Polşa ilə müharibə. Vətəndaş müharibəsinin Qırmızıların qələbəsi ilə başa çatması

Polşa ilə müharibə. Vətəndaş müharibəsinin Qırmızıların qələbəsi ilə başa çatması

1920-ci ilin yazından Vətəndaş müharibəsinin əsas hadisələrindən olan Sovet-Polşa müharibəsi və Vrangelə qarşı mübarizə dövrü başlayır. Bu Vətəndaş müharibəsi gedişində beşinci, sonuncu mərhələnin başlanğıcı hesab olunur. Bu mərhələdə həm də kəndli üsyanlarının yatırılması, Sovet hakimiyyətinin Cənubi Qafqazda, Uzaq Şərq və Orta Asiyada bərqərar olması diqqəti cəlb edir.

Birinci Dünya müharibəsində Almaniyanın məğlubiyyəti və Rusiyadakı inqilabi hadisələr Polşa dövlətinin yaranmasına səbəb oldu. Müstəqil dövlətçiliyin bərpa edilməsi Polşada sərhədlərin 1772-ci ildə olduğu kimi ((Polşanın parçalanmasına qədər) ) müəyyən etmək, Varşava başda olmaqla Litva, Belarusiya və Qərbi Ukrayna torpaqlarının daxil olduğu federasiya yaratmaq xəyalları ilə milli əhval-ruhiyyəni qızışdırdı. 1919-cu ildə Polşa Litvadan Vilensk vilayətini qoparıb aldı, Şərqi Qalitsiya uğrunda isə Ukrayna Direktoriyası ilə mübarizəyə başladı. İlk vaxtlar Polşa dövlətinin başçısı marşal Y.Pilsudski bolşeviklərə dözürdü, çünki ağlardan vahid və bölünməz Rusiya şüarına görə daha çox ehtiyat edirdi. Lakin Denikini məğlub edib qırmızılar Ukraynaya daxil olduqdan sonra Polşa hakimiyyəti Sovet Rusiyasını özünün müstəqilliyi üçün təhlükəli hesab etməyə başladı. 1920-ci il aprelin 25-də polyak qoşunları S.V.Petlyura ilə ittifaq bağlayaraq planlaşdırdıqları federasiyanı yaratmaq məqsədilə Ukraynaya daxil oldular. Mayın 6-da polyak qoşunları Kiyevi tutaraq orada Petlyura rejimini bərpa etdilər.

Sovet dövləti Polşa cəbhəsin gücləndirmək məqsədi ilə bir sıra fövqəladə tədbirlər gördü. Birinci növbədə kommunist və komsomolçulardan ibarət olan səfərbərlik sayəsində Qərb və Cənub-Qərb cəbhələrinə xeyli kömək göndərildi. S.M.Budyonnunun Birinci Süvari dəstəsi Cənub-Qərb cəbhəsinə daxil edildi. İyun ayında A.İ.Yeqorovun komandanlığı altında Cənub-Qərb cəbhəsinin qoşunları hücuma keçib Kiyevi azad etdilər. Bundan sonra, M.N.Tuxaçev-skinin komandanlığı altında Qərb cəbhəsinin qoşunları hücuma keçdi. İyulda sovet ordusu Polşa sərhədlərinə çıxdı.

Tuxaçevski Mixail Nikolayeviç (1893-1937) zadəgan nəslindən olub, Birinci Dünya müharibəsində iştirak etmişdir. 1918-ci ildən Qızıl Ordu sıralarında olub. 1920-ci ildə Varşavaya hücum edən Qızıl Ordu qoşunlarının komandanı kimi döyüş əməliyyatlarına başçılıq edib.

1921-ci ildə Kronşdat və Tambov quberniyasındakı matros və kəndli qiyamlarının yatırılmasında yaxından iştirak edib. 1931-ci ildən SSRİ Müdafiə Komissarının müavini, 1936-cı ildən birinci müavini kimi Qızıl Ordunun modernləşdirilməsində əvəzsiz rol oynamışdır. 1937-ci ildə hökumət əleyhinə qəsddə günahlandırılaraq güllələnmişdir. Ölümündən sonra bəraət almışdır.

Sovet hökuməti hücumu Versal müqaviləsinin müəyyən etdiyi Polşa sərhədi xətti boyunca dayandırmağı tələb edən İngiltərənin Xarici işlər naziri lord Dj.N.Kerzonun təklifini rədd etdi («Kerzon xətti»). Sovet tərəfi təkcə polyak qoşunlarını məğlub edib öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdmürdü. Planlar daha geniş idi. Qırmızı Ordu belə bir şüarla yola çıxmışdır: «Varşavanı ver, Berlini ver!». Bu isə o demək idi ki, sosialist inqilabı Qızıl Ordu süngüləri ilə Almaniyaya, bütün Avropaya yayılacaq. Lakin bu plan baş tutmadı. Çünki polyaklar Qırmızı Ordu hissələrinə dünyada proletar inqilabı yayan qüvvələr kimi deyil, Polşanı yenidən əsarət altına alan güc kimi baxırdı. Marşal Pilsudski bundan istifadə edərək bütün polyak vətənpərvərlərini bir cəbhədə birləşdirdi. Eyni zamanda Qərb cəbhəsinin əsgərləri sürətli hücum nəticəsində arxa cəbhədən xeyli uzaqlaşaraq öz ehtiyat mənbələrindən uzaq düşmüşdür. Cənub-Qərb cəbhəsinin komandanlığı Lvov üzərinə hücumu dayandırmayaraq İnqilab Şurasının Birinci Süvari ordunun Qərb cəbhəsinə verilməsi haqqında əmri olmasına baxmayaraq onu yerinə yetirməmişdilər. Nəticədə, 1920-ci ilin avqust ayında Varşava altında Qərb cəbhəsinin qoşunları darmadağın edildi və Şərqi Brestə çəkilməyə məcbur oldu. Oktyabrda polyak əsgərləri yenidən Minskə daxil oldular. Lakin hər iki tərəfin əməliyyatları davam etdirmək imkanı olmadığı üçün oktyabrın 12-də Riqada barışıq imzalandı. 1921-ci il martın 18-də Riqada Sovet Rusiyası ilə Polşa arasında kompromis xarakter daşıyan sülh müqaviləsi imzalandı. Sülh şərtlərinə görə Polşa 1772-ci il Reç Pospolita sərhədlərin bərpa etmək iddiasından əl çəkdi. Bunun müqabilində Rusiya Polşaya xeyli miqdarda təzminat ödəməyə, Qərbi Ukrayna və Qərbi Belarusiyanın Polşaya birləşdirilməsinə razı oldu. Şərqi Belarusiyada Sovet Sosialist Respublikasının hakimiyyəti qalırdı.

Sovet-Polşa müharibəsinin başa çatması Sovet dövlətinə imkan verdi ki, Krımda Denikin ordularının qalıqlarından general P.N.Vrangelin komandanlığı altında formalaşan ağ orduları aradan qaldırsın. Sovet-Polşa müharibəsi gedişində ağlar Lvov üzərinə hücum edən sovet qoşunlarının Cənub-Qərb cəbhəsinin arxasına keçməyə cəhd edərək Şimali Tavriya və Donbasın bir hissəsini tutdular. Polşa ilə müharibə başa çatdıqdan sonra Vrangel öz ordularına Krıma geri çəkərək möhkəmləndirilən Perekop və Çonqar istehkamları arxasında gizlənmək əmri verdi. M.V.Frunzenin komandanlığı altında Cənub cəbhəsinin qoşunları 1920-ci ilin oktyabr-noyabr aylarında Kaxovka əməliyyatı ilə Vrangel ağ ordusunun əsas qüvvələrini əzərək son zərbəni Sivaş körfəzindən vurdular. Sivaşın dayaz yerlərindən su ilə irəliləyən sovet qoşunları noyabrın 11-də İşun, 12-də isə Çonqar istehkamlarını aldılar. Krım çöllərinə daxil olan Qırmızı Ordu dəstələri noyabrın 15-də Sevastopolu aldılar, noyabrın 17-də isə Krımı tam azad etdilər. Ağ ordu dəstələrinin tör-töküntüləri 130 gəmidə Rusiyanı tərk edərək Türkiyəyə keçdilər. Vrangel onları Fransaya apardı. Bununla da, Rusiyanın Avropa hissəsində Vətəndaş müharibəsinin əsas döyüşləri başa çatmış oldu.

Vətəndaş müharibəsində nə qırmızıları, nə də ağları müdafiə etməyən üçüncü qüvvə yaşıllar idi. Soyğunçuluq, dəmir yollarına və kəndlərə basqın edən bu dəstələr qırmızı və ağlardan fərarilik edən əsgərlərdən, hər iki tərəfin siyasətindən narazı olan kənd adamlarından təşkil olunmuşdular. Bu adamlar arasında mərkəzləşmiş hakimiyyətdən imtina edən anarxizm ideyası hakim idi və onlar özünüidarə əsasında kommunal cəmiyyət qurmaq arzusunda idilər. Bolşeviklərsiz, kommunistlərsiz Sovet hakimiyyəti qurmaq şüarı onlar arasında çox populyar idi.

Vətəndaş müharibəsinin gərgin vaxtlarında Qızıl Ordu yaşıl dəstələrə səbrli münasibət bəsləyirdi. Vətəndaş müharibəsi əsasən başa çatdıqdan sonra qırmızı hissələr yaşıllar üzərinə böyük dəstələrlə hücuma keçdilər. 1921-ci ildə Frunze Ukrayna ərazisində sayları 20 min nəfər olan N.İ.Maxnonun dəstəsini məğlub etdi. Yenə həmin il Tambov və qonşu quberniyalarda sayları 50 min nəfərə çatan kəndli dəstələri A.S.Antonovun başçılığı ilə Qırmızı Ordu ilə döyüşürdü. Üsyançılar bolşeviklərin hakimiyyətinin devrilməsi, demokratik respublika qurulması, ərzaq vergisinin ləğv edilməsi, azad ticarətə icazə verilməsi şüarlarını irəli sürürdülər. 1921-ci ilin may-iyul aylarında M.N.Tuxaçevskinin komandanlığı altında sovet ordusu kimyəvi silahdan və girov götürmə sistemindən istifadə etməklə Antonovun ordusunu darmadağın etdi. Orta Volqada, Uralda və Qərbi Sibirdə yaşıl dəstələrin müqaviməti 1922-ci ilə doğru Qızıl Ordu tərəfindən ləğv edildi.

1920-ci ilin əvvəllərində böyük bir hissəsinin ağlardan azad edilməsinə baxmayaraq Uzaq Şərqdə vəziyyət gərgin olaraq qalırdı. Çitadan tutmuş Xabarovsk və Vladivostoka kimi olan ərazilərə yapon ordusu nəzarət etdiyi üçün ağlar bu yerlərə toplaşmağa başladılar. Aprel ayında Çitada Qızıl Ordu yaponlar tərəfindən məğlubiyyətə uğradıldı. Onlar Primoryedə bolşevik hakimiyyət orqanlarına hücum edərək 5 min nəfəri qətlə yetirdilər, bolşeviklərin rəhbəri S.G.Lazonu isə diri-diri paravozun yanacaq deposunda yandırdılar.

Sovet Rusiyası hərbi cəhətdən güclü olan Yaponiya ilə müharibə etməmək məqsədilə 1920-ci il aprel ayının 6-da hər iki dövlət arasında bufer rolunu oynayan Uzaq Şərq Respub-liksının (UŞR) yarandığını elan etdi. Uzaq Şərq Respublikasının Müəssislər Məclisinə keçirilən seçkilərdə müstəqil kəndli nümayəndələri 183 yer, bolşeviklər 92 yer, eserlər 18 yer, menşeviklər 14 yer qazandılar. UŞR-nın Konstitusiyası qəbul edildi. Bolşeviklərin üstünlük təşkil etdiyi koalisyon hökumət quruldu. Yeni hökumət uzun danışıqlardan sonra Yaponiyanın Uzaq Şərqdə güclənməsini istəməyən ABŞ-ın dəstəyi ilə yapon qoşunlarını öz ərazisindən çıxardı. V.K.Blyuxerin və İ.P.Uboryeviçin komandanlığı altında Uzaq Şərq Respublikası ordusu Kolçak ordusu əsgərlərinin qalıqlarına qarşı hücuma keçdi. 1921-ci ildə Qızıl Ordu R.F.Ungerin komandanlığı altında olan ağları məğlub edərək Monqolustana çəkilməyə məcbur etdi. Monqolustanda hakimiyyətə sosialist dəyişiklikləri tərəfdarları gətirildi və Monqolustan Sovet Rusiyasının ilk müttəfiqi oldu. 1922-ci ilin oktyabrında Uzaq Şərq Respublikasının ordusu Xabarovsk, Spassk və Vladivostoku tutdu. Noyabr ayında Uzaq Şərq Respublikasında sovet hakimiyyəti elan olundu. 1922-ci ilin noyabrın 15-də ÜRMİK UŞR-nın Rusiyanın tərkibinə birləşdirilməsi haqqında dekret qəbul etdi. Uzaq Şərqdə vətəndaş müharibəsi başa çatdı.

1920-ci ilin aprelində S.Orconikidzenin rəhbərliyi altında sovet qoşunları müstəqil Azərbaycanın sərhədlərinə daxil olaraq mili müsavat hökumətini devirdilər. Qızıl Ordu süngülərinin gücü ilə Azərbaycanda sovet hakimiyyəti bərqərar oldu. 1920-ci ilin noyabrında sovet qoşunları Ermənistana daxil olaraq daşnak hökumətini devirdi və sovet hakimiyyətini elan etdi. 1921-ci ilin fevralında Gürcüstanda N.Jordaniyanın menşevik hökumətinə qarşı silahlı üsyançılara kömək bəhanəsi ilə sovet qoşunları respublika ərazisinə daxil olaraq ölkədə sovet hakimiyyəti qurdular.

Orta Asiyada Sovet hakimiyyəti uğrunda mübarizə çətin və mürəkkəb şəraitdə davam edirdi. Vətəndaş müharibəsi illərində bolşeviklər yalnız şəhərlərə nəzarət edirdilər, kəndlərdə isə müsəlman partizanları olan basmaçılar ağalıq edirdi. Xivə və Buxarada isə mütləqiyyət quruluşu qalırdı. 1920-ci ildə Qızıl Ordu Buxara əmirini və Xivə xanını devirdi. Bunların yerində Buxara və Xarəzm Xalq Sovet Respublikası yaradıldı. 1921-ci ildə RSFSR-in tərkibində Türküstan MSSR təşkil olundu. Orta Asiyada Sovet hakimiyyətinin qurulmasında M.V.Frunzenin Qızıl Ordu dəstələri əsas rol oynadı. Buna baxmayaraq dini liderlər tərəfindən qızışdırılan kəndlilərin (dexkanlar) böyük hissəsi antisovet basmaçı hərəkatında birləşərək İran və Əfqanıstanın köməyi ilə müqavimət hərəkatını 30-cu illərin ortalarına kimi davam etdirdilər.

Frunze Mixail Vasilyeviç (1885-1925) 1903-cü ildən bolşevik kimi fəaliyyət göstərərək Kolçak, Vrangel ağ ordularının məğlub edilməsində böyük rol oynamışdır. Orta Asiyada hərbi əməliyyatlara rəhbərlik edən M.V.Frunze 1920-1924-cü illərdə Ukrayna və Krım silahlı qüvvələrinə başçılıq etmişdir. Hərbi İnqilab Şurasının sədri, Hərbi və dəniz işləri üzrə xalq komissarı kimi hərbi islahat həyata keçirmişdir.

Beləliklə, bolşeviklər Vətəndaş müharibəsində qələbə çaldı və xarici müdaxiləçiləri dəf etdi. Onlar keçmiş Rusiya imperiyasının əsas ərazisini qoruyub saxlamağa müyəssər oldular. Bununla bərabər, Polşa, Finlandiya, Pribaltika dövlətləri müstəqillik qazanaraq Rusiyadan ayrıldılar. Eyni zamanda Qərbi Ukrayna, Qərbi Belarusiya da itirildi.

Vətəndaş müharibəsi Rusiya üçün dəhşətli və qanlı qardaş qırğını kimi yaddaşlara həkk olundu. Müharibə ölkə iqtisadiyyatının və təsərrüfatının dağılmasına səbəb oldu. Rusiyaya dəyən maddi ziyan 50 milyard qızıl manat həcmində idi. Sənaye istehslı 7 dəfə aşağı düşmüşdür. Ölkə nəqliyyatı iflic olmuşdu. Zorla müharibəyə cəlb edilən əhalinin bir çox təbəqəsi onun günahsız qurbanlarına çevrildi. Döyüşlərdə, xəstəlik və aclıqdan, terrordan 8 milyon nəfər həyatını itirdi, 2 milyon nəfər isə mühacirətə getməyə məcbur oldu. Onların arasında ziyalıların xeyli elit təbəqəsinin də nümayəndələri var idi. Yeri doldurulması mümkün olmayan, mənəvi-etik cəhətdən itirilən dəyərlər uzun müddət sovet ölkəsinin tarixində dərin iz buraxmışdır.


Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top