Qədim türklərin ilk məskənləri. Türklərin yaşadıqları ərazilər şimalda Sibirdən cənubda Himalay dağlarına, şərqdə Xinqan dağlarından qərbdə Xəzər dənizinə və Ural dağlarına qədər olan torpaqları əhatə edir və Böyük Türküstan adlanır.
Türklərin ən qədim tarixi arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir. Özbəkistan və Türkmənistan respublikaları ərazisində Daş və Tunc dövrünə aid yaşayış məskənləri aşkar edilmişdir. Bunlardan biri Namazqan yaşayış yeridir. Burada möhrədən evlər, metaləritmə kürələri və qəliblər, tunc oraqlar, bıçaqlar, ox ucları, bəzək əşyaları, dən daşları, boyalı qablar, gil qadın fiqurları və s. tapılmışdır.
Sibirin cənubunda və Qazaxıstan çöllərində qədim türk tayfalarına məxsus kurqanlar, torpaq qəbirləri öyrənilmişdir.
İssık gölü yaxınlığında yerləşən Esikdə zəngin avadanlığı olan kurqan açılmışdır. Buradakı qəbirdən V əsrə aid 23 hərfdən ibarət Orxon yazısı tapılıb oxunmuşdur.
Qədim türk tayfa birlikləri. Türk tayfalarının təsərrüfat həyatında maldarlıq əsas yer tuturdu. Otlaq sahələri ələ keçirmək və yadelli basqınlarından qorunmaq üçün türk tayfaları yeni torpaqlara köç edirdilər. Onlar ailə və ya toplum halında öz yaşayış məskənlərini dəyişir, köçdükləri torpaqlarda hakim olurdular. Türklər Altaydan şərqə və cənuba köç etmiş, Ural və Volqa çaylarını keçərək qərbə yayılmışlar. Onların bir hissəsi Şimali Qafqaza, bir hissəsi isə Qara dəniz sahillərinə gəlmişdir.
Şimali Qafqaza gələnlərin bir qismi Dərbənd keçidini keçərək Azərbaycan və Ön Asiyaya yayılmış, burada digər türk tayfaları ilə qaynayıb-qarışmışlar.
Qədim dövlətlər. E.ə. VI-IV əsrlərdə Mərkəzi Asiyanın qərbində Baktriya, Parfiya, Xarəzm, Margiana və Soqdiana kimi vahə* dövlətləri mövcud olmuşdur.
E.ə. VI-V əsrlərdə Mərkəzi Asiya Əhəmənilərin hücumlarına məruz qalmışdır. Onlar iki əsrə yaxın Əhəmənilərə xərac vermişlər. E.ə. IV əsrin 30-cu illərində Makedoniyalı İsgəndərin (Aleksandrın) Şərqə yürüşü nəticəsində Əhəmənilər imperiyası süqut etdi. Əhəmənilərin hakimiyyəti altında olan ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri müstəqillik qazandılar. Bu dövlətlərdən biri də Xarəzm idi.
Xarəzm hökmdarı siyasət işlədərək oğlunun başçılığı ilə Makedoniyalı İsgəndərin yanına elçilər göndərmiş və ona müttəfiq olmağı təklif etmişdi.
Lakin buna baxmayaraq, İsgəndər Səmərqəndi tutmuş və Sırdərya çayı tərəfdə istehkamlar tikdirmişdi. Bu dövrdə baktriyalılar və soqdianalılar da İsgəndərə qarşı mübarizə aparırdılar. Sak tayfaları Sırdərya çayının sağ sahili boyunca toplaşaraq İsgəndərlə döyüşə hazırlaşırdılar. İsgəndər bu təhlükəni aradan qaldırmaq üçün saklara qarşı yürüşə çıxdı. Qədim türklərə məxsus Soqdiana şəhəri uğrunda sərkərdə Spitamen ilə İsgəndərin qoşunu arasında bir neçə döyüş oldu. Spitamenin çağırışı ilə bütün şəhər əhalisi mübarizəyə qalxdı. Ətraf vilayətlərdən də əhali axın-axın gəlib onun dəstəsinə qoşuldu.
İsgəndər vəziyyətin təhlükəli xarakter aldığını görüb Spitamenlə vuruşmaq üçün yola düşdü.
Spitamen Makedoniya—yunan qoşunlarının ildırım sürəti ilə yaxınlaşdığını eşidib qərbə doğru çəkildi. İsgəndər üsyançıları təqib etməyə başladı. Yerli əhali yadellilərə qarşı mübarizəyə qalxdı. Spitamen apardığı mübarizədə xalqa arxalanırdı.
İsgəndər bir neçə döyüşdə qalib gəlsə də, xalqın mübarizə əzmini qıra bilmədi. Spitamen döyüş meydanında həlak oldu, lakin düşmənə boyun əymədi. O, əsl xalq qəhrəmanı kimi yaddaşlarda qaldı.
Makedoniyalı İsgəndərin yaratdığı böyük imperiya onun ölümündən sonra sərkərdələri arasında bölündü. Mərkəzi Asiya Selevkin yaratdığı dövlətin tərkibinə daxil oldu. Selevkilər bu ərazilərdə çoxlu şəhərlər saldılar. Şəhərlərin əhalisinin bir hissəsi yerli sakinlərdən, bir hissəsi isə yunanlardan ibarət idi.
Lakin başqa imperiyalar kimi, Selevkilər də parçalandı. Baktriya və Parfiya Selevkilər dövlətindən ayrıldı.
Mədəniyyət. Arxeoloji qazıntılar qədim türklərin yaşadığı ərazilərdə ərazisinin zəngin mədəniyyətinin aşkara çıxarılmasında mühüm rol oynamışdır. Burada şəhər mədəniyyəti öyrənilmişdir. Dulusçuluq, metalişləmə sənətində uğurlar qazanılmışdır. Məbəd binaları və bürclü qala divarlarının inşa xüsusiyyətləri göstərir ki, burada həm də memarlıq yüksək səviyyədə inkişaf etmişdir.
Mərkəzi Asiya xalqlarının mədəniyyətinə tran, Hindistan, ən çox da yunan mədəniyyətinin təsiri olmuşdur. Buradan tapılmış pulların arxa tərəfində yunan tanrılarının (Zevsin, Poseydonun) və qəhrəman Heraklın təsvirləri vardır.
Mərkəzi Asiyada yaşayan qədim əhali zərdüştilik dininə sitayiş etmişdir. Onlar Günəşi, Ayı və odu müqəddəs saymışlar.
Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova