Birinci Dünya müharibəsinin geosiyasi nəticələrindən biri də liberal-demokratizmə alternativ sistemlərin meydana gəlməsi idi. Müharibədən bir müddət sonra bəzi ölkələrdə yeni siyasi hakimiyyət formalaşdı. Onlar sonradan totalitarizm adını aldılar. “Totalitarizm” sözü mənaca hər şeyi əhatə etmək deməkdir. Totalitar tipli dövlətlərdə hakimiyyət cəmiyyət həyatının, hətta vətəndaşların şəxsi həyatı daxil olmaqla bütün sahələrinə tam nəzarət edir. Totalitarizmdə demokratik azadlıqlar ləğv edilir. Mədəniyyət, ictimai fikir vahid ideologiyaya xidmət etməyə yönəldilir. “Lazım olmayan” ləğv və ya məhv olunur. İqtisadiyyatda hərtərəfli dövlət nəzarəti bərqərar olur. Totalitarizmdə rəsmi idarəetmə sistemindən və ictimai quruluşdan asılı olmayaraq, hakimiyyət diktatorun və ya bir qrup “rəhbərin” əlində cəmləşir. Sözsüz ki, belə vəziyyət uzun sürmür. Bu tip dövlətlər tezliklə iflasa uğrayırlar. Nasist Almaniyasında və keçmiş SSRİ-də belə olmuşdur. Böyük böhranın törətdiyi çətinliklərdən istifadə edən nasistlər populist vədlərlə hakimiyyətə gəldilər. 1933-cü il yanvarın 30-da prezident P.Hindenburq Adolf Hitleri reyxskansler təyin etdi. Hitler ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı.
1933-cü ilin fevralında nasional-sosialist hökumətinin təklifi əsasında prezident Veymar konstitusiyasının müəyyənləşdirdiyi bütün azadlıqları ləğv etdi. Nasist partiyası istisna olmaqla, bütün siyasi partiyalar qadağan olundu. Gizli polis (gestapo) yaradıldı. 1934-cü ilin avqustunda prezident Hiddenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. İtaliya Birinci Dünya müharibəsindən qalib dövlətlər sırasında məğlub ölkə kimi çıxmışdı. Müharibədən sonra ölkədə sosial ziddiyyətlər daha da kəskinləşmişdi. Bu məqsədlə xüsusi dəstələr yaradırdılar. Onlardan biri də Benito Mussolininin 1919-cu ildə yaratdığı “Faşist mübarizə dəstələrinin ittifaqı” idi. Faşistlərin ilk toplanışı 1919-cu il martın 23-də Milanda keçirilmişdi. Onların proqramının əsasını üç başlıca ideya təşkil edirdi: əməkdalıq, onu təmin edən güclü dövlət hakimiyyəti, millətçilik (“Millət hər şeydən üstündür”). Faşistlərin antidemokratik, terrorçu hərəkətlərinə qarşı 1921-ci ilin yayında İtaliyanın bir çox şəhərlərində “Xalq cəsurları” təşkilatı yarandı. Bu təşkilatlar faşist quldur dəstələrinə qarşı çıxır, zəhmətkeşlərin nümayiş və tətillərini onlardan müdafiə edirdilər. 1922-ci ilin oktyabrında Neapolda faşistlərin 40 minlik toplanışında “Romaya yürüş” elan olundu. Mussolini hökumətə başçılıq etmək üçün kral III Viktor Emmanuil tərəfindən Romaya dəvət olundu. O, qatarla Romaya gəldi. Beləliklə, “faşist inqilabı” sona yetdi. Xalq arasında onu istehza ilə “yataq vaqonunda inqilab” adlandırırdılar. Dövlət çevrilişi nəticəsində faşistlər hakimiyyətə gəldilər. İlk faşist hökuməti yaradıldı. Konstitusiya azadlıqları ləğv edilməyə başladı.
1922-ci ilin dekabrında Mussolini başda olmaqla “Böyük faşist şurası” yaradıldı. 1924-cü ildə İtaliyada saxtakarlıq və terror şəraitində parlament seçkiləri keçirildi. Seçkilərdə səslərin əksəriyyətini faşistlər aldılar. Qəbul edilən bir sıra qanunlar faşist diktaturasının formalaşmasına kömək etdi. 1926-cı ildə qəbul olunmuş qanunla Mussoliniyə diktatorluq səlahiyyəti verildi. Böyük böhran İspaniyada da vəziyyəti dəyişdi. Diktator M.Primo de Rivera 1930-cu ilin əvvəlində istefa verməli oldu. 1930-cu ilin avqustunda İspaniya Sosialist Fəhlə Partiyası (İSFP) və respublikaçı partiyalar arasında respublika uğrunda birgə mübarizə barədə saziş imzalandı. Bu, tarixə San-Sebastyan paktı kimi daxil olmuşdur. 1931-ci ilin aprelində bələdiyyələrə keçirilən seçkilərdə respublikaçılar qələbə çaldılar. Kral XIII Alfonso ölkəni tərk etməli oldu. İspaniya respublika elan olundu. 1936-cı ilin yanvarında Xalq Cəbhəsi yaradılması barədə saziş imzaladılar. Həmin ildə keçirilən parlament seçkilərində onlar qalib gəldilər. Bu, ölkədə siyasi vəziyyəti daha da gərginləşdirdi. 1936-cı ilin iyulunda Xalq Cəbhəsi respublikası əleyhinə qiyam baş verdi. Qiyama general Fransisko Franko başçılıq edirdi.