XX əsrdə dövlətlərarası münasibətlər

XX əsrdə dövlətlərarası münasibətlər

Faşizmə və militarizmə qarşı birgə mübarizə aparan müttəfiq dövlətlər müharibədən sonra əməkdaşlığı davam etdirə bilmədilər. Müharibədən iqtisadi və hərbi-siyasi cəhətdən çox güclü çıxmış ABŞ-ın dünya liderliyi iddiaları daha da artdı. SSRİ də öz növbəsində nüfuz dairəsini genişləndirmək üçün dünya kommunist inqilabı ideyasını həyata keçirmək iddiasında idi. Bu məqsədlə o, güclü təsiri olan Avropa və Asiya ölkələrində sovetpərəst hökumətlərin formalaşmasına yardım etdi. Dünya sosializm cəbhəsi yarandı. Beləliklə, dünyada iki fövqəldövlət (ABŞ və SSRİ), iki ictimai sistem (kapitalizm və sosializm) qarşı-qarşıya durdu. Bir-birinə qarşı duran iki hərbi-siyasi blok – NATO (1949) və Varşava Müqaviləsi Təşkilatı (1955) yarandı. Onların arasında “soyuq müharibə” başlandı. “Soyuq müharibə” ideoloji-siyasi mübarizə və təxribat, sürətlə silahlanma, iqtisadi təzyiq, pozucu kəşfiyyatlar, hərbi-iqtisadi rəqabət-yarış formalarında aparılırdı. Bu, tərəflərin “dinc yolla” bir-birinə qarşı ölüm-dirim mübarizəsi idi. “Soyuq müharibə”yə ilk çağırış U.Çörçillin 1946-cı il martın 5-də ABŞ-ın Fulton şəhərindəki çıxışı oldu. “Soyuq müharibə”nin ilk real addımları 1947-ci ildə SSRİ-yə qarşı yönəldilmiş “Trumen doktrinası” ilə atıldı. Bu plan Türkiyə və Yunanıstanda SSRİ-nin nüfuzunu zəiflətmək üçün irəli sürülmüşdür. Bu “doktrina” müharibədə zərər çəkmiş Avropa ölkələrinə iqtisadi köməyi nəzərdə tutan “Marşall planı” ilə tamamlandı. SSRİ, öz növbəsində, 1949-cu ildə Avropadakı sosialist ölkələrinin (Yuqoslaviyanı çıxmaq şərtilə) daxil olduğu Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) yaradılmasını təşkil etdi. İkinci Dünya müharibəsindən sonra Şərqdə də dəyişikliklər baş verdi. Yaponiya işğalından azad olan Koreyanın şimalı Sovet, cənubi isə ABŞ qoşunları tərəfindən tutuldu.

1948-ci ildə cənubda Koreya Respublikası, şimalda Koreya Xalq Demokratik Respublikası (KXDR) elan olundu. Fransızlara və hollandlara qarşı mübarizə aparan Hind-Çin və İndoneziya müstəqillik əldə etdilər. ABŞ və SSRİ rəhbərliyinin dəyişməsi ilə əlaqədar 1953-cü ildə beynəlxalq münasibətlərdə dönüş baş verdi. 1950-1953-cü illərdə Koreyada şimalla cənub arasında baş vermiş müharibəyə son qoyuldu. 1954-cü ildə Hind-Çin üzrə Cenevrə sazişi imzalandı. Sazişə əsasən Fransa Kampuçiya və Laosun mütəqilliyini tanıdı, Vyetnam müvəqqəti olaraq iki yerə bölündü: şimalda Vyetnam Demokratik Respublikası və cənubda Vyetnam Respublikası yaradıldı. 1959-cu ildə Sovet hökumətinin başçısı N.Xruşşov ABŞ-a ilk rəsmi səfər etdi. Bütün bunlar beynəlxalq şəraitin mülayimləşməsindən xəbər verirdi. Lakin bu mülayimləşmə uzun çəkmədi. Berlin (1961) və Karib (Kuba raket) (1962) böhranları beynəlxalq münasibətlərdə gərginliyi yenidən artırdı. 1962-ci ilin oktyabrında Berlin şəhərinin qərbi ilə şərqi arasında hasar çəkildi. Bu “İkinci Çin səddi” də adlandırıldı. Kubaya ABŞ-ın müdaxilə təhlükəsinə qarşı SSRİ-nin 1962-ci ilin oktyabrında burada raketlər yerləşdirməsi gərginliyi son dərəcə artırdı. 1965-ci ildə ABŞ, şimalı ilə cənubu arasında hərbi münaqişə gedən Vyetnama müdaxilə təşkil etdi. Lakin sonradan ABŞ qoşunlarını oradan çıxarmağa məcbur oldu. 1975-ci ildə Cənubi Vyetnam kommunistlərin nəzarətinə keçdi. Kipr adasında türk icmasının sıxışdırılması 1963-cü ilin dekabrında yunan – türk silahlı toqquşmasına gətirib çıxardı.

Türklərə qarşı vəhşiliklər törədən yunanlar, onları əsrlərlə yaşadıqları torpaqlardan qovmağa çalışırdılar. 1964-cü ilin martında adaya BMT qoşunları gətirildi. Lakin bu, adada siyasi qarşıdurmaya son qoymadı. 1974-cü ilin iyulunda Kipri Yunanıstana birləşdirməyə (“enozis”) çalışan hərbçilər qanuni hökuməti devirdilər. Buna cavab olaraq Türkiyə adaya qoşun çıxararaq Kıbrıs türklərini təqib və “enozis”dən xilas etdi. Adanın şimal ərazisində Quzey Kıbrıs Türk Cumhuriyyəti yaradıldı. XX əsrin 60-cı illərinin sonundan beynəlxal münasibətlərdə yenidən istiləşmə, gərginliyin zəiflədilməsi başladı. 70-ci illərin birinci yarısında gedən yumşalma prosesi 1975-ci ildə Helsinkidə (Finlandiya) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin ATƏM (indi ATƏT) yaradılması ilə nəticələndi. İkinci Dünya müharibəsindən sonra müstəmləkə sisteminin dağılması nəticəsində “üçüncü dünya” dövlətləri meydana gəldi. Onlar bitərəf, bloklara qoşulmamaq siyasəti yeridirdilər. 1986-cı ildə bloklara qoşulmamaq hərəkatı öz sıralarında 117 dövləti birləşdirdi. Son tutaşma XX əsrin 70-ci illərinin ikinci yarısında SSRİ Avropada ortamənzilli raketlər yerləşdirdi. 1979-cu ilin dekabrında isə Əfqanıstana hərbi müdaxilə təşkil etdi. Beynəlxalq münasibətlərdə “son tutaşma” adlandırılan mərhələ başlandı. XX əsrin 80-ci illərinin ortalarında hərbi-iqtisadi istehsal və silahlanma sahəsində ABŞ-la yarışa tab gətirməyən SSRİ beynəlxalq münasibətlərdə yeni təfəkkür tezisi ilə çıxış etməyə başladı.

Bu məqsədlə SSRİ və ABŞ arasında bir sıra zirvə görüşləri (1985-ci ilin noyabrında Cenevredə, 1986-cı ilin oktyabrında Reykyavikdə, 1987-ci ilin dekabrında Vaşinqtonda) keçirildi. 1987-ci ilin dekabrın 8-də orta və yaxn mənzilli raketlərin ləğv olunması barədə saziş imzalandı. 1990-cı ilin noyabrında ATƏM-in iştirakçısı olan ölkələrin nümayəndələrinin Parisdə zirvə görüşündə Yeni Avropa üçün Xartiya (“Paris xartiyası”) qəbul olundu. Xartiyada Avropa ölkələrinin çoxtərəfli əməkdaşlarını genişləndirmək proqramı müəyyən olunmuşdu. Sosializm birliyinə son qoyuldu. SSRİ – ABŞ qarşıdurması bitdi. Bununla da. 1946-cı ildən etibarən davam edən “soyuq müharibə” başa çatdı. Dövlətlərarası münasibətlərin nizama salınmasında İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq təşkilatlar mühüm rol oynadılar. Onların sırasında hələ 1945-ci ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəsna rol oynayırdı. Əgər yaranarkən BMT-nin 50 üzvü var idisə, indi onların sayı 185-ə çatmışdır. BMT-nin mərkəzi orqanı Baş Məclisdir. O, ildə bir dəfə toplanır. Onun sədri hər il yenidən seçilir. Təhlükəsizlik Şurası sülh və təhlükəsizlik məsələləri ilə məşğul olur. Onun beş daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya) və Baş Məclis tərəfindən iki il müddətinə seçilən on üzvü vardır. BMT-nin gündəlik fəaliyyətini Baş katibin rəhbərlik etdiyi Katiblik həyata keçirir. BMT 1990-cı ildə İran körfəzində vəziyyətin sabitləşdirilməsinə, Küveyti işğal edən İraqın cəzalandırılmasında mühüm rol oynamışdı. O, Namibiyada və Yuqoslaviyada münaqişələrin yoluna qoyulmasında da fəal iştirak etmişdi. Hazırda Əfqanıstanda, Kiprdə, Kosovoda və digər qaynar nöqtələrdə münasibətləri qaydağa salmağa səy göstərir.

Top