Ulu türkün Mete Xaqanı

Ulu türkün Mete Xaqanı

“– Bu hündür dağ üstündə susub, nə düşünürsüz, Xaqanım?
– Düşünürəm ki, mən bu qədər çinlini hara göməcəm?..”

“Növbəti mövzu” istixarəsilə çox fikirləşib, “dağı arana, aranı dağa” köçürə-köçürə Qaradağ-QARAbağa vara-vara, bəzi media nümunələrimizdə, ictimai konsert salonlarımızda, şəxsi sinələrimizdə köklənilən sazlardan eşitdiyim saz-nasaz sədalara dala-dala gedib çıxdım eramızdan əvvələ...
Və… qulağıma başlıqaltıdakı sözlərin sədası gəldi…

Və bu sözlər mənə dünyanın “eramızdan əvvəl” adlı üzügeriyə işləyən sonsuzluq tarixinə məxsus böyük Qalibiyyət və Məğlubiyyət səhnəsinin əzəmətli Söz-Dialoq tablosu kimi göründü…

Bu dialoq-əsərin müəllifi – “Tanhu” (“Göylər övladı”, “Soyu göylərdən gələn”) ad-ünvanı da alan, Böyük Çin səddini aşan, hakimiyyətdə olduğu (miladdan öncə 174-cü ilədək) 35 il ərzində Yapon dənizindən Xəzərə, Kəşmirdən Sibirədək olan ərazi və etnosları öz hakimiyyəti altında birləşdirib saxlayan ilk türk sərkərdəsi – Böyük Hun İmperiyasının ikinci Şanyüsü Mete Xaqan!* Hansı ki o, düşmən tayfaların torpaq iddiası məqamlarından birində “qeyri-münbit torpaq sahələri üçün qan tökülməsinə dəyməz” arqumentini irəli sürən saray məmurlarına ən yararsız torpağın da dövlətin şərəf təməli, babaların qan-qeyrət yadigarı olduğundan söz açaraq: “Bu müqəddəs malı qorumaq üçün qan-qeyrət savaşına hazırlaşın!” – deyib.

Onun babalarından biri isə bütün gələnəklərinə belə bir vəsiyyət etmişdi: “Qılınc qımıldansa, düşmən mızıldanmaz!..”

Amma… yadelli deyimlərini də unutmamalı. Məsələn elə fütuhatal Hun imperiyasının başlanğıcını yenmək qəsdinə dolmuş Çinin böyük (və xeyli obyektiv) tarixçilərindən S.Syan: “Hunlar öz uzun tarixləri ərzində dəfələrlə gah güclənib yekdil, vahid, əzəmətli səltənətlər yaratmış, gah da zəifləyib, ayrı-ayrı qəbilələrə parçalanmışlar”.

Bəs Tarix nə deyir?


Hunların Çin İmperiyası ilə müharibələri o qədər gərgin, o qədər fəlakətli olmuşdur ki, bütün bunlara birdəfəlik son qoymaq üçün imperator Sin Şi Xuandi Çinin şimal sərhədləri boyu 4000 km uzunluq, 4 metr en və 10 metr hündürlüyündə sədd çəkdirmək əmri verir.

Tarixin bu ən möhtəşəm hərbi-mülki təyinatlı istehkam-inşaat işi uzun illər bahasına başa gəlir. Lakin, bütün dünya tarix-təcrübəsində analoqu olmamış (və olmayası) bu SƏDD tək elə Çin xalqının ağıl-zəhmətkeşlik-tədbirlilik nişanəsi kimi yox, həm də analoqsuz Hun cəngavərlərinin qarşısıalınmaz Qəhrəmanlığı önündə yaradılmış abidə kimi də yaşamaqda!..

Taleyin işinə bax; ata – ilk dəfə olaraq Orta Asiya ərazili türk soylarını bir bayraq altında birləşdirmiş Teoman – bu böyük oğlunu yox, onun “qırmızıyanaq” adlandırılan ögey qardaşını taxt-tac varisi etmək istəyir (bu istəkdə onun Çin soylu arvadının da rolu varmış). Lakin, varisin (türk törələrinə görə) yalnız türk kökənli olması qaydasından çəkinən ata Meteni tezliklə hücum edəcəyi qəbiləyə girov göndərir ki, o, “düşmənçilik” əks-sədası ilə öldürülsün. Ancaq bir müddət sonra bu “arzuolunmaz” övladın at belində əsirlikdən qaçıb gəldiyini görən “əlacsız” ata onu (on min atlı bağışlayaraq) uzaq bir əyalətə vali göndərir.

Bir müddət sonra (miladdan öncə 209-cu ildə) isə bu “qəzəbli” övlad o “məkrli” atanı öldürüb, bu cahanşümul İmperatorluğun başçısı olacaq...

Bu “valideyn qatilliyi”nin özü də çox “maraqlı”; o, atasının verdiyi əsgərlərə misli görünməmiş təlimlər keçir: “Metenin hədəfi hər kəsin hədəfi!”, “Mənim oxumun yanına sancılmayan hər bir əsgər oxu onun öz ürəyinə sancılmalıdır!” Bir dəfə də Mete öz sevimli atını hədəf seçir. Bu “dəhşətli” təklifə tərəddüd edən döyüşçülər öz oxları ilə öldürülür. Və günlərin bir günü Metenin oxu öz doğma atası Teomanı hədəf seçir… Hakimiyyət hədəfinə isə əsasən ağıl “ox”ları ilə nail olur.

Bundan sonra (eramızdan əvvəl 202-ci ilədək) neçə-neçə qəbilə və tayfalarla mübarizə aparıb, neçə-neçə (iyirmidən çox) türk boylarını birləşdirərək, Şərqin ən mütəşəkkil ordu və möhkəm dövlət strukturu quran bu qəhrəmanın ordusu nəhayətdə, Çin İmperiyasının (hakimiyyətə yenicə gəlmiş “qarşısıalınmaz Lyu Banq”ın) hücumu ilə qarşılaşır. Yaxın ətrafı ilə birgə, sayı-hesabı bilinməyən Çin qoşununa tamaşa edirkən sərkərdələrindən biri ondan soruşur:

“– Bayaqdan bu hündür dağ üstündə susub, nə düşünürsüz, Xaqanım?
– Düşünürəm ki, mən bu qədər çinlini hara göməcəm?..”
Bəli, iki böyük imperiyanın dünyanı lərzəyə gətirən –

Peteng müharibəsi


Mənbələrdən birində “qarışqa saylı” ifadəsilə “tərənnüm” edilən həmin savaşda Metenin Peteng dağı yaxınlığında pusquya salıb, 7 gün ac-susuz saxladığı Çin imperatorunu elə mühasirədəcə sülh bağlamağa və… ovaxtdan-buvaxta daha çox altını-ağrısını çəkdiyimiz “zat-kök” məsələsi sazişinə qol qoymağa məcbur edir: “Bundan belə Çin imperatorlarının qızları Hun imperatorları ilə evlənməlidir”. Qeyd edək ki, onun öz İmperatorluğu da bu izdivac aktları fəlakətinə uğrayıb.

Belə ki, ölümündən sonra oğulları Tan-hu və Ki-okun Çin prinsessaları ilə evlənmələri nəticəsində casus-diplomatlar sarayın ən gizli işlərinə yol tapmış, ordunun məxfi sistem və silahlarını mənimsəyib öz ölkələrinə daşıyıb-yaymış, ovaxtlaradək yalnız “piyada” təyinatlı qoşunlarını ilk dəfə türkün əhliləşdirib-döyüşkənlətdiyi at cinslərilə süvariləşdirmiş və nəhayət, bizim eranın başlanğıcında əzəmətli Hun İmperatorluğunu parçalamağa müvəffəq olmuşlar…

Qayıdaq Petengə


Tarixçilər yazır ki, Mete Xaqan o savaşdan sonra bir daha qılınca əl atmayıb. Nədən ki; “daha ona baş əyməyən bir hakimiyyət, bir başçı qalmamışdı”...

Tarixçilərin bu kimi yazılarına bir ədəbi-bədii əlavə: görəsən, varisliyə layiq bilmədiyi bu övladın dövranınadək Çin İmperiyasına (hətta digər qonşu ölkələrə belə) bac-xərac verən o atanın ruhuna əyan olubmu ki, bu oğul hətta o böyük imperiyanın özündən xərac almağa başladı?..

Tarixi yazanlara görə, tarixi yaradanlardan biri olan bu Xaqanın Hun İmperiyası daxilində həyata keçirdiyi islahatlar özünəqədərki ənənəvi xalq adət-ənənələrinin təkmilləşdirilib (“törə” adlandırılaraq) rəsmiləşdirilmiş formatı idi. Onun idarəçilik sistemi sahəsində atdığı addımlar, hakimiyyət-vəzifə kanonları bizim eramızın müxtəlif dövrlərində də keçərli olmuşdur.

İlk dövləti miladdan öncə 220-ci ildə yaranmış böyük Hun Xanədanının ucsuz-bucaqsız torpaqlarında yaşayan ayrı-ayrı etnos və tayfaları bir bayraq altı və bir dövlət tərkibində birləşdirən bu lider qısa zaman ərzində sahəsi 18 milyon kvadrat kilometr (indiki Rusiyadan da böyük!) İmperatorluq qurmağı bacarıb. Tədqiqatçılarından çoxusunun yekdil qənaətinə görə, qeyri-adi fəhmə malik təşkilatçı, “xüsusi hərb dühası”, “dəmir intizamlı dövlət adamı” Metenin fenomenal bacarığı sayəsində Hun türkləri Cahan hakimiyyətinə yiyələnmiş, qurduğu İmperatorluq Makedoniyalı İsgəndərin və Roma İmperiyasının fəth etdiyi ərazilərdən daha geniş, strateqliyi Kir, İsgəndər və Sezardan qat-qat üstün olmuş, həmin cahangirlərdən heç biri Mete dərəcəsində geniş örüş-yürüşlərə girişə bilməmişdir.

Bu böyük Xaqanın yaratdığı Hun İmperatorluğu Türk dövlətçilik tarixində özündən öncəki Birinci və İkinci Turan, habelə Saka (Skif) imperatorluqları qədər (bəzi nüanslarda daha artıq) rol oynamış, özündən sonrakı Türk KURULUŞları üçün fundamental örnək olmuşdur.

Bu nəhəng İmperatorluğun paytaxtının adı da (leksikoloji cəhətdən) çox dad-sədalı: –

Ötükən...


Əski türk boylarının çox qutsal saydığı, Orxon-Yenisey abidələrində “Türk yurdlarının ürəyi” kimi dəyərləndirilən, M.Kaşğarlı və Y.Balasaqunlu kimi ermişlərimizin öz “Divani-lüğət-it türk” və “Qutadqu-bilik” əsərlərində çox qəlbi-qəlbanə öydükləri ünvan...

Bu Xaqanın başçılığıyla Uzaq Şərqlə Yaxın Şərq mədəniyyətləri arasında əlaqə-uzlaşma yaranmış, Asiyanın iki qütbünün çulğaşması prosesi başlanmışdır. Ümumdünya tarixinin müqayisəsiz qılınc qəhrəmanları bulduq-olduqları areallarda bənzərsiz karandaş möcüzələri də yaratmış, yüksək sənət əsərlərilə öz hökm-hakimiyyət bölgələrini oxşarsız mədəniyyət gəlini kimi bəzəmişlər.

Uzun tarix döngə-aşınmaları nəticəsində çoxusunun izi yalnız yazılı mənbələrdə qalmış o böyük mədəniyyət küllündən çağımıza gəlib yetən yadigarların da sayı az deyil; Altay dağlarındakı unikal kurqanlar, müxtəlif formatlı qılınclar, qızıl-gümüş işləməli cürbəcür əşyalar, bənzərsiz ləvazimatlar üzərində bir-birindən maraqlı ov səhnələri, uçar-qaçar fiqurlu rəsmlər, növbənöv tunc-heykəlciklər...

Ötən əsrin bəlli 70 ilində tez-tez xatırlamalı olduğumuz bolşeviklərin ruhunu “Biz sizdən öyrəndik qəhrəmanlığı!” misrası ilə yad-yazı edərdik. Bəlkə indilər bunu Metelərdən öyrənək?..

Tahir ABBASLI
«Mədəniyyət» qəzeti
Top