Müvəqqəti hökumət ayrı-ayrı adamların təsadüfi yığıncağı deyildi. Bunlar Rusiyada siyasi hakimiyyəti ələ almaq üçün ayağa qalxan yeni sinfin, kapitalistlər, mülkədarlar və ölkəni iqtisadi cəhətdən idarə edən burjuaziya sinfinin nümayəndələri idi.
Yeni burjua Müvəqqəti hökuməti monorxiyanı xilas etmək uğrunda göstərdiyi nəticəsiz cəhdlərdən sonra II Nikolayın qardaşı Mixail Romanov da martın 3-də taxtdan əl çəkdiyini imzaladı. Romanovların 300 illik hakimiyyəti sona çatdı.Rusiyada mütləqiyyət quruluşu devrildi ki, bu da inqilabın əsas yekunu idi. Müvəqqəti hökumət bir müddət çar II Nikolayı həbsə almadı O, martın 9-da ev dustağı edildi. II Nikolayın əvvəlcə Petropavlovsk qalasında saxlanılması qərara alınmışdı. Lakin o, əvvəlcə Tsarskoe Seloda saxlanıldı və avqustda Tobolska göndərildi. Hökumətin razılığı və Ural vilayət sovetinin qərarı ilə II Nikolay ailəsi ilə birlikdə 1918-ci il iyulun 17-də Yekaterinburqda İnatevlərin evində güllələndi. Çar, arvadı, beş uşağı və yaxınları daxil olmaqla 11 nəfər güllələnmişdir.
Nikolay II (Nikolay Aleksandroviç Romanov) (1868-1918) imperiyanın idarə edilməsi və mütləqiyyətin saxlanılmasını özünün müqəddəs ailə və şəxsi borcu hesab edirdi. O, imperator səlahiyyətlərini qısqanclıqla qoruyaraq öz yanında güclü şəxsiyyətlərə dözmürdü. Onun varisi olan oğlu Aleksey ağır qan xəstəliyi hesab edilən hemofiliyadan əziyyət çəkdiyi üçün imperator dövlət işlərindən daha çox ailə problemlərinin həll edilməsinə vaxt sərf edirdi. Bu azmış kimi çar qətiyyəti ilə seçilmirdi və tez-tez başqalarının təsir dairəsinə düşürdü. Çar ailəsinin nüfuzdan düşməsi və ölkənin inqilabi inkişaf yoluna qədəm qoymasının məsuliyyətinin bir hissəsi onun üzərinə düşürdü. Eyni zamanda inqilabi mətbuatın və sovet tarixçilərinin də II Nikolayı qanlı bir despot kimi təsvir etmələri həqiqətə uyğun deyildir.
Müvəqqəti hökumət daxili siyasətdə aşağıdakı tədbirləri həyata keçirdi: Qubernatorlar vəzifələrindən uzaqlaşdırıldı və həmin vəzifələri zemstvo və şəhər idarələrinin rəislərindən seçilən komissarlar icra etməyə başladılar; Dinlər sahəsində olan məhdudiyyətləri ləğv etdi; Taxıl satışını öz inhisarı altına aldı; Tədris müəssisələrinə daxil olarkən millətlər üçün faiz normasını ləğv etdi; Müvəqqəti hökumət əslində bütün köhnə dövlət aparatını toxunulmaz saxladı; Müvəqqəti hökumət 8 saatlıq iş günü haqqında fəhlələrin tələbini yerinə yetirmədi; Finlandiya, Ukrayna və digər milli vilayətlərə dövlət müstəqilliyi hüququ verilməsinin qəti surətdə əleyhinə çıxdı; Müvəqqəti hökumət elan etdi ki, öz müttəfiqləri ilə birlikdə müharibəni qələbəyədək davam etdirəcəkdir.
Müvəqqəti hökumətin yeritdiyi daxili və xarici siyasət Antanta ölkələri və ABŞ tərəfindən bəyənilirdi və nəticədə iri dövlətlərdən martın 9-da ABŞ, martın 11-də İngiltərə, Fransa və İtaliya Müvəqqəti hökuməti rəsmən tanıdılar.
İnqilab nəticəsində hakimiyyət başına gəlmiş Müvəqqəti hökumətdən kütlələr müharibənin dayandırılmasını, aclıq və dağıntı ilə mübarizə aparmasını, 8 saatlıq iş günü qoyulmasını gözləyirdilər. Fabrik və zavodlar milliləşdirilməli, torpaqlar kəndlilərə verilməli, köhnə idarə aparatı ləğv edilməli, Rusiya müharibədən çıxmalı idi. Bütün bu tədbirləri, təbiidir ki, Müvəqqəti hökumət qısa bir müddətdə həll etməyə qadir deyildi. Bütün bu sosial-siyasi və iqtisadi problemlərə əlavə olunmuş hakimiyyət və dövlət quruluşu məsələləri ölkənin böhran vəziyyətini daha da dərinləşdirdi. Ölkədə xarici dövlətlərin qəbul etdiyi, daxildə isə möhkəm dayağı olmayan Müvəqqəti hökumət, kütlələrin müdafiə etdiyi formal olaraq hakimiyyəti olmayan Petroqrad Soveti mövcud idi ki, bu da sovet tarix ədəbiyyatında ikihakimiyyətlilik kimi xarakterizə edilmişdir.Lakin müasir tarix ədəbiyyatında bu dövr tədricən hakimiy-yətsizlik və ya çoxhakimiyyətlilik dövrü kimi xarakterizə olunur.
Doğrudan da 1917-ci ilin yazında ölkədə vəziyyət gündən-günə pisləşirdi. Kəndlilər hakimiyyətin qərarını gözləmədən mülkədar torpaqlarını tutur və əkirdilər. Hər yerdə nə istəsən etmək olar ab-havası hökm sürürdü. Kütlə polis sahələrini dağıdaraq siyasi məhkumlarla bərabər cinayətkarları da həsbxanalardan açıb buraxırdılar.
Müvəqqəti hökumətdən müstəqillik və muxtariyyət tələb edən Rusiyanın milli ucqarlarında vəziyyət gərgin olaraq qalırdı. 1917-ci ilin yazında ölkə ərazisində 150-dən çox özü-özünü elan edən hökumətlər meydana gəlmişdir. Finlandiya və Ukrayna öz muxtariyyətini elan etmişdir.
İnqilabın qarşıya qoyduğu bütün məsələləri Müəssislər Məclisi həll etməliydi. Lakin ölkəni bürüyən qarışıqlıq və sol partiyaların qələbəsindən ehtiyat edən Müvəqqəti hökumət onun çağırılmasını ləngidirdi. Nəticədə hökumət və onu müdafiə edən eser-menşeviklər ölkədə dərinləşən ziddiyyətlərin səbəbkarı kimi kütlələrin gözündə günahkara çevrildilər. Yaranmış çox mürəkkəb bir şəraitdən bolşeviklər partiyası məharətlə istifadə etməyə başladı. Məhz 1917-ci il aprel ayının əvvəli gələcək Oktyabr silahlı üsyanının başlanğıcı oldu. Rəhbərləri müharicət və ya sürgündə olan azsaylı bolşeviklər partiyası 1917-ci il Fevral inqilabında əhəmiyyətli rol oynaya bilmədilər. Fevral inqilabının qələbəsi sürgündə və mühacirətdə olan inqilabçıların Petroqrada qayıtmasına şərait yaratdı. V.İ.Lenin, Q.Y.Zinovyev, N.İ.Buxarin, o cümlədən L.D.Trotskinin Petroqrada qayıtması ilə bolşeviklər partiyasının rolu və sayı kəskin artmağa başladı.
Vladimir İliç Lenin (Ulyanov) (1870-1924) bolşeviklər partiyasının yaradıcısı, lideri və nəzəriyyəçisi idi. 1903-cü ildən RSDFP-də bolşeviklərin sol radikal fraksiyasına rəhbərlik etmişdir ki, bunun da əsasında sonradan RSDF (b)P meydana gələrək 1918-ci ildən Rusiya Kommunist (bolşeviklər) partiyasına (RK(b)P) çevrilmişdir. İstedadlı publisist olan bolşeviklərin rəhbəri öz əsərlərində inqilabi hərəkatın nəzəri və təcrübi məsələlərinə geniş yer ayırmışdır. O, belə hesab edirdi ki, inqilabi mübarizənin siyasi avanqardı, rəhbəri və təşkilatçısı olan marksist partiyasız mütləqiyyətlə, kapitalizmlə uğurla mübarizə aparıb onlara qalib gəlmək mümkün deyildir. Bu qələbəni partiya, “kütlələrin kortəbii dağıdıcı qüvvəsini inqilabçıların şüurlu dağıdıcı qüvvəsi ilə birləşdirmək işi ilə təmin edə bilər”.
Rusiyada kapitalizmin inkişafını nəzərə almaqla marksizm nəzəriyyəsinin tətbiq olunması, yeni tipli partiya haqqında nəzəriyyə, Rusiyada burjua-demokratik inqilabının inkişaf edərək sosialist inqilabına keçməsinin mümkünlüyünə inam Leninin nəzəri baxışlar sisteminin əsas hissələrini təşkil edir. Tarixi şəraitə uyğun olaraq öz görüşlərini inkişaf etdirərək dəyişən Lenin heç vaxt inqilab haqqında olan əsas əqidəsini şübhə altına almayaraq düzəlişə məruz qoymamışdır. Müzakirələrdə Leninin xarakterik xüsusiyyəti ondan ibarət idi ki, o, hətta kobud hücumlardan belə istifadə edərək özünün siyasi opponetlərini gözdən salmağa çalışırdı, çünki onların simasında inqilab işinə, marksizm nəzəriyyəsinə və şəxsən onun özünə düşmən görürdü. Parlaq siyasi hissetmə qabiliyyəti olan V.İ.Lenin əlverişli vəziyyəti dərk etmək, partiya ehtiyatlarından maksimum istifadə etmək, kütlələri səfərbər edən şüarlar irəli sürmək, həlledici zərbəni vurmaq üçün qüvvələri qiymətləndirmək bacarığına malik idi.
1917-ci il aprelin 3-də Lenin sərhədi keçərək Petroqrada gəldi. «İnqilabçı demokratlar» adından onları Finlandiya vağzalında qarşılamaq üçün başda Çxeidze olmaqla nümayəndə heyəti də gəlmişdi.V.İ.Lenin avtomobil üzərinə qalxaraq təbrik nitqi söylədi və çıxışını «Yaşasın sosialist inqilabı!» şüarı ilə qurtardı. Aprelin 4-də bolşeviklərin yığıncağında Lenin özünün «Hazırkı inqilabda proletariatın vəzifələri haqqında» tezislərini izah etdi. Bolşeviklərin hakimiyyəti ələ keçirmək uğrunda mübarizəsinin ilk addımı atılmış oldu. «Aprel tezisləri» 11 maddədən, siyasi, iqtisadi və təşkilati məsələləri əhatə edən 3 hissədən ibarət idi. Tezislərdə deyilirdi: «Rusiyada hazırkı dövrün xüsusiyyəti, inqilabın proletariat lazımi qədər şüurlu və mütəşəkkil olmadığından hakimiyyəti burjuaziyaya vermiş olan birinci mərhələsindən onun ikinci mərhələsinə, hakimiyyəti proletariata və kəndlilərin ən yoxsul təbəqələrinə verməli olan mərhələsinə keçməkdən ibarətdir».
Aprel tezislərində aşağıdakı vəzifələr irəli sürülürdü: Proletariat diktaturasının Rusiya üçün ən yaxşı dövlət forması sovetlər respublikasıdır; Müvəqqəti hökumətə heç bir yardım göstərilməməlidir; «Bütün hakimiyyət sovetlərə»; «İnqilabi müdafiəçilik» taktikasına qarşı mübarizə aparmalı; Mülkədar torpaqlarının müsadirə edilməsi və milliləşdirilməsi, milli bank yaradılması və onun üzərinə proletariat tərəfindən nəzarət qoyulması, istehsal və məhsulların bölgüsü üzərində fəhlə nəzarəti qoyulması; III İnternasionalın yaradılması.
İlk zamanlar Leninin tərəfdarları azlıq təşkil edirdi. Ona görə də bolşeviklər həmin günlərdə çox qətiyyətlə çıxış edirdilər. Menşeviklərin və bolşeviklərin birgə yığıncağında Leninin nitqi əks-səda doğurdu. 1917-ci ilin yazında Rusiyanın 64 quberniya şəhərinin 54-də bolşeviklər və menşeviklər vahid təşkilatda birləşirdilər. Müzakirələrdə menşevik liderlərdən İ.G.Sereteli, N.S.Çxeidze, F.İ.Dan və başqaları Leninin tezislərinin əleyhinə kəskin çıxış etdilər. Bu tezislər indiyə kimi Petroqradda səslənən şüar və nitqlərdən o dərcədə fərqlənirdi ki, hətta V.İ.Leninlə, demək olar ki, eyni zamanda Rusiyaya qayıtmış G.V.Plexanova Leninin tezislərini «ağılsız və Rus torpağına son dərəcə zərərli qarışıqlıq toxumu əkmək cəhdi kimi» qiymətləndirməyə əsas vermişdir. Bu sənəd bolşevik liderləri L.Kamenev, M.Kalinin, S.Baq-datev və b. tərəfindən narazılıqla qarşılandı. L.B.Kamenev və A.İ. Rıkov sosialist inqilabı xətti əleyhinə çıxdılar. Onlar düzgün olaraq bildirdilər ki, Rusiya sosialist inqilabına hazır deyildir. Martın ortalarınadək Stalin də onlara tərəfdar idi. Kamenev qrupu VII Aprel Ümumrusiya konfransında azlıqda qaldı, yəni məğlub oldu.
Ölkə daxilində vəziyyətin mürəkkəbləşməsi.Ölkə daxilindəki mürəkkəb vəziyyətə baxmayaraq Rusiya müharibəni davam etdirirdi. Müvəqqəti hökumət müharibəni davam etdirməklə bir sıra ərazilərin Rusiyaya birləşdirilməsinə çalışırdı. Petroqrad Soveti təşkil edilən gündən P.Milyukova təzyiq göstərirdi ki, Müvəqqəti hökumət müttəfiq dövlətlərə «təzminatsız və ilhaqsız» sülh bağlanması ilə müraciət etsin. 1917-ci ilin martında Müvəqqəti hökumət manifest dərc etməyə məcbur oldu. Manifestdə elan edilirdi ki, Rusiya hər cür ilhaqdan imtina edir.
1917-ci il aprelin 18-də xalq birinci dəfə olaraq açıq şəkildə 1 may nümayişinə çıxdı. Həmin gün Xarici İşlər naziri P.Milyukov müttəfiqlərə nota ilə müraciət edərək Müvəqqəti hökumət adından bildirdi ki, Rusiya müharibədə iştirak edəcəkdir. Aprelin 19-da Milyukovun notası fəhlə və əsgərlərə məlum oldu. Aprelin 20-də hiddətlənmiş əsgər kütlələri əllərində «Rədd olsun Milyukov!», «Yaşasın ilhaqsız və təzminatsız sülh!» şüarları ilə küçəyə çıxaraq Milyukovun getdiyi maşının qabağını kəsdilər. Kadetlərin lideri əsgərlərə belə cavab verdi: «Rədd olsun Milyukov» şüarını görərkən mən Milyukova görə qorxmuram, mən Rusiyaya görə qorxuram». Özünü çox soyuqqanlı apardığını görən əsgərlər Milyukovun maşınını buraxdılar.
100 mindən çox fəhlə «Rədd olsun müharibə!», «Bütün hakimiyyət Sovetlərə!» şüarları altında nümayişə çıxdı. Petroqrad hərbi dairəsi qoşunlarının bir hissəsi baş komandanı L.Q.Kornilova tabe olmaqdan imtina edərək xalqa atəş açmadılar. Buna görə Baş komandan istefa verdi. Petroqrad Sovetinin qərarı ilə Kornilov vəzifəsindən dəyişdirilərək Cənub-qərb cəbhəsi 8-ci ordusuna komandan göndərildi.
Aprelin 21-də bir tərəfdə əllərində «Bütün hakimiyyət Sovetlərə!», «Rədd olsun müharibə!» şüarları tutmuş fəhlə və əsgərlər, digər tərəfdə əllərində Leninin Almaniya ərazisindən keçərək Rusiyaya gəlməsinə işarə edən «Lenini Vilhelmə qaytarın!», «Yaşasın Müvəqqəti hökumət!» şüarları tutmuş zabitlər və tələbələr arasında toqquşma baş verdi. Toqquşma nəticəsində hər iki tərəfdən ölən və yaralananlar oldu.
Milyukovun notası və baş vermiş hadisə Müvəqqəti hökumətin dərin böhran keçirdiyini nümayiş etdirdi. Əslində Aprel nümayişi Müvəqqəti hökumətin 1-ci böhranı idi. Aprel nümayişi Müvəqqəti hökumətə göstərdi ki, o, öz varlığını möhkəm və sabit hesab edə bilməz. Buna görə də burjuaziya öz hakimiyyətinin ictimai əsasını genişləndirməyi və menşeviklərin iştirakı ilə koalision hökumət yaratmağı zəruri bildi.
Xalqın nifrət etdiyi nazirlər — hərbi nazir A.Quçkov və xarici işlər naziri P.Milyukov hökumətdən istefa etdi. Aleksandr İvanoviç Quçkov (1862-1936) oktyabristlər partiyasının lideri idi. Konstitusiyalı mütləqiyyət tərəfdarı olaraq mövcud quruluşun tədricən dəyişikliklərə məruz qalmasını müdafiə edən rus liberalizminin sağ qanadının nümayəndəsi idi.
Pavel Nikolayeviç Milyukov (1859-1943) konstitusiyalı demokratlar partiyasının lideri olaraq rus liberalizminin əsas hissəsini təmsil edirdi. O, həm də görkəmli tarixçi olaraq mühacirətdə yazdığı «Rus mədəniyyətinin tarixi oçerkləri», «İkinci rus inqilabının tarixi» və b. əsərlərin müəllifi idi.
Mayın 5-də birinci koalision hökuməti təşkil olundu ki, bunun da tərkibinə on kapitalist nazirlə yanaşı menşevik və eserlərin 6 nəfər nümayəndəsi də daxil edildi. İ.Sereteli — Poçt və teleqraf naziri, V.Çernov — Torpaq naziri, N.Pereverzev — Ədliyyə naziri, A.Kerenski — Hərbi və dəniz naziri, A.Peşexonov — Ərzaq naziri, M.Skobelev — Əmək naziri təyin edildilər. Koalision hökumətin siyasəti birinci Müvəqqəti hökumətin siyasətindən heç bir şeylə fərqlənmirdi. A.Quçkovu əvəz etmiş olan hərbi nazir A.Kerenski Antantanın tələbi ilə cəbhədə hücum hazırlığına başladı.Torpaq naziri V.Çernov mülkədar torpaqlarının kəndlilər tərəfindən zəbt edilməsinə qarşı mübarizəni şiddətləndirdi. Hökumətin fəhlə məsələsi üzrə siyasəti dəyişmədi, 8 saatlıq iş günü qanuniləşdirilmədi. Əmək haqqının artırılması haqqında fəhlələrin tələblərinə məhəl qoymadı. Hökumət istehsal və məhsul bölgüsü üzərində fəhlə nəzarətinin qoyulmasına qarşı qəti müqavimət göstərirdi. Əslində Müvəqqəti hökumət bu istiqamətdə düzgün mövqe tuturdu. Çünki bu məsələ dövlətin nəzarətində olmalı idi. Hökumət bahalığa, möhtəkirliyə qarşı isə zəif mübarizə aparırdı.
Müvəqqəti hökumət Rusiya xalqlarının azadlıq və istiqlaliyyətinə qarşı qəti çıxış edirdi. Ukraynadakı sosialist partiyaları 4 mart 1917-ci ildə Ukraynanın muxtariyyəti tələbi ilə çıxış edən «Mərkəzi Rada» adlı yerli hakimiyyət strukturu yaratdılar. Görkəmli tarixçi, Ukrayna eserlər partiyasının nümayəndəsi olan M.S.Qruşevski «Mərkəzi Rada»nın sədri seçildi. İcraiyyə orqanının başına sosial-demokrat Vinniçenko gətirildi. «Mərkəzi Rada» Ukraynanın muxtariyyəti ilə yanaşı, milli Ukrayna hərbi hissələrin təşkil edilməsini tələb edirdi. Ukrayna milli hərbi hisssələrinin təşkilinə Simon Petlyura başçılıq edirdi. Radanın təşkili və möhkəmləndirilməsi məsələləri onun qəbul etdiyi Birinci Universalda əks edilmişdi. Bu sənəddə Ukraynaya Rusiyanın tərkibində siyasi muxtariyyət verilməsi, yığılan vergilərin bir hissəsinin yerli milli hakimiyyətin sərəncamında saxlanılması tələb edilirdi. Bütün bunlar Petroqradda hakimiyyəti narahat etdi. Müvəqqəti hökumətin üzvləri A.Kerenski, İ.Tereşşenko, İ.Sereteli təcili olaraq Kiyevə gəldilər. «Mərkəzi Radanın» rəhbərliyi ilə danışıqlarda onlar Radanın səlahiyyətlərini tanımağa bu şərtlə razılıq verdilər ki, onun Baş katiblik kimi fəaliyyət göstərəcəyi icraiyyə orqanı Müvəqqəti hökumətlə razılaşdırılsın. Ukrayna milli hərbi hissələrinin formalaşdırılması dayandırılır, muxtariyyət məsələsi isə Müəssislər Məclisinin çağırılmasına kimi təxirə salınırdı. M.S.Qruşevski məşhur tarixçi idi və Ukraynanın ilk prezidenti seçilmişdir. Ukrayna müstəqillik qazandıqdan sonra ona Kiyevdə böyük abidə ucaldılmışdır.
Müvəqqəti hökumət Finlandiyanın muxtariyyəti əleyhinə çıxış edərək, onun 1809-cu il Konstitusiyasını bərpa etməklə kifayətləndi. Müvəqqəti hökumət iyulun 18-də fin seymini buraxdı, seymin binası rus qoşunları tərəfindən tutuldu.
1917-ci ilin iyununda belarus burjua və xırda burjua partiyaları Minskdə Belarusiya Mərkəzi Radasını təşkil etdilər. Hər yerdə olduğu kimi, Belarusiyada da burjua partiyaları inqilabi hərəkata qarşı mübarizə aparmaq üçün hakim rus burjuaziyası ilə ittifaq bağladılar. Belarusiya bolşevikləri Belarusiya Mərkəzi Radasına qarşı mübarizəyə qalxdılar. Belarus bolşevikləri belarus fəhlələrini, kəndlilərini və əsgərlərini millətlərin öz müqəddaratını təyin etməsi və torpağın kəndlilərə verilməsi şüarı altında xalqı mübarizəyə qaldırmaqla əslində Belarusiyanın müstəqilliyinə və ölkənin kapitalist inkişaf yoluna qədəm qoymasına əngəl törətdilər.
Mərkəzi Asiya, Cənubi Qafqaz və Rusiyanın başqa ucqarlarının xalqları da mili-azadlıq əldə etmədilər. Müvəqqəti hökumətin siyasəti xalq içərisində geniş narazılığa səbəb olurdu. O zaman Rusiyanın daxilində yaranmış vəziyyəti nəzərə alsaq görərik ki, doğrudan da ölkədə hakimiyyəti ələ ala biləcək bir partiya yox idi. 1917-ci il iyunun 3-də Petroqradda keçirilən Ümumrusiya I Sovetlər qurultayında Sovetin sədri menşevik İ.G.Sereteli düzgün olaraq bildirmişdir ki, hazırda Rusiyada elə bir partiya yoxdur ki, hakimiyyəti bütünlüklə ələ ala bilsin.
Qurultayda iştirak edən 800 nəfər nümayəndənin yalnız 105 nəfəri (10 faizi) bolşevik idi. Buna baxmayaraq Lenin elan etdi ki, onun partiyası ölkəni idarə etmək məsuliyyətini öz üzərinə götürməyə hazırdır. Bu o demək idi ki, bolşeviklər hakimiyyətə gəlmək üçün nə Müəssisələr məclisini, nə də sovetlərdə üstünlük əldə etmək üçün vaxt qazanmağı gözləmək fikrində deyildir.
Müttəfiqlərin tələbi ilə Müvəqqəti hökumət cəbhədə hücum hazırlayırdı. Müvəqqəti hökumət başa düşürdü ki, cəbhədə hücumu davam etdirmək onu külli miqdarda borclardan xilas etmiş olar. Xarici ölkə mətbuatı, onun diplomatları Rusiyadan hücum əməliyyatı tələb edirdilər. Xarici ölkə nümayəndələri rus ordusunda hücuma keçmək təbliğatı aparırdılar.
İyunun 18-də Müvəqqəti hökumət cəbhədə hücuma başlamağı qərara aldı. Yenə həmin gün qurultayın rəhbərliyi Petroqrad fəhlə və əsgərlərinin nümayişini təyin edərək belə ümid edirdilər ki, həmin nümayiş hücum başlanması münasibətilə vətənpərvərlik nümayişinə çevriləcəkdir. Bolşeviklər Petroqrad fəhlə və əsgərləri nümayişi «Bütün hakimiyyət sovetlərə!», «Çörək, sülh və azadlıq!», «Rədd olsun on kapitalist nazir!» şüarları altında keçirməyə çağırdılar. 500 min fəhlə və əsgərin iştirak etdiyi 18 iyun nümayişi Müvəqqəti hökumətə etimadsızlıq nümayişinə çevrildi. Heç bir zavoda və ya fabrikdə Müvəqqəti hökumətə etimad şüarları irəli sürülmədi. Əsgərlər vuruşmaq istəmirdilər, onlar sülh tələb edirdilər. Rus ordusunun 18 iyunda başlanmış hücumu boşa çıxdı. 10 gün ərzində təkcə Cənub-Qərb cəbhəsinin Qalitsiyadakı hücumunda 60 min adam həlak oldu. Cəbhədəki məğlubiyyətlə əlaqədar ölkənin iqtisadi vəziyyəti durmadan pisləşirdi. Metal və kömür olmaması üzündən müəssisələr dayanırdı. May-iyul aylarında 439 zavod bağlanmışdı. Amansız aclıq yaxınlaşırdı. Hökumət yaxınlaşan iqtisadi fəlakətin qarşısını almaq üçün tədbir görmürdü. Müvəqqəti hökumətin ölkəni böhrandan çıxarmaq iqtidarında olmaması nəticəsində xalq kütlələrinin narazılığı gündən-günə artırdı. Ölkədə aqrar inqilabı yüksəlməkdə idi. Kəndlilər mülkədar torpaqlarını tutur və ağa malikanələrini yandırırdılar. Fəhlə və kəndli hərəkatı müharibədən yorulmuş ordu içərisində qızğın rəğbətlə qarşılanırdı.
İyulun 3-də Petroqradda ayrı-ayrı polkların əsgərlərinin və zavod fəhlələrinin nümayişləri başlandı. İyulun 4-də Kronşdat silahlı matrosları onlara qoşuldu. Anarxist və bolşeviklərin çağırışı ilə yüz minlərlə adam Petroqrad küçələrinə çıxaraq bütün hakimiyyətin sovetlərə verilməsini tələb etməyə başladılar. Paytaxtda hökumətə sadiq olan sabiq qvardiyaçılardan ibarət daxili qoşunlarla silahlı nümayişçi dəstələr arasında toqquşma baş verdi. İyulun 5-də hökumət qoşunlarının köməyinə cəbhədən dəstək gəldi. Paytaxtdakı qiyamçı hissələr tərksilah edildi, çıxışların rəhbərləri təqib edilməyə başlandı. Bolşevikləri və eserləri hakimiyyəti ələ keçirtmək məqsədilə çaxnaşmanın təşkilatçısı kimi günahlandıraraq təqib edilməyə məruz qoydular. V.İ.Lenini alman cəsusu elan edərək həbs etmək üçün axtarmağa başladılar. V.İ.Lenin silahdaşı Q.Y.Zinovyevlə birlikdə əvvəlcə Petroqrad ətrafında, sonra isə Finlandiyada gizlənməyə məcbur oldu. Bolşeviklərin bir çox rəhbəri, o cümlədən L.B.Ka-menev həbs edildi. Qırmızı qvardiya müvəqqəti olaraq gizli şəraitə keçdi.
3-5 iyul hadisələri ölkədə növbəti siyasi böhran idi. İyul hadisələrindən sonra ölkədə siyasi vəziyyət dəyişdi. Paytaxtda və bunun ardınca bütün ölkədə hakimiyyət bütünlüklə Müvəqqəti hökumətin əlinə keçdi. İkihakimiyyətliliyi Müvəqqəti hökumətin təkhakimiyyətliliyi əvəz etdi. «Bütün hakimiyyət sovetlərə!» şüarı müvəqqəti aradan götürüldü, bolşeviklər öz taktikasını dəyişdirdilər. İndi burjuaziyanın hakimiyyətini devirmək və proletariat diktaturası qurmaq məqsədilə silahlı üsyana hazırlaşmaq başlıca xətt oldu.
İyul hadisələrindən sonra Müvəqqəti hökumət də bəzi addımlar atdı: İyulun 7-də Baş nazir Lvov istefaya getdi. İyulun 8-də Müvəqqəti hökumətin başçısı vəzifəsinə A.F.Kerenski təyin edildi. İyulun 12-də cəbhədə ölüm cəzası tətbiq edildi. İyulun 13-də yeni koalision hökumətin təşkili ilə əlaqədar kadetlərlə danışıqlara başlandı. Kadetlər tələb edirdi ki, Müvəqqəti hökumət müharibəni qələbəyədək davam etdirsin. Bu fikri eserlər, menşeviklər, xalq sosialistləri və digər partiyaların nümayəndələri də dəstəklədi. İyulun 24-də yeni hökumətin təşkili başa çatdı.
A.F.Kerenski — Baş nazir, N.V.Nekrasov — Maliyyə naziri, M.İ.Tereşşenko — Xarici işlər naziri, V.M.Çernov — Torpaq naziri, S.K.Prokopoviç — Ticarət və sənaye naziri,
M.S.Skobelev — Əmək naziri vəzifələrini tutdular. İkinci koalision hökumətə 3 eser, 6 kadet, 1 bitərəf, 6 sosialist partiyalarının nümayəndələri daxil edildilər. Kerenski Aleksandr Fyodo-roviç (1881-1970) təhsilinə görə hüquqşünas olub, bir neçə siyasi prosesdə uğurlu çıxışı ilə şöhrət qazanmışdır. Əmək partiyasının deputatı kimi IV Dövlət Dumasına daxil olmuşdu. 1917-ci ildə A.Kerenski Petroqrad Soveti sədrinin müavini, Müvəqqəti hökumətin Ədliyyə, Hərbi və Dəniz naziri vəzifələrini tutur. 1917-ci ilin iyul-oktyabr aylarında Müvəqqəti hökumətin Baş Naziri, avqust ayından isə Ali Baş Komandan olmuşdur. Müstəsna natiqlik bacarığı ilə seçilən Kerenski hakimiyyətin zirvəsini fəth etməsinə baxmayaraq ölkədə vəziyyəti normal məcraya yönəldə bilməmişdir. Bolşeviklər hakimiyyəti qəsb etdikdən sonra onlara müqavimət göstərə bilməyib, 1918-ci ildə Fransaya, sonra isə ABŞ-a mühacirətə getmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi bolşeviklər partiyası silahlı üsyana hazırlaşırdı. 1917-ci il iyulun 26-avqustun 3-də olan RSDF(b)P VI qurultayında ölkənin siyasi, iqtisadi və beynəlxalq vəziyyəti müzakirə olundu. «Bütün hakimiyyət sovetlərə!» şüarı müvəqqəti olaraq ortadan götürüldü. Qurultay V.İ.Leninin burjua məhkəməsinə gəlməsinin qəti əleyhinə çıxdı.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev