Böyük Britaniya müharibədən qalib çıxsa da, onun xarici borcu 7 dəfə artmışdı. Bir sıra müstəmləkələrini itirmiş, qalanlarında isə milli-azadlıq hərəkatı genişlənməkdə idi. 1945-ci ildə keçirilən parlament seçkilərində qalib gələn Leyboristlər partiyası Klement Ettlinin başçılığı ilə hökumət təşkil etdilər. Hökumət Hindistan, Seylon, Birma, Fələstin və İordaniyaya istiqlaliyyət verməyə məcbur oldu. 1951-ci ilin parlament seçkilərində mühafizəkarlar qalib gəldilər. Çörçill yenidən baş nazir oldu. Mühafizəkarlar sosial təminat və tibbi xidmət sahələrinə toxunmadılar. Poladtökmə sənayesini və nəqliyyatı yenidən öz keçmiş sahiblərinə qaytardılar. Böyük Britaniya Sudan, Malayya Federasiyası, Qızıl Sahil (Qana), Kipr və Nigeriyaya istiqlaliyyət verdi.
XX əsrin 50-ci illərində Böyük Britaniyanın iqtisadi inkişaf sürəti aşağı idi. Dünya iqtisadiyyatında onun payı azalmışdı. AFR, Fransa, Yaponiya onu ötüb keçmişdi. Müharibədən sonra Qərbi Avropada inteqrasiya prosesi başlayır. Qərbi Avropa dövlətləri bir-biriləri ilə yaxınlaşır, iqtisadi birlik yaradırdılar. Böyük Britaniya bu məsələdə neytral mövqe tuturdu. Buna görə də o, 1957-ci ildə yaradılan Avropa İqtisadi Birliyinə (AİB) daxil olmadı. Böyük Britaniya yalnız 1973-cü ildə AİB-nə qəbul olundu. 60-cı illərin axırlarında Olster problemi kəskin xarakter aldı. Şimali İrlandiya katolik azlığı 1968-ci ildən İrlandiyaya birləşmək uğrunda mübarizəyə başladı. Problem bu gün də kəskin olaraq qalmaqdadır. 1979-cu il seçkilərində mühafizəkarlar qələbə qazandılar. Böyük Britaniya tarixində “dəmir ledi” adlandırılan Marqaret Tetçer baş nazir oldu. O, ölkə tarixində bu vəzifəyə seçilən ilk qadın idi. M.Tetçerin başçılıq etdiyi hökumətin daxili siyasətdə ilk addımı xüsusi sahibkarlığın dirçəldilməsi oldu. “Tetçer erası”nın bir neçə ili ərzində dövlət müəssisələrinin üçdə ikisi özəlləşdirildi. Doqquz milyon ingilis səhm sahibi sahibi oldu. Bələdiyyə idarələrinin milyondan çox mənzili satıldı. Əhalinin 60%-dən çoxu xüsusi mənzil sahibinə çevrildi. Folklend böhranı “dəmir ledi” üçün mühüm sınaq oldu. 1982- ci il aprelin 2-də Argentina Böyük Britaniyaya mənsub olan Folklend adalarına qoşun çıxardı. Tetçer hökumətinin cavab tədbirləri ilə adalar geri qaytarıldı. Lakin iqtisadiyyatın sürətli inkişafı və firavanlıq dövrü uzun sürmədi.
Büdcə kəsiri, inflyasiya, işsizlik artırdı. Buna görə də M.Tetçer 1990-ci ilin noyabrında vəzifəsindən və partiya sədrliyindən istefa verdi. 1997 və 2001-ci illərin parlament seçkilərində leyboristlərin 43 yaşlı lideri Entoni Bleer səs çoxluğu qazanaraq yeni hökumət təşkil etdi. Britaniya hazırda dünyanın iri sənaye dövlətlərindən biridir. Xaricə kapital qoyuluşunun həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur. Fransadan müharibədən sonrakı tarixi üç dövrə bölünür: Müvəqqəti rejim (1944-1946-cı illər), Dördüncü respublika(1946-1958-ci illər) və Beşinci respubika (1958-ci ildən sonrakı dövr). Müvəqqəti jerim dövründə Fransanı Şarl de Qollun başçılıq etdiyi Müvəqqəti hökumət idarə edirdi. Bu hökumət ölkədə bir sıra sosial-iqtisadi islahatlar həyata keçirdi. Şarl de Qoll ABŞ-da olduğu kimi, prezident respublikası yaratmağı təklif edirdi. De Qollun təklifi keçmədi və o, istefa vermək məcburiyyətində qaldı. 1946-cı ilin dekabrında yeni konstitusiyanın qüvvəyəminməsi ilə Fransa tarixində Dördüncü respublikanın on iki illiktarixi başlandı. XX əsrin 50-ci illərində iqtisadi yüksəliş başlandı. Lakin siyasi sabitliyin olmaması, müstəmləkəçi müharibələr, xarici siyasət məsələlərindəki fikir ayrılıqları sosial-iqtisadi inkişaf planlarını axıradək həyata keçirməyə imkan vermədi. Müstəmləkəçilik əleyhinə Əlcəzairdə başlanan müharibə vəziyyəti daha da kəskinləşdirildi. 1958-ci il iyunun 1-də Milli Məclis de Qollu hökumət başçısı seçdi və ona qanunvericilik hüququ olan fövqəladə səlahiyyətlər verdi. 1958-ci ilin sentyabrında keçirilən referendum de Qollun tərtib etdiyi konstitusiyanı bəyəndi. Beşinci respublika yaradıldı.
Yeni konstitusiyaya əsasən Fransa prezident respublikası oldu. 1958-ci ilin dekabrında Şarl de Qoll prezident seçildi. O, iqtisadi sahədə inhisarları möhkəmləndirmək xəttini əsas götürdü. Əsas iqtisadi göstəricilər üzrə Fransa Böyük Britaniyanı ötərək dünyada beşinci yeri tutdu. O, əvvəllərdəki kimi kreditor rolunu oynayırdı. De Qoll müstəmləkə problemini də müdrikliklə həll etdi. 1960-cı ildə Ekvador və Qərbi Afrika müstəmləkələrinə müstəqillik verildi. 1962-ci ildə Əlcəzairə istiqlaliyyət verilməsi haqqında müqavilə imzalandı. Xarici siyasətdə de Qoll qarşısında üç əsas vəzifə qoymuşdu: “Böyük Fransa”nı bərpa etmək; onun müstəqilliyini möhkəmləndirmək; ABŞ-ın Avropadakı təsirini zəiflətmək. De Qoll Fransanı nüvə dövlətinə çevrildi, ölkənin müdafiə qabiliyyəti gücləndirildi. NATO-da üzvlüyünü saxlamaqla onun hərbi təşkilatından çıxdı. De Qollun hakimiyyəti Fransanın iqtisadiyyatını möhkəmlətdi və beynəlxalq nüfuzunu bərpa etdi. 1968-ci ilin mayında çıxış etmiş tələbələrə qarşı güc tətbiq olundu. Bu hadisə ölkənin bütün həyatını iflic etdi. De Qoll vəziyyəti sabitləşdirmək üçün güzəştə getdi. Təminatlı əmək haqqı minimumu 15% yüksəldi, məzuniyyətlər üç həftəyədək uzaldıldı, sahibkarlar həmkarlar ittifaqlarının hüquqları ilə razılaşmağa söz verdilər. De Qoll 1969-cu ildə yerli özünüidarə orqanlarının yenidən qurulması məsələsi üzrə keçirilən referendumda müvəffəqiyyət qazana bilməyərək istefa verdi. De qollçu Jorj Pompidu prezident seçildi. O, iqtisadi həyatın dövlət tənzimlənməsini zəiflətdi, lakin sosial qanunvericiliyi genişləndirdi. ABŞ-la münasibətlər yaxşılaşdırıldı.
1981-ci ildə prezident və parlament seçkilərində sol qüvvələr qələbə çaldılar. Sosialist partiyasının lideri Fransua Mitteran prezident seçildi. Sol hökumət bir sıra tədbirlər həyata keçirdi. Əmək haqqı, işsizliyə, çoxuşaqlılığa görə yardım artırıldı; pensiya və təqaüdlər seçildi; iqtisadiyyata dövlət müdaxiləsi genişləndirildi. 1995-ci ildə Jak Şirak prezident seçildi. 2002-ci ilin prezident və parlament seçkiləri də Jak Şirakın qələbəsi ilə nəticələndi. İkinci Dünya müharibəsi Almaniya üçün faciəli nəticələrlə başa çatdı. Almaniya müstəqil dövlət kimi varlığını itirdi. Onun ərazisi sovet (şərq), ingilis (şimal-şərq), fransız (qərb) və amerikan (cənub) işğal zonalarına bölündü. Müttəfiqlər Krım və Potsdam konfranslarının qərarlarına müvafiq olaraq Almaniyaya münasibətdə demilitarizasiy, denasifikasiya və demokratikləşdirmə prinsiplərindən ibarət üç “D” siyasətini həyata keçirmədilər. Təzminat alınması dayandırıldı. 1948-ci ilin iyununda pul islahatı keçirildi. Buna cavab olaraq SSRİ Qərbi Berlini blokadaya aldı. Bu, “soyuq müzahirə”nin ilk təzahürü oldu. Nəticədə 1949-cu ilin may ayında AFR Konstitusiyası qüvvəyə mindi. Konstitusiya Almaniya Federativ Respublikasını (AFR) parlamentli respublika elan etdi. Bonn şəhəri yeni dövlətin paytaxtı elan olundu. AFR-in ilk federal kansleri Adenauer AFR-in siyasi cəhətdən möhkəmləndirilməsində, demokratik dövlət kimi formalaşması və inkişafında, iqtisadi tərəqqisində böyük rol oynamışdı. 1949-cu il oktyabrın 7-də sovet işğal zonasında Almaniya Demokratik Respublikası yaradıldı. Şərqi Berlin onun paytaxtı oldu.
Ucuz işçi qüvvəsindən istifadə 50-ci illərdə iqtisadiyyatın sürətli inkişafına səbəb oldu. Bunu obrazlı olaraq “alman möcüzəsi” adlandırırdılar. Xarici siyasətdə ABŞ-a meyillik AFR-in beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi. 1951-ci ildə onun ərazisində işğal rejimi ləğv edildi. 1957-ci ildə AFR AİB-ə daxil oldu. Almaniya ilə Fransanın tarixi barışması baş verdi. 1969-cu il seçkilərində qalib gələn sosial-demokratlar azad demokratlarla ittifaqa girərək “Kiçik koalisiya hökumət”ini təşkil etdilər. Ona sosial-demokratların lideri Villi Brant başçılıq edirdi. Brant hökuməti AFR-in “Yeni Şərq siyasəti”ni reallaşdırdı. Bu siyasət nəticəsində Şərqi Avropada müharibədən sonrakı sərhədlər tanındı, ADR-lə dövlətlərarası münasibətlər yaradıldı. Qərbi Berlinin statusu haqqında razılığa gəlmək mümkün oldu. Bütün bunlar “Münhen amirliyi” adlandırılan siyasətin sonu demək idi. V.Brandta qarşı birləşmiş qüvvələr 1974-cü ilin mayında onun vəzifəsindən uzaqlaşdırılmasına nail oldular. Hökumətə sosial-demokrat Helmut Şmidt başçılıq etməyə başladı. Qüvvələrin yenidən qruplaşması xristian-demokratların 13 ildən sonra yenidən hakimiyyətə gəlməsinə şərait yaratdı. Xristian-demokrat ittifaqının lideri Helmut Kol federal kansler oldu. Yeni hökumət vergiləri və dövlət xərclərini azaltdı, biznesin dövlət tənzimlənməsini zəiflətmək, rəqabəti stimullaşdırmaq üçün tədbirlər gördü. 1983-cü ildən ölkədə iqtisadi yüksəliş başlandı. 1990-cı il oktyabrın 3ıdə Şərqi Almaniya ərazisi üzərində AFR bayrağı qaldırıldı. Birləşmiş Almaniyanın tərəqqisi üçün böyük səylər göstərildi və uğurlu nəticələr əldə edildi.
1946-cı ilin iyununda, İtaliyada ümumxalq referendumu və eyni zamanda Müəssislər Məclisinə seçkilər keçirildi. Yerlərin çoxunu XDP qazandı. İtaliya respublika elan olundu. Partiyanın lideri Alçide Qasperi (1881-1954) hökumətin başçısı oldu. Müharibədən qalib çıxmış dövlətlər 1947-ci ilin fevralında İtaliya ilə sülh müqaviləsi imzaladılar. Həmin müqaviləyə görə İtaliya müstəmləkələrindən məhrum edildi. 1948-ci ilin yanvarında qüvvəyə minmiş yeni konstitusiyaya əsasən hər cür ayrıseçkilik qadağan olundu. Qadınlar kişilərlə bərabər hüquq aldılar. Andlı məhkəmə yaradıldı. Məhkəmə hakimiyyətinin müstəqil olması tətbiq olundu. Çoxpartiyalı sistem və proporsional seçki qaydası tətbiq edildi. XX əsrin 60-cı illərinin sonlarında Almaniyada olduğu kimi, İtaliyada da “sol” və “sağ” ekstremist terrorçu təşkilatlar meydana gəlmişdi. 1974-cü ildə İtaliyanı iqtisadi böhran bürüdü. XDP sol cərəyanının rəhbəri Aldo Moro 1978-ci ilin martında kommunistlərlə saziş imzaladı. 1992-ci ildə İtaliyada “Təmiz əllər” adını almış irimiqyaslı kampaniya həyata keçirildi. 1998-ci il parlament seçkilərində Demokratik Sol qüvvələr partiyası (DSQP) qalib gəldi və onların lideri Masimo de Alema hökumət formalaşdırdı. Lakin İtaliyada hələ də tam siyasi sabitlik yoxdur.