Yuqoslaviyanın işğal edilməsi və bölüşdürülməsi.Avropada Yuqoslaviyanın əsas müttəfiqi hesab etdiyi Fransa hitler Almaniyası tərəfindən işğal edildikdən sonra Yuqoslaviya hökuməti mürəkkəb daxili və siyasi diplomatik çəkişmə zəminində təcrid olunmaq təhlükəsindən azad olmaq məqsədilə Almaniya ilə SSRİ arasında tərəfdaş seçmək dilemması qarşısında qalmışdır. İtaliyanın Yunanıstana hücumundan, 1941-ci ilin martında Bolqarıstanın Üçlər paktına qoşulmasından sonra Yuqoslaviya hitler Almaniyası və faşist İtaliyasının təhlükəsilə üz-üzə qaldığı üçün Svetkoviç-Maçek hökuməti 1941-ci il martın 25-də Üçlər paktına daxil olmaq haqqında protokola imza atdılar. Bu, Yuqoslaviyada hökumətin faşistpərəst siyasətinə qarşı kütləvi nümayişlərə təkan verdi. İngiltərə və ABŞ-dan kömək alan ordunun ali zabit heyətinin bir hissəsi xalqın kəskin etiraz çıxışlarından istifadə edərək çevriliş təşki etdilər və Duşan Simoviçin başçılığı altında yeni hökumət yaratdılar. 1941-ci il martın 27-də baş verən hadisələrdən xəbər tutan Hitler Yuqoslaviyanı işğal etməyə qərar verdi.
Duşan Simoviçin hökuməti əslində əvvəlki hökuməti təşkil edən partiyalardan yaradılmışdır, fəaliyyəti isə ziddiyyətli və qeyri-ardıcıl idi. 1941-ci il aprelin 5-də Yuqoslaviya ilə SSRİ arasında dostluq və hücum etməmək haqqında müqavilə imzalandı. 1941-ci il aprelin 6-da Üçlər paktının qoşunları Yuqoslaviyaya hücuma keçərək bir neşə gün gecə və gündüz şəhəri bombaladılar. Hələ 1941-ci ilin aprel ayından əvvəl Belqrad açıq şəhər elan olunmuşdu, yəni şəhər hava hücumundan müdafiə sistemlərinə malik deyildi və onun ərazisində strateji əhəmiyyətli hərbi obyektlər yox idi və bu dağıdılma planı “cəzalandırma” məqsədi daşıyırdı.
Düşmənin üstünlüyü çox böyük idi, hücumda 34 alman, 44 italiyan və 4 macar diviziyaları iştirak edirdi. Gül-çiçəklə qarşılanan müttəfiq qonşuları aprelin 10-da Zaqrebə, aprelin 12-də dağıdılmış Belqrada daxil oldular. Hökumət, kral II Pyotr Yunansıstana qaçdı. Aprelin 14-də Yuqoslaviyanın ali komandanlığı silahlı müqavimətin dayandırılması haqqında əmr verdi. Aprelin 17-də Sarayevo şəhərində baş komandanlığın qərargah rəisi general Kalafatoviç və Xarici İşlər naziri Sintsar-Markoviç “Almaniya ilə Yuqoslaviya arasında barışıq və silahlı qüvvələr arasında hərbi əməliyyatların dayandırılması haqqında qərar”ı imzaladılar. Bu, Yuqoslaviya ordusunun tam təslim olması demək idi, 350 minə qədər yuqoslav əsgər və zabiti əsir düşdü. Onların çox hissəsi Almaniyadakı hərbi əsir düşərgələrinə göndərildi. Ölkənin işğalı və bölüşdürülməsindən sonra mühacirətdə olan yuqoslav hökuməti
1941-ci il mayın 4-də işğalçılara qarşı mübarizənin davam etdirilməsi haqqında qərar qəbul etdi. “Barışıq haqqında qərar” əslində kağız üzərində qaldı, Yuqoslaviya vahid dövlət kimi Avropanın siyasi xəristəsindən silindi.
“Aprel müharibəsin”dən sonra Yuqoslaviya torpaqlarının taleyi fərqli oldu. Bəzi regionlar işğalçı dövlətlərin ərazisinə qatıldı, qalanları işğalçıların bilavasitə nəzarəti altına keçdi. Sloveniyanın şimal hissəsi Üçüncü Reyxin tərkibinə qatıldı, cənub hissəsi İtaliyaya birləşdirildi. Voyevodinanın bir hissəsi Macarıstanın tərkibinə qatıldı, digər hissəsi -əhalisinin əsas hissəsi almanlardan ibarət olan Banat isə xüsusi ərazi vahidi oldu. Bolqarıstan Oxrid gölünə qədər uzanan Vardar Makedoniyasını, Kosovanın bir hissəsini və Şərqi Serbiyanın bəzi ərazilərini öz torpaqlarına qatdı.
İtaliyanın protektoratı altında Çernoqoriya krallığı yaratmaq planı irəli sürüldü, lakin 1941-ci il iyulun 13-də başlanan kütləvi antifaşist üsyanı buna mane oldu. Kosovo və Metoxiya, Makedoniyanın bir hissəsi, həmçinin 1938-ci ildə İtaliya tərəfindən işğal olunmuş Albaniya İtaliyanın protektoratlığına verildi. Serbiya, Balkan müharibələrinə qədər sərhədləri çərçivəsində ölkə ərazisində yerləşdirilmiş alman işğalçı qoşunlarının baş komandanının bilavasitə nəzarətində idi.
Faşistlər Müstəqil Xorvatiya Dövləti (MXD) yaratdılar, Bosniya və Herseqovinanın da daxil olduğu bu ərazidə alman və italiyan hərbi hissələri yerləşdirilmişdir. Yaradılmış hökumətin fəaliyyəti isə tamamilə faşist dövlətlərinin səlahiyyətli nümayəndələrinin tam nəzarəti altında idi. Müstəqil Xorvatiya dövlətinin yaradılmasının təşəbbüsçüsü hələ hərbi əməliyyatlar başlanmamışdan əvvəl Zaqrebə gəlmiş alman generalı Edmund Venzenmayer idi. V.Maçek və Zaqreb ustaşlarının, faşistlərinin başçısı Slavko Kvaterniklə danışıqlar aparmışdı. V.Maçek yeni dövlətin başçısı olmaqdan imtina etdi, lakin Xorvatiya Kəndli Partiyasının üzvlərini və tərəfdarlarını yeni hakimiyyətlə əməkdaşlığa çağırdı. Bu çağırışı Zaqreb radiostansiyası ilə Avstriya-Macarıstan ordusunun keçmiş zabiti, bir vaxtlar fran-koçular partiyasının qızğın tərəfdarı olan S.Kvatemik oxudu. V.Maçekin çağırışı sayəsində polislər də daxil olmaqla Xorvatiyanın bütün inziabati orqanları bu ustaş dövlətinin xidmətinə keçdi.
Ustaşların başçısı Paveliç özünün 600 tərəfdarı ilə birlikdə Zaqrebə gəldi. Paveliç 1934-cü ildə Marseldə baş vermiş terror aktından sonra Fransada ev dustağı edilmiş, ustaşlar isə tərksilah edilərək İtaliya ərazisində həbs düşərgələrinə səpələnmişdilər. Mussolini ilə görüşdə Paveliç Dalmasiyanı İtaliyaya güzəştə gedəcəyinə vəd verdi. Zaqrebə gələn kimi o, təntənəli surətdə Xorvat xalqının rəhbəri elan edildi. 1941-ci ilin iyununda Paveliçin Hitlerlə görüşü oldu. İmzalanmış protokola görə Müstəqil Xorvatiya dövləti Üçlər ittifaqı, Almaniya-İtaliya-Yaponiya paktına qoşuldu. Ustaşların başçısı füreri inandırdı ki, Müstəqil Xorvatiya dövləti ərazisində yaşayan serblərin gələcəyi radikal formada həll olunacaq, onların üçdə bir hissəsi məhv ediləcək, üçdə biri katolikləşdiriləcək, qalan üçdə biri isə Serbiyaya sürgün ediləcəklər. Bununla da Yuqoslav xalqlarının tarixində ən faciəli səhifələrindən biri başlandı. Ustaşlar diktaturasının yaradılması ilə yanaşı ölkədə həbs düşərgələri, cəza ekspedisiyaları yaradıldı, qaraçı və yəhudilərin, həmçinin xorvat antifaşistlərinin kütləvi ləğv edilməsi tədbirləri hazırlandı.
Ustaşlar və onların hərbi hissələri SS qoşunları ilə tam eynilik təşkil edirdi. Bundan başqa Müstəqil Xorvatiya dövlətinin ordusu var idi ki, bu əsgər və zabitləri “domobran”, yəni vətənin müdafiəçiləri adlandırılırdılar. Hitlerçilər SSRİ-yə hücum etdikdən sonra MXD-nin hərbi hissələri, yəni “Xorvatiya legionu” sovet-alman cəbhəsində olan döyüşlərdə iştirak edirdilər.
“Aprel müharibəsi” həm siyasi qruplaşmaların, həm də hərbi dairələrin daha da ayrılmasına səbəb oldu. Mühacir kral hökuməti elan etdi ki, işğalçılara qarşı mübarizə davam etdiriləcək. Eyni zamanda, müxtəlif partiyaları təmsil edən hökumət üzvləri arasında kəskin mübahisələr başlandı. Serbiya siyasətçiləri Xorvatiya Kəndli Partiyasının üzvlərini ordunun məğlubiyyətində ittiham etdi. Xorvatları isə öz növbəsində S.Radiçin öldürülməsini və kral Aleksandrın diktaturasını yada saldı. Belə ittihamlar Yuqoslaviyanın özündə, partiya qrupları rəhbərliyi arasında da təkrar edilirdi. 1941-ci ilin yazına qədər kimin uğur qazanacağı məlum deyildi. Almaniya Avropa ölkələrinin çoxunu işğal etmiş və ya özünə mütəffıq etmişdi, ingilislər Yunanıstana desant çıxarmış italyanlara qarşı Şimali Afrikada uğurlu əməliyyatlar aparırdılar. İngilis donanması Aralıq dənizində hakim idi. Ona görə də keçmiş Yuqoslaviyanın siyasi xadimlərinin bir hissəsi almanlara, digər bir hissəsi ingilislərə tərəfdar çıxırdı.
Yuqoslaviyanın keçmiş müdafiə naziri general Milan Nediç 1941-ci ilin payızında Serbiyada kollaborasionist hökumətə başçılıq etməyə başladı. İşğalçıları Dmitri Letiçin başçılıq etdiyi “Zbor” faşist quplaşması aşkar şəkildə müdafiə edirdi. Xorvatiya Kəndli Partiyasının lideri V.Maçekin siyasəti fərqli idi, belə ki, yerli ustaş dövləti ilə əməkdaşlığa çağırmaqla yanaşı, Maçek və onun əhatəsində olan bir sıra şəxslər gözləmə mövqeyi tutmuşdular. Ustaş hökuməti isə Maçekin rəhbər olduğu XKP-nin bəzi üzvlərinin Londondakı mühacir hökumətin tərkibinə daxil olmaqda ittiham edirdi. Slovakiya siyasi rəhbərləri içərisində ümumi birlik yox idi, onların bir hissəsi başda Marko Natlaçet olmaqla imperiyanın işğalçı hakimiyyətini, digər bir hissəsi London mühacir hökumətini müdafiə ediridi. Siyasi dairələrin bəzi üzvləri bir müddət sonra kommunist antifaşist hərəkatına qoşuldular, qalanları isə ümumiyyətlə, siyasi fəaliyyətdən uzaqlaşdılar.
Yuqoslaviya ordusu təslim olduqdan sonra əsirlikdən qaçmış əsgər və zabitlərin bir hissəsi Serbiya və Şərqi Bosniyanın meşə və dağlarında gizlənirdilər. Onlar burada Draqolyub (Draji) Mixayloviçin ətrafında birləşdilər. D.Mixayloviç (1893-1946) müharibəyə qədər Yuqoslav ordusunun Baş qərargahında kəşfiyyat şöbəsinin zabiti idi, sonralar isə Praqa və Sofiyada hərbi attaşe olmuşdu. Fransada ali zabitlər kursunda oxuyarkən Şarl de Qolla yaxından tanış idi. Tərbiyəsinə və baxışlarına görə antikommunist və monarxist idi. 1941-ci il mayın əvvəllərində D.Mixayloviç bir qrup hərbiçi ilə birlikdə Qərbi Serbiyanın Ravna Qora dağ massivinə gəldi. Sonralar Ravna Qora ingilislərə və amerikanlara meyl edən Serbiya partizanlarının, yəni çetniklərinin, hərbi hissələrin və təşkilatlarının simvoluna çevrildi. Tezliklə partizanların bu mərkəzi qərargahına başqa siyasətçilər də gəldi. Onların arasında Serb, sonralar isə Yuqoslav Sosial Demokrat partiyasının başçılarından biri olan D.Lapçeviç, ruslara rəğbət bəsləyən vəkil D.Vasiç və b. var idi. Çetniklərin işğalçılarla ilk toqquşması 1941-ci ilin mayında başlandı.
Almaniyanın SSRİ-yə hücumu bütün Yuqoslav antifaşistlərinin, ilk növbədə kommunistlərin və komsomolçuların fəallığını artırdı, həm də 20 ilə qədər gizli fəaliyyət göstərən təşkilat üzvləri bir sıra böhran anlarını dəf edə bildilər və 1941-ci ilə yaxın real qüvvəyə çevrildilər. YKP və Yuqoslaviya Kommunist Gənclər İttifaqı (YKGİ) işğalçılarla silahlı mübarizə ərəfəsində müvafiq olaraq 12 və 30 minlik qüvvəyə malik idilər və çoxlu təşkilatları var idi. Ölkə işğal edildikdən sonra da bu təşkilatlar arasında sıx əlaqələr var idi. Lakin 1941-ci il iyunun 22-nə qədər işğalçılarla mübarizədə onların fəaliyyəti Ribbentrop-Molotov paktı və Kommunist İnternasionalının müvafiq təlimatları ilə nizamlanırdı.
İşğal olunmuş Avropada ilk kütləvi üsyan.İşğal hakimiyyətinə qarşı silahlı müqavimət 1941-ci il aprelin sonu, mayın əvvəlində başlandı. Bu müqavimət Muxtar Xorvatiya dövlətinin tərkibinə daxil olan Bosniya və Herseqovinada xüsusilə güclü idi. Bosniya və Herseqovinada iyulun 27-də partizan müharibəsi başladı, Drvarda ustaşların ordusu darmadağın edildi. Toqquşmalar tezliklə Bosansko-Qraxov, Qlamoç, Vlasenitsa, Srebrenitsa və b. yerlərə yayıldı. Ustaşların cəza ekpedisiyaları Serbiya kəndlilərinin müqavimətilə qarşılaşırdı. Ustaşların hərəkətlərinə cavab olaraq millətçi serblər müsəlman bosniyalıları və xorvatları öldürdülər. Qardaş qırğını Hitler tərəfindən dəstəklənirdi, çünki müxtəlif konfesiyalara bölünmüş slavyanların kütləvi qırğını Üçüncü Reyxin planlarının həyata keçirilməsi üçün şərait yaradırdı.
SSRİ-nin müharibəyə daxil olması geniş mənəvi siyasi səs doğurdu, belə ki, slavyanların ənənəvi biriliyi məsələsi təkcə serblərdə deyil, serb, xorvat və sloven ziyalıları içərisində də müdafiə olunurdu. Sıralarında serblər, xorvatlar, slovenlər, Bosniya müsəlmanları olan Yuqoslaviya kommunistləri 1941-ci ilin yaz və yayında qardaş xalqların bir-birini qırmasının qarşısını almaq, işğalçılara qarşı mütəşəkkil müqavimət göstərmək üçün qüvvələrindən maksimum istifadə edirdilər. 1941-ci il iyulun 4-də YKP MK bütün antifaşistləri işğalçılara və onların əlaltılarına qarşı silahlı mübarizəyə çağırdı.
1941-ci ilin yayında mütəşəkkil müqavimət hərəkatı ölkənin bütün regionlarını bürümüşdü. Çernoqoriyada bu özünü daha kəskin göstərdi. İyun-iyul aylarında kütləvi üsyanlar, işğalçıların və kollaborasionistlərin qovulması Serbiyanın, Dalmasiyanın, Likinin, Bosniya və Herseqovinanın, Sloveniyanın bir sıra rayonlarını əhatə etmişdir. Oktyabrda Makedoniyada silahlı çıxışlar başlandı. İyun-iyul aylarında bir neçə şəhər istisna olmaqla Çernoqoriyanın bütün ərazisi işğalçılardan təmizləndi, oradakı italiyan qarnizonları isə mühasirəyə alındı. İtaliyan əsgərləri ilə partizanlar arasındakı döyüşlərdə 4 min italiyan əsgəri öldürüldü, yaralandı və ya əsir düşdü. Yuqoslaviyada 1941-ci ilin yay və payız aylarında baş verən silahlı üsyanlar milli-azadlıq müharibəsi tarixində əhəmiyyətli hadisədir.
1941-ci ilin yayında və payızında partizan dəstələri daha mobil və sıx əlaqəli formada hərəkət edərək kollaborasionistlərə və işğalçılara ağır zərbələr vuraraq çoxlu sayda silah, sursat ələ keçirərək öz ordularını möhkəmlətdilər. Ölkənin müxtəlif yerlərində yüzlərlə əsgəri birləşdirən yeni partizan dəstələri meydana gəldi. Ərazini azad edən partizanlar düşmənin cəbhə ilə rabitə xətlərini kəsərək özləri partizan dəstələrilə rabitə əlaqələri qururdu. Böyük şəhərlərdə partizanlar mühüm obyektlərdə partlayış törədir, düşmənin nəqliyyat vasitələrini sıradan çıxarır, polislə, hətta nizami dəstələrlə döyüşə girirdilər.
Artıq avqustun axırlarında almanlar Yuqoslaviya ərazisinin bir hissəsində nəzarəti itirdilər. Şəhər ətrafında Drina və Sava çayları arasında Qərbi Serbiya və Şumadi ərazisində Belqrad, Smederovo və cənubi Moravanın yaxınlığında Ujitsk Respublikası meydana gəldi. Partizanların nəzarəti altında olan Ujitsa Respublikası müasir Serbiya ərazisinin üçdə iki hissəsi qədər olub faktiki olaraq azad olunmuş şərqi Bosniya, Sancak partizan əyaləti və düşmənin işğal etmədiyi cənubi və şərqi Serbiya ilə sərhəddə yerləşirdi. Ujitsa, Çaçak, Krupan, Loznits, Bayna-Başta şəhərlərinə partizanlar nəzarət edirdi. Alman qarnizonu Şabase, Valevo, Kraquevas şəhərlərinə, Belqrad-Niş yoluna nəzarət edirdilər. İosip Broz Tifo Ujitsaya gələrək sentyabrın 26-da Brştitsa yaxınlığında Stolitsı kəndində Yuqoslaviyada hərbi əməliyyatların təşkil edilməsinə dair müşavirədə iştirak etdi. Lakin tezliklə almanlar işin ciddiliyini anlayaraq hücuma keçib partizanları ağır məğlubiyyətə uğradıb 1941-ci il noyabrın 1-də Ujitsanı tutdular. D.Mixayloviçin tərəfdarları ilə kommunist partizanlar arasında əlaqə məhz bu vaxt yarandı. Serb çetniklərinin başçısı D.Mixayloviçlə YKP MK-nın və Xalq-Azadlıq partizan dəstələrinin Baş qərargahının başçısı İosip Broz Tito (1892-1980) arasında görüş oldu, lakin bu əməkdaşlıq çox uzun sürmədi.
1941-ci ilin sentyabrından dekabrına qədər işğalçılar Yuqoslaviyanın azad edilmiş ərazilərinə hücuma keçərək kütləvi repressiyalara əl atdılar, girov saxladıqları dinc əhalini güllələdilər. Faşistlər sayca üstünlüklərindən istifadə edərək partizanları və onların komandanlığını Serbiyadan Sancaka çəkilməyə məcbur etdilər. Çertniklər və partizanlarn birgə mübarizə aparmaqları çox da uzun sürmədi, çünki onlar arasında fikir ayrılığı hələ payızda başlanmışdı. Bunun səbəbi ideologiyada və xarici siyasətdə dərin fərqlərin olması idi. Partizanların yeni hökumət orqanları yaratmaları, onların kənd əhalisinə münasibətdə sinfi radikalizmi kəndlilərin böyük bir hissəsinin çerniklər tərəfinə keçməsinə səbəb oldu. YKP bəzi rəhbər üzvləri Çernoqoriyada kolxozlar nümunəsində birliklər yaratmaq cəhdlərinə, qolçomaq hesab etdiyi adamları güllələdiklərinə, vaxtı çatmamış proletar inqilabı mərhələsinə keçmək çağırışlarına görə sonradan öz yoldaşları tərəfindən tənqidə məruz qalmışdır.
1941- ci ilin payızında və əsasən də 1942-ci ilin əvvəllərində partizalarla çetniklər arasında silahlı mübarizə başlandı ki, bu vətəndaş müharibəsi xarakteri daşıyırdı. Buna qədər mühacir hökuməti D.Mixayloviçə general rütbəsi vermiş və onu hərbi nazir təyin etmişdi. Çetniklərin qərargahına ingilis kəşfiyyatının zabiti Xadson, bir qədər sonra isə ingilis hərbi missiyası gəldi. 1942-ci ilin aprelindən artıq ingilis aviasiyası çetniklər müntəzəm olaraq silah, sürsat, tibbi ləvazimat ilə təmin edirdi. 1941-ci ilin sonu — 1943-cü ilin əvvəllərində çetniklərin briqadaları, sonra korpusları formalaşmağa başladı. Komandirlərin başçılıq etdiyi hərbi-operativ bölgələr deyilən bölgələr yaradılmağa başlandı. Bölgələr Yuqoslaviyanın bütün ərazisində, hətta elə yerlərdə yaranırdı ki, orada çetniklərin həm hərbi, həm də siyasi rolu zəif idi.
Xalq-Azadlıq Ordusunun və Yuqoslaviyanın ali orqanlarının yaradılması. İşğalçıların qovulması.1941-ci ilin sonlarından — 1943-cü ilin sonlarına qədər olan dövrdə partizanlar bir sıra uğursuzluqlardan sonra çetniklərə nisbətən daha mobil, effektli hərbi təşkilatlar yaratdılar. Xalq milli-azadlıq və sosial inqilabının sonrakı gedişinə təsir edən əhəmiyyətli hadisələr baş verdi. 1941-ci il dekabrın 21-də Rudo da Yuqoslaviya Xalq Azadlıq Ordusunun (YXAO) əsasını qoyan 1-ci proletar zərbə briqadası yaradıldı. Bu birləşmənin fəaliyyəti partizan dəstələrinin fəaliyyət göstərdiyi kimi müəyyən ərazilərdə deyil, ölkənin hər hansı bir yerində baş verən hərbi-siyasi vəziyyətlə müəyyən olunurdu. Partizan dəstələri və YXAO-nun ilk birləşmələri YKP MK-nı, Baş qərargahı və Yuqoslaviyanın bir hissəsini nəzarətdə saxlayan Titonun partizan dəstələrini məhv etmək üçün hücuma keçən işğalçıların və onların əlaltılarının bir neçə hücumlarını dəf etdilər. 1942-ci ilin noyabrında YXAO-nun korpus və diviziyaları formalaşdı ki, ilin axırına yaxın onlar artıq ölkənin beşdə bir hissəsinə nəzarət edirdilər.
Hələ 1941-ci ilin yayında Xalq-Azadlıq komitələri azad edilmiş yerlərdə kəndlilərdən böyük kömək almağa başladı. 1942-ci ilin fevralında Foça şəhərində Baş qərargah və YKP MK “Foça əsasnamə”sini qəbul etdi. Bu əsasnamədə qeyd olunurdu ki, Xalq Azadlıq komitələri adamların dini, milli və sinfi mənsubiyyətinə fərq qoyulmadan seçilən qeyri-partiya təşkilatıdır. Partizanların uğurları çox hallarda mənəvi, psixoloji amillərlə bağlı idi. Partizanlara və YXAO hissələrinə möhkəm intizam xas idi, intizamı pozanlar, əhalini qarət edənlər sərt cəzalandırılır və hətta öz yoldaşları tərəfindən güllələnirdi. Xalq Azadlıq komitələrinin istər azad olunmuş, istərsə də işğal altında olan ərazilərdə fəaliyyətini təşkil etmək üçün Baş qərargah xüsusi siyasi orqan yaratmaq qərarına gəldi ki, buraya seçilmiş nümayəndələr operativ olaraq siyasi, iqtisadi və mədəni məsələləri həll etməli idi. Bu orqan Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi oldu.
1942- ci il noyabrın 26-27-də Bosniyanın Bixaç şəhərində ölkənin əksər milli rayonlarının 54 nümayəndəsi toplaşdı. Onlar tərəfindən ümumyuqoslav siyasi orqanı olan Yuqoslaviya Xalq Azadlığı Antifaşit Veçesi (YXAAV) yaradıldı. Onun əsas vəzifəsi ölkəni azad etmək uğrunda mübarizədə Yuqoslaviya xalqlarının birliyini möhkəmlətmək və xalqların tam bərabərliyi üçün şərait yaratmaq idi. Bu sessiyada həmçinin icariyyə komitəsi də yaradıldı. Bu Veçenin bütün iştirakçıları antifaşistlər idi, belə ki, kommunistlərdən başqa müharibədən əvvəl fəaliyyət göstərən müxtəlif partiyaların və siyasi qrupların nümayəndələri də buraya daxil edilmişdi.
1943- cü ildə YXAO və partizan dəstələri Neretva və Suteski çaylarının vadilərində almanların hücumunun qarşısını ala bildilər. “Vayss I” və “Vayss II” adlanan bu əməliyyatlarda 5 alman, 4 italyan diviziyası, o cümlədən ustaşlar, domobran və çetniklərin hərbiləş-miş birlikləri partizanlar üzərinə hücuma keçdilər. Rama çayı vadisində, Neretva çayı boyunda Konits və Yablanitsa şəhərləri arasında düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək bir neçə həmləsinin qarşısını aldılar. 1943-cü il fevralın 15-dən martın 15-nə kimi düşmən mühasirəsinə düşən partizanlar onu yarıb Herseqovinaya keçərək hücum edib Draje Mixayloviçin 26 minlik çetniklərini darmadağın etdilər. Neretve məğlubiyyətindən sonra işğalçılar 1943-cü il mayın 15-də 127 minlik ordu ilə 19700 patizanla tarixdə Suteske əməliyyatı adını alan döyüşə başladılar. İyunun 9-da ağır döyüşlərin birində yaralanan İosip Broz Tifo şəxsi nümunəsi ilə döyüş meydanını tərk etməyərək partizanları ruhlandırdı, nəticədə onlar almanlarım hücumunu dayandıraraq strateji qələbə çaldılar. Yuqoslaviyanın bütün milli regionlarında azadlıq hərəkatının yüksəlməsi müşahidə olunurdu ki, bunun əsas səbəblərindən biri ABŞ və İngiltərə hökumətləri tərəfindən Titonun partizanlarının tanınması idi. 1943-cü ilin mayında YXAO Baş qərargahına ingilis hərbi missiyası gəldi. D.Mixay-loviçin dəstəsinin baş qərargahı nəzdində fəaliyyət göstərən missiyası əvvəlki kimi ölkənin bütün antifaşist qüvvələrini bura birləşdirilməsini irəli sürməsə də, yenə də çetniklərə hərbi yardımın artırılmasını təkid edirdi. 1943-cü ildə qərbi Serbiyada YXAO-nun hissələri ilə çeltniklər arasında şiddətli döyüşlər davam edirdi.
1943-cü ilin sentyabrında İtaliyanın təslim olmasından sonra Yuqoslav kommunistləri Çernoqoriya və Dalmasiyada olan İtalyan diviziyalarının bir hissəsinin silahlarını ələ keçirə bildilər ki, bu da antifaşist qüvvələrinin geniş hərbi əməliyyatlar aparmasına şərait yaratdı.
1943-cü ilin sonlarında YXAO-nun sıralarında 56 briqada və 30 mindən çox döyüşçü var idi. Bu vaxt ərzində əslində ölkənin bütün milli regionlarında Xalq Azadlığı Antifaşist Veçeləri yaradıldı.
1943- cü il noyabrın 29-30-da Bosniyanın Yaytse şəhərində Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesinin ikinci sessiyası keçirildi. Sessiyanın 150 nümayəndəsinin qəbul etdiyi bəyannamə yeni Yuqoslaviyanın siyasi quruluşunun əsaslarını müəyyən etdi. YXAAV ali qanunverici və icraedici orqan elan edildi. Öz üzərinə hökumət funksiyalarını götürən Yuqoslaviya Milli Komitəsi (YMK)-də yaradıldı, marşal İosip Broz Tito onun başçısı oldu. Bəyannamə mühacir hökumətinin fəaliyyətini tənqid etdi, kral II Pyotra mühariə qurtarana qədər ölkəyə qayıtmaq qadağan edildi. Bəyan edildi ki, yeni Yuqoslaviya bütün xalqların federasiyası, qardaşlığı və birliyi prinsipləri əsasında qurulacaqdır. Eyni zamanda qərara alındı ki, müharibə başa çatdıqdan sonra Birinci Dünya müharibəsinin nəticələrinə əsasən İtaliyaya verilən Sloveniya ərazisinin bir hissəsi yenidən Yuqoslaviyaya birləşməlidir.
YXAAV-nın ikinci sessiyası antihitler koalisiyası dövlət başçılarının Tehran konfransı ilə eyni vaxtda düşdü. U.Çörçillin Banklarda ikinci cəbhə açmaq tələbi qəbul edilmədi, lakin qərb müttəfiqləri Yuqoslaviyaya hərbi yardımın həm partizanlara, həm də çetniklərə eyni zamanda göstərilməsini təkid etdilər.
Yuqoslaviya partizanlarının dəstəklənməsi təkcə onların işğalçılarla mübarizədəki hərbi qələbələri ilə deyil, həm də SSRİ-nin köməyi ilə əlaqədar idi. Belə ki, əvvəllərdə SSRİ yuqoslav partizanlarına köməyini əsirgəmirdi, Baş qərargahla gündəlik radio əlaqəsi saxlanırdı. 1941-ci ilin payızından başlayaraq Moskvada “Azad Yuqoslaviya” radiostansiyası fəaliyyət göstərirdi. Lakin SSRİ Yuqoslaviyaya maddi yardımı ingilis-amerikan qoşunlarının azad etdiyi Şimali İtaliya ərazisində aviabaza yaratdıqdan sonra əməli olaraq yalnız 1944-cü ildə göstərməyə başladı. YXAO-nun Baş qərargahına 1944-cü il fevralın sonunda Sovet hərbi nümayəndələri gəldi. Yuqoslaviyada qüvvələr nisbətinin açıq-aydın dəyişməsi, həmçinin Qırmızı Ordunun qərbə doğru sürətlə irəliləməsi şəraitində ingilis hökuməti özünün hərbi missiyasını çetniklərin qərargahından geri çağırdı və rəsmi şəkildə D.Mixayloviçə hərbi yardım göstərməyi dayandırdı. Onlar bunu D.Mixayloviçin işğalçılarla və Serb kollabo-rasionistləri ilə əlaqə saxladığına görə etdiklərini bildirdilər. Lakin Mühacir hökuməti və kral II Pyotrla rəsmi əlaqələr davam etdirilirdi.
1944- cü il mayın 25-də almanların SS 500 paraşüt batalyonu, “Prins Oygen” SS diviziyası İosip Broz Titonu məhv etmək məqsədilə Bosniya Drvarına düşdülər. Lakin əməliyyat uğursuz oldu, İ.B.Tito qaça bildi, almanlar isə ağır itki ilə üzləşdilər və iyunun 6-da əməliyyatı dayandırdılar. 1944-cü ilin payızında sovet qoşunları Yuqoslaviyanın sərhədlərinə yaxınlaşdılar. Sovet komandanlığının nümayəndələri ilə Baş qərargah arasında danışıqlardan sonra rəsmi şəkildə elan edildi ki, YXAAV və YMK-nın razılığı ilə işğalçılara qarşı birgə hərbi əməliyyatlar aparmaq üçün Qırmızı Ordu hissələri Yuqoslaviya ərazisinə daxil oldu. Bu zəruri diplomatik addım idi və bu Çörçillin təkidi ilə yuqoslaviyada hərbi əməliyyatlar aparmaq istəyən ingilsilərin yolunu rəsmi surətdə kəsdi. 1944-cü il oktyabrın 20-də sovet qoşunları YXAO hissələri və partizanarla birlikdə Yuqoslaviyanın paytaxtını azad edərək sentyabrın 28-də başladıqları Belqrad əməliyyatını sona çatdırdılar. YXAO-nun bir hissəsi cənuba, Sremsk cəbhəsinə keçdi, digər bir hissə Serbiyanın şimalında vuruşmağa davam edirdi, böyük bir hissəsi isə qərbə müstəqil Xorvatiya ərazisindəki əməliyyatlara cəlb olundu. Sovet ordusunun iştirakı ilə əməliyyatların gedişində Makedoniya, həmçinin Çernoqoriya və Serbiyanın böyük bir hissəsi azad edildi.
1944- cü ilin noyabrında YMK və Mühacir hökuməti arasında birləşmiş Yuqoslaviya hökuməti yaratmaq haqqında saziş imzalandı. Dövlət quruluşu məsələsi hərbi əməliyyatların sonuna qədər təxirə salındı. 1945-ci ilin martında, Yalta konfransının qərarına əsasən, yeni hökumət yaradıldı ki, ona da İ.Tito başçılıq etməyə başladı. Londondakı hökumətin başçısı müharibəyə qədərki Xorvatiyanın banı olmuş İ.Subaşiç Xarici İşlər naziri oldu. Tezliklə birləşmiş hökumət beynəlxalq miqyasda tanındı.
1945- ci il yanvarının 20-də Yuqoslaviyanın axırıncı kralı II Pyotr Qaragiorgiyeviç İosip Broz Tito və İvan Subaşiçin hökumətin yeganə qanuni hakimiyyət olduğunu qəbul edərək, general Draje Mıxayloviçin çetniklərin dövlət xaini kimi xarakterizə etdi. Bununla bərabər, general Draje Mixayloviç silahı yerə qoymayaraq həm kommunist partizanlara, həm də nasist ustaş ordusuna qarşı müqavimət göstərməkdə davam edirdi.
1944-cü ilin sonunda 1945-ci ilin mayına qədər YXAO, Qırmızı Ordu hissələri və antihitler koalisiyasına qoşulmuş Bolqarıstan qoşunları ilə Almaniya və Üçüncü Reyxin sonuncu müttəfiqi Müstəqil Xorvatiya dövləti qoşunları arasında şiddətli döyüşlər oldu. 1945-ci il mayın 6-8-də Yuqoslav ordusu yolunu kəsən ustaşların hərbi qüvvələrini əzərək Zaqrebə yaxınlaşdı. Sisakadan sıxışdırılıb çıxarılan ustaşlar Zaqrebə çəkildilər. Mayın 9-da ikinci yuqoslav ordusu Zaqrebi azad etdi. 1945-ci il mayın 15-də Polyanska əməliyyatı ilə partizanlar 30 minlik düşmən qüvvəsini məhv etdi, bu Avropada sonuncu hərbi əməliyyat oldu.
1945-ci il mayın 15-də Yuqoslaviya tamamilə azad edildi. Müharibə illərində Xalq Azadlıq hərəkatı silahlı qüvvələri təxminən 350 min nəfər itki vermişdi. Yuqoslaviya torpaqlarının tam azad olunması əməliyyatlarında 223-cü Azərbaycan atıcı diviziyası da iştirak etmişdir. Müasir məlumatlara əsasən müharibə illərində 1,2 milyon Yuqoslaviya vətəndaşı həlak olmuşdur ki, onların da təxminən 581 min nəfəri dinc əhalidir.
Azərbaycanın igid oğulları Mehdi Hüseynzadə və Mirdamət Seyidov yuqoslav partizanları ilə çiyin-çiyinə İvan Qradnik adına üçüncü Sloveniya Xalq Azadlıq briqadasının birinci batalyonun tərkibində faşist işğalçılarına qarşı bir çox diversiya əməliyyatlarında bilavasitə iştirak etmişlər. Mixaylo ləqəbli M.Hüseynzadə və M.Seyidov Triyest yaxınlığındakı Opçim yaşayış məntəqəsində kino teatrın, Via Qeqa küçəsindəki əsgər evi olan restoranın, Triyesdəki “İl-Pikkolo” qəzet mətbəəsinin partladılmasında, çoxsaylı faşist zabit və əsgərinin məhv edilməsində bilavasitə iştirak etmişlər. Bir çox diversiya əməliyyatları keçirən “Mixaylo” ilə birlikdə Azərbaycan oğulları Mirdamət Seyidov, Əli Tağıyev, Əkbər Ağayev Sloveniyanın uzaq Adriatik sahillərində əsl qəhrəmanlıq və igidlik göstərmişlər.
1944-cü il noyabrın 16-da növbəti tapşırıqdan qayıdan “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə Vitovle kəndində bir evdə almanlar tərəfindən mühasirəyə alınaraq son döyüşündə qəhrəmanlıqla həlak olmuşdur. Onu ürəkdən sevən yerli sakinlər M.Hüseynzadənin nəşini Çepovani qəbristanlığında dəfn edərək məzarının üzərində xatirə abidəsi ucaltmışlar. 1957-ci il aprelin 11-də Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan oğullarının İtaliyanın ərazisində Triyest şəhəri və Yuqoslaviya Xalq Azadlıq Ordusunun 9-cu korpusunun kəşfiyyat-diversiya qrupunun tərkibində alman-italyan faşistlərinə qarşı qəhrəmanlıq əməlləri yuqoslav xalqı tərəfindən ehtiram və hörmətlə yad edilməkdədir.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev