Böyük Britaniya müharibədən qalib çıxmış ölkələrdən biri idi. Buna baxmayaraq o, müharibə illərində milli sərvətlərinin üçdə bir hissəsini itirmişdi. 1924-cü ilin yanvarında başda Ramsey Maqdonald olmaqla leyboristlər hakimiyyətə gəldilər. Bu, leyboristlərin Böyük Britaniya tarixində ilk hökuməti idi. Birinci leyborist hökuməti bir sıra sosial tədbirlər həyata keçirdi. Lakin seçkiqabağı vədlərin çoxunun yerinə yetirilməməsi hökumətə qarşı narazılığı artırdı. 1924-cü ilin oktyabrında keçirilən seçkilərdə leyboristlər məğlubiyyətə uğradılar. Qələbə qazanmış mühafizəkarlar Stenli Bolduin başda olmaqla yeni hökumət təşkil etdilər. Sosial-iqtisadi və siyasi sabitlik dövrü olmasına baxmayaraq, Böyük Britaniyanın kömürçıxarma sənayesi dərin böhran keçirirdi. Fəhlələri lokautla hədələyən kömür sənayeçilərinə qarşı 1926-cı il may ayının 4-də bütün ölkədə şaxtaçıların ümumi tətili başlandı. Qarşıdurmanın ən yüksək nöqtəsi 1927-ci ildə “Sənayedə münaqişələr və tred-yunionlar haqqında” qanunun qəbul edilməsi oldu. 1929-cu ildə keçirilən növbəti parlament seçkilərində onlar məğlubiyyətə uğradılar. Leyboristlər R.Makdonald başda olmaqla ikinci leyborist hökumətini təşkil etdilər. Müharibə nəticəsində Fransa iqtisadiyyatı çox ağır vəziyyətə düşmüşdü. Ölkə maliyyə cəhətdən ABŞ və Böyük Britaniyadan asılı idi.
1919-cu il parlament seçkiləri ərəfəsində R.Puankare, A.Milyeran və A.Brianın başçılığı ilə 6 respublikaçı partiya tərəfindən yaradılan Milli blok daxili böhranı aradan qaldırmağa səy göstərdi. 1924-cü il seçkilərində E.Errionun başçılıq etdiyi Sol blok qələbə çaldı. Lakin Sol blok sabit hakimiyyət yarada bilmədi. Errionun ikinci hökumətini Puankarenin başçılıq etdiyi Milli birlik hökuməti əvəz etdi. Hökumət iqtisadi çətinlikləri aradan qaldırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirdi. Vergilərin artırılması, dövlət məmurlarının əmək haqlarının azaldılması sayəsində frankın sabitləşməsi təmin edildi. Birinci Dünya müharibəsindən məğlub və iqtisadiyyatı dağıdılmış vəziyyətdə çıxmış Almaniya öz qəddini düzəltməyə başladı. Reyn təminat Paktı da Almaniyanın dirçəlməsinə kömək etdi. Bu fakt müharibədən sonra Almaniyanın bərabərhüquqlu tərəfkeş kimi tanınmsında ilk addım idi. Tarixdə 1924-1929-cu illər Veymar Respublikasının “qızıl əsri” adlandırılır. Almaniyanın bu dövr tarixinin ən faciəli hadisələrdən biri Nasist partiyasının meydana çıxması və hakimiyyətə gəlməsidir. Bu partiya, 1919-cu ilin yanvarında yaradıldı. O, əvvəl Almaniya fəhlə partiyası, 1920-ci ildən “Almaniya nasional-sosialist fəhlə partiyası” adlanmışdır. Bu partiyanın görkəmli lideri (füreri) Adolf Hitler oldu. 1923-cü ilin noyabrında nasistlər “pivə” qiyamına təşkil etməyə cəhd göstərdilər. Lakin qiyam baş tutmadı. A.Hitler 5 il həbsə məhkum edildi. O, cəmi 7 ay həbsxanada qaldı. Hitler həbsxanada olarkən özünün “Mayn Kampft” (“Mənim mübarizəm”) kitabını yazır.
Birinci Dünya müharibəsinin qalib dövlətlərindən biri də Amerika Birləşmiş Ştatları idi. Müharibə onun üçün mənfəət işi, “böyük biznes” işi olmuşdu. ABŞ kapital ixrac edən ölkədən, onu ixrac edən, borc alan ölkədən borc verən ölkəyə çevrilmişdi. 1920-ci il prezident seçkilərində müxalifətdə olan respublikaçı U.Hardinq prezident seçildi. Onun hakimiyyəti sabitlik dövrünə təsadüf edir. ABŞ 1923-cü ildə sənaye istehsalının göstəricilərini müharibədən əvvəlki səviyyəyə çatdırdı və onu 42% ötüb keçdi. Fordun zavodlarında ilk dəfə konveyer iş sisteminə keçildi, xronometrajdan istifadə olunmağa başlandı. 1923-cü ilin avqustunda prezident U.Hardinq Alyaskaya səyahəti zamanı vəfat etdi. 1924-cü ilin noyabrında Respublikaçılar partiyasından Kalvin Kulic prezident seçildi. Kulicin “Amerikanın işi biznesdir” şüarı 1924-1928-ci illərdə ABŞ-ın iqtisadi inkişafına güclü təkan verdi. Prezident Kulic dövründə ciddi tədbirlərdən biri mühacirət (immiqrasiya) qanunlarında dəyişikliklər edilməsi olmuşdu. Şərqi Asiya ölkələrindən mühacirət qadağan olunmuş, digər ölkələrdən isə mühacirət edənlərə məhdudiyyət qoyulmuşdu. Bu da Avropadan ABŞ-a azad mühacir axınının qarşısını almışdı. 1928-ci il seçkilərində sənayeçi milyoner Herbert Huver prezident seçildi. Onun prezidentlik illəri sabitləşmənin sona yetməsi, dünya iqtisadi böhranının başlanması dövrünə təsadüf edir.