Yarbay (polkovnik-leytenant) Mehmet Nazim. Çoxlarımız üçün sıradan bir addır. Bəlkə də çoxlarımız tanımırıq. Hərbi ilə azdan-çoxdan əlaqəsi olanlar “yəqin Türk Ordusunun hansısa zabitidir” deyib keçəcəklər.
Yarbay Mehmet Nazim I Dünya Müharibəsində və İstiqlal savaşında qəhrəmanlıqlar göstərmiş Türk zabitidir. Onun şərəfli döyüş yolunun bir hissəsi də Azərbaycanda keçib. Azərbaycan ərazilərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsində, ordumuzun yaradılmasında müstəsna rolu olan Osmanlı zabitlərindən biri də Qafqaz İslam Ordusunun (QİO) qərargah rəisi olub.
Yarbay Mehmet Nazim
Mehmet Nazim Camal bəy oğlu 1886-cı ildə Kayseridə doğulub. Beşiktaş Hərbi Liseyini və Bursada hərbi məktəbi bitirdikdən sonra 1907-ci ildə Osmanlı ordusunda leytenant rütbəsində xidmətə başlayıb. 1910-cu ildə Hərbi Akademiyanı (Mektebi Erkani Harbiye) bitirərək Baş Qərargahda 1-ci şöbəyə təyin edilib. 1911-ci ildə Yəmən Qüvvələri Komandanlğının qərargahında, 1914-cü ildə 6-cı Ordu Korpusunun qərargah heyətində, 1916-cı ildə Makedoniya cəbhəsində, 1917-ci ildə Rumıniya cəbhəsində alman marşal Avqust Von Makensenin qərargahında xidmət edib.
1918-ci il may ayının 25-də Azərbaycan Xalq Cümhuriyyətinə dəstək üçün Gəncəyə gələn Qafqaz İslam Ordusunun qərargah rəisi təyin olunan Mehmet Nazim burada QİO-nun fəaliyyətlərini tənzimləmiş, Azərbaycan Ordusunun yaradılmasıda, Kürdəmir və Göyçay istiqamətlərində müdafiənin təşkili, hücum əməliyyatlarını planlaşdırılmasında iştirak etmişdir.
Osmanlı qüvvələri Mudros müqaviləsinə əsasən Azərbaycanı tərk edəndən sonra İstanbula yerləşən Mehmet Nazim 1919-cu ildə İngilislər tərəfindən həbs olunacağı xəbərini aldıqdan sonra Anadoluy keçərək Kuva-yi Milliyəyə qatılıb. Öncə 7-ci süvari alayına, daha sonra Mürettep briqadasının komandirlik edib. 10 yanvar 1921-ci ildə 4-cü piyada diviziyasının komandiri təyin edilən Mehmet Nazimin rəhbərlik etdiyi diviziya Birinci İnönü və İkinci İnönü müharibələrində iştirak etmişdir. Polkovnik-leytenant Mehmet Nazim 15 iyun 1921-ci ildə Əskişəhər ətrafında Yumruçalda gedən döyüşdə şəhid olmuş, Ankara şəhidiyində dəfn edimişdir. Ölümündən bir gün sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən Miralay hərbi rütbəsi ilə təltif olunub.
Mehmet Nazim Osmanlı Dövlətinin “Məcidi Nişanı”, “Kılıçlı Mecidi Nişanı”, Almaniyanın “Dəmir Xaç” medalı, Avstriya-Macarıstan İmperatorluğunun “Ləyaqət və Dəmir Daş” medalı və Türkiyənin qırmızı lentli “İstiqlal” medalı ilə təltif olunub.
Azərbaycana gəliş
Yarbay Nazim Qalisiya cəbhəsində ələ keçirilmiş rus səngərlərində
QİO komandanı Nuri Killigil Paşa ilə birlikdə Gəncəyə 25 may 1918-ci il tarixində gələn polkovnik-leytenantNazim dərhal cəbhədə bolşevik-daşnak qüvvələrinə müqavimət göstərən bölmələrin vəziyyətini təftiş etməyə göndərilir. Vəziyyət ürəkaçan deyildi. Nuri Paşa 26 may tarixində 3-cü Ordu Komandanlığına vurduğu teleqramda deyirdi: “Milli Ordu adıyla Gəncədə qurulan korpusun mövcudu 600 nəfərdir. Şəxsi heyətin bir qismini Osmanlı əsirləri təşkil edir”.
Polkovnik-leytenant Nazimin ilk əməliyyatı Gəncədəki ermənilərin kompakt yaşadıqları və silahlı müqavimət göstərikləri məhəllələrin və ətraf ərazilərin təmizlənməsi olur. Onun rəhbərliyi altında 11-13 iyun 1918-ci il tarixlərində Gəncədəki erməni silahlıları zərərsizləşdirilir və şəhərdə asayiş təmin olunur.
İyunun 13-də Nuri Paşanın əmri ilə polkovnik-leytenant Nazim vəziyyətin gərgin olduğu Müsüslü cəbhəsinə göndərilir. Komandanlığı üzərinə götürən Təcrübəli zabit qısa bir müddətdə ərazidəki vəziyyəti öyrənərək gərəkli tədbirləri həyata keçirir, pərakəndə qüvvələrin koordinasiyasına və Gəncəyə doğru irəliləyən bolşevik-daşnak qüvvələrinə qarşı mütəşəkkil müqavimətin təşkilinə nail olur.
QİO 5-ci Qafqaz piyada diviziyasının qərargah zabiti, polkovnik-leytenant Rüştü Türker sonralar –Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının 4 dekabr 1933-cü il tarixli 43991 saylı əmri ilə hazırladığı “Birinci Dünya Müharibəsində Bakı Yollarında 5-i Qafqaz diviziyası” kitabında yazır ki, həmin günlərdə Kürdəmir istiqamətində bolşeviklərə qarşı müqavimət göstərən Qafqaz Seyminin birliklərinə komandanlıq edən gürcü əsilli knyaz Meqalov komandanlığın polkovnik-leytenant Nazimə verilməsindən məmnun olmayıb, öz dəstələrini Gürcüstana çəkir.
“Müsüslüdəki rus və gürcü teleqrafçılar bu gecə fərarilik ediblər. Burada aclığın da təsirini görürəm. Buradan Yevlaxa vurulan teleqrafı göndərmədikləri anlaşılır. Dəmir yolu nəqliyyatının da dayanacağından qorxuram. Bunun üçün bir dəmir yolu və bir teleqraf bölməsinin və bir xətt komissarının göndərilməsi şərtdir”. Polkovnik-leytenant Nazim. 14 iyun 1918. Müsüslü.
Qərargah rəisi 15 iyun 1918-ci il tarixində QİO komandanlığına vurduğu teleqrafda Kürdəmirdəki vəziyyəti belə təsvir edirdi:
Yarbay Nazim Makedoniya cəbhəsində
“…Düşmən Kürdəmirin şimal qərbindəki müsəlman kəndlərini və Kürdəmiri yandırır. Dünən Qarabucaq stansiyasını yandırdılar… Ən azı bir türk süvari bölüyü Müsüslüyə göndərilməlidir. Əlhasuvaya yarbay Osmanın tabeçiliyinə 3 tüfəngli bir süvari pulemyotçu bölüyü və 90 atlıdan ibarət nizami süvari bölüyünü yolladım”.
Polkovnik-leytenant Nazim Kürdəmirin bolşevik-daşnak qüvvələrindən azad edilməsi üçün planlaşdırdığı əməliyyat hazırlığı barədə də məruzə edir:
“Osman bəy qarnizonunun 1 piyada alayı, Ağdaş və Göyçay könüllü bölükləri, alaya verilən topçu tağımından başqa, bir dağ topu batareyası və bir süvari bölüyündən təşkil edilməsi düşünülməkdədir. Yarbay Osman bu qüvvələrlə Qaraqoyunlu-Ağsu istiqamətində hərəkət edəcək və buraya çatdıqdan sonra Qaraqoyunlunun şimalındakı kiçik təpələrdə, həm Ağsu, həm də Kürcivan istiqamətlərinə nəzarət etmək üçün iki bölük qoyaraq, Kürdəmir istiqamətində irəliləyəcəkdir. İrəliləmə əsnasında mən də Müsüslüdən bir piyada alayı, “Qüdrətli” batareyası və yarımnizami qüvvələrə eyni gün Kürdəmirə irəliləməyi planlaşdırıram. Nazim Ramazanov bəyi də (Cavad bölgəsinin müdafiə qarnizonunun komandiri-red) öz qüvvələri və xalqdan topladığı köməklə birlikdə Cavad və ya Xocalıdan Sığırlı stansiyasına göndərəcəm. Beləcə, Kürdəmirin ələ keçirilərək, əməliyyatın uğurla yekunlaşdırılacağına ümid edirəm”.
Təəsüf ki yerli özünümüdafiə dəstələrinin nizamsız hərəkətləri, düşmənin kəşfiyyatının düzgün aparılmaması, təminat və təchizatdakı sıxıntılar, yerli əhalinin ilk başda QİO və Milli Ordu bölmələrinə dəstək göstərməməsi kimi faktorlar bu planın reallaşmasına mane olmuşdur. Buna baxmayaraq düşmənin hücumları dayandırılmış və əlavə qüvvələrin toplanması və gəlməsi üçün zaman qazandırılmışdır.
Həmin teleqrafda qərargah rəisi QİO komandanlığını Osmanlı dövlətinin hərbi nazirliyi qarşısında Azərbaycana təyyarə göndərmək vəsadəti qaldırmağı da istəyir:
“Bir Osmanlı təyyarəsinin Qafqaz səmasında uçurulması düşmənə təsir göstərməkdən daha çox müsəlman xalqa ruh verəcək, düşmən qüvvələrinin hava kəşfiyyatının aparılmasında bizə də önəmli yardıçmı olacaqdır. Kürdəmir-Bakı və Biləsuvar tərəflərinin təyyarə ilə kəşfiyyatı bizim üçün yararlı olacaqdır”.
İyunun sonlarında düşmənin Göyçaya hücumlarını dayandırmaq məqsədi ilə Nuri Paşa polkovnik-leytenant Nazimi və 9-cu Qafqaz alayı komandirini polkovnik Cəmil Cahidi (Toydəmir) Göyçay istiqamətinə göndərir. 27 iyun tarixində Mehmet Nazim Ləki stansiyasında QİO komandanlığına göndərdiyi teleqrafda vəziyyəti belə izah edir:
“Ağdaşdan faytonlarla piyada və süvari qüvvələri Göyçay istiqamətinə göndərilib. Gəncə könüllülərinin komandiri yüzbaşı Hakkı tabeçiliyində olan könüllü süvarilərlə ilə Ucardan Göyçaya doğru hərəkət edir. Göyçayın şimalındakı düşmən topçu atəşinə davam edir. 25-ci taboorun döyüşə girdiyi telefonla bildirildi. Qaraməryəm cəbhəsindən bir xəbər alınmayıb. Ləkindən Ağdaş üzərindən Göyçaya hərəkət edəcəm”.
Yarbay Nazim alman komandanlığı ilə Rumıniyada (öndə sağdan üçüncü)
5-ci piyada diviziyasının zabiti Rüştü Türker yazır ki, 25-ci taborun, topçu taqımın, Ağdaş süvari və könüllü bölüklərinin və QİO qərargah rəisiyə gələn Gəncə süvarilərinin qısa müddətdə yetişmələri və düşməni iki cinahdan şiddətli şəkildə sıxışdırmaları Göyçay qəsəbəsinin yandırılmasına və qarət olunmasına imkan vermədi. 29 iyunda yarbay Nazim tərəfindən vəziyyətə və əraziyə görə qüvvələr yerləşdirilərək döyüşlər idarə olundu.
Düşmənin Göyçay və Müsüslü istiqamətində irəliləməsinin qarşısı alındıqdan sonra, polkovnik-leytenant Nazim 1 iyul 1918-ci il tarixində Qaraməryəmdən QİO komandanlığına göndərdiyi teleqrafda planlaşdırdığı əməliyyat barədə bildirirdi:
“Pozavant, Kirdadul kəndləri və ətrafda üsyan edən ermənilər tamamən basqı altına alınacaq və ehtiyac olduqda uzaqlaşdırılacaqlar. Gecəykən Qaraməryəmin şimalındakı Kürdkənddə toplanacaq 10-cu Qafqaz alayından – bir piyada taboru, 1 pulemyot taqımı və 2 topdan ibarət bir birlik İvanovkaya göndəriləcək və o bölgədə üsyan edən ermənilər də basqı altına alınacaq. 5-ci Qafqaz diviziyasının arxa cəbhə xidməti nizama salınaraq bir neçə gün sonra əməliyyata təkrar başlanacaq və əməliyyatın davamında Göyçay birliyi orada işini bitirmiş olacağından 5-ci Qafqaz diviziyasının sol cinahının təhlükəsizliyini təmin edəcək, diviziyaya paralel şəkildə hərəkət etməklə şərqə doğru göndəriləcəkdir”.
Plana uyğun olaraq, QİO bölmələri tərəfindən Amirov adlı erməni komandirin başılıq etdiyi düşmə qüvvələrinin müqaviməti qırılaraq, 2 iyul 1918-ci il tarixində, saat 14:30-da Pozavand və Kirdadul kəndləri ələ keçirilir. Bolşevik-daşnak qüvvələri Əmirvan və Bəylərkənd istiqamətində geri çəkilməyə məcbur qalır. Geri qaçan düşmən hər iki kəndi yandırsa da çox sayda itki vermiş, qənimət olaraq silahlar, pulemyot lülələri, sursatlar və bir neçə su maşını ələ keçirilir.
Eyni zamanda İvanovkaya göndərilən tabor yol üzərindəki düşmən qüvvələrini məhv etdikdən sonra gecə vaxtı kəndə yaxınlaşır. İvanovka sakinləri QİO qüvvələrini ağ bayraqla qarşıladığından ordu kəndə girmir və kəndin kənarında mövqe tutur. İvanovka yaxınlığında düşmənin bir topu qənimət olaraq ələ keçirilir.
Daha sonra, Nuri Paşanın əmri ilə polkovnik-leytenant Nazimin komandanlığı altında, Ağdaş, Xaldan və Şəkidən göndərilən dəstək qüvvələrin iştirakı ilə Qayabaşı və Söyüdlü kəndlərində ermənilərin qaldırdığı üsyan yatırılır.
Avqus ayının 25-dək QİO əməliyyatlarını idarə edən polkovnik-leytenant Mehmet Nazim Göyçay və Kürdəmirin azad edilməsi, Bakıya hücum əməliyyatlarının planlaşdırılması və icrasına rəhbərlik edib. 25 avqust 1918-ci il tarixində İstanbula çağırılan yarbay Nazim fəaliyyətini Osmanlı Hərbiyyə Nazirliyində, daha sonra isə Mustafa Kamal Atatürkün yanında – İstiqlal savaşında davam etdirmişdir.
Ağ atlı zabit
Turqut Özakmanın “Şu çılğın Türkler” kitabında polkovnik-leytenant Mehmet Nazimlə bağlı maraqlı bir epizod xatırlanır.
İstiqlal savaşında diviziyaya komandirlik edən polkovnik-leytenant Mehmet Nazimin ağ rəngli, çox sevdiyi bir atı varmış. 15 iyun 1921-ci il tarixində zabitləri ilə Yumruçal yüksəkliyinə qalxarkən komandir yunan pulemyotçularının pusqusuna düşür və ağır yaralanır. Əsgərləri onu hospitala götürdükdə komandirin sahibsiz qalmış atı da onların dalınca qaçaraq gəlir. Həkimlər yaralı komandirə kömək edə bilmirlər. Diviziya komandiri son nəfəsində əsgrlərindən təpəni tutub tutmadıqlarını soruşur və canını tapşırır.
Hospitalın qarşısını kəsdirən ağ at ağzını nə yemə, nə suya vurur, nə də kimsənin yaxınlaşmasına imkan vermir.
Həmin gün şəhid komandirin cənazəsini qatarla Ankaraya yola salırlar. Ağ atı da qatarın yanınca qaçır. Və bundan sonra kimsə o atı görmür.
Mənbə: aqreqator.az