ABŞ ikinci dünya müharibəsindən sonrakı dövrdə

ABŞ ikinci dünya müharibəsindən sonrakı dövrdə

ABŞ ikinci dünya müharibəsindən hərbi, siyasi və iqtisadi cəhətdən ən güclü ölkə kimi çıxdı. 1945-ci ilin aprelin 12-də F.D.Ruzvelt vəfat etdikdən sonra ABŞ-da prezident vəzifəsini vitse-prezident Harri Trumen icra etməyə başladı. Trumen iqtisadi və sosial sahələrdə F.D.Ruzveltin “Yeni xətt” siyasətini davam etdirdi. 1944-1946-cı illərdə bir sıra qanunlar qəbul olundu. “Hüquqlar haqqında əsgər billi” qanununa əsasən ordu sıralarından tərxis edilənlərə təhsil və mənzil tikmək üçün kredit almağa, bizneslə məşğul olmağa imkan yaradan xeyli imtiyazlar verildi. Minimum əmək haqqının artırılması, sosial müdafiə sisteminin genişləndirilməsi və ucuz mənzillər tikilməsi proqramı qəbul edildi. ABŞ-da “firavanlıq dövləti” yarandı. Müharibədən sonra sosial və əmək münasibətləri də kəskinləşdi. Bu, öz təzahürünü 1947-ci ildə Konqresdə çoxluq təşkil edən respublikaçıların təkidi ilə qəbul olunmuş Taft-Xartli qanununda tapdı. Bu qanun həmkarlar ittifaqlarının fəaliyyətini və əmək münasibətlərini tənzimləyirdi. Müharibədən sonra ABŞ xarici siyasətdə “zor işlətmək”, “müharibə həddində müvazinət”, “total qarşıdurma” doktrinaları irəli sürdü. Trumen doktrinası və Marşall planı təklif olundu. Trumen doktrinası Yunanıstan və Türkiyədə sovet təsirinin güclənməsi əleyhinə çevrilmişdi. Marşall planı isə Avropadakı müttəfiqlərinə müharibə dövründə dağılmış iqtisadiyyatını bərpa etməsinə kömək üçün nəzərdə tutulmuşdu.

ABŞ dünyanı “amerikasayağı” idarə etmək üçün geniş proqram həyata keçirdi. Prezident yanında Milli Təhlükəsizlik Şurası yaradıldı. Mərkəzi Kəşfiyyat İdarəsi fəaliyyətə başladı. Dünyanın bir sıra yerində ABŞ-ın hərbi bazaları yaradıldı. 1952-ci ildə respublikaçı Duayt Eyzenhauerin prezident seçilməsi ilə respublikaçıların Ağ evdə 20 illik fasilə vermiş hakimiyyəti başlandı. D.Eyzenhauer iqtisadi və sosial sahədə dövlətin tənzimedici rolunu artırmaq xəttini davam etdirdi. Bu sahədə bir sıra tədbirlər həyata keçirtdi: vergiləri azaltdı, səmərəli bazar və kredit siyasəti yeritməyə başladı. Nəticədə ABŞ iqtisadiyyatında irəliləyiş təmin olundu. Amerikalılar ilk dəfə olaraq “firavanlıq dövləti”nin bəhrəsini gördülər. Öz xüsusi evləri və mənzilləri olan ailələrin xüsusi çəkisi ikiqat artdı, əhalinin yarısı gəlirinə görə orta təbəqəyə çevrildi. 1960-cı ilin prezident seçkilərində qalib gələn C.F.Kennedi “yeni üfüqlər” adlanan islahat proqramı irəli sürdü. Con Kennidinin siyasi xətti mühafizəkarların və irqçilərin müqavimətə səbəb oldu. O, 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində öldürüldü. Bu hadisə tarixə “Əsrin cinayəti” kimi daxil oldu. 1964-cü ildə növbəti seçkilərdə qələbə çalan Lindon Conson prezident oldu. O, Kennedinin xəttini davam etdirərək vətəndaş haqları, yoxsulluqla mübarizə sahəsində kompleks islahatlar nəzərdə tutan “böyük cəmiyyət” proqramına başlandığını elan etdi. 50-ci illərdə zənci əhalisinin hüquqları uğrunda hərəkat yeni mərhələyə daxil oldu. Bu hərəkata qeyri-zorakı hərəkatlar taktikasının tətbiqi tərəfdarı olan gənc keşiş Martin Lüter Kinq başçılıq edirdi.

1956-cı ildə Ali Məhkəmə irqi ayrı-seçkiliyin konstitusiyaya zidd olduğunu etiraf etdi. Amerikanın mühafizəkar və irqçi dairələrinin tutduğu qatil tərəfindən 1968-ci il aprelin 4-də zənci hərəkatının başçısı Martın Lüter Kinq qətlə yetirildi. 1968-ci il prezident seçkilərində demokratlar məğlub oldular. Respublikaçı Riçard Nikson prezident seçildi. ABŞ-ın siyasi tarixində yenidən respublikaçılar dövrü başlandı. Onlar 1968-1992-ci illərdə keçirilən 6 prezident seçkisinin 5-də qalib gəlmişdilər. Niksonun prezidentlik dövründə “Uotorgeyt əhvalatı” baş verdi. 1972-ci il seçkiləri zamanı R.Niksonun yenidən prezident seçilməsi kampaniyası ilə bağlı bir qrup şəxs Vaşinqtonda Uotorgeyt otelində demokratları xəlvəti dinləmə qurğusu qoyarkən yaxalandı. R.Nikson 1974-cü ildə istefa verməyə məcbur oldu. Bu, ABŞ tarixində ilk belə hadisə idi. Respublikaçılar partiyasının nüfuzuna ciddi zərbə vuruldu. 1980-ci il prezident seçkilərində respublikaçı Ronald Reyqan qələbə qazandı. ABŞ-ın müharibədən sonrakı tarixində yeni dönüş prezident Reyqanın adı ilə bağlıdır. O, “mühafizəkar inqilab” adlandırılan xətt irəli sürdü. Reyqan hələ F.Ruzvelt vaxtından demokrat prezidentlərin qəbul etdikləri dövlətin iqtisadiyyatı tənzim etməsi, sosial komprosimlərə yol verilməsi taktikasından imtina edərək, bazar iqtisadiyyatı şəraitində sahibkarlığı canlandırmaq yolu ilə istehsalı yüksəltmək xəttini götürdü. Bu proqram “Reyqanomika” adını almışdı. “Reyqanomika” proqramının həyata keçirilməsi sayəsində iqtisadi böhran dayandırıldı, inflyasiya və işsizlik aşağı salındı, gəlir vergisi azaldıldı, iqtisadiyyatın yüksəliş səviyyəsi sürətləndi.

Bütün bunlar Reyqanın 1984-cü il prezident seçkilərində qələbəsini təmin etmək siyasətini yeridirdi. Onun hökuməti ABŞ-ın strateji silahları yeniləşdirmək, sonra isə “ulduzlar müharibəsi” proqramı adlandırılan “strateji müdafiə təşəbbüsü” (SMT) vəzifəsini irəli sürdü. Reyqan 1985-1988-ci illərdə SSRİ rəhbərliyi ilə yüksək səviyyədə bir sıra görüşlər keçirdi. Bu görüşlərin başlıca nəticəsi orta və yaxınmənzilli raketlərin ləğvi haqqında müqavilənin qüvvəyə minməsi oldu. Bu, tarixdə nüvə ehtiyatının bir hissəsinin məhv edilməsi haqqında ilk saziş idi. 1988-ci il prezident seçkilərində qələbə çalmış Corc Buş Reyqanın xəttini davam etdirdi. Onun prezidentlik dövrü dünya miqyasında böyük hadisə olan “soyuq müharibə”yə son qoyulması ilə səciyyələnirdi. 1992-ci il prezident seçkilərində demokratların namizədi Bill Klinton qalib gəldi. Bill Klinton “üçüncü yol” siyasətini təklif etdi. Bu siyasət özündə Ruzveltin “Yeni xətt”inin və 60-cı illər liberalizminin təcrübəsini əks etdirirdi. 200-ci ilin prezident seçkilərində kiçik Buş prezident seçildi. Hazırda ABŞ dünyanın fövqəldövləti, üç güc mərkəzindən biridir. Müasir ABŞ iqtisadi inkişafın yüksək səviyyəsinə çatmış, güclü elmi-texniki potensiala malik ən qiymətli ölkədir. ABŞ, həmçinin dünya təsərrüfat əlaqələrinin yaradılmasında generator rolu oynamaq iddiasındadır. İndi o, irticaya, beynəlxalq terrorizmə qarşı mübarizənin başlıca qüvvəsidir. Əfqənistanda, İraqda və digər bölgələrdə terrorizmə qarşı aparılan mübarizə bunu bir daha təsdiq edir.

Top