd təsərrüfatı məhsullarının qiymətinin süni surtədə aşağı salınması və bunun sayəsində qeyri-bərabər mübadilə kəndliləri məcbur etdi ki, öz əməyinin bəhrəsini dövlətə satmasın. Taxıl ixtişaşları başladı ki, bu da başqa formada hərbi kommunizm metodlarının dirçəldilməsinə gətirib çıxartdı. Sabit qiymətlərlə dövlətə taxıl satmaqdan imtina edən kəndlilər cinayət məsuliyyətinə cəlb olunur, yerli sovetlər onların əmlakını müsadirə edə bilirdi. Xüsusi “əməliyyat müvəkkilləri” və “fəhlə dəstələri” nəinki artıq qalan məhsulu, hətta kəndlilərin ehtiyacı üçün nəzərdə tutulan taxılı da onların əlindən tutub alırdılar. “Hərbi kommunizm” dövründə olduğu kimi yoxsulları maraqlandırmaq məqsədilə müsadirə edilmiş taxılın 25%-i aşağı dövlət qiyməti ilə və ya uzunmüddətli kredit yolu ilə onlar arasında paylanırdı. Belə özbaşınalıqlar Sibir, Aşağı və Orta Volqaboyunda, Ukrayna, Uzaq Şərq və Orta Asiya respublikalarında geniş yayılmışdır.
1927-28-ci illərdəki taxıl tədarükü böhranı və ÜİK (b)P MK-nın rəhbər kadrlarının mərkəzləşdirilmiş inzibati-amirlik metaodları ilə rəhbərlik vərdişləri vasitəsi ilə iqtisadiyyatın bütün sahələrini idarə etmək meyilləri ümumi kollektivləşdirməyə keçidi sürətləndirdi. 1927-ci ilin dekabrında ÜİK (b) P XV qurultayı kənddə iş haqqında xüsusi qətnamə qəbul etdi. Bu sənəddə kəndli təsərrüfatlarının üçdə birini əhatə edən kooperasiyanın bütün formalarının inkişafından bəhs edilirdi. Gələcəkdə tədricən torpaqların kollektiv sürətdə becərilməsi nəzərdə tutulurdu. Eyni zamanda qurultay “qolçomaqlar üzərinə hücumu inkişaf etdirmək” vəzifəsini, “kənddə kapitalizmin inkişafını məhdudlaşdıran və kəndli təsərrüfatını sosializm istiqamətinə yönəldən bir sıra yeni tədbirlər” irəli sürdü. Qolçomaqların üzərinə hücum partiya və dövlətin “kənddə yeni iqtisadi siyasəf’i istiqamətindən imtina etməsi demək idi. Qurultayın qəbul etdiyi “qolçomaqların məhdudlaşdırılması” siyasəti bir sıra inzibati-iqtisadi tədbirlərlə, o cümlədən verginin artırılması, icarə və muzdlu əməkdən istifadənin sıxışdırılması ilə müşayiət olundu. Kolxoz quruculuğuna bilavasitə 1925-ci il 18-31 dekabrda olan XIV partiya qurultayında İ.Stalinin adamı kimi Siyasi Büronun tərkibinə daxil edilən ÜİK (b) P MK-nın kəndlə iş üzrə katibi V.M.Molotov başçılıq edirdi. Yeni yaradılan SSRİ Kolxoz-mərkəzə isə Q.Q.Kaminski rəhbərlik edirdi. Yuxarıdan gələn direktiv göstərişlərə müvafiq olaraq ölkədə kollektiv təsərrüfatlar olan kolxozlar yaradılmağa başlandı. Yeni yaradılan kolxozların forması kimi artellər müəyyən olundu. Kollektiv təsərrüfatın başqa formalarından fərqli olaraq artellərdə əsas istehsal vasitələri, torpaq, avadanlıq, mal-qara ictimailəşdirilirdi. Könüllülük prinsipi elan edilməsinə baxmayaraq, kolxozlara daxil olmaqdan imtina edənlər seçki hüquqlarından və azadlıqdan məhrum edilir, əmlakı müsadirə edilərək sovet hökumətinə müqavimət göstərən düşmən elan olunurdu. Basqı və təzyiq öz nəticəsini verirdi. 1928-ci ildə kolxozlarda birləşən kəndli həyətlərinin payı 0,8-dən artaraq 3,2%-ə çatdı. Kolxozların 60%-i artellərdə deyil torpaqları birgə becərən yoldaşlıq kooperativlərində (TOZ) birləşdilər. Bütün istehsal vasitələrinin ictimailəşdirilməsini nəzərdə tutan artellərdən fərqli olaraq yoldaşlıq kooperativlərində mal-qara və avadanlıq kəndlinin fərdi mülkiyyətində qalır, yalnız torpaqlar birgə becərilirdi.
1928-ci ilin yazında RSFSR-in Torpaq Xalq Komissarlığı və Kolxoz mərkəzi kəndli təsərrüfatlarının kollektivləşdirilməsinin beşillik planının layihəsini tərtib etdi ki, buna görə beşilliyin sonunda, yəni 1933-cü ildə kolxozlara 1,1 mln təsərrüfat cəlb edilməli idi (4%). Yayda isə Kooperativlərin kənd təsərrüfatı ittifaqı bu rəqəmi 3 mln təsərrüfata (12%) çıxardı.
1929-cu ilin yazında artıq təsdiq edilmiş beşillik planda 4,5 mln, yəni 16-18 faiz təsərrüfatın kollektivləşdirilməsi nəzərdə tutulurdu. Plan tapşırıqlarının tez-tez dəyişdirilməsi bir tərəfdən kolxoz quruculuğunun süni sürətilə, başqa bir tərəfdən partiya və dövlət rəhbərliyinin taxıl problemini təcili həll etmək təşəbbüsü ilə bağlı idi. 1929-cu ilin ikinci yarısından başlayaraq kolxoz quruculuğunun miqyas və sürəti kəskin şəkildə artdı. Əgər 1929-cu ilin yayında kolxozlarda 1 mln kəndli təsərrüfatı var idisə, həmin ilin oktyabrında bu göstərici 1,9 mln idi. Bu isə o demək idi ki, kollektivləşmənin səviyyəsi 3,9-dan 7,6%-ə yüksəlmişdir. Xüsusilə, əsas taxılçılıq rayonları hesab edilən Şimali Qafqaz, Aşağı və Orta Volqaboyu vilayətlərində kolxoz və kəndli təsərrüfatları daha sürətlə artmışdır.
1928-ci ildə torpağı texnika tətbiq edərək becərmək məqsədilə kəndlilərə pullu xidmət edən maşın-traktor stansiyaları (MTS) meydana gəldi. Traktorlardan istifadə edilməsi kəndli torpaqları arasında olan sərhədlərin ləğv edilərək ümumi əkin sahəsinin işlənməsini tələb edirdi. İlk vaxtlar traktorlar çox az idi. 1929-cu ildə ümumi əkin sahələrinin yalnız 1%-i traktorlarla becərilmişdir. 1932-ci ildə kolxozçulara istehsal-texniki xidmət göstərən MTS-lərin sayı 2,5 minə çatdı.
Ölkənin iqtisadi və sosial-siyasi inkişafının bütün mühüm məsələlərində olduğu kimi kənd təsərrüfatının kollektivləşdirilməsinin həyata keçirilməsinin forma və metodları da ciddi müzakirələrə və fikir ayrılığına cəlb olurdu. Sağ təmayülə “başçılıq edən Nikolay İvanoviç Buxarin (1888-1938) kooperasiya haqqında V.İ.Leninin görüşlərini təcəssüm etdirərək belə hesab edirdi ki, koopersiya vasitəsi ilə xırda, o cümlədən varlı xüsusi təsərrüfatlar “sosializmə qovuşacaqlar”. Təbiidir ki, Lenin və Buxarin yalnız proletariat diktaturası şəraitində kənddə sosialist kooperativlərinin yaradılmasından bəhs edirdilər.
Görkəmli aqronom-alim, pedaqoq, ədəbiyyatçı-fantast, ictimai və dövlət xadimi Aleksandr Vasilyeviç Çayanov (1888-1937) isə kəndlilərin kooperativlərdə birləşməsinin uğurunu diktator, bolşevik qayda-qanunun yerinə gələn demokratik rejimdə görürdü. Bir çox sanballı elmi əsərlərin müəllifi olan professor A.V.Çayanov vətən iqtisad fikrinin təşkilat-istehsalat məktəbinin yaradıcılarından biri idi. İnqilba qədər və sovet təsərrüfat orqanlarında müxtəlif vəzifələrdə çalışan bitərəf A.V.Çayanov 1930-cu ildə Əmək Kəndli partiyasının işi ilə bağlı həbs edilərək Alma-Ataya sürgün edilmiş, sonra isə təkrar həbs edilərək güllələnmişdir. Öl-mündən sonra bəraət almışdır. Professor A.Çayanov və onun vətən aqrar elminin təşkilat-istehsalat istiqaməti üzrə məsləkdaşları A.Çelintsev, N.Makarov, A.Rıbnikov “kooperativ kollektivləşməsini” həyata keçirməyi müstəsna dərəcədə özfəaliyyət, könüllülük və sırf təsərrüfat əsasında təsəvvür edirdilər. Bir neçə yüz min qolçomaqlıqdan salınmış ailənin faciəsi, 1932-1933-cü illərdə çoxsaylı əhalinin ölümünə, o cümlədən kənddə məhsuldarlığın aşağı düşməsinə səbəb olan müstəqil kəndli təsərrüfatlarının zorla dağıdılmasının Stalin planı ilə müqayisədə kəndin modernləşdirilməsinin Çayanov variantı ölkənin aqrar bölməsinin yenidən qurulmasının ağrısız və tədrici yolu idi.
“Sağtəmayülün” liderləri, A.Çayanov kimi böyük iqtisadçı alim, makroiqtisadiyyat modelinin və iqtisadi dinamika nəzəriyyəsinin yaradıcısı Nikolay Dmitriyeviç Kondratyev (1892-1938) də kooperasiyanın bütün formalarından istifadə etməklə kəndli təsərrüfatlarının tədrici inkişaf yolunun tərəfdarı idi. 13 yaşında eserlər partiyasına qoşulan D.Kondratyev Petroqrad Universitetini bitirərək A.Kerenskinin kənd təsərrüfatı üzrə katibi olmuşdur. Oktyabr silahlı üsyanından sonra bolşeviklərə qarşı mübarizə aparmış, Vətəndaş müharibəsi illərində “Dirçəliş İttifaqının” üzvü kimi “Çekistlər” tərəfindən təqib edilmişdir. 1920-ci ildən A.Çayanov, A.Rıbnikov, L.Litoşenko ilə birlikdə Torpaq və Maliyyə Xalq Komissarlıqlarında çalışmışdır. Bir çox sanballı elmi əsərlərin, o cümlədən Butırsk həbsxanasında yazdığı və 1991-ci ildə çap olunan “İqtisadi satistika və dinamikanın əsas problemləri” fundamental əsərin müəllifidir. 1930-cu ildə Əmək Kəndli partiyasının üzvü olduğu üçün həbs edilərək həbsxanaya salınmış, 1938-ci ildə təkrar repressiyaya məruz qalaraq gülləlnmişdir. 1987-ci ildə ölümündən sonra bəraət almışdır. Əslində iki-üç onlarla üzvü olan, gizli siyasi dərnək kimi fəaliyyət göstərən Əmək Kəndli partiyası şişirdildiyi kimi heç də 200 min nəfəri birləşdirən, partiya və dövlətə qarşı mübarizə aparan bir partiya deyildi. Sadəcə olaraq nəhəng partiya-dövlət aparatını nəzarətdə saxlayan İ.Stalin “sağtəmayülü” və köhnə mütəxəssisləri onun kənddəki “sıçrayışlı inkişaf’ xəttinə qarşı çıxanlar kimi damğalayaraq öz rəqiblərini aradan götürmək siyasətini yeridirdi. Başqa bir tərəfdən, fəhlə və kəndlilərdən formalaşan sovet ziyalıları öz karyeraları üçün təhlükəli hesab etdiyi köhnə mütəxəssisləri aradan götürmək məqsədilə dəridən-qabıqdan çıxırdılar. Əslindi son dərəcə vətənpərvər olan və hətta bolşevik Rusiyasının belə böyük dünya dövlətinə çevrilməsi üçün çalışan köhnə mütəxəssislərin günahı onların vətən sevgisində idi.
1929-cu il noyabrın 7-də “Pravda” qəzetində İ.Stalinin “Böyük dönüş ili” məqaləsi dərc edildi. Məqalədə arzu edilən həqiqət kimi qələmə alınaraq qeyd olunmuşdur ki, kəndlilərin əsas kütləsini yeni, sosialist inkişaf yoluna yönəltmək mümkün olmuşdur. Bu məqalədə irəli sürülən müddəalar bir daha ÜİK (b)P MK-nın 1929-cu il noyabr plenumunda təkrar edildi. Plenumda elan edildi ki, kolxoz hərəkatı elə miqyas alıb ki, qalan kütlənin kollektiv təsərrüfatlara keçməsi illərin deyil, ayların məsələsidir. Beləliklə, yerli hakimiyyət orqanlarının qısa müddətdə kollektiv təsərrüfatlar yaratmaq yarışı başladı. Noyabr plenumunun qərarına müvafiq olaraq kəndlərə təşkilat siyasi iş təcrübəsi olan 25 min sənaye fəhləsi göndərildi. Onlardan biri M.Şoloxovun “Oyanmış torpaq” (“Podnyataya selina”) romanındakı Semyon Davidoviç obrazında təsvir edilmişdir. İyirmibeşminçilər adlanan şəhər kommunistləri yerli partiya təşkilatları və Dövlət Siyasi İdarəsinin işçiləri ilə kəndliləri dilə tutmaq və ya hədə-qorxu yolu ilə kolxozlara daxil olmağa məcbur etməli idilər. Ancaq kolxozlara könüllü olaraq yoxsul kəndlilər daxil olurdu. “Ağılasığmaz yüksək sürət“ şüarı altında həyata keçən kütləvi kollektivləşdirmə siyasəti yuxarıların da güclü təzyiqi altında qolçomaqları istehsal vasitələrindən məhrum edərək qolçomaqlıqdansalma siyasətinə keçməyin əsasını qoydu. İ.Stalin və onun ətrafı yaxşı başa düşürdü ki, başqa cür ortabab kəndlilərin kolxozlara daxil olmamaq arzusunu aradan qaldırmaq mümkün deyil, həm də bu kəndlilərin “xüsusiyyətçilik” psixologiyasının kənd təsərrüfatlarının ictimailəşdirilməsi fikrinə yönəlməsinə kömək etməli idi. 1929-cu ilin dekbarında aqrarçı-marksistlərin konfransında çıxış edən İ.Stalin elan etdi ki, partiya və dövlət qolçomaqların istismarçı cəhətlərini məhdudlaşdırmaq siyasətindən qolçomaqları bir sinif kimi ləğv etmək siyasətinə keçir.
1930-cu il yanvarın 5-də ÜİK (b) P MK-nın “Kollektivləşmənin sürəti və kolxoz quruculuğuna dövlətin köməyi tədbirləri haqqında” qərarı dərc olundu. Sənədə əsasən Şimali Qafqaz, Aşağı və Orta Volqada kolektivləşdirmə 1930-cu ilin payızı və ya hər halda 1931-ci ilin yazında, qalan taxılçılıq rayonlarında isə 1931-ci ilin payızında, və ya hər ehtimala qarşı 1932-ci ilin yazında başa çatmalı idi. Kolxoz quruculuğunun əsas forması kənd təsərrüfatı arteli müəyyən olundu. Qərar qəbul olunduqdan sonra mərkəzi partiya və dövlət orqanları kollektivləşdirmənin sürətini artırmaq tələbi ilə yerli orqanlara və kütləvi mətbutata təzyiqi artırdı, bu işdə yarışanlar şirnikləşdirilməyə başlandı. Məsələn, 1930-cu il fevralın 3-də “Pravda” qəzeti yazırdı ki, “1930-1931-ci ildə yoxsul-ortabab təsərrüfatlarının 75%-nin kollektiv-ləşdirilməsinin nəzərdə tutulması maksimum hədd deyil”. Yuxarıların təzyiqi, daim “sağ təmayülə” mənsub edilmək qorxusu yerli işçiləri inzibati tədbirlərə əl ataraq kəndliləri kolxozlara zor gücünə daxil olmağa məcbur edirdi. İ.Satlinin təkidilə SSRİ XKS öz qətnaməsində adam başına bir il ərzində 300 manatdan çox gəliri olan (ailə üzrə isə 1500 manatdan az olmayan), ticarətlə məşğul olan, maşın, yer icarəyə verən, muzdlu əmək tətbiq edən, dəyirman, yağ, yarma, meyvə və tərəvəzqurutma qurğuları olan kəndlilər qolçomaqlara aid edilirdi. Qolçomaqlar 3 qrupa bölünürdü ki, birincilər “əksinqilabi fəallar” hesab edilərək ən yüksək cəzaya, güllələnməyə məhkum edilirdi. İkinci qrupa “qolçomaq fəallarının ayrı-ayrı elementləri” aid edilirdi və onları ölkənin uzaq rayonlarına sürgünə göndərmək nəzərdə tutulurdu. Üçüncü qrup qolçomaqlar yaşadıqları rayonların ərazisində kolxoz təsərrüfatlarından kənarda yeni məskənlərdə yerləşdirilməli idi.” Qətnaməyə görə ölkənin 9 regionundan 60 min nəfər cəza düşərgələrinə, 150 min nəfər qolçomaq isə sürgünə göndərilməli idi. Qolçomaqların müsadirə edilən istehsal vasitələri və əmlakı yoxsul və muzdurların daxil olma haqqı kimi kolxozların bölünməz fonduna keçirdi. Bununla, dövlət kəndin daxildən parçalanmasını və yoxsulları kollektivləşdirmənin tərəfdarı kimi səfərbər etməyi nəzərdə tuturdu. Dövlət Siyasi İdarəsinin məlumatına görə 1930-1931-ci illərdən 1803392 nəfərdən ibarət olan 381026 qolçomaq ailəsi Sibir, Qazaxıstan və Şimala sürgün edilmişdir. 200-250 min qolçomaq ailəsi “özü-özünü qolçomaqlıqdan” salaraq, əmlakını ataraq şəhər və sənaye tikintilərinə qaçmışdır. 1932-1936-cı illərdə qolçomaqlıqdan salmaq aşağı düşərək 100 min təsərrüfatdan çox olmamışdır. 1930-1933-cü illərdə qolçomaqlıqdan salınanların üçdə biri və ya 2140 min adam sürgünə göndərilmişdir. Qolçomaqlara göstərilən bu vəhşi münasibətə cavab olaraq onlar əllərinə silah alaraq hakimiyyətə müqavimət göstərməyə cəhd etdilər. 1930-cu ilin yanvar-aprel aylarında 1755 min nəfəri əhatə edən 6117 qolçomaq çıxışı qeydə alınıb. Eyni zamanda kəndli çıxışları Mərkəzi qara-torpaq vilayətlərinin 1000-dən çox, Orta və Aşağı Volqada 801, Moskva vilayətində 459, Sibirdə 200-dən çox yaşayış məntəqəsini əhatə edirdi.
Kəndlilərin narazılığının qarşısını almaq və kədin “xırda mülkiyyətçilik” psixologiyalı əhalisinin üzərinə hücum üçün vaxt qazanmaq məqsədilə partiya və dövlət növbəti manevrə əl atdı. 1930-cu il martın 2-də Stalin “Müvəffəqiyyətlərdən baş gicəllənməsi” məqaləsini dərc etdirərək kollektivləşmədəki yol verilən səhvləri yerli partiya-dövlət işçilərinin üzərinə yıxdı. Bu isə tapşırıqları bilavasitə yerinə yetirən vilayət və rayon partiya təşkilatları rəhbərlərinin etirazına səbəb oldu. Siyasi Büro martın 14-də “Kolxoz hərəkatında partiya xəttinin əyilməsi ilə mübarizə haqqında” qərar qəbul etdi ki, bu da Stalinin məqaləsindəki fikirlərin təsdiq olunması demək idi. Bilavasitə yuxarı partiya mərkəzinin kolxoz hərəkatındakı əyintilərdən bəhs etməsi və onunla mübarizə elan olunması zorla kolxozlara daxil olmağa məcbur edilən kəndlilərin kolxozlardan kütləvi getməsinə səbəb oldu. Bunun nəticəsində 1930-cu il martın 1-də SSRİ üzrə kollektivləşdirilmiş təsərrüfatlar 56,0 faizdən 1930-cu il iyunun 1-də 23,6 faizə düşdü.
1932-1933-cü illərdə kollektivləşdirməyə və qolçomaqlıqdan salmağa məruz qalan taxılçılıq rayonlarında dəhşətli aclıq başladı. 1931-ci ilin məhsulu orta göstəricidən aşağı olmasına baxmayaraq taxıl tədarükünün həcmi nəinki azalmadı, hətta artırılırdı. Bu isə onunla izah edilir ki, sənaye avadanlığı almaq məqsədilə xaricə daha çox taxıl satmaq və valyuta əldə etmək tələb olunurdu. Taxılı kəndliliərdən zorla alaraq onlara zəruri olan hətta minimumu saxlamırdılar. Belə vəziyyət 1932-ci ildə də təkrar edildi. Kəndlilər başa düşdülər ki, taxılı onların əlindən alacaqlar, odur ki, onu gizlətməyə başladılar. Eyni zamanda, taxılın xeyli hissəsi tədarük edilməyərək əkin sahələrində qaldı. Əsas taxılçılıq rayonlarında taxıl tədarükü pozuldu. Buna cavab olaraq, dövlət sərt soyğunçuluq tədbirlərini tətbiq etməyə başladı. Taxıl tədarükü planın yerinə yetirməyən rayonların kəndlilərinin bütün ərzaq ehtiyatı əllərindən alınaraq onlar aclıq ölümünə məhkum edildilər. Aclıq daha çox məhsuldar olan taxılçılıq rayonları Şimali Qafqaz, aşağı və ortaVolqaboyun, Don, düzənlik Ukraynasını bürüdü. Bu süni surətdə partiya və dövlət tərəfindən təşkil edilmiş aclıq idi. Fərqli məlumatlara əsasən aclıqdan ölənlərin sayı 4 ilə 8 mln nəfər arasında dəyişirdi. Aclığın şiddətli vaxtında 1932-ci il avqustun 7-də “Dövlət müəssisələrinin, sovxoz və kooperativlərin əmlakının qorunması və ictimai (sosialist) mülkiyyətin möhkəmləndirilməsi haqqında” qanun qəbul edildi. Qanuna əsasən ən az miqdarda belə dövlət və kolxoz əmlakının oğurlanması güllələnmə və ya 10 il azadlıqdan mərhum etməklə cəzalandırılırdı. Aclıq ölümündən qaçmağa çalışan qadın və yeniyetmələr gecələr sünbülün başlarını qayçı ilə kəsdikləri və yaxud əkilmiş buğdanı sahələrdən çıxarıb istifadə etdikləri üçün daha çox qanunun qurbanlarına çevrildilər. Yalnız 1932-ci ildə 7 avqust qanununa əsasən 50 min nəfər adam repressiyaya məruz qalmış, onlardan 2 min nəfəri güllələnməyə məhkum edilmişdir. Aclıq illərində kollektivləşdirmə prosesi dayandırılmışdır. Yalnız 1934-cü ildə aclıq dayandıqdan sonra kənd təsərrüfatı istehsalı və kəndlilərin üzərinə qoyulan verginin daim artması onları ya kolxoza daxil olmaq, ya da kəndi tərk etmək dilemması qarşısında qoydu. 1937-ci ildə kəndlilərin 93%-i kolxozçulara çevrildi. İkinci beşilliyin sonunda kollektivləşdirmə əsasən başa çatdı. Kolxozların sayı 242,5 min oldu. 1.4 mln fərdi kəndli təsərrüfatı qalmışdır (7%). Kənd əhalisi isə qolçomaqlıqdan salınma, şəhərlərə köçmək və aclıq sayəsində 15-20 mln nəfər azalmışdır. Kolxozlar sovet və partiya orqanlarının sərt nəzarəti altında idi. Kənd təsərrüfatı məhsullarının satış qiyməti son dərəcədə aşağı səviyyədə müəyyən edilirdi. Bununla bərabər, kolxozlar həm öz məhsullarından MTS-nin xidmətinin əvəzini ödəməli, həm də dövlətə natural vergi verməli idi. Nəticədə kolxozçular faktiki olaraq əmək haqqı ödənilmədən çalışırdılar. Onların hər biri cinayət məsuliyyətinə cəlb edilmək qorxusu ilə kolxoz tarlasında minumum əmək günü qazanmağa məcbur idilər. Kənd əhalisinin 1932-ci ilə kimi pasportu olmadığı üçün kolxoz idarə heyətinin razılığı olmadan onlar kəndi tərk edə bilməzdilər. Kəndli ailələrinin yaşamasının əsas mənbəyi onların həyətyanı təsərrüfatlarından götürdüyü gəlir idi. Kollektivləşdirilmənin nəticəsində taxılçılığın məhsuldarlığı aşağı düşdü. Əhalinin sayına düşən taxıl istehsalı 1928-ci ildəki 47-dən 1940-cı ildəki 40-44 s/ha düşdü. Heyvandarlıq məhsulları 40 faiz azaldı. Beləliklə, kollektivləşdirmə kəndliləri aclıq və repressiyaya məruz qoyaraq kənd təsərrüfatına ağır zərbə vurdu.
Kənd təsərrüfatını kollektivləşdirmək siyasəti nəticəsində kənddən sənayeyə böyük həcmdə vəsait nəql edildi. Dünya bazarında ölkədə çatışmayan taxıl, yağ, qənd satılırdı. Əldə edilən valyutaya sənaye nəhəngləri üçün dəzgah və avadanlıq alınırdı. Kolxoz quruluşunun bərqərar olması ilə SSRİ-də iki, dövlət və kolxoz-kooperativ mülkiyyət forması yarandı. Tədricən kənddə vəziyyət normallaşmağa başladı. Sənayenin inkişafı traktor və kombaynların artmasına, bu isə torpağın texniki emalının və məhsuldarlığın yüksəlməsinə səbəb oldu. 1935-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının satışı planı əsasən yerinə yetirilirdi. 1936-cı ildə ərzağın bölgüsünün kart sistemi ləğv edildi. Dövlət əmək məhsuldarlığını artırmaq məqsədilə kəndlilərdə maddi maraq oyatmaq siyasəti yeritməyə başladı. Xüsusilə dövlətə verilən taxılın dəqiq miqdarı müəyyən olundu. Normadan artıq məhsul könüllük əsasında və yüksək qiymətlə alına bilərdi. Həyətyanı sahələrə və burada inək, xırda buynuzlu heyvan, donuz, quş və s. saxlanılmasına və əldə edilən məhsulun bazarda satılmasına icazə verildi. Artıq 1937-ci ildə həyətyanı sahələr tərəvəz və kartofun ümumi məhsulunun 50, ət, süd və gönün 70 faizini verirdi.
Hakimiyyət uğrunda partiyadaxili mübarizə.“Üçlər” məğlub olduqdan sonra 1926-cı ilin aprelində Q.Y.Zinovyev, L.B.Kamenev, L.D.Trotski və onların tərəfdarları K.Radek, Y.A.Preobrajenski, Q.L.Pyatakov, Q.Y.Sokolnikov, V.A.Antonov-Ovseyenko, N.İ.Muralov, A.Q.Şlyapnikovun “fəhlə müxalifətinin” fəalları, T.V.Sapranovun “demokratik mərkəzçilər” qrupunun daxil olduğu yeni, müxtəlif baxışlı adamları birləşdirən müxalifət meydana gəldi. Daxilən çox da möhkəm olmayan bu müxalifət bir-birilə şəxsi və nəzəri görüşlərinə görə çəkişən adamlardan təşkil olunmasına baxmayaraq, onların hamısı İ.Stalinə qarşı birləşmişdilər. Müxalifət partiyanın yeritdiyi siyasi kursun dəyişdirilməsini tələb edirdi. Bunun üçün ağır sənaye sürətlə inkişaf etdirilməli, fəhlələrin həyat şəraiti və partiyanın demokratikləşməsi yaxşılaşdırılmalı, qolçomaqların varlanmasına qarşı mübarizə aparılmalı idi. Bir neçə min nəfərədən ibarət olan müxalifətçilər gizli təşkilatlar yaradaraq, bir sıra müəssisələrin ilk partiya özəklərində çıxış edərək onları partiyanın rəhbərliyinə qarşı qaldırmağa cəhd edirdilər. 1926-cı ilin iyul pleniumunda müxalifətin müraciəti kəskin müzakirələrə səbəb oldu ki, bu zaman AXTŞ-ın sədri, DSİ-nin başçısı F.E.Dzerjinski ürək tutmasından vəfat etdi. Siyasi Büroda Q.Y.Zinovyevi Y.E.Rudzutak əvəz etdi. İ.Stalinin adamları A.A.Andreyev, L.M.Kaqa-noviç, G.K.Orconikidze, A.İ.Mikoyan və S.M.Kirov Siyasi Büro üzvlüyünə namizədlər sırasına daxil edildilər.
Trotskiçi-Zinovyevçi müxalifət bloku partiya daxilində fraksiya və qruplaşma azadlığı tələb edir, partiya aparatını tənqid edərək, rəhbərliyə qarşı mübarizə aparırdılar ki, bu da 20-ci illərin axırlarına kimi davam etdi. 1926-cı il oktyabrın 23-26-da olan MK-nın plenumunda L.D.Trotskini və L.B.Kamanevi Siyasi Büronun tərkibindən çıxardılar. Q.Y.Zinovyevin yerinə Komintemin İcraiyyə Komitəsinin sədri vəzifəsinə N.İ.Buxarini təyin etdilər. İ.Stalinin “ayrıca götürülmüş bir ölkədə sosializmin qurulması” haqqında tezisi XV partiya konfransında (27 oktyabr — 3 noyabr 1926-cı il) yekdilliklə qəbul edilərək, müxalifət liderləri ciddi tənqid atəşinə tutuldu. Dövlət Siyasi İdarəsinin ciddi nəzarəti altında olan müxalifət liderləri sentyabr ayında islahat proqramı ilə çıxış edərək tələb etdilər ki, növbəti XV partiya qurultayında seçiləcək MK-nın tərkibi aparatdan asılı olmayaraq kütlə ilə sıx əlaqədə olsun. Bu sənədi gizli çap etdirdikləri üçün 1927-ci il 21-23 oktyabrdakı MK plenumunda L.Trotski və Q.Zinovyev MK-nın üzvlüyündən çıxarıldı. 1927-ci il noyabrın 7-də Oktyabrın 10-cu il dönümü bayramında Q.Zinovyev və K.Radek Leninqradda, X.Rakovski Xarkovda, Y.A.Pre-obrajenski və L.Trotski Moskvada öz şüarları ilə çağırışlarını təkrar etdilər. Buna cavab olaraq noyabrın 14-də L.Trotski və Q.Zinovyevi partiyadan xaric etdilər. L.Kamenev və X.Ra-kovskini MK-nın tərkibindən azad etdilər. Partiyanın XV qurultayında isə müxalifətin 93 nəfər fəal üzvü partiyadan çıxarıldı. 1928-ci ilin yanvarında L.Trotski və 30 nəfər müxalifət üzvü Alma-Ataya sürgün edildi.
1928-ci il Donbasın “Donuqol trestində” burjua mütəxəssislərinin qərbin maliyyə qüvvələri ilə birgə əlaqəsindən meydana gələn sənaye təxribatı əməlləri aşkar edildi. Bir neçə həftədən sonra 1922-ci ildə keçirilmiş eserlər üzərindəki açıq məhkəmə prosesindən sonra ilk dəfə 53 nəfərə qarşı açıq məhkəmə prosesi təşkil olundu. Beş nəfər ölüm hökmü, qalanları müxtəlif müddətə həbs cəzası aldı. Təbliğat xarkterli proses əslində kommunistləri müxalifətə qarşı təmayülçü və o cümlədən “qolçomaq təhlükəsinə” və “sağdan təhlükəyə” qarşı səfərbər etməyə xidmət edirdi. Yeni iqtisadi siyasətin tərəfdarları ilə əleyhdarları arasında MK-da, Siyasi Büroda amansız mübarizə gedirdi. İ.Stalini müdafiə edən V.M.Molotov, Y.E.Rudzutak, K.E.Voroşilov az da olsa üstünlük təşkil edirdilər. M.İ.Kalinin tərəddüd edir, A.İ.Rıkov, M.P.Tomski, N.İ.Buxarin isə “sağ müxalifəti” təmsil edirdilər. 1928-ci il iyulun 4-dən 12-nə kimi davam edən ÜİK (b) P MK-nın pleniumunda çıxış edən İ.Stalin qeyd etdi ki, yeni iqtisadi siyasət dalana daxil olub, gərgin sinfi mübarizə şəraitində kapitalist elementlərinin kəskin müqaviməti məcbur edir ki, kəndliləri sənayeləşdirmənin ehtiyaclarına tabe edək. Bu çıxışdan dəhşətə gələn N.Buxarin belə hesab edirdi ki, Baş katibin mülahizələri ölkəni terror, vətəndaş müharibəsi və aclığa məhkum edəcək. Sentyabrın 30-da N.Buxarin “Pravda” qəzetində “İqtisadçının qeydləri” məqaləsini dərc etdirərək müxalifətin proqramını şərh etdi. Müəllifə görə planlaşdırmanın ziyanlı olması, qiymətləndirmədəki səhvlər, sənaye mallarının çatışmazlığı kənd təsərrüfatı kooperativlərinə köməyin effektsiz olması ölkədəki böhranın səbəbləri idi. Kəndlilərə güzəştə gedərək bazarların açılması, taxılın satınalma qiymətinin yüksəldilməsi və xaricdən çörək alınması hesabına vəziyyəti düzəltmək olar. 1928-ci il oktyabrın 21-də L.D.Trotski İ.Salinin “sol ideyaya” yaxın olan sənayeləşdirmənin sürətli inkişafı və kənd təsərrüfatının sosialist bölməsinin genişləndirilməsi planına qarşı bütün kommunistləri mübarizə aparmağa çağırıdı. Bundan istifadə edən Siyasi Büro L. D.Trotskini gizli “antisovet partiyası” yaratmaqda ittiham edərək 1929-cu il yanvarın 21-də SSRİ-dən Türkiyəyə sürgün etdi. Həmin gün V.İ.Leninin ölümünün 5-ci il dönümü münasibəti ilə N.Buxarin “Pravda” qəzetində “Leninin siyasi vəsiyyətinə” həsr etdiyi məqalə dərc etdirdi. O, öz məqaləsində Leninin “sülh, tədrici və könüllülük” prinsipinə əsaslanan kooperasiya planı ilə İ.Stalinin məcburi kollektivləşmə layihəsinin fərqini açıb göstərdi. 1929-cu ildə MK-nın aprel plenumu müxalifətin ləğv edilməsini başa çatdırdı. Tezliklə N.İ.Buxarin “Pravda” qəzetinin baş redaktoru vəzifəsindən azad edildi, iyulun 3-də isə Kominternin rəhbərliyindən uzaqlaşdırıldı. A.İ.Rıkov Xalq Komissarlar Sovetinin sədri vəzifəsindən istefa verdi. Bir neçə ay ərzində 170 min nəfər (11%) “partiya xəttinə siyasi müxalifətdə” olduğu maddəsi ilə partiya üzvlüyündən xaric edildi. 1929-cu il MK-nın noyabr plenumunda N.İ.Buxarin Siyasi Büro tərkibindən xaric edildi. Həmkarlar İttifaqının sədri vəzifəsindən azad edilmiş M. P.Tomskinin yerinə N.M.Şvemik seçildi.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev