Buğumayaqlıların törətdiyi və yaydığı xəstəliklər

Buğumayaqlıların törətdiyi və yaydığı xəstəliklər

Buğumayaqlılar vasitəsilə yayılan xəstəliklər iki qrupa bölünür:
1.Yalnız buğumayaqlılar vasitəsilə yayılan xəstəliklər — Səpgili yatalaq, malyariya, sarı qızdırma
2.Həm buğumayaqlılar, həm də abiotik amillər vasitəsilə yayılan: Taun, tulyaremiya
Buğumayaqlılar vasitəsilə yayılan virus xəstəlikləri məlumdur. Xəstəliklərin yayılmasında gənələr çox təhlükəlidir. Bir sıra heyvanların bədənində yaşayan gənələr həm onlara, həm də yoluxduğu insana ziyan verir. Müxtəlif xəstəlik törədiciləri gənələrin bədənində çoxalır və uzun müddət sağ qalır. Buğumayaqlılar
Qamazid gənələr
Bir qismi sərbəst yaşayır, bir qismi isə parazitlik edir. Çoxalma qabiliyyətləri zəifdir. Dişlədiyi yerlərdə dermatit* əmələ gəlir. Gənə ensefaliti, Yapon ensefaliti, Asiya gənə səpgili yatalağı, taun və s. yoluxdurur.
Qırmızıbədən gənələr
Sürfə mərhələləri qırmızı rəngli olduğu üçün belə adlanır. İnsana susu-qamusi xəstəliyini yoluxdurur.
İksoid gənələr
Dünyanın bütün qitələrində rast gəlinir. Əsasən, məməlilərdə parazitlik edir. Gənə ensefaliti, tülyaremiya və s. keçirir.
Arqazid gənələr
Məməli və quş yuvalarında, insanın yaşadığı yerlərdə yaşayır. Qayıdan yatalaq, səpgili yatalaq, taun törədicilərini gəzdirir.
Qoturluq gənəsi
Toxumalara daxil olaraq insanda qoturluq xəstəliyi yaradır.
Qoturluq axşam və gecə saatlarında güclənən qaşınma ilə özünü göstərir. Qaşınma gənələrin mexaniki təsirindən deyil, bu parazitlərin ifraz etdiyi maddələrə qarşı allergiya zamanı əmələ gəlir. Epidermisin buynuzlaşmış təbəqəsi altında dişi gənə gündə 2-3 yumurta qoyur. Yumurtalarda sürfələr əmələ gəlir ki, bunlar da 2 həftə inkişaf dövrü keçirdikdən sonra yetkin fərdə çevrilir. Sonra onlar dərinin səthinə qalxır və mayalanır. Erkəklər mayalanmadan sonra məhv olur, dişilər isə ya yenidən öz sahibinin, ya da yeni sahibin dərisinə daxil olur. Yoluxma məişət əşyaları ilə, təmas vasitəsilə, geyim, yataq dəsti və s. ilə baş verir. Dəriyə sürtülən kükürd mazı və benzilbenzoat xəstəliyin müalicəsi üçün əsas preparatlardandır.
Birələr
Müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar və digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar.
Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də gəzdirir.
Ağcaqanadlar
Tundradan tutmuş səhralara qədər yayılmışdır. Bəzi yerlərdə o qədər olurlar ki, hətta insanların normal həyat tərzini pozurlar. Malyariya parazitinin yayılmasında ağcaqanadların əsas sahib rolunu oynadığını bilirsiniz. Ağcaqanadlar həm də tulyaremiyanın, müxtəlif növ ensefalitlərin, qızdırmaların və s. də daşıyıcısıdır.
Hünülər (mığmığalar)
Ağcaqanadlar kimi hünülərin dişiləri də qan sorduqları üçün təhlükəlidir. Bunlar panataçı qızdırması, dəri və daxili üzvlərin (visserial) leşmaniozu kimi xəstəlikləri yayır və epidemiyalara səbəb ola bilirlər. Onlar müxtəlif heyvanların sığınacaqlarında və saxlandığı yerlərdə olur.
Bitlər
Səpgili yatalaq, Volin qızdırması və qayıdan yatalaq törədicilərinin keçiriciləridir. Qayıdan səpgili yatalaq xəstələrdən sağlam insana yalnız bitlər vasitəsilə keçir. Bitlərin sancdığı yerlər qaşınan zaman onlar qaşınan yerdə əzilir. Bu zaman bitin bədənində olan parazitlər dərinin tamlığı pozulduğu yerdən insanın bədəninə daxil olur. Bitlərin baş biti, paltar biti, qasıq biti kimi növlərinin hamısı ektoparazitlərdir.
Milçəklər
Müxtəlif növləri yaşayış məntəqələrində insanların və heyvanların qanını sorur. Onlar 70 növə qədər mikroorqanizm daşıyıb müxtəlif xəstəliklərə səbəb ola bilir. Dizenteriya, qarın yatalağı, vəba, polimielit, difteriya, vərəm, qarayara, taun və s. kimi xəstəliklər buna misal ola bilər.
Göründüyü kimi, qansoran buğumayaqlılar insanda müxtəlif xəstəliklərin daşıyıcısı olmaqla bərabər, sancdıqlan yerdə allergik reaksiya da doğura bilərlər. Belə reaksiyaları azaltmaq üçün antihistamin preparatlardan istifadə olunur. Ən çox yayılan insan ektoparazitləri bitlərdir ki, onlar saç və dəri xəstəliklərinə səbəb olur.
Bitə yoluxmuş xəstələrin sayının artması müharibələr, fəlakətlər, insanların sıx antisanitariya şəraitində yaşadığı zaman baş verir. Bitlər insandan insana bilavasitə təmasda olduqda və ya məişət əşyaları, geyim, yataq dəsti vasitəsilə ötürülür. Dəri qaşınmaları, saçlara yapışmış sarımtıl- ağ sirkələr (bitlərin yumurtaları) bitlənmənin əsas simptomlarıdır.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
Top