«Soyuq müharibə» bitdikdən sonra dünya birliyini bərpa etmək günün ən zəruri vəzifəsi kimi meydana çıxdı. Dünyanın əsasən vahid (Çin, KXDR, Vyetnam və Kuba istisna olmaqla) ictimai siyasi və iqtisadi bazaya keçirilməsi onun birliyini təmin edən ən mühüm cəhət oldu. Tarixi təcrübə göstərir ki, dünyanın inkişafı prosesində meydana gələn problemləri ancaq birlik şəraitində və birgə səylə daha ağrısız həll etmək mümkündür. Tarixi inkişafa, onun problemlərinə sosial (sinfi) yanaşma, dünya birliyini parçalamağa, qüvvələr qarşıdurmasına aparmaq təcrübəsinin uğursuzluğu da vahid dünya birliyini bərpa etməyin zəruriliyindən xəbər verirdi.
XX əsrin iki (I və II) «cahan» müharibələrinin tarixi dərsləri də dünya birliyinin vahidliyini bərpa etmək meylinin güclənməsinə əsas verirdi. Çünki dövlətlərin müxtəlif bloklarda qruplaşması bəşəriyyəti müharibəyə sürükləyən amillərdən olduğunu insanlar artıq dərk etmişlər. Onlar anlamışlar ki, dünyada vahid birlik olsaydı 70 milyondan çox insan ömrünə son qoymuş sözügedən müharibələr də baş verməzdi. İkinci dünya müharibəsindən sonra sivilizasiyanın inkişafındakı köklü dəyişikliklər: elmi-texniki inqilab, elmi, texniki, iqtisadi, mədəni və sosial-siyasi inteqrasiya prosesləri, informasiya inqilabı, beynəlmiləlləşmə və humanistləşmə vahid dünya birliyini tam mənası ilə bərpa etməyə aparan proseslər idi. Müharibədən sonra bəşəri ideyaların, nəzəriyyələrin culğalaşması, onun əsasında cəmiyyətin modernləşməsi də vahid dünya birliyinin bərpa edilməsinə zəmin verən amillərdəndir. Bu, qabaqcıl ideyalardan, habelə sosial-demokratiya, sosializm ideyalarından bəhrələnərək modernləşən kapitalizmin, habelə liberal-demokratik və bazar iqtisadiyyatının səmərəli cəhətlərindən istifadə edərək inkişaf edən sosialist Çinin və bəzi Qərb ölkələrinin nümunəsində özünü aydın şəkildə təzahür etdirir. Sözügedən gerçəkliklər vahid dünya birliyini bərpa etmək meylinin güclənməsi üçün stimul yaratmışdır.
Artıq indi insanlar dərk etmişlər ki, ideya qarşıdurmaları, sosial-siyasi antoqonizm, «soyuq müharibə» konsepsiyası dünya birliyinə zərbə vurur, onun inkişafına zərər gətirir. Onlar yaxşı başa düşmüşlər ki, bəşəriyyətin inkişafı, vahid, sabit və ədalətli dünya birliyinin yaradılması, səmərəli əməkdaşlığın bərqərar olması sayəsində təmin oluna bilər.
Ayrı-ayrı xalqların, ölkələrin dinamik inkişafı və tərəqqisi üçün də vahid dünya birliyinin bərpası çox vacibdir. Bu danılmaz həqiqətdir. Vahid dünya birliyini bərpa etmək meylini gücləndirməyi şərtləndirən səbəblərdən biri də, zəmanəmizin qlobal problemlərini: nüvə müharibəsi, ehtiyatlar və ərzaq, ekoloji-demoqrafik, beynəlxalq terrorizm və s. problemləri həll etmək naminə ümumilikdə bəşəriyyətin səylərini birləşdirməkdir,
İctimai hərəkatların, siyasi və kütləvi təşkilatların beynəlmiləlləşməsi, müxtəlif istiqamətli beynəlxalq təşkilat və qurumların (BMT, NATO, ATƏT, İKT, AŞ, Aİ və s.) varlığı və fəaliyyəti də vahid dünya birliyini bərpa etmək meylini və istiqamətini gücləndirməyə möhkəm zəmin və təminat vermişdir.
1991-ci ilin yanvarında Macarıstanın Vişeqrad şəhərində Polşa, Çexoslovakiya və Macarıstan Xarici İşlər Nazirləri («Vişeqrad qrupu») Varşava Müqaviləsi Təşkilatının tezliklə buraxılmasının zəruriliyıni elan etdilər. Həmin ilin iyununda VMT buraxıldı. Bu vaxtdan Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin Qərbin hərbi-siyasi və iqtisadi strukturlarına inteqrasiyası başlandı, 1994-cü ilin yanvarında NATO-nun Brüsseldə keçirilən sessiyasında «Sülh naminə tərəfdaşlıq proqramı» qəbul olundu. Bu proqram hamı üçün açıq elan edildi. Avropa və Asiyanın 20-dən çox ölkəsi həmin proqramı imzaladılar. 1994-cü ilin mayında Azərbaycan da bu proqrama qoşuldu. XXI əsrin əvvəli üçün bu proqramın iştirakçıları iki dəfə artmışdır.
«Sülh naminə tərəfdaşlıq proqramı»nda silahlı qüvvələrin vəziyyətinə nəzarət, hərbi planlaşdırmanın aşkar edilməsi, birgə hərbi əməliyyatların və təlimlərin hazırlanması kimi tədbirlər nəzərdə tutulur. 1994-cü ilin may ayında VMT keçmiş üzvlərindən Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Baltikyanı ölkələr Lüksembuqda Qərbi Avropa İttifaqının assosiativ üzvülüyünə qəbul olundular.
1994-cü ilin sonlarından etibarən NATO-nun da Şərqə doğru genişlənməsi başlandı. 1997-ci ilin mayında (27-də) Parisdə «Rusiya Federasiyası ilə NATO arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında əsas akt» imzalandı. «Akt»da tərəflərin demokratiya və təhlükəsizlik prinsipləri əsasında Avroatlantika məkanında uzun müddətli və hərtərəfli sülhün təmin edilməsi məqsədi bəyan olunurdu. NATO ölkələri bloka yeni daxil olan dövlətlərin ərazisində nüvə silahı yerləşdirməmək və hərbi fəallığı məhdudlaşdırmaq, Avropada silahlanmanın əvvəlki səciyyəsini saxlamaq haqqında öhdəlik götürdülər. NATO-nun 16 üzvü və Rusiya birgə daimi Şura da yaratdılar. «Akt»da keçmiş rəqiblərin strateji tərəfdaşlığının ilkin şərtləri əks olundu. 1999-cu ilin martında Polşa, Çexiya, Macarıstan, 2004-cü ilin aprelində Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Slovakiya və Sloveniya NATO-ya daxil edildilər. İndi NATO-nun 26 üzvü vardır.
1995-ci ilin yanvarında (1-də) ATƏM Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT-ə) çevrildi. Onun rəhbər orqanı üzv dövlətlərin Xarici İşlər nazirlərindən ibarət olan Nazirlər Şurasıdır. Nazirlər Şurası ildə bir dəfə toplanmalıdır. O, yeni Avropa quruculuğu problemlərini həll etməkdə mühüm rol oynamalıdır.
ATƏT-in 1999-cu ilin noyabrında toplanmış İstanbul Sammitində qəbul edilmiş «Avropa Təhlükəsizliyi Xartiyası» dünya birliyini bərpa etmək yolunda mühüm hadisə kimi qiymətləndirilir. O, dünya birliyinin təhlükəsizliyi prinsiplərini irəli sürmüşdür. Bu da zora, beynəlxalq terrorizmə, ekstremizmə, mütəşəkkil cinayətkarlığa və s. təhlükələrə qarşı ardıcıl mübarizəni nəzərdə tutur. Bütün bunlar dünya birliyini bərpa etmək yolunda çox mühüm addımlar idi.
Beləliklə, indi haqlı olaraq başlanmış vahid dünya birliyini bərpa etmək hərəkatı ümumbəşəri problemləri həll etməyin başlıca təminatı və tarixi zəruriyyəti hesab olunur. O, bəşəriyyət üçün qaçılmaz tələbatdır.