Təşəkkül mərhələsi. 40 illik ömür yaşamış dünya sosializm sistemi öz inkişafında müəyyən mərhələlərdən keçmişdir. Fikrimizcə, dünya sosializm sisteminin tarixində ilk mərhələ təşəkkül mərhələsidir. Bu mərhələ təxminən 1944-1945-ci illərdən 1950-ci illərin ortalarınadək dövrü əhatə edir. Bu mərhələdə Mərkəzi, Cənub-Şərqi Avropa və Asiyanın bir sıra ölkələrində demokratik dəyişikliklər baş vermişdi. SSRİ-nin bilavasitə diktəsi ilə sovet modelli ictimai-siyasi quruluşlar və iqtisadi münasibətlər təşəkkül tapdı. Bu mərhələdə QİYŞ-də və Varşava Müqaviləsi Təşkilatında təmsil olunan Sosializm Birliyi formalaşdı. Dünya sosializm sisteminin təşəkkülündə kommunist və fəhlə partiyalarının 1947-ci ildə yaradılmış Məlumat Bürosunun da böyük rolu olmuşdu.
Bu mərhələdə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalandı. 1944-1948-ci illərdə sözügedən regionda özülünü SSRİ ilə hərbi-siyasi əməkdaşlıq təşkil edən beynəlxalq münasibətlər sistemi yarandı.
Yüksəliş mərhələsi. DSS-in inkişafında sonrakı mərhələ 50ci illərin ortaları-70-ci illərin ortaları dövrünü əhatə edir. Bu mərhələ dünya sosializm sisteminin inkişafı və yüksəlişi dövrüdür. Stalinin şəxsiyyətinə pərəstişin tənqid edilməsi və onun nəticələrinin aradan qaldırılması tədbirləri sosialist ölkələrində (Çin, Yuqoslaviya, Albaniya, KXDR müstəsna olmaqla) də yeni abi-hava yaratdı. Onların da rəhbərliyində dəyişikliklər edildi. Demokratik əhval-ruhiyyə gücləndi.
Bu mərhələdə də DSB daxilində QİYŞ xətti ilə iqtisadi münasibətlər dinamik davam edirdi. Əgər QİYŞ yaranarkən başlıca vəzifə ikitərəfli sazişlər əsasında xarici ticarət əlaqələrini tənzim etməkdən ibarət idisə, 50-ci illərin ortalarından onun iştirakçıları olan ölkələrdə xalq təsərrüfatı planlarını uzlaşdırmaq, 60 — 70-cı illərdə isə onlar arasında istehsalın ixtisaslaşdırılması və kooperasiyası, beynəlxalq əmək bölgüsü aparılması xətti götürülmüşdü. Beynəlxalq iqtisadi əməkdaşlıq bankı, intermetal, standartlaşma institutu və b. yaradılmışdı. 1971-ci ildə Buxarestdə QİYŞ ölkələrinin əməkdaşlığı və inkişafının inteqrasiyasına dair Kompleks proqram qəbul edilmişdi. Sosial-iqtisadi sahədə 50-60-cı illərin nailiyyətlərinə əsaslanan Avropanın sosialist ölkələrinin bəzi rəhbərləri ciddi böhran hallarına məhəl qoymayaraq, öz ölkələrində sosializm quruculuğunun başa çatdığını və «inkişaf etmiş sosializm» mərhələsinə keçildiyini elan etmişdilər. Bu mərhələdə dünya sosializminin dayağı olan SSRİ-də də müəyyən sosial-iqtisadi və siyasi canlanma var idi.1971-ci ildə rəsmi partiya sənədlərində SSRİ-də inkişaf etmiş sosializm cəmiyyətinin bərqərar olduğu elan olundu.
Bu dövrdə Çində də sosial-iqtisadi vəziyyət ürəkaçan deyildi Hücum, kompaniyaçılıq metodları ilə sosializm cəmiyyəti qurmaq iddiasında olan Mao ölkəni pis vəziyyətə qoymuşdu. Onun təşəbbüsü ilə keçirilən «Böyük sıçrayış siyasəti» (1960) və
«Mədəni inqilab» (1965-1976) tədbirləri ölkəni iflas dərəcəsinə çatdırmışdı. «Mədəni inqilab» dövründə «Xunveybın»lər («qırmızı keşikçilər») və Tszaofanlar (üsyankarlar dəstələri) tərəfindən 21 milyon adam repressiyaya məruz qalmışdı. Ümumən, 121 milyon insan əziyyət çəkmişdi. Sənaye və kənd təsərrüfatı istehsalı aşağı düşmüş, Çinin elm və mədəniyyətinə böyük ziyan vurulmuşdu.
Geriləmə və tənəzzül mərhələsi. Dünya sosializm sisteminin inkişafında bir mərhələ də 70-ci illərin ortaları-80-ci illərin ortaları dövrü təşkil edirdi Bu mərhələ sosialist ölkələrinin tarixinə geriləmə və tənəzzül dövrü kimi daxil olmuşdur. 70-ci illərin ortaları üçün ETİ-nin yüksəlişi ilə əlaqədar bazar iqtisadiyyatı ölkələrində başlanan sturuktur dəyişiklikləri DSS ölkələrinin xarici iqtisadi mövqelərinə də təsir etməyə bilməzdi. DSS ölkələrinin ixrac etdiyi malların dünya standartlarına uyğun olmaması üzündən onların qiymətlərinin aşağı düşməsi və idxal etdiyi malların qiymətlərinin qalxması valyutanın daxil olmasını kəskin surətdə azaldırdı. Aqrar sahədə də vəziyyət yaxşı deyildi. 80-ci illərin əvvəlində QİYŞ ölkələrində dənli bitkilərin məhsuldarlığı Avropa Birliyi ölkələrindəkindən təxminən iki dəfə aşağı idi. 1979-1980-ci illərdə QİYŞ ölkələrində təsərrüfat əlaqələrinin pozulması, iqtisadi göstəricilərin aşağı düşməsi daha da artmışdı. 1981 -1984-cü illərdə ADR və Macarıstanda ictimai istehsal və əmək məhsuldarlığı daha çox azalmışdı.
Dünya sosializminin, sosializm birliyinin dayağı olan SSRİ-də də sosial-iqtisadi vəziyyət yaxşı deyildi. Belə vəziyyət sosialist ölkələrinin siyasi durumuna da təsir göstərməyə bilməzdi. Bəzi ölkələrdə hələ 50-ci illərdən özünü göstərən sosial-siyasi böhran halları davam edirdi. 60-cı illərdən etibarən SSRİ-də dissidentlər hərəkatı başlamışdı. 1968-1969-cu illərdə Çexoslovakiyada başlanan siyasi böhran silah yolu ilə aradan qaldırılmışdı. 1980-1981-ci illərdə Polşada güclü sosial-siyasi böhran baş vermişdi. Böhran dövründə bir sıra şəhərlərdə (Qdansk, Şetsin) baş verən tətil hərəkatı kütləvi xarakter almışdı. Fəhlə Lex Valensanın başçılıq etdiyi «Həmrəylik» təşkilatı itaətsiziik hərəkatının genişlənməsində mühüm rol oynamışdı. Etiraz hərəkatmı boğmaq üçün 1981-ci ilin dekabrında ölkədə hərbi vəziyyət elan olunmuşdu. «Həmrəylik» təşkilatının fəaliyyəti qadağan olunmuşdu. Bununla, Polşada sosial-siyasi böhranın bir mərhələsi də aradan qaldırılmışdı.
1980-ci illərdə digər sosialist ölkələrində də böhran vəziyyəti müşahidə olunurdu. Lakin hələlik kommunist hakim dairələri tərəfindən onların qarşısı alınırdı. 1980-ci illərin ikinci yarısında SSRİ-də baş verən dəyişikliklər DSS-in əksər ölkələrində islahatlar uğrunda mübarizəni gücləndirmışdi. DSS-in inkişafında mərhələlərdən biri də 80-ci illərin ikinci yarısından sonrakı dövrü əhatə edir. Bu dövr DSS-nin dağılması mərhələsidir.