Kapitalizmin inkişafı XX əsrin əvvəlində

Kapitalizmin inkişafı XX əsrin əvvəlində

XIX əsrin sonu üçün qabaqcıl ölkələrin sosial-iqtisadi və siyasi yüksəlişinin başlıca nəticələrindən biri də onların kapitalizmin inkişafının yeni mərhələsinə-inhisarçı kapitalizm mərhələsinə daxil olmaları idi. Bu proses həmin ölkələrdə sənaye çevrilişinin başa çatmasından sonra, 80-90-cı illərdən etibarən başlanmışdı. Qərbin qabaqcıl kapitalist ölkələri arasında kapitalizmin yeni mərhələsinə ən erkən keçən ölkə İngiltərə olmuşdur. Artıq XIX əsrin 70-90-cı illərində İngiltərənin imperializm mərhələsinə keçməsi başa çatmışdı. Rusiya bu mərhələyə XIX əsrin axırlarında qədəm qoymuşdu. Tarixə İngiltərə müstəmləkəçi, Fransa sələmçi və Rusiya hərbi-feodal imperializm kimi daxil olmuşdu.

Kapitalizmin yeni mərhələsi-imperializm istehsalın və kapitalın təmərküzləşməsi əsasında iri inhisar birliklərin- sindikatların, kartellərin, trestlərin, konsernlərin yaranması, bank kapitalı ilə sənaye kapitalının qovuşması zəminində maliyyə oliqarxiyasının yaranması, əmtəə ixracından fərqli olaraq kapital ixracının böyük əhəmiyyət kəsb etməsi, beynəlxalq inhisar ittifaqlarının əmələ gəlməsi ilə səciyyələnirdi. İmperializm istehsalın görünməmiş dərəcədə təmərküzləşməsi, səhmdar mülkiyyət formasının təşəkkül tapması, səhmlərin toplanması ilə fərqlənirdi. Səhmdar mülkiyyəti sənayenin və kapitalın təmərküzləşməsi və bu zəmində inhisarların yaranması, bank kapitalının sənaye kapitalına qovuşması üçün vacib ilkin şərt olmuşdu. İlk səhmdar kompaniyası İngiltərədə yaradılmışdı.

1885-ci ildə Almaniyada 90, 1900-cü ildə isə 210 kartel və sindikat fəaliyyət göstərirdi. Bu dövrdə Almaniyada kredit əməliyyatlarının əsas hissəsi 6 iri bankın əlində cəmləşmişdi. XIX əsrin axın üçün ABŞ-da 20 milyard dollar kapitala malik 445 sənaye və nəqliyyat trestləri fəaliyyət göstərirdi. 1900-1905-ci illərdə Rusiyada da sindikatlar və kartellər meydana çıxmışdı. 1906-cı ildə Rusiyada 30-a qədər aşkar və bir o qədər də gizli və ya heç yerdə qeydə alınmamış inhisar birlikləri var idi. Onlardan paravozqayırma zavodlarını, Bakı ağneft zavod sahiblərini, «Produqol», «Nobelmazut» kartellərini, «Truboprodaja», «Prodamet», «Prodvaqon», «Qvozd», «Krovlya» sindikatlarını göstərmək olar. 1900-1905-ci illərdə Rusiyada inhisar birliklərinin üstün forması sindikatlar idi. Onlar adi səhmdar şirkətləri, fabrik və zavod sahiblərinin «qurultayları» və cəmiyyətləri, əmtəə satışı kontorları və s. formalarında yaradılmışdı.

Rusiyada banklarla qovuşan inhisarlar da yaranmışdı. Rusiya sənayesində hökmranlıq onların əlində idi. Şimal və Rus-Çin bankları, beynəlxalq Peterburq bankı, Azov-Don bankı, Rus ticarət-sənaye bankı, xarici ticarət üçün rus bankı belə banklardan idi. Artıq XX əsrin əvvəllərində banklar metallurgiya sənayesi kapitalının 50 faizinə, kömür sənayesi kapitalının 60 faizinə, elektrotexnika sənayesi kapitalının 80 faizinə nəzarət edirdilər.

Sindikat — əmtəələrin birgə satılması üçün yaradılan inhisar birliyi;

Kartel — xammal bazarlarını bölüşdürmək, istehsalın, satışın həcmini, qiymətlərin səviyyəsini müəyyən etmək məqsədilə yaradılan inhisar birliyi;

Trest-sənayenin bir sahəsinin müəssisələrində istehsalı, təchizatı və satışı vahid rəhbərlikdə cəmləşdirən inhisar forması;

Konsern-sənayenin müxtəlif sahələri üzrə müəssisələrin və trestlərin formal olaraq müstəqil qalması şərtilə hər hansı inhisar qruplardan ümumi maliyyə asılılığı zəminində yaradılan inhisar birliyi

Kapitalizmin inkişafının imperializm mərhələsi siyasi tarix ədəbiyyatında müxtəlif cür mənalandırılırdı. Burjua tarixşünaslığında o, kapitalizmin inkişafının qanunauyğun davamı, onun yeni məzmun və keyfiyyət kəsb etməsi, beynəlmiləlləşməsi və demokratikləşməsi kimi qiymətləndirilmiş və qiymətləndirilir.

İkinci İnternasional (1889-1914) partiyaları və onların liderləri imperializmi kapitalizmin inkişafında ən yüksək mərhələ sayırdılar. Onlar göstərirdilər ki, bu mərhələ xalqların sosial-iqtisadi həyatında dönüş yaradacaq, onların rifahının yaxşılaşmasına kömək edəcək mərhələdir. İkinci İnternasionalın ideoloqlarından biri olan R.Hilferdinq ımperializmi «mütəşəkkil kapitalizm» kimi mənalandırırdı. O, hesab edırdi ki, imperializm mərhələsində fəhlə sinfi ilə burjuaziya arasındakı məhsul bölgüsü sahəsində əkslikləri çıxmaq şərti ilə digər ziddiyyətlər aradan götürüləcəkdir, onun inkişaf perspektivi ümumdünya tresti yaratmağa doğru aparmaqdır. O dövrün ideoloqlarından bir çoxu, o cümlədən Rusiyada N.Buxarin də bu fikrə, xüsusən «mütəşəkkil kapitalizm» konsepsiyasına tərəfdar çıxırdı. N.Buxarin 1915-ci ildə yazdığı «Dünya təsərrüfatı və imperializm» (ilk dəfə 1917-ci ildə nəşr edilmişdir) əsərində göstərirdi ki, inkişafda ümumdünya meylinin üstünlük təşkil etdiyi imperializm dövründə təsərrüfatlararası rəqabət yox olacaq və zəhmətkeşlərin çox problemləri həll olunacaqdır. N.Buxarin sonralar rəqabəti yox edəcək imperializmi əlahiddə ictimai-iqtisadi uklad kimi qiymətləndirmişdi.

İkinci İntermasionalın liderlərindən olan K. Kautski də imperializmi iri vahid trestlər cəmiyyəti kimi qiymətləndirmiş, bu zəmində özünün məşhur «ultra imperializm» konsepsiyasını yaratmışdı. O, hesab edirdi ki, imperializm mərhələsində dövlətlərarası sazişlər bağlanması, onların iri ittifaqlarının yaranması yolu ilə həmin ölkələr arasında rəqabəti yumşaltmaq, dinc yolla ziddiyyətləri və qarşıdurmaları aradan qaldırmaq imkanı əldə ediləcəkdir. Onun fikrincə imperializm mərhələsində sosial iqtisadi ziddiyyətləri və milli zülmü yox etmək üçün marksistlərin düşündüyü kimi, sosial qarşıdurma yaratmaq, inqilab etmək heç də vacib deyildir. Deməli, bu problemləri islahatlar yolu ilə, təkamül yolu ilə həll etmək mümkündür.

Tarixi inkişafın müasir həqiqətləri bu nəzəriyyə və təlimlərin həyatiliyini sübut etmişdir. Bir sıra qabaqcıl kapitalist ölkələrində, baş verən köklü sosial dəyişikliklər. zəhmətkeşlərin həyat və yaşayış səviyyəsinin yüksəlməsi bunu təsdiq edir.

Burjua ideoloqlarından və İkinci Internasional liderlərindən, habelə N. Buxarin və onun tərəfdarlarından fərqli olaraq V.İ.Lenin imperializmi kapitalizmin son, özü də xüsusi tarixi mərhələsi hesab edir. onu tüfeyli və ya çürüməkdə, ölməkdə olan kapitalizm kimi, sosialist inqilabının ərəfəsi kimi qiymətləndirirdi. Məhz bu təlim əsasında da sosialist inqilabının Lenin nəzəriyyəsi yaradılmışdı,

Lakin tarixi inkişaf sübut etmişdir ki, imperializm barədə Lenin müddəaları artıq köhnəlmişdir. Öz məzmun və mahiyyətini dəyişmiş müasir kapitalizm nəinki ölməkdə və çürüməkdədir, o, getdikcə inkişaf etməkdə, dünya birliyinin iqtisadi və ictimai-siyasi inkişafının əsas istiqamətini təşkil etməkdədir.

Kapitalizm cəmiyyətinin yaranması və sənaye çevrilişinin baş verməsi nəticəsində XIX əsrin axırı üçün qabaqcıl ölkələrin sinfi strukturunda da köklü dəyişikliklər baş vermişdi: təbəqələşmə güclənmiş, muzdlu əmək adamlarının sayı artmış, burjuaziya özü ilə bərabər proletariatı-fəhlə sinfini yaratmışdı. Sənayecə qabaqcıl ölkələrdə (İngiltərə, Fransa, ABŞ və s.) burjuaziya və fəhlə sinfi cəmiyyətin kəmiyyət və keyfiyyətcə əsas siniflərinə çevrilmişdilər. Kapitalizm quruluşunun təkamül yolu ilə inkişaf etdiyi Almaniyada və ona oxşar ölkələrdə kəmiyyət və keyfiyyətcə orta təbəqələrin rolu artmışdı. Feodal-patriarxal qalıqlarının hələ hökm sürdüyü Rusiya kimi ölkələrdə isə cəmiyyətin əsas sinifləri kəndlilər və mülkədarlar idi. Burjua inqilablarının sınaqlarından çıxmış fəhlə kütlələrinin sinfi şüuru yüksəlmiş, o özünü müstəqil sinif kimi dərk etməyə başlamışdı. Burjuaziya və fəhlə sinfi dünyanın inkişafının mütərəqqi qüvvələri kimi çıxış etməyə başlamışdılar. XIX əsrin axın XX əsrin əvvəli tarixinin təlatümlü hadisələri-demokratik inqilablar bunu təsdiq etmişdir.

Top