Xorvatiya Respublikası Mərkəzi Avropanın cənubunda, Balkan yarımadasının qərbində yerləşmiş dövlət kimi şimali-qərbədən Sloveniya, şimali-şərqdən Macarıstan və Serbiya, cənubdan Bosniya və Herseqovina və Çernoqoriya ilə həmsərhəddir.
1990- cı ilin aprel və mayında Xorvatiyada iki turdan ibarət çoxpartiyalı sistem əsasında baş tutan seçkilərdə Xorvatiya Demokratik Həmrəylik partiyası səslərin çoxunu qazanaraq hakimiyyətdə olan kommunistləri məğlubiyyətə uğratdılar. Bu partiyanın lideri Frano Tucman (1922-1999) Xorvatiya Rəyasət Heyətinin sədri seçildi. F.Tucman İkinci Dünya müharibəsində partizan hərəkatının iştirakçısı kimi şöhrət qazanaraq müharibədən sonra Yuqoslav xalq ordusunun ən gənc generallarından biri olmuşdur. 1961-ci ildə istefaya çıxan general 1971-ci ildəki “Xorvat baharı” hərəkatında iştirak etdiyi üçün YKP-nin sıralarından xaric edilərək iki dəfə həbs edilmişdir. 1989-cu ildə siyasətə qayıdaraq Xorvatiya Demokratik Həmrəylik partiyasını yaratmışdır. Partiyanın proqramında 4,5 milyon nəfər əhalisi olan respublikanın 11 faizini serblər təşkil etməsinə baxmayaraq onlara hər hansı bir muxtariyyətdən söz açılmır, yalnız müstəqil Xorvatiya tələbi irəli sürülürdü. 1990-cı il dekabrın 20-də Xorvatiyanın yeni Konstitusiyası qəbul edildi və respublika “Xorvat xalqının milli dövləti” kimi təsbit edildi. Əvvəllər isə respublika Xorvat və Serb xalqının dövləti kimi müəyyən edilmişdir. Əsas qanuna görə Xorvat Respublikasında (XR) güclü prezident hakimiyyəti bərqərar oldu. Prezident ümumi səsvermə ilə ardıcıl olaraq iki dəfədən çox olmamaq şərtilə beş il müddətinə seçilirdi. Prezident parlament seçkilərinin və referendumların vaxtını müəyyən edir, baş naziri təyin edir və istefaya göndərir, onun təqdimatı ilə müavinləri və hökumətin tərkibin təsdiq edir, parlamenti istefaya göndərə bilərdi. Ali qanunvericilik hakimiyyəti 100-dən 160-a kimi deputatı olan Nümayəndələr palatası və 2000-ci ilə qədər 68, sonra isə 65 deputatdan ibarət Jupani, yəni Vilayətlər palatasından ibarət Məclisə məxsus idi. Nümayəndələr palatası ümumi, bərabər, gizli sesvermə əsasında seçilir, milli azlıqlara 5 yer ayrılırdı. Xorvat tərəfinin hərbi hissələr formalaşdırmaq məqsədilə silah əldə etmələri və s. Xorvat-Serb icmaları arasında münasibətləri kəskinləşdirirdi. 1991-ci ilin martından başlayaraq Xorvat hərbi qüvvələri ilə Serbiyadan olan könüllülərin daxil olduğu Serb xalq qoşunu arasında silahlı toqquşmalar baş verdi.
1991- ci il mayın 19-da Xorvatiyada Yuqoslaviya Federasiyasından ayrılmaq haqqında referendum keçirildi, 90 faizdən çox iştirakçı müstəqil dövlətə səs verdi. Xorvatiyanın Serb əhalisi referendumu baykot etdi. 1991-ci il iyunun 25-də parlament Xorvat Respublikasının suverenliyi və müstəqilliyi haqqında Bəyannamə qəbul etdi. 1992-ci ilin yanvarında Almaniyanın təzyiqi ilə Avropa Birliyi ölkələri Xorvatiyanı tanıdılar.
Yuqoslaviyanın federal hakimiyyəti orduya respublikada konstitusiyaya əsasən vəziyyəti nizama salmaq əmri verdi, onlar tezliklə serblərin kompakt yaşadığı Krain, Şərqi və qərbi Slavoniyanı tutaraq Zaqrebin 40 km-də dayandılar. 1991-ci il oktyabrın 8-də Xorvatiyanın parlamenti Yuqoslaviyanın tərkibindən çıxmaq haqqında qəti qərar qəbul etdi. Buna cavab olaraq Xorvatiyadakı serblər dekabrın 19-da Yuqoslaviya konstitusiyasının qüvvədə olduğu öz xüsusi dövlətlərin Kraina Serb Respublikasını yaratdılar. 1991-ci ilin martından avqustunadək Xorvat və Kraina Serblərin hərbi birləşmələri arasında qanlı toqquşmalar oldu. 1991-ci il noyabrın 20-də Serblər şəqri Slavoniyadakı Vukovar şəhərini tutdular. Böyük dağıntılar və dinc əhali arasında saysız-hesabsız qurbanlardan sonra beynəlxalq təzyiq vasitəsilə 1992-ci ildə Xorvat ordusu və Yuqoslaviya Xalq ordusu arasında atəşkəs elan edildi, martda isə Xorvatiyaya BMT-nin sülhməramlı qüvvələri daxil oldu. 1995-ci ilin may və avqust aylarında Xorvat ordusu beynəlxalq sülh qüvvələrinin varlığına məhəl qoymayaraq iki böyük əməliyyat nəticəsində Kraina Serb Respublikasını ləğv etdilər. Yüzlərlə serb oldürüldü, on minlərlə serb Bosniyanın serb hissəsinə, oradan da Serbiyaya qaçdılar.
Xorvatiyadakı “vətən” müharibəsi 30 min insanın həyatı bahasına başa gəldi. Hərbi əməliyyatların ölkəyə vurduğu ziyan 18,7 milyard dollar məbləğində idi. Xorvatiyanın xarici borcları on milyard dolları ötüb keçdi, ölkəni 280 min serb əhalisi tərk etdi. Faktiki olaraq Xorvatiya vahid etnik tərkibli ölkəyə çevrildi, serblər əhalisinin yalnız 4 faizindən də az hissəsini təşkil etməyə başladı.
Müharibə illərində Xorvatiyada F.Tucmanın şəxsi hakimiyyəti bərqərar oldu, hakim Xorvatiya Demokratik Həmrəylik partiyası isə dövlət idarəçiliyi orqanları ilə birləşdi. Prezidentin avtoritar idarəçilik metodu və millətçilik siyasəti beynəlxalq aləmdə və ölkə daxilində getdikcə vəziyyətin kəskinləşməsinə səbəb olurdu. 1999-cu ildə F.Tucmanın ölümündən sonra Xorvatiyanın siyasi həyatında köklü dəyişikliklər baş verdi. 2000-ci ildəki parlament seçkilərində müxalifət koalisiyası XDH partiyasını qabaqlayaraq 17 faiz çox deputat yeri qazandı. 5 partiyanın daxil olduğu koalision hökuməti sosial-demokratların lideri İvitsa Raçan qurdu. Prezident seçkilərini vaxtı ilə Yuqoslaviya Federativ İttifaq Respublikasının sonuncu prezidenti Stipe Mesiç qazandı. Tədricən Xorvatiya prezident respublikasından parlament idarəşilik sisteminə əsaslanan siyasi dəyişikliklərə məruz qaldı. 2000-ci ilin noyabrında parlament 1990-cı il Konstitusiyasına bir sıra əsaslı qanun dəyişikliyi etdi ki, bu da parlamentin səlahiyyətlərini əhəmiyyətli dərəcədə Deputatlar palatasının xeyrinə məhdudlaşdırırdı. 2001-ci ilin martında parlamentin Jupaniy palatası ləğv olundu, milli azlıqların nümayəndələri məclisdə 5-dən 9 nəfərə artırıldı. 2003-cü ilin noyabrındakı parlament seçkilərində yenə təzələnmiş Xorvatiya Demokratik Həmrəyliyi partiyası qələbə çaldı. Partiyanın lideri İvo Sanader növbəti hökuməti qurdu. 2005-ci ilin yanvarında Xorvatiya müstəqil Respublikasında dördüncü prezident seçkiləri baş tutdu, ikinci turda isə Stip Mesiç yenidən ölkə prezidenti seçildi.
2010-cu il yanvarın 10-da Xorvat Respublikasında növbəti prezident seçkiləri keçirildi. Seçkilərin ikinci turunda Sosial-Demokratik partiyasının namizədi İvo Yosipoviç qalib gəldi. Fevralın 18-də prezident and içərək dövlət başçısı vəzifəsini icra etməyə başladı. Parlament seçkilərində Xorvatiya Sosial-Demokratik partiyası 61 deputat yeri qazanaraq 1-ci, Xorvat Demokratik Birliyi 44 səslə ikinci oldu. Zoran Milanoviç hökumətin başçısı — Baş nazir təyin olundu.
Xorvatiyanın iqtisadiyyatı əsasən Almaniya və Rusiyadan gələn turistlər hesabına və ölkəyə cəlb olunan investisiyalara görə inkişaf edir, bu isə əhalinin güzaranının yaxşılaşmasının təminatıdır. Gəmiqayırma, maşınqayırma, kimya, qida, toxuculuq, ağac emalı, elektron, əczaçılıq sahələri iqtisadiyyatın aparıcı bölmələrini təşkil edir. 2010-cu il məlumatının nəticələrində Xorvatiyada əmək qabiliyyəti olan əhalinin 17,7 faizi işsizdir ki, bu da çox yüksək göstərici hesab edilir.
Regionun bir çox dövləti kimi Xorvatiya müstəqillik qazandıqdan sonra Qərbi Avropa və ABŞ-la əməkdaşlığa üstünlük verir. 2000-ci ildə Xorvatiya “Sülh naminə əməkdaşlıq” proqramına qoşulmuşdur. 2005-ci ildə Xorvatiyaya Avropa İttifaqı ilə danışıqlar aparmağa razılıq verilmişdir. 2009-cu ildən NATO-nun, 2013-cü ildən Avropa İttifaqının və bir çox mərkəzi və regional təşkilatların üzvü olan Xorvatiya qonşu dövlətlərlə, xüsusilə Serbiya ilə münasibətlərini inkişaf etdirməyə xüsusi diqqət ayırır.
2014-cü il yanvarın 1-nə olan məlumata əsasən Xorvatiya respublikasının əhalisi 4246809 nəfərdir, bu da ümuni əhalinin 90,42 faizini təşkil edir. Ölkə ərazisindəki serblər isə əhalinin 4,36 faizi qədərdir. 2011-ci il məlumatına görə əhalinin 86,28 faizini katoliklər, 4,44 faizini pravoslavlar, 1,47 faizini müsəlmanlar və başqa dinlərin nümayəndələridir. Xorvatiya Respublikasının inzibati idarəetmə sisteminin 20 jupaniyə, o isə 122 şəhərə və 424 icmaya bölünür. Xorvatiyanın paytaxtı Zaqreb 21-ci jupani statusuna malikdir. Jupani, şəhər və icma nümyəndəlik orqanları kimi seçkili olub, əhali tərəfindən seçilir. Zaqreb, Split, Rieka, Osiek Xorvatiyanın böyük şəhərləridir.
2015-ci il yanvarın 11-də Xorvatiyada keçirilən prezident seçkilərində hakim Xorvat Demokratik Həmrəylik partiyasının nümayəndəsi, sabiq xarici işlər naziri Kolinda Qrabar-Kitaroviç seçici səslərinin 50, 42 faizini qazanaraq prezident seçildi və fevralın 19-dan ölkəyə başçılıq etməyə başladı. Xorvatiya-Azərbaycan əlaqələri daim inkişaf edib təkmilləşir. 2012-ci il martın 12-də Xorvatiya Respublikasının prezidenti İvo İosipoviç Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşərək bir sıra iqtisadi məsələləri müzakirə etmişlər. Xüsusilə investisiya və kənd təsərrüfatı məhsullarının qarşılıqlı mübadiləsi hərtərəfli müzakirə obyekti olmuşdur.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev