Yuqoslaviya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Yuqoslaviya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Yuqoslaviya müharibədən sonrakı ilk illərdə. 1945-1950-ci illər. Xalq inqilabı dəyişikliyin başa çatması.İkinci Dünya müharibəsində faşist işğalçılarının özbaşınalığı və qəddarlığı xalqın böyük əksəriyyətinin hitlerçilərə, onların əlaltılarına və casuslarına qarşı dərin nifrət hissinin yaranmasına səbəb oldu. Şərqi və Mərkəzi Avropanın milyonlarla demokratiya və milli müstəqillik tərəfdarı olan əqidəli insanları işğal rejiminə qarşı antifaşist Müqavimət hərəkatında birləşdilər. Şərqi Avropanın antifaşist Müqavimət hərəkatının mərkəzlərindən biri də işğalçılar tərəfindən parçalanan Yuqoslaviya idi. Məhz burada məkrli düşmənlə mübarizə məqsədilə Yuqoslaviya Xalq Azadlıq Ordusu yaradılmış, siyasi orqan Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi təşkil edilmiş, İosip Broz Titonun başçılığı ilə hökumətin səlahiyyətlərini yerinə yetirən Yuqoslaviya Milli Komitəsi meydana gəlmişdir. Bütün bunlar müharibə başa çatdıqdan sonar Yuqoslaviyada xalq demokratik inqilabi mərhələsini sosialist inqilabı kimi qiymətləndirməyə şərait yaratmışdır.

Beləliklə, işğalçılarla və onların əlaltıları ilə müharibədə qələbə, həm də milli-azadlıq mübarizəsinin gedişində başlanmış və Yuqoslaviyanın ictimai-siyasi və iqtisadi həyatında əsaslı dəyişikliklərə gətirib çıxaran inqilabın qələbəsi demək idi. 1941-1944-cü illərdə yalnız YKP və onun rəhbərlik etdiyi partiyalar ümumi düşmənə qarşı, ölkənin azad edilməsi və yeni əsaslarla qurulması uğrunda barışmaz mübarizə aparırdılar. Bu, eyni zamanda SSRİ-nin beynəlxalq miqyasda artmış nüfuzu YKP-ni müharibənin yekun mərhələsində ölkənin ən nüfuzlu partiyasına çevirdi.

1945-ci ilin avqustunda YXAAV (Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi) 3-cü sessiyası keçirildi, onun işində müharibədən əvvəlki skupşinanın işğalçılarla əməkdaşlıq etməmiş deputatları da iştirak edirdilər ki, nəticədə YXAAV inqibabi hakimiyyət orqanı kimi qanuniləşdirildi və Antifaşist Veçe Müvəqqəti Xalq Skupşinasına çevrildi. Müvəqqəti Skup-şina YXAAV-in 2-ci sessiyasının qərarlarını təsdiq etdi və bir sıra qanunlar, o cümlədən aqrar islahat haqqında qanun qəbul etdi. Qanunda göstərilir ki, torpaq onu əkib becərənlərə məxsusdur, filiz mədənləri milliləşdirilir və s. Müvəqqəti Xalq Skupşinası həmçinin Müəssisələr Skupşinasına seçkilərin keçirilməsi haqqında qərar qəbul etdi ki, o dövlətin gələcək quruluşunu müəyyən etməli idi. Bu qərar müxalifətin və mühacirətin geniş etirazlarına səbəb oldu, lakin böyük dövlətlər onların bu etirazlarına münasibətlərini bildirməlidilər. 1945-ci ilin noyabrında keçirilən parlament seçkilərində yuqoslaviyanın respublikaya çevrilməsi təklifi ilə çıxış edən YKP-nin başçılıq etdiyi Xalq cəbhəsinin namizədləri seçicilərin səsinin 90 faizini topladı. 1945-ci il noyabrın 29-da Müəssisələr Skupşinasının təntənəli açılışı oldu. O, Yuqoslaviya Federativ Xalq Respublikasının (YFXR) yarandığını elan etdi, YXAAV-nin və Müvəqqəti Xalq Skupşinasının qəbul etdiyi qanunverici aktlarını təsdiq etdi. Yuqoslaviyada yaranmış yeni şərait müxalifətin bir çox xadimlərini, o cümlədən İ.Şubaşiçi mühacirətə vadar etdi, qalanları siyasi səhnədən kənarlaşdı, ölkədə faktiki birpartiyalı sistem formalaşdı.

Kommunistlərin təşəbbüsü ilə Yuqoslaviya xalqlarının ictimai və təsərrüfat həyatında keçirildiyi köklü dəyişikliklər layihəsi ümumxalq müzakirəsindən sonra 1946-cı il yanvarın 31-də Müəssisələr Şkupşinasının qəbul etdiy Konstitusiya ilə təsbit olundu. Konstitusiyaya uyğun olaraq, YFXR-in tərkibində 6 respublika: Bosniya və Herseqovina, Makedoniya, Sebiya (Serbiyanın tərkibinə Voyevodina muxtar vilayəti, həmçinin Kosovo və Metoxiya da daxil idi), Sloveniya, Xorvatiya, Çernoqoriya daxil idi. Yuqoslaviyanın əsas qanununa uyğun olaraq bütün vətəndaşlara hüquq bərabərliyi, söz azadlığı, mətbuat, yığıncaq və s. demokratik azadlıqlar təminatı verilirdi. «Ümumxalq» mülkiyyəti başlıca mülkiyyət forması elan edildi.

Ali qanunverici hakimiyyət orqanı Xalq Skupşinası idi ki, o da iki palatadan: İttifaq Veçesi və Millətlər Veçesindən ibarət idi. Skupşina 4 il müddətinə birbaşa, ümumi, bərabər seçkilər əsasında gizli səsvermə yolu ilə seçilirdi. Yerlərdə hakimiyyət xalq komitələrinə məxsus idi. Beləliklə, ənənəvi parlamentlə müharibə zamanı formalaşmış inqilabi hakimiyyət orqanlarının birləşməsi baş verdi. Parlament həmçinin nəzarət funksiyasını da yerinə yetirirdi, həm də federal hökumət parlament qarşısında hesabat verməli idi. Konstitusiyaslı federativ sistemin yaradılması 1946-1947-ci illərdə respublikaların konstitusiyalarının qəbulu ilə başa çatdırıldı. Respublikaların hər birinin özünün hökuməti və parlamenti var idi ki, bu da həmin ərazilərdə yaşayan xalqların öz müqəddəratının təyin edilməsində mühüm mərhələ oldu. YFXR-in əsas qanunu SSRİ-nin 1936-cı il Konstitusiyasının eyni olaraq sosialist münasibətlərinin daha da inkişaf etdirilməsinin rəsmi hüququ əsası oldu.

Özünün daxili siyasətində YKP belə hesab edirdi ki, SSRİ kimi sosializm yolu ilə inkişaf edərsə Yuqoslaviya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinə çata bilər. Müharibə və işğal Yuqoslaviyanın təsərrüfatına böyük ziyan vurmuşdu. Müharibədən əvvəl olduğu kimi, yenə də Avropanın geridə qalmış ölkələrindən biri olan Yuqoslaviya İkinci Dünya müharibəsindən sonra xarabalıq içərisində idi. 3,5 milyon adam evsiz-eşiksiz qalmış, sənaye müəssisələrinin 40 faizi, dəmir yollarının yarısı dağılmışdı. Müharibə Yuqoslaviyanın iqtisadiyyatına 46,9 milyard ABŞ dolları məbləğində zərər vurmuşdur. Qarşıda təbii ki, ilk növbədə xalq təsərrüfatının bərpası dururdu. Əhali, ilk növbədə gənclərin təşəbbüskarlığına, SSRİ-nin maddi yardımına və mütəxəssis köməyinə arxalanaraq YKP ölkənin iqtisadiyyatının bərpasını qaydaya sala bildi. 1947-ci il yaxın sənaye istehsalını müharibədən əvvəlki səviyyəsinə çatdırmaq mümkün oldu. Eyni zamanda sənayeləşdirilmə proqramı işlənilib hazırlanırdı. Həmçinin iki-üç beşillik ərzində Yuqoslaviyanı sənaye-aqrar ölkəsinə çevirmək planlaşdırılırdı. Skupşinanın 1946-cı ilin dekabrında qəbul etdiyi qanuna əsasən bunun üçün vəsait əsas istehsal vasitələrinin, bank-kredit sahəsinin, nəqliyyat və ticarətin milliləşdirilməsindən əldə edilməli idi.

Aqrar islahatlar haqqında demokrarik qanunlar mülkədarların, burjuaziyanın, kilsənin və almanların torpaqlarını müsadirə etmək üçün hüquqi əsas oldu. Sloveniyada, Voyevo-dinada, əsasən də müharibədən sonra bütünlüklə Almaniyaya deportasiya edilməsi ilə əlaqədar Banatda yaşayan almanların müsadirə olunmuş torpaqların çox hissəsi dövlətin ixtiyarına keçdi. Müsadirə olunmuş torpaqlar aztorpaqlı kəndlilərə, o cümlədən Çernoqoriyanın, Dalmasiyanın məhsuldarlığı az olan rayonlardan köçürülən kolonistlərə, həmçinin müharibə dövründə ev-eşiyini və əmlakını itirənlərə, xalq azadlıq mübarizəsinin iştirakçılarına verilmişdi. Torpaqların bir hissəsi dövlət aqrar bölməsinin ixtiyarına, dövlət meşə fonduna, həmçinin kooperativlərə verildi.

1947-ci ilin aprelində Xalq Skupşinası xalq təsərrüfatının inkişafına dair birinci beşillik planı təsdiq etdi. Planın başlıca vəzifələri aşağıdakı kimi müəyyən edilmişdi: ölkənin iqtisadi geriliyinin ləğv edilməsi, müdafiə potensialının gücləndirilməsi, iqtisadiyyatın sosialist bölməsinin genişləndirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi. Birinci beşilliyin vəzifələri əvvəl uğurla yerinə yetirilirdi. 1948-ci ilə yaxın sənaye istehsalı müharibədən əvvəlki səviyyəni ötüb keçdi. SSRİ və sovet blokuna daxil olan digər ölkələr ilə iqtisadi əlaqələr müvəffəqiyyətlə inkişaf edirdi. YFXR-in xarici ticarət dövriyyəsinin yarısı bu dövrdə həmin ölkələrin payına düşürdü.Yuqoslaviya sovet nümunəsi üzrə sosial-iqtisadi və siyasi yenidənqurmanın sürəti və dərinliyinə görə Mərkəzi və Cənub-Şərqi Avropanın digər ölkələri içərisində ilk sırada gedirdi. Lakin 1948-ci ildə SSRİ ilə Yuqoslaviya rəhbərliyi arasında qızışan münaqişə, iki ölkə arasında münasibətlərin kəsilməsi, nəinki beşillik planın yerinə yetirilməsinə maneçilik törətdi, həmçinin Yuqoslaviyada sosializm quruculuğunda əsaslı dəyişikliklərin edilməsinə səbəb oldu.

Münaqişə 1948-ci ilin yayında YKP-nin qurultayının gedişində açıq, kəskin xarakter aldı. Çünki Sovet rəhbərliyi yuqoslav kommunistlərinə kobud formada öz iradələrini qəbul etdirmək və İ.Broz Titonu və onun tərəfdarlarını partiya rəhbərliyindən uzaqlaşdırmağa cəhd göstərirdi. Qurulyat nümayəndələrinin Moskvanın diktatından imtina etməsi Sovet İttifaqının və digər xalq demokratiyası ölkələrinin YFXR ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığının tam dayandırılmasna səbəb oldu.

Özünün əvvəlki müttəfiqlərindən və ideya həmikirlərindən təcrid olunmuş Yuqoslaviyanın qarşısında heç də asan olmayan vəzifə — SSRİ və xalq demokratiyası ölkələrinin siyasi və maddi dəstəyi olmadan və cəmiyyətin bir hissəsinin, xüsusilə kəndlilərin ciddi müqaviməti ilə üzləşərək sosializmə doğru irəliləmək vəzifəsi dururdu. Sovet köməyindən məhrum olan Yuqoslaviya yalnız daxili ehtiyatları maksimum səfərbərliyə almaqla və Qərb dövlətlərinə siyasi güzəştlərə getmədən onlarla əməkdaşlığı genişləndirməklə inkişafını davam etdirə bilərdi. Yeni şəraitdə sosializm quruculuğunun sovet modeli az yararlı idi. Ona görə də 40-cı illərin sonu — 50-ci illərdə Yuqoslaviyada ölkənin şəraitinə daha uyğun, Qərbə az meyilli cəmiyyət və dövlət quruculuğu forması axtarılmasına və SSRİ-yə meyilli əvvəlki kursun tərəfdarlarına qarşı mübarizə başlandı.

Tamamilə aydın idi ki, dəyişiklik iqtisadiyyatın idarə edilməsi sahəsində nəzərdə tutulurdu. İqtisadi yüksəlişə nail olmadan komunistlərin — baxmayaraq ki, ölkə qarşısında keçmişdə böyük xidmətləri olmuşdur — hakimiyyətdə qalması olduqca çətin idi. 1950-ci ildə Xalq Skupşinası dövlət müəssisələrinin idarə edilməsi sisteminin dəyişdirlməsi haqqında qanun qəbul etdi. Fabrik və zavodlar formal olaraq ümumxalq mülkiyyəti kimi qalmaqla əmək kollektivlərinin idarəçiliyinə verildi. Əmək kollektivləri müəssisələri fəhlə sovetləri və idarə komitələri vasitəsi ilə idarə etməli idilər. Fəhlə sovetləri iki il müddətinə seçilirdi. İslahat vəzifələrini həll etmək və cari işlər yerinə yetirmək üçün fəhlə sovetləri üzvlərindən idarə komitəsi və direktor seçilirdi. Direktor öz fəaliyyətinə görə fəhlə soveti və idarə komitəsi, həmiçinin seçkili yerli hakimiyyət orqanı-icma skupşinası qarşısında hesabat verməli idi.

40-cı illərin sonu — 50-ci illərin əvvəllərində iqtisadiyyatın dövlət idarəçiliyi sistemində mərkəzləşdirmənin ləğv edilməsi sahəsində dəyişikliklər həyata keçirildi. Federal hökumət xalq təsərrüfatına rəhbərliyə dair bir sıra funksiyalarını respublikalara, onlar da, öz növbəsində, bunu icma skupşinalarının səlahiyyətinə verdilər.50-ci illərin əvvəllərində yuqoslav rəhbərliyi kənd təsərrüfatının məcburi kollektivləşdirilməsi kursundan imtina etdi. Əvvəlki illərdə yaradılmış istehsal koopertivlərinin çoxu dağıldı, kəndlilər təsərrüfatçılığın ailəvi formasına qayıtdılar.Milliləşdirmənin gedişində Qərb dövlətləri vətəndaşlarının (almanlardan başqa) müsadirə edilmiş xüsusi mülkiyyətinin kompensasiyası haqqında kompromiss qərardan sonra başlıca kapitalist dövlətləri ilə iqtisadi münasibətlər inkişaf etdirilməyə başlandı. Bu işin əsası 1950-ci ildə ABŞ-ın əvəzsiz taxıl yardımı ilə qoyuldu.

Yuqoslaviya özünüidarə sosializmi dövründə. 1950-ci illər — 1980-cı illərin sonları. Yuqoslaviya dövlətinin dağılması.Xalq təsərrüfatının idarə olunması 1952-ci ildə keçirilmiş YKP-nın VI qurultayının gündəliyində duran əsas məsələ oldu. Qurultay ölkənin iqtisadiyyatının ictimai özünüidarə prinsipləri əsasında yenidən qurulması kursunu qəbul etdi. Qurultayda partiyanın adının dəyişdirilib Yuqoslaviya Kommunistlər İttifaqı (YKİ) adlandırılması haqqında qərar qəbul edildi. YKP, gənclər ittifaqları, həmkarlar ittifaqları və digər ictimai təşkilatların daxil olduğu Xalq Cəbhəsi — Yuqoslaviya Əməkçi Xalq Sosialist İttifaqı adlandırıldı.

Xalq təsərrüfatında, sosial-iqtisadi sahələrdəki dəyişikliklər hüquqi cəhətdən konstitusiya qanununda möhkəmləndirildi ki, bu qanun da 1953-cü ilin yanvarında qəbul edilmişdir. Bu qanuna əsasən Xalq Skupşinası tərəfindən 5 il müddətinə seçilən prezident vəzifəsi təsis edildi. Nazirlər Şurası yerinə prezidentin başçılığı ilə İttifaq İcraiyyə Veçesi yaradıldı. Xalq Skupşinası İttifaq Veçesi və İstehsalçılar Veçesinə bölündü. Beləliklə, xalq ittifaqı skupşinası dəyişikliyə məruz qaldı. Millətlər Veçesi əvəzinə İstehsalçılar Veçesi yaradıldı. Federal nazirliklərinin də adları dəyişdirildi, onlar katibliklər adlanmağa başlandı. İ.Titonu YFXR-in prezidenti, uzun müddət təhlükəsizlik orqanlarına başçılıq etmiş A.Rankoviçi vitse-prezident seçdilər. 1955-ci ilin iyununda icmaların və rayonların yenidən təşkili və özünüidarə sisteminin daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi haqqında qanun qəbul edildi. İcmalar və ya kommunalar zəhmətkeşlərin yerli özünüidarəçiliyinin ilk orqanları elan olundular.

1963-cü ilin aprelində ümumxalq müzakirəsindən sonra YFXR-in İttifaq Skupşinası yeni Konstitusiyanı qəbul etdi. Ölkənin yeni adı -Yuqoslaviya Sosialist Federativ Respublikası (YSFR) adı qəbul edildi. Konstitusiyada əmək hüququ, 42 saatlıq iş həftəsi, əmək haqqı ödənilən məzuniyyət, sosial təminat, təhsil hüququ, minimal şəxsi gəlir hüququ təsbit edilirdi. İttifaq Skupşinası beş palatadan ibarət idi. Lakin tezliklə ikipalatalı sistemə qayıtmaq qərara alındı. Yeni Konstitusiyada seçkili vəzifəli şəxslərin və deputatların hər iki ildən bir dəyişdirilməsi — rotasiyası prinsipləri də öz əksini tapmış oldu. Həmçinin Yuqosaviyanın Konstitusiya məhkəməsi haqqında qanun da təsdiq edildi.

İ.B.Tito ölkənin prezidenti oldu, amma hökumətin başçısı — yəni İcraedici İttifaq Veçesinin sədri olmaqdan imtina etdi. İ.B.Titodan sonra hökumətə 1963-1967-ci illərdə Petar Stamboliç, 1967-1969-cu illərdə Mika Şpilyak, 1969-1971-ci illərdə Mitya Ribiçiç, 1971-1977-ci illərdə Cemal Biediç, 1977-1982-ci illərdə V.Curanoviç, 1982-1986-cı illərdə Milka Planints, 1986-1988-ci illərdə Branko Mikuliç, 1989-1992-ci illərdə Ante Markoviç başçılıq etmişdir.

1967, 1968 və 1971-ci illərdə konstitusiya mətninə dəyişikliklər edildi. Bu dəyişikliklərə müvafiq olaraq kollektiv rəhbər orqan funksiyası yerinə yetirən Federasiyasının Rəyasət Heyəti yaradıldı. Onun tərkibinə hər respublikadan 3 nəfər və hər muxtar vilayətdən 2 nəfər daxil idi. Göstərilən dəyişikliklərdən sonra respublikaların və muxtar vilayətlərin hüquqları genişləndi. Əmək kollektivlərinin də adı dəyişildi, onlar birləşmiş əmək təşkilatları adlanmağa başladılar.

Yuqoslaviyada ikinci və üçüncü beşilliklər dövründə (1957-1965-ci illər) ölkənin sənayeləşdirilməsi əsasən başa çatdı. Eyni zamanda dövlət istehsala ayrılan investisiyanın həcmini azaldaraq, qeyri istehsal və kənd təsərrüfatına ayrılan vəsaitin miqdarını artırdı ki, bu da bəhs edilən sahələrin tədricən dövlət və kooperativ bölmələrinə keçmələrinə şərait yaratdı. 1957-1961-ci illərdə həyata keçirilən islahatlar sayəsində müəssisələr tam müstəqillik alaraq qazandıqları milli gəlirin 45 faizini istədikləri kimi bölmək hüququna sahib oldular.

1965-ci ilin iyulunda İttifaq Skupşinası yeni sosial-iqtisadi islahatların əsasını qoyan bir sıra qanunverici aktlar qəbul etdi. Bu qanunların əsas məqsədi təsərrüfatın intensivləşdirilməsinə keçilməsi, iqtisadiyyatın sahələrarası uyğunsuzluğunun ləğv edilməsi və onun stabil-ləşdirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, ölkənin beynəlxalq əmək bölgüsünə fəal cəlb edilməsi idi.

Daxili və xarici bazarlarda Yuqoslaviya sənayesinin rəqabət qabiliyyətini artırmaq üçün bazar iqtisadiyyatının bəzi prinsipləri də həyata keçirildi. Bununla əlaqədar xarici ticrətdə inhisarın ləğv edilməsi, müəssisələr üçün güzəştlər, avadanlıqların və texnoloji proseslərin modernləşdirilməsi nəzərdə tutulurdu. Qeyri-rantabelli müəssisələrə dövlət dotasiyası ləğv edilir, Yuqoslaviyada işə düzələ bilməyən şəxslərin xaricə getməsinə icazə verilirdi. Respublikalar və vilayətlər daha çox müstəqillik əldə etdilər.

Bu islahatların həyata keçirilməsi zamanı onun müsbət və mənfi tərəfləri üzə çıxdı. Bir tərəfdən sənaye istehsalında irəliləyiş baş verdi, müəssisələrin rentabelliyi artdı, onların avadanlığı modernləşdirildi. Nəticədə gəlirlərin üçdəiki hissəsi əmək məhsuldarlığının artması hesabına baş verdi. Təkcə 1952-1980-cı illərdə sənaye istehsalı ildə orta hesabla 9,1 faiz artdı. Yuqoslaviyada tədbiq edilən iqtisadi modelin nəticəsində cəmiyyətin iqtisadiyyat üzərində, zəhmətkeşlərin öz əməklərinin yekunu və şəraitində hakimiyyəti möhkəmləndi. Lakin istehlakın artması, idxalın çoxalması iqtisadiyyatın sabitliyini pozdu. Ölkənin xarici borcları sürətlə artmağa başladı. İşə düzəlmə problemi kəskinləşdi, 70-ci illərin əvvəllərində işsizlərin sayı artmağa başladı, bir milyondan çox yuqoslav vətəndaşı iş dalınca xaricə getməyə məcbur oldu.

60-cı illərin sonu — 70-ci illərin əvvəlləri sosial və millətlərarası gərginliyin kəskin artması ilə xarakterizə olunur. 1968-ci ilin mayında Yuqoslaviyanın bir sıra şəhərlərində tələbələrin kütləvi nümayişləri oldu. Belqradda onlar daha geniş idi. “Evsiz tələbələrə-yataqxanalar!” “Rədd olsun qırmızı burjuaziya!” — bunlar Belqrad tələbələrinin əsas şüarları idi. Aryı-ayrı milli regionlar inkişafına görə bir-birindən xeyli fərqlənirdi. İqtisadi, təhsil və əhalinin həyat səviyyəsinin bütün göstəricilərinə görə YSFR-də Sloveniya birinci yerdə idi. Əhalisinin əsas hissəsi albanlardan ibarət olan Serbiyanın tərkibinə daxil olan Kosovo muxtar vilayəti axırıncı yerdə gedirdi. Qonşu Albaniya Xalq Respublikasının kütləvi informasiya vasitələri Kosovanı alban əhalisini Albaniya ilə birləşməyə çağırdı. 1968-ci ilin noyabrında muxtar vilayətin bir sıra şəhərlərində tələbələrin, şagirdlərin və fəhlələrin nümayişləri keçirildi. Lakin Belqradda olduğu kimi Kosovada keçirilən nümayişlər polis tərəfindən dağıdıldı, onun iştirakçılarının çoxu həbs edildilər.

İqtisadi islahatın doğurduğu milli və sosial gərginlik və yaranmış siyasi və iqtisadi duruma qarşı etiraz dalğası daha güclü şəkildi 1971-ci ildə Xorvatiyada baş verdi. 1970-ci ilin noyabrında Xorvatiyanın hər yerində yeni konstitusiya layihəsi müzakirə edilirdi. Konstitusiyanın maddələrində ittifaq respublikaların hüquqlarının daha da artırılması nəzərdə tutulurdu, lakin bu yenə də federasiyanın orqanlarının hüquqlarının azaldılması hesabına həyata keçirilməli idi. Konstitusion dəyişikliklərin keçirilməsi zəruriliyini bir sıra amillər diktə edirdi. Onların içərisində heç olmasa respublikalararası münasibətlərdə və gərginlikdə yaranmış ziddiyyətlərin az da olsa zəiflədilməsi nəzərdə tutulurdu. Konstitusiya islahatlarında nisbətən inkişaf etmiş Sloveniya və Xorvatiyaya daha geniş imtiyazlar verilirdi, xüsusilə ölkənin milli regionlarının inkişafı üçün federasiya fonduna ayrılmaların azaldılması nəzərdə tutulurdu. Praktiki olaraq bütün respublikalarda — Serbiyada, Çernoqoriyada, Makedoniyada, Bosniya və Herseqovinada konstitusiya dəyişiklikləri tənqid olunurdu. Xorvatiyanın kütləvi informasiya vasitələrində respublika büdcəsindən vəsaitin “geridə qalmış rayonların əmək qabiliyyəti olmayan əhalisinə” köçürülməsi xorvat xalqının istismar edilməsi kimi səslənməkdə idi. Xorvatiyanın iqtisadi və siyasi inkişafının yolları məsələsinə yanaşmada fikir ayrılığı respublikanın partiya-dövlət rəhbərliyində parçalanmaya səbəb oldu. Xorvatiya rəhbərliyinin bir hissəsi Xorvatiyada daha geniş müstəqillik verilməsini müdafiə edir, eyni zamanda ölkə rəhbərliyini şovinizmdə və bürokratik mərkəzləşdirmədə günahlandırırdı. Hətta məişət zəminində də xorvatlar və serblər arasında münasibətlər ciddi şəkildə kəskinləşmişdi.

Xorvatiyadakı şəraitə qiymət verərək ölkənin prezidenti və Yuqoslaviya Kommunistlər İttifaqının lideri İ.Tito qeyd edirdi ki, ölkəm millətlərarası vətəndaş müharibəsi ərəfəsindədir. YSFR -in prezidentin göstərişi ilə Xorvatiyada baş vermiş 1971-ci ilin payız çıxışları milisin və ordunun köməyi ilə ləğv edildi. Onun fəalları, respublikanın rəhbərləri, əsaslı iqtisadi və sosial dəyişikliklərin əleyhinə kəskin çıxış edənlər həbs edildilər. Onların arasında Xorvatiyanın gələcək prezidenti, general-mayor F.Tucman da var idi. 1971-ci ilin dekabrında bəzi respublikaların və vilayətlərin, o cümlədən Serbiya və Xorvatiyada ali partiya və dövlət orqanlarının rəhbərləri vəzifələrindən uzaqlaşdırıldılar. Sonrakı hadisələr göstərdi ki, mürəkkəb millətlərarası və sosial-siyasi münasibətlərin güc tətbiq edilməklə həll edilməsi yalnız müvəqqəti nəticə verdi.

1971-ci ildə serblər və xorvatlar arasında millətlərarası münasibətlərin kəskinləşməsi ölkə rəhbərliyini sosial-iqtisadi həyata daha dərindən müdaxilə etməyə məcbur etdi. 1964-cü ildə YKP-in VIII qurultayında göstərildiyi kimi kommunistlərin başlıca vəzifəsi ideologiyanın formalaşdırılmasına və əhalinin tərbiyə işinə yönəldilmişdirsə, 70-ci illərdə keçirilən forumlarda əsas diqqət sosial-iqtisadi və maddi sahələrə yönəldildi. Qeyd edilirdi ki, fəhlə sinfinin rəhbər rolu şəraitində ictimai inkişafın və sosialist özünüidarəçiliyinin həyata keçirilməsində aparıcı qüvvə YKİ-dir. 1971-1973-cü illərdə partiya-dövlət və təsərrüfat həyatının bütün sahələrində rəhbər partiya kadrları içərisində təmizləmə aparıldı.

1974-cü ildə qəbul edilmiş Konstitusiya “birləşmiş xalqlar dövləti”nin tarixində sonuncu konstitusiya oldu. Konstitusiyaya əsasən istehsal vasitələri bütövlükdə ictimai mülkiyyətə çevrilir və birləşmiş əmək kollektivinə verilirdi. 1974-cü il Konstitusiyasına əsasən ölkə ikipalatalı qanunverici orqan olan YSFR Məclisi sisteminə qayıtdı. Federasiya Məclisi respublika və dairə yığıncaqlarının seçdiyi İttifaq Respublika və dairə Şurasından, özünüidarə təşkilat və ictimai-siyasi birliklərin seçdiyi İttifaq Şurasından ibarət idi.

Konstitusiyaya görə sosialist respublikalarının hər birinin birtərəfli qaydada Yuqoslaviya İtifaqının tərkibindən çıxmaq hüququ var idi. Hər bir muxtar vilayətin sosialist respublikalarının malik olduğu səsvermə hüququ mövcud idi, lakin onlar respublikalardan fərqli olaraq birtərəfli qaydada İttifaqın tərkibindən çıxa bilməzdilər. Hakimiyyətin icraedici orqanı İttifaq İcraedici Şurası təsbit olundu. 1974-cü il Konstitusiya ilə müttəfiq respublikaların hüquqları xeyli genişləndirildi. Bu hüquqlar Serbiyanın Voyevodina və Kosovo muxtar vilayətlərinə də verilirdi. Respublikalar və vilayətlər əslində həm iqtisadi, həm də hüquqi-siyasi sahədə müstəqil dövlətlərə çevrildilər.

YSFR Skupşinası (İttifaq veçesi və respublika-vilayətlərin veçesi) YSFR Rəyasət Heyətini — dövlət hakimiyyətinin ali orqanını seçdi. Onun tərkibinə 8 nəfər, 6 respublikanın və 2 muxtar vilayətin hərəsindən bir nümayəndə daxil idi. Yuqoslaviya xalqı qarşısında tarixi xidmətlərinə görə İ.Broz Tito ömürlük Rəyasət heyətinin sədri seçildi. Onun ölümündən sonra Rəyasət Heyətinin 8 üzvü növbə ilə YSFR Rəyasət Heyətinin sədri olmalı idilər.

1978-ci ilin iyulunda keçirilən YKİ-nin XI qurultayı İ.Broz Titonun iştirak və çıxış etdiyi sonuncu qurultay oldu. Özünün məruzəsində o, bir daha qeyd etdi ki, sosialist özünüidarəsi və birləşməmək siyasəti YSFR -in daxili və xarici siyasətində əsas olaraq qalır. Qurultayda MK ilə yanaşı YKİ MK-nın 23 nəfərdən ibarət Rəyasət Heyəti də seçildi. Onun üzvləri bir il müddətinə seçilirdi. Yalnız hökumət İttifaq İcraiyyə Veçesi-Skupşina tərəfindən 4 il müddətinə seçilirdi. 1980-ci il mayın 4-də Yuqoslaviya kommunistlərinin və yeni Yuqoslaviyanın bir neçə on il dəyişilməz rəhbəri olmuş İ.Broz Titonun ölümü federasiyanın gələcək taleyinə təsir göstərməyə bilməzdi.

İosip Broz Tito 1892-ci il mayın 7-də Avstriya-Macarıstanın tərkibinə daxil olan Kumrovetsdə anadan olmuşdur. 1910-cu ildə Xorvatiya və Sloveniya Sosial Demokrat partiyasının sıralarına daxil olmuşdur. 1913-cü ildə imperiya ordusunda qulluq edərək unter-zabit rütbəsi almışdır. Birinci Dünya müharibəsində iştirak edərək döyüşdə yaralanıb ruslara əsir düşmüşdür. Rusiyada vətəndaş müharibəsində Qırmızı qvardiyaçılar tərəfində döyüş əməliyyatlarında iştirak etmiş, 1920-ci ildə Yuqoslaviyaya qayıtmışdır. Yuqoslaviyada kommunist hərəkatında iştirak edərək dəfələrlə həbs edilmiş, 1937-ci ilin dekabrından Yuqoslaviya Kommunist pasrtiyasına rəhbərlik etmişdir. Alman işğalçıları Yuqoslaviyanı zəbt etdikdən sonra 1941-ci il iyulun 4-də İ.B.Tito Yuqoslaviya Xalq Azadlıq Ordusunun rəhbərlik kimi düşmənə qarşı partizan hərəkatının əsas təşkilatçısı olmuşdur. İlk vaxtlar çetniklər və partizanlar işğalçılara qarşı birgə mübarizə aparsalar da, ideoloji fikir ayrılığı üzündən 1941-ci ilin noyabrında onlar arasında əsl vətəndaş müharibəsi getmişdir. 1944-cü il mayın 25-də alamların hava desant qüvvələri Drvar şəhərində Titonu məhv etmək məqsədi ilə əməliyyat keçirsə də buna nail ola bilməmişdir. 1945-ci il aprelin 5-də İ.B.Tito Sovet qoşunlarının müvəqqəti olaraq Yuqoslaviya ərazisinə yeridilməsinə dair İ.Stalinlə saziş bağladı. Birgə döyüş əməliyyatı ilə Yuqoslaviya işğalçılardan təmizləndi. İ.B.Titonun rəhbərliyi ilə Yuqoslaviya Federativ Xalq Respublikası təşkil olundu. Yuqoslaviya Balkan Federasiyasına qoşulmaq haqqında İ.V.Stalinin təklifini qəbul etmədiyi üçün 1949-cu ildə SSRİ rəhbərliyi Yuqoslaviya ilə dostluq, qarşılıqlı yardım və müharibədən sonrakı əməkdaşlıq haqqında müqaviləni ləğv etdi. Sovet rəsmi təbliğatında antikommunist faşist tipli rejimin başçısı bəyan edilən İ.B.Tito 1953-cü ildən ölkəsinin prezidenti seçildi və ömrünün sonuna kimi bu vəzifədə qalmışdır.

N.S.Xruşşovun “mülayimləşmə” siyasəti zamanı SSRİ Yuqoslaviya kəsilmiş münasibətləri bərpa edilməsinə baxmayaraq ölkə öz sosialist modlei yolundan əl çəkməyərək VMT və QİYS-nın üzvü olmaqdan imtina etmişdir. İ.B.Titonun hakimiyyəti illərində Yuqoslaviya Birləşməmək hərəkatının təşkilatçılarından biri olmuş, ölkənin iqtisadi və sosial göstəriciləri isə Avropa dövlətlərinin çoxundan üstün olmuşdur. 1980-ci il mayın 4-də Marşal İosin Broz Tito Lyublyanada vəfat etmişdir.

İ.B.Titonun ölümündən sonra Yuqoslaviya Federasiyasının liderləri əvvəlki kursu davam etdirərək növbə ilə YSFR -nin Rəyasət Heyətinin sədri vəzifəsini yerinə yetirməyə başaldılar. 1982-1986-cı illərdə hökumətə Milka Planints, 1986-1988-ci illərdə Branko Mikuliç başçılıq etmişdir. 1980-ci illərdə Yuqoslaviyada iqtisadi problemlər kəskinləşməkdə davam edirdi. 1983-cü ilin iyulundan qəbul edilən iqtisadi vəziyyəti sabitləşdirmək proqramı əsasən əmək məhsuldarlığının yüksəldilməsini, inflyasiya, xarici ticarət kəsirinin azaldılmasını, məşğulluğun artırılmasını, iqtisadi siyasətin sərtləşdirilməsini nəzərdə tuturdu. Lakin proqramda nəzərdə tutulanların həyata keçirilməsi gözlənilən nəticəni vermədi. 1987-ci ilə doğru ölkənin xarici borcu 19 milyard ABŞ dollarına, inflyasiya 167 faizə çatdı. Əhalinin real gəliri isə 7 fazi azaldı.

YSFR 80-cı illərlə iqtisadi çətinliklərin kəskin şəkildə dərinləşməsi və Kosovo muxtar vilayətində milli-siyasi böhranın üzə çıxması şəraitində daxil oldu. 1981-ci ilin aprelində Kosovoda kütləvi mitinqlər və nümayişlər başladı. Etiraz edənlərin başlıca şüarlarından biri muxtar vilayətə ittifaq respublikası statusunin verilməsi tələbi idi. Bu çıxışlar Belqrad üçün gözlənilməz oldu. Sonradan aydın olmuşdur ki, Kosovoda milis və təhlükəsizlik orqanları işçilərinin çoxu albanlardan idi ki, onlar da əhali içərisində millətçilik və separatçılığın artması haqqında vaxtında məlumat verməmişlər. Kosovo hadisələri Titodan sonrakı dövrdə Yuqoslaviya üçün ilk ciddi həyəcan əlaməti idi. Vəziyyəti normallaşdırmaq məqsədilə YSFR Rəyasət Heyəti Kosovoda fövqəladə vəziyyət elan edilməsi haqqında qərar qəbul etdi. Muxtar vilayətin ərazisinə ordu hissələri və İttifaq katibliyi daxili işlər nazirliyinin milis bölmələri yeridildi.

Eyni zamanda, Yuqoslaviya iqtisadiyyatında böhran da artmağa başladı. 1974-cü il Konstitusiyası respublikalara və vilayətlərə o qədər böyük müstəqillik vermişdi ki, artıq Yuqoslaviya Federasiyasında vahid iqtisadi sistem fəaliyyətini dayandırmışdı. Yuqoslaviya ərazisində 8 muxtar iqtisadi region yaradılmışdı ki, onlar da dövlət içərisində praktiki olaraq dövlətə çevrilmişdilər. Respublikaların və vilayətlərin iqtisadi muxtariyyəti şəraitində respublikalar arasında mal dövriyyəsi azalmağa başladı. Respublikalar buraxılan məhsulun yalnız yarıdan çoxunun qiymətlərinə nəzarət edirdi və məhsulu maksimum baha qiymətə satmağa cəhd edirdi ki, bu da qiymətlərin artmasına və infilyasiyaya səbəb olurdu. Respublikalarda real hakimiyyət özünüidarə orqanlarının deyil, məmurların əllərində cəmləşmişdi.

Kosovada yaranmış vəziyyət nəinki 80-ci illərdə, həmiçinin bütünlükdə 90-cı illər ərzində də gərgin olaraq qalmaqda davam etdi. Kosovo problemi Yuqoslaviya federasiyasının vahid dövlət kimi dağılmasına gətirib çıxaran mühüm faktor oldu. 1988-ci ildə Serbiya Skupşinasının qəbul etdiyi qanunla vilayətlərin hakimiyyət orqanlarının səlahiyyətləri xeyli məhdudlaşdırıldı. Voyevodina və Kosovo qanunverici və məhkəmə hakimiyyəti funksiyalarının bir hissəsindən məhrum edildilər. Bu qərarı Kosovo albanları etiraz aksiyaları -nümayişlərlə, tətillərlə qarşıladılar. Muxtariyyətin məhdudlaşdırılması ilə əlaqədar separat çıxışlara və etiraz aksiyalarına cavab olaraq serblərin kütləvi manifestləri və sərt cəza tədbirləri həyata keçirildi. Belə ki, 1988-ci ilin payızında Belqradda keçirilən mitinqlərin birində bir milyon nəfər iştirak etmişdi. 1989-cu ildə vilayətin rəhbərləri əvvəl vəzifədən uzaqlaşdırıldılar və sonra həbs edildilər. Vilayətdə komendat saatı tətbiq edildi.

Kosovo ətrafındakı münaqişəyə tədricən başqa respublikalar da cəlb edilirdi. Kosovoda ictimai qaydaların bərpası əməliyytalarının maliyyələşdirilməsi Serbiyanın respublika büdcəsindən deyil, bütün respublikalar tərəfindən formalaşdırılan ümumfederal büdcədən maliyyələşdirilirdi. Bununla da Kosovo problemi ağır yük kimi Sloveniya və Xorvatiyanın iqtisadiyyatı və maliyyəsi üzərinə düşürdü. Halbuki, bu ölkələr Serbiyanın daxili problemlərinin həll edilməsində iştirak etməyə deyil, Avropa İttifaqı ölkələri ilə inteqrasiyada iştirakında maraqlı idilər.

1989-cu ilin dekabrında Kosovoda yaşayan serblər və çemoqoriyalılar Sloveniya ictimaiyyətinin diqqətini muxtar vilayətdə baş verən hadisələrə cəlb etmək məqsədilə Lyublyanada mitinq keçirmək istədiyini elan etdilər. Sloveniya bunun yolverilməz olduğunu və qarşısının güc vasitəsilə alınacağını bildirdi. Buna cavab olaraq Serbiya hökuməti öz respublikası vətəndaşlarına müraciət edib sloveniyalılarla iqtisadi əlaqələri kəsməyə çağırdı. Sloveniya mallarının boykotu Serbiya Skupşinasının gizli qərarı ilə təsdiq olundu. 1990-cı ilin fevralında Sloveniyadan gəlmiş milis dəstəsi nümayişkaranə şəkildə Kosovodan çıxarıldı. Həmin ilin aprelində Xorvatiya da belə bir addım atdı.

Ölkənin federal hökuməti ölkədə iqtisadi və siyasi böhranı dəf etmək məqsədilə bir sıra addımlar atdı. 1988-ci ildə Yuqoslaviya Skupşinası YSFR konstitusiyasına yeni düzəlişlər etdi. Veçeyə məşhur iqtisadiyyatçı A.Markoviç başçılıq edirdi. Həyata keçirilən pul islahatı nəticəsində yuqoslav dinarının alıcılıq qabiliyyəti artırıldı. Lakin iqtisadi dirçəliş çox qısa müddətli oldu. Ante Markoviçin 1989-1992-ci illəri əhatə edən hökuməti ölkədə vəziyyəti qaydaya salmaq məqsədilə iqtisadi tədbirləri sərtləşdirdi, əmək haqqı və iqtisadiyyatın liberallaşmasına nəzarət artırıldı. Tamamilə bazar iqtisadiyyatına keçmək, bütün mülkiyyət formalarının bərabərliyini təmin etmək, siyasi sahədə çoxpartiyalı sistemə keçmək və hüquqi dövlət yaratmaq nəzərdə tutulurdu. Məhz bu tədbirlər nəticəsində 1990-cı ildə ölkədə inflyasiyanın qarşısını almaq və ya xarici dövlət borclarını xeyli azlatmaq mümkün oldu. Lakin iqtisadiyyatın liberallaşdırılması ölkədə sosial-iqtisadi vəziyyəti daha da kəskinləşdirdi, etiraz və tətillər artdı. Serbiya, Voyevodina və Çernoqoriyada daha güclü etiraz aksiyaları keçirildi, bir çox partiya və dövlət rəhbəri istefaya getməyə məcbur oldu. 1980-ci illərin sonunda Yuqoslaviyanın respublika və vilayətlərində milli çıxışlar, yerli partiya dövlət rəhbərliyində hakimiyyət uğrunda mübarizə kəskinləşdi. 1988-ci ilin oktyabrında Voyevodina, 1989-cu ilin fevralında Çernoqoriyadakı kütləvi mitinqlər bu regionların hakim dairələrinin istefasına gətirib çıxardı. 1990-cı ilin yanvar-fevralında millətlər arasındakı ziddiyətlər, sosial-siyasi gərginlik Yuqoslaviya Kommunist İttifaqının parçalanmasına səbəb oldu. 1990-cı ilin yanvarında toplanan növbədənkənar YKİ-nin XIV qurultayında Kommunistlərin Sloveniya və Xorvatiya nümayəndələri zalı tərk etdilər. Bununla da praktik olaraq Yuqoslaviya Kommunistlər İttifaqı vahid partiya kimi fəaliyyətini dayandırdı. 1990-cı ildə Kosovanı yenidən kütləvi nümayişlər bürüdü. Nümayişi dağıtmaq üçün güc tətbiq edildi, ölənlər və yaralananlar oldu. Belqrad Universitetinin tələbələri YSFR -nin Skupşinası qarşısında “Kosovonu vermərik!” şüarı altında nümayiş təşkil etdilər.

1990-cı ilin aprelində Sloveniyada parlament və prezident seçkiləri oldu. Müharibədən sonra Yuqoslaviyada ilk dəfə olaraq seçkilər çoxpartiyalı sistem əsasında keçdi. Sloveniyanın kommunistlər ittifaqına başçılıq edən M.Kuçan ölkə prezidenti seçildi. Eyni vaxtda Xorvatiyada da Sloveniyadakı kimi seçkilər keçirildi. Xorvat Demokratik Əməkdaşlıq partiyası deputat yerlərinin üçdəikisini qazandı, partiynın lideri F.Tucman Xorvatiyanın prezidenti seçildi.

1990-cı il iyulun 2-də Sloveniyanın Skupşinası Sloveniya Respublikasının tam müstəqilliyi haqqında bəyannamə qəbul etdi. Bu əslində 1945-ci ildə elan edilən Yuqoslaviya Federasiyasının dağılması demək idi. 1991-ci il yanvarın 25-də Makedoniya, 1991-ci il iyunun 25-də Xorvatiya parlamentləri müstəqillik haqqında qərar qəbul etdilər. Bununla da dünənki Yuqoslaviya Federasiyası dağılaraq vahid hüququ dövlət statusunu itirdi.

 

Yuqoslaviya Federativ Xalq Respublikası beynəlxalq münasibətlər sistemində.İkinci Dünya müharibəsi qurtarandan sonra yeni Yuqoslaviyanın beynəlxalq aləmdə nüfuzu daha da artdı. Ölkə BMT-nin yaradılmasında iştirak edən 50 dövlət sırasında idi. Yuqoslaviyanın SSRİ, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə beynəlxalq əlaqələri yüksək səviyyədə inkişaf etməkdə idi. Bu ölkələrlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanmışdı.

Sosializm quruculuğu yolunu seçmiş Yuqoslaviyanın iqtisadi və sosial-siyasi sahələrdə həyatının dəyişməsi, bütün müxalifət qüvvələrini ləğv etməsi ABŞ və İngiltərənin mənfi reaksiyasına səbəb oldu. ABŞ Yuqoslaviya bankının qızıl ehtiyyatını qaytarmaqdan imtina etdi. Almaniyanın işğal edilmiş Qərb bölgəsində Yuqoslaviyadan qaçırılmış Dunay çay donanması saxlanıldı. “Soyuq müharibə”nin başlanması ilə əlaqədar ölkədən qaçan və gizli fəaliyyətə keçən ustaşlar və çetniklər qərb ölkələrindən siyasi və maddi yardım almağa başladılar. YFXR-in İtaliya ilə sərhədləri məsələsi çox böyük çətinliklə də olsa ədalətli həll edildi. SSRİ-nin fəal köməyi ilə yuqoslav əhalisinin çoxluq təşkil etdiyi və 1919-cu ildə Antanta tərəfindən İtaliyaya verilmiş İstriya yarımadası, Rieka şəhəri, Dalmasiyanın bir hissəəsi, Kvarner adaları YFXR-ə qaytarıldı. Müharibəyə qədər İtaliyaya məxsus olan Triyest və onun ətrafları Yuqoslaviya Xalq Azadlıq Ordusu tərəfindən 1945-ci ilin əvvəllərində azad edildi və uzun illər iki dövlət arasında mübahisələrə səbəb ərazi kimi qalmaqda davam etdi.

Yuqoslaviyanın xarici siyasət kursu 1948-ci ildə yuqoslav-sovet münaqişəsinin başlanması ilə əlaqədar kəskin surətdə dəyişdi. Onun baş verməsi xronologiyası beynəlxalq aləmdə SSRİ ilə ABŞ arasında qarşıdurmanın ciddi surətdə kəskinləşməsi və “soyuq müharibənin başlanması ilə eyni vaxta düşdü. 1947-ci ilin sentyabrında Polşada 9 kommunist partiyasının iştirakı ilə keçirilən müşavirədə kommunist informasiya bürosu (Kominform-büro) yaradıldı. Bu müşavirədə antihitler koalisiyasının dağılması və dünyanın qarşı-qarşıya duran iki hərbi-siyasi cəbhəyə parçalanması etiraf edildi. Beləliklə də, işğal zonalarına bölünmüş Almaniya problemi həll edilməmiş qaldı. ABŞ Avropadan getməyə hazırlaşmırdı.

Belə bir şəraitdə, Kremlin fikrinə görə, SSRİ-nin təsir dairəsinə daxil olan bütün dövlətlərin tam səfərbərliyi və yekdilliyi lazım idi. Bu addım Yuqoslaviya rəhbərliyinin tərəfindən heç də tam müdafiə olunmadı, çünki Yuqoslaviya Balkanlarda müəyyən mənada müstəqil siyasət yürüdürdü ki, bunun da məsuliyyətini Qərb Sovet İttifaqının üzərinə qoymuşdu. Bütün bunlara məhəl qoymayan Yuqoslaviya rəhbərliyi yuqoslav hərbi hissələrini Albaniyaya yeritdi, vətəndaş müharibəsi illərində yunan partizanlarına kömək əlini uzatdı. Polşanın şimalından Yunanıstanın cənubuna qədər Mərkəzi, Cənub-Şərqi və Cənubi Avropa dövlətlərinin federasiyasını və ya konfederasiyasını yaratmaq haqqında 1948-ci ilin əvvəllərində G.Dmitrov tərəfindən səsləndirilmiş ideya SSRİ-nin Avropada yenicə yaradılmış təhlükəsizlik zonasına təsirinin itirilməsi təhlükəsi yaratdı.

1948-ci ildə İ.Stalin və V.Molotovun bolqar və yuqoslav nümayəndə heyətləri ilə kəskin danışıqları keçirildi. Danışıqların gedişində Sovet tərəfi özünün Balkan müttəfiqlərindən xarici siyasi fəaliyyətlərinin Moskva ilə razılaşdırılmasını və ona sözsüz qulaq asmalarını tələb etdi. YKP MK-nın Siyasi Bürosunun 1948-ci il martın 1-də keçirilən iclasında İ.Tito qeyd etdi ki, YFXR və SSRİ arasında münasibətlər əslində çıxılmaz vəziyyətə düşmüşdür, biz iqtisadi və hərbi quruculuq sahəsində öz qüvvəmizə arxalanmalıyıq.

Bu haqda məlumat tezliklə Moskvaya çatdı. Martın 18-də Sovet hərbi müşavirləri, bir gün sonra isə mülki mütəxəssislər Yuqoslaviyadan geri çağrıldılar. Yazışmalar vasitəsilə münasibətələrin aydınlaşdırılmasının uzun yolu başlandı. 1948-ci ilin yayında Buxarestdə Kommunist məlumat bürosunun (Kominformun) müşavirəsində YKP rəhbərliyinin burjua millətçiliyi mövqeyinə keçməsində, fəhlə sinfinin və sosializmin mənafeyinə xəyanət etməkdə ittiham edilən qətnamənin qəbul edilməsi ilə başa çatdı. YKP-nin V qurultayına uğursuz müraciətdən sonra münaqişə çıxılmaz xarakter aldı.

SSRİ və xalq demokratik ölkələrindən təcrid olunmuş Yuqoslaviya rəhbərliyi özlərinin xarici siyasət səylərini qərb dövlətləri və qeyri-sosialist Balkan ölkələri — Yunanıstan və Türkiyə ilə münasibətlərin qaydaya salınmasına cəmləşdirdi. SSRİ Yuqoslaviya münasibətləri kəsildikdən sonra 1945-1953-cü illərdə Yuqoslaviyanın ABŞ və aparıcı Qərbi Avropa dövlətləri ilə əlaqələri ikitərəfli əməkdaşlıq əsasında inkişaf etdi. 1951-ci il noyabrın 14-də YFXR və ABŞ arasında hərbi yardım haqqında saziş imzalandı. Yenə həmin il ABŞ, Böyük Britaniya və Fransa ilə üçtərəfli yardım haqqında saziş bağlandı.

Yuqoslaviyanın müharibədə qələbəyə böyük töhfə verməsi onun əsas Qərb ölkələri ilə əlaqələrinin normallaşmasına kömək edirdi. 1954cü ilin oktyabrına kimi Triyest ərazisində ABŞ və İngiltərə qoşunları qalmışdı. 1954-cü il oktyabrın 5-də İtaliya ilə Yuqoslaviya arasında imzalanmış sazişə əsasən Triyest şəhəri də daxil olmaqla ərazinin qərb hissəsi İtaliyaya, qalanı isə Yuqoslaviyaya verildi. Beləliklə, 1954-cü ildə İtaliya ilə münasibətlər nizama salındı,Triyest şəhəri və ətraf ərazi məsələləri sülh yolu ilə həll olundu. İş dalınca Yuqoslavların getdiyi Avropa və Amerikanın bir sıra inkişaf etmiş ölkələri ilə YFSR arasında müqavilələr imzalandı.

1953-cü ilin martında İ.V.Stalinin ölümündən sonra SSRİ-nin xarici siyasət xəttinin dəyişilməsi nəticəsində Yuqoslaviya ilə münasibətlərdə mülayimləşmə hiss olunmağa başladı. Sovet hökuməti hər iki dövlət arasında səfirlikləri bərpa etməyi təklif etdi və bu qarşı dövlət tərəfindən qəbul edildi. Sovet İttifaqının hökumət nümayəndələri rəsmi olaraq 1955-ci ilin mayında Yuqoslaviyaya səfər etdilər, 1955-ci il iyunun 2-də sovet-yuqoslav Bəyannaməsi qəbul edilməsi ilə hər iki dövlət arasında qarşılıqlı əlaqələrin inkişafına yol açdı.

1955-ci ildə yüksək səviyyədə keçirilən sovet-yuqoslav danışıqları, həmçinin SSRİ və Yuqoslaviya rəhbərliyinin 1956-cı il Moskva danışıqları nəticəsində iki ölkə arasında münasibətlər nizama salındı. Ticarət-iqtisadi əlaqələrin uzunmüddətli bünövrəsi qoyuldu. 70-80-ci illərdə SSRİ Yuqoslaviyanın idxalatında birinci yeri, xarici ticarət dövriyyəsində isə ikinci yeri tuturdu. 1964-cü ildən YSFR QİYŞ-da müşahidəçi statusunda iştirak edirdi. Bu dövrdə sovet-yuqoslav münasibətlərini bitərəfli qiymətləndirmək səhv olardı. Çünki Yuqoslaviya SSRİ-nin Macarıstana (1956), Çexoslovakiyaya (1968), Əfqanıstana (1979) müdaxiləsini birmənalı şəkildə tənqid edirdi. Yuqoslaviya ərəb-israil münaqişəsi zamanı ərəb ölkələri tərəfində durmuşdu və ABŞ-ın Vyetnam, Livan və Kubaya qarşı yürütdüyü siyasəti tənqid edirdi. Yuqoslaviya sərhəd qonşusu ölkələri ilə dostluq əlaqələri saxlayırdı.

50-ci illərin ortalarından başlayaraq Yuqoslaviyanın xarici siyasət sənədlərində “birləşməmək” ifadəsinə daha tez-tez rast gəlinir. İnkişaf etməkdə olan ölkələrin — Hindistanın və Misirin rəhbərləri ilə danışıqlar keçirildi, nəticədə İ.Tito, C.Neru və Ə.Nasir tərəfindən NATO və Varşava Müqaviləsi Təşkilatları və digər hərbi-siyasi ittifaqlara qoşulmamaq haqqında Brion Bəyannaməsi deyilən sənəd imzalandı. Bəyannamədə deyilirdi ki, bu üç ölkə həmin təşkilatlara qoşulmamaq haqqında öhdəlik götürür. 1961-ci ilin sentyabrında bloklara qoşulmayan Asiya, Afrika, Latın Amerikası və Yuqoslaviya ölkələrinin dövlət və hökumət rəhbərlərinin birinci konfransı keçirilən ilk şəhər Belqrad oldu. 1989-cu ildə Belqradda “üçüncü dünya” ölkələri deyilən ölkələrin dövlət və hökumət rəhbərlərinin sonuncu-doqquzuncu konfansı keçirildi. 80-ci illərin sonlarında Yuqoslaviya 100-dən çox ölkə ilə diplomatik və ticarət əlaqələri saxlayırdı.

Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev

Top