İnfeksion xəstəliklərin ümumi xarakteristikası və müalicə prinsipləri

İnfeksion xəstəliklərin ümumi xarakteristikası və müalicə prinsipləri

İnfeksion xəstəliklər insanı onun heyvanlar aləmindən ayrıldığı və növ kimi təşəkkül tapdığı andan müşayiət edir. Cəmiyyət əmələ gəldikcə və insanın sosial həyat tərzi inkişaf etdikcə bir çox infeksiyalar kütləvi yayılmışdır.
İnfeksion xəstəliklərin bütün dövrlərdə çox geniş yayılması milyonlarla insanın ölümü ilə nəticələnmiş, həm də insan ömrünün qısalmasının əsas səbəbi olmuşdur. Keçmişdə insan ömrü 20-30 ildən artıq deyildi. Afrikanın bəzi rayonlarında indi də 35-40 ildir.
İnfeksion xəstəliklər insan xəstəliklərinin patogen virusların, bakteriyaların, ibtidailərin törətdiyi geniş qrupudur.
İnfeksion agentin insan orqanizmi ilə qarşılıqlı təsir formaları müxtəlif ola bilər və infeksiyalaşma şəraitindən, törədici mikrobun bioloji xassələrindən və mikroorqanizmin xüsusiyyətlərindən asılıdır. Göstərilən qarşılıqlı təsirin bir neçə forması təsvir edilmişdir.
Ətraf mühit özünün fiziki, kimyəvi, bioloji amilləri ilə mikroorqanizmlərin çoxuna məhvedici təsir göstərir. Bu amillərdən ən başlıcası xarici mühitin temperaturu, qurutma, radiasiya, dezinfeksiyaedici vasitələr, başqa mikrobların antaqonizmidir.
İnfeksion xəstəliklər qeyri-infeksion xəstəliklərdən yoluxuculuq, etioloji agentin spesifikliyi və xəstəlik prosesində immunitetin yaranması kimi əsaslı xüsusiyyətlərlə fərqlənir.

Törədici mikrobun orqanizmə daxil olduğu andan xəstəlik simptomlarının klinik təzahürünədək müəyyən vaxt keçir. Buna inkubasiya dövrü (gizli dövr) deyilir. Onun müddəti müxtəlif ola bilər. Bəzi xəstəliklərdə (qrip, botulizm) inkubasiya dövrü bir neçə saat, digər xəstəliklərdə (quduzluq, virus hepatiti) isə bir neçə həftə, hətta ay olur. Əksər infeksion xəstəliklərin inkubasiya dövrü 1-3 həftədir.
İnkubasiya dövrünün başlanğıcında orqanizmdə fizioloji funksiyalar dəyişilir. Bu dəyişikliklər müəyyən səviyyəyə çatanda, klinik simptomlarla ifadə olunur. Xəstəliyin ilk klinik əlamətlərinin meydana çıxması ilə onun prodromal, yaxud xəbərverici dövrü («müjdəçi əlamətlər» dövrü) başlanır. Onun simptomları (kefsizlik, başağrısı, əzginlik, yuxunun pozulması, iştahanın azalması, bəzən bədən temperaturunun azacıq yüksəlməsi) bir çox infeksion xəstəliklərə xasdır. Buna görə də həmin dövrdə diaqnoz qoymaq çox çətin olur. İnfeksion xəstəliklərin çoxunda prodromal dövr 1 -3 gün çəkir.
Simptomların artması dövrü adətən, 2-4 gündən artıq çəkmir. Xəstəliyin tam inkişaf dövrü — bir neçə gündən (qızılca, qrip), bir neçə həftəyə qədər (qarın yatalağı, viruslu hepatit, brusellyoz) olur. Həmin dövrdə bu və ya digər infeksion forma üçün səciyyəvi simptomlar daha aydın təzahür edir.
Xəstəlik nəticəsində pozulmuş bütün funksiyalar bərpa olduqda xəstə tamam sağalır, qalıq təzahürlər saxlandıqda isə sağalma natamam olur.
İnfeksion xəstəliklərin müalicəsi kompleks, etioloji və patogenetik baxımdan əsaslı, orqanizmin vəziyyəti, xəstəliyin ağırlığı və fazaları nəzərə alınmaqla fərdi olmalıdır.
Kompleks terapiya zamanı infeksion xəstəliklərin inkişafında iştirak edən bütün amillər nəzərə alınır. Törədici mikrobun aktivliyini azaltmaq və toksinlərini neytrallaşdırmaq, orqanizmin infeksiya ilə mübarizədə qoruyucu qüvvələrini artırmaq və pozulmuş daxili mühitin bərpasın­dan ötrü, aparıcı patogenetik amilə təsir göstərmək üçün müxtəlif dərmanlardan istifadə olunur.
Törədici mikroba təsir göstərmək üçün antibakterial preparatlar (kimyaterapiya, antibiotikoterapiya), bakteriofaqlar (faqoterapiya), immun serumlar, spesifik qammaqlobulinlər (seroterapiya) tətbiq olunur.
Orqanizmə təsir göstərərkən immunogenezi tənzimləyən spesifik təsirli preparatlardan, o cümlədən, vaksinlərdən (vaksinoterapiya) və qeyri-spesifik təsirli vasitələrdən, yəni vitaminlərdən (vitaminoterapiya), qan preparatlarından (hemoterapiya), habelə pirimidin törəmələrindən (metilurasil, penteksil), qlükokortikosteroid hormonlardan və s. istifadə edilir.

Fərdi terapiyanın aparılması xəstəliyin dövrünü, formasını, gedişini, ağırlığını nəzərə almağı, müfəssəl patogenetik diaqnozun qoyulmasını və xəstənin yaşına, orqanizminin xüsusiyyətinə diqqət yetirilməsini tələb edir. Bununla da müasir tibb qədim (Hippokrat, İbn Sina, M.Y.Mudrov) «müalicə xəstəliyin müalicəsindən ibarət deyil, müalicə xəstənin özünün müalicəsindən ibarətdir» tezisini təsdiq edir. İnfeksion xəstələrin müalicəsində rejim, qida, ətraf mühitin gigiyenası mühüm amillərdir.
İnfeksion patologiyada antibiotikoterapiya daha böyük praktik əhəmiyyətə malikdir. Onun əsas prinsipləri aşağıdakılardır:
1) xəstəliyin törədici mikroblarının ayrılması və identifikasiya edilməsi, yəni növünün müəyyənləşdirilməsi, onun antibiotikoqramının öyrənilməsi;
2) daha aktiv və daha az toksik preparatın seçilməsi;
3) antibiotikin optimal dozasının və yeridilməsi metodunun müəyyən edilməsi;
4) müalicənin vaxtında başlanması və antibiotikoterapiya kursunun lazımi müddətdə aparılması;
5) antibiotik təyin edilən zaman əlavə təzahürlərin xarakterinin və tezliyinin məlum olması;
6) antibakterial effekti gücləndirmək məqsədilə antibiotiklərin bir-birilə və başqa preparatlarla kombinasiya edilməsi.

Antibiotiki birinci növbədə törədici mikrobun növünə görə təyin edirlər. Məlumdur ki, penisillin qrupu preparatları (benzilpenisillin duzları, bisillin, fenoksimetilpenisillin, oksasillin, ampisillin, karbenisillin), qram-müsbət kokklara (streptokoklara, stafilokoklara, pnevmokoklara) və qram-mənfi kokklara (qonokokklara, meninqokokklara), habelə qarayara çöplərinə, klostridlərə, difteriyatörədici mikroblara, trepanomalara, leptospirlərə qarşı yüksək dərəcədə effektlidir.
Streptomisin qrupundan olan preparatlar (streptomisin, dehidrostreptomisin) qram-mənfi bakteriyalara bağırsaq çöplərinə, dizenteriya, taun, tulyaremiya, brusellyoz törədici mikroblara və mikrobakteriyalara — vərəmtörədici mikroblara bariz təsir göstərirdi. Hazırda həmin mikroorqanizmlər streptomisinlərə qarşı həssaslıqlarını qismən itirmiş, bununla əlaqədar həmin preparatların tətbiqi məhdudlaşdırılmışdır.
Göbələklərə qarşı antibiotiklər (nistatin, levorin) əksər göbələklərə-müxtəlif mikoztörədici mikroblara qarşı effektlidir və onlar hazırda başqa antibiotiklərin uzunmüddətli tətbiqi hallarında kandidozun profilaktikası üçün təyin edilir.
Antibiotiklər və başqa kimyəvi preparatlar vaxtında tətbiq edildikdə, daha yaxşı effekt verir, orqanizmdə dərin dəyişikliklərin inkişafının və xəstəliyin kəskin formadan xronik formaya keçməsinin qarşısını alır.

İnfeksion xəstəliklərin kimyəvi dərmanlarla müalicəsi zamanı üç növ ağırlaşma baş verə bilər: allergik, endotoksik və disbakterioz.
Serumun effekti onun dozasından və yeridilmə müddətlərindən asılıdır. Serum xəstəliyin əvvəlindən nə qədər tez yeridilərsə, nəticəsi o qədər yaxşı olar. Çünki serum qanda sərbəst dövr edən toksini yaxşı inaktivasiya edir. Toksinin dövr müddəti 1-3 gündür, bundan sonra o, hüceyrə və toxumalara keçir.
Bəzi infeksion xəstələrin müalicəsi zamanı immunoqlobulinlərin böyük rolu vardır. Bunlara immunlaşdırılmış donorların qan serumundan alınmış immunoqlobulinlər və poliqlobulinlər aiddir. Həmin preparatların əks-cisim konsentrasiyası yüksəkdir, ballast zülalları yoxdur, onlar az reaktogendir. Homoloji qamma-qlobulinin üstünlükləri vardır: toxumaya daha yaxşı keçir və onun yeridilməsi əlavə reaksiyalarla müşayiət olunmur.
Hazırda müalicə praktikasında təbii çiçəyə, qripə, gənə ensefalitinə, stafilokok infeksiyasına, qarayaraya, leptospiroza, göyöskürəyə və başqa xəstəliklərə qarşı immunoqlobilinlər vardır. Xəstənin orqanizminə immunoqlobulinlərlə birlikdə, qanda bir aya yaxın dövr edən hazır əks-cisimlər yeridirlər.
İmmunoterapevtik vasitələr arasında vaksinlər əsas rol oynayır. Bunların təsir mexanizminin əsasını orqanizmin qoruyucu qüvvələrini spesifik stimulyasiya prinsipi təşkil edir. Antigen qıcıqlandırıcının yeridilməsi faqositozu gücləndirir, mikroorqanizmin spesifik əks-cisimlər hazırlamasına səbəb olur.
İnfektologiyada qeyri-spesifik stimulyasiya vasitələri kimi vitaminlərdən, qandan və onun komponentlərindən, pirimidinlərdən, onların törəmələrindən və başqa preparatlardan geniş istifadə edilir.
Orqanizmin xəstəliklərə müqavimət göstərməsində onun vitaminlərlə doyma dərəcəsinin çox böyük əhəmiyyəti vardır. Vitaminlərin (ilk növbədə, askorbin turşusunun, A vitamininin, B kompleksinin) çatışmazlığı nəticəsində antibakterial mühafizə mexanizmləri, faqositar aktivlik zəifləyir, əks-cisimlərin əmələ gəlməsi imkanı azalır.
İnfeksion xəstələrə, göstəriş olarsa, ürək-damar dərmanları, qıcolmaya qarşı spazmolitik, hemostatik və başqa preparatlar təyin edirlər.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

Top