Türkəsilli xalqlar | Uyğurlar

Türkəsilli xalqlar | Uyğurlar

Uyğurlar haqqında tez-tez də olmasa dünya mətbuatında yazılır, əsasən Çində yaşayan bu türk xalqının problemləri dilə gətirilir.
Uyğur dili Altay dilləri ailəsinə aiddir. Çin mənbələrində müxtəlif şəkillərdə rast gəlinən «uyğur» adının mənası 974-cü ilə aid çin dilində bir əsərdə «şahin sürətilə dolaşan və hücum edən» kimi göstərilib. Ancaq türk tarixçilər bunun doğru olmadığını, uyğur adının «uy» (əqrəba, müttəfiq) və «gur» ifadələrinin birləşməsindən yarandığını deyirlər. Bu baxımdan tarixdə ortaya çıxan «on uyğur» adının «on müttəfiq» mənasında işlədilməsi ehtimalına üstünlük verilir. Bəzi mənbələrdə isə «uyğur» kəlməsi «təqib edən, izləyən» kimi göstərilir. Uyğurların məskunlaşdıqları ölkələr sırasında Türkiyə, Özbəkistan, Türkmənistan, Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya, Çin və başqalarının adı çəkilir. Uyğurların əksəriyyəti isə Çində yaşayır.

Hazırda dünyadakı uyğurların əksəriyyətinin Çində, qalanının isə Özbəkistan və Qırğızıstanda, qismən Tacikistan, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya, Türkiyə, Türkmənistan, Misir və Monqolustanda, az saylı diasporlar şəklində isə Avstraliyada, Yaponiyada, Kanadada, ABŞ-da, Albaniyada, Almaniyada, Norveçdə, İsveçdə, Niderlandda, Avstriyada, Belçikada, Danimarkada, Finlandiyada, Böyük Britaniya Krallığında, Fransada və İsveçrədə yaşadığı bildirilir.
Araşdırmaçı Mustafa Vüqar Öməroğlu bildirir ki, uyğurlar hunların birbaşa təmiz kökdən gəlmə törəmələri sayılırlar. Uyğurlar başqa xalqlarla heç bir qatqısı olmayan təmiz türk əsilli, türkgenli xalqdır. Bu gün türk xalqları haqqında yazanda, araşdırma aparanda əsasən Çin mənbələrinə müraciət edirik. İlk dəfə «uyğur» etnonimi Çin mənbələrində bizim eradan 200 əvvəl çəkilir, adı yazılı mənbələrdən keçir: «O dövrdən başlayaraq uyğurlar və uyğur qəbilələri əsasən Şərqi Türküstanda və monqol səhralarında yerləşirdi. Bu, olduqca geniş bir çevrədir. Çağdaş Şərqi Türküstan Qazaxıstanla, Qırğızıstanla, Monqolustanla, Tibet, Hindistan, Pakistanla sərhəddir. Bütövlükdə Türküstanın özü isə həddindən böyük bir arealdır.
Uyğurlar Hun imperiyasının varlığında dəyərli bir rol oynayıblar. Bizim eradan əvvəl 220-ci ildən başlayaraq bizim eranın 386-cı ilinə kimi davan edən, bu gün də qürur yaradan işlərin yiyəsi olublar. Uyğurların tabğaclarla 386-554-cü illərdə böyük bir imperiyaları olub. Sonrakı dönəmdə (552-744-cü illərdə) uyğurların Göytürk imperiyasının yaranmasında mühüm xidmətləri olub».
Uyğurlar hunlarla, göytürklərlə və şato türklərilə bir yerdə bölgənin Çin ekspansiyasına qarşı (670, 688, 693-cü illərdə) mübarizə aparıblar: «Uyğurların dövləti Kutluq Bilgə Kağanın başçılığı altında 744-cü ildə Qarabaltadun şəhəri mərkəz olmaqla Orxon çayının kənarında yerləşirdi. 751-ci ildə ərəblər, tibetlilər və uyğurlar Talac çayı kənarında Çin ordusunu darmadağın elədilər. Bu məğlubiyyətdən sonra Çin parçalandı. Bu zaman uyğurlardan Tan imperiyası kömək istədi. «Tan» — «Dan» sözündəndir. Bunlar çinliləşmiş türkəsillilər idilər. O dövrdə uyğurlar o dərəcədə güclü idilər ki, Tan imperiyası onlara bac-xərac verirdi. 805-ci ildə Uyğur imperiyası dağılmağa başladı».
840-cı ildə qırğızlar hücum edirlər, Kağanı öldürürlər, imperiyanı dağıdırlar. Burada bəlalı cəhət orasındadır ki, türk türklə döyüşür: «Bilgə Kağan vaxtilə demişdi ki, qonşularınızın şirin dillərinə aldanmayın. Onların şirin dilləri ipək kimi yumşaq, canayatıcıdır. Başqa millətlər türkləri zəiflətmək üçün aramızda qırğın salacaqlar, çox ehtiyatlı olmalıyıq». Birinci Uyğur imperiyasının parçalanmasından sonra parçalanmış uyğurların bir qismi Sarıçayın sahilində (indi Çin dilində bunun adı Poonkedir) məskunlaşmağa başladılar. İndi vaxtilə orada məskunlaşmış uyğurlar bu gün «sarı uyğurlar» və ya «yuqurlar» adlanırlar. Qalan uyğurlar Tyan-Şan dağlarının güney tərəfinə — bugünkü Şərqi Türküstana köç etdilər. Sarı uyğurlar Sarı çayın sahilində dövlət qurdular, həmin dövlət 1228-ci ildə yıxıldı, sonradan Monqol imperiyasının tərkibinə qatıldı. 846-cı ildə Tyan-Şanın şimalındakı uyğurlar mərkəzi Türfan şəhəri olmaqla Qaraxoca adlı bir dövlət qurdular. 840-cı ildə cənub tərəfdə olan uyğurlar Mərkəzi Kaşğar olmaqla Qaraxanilər dövlətini qurdular. Qaraxanilər dövlətində karluqlar, türkeşlər, uyğurlar və başqaları yaşayırdılar. 930-cu ildə Qaraxanilər dövləti rəsmi şəkildə islamı qəbul etdi. Ancaq Qaraxoca dövləti buddist olaraq qalırdı. 1397-ci idə Qaraxoca və Qaraxanilər dövlətləri birləşdilər. Bu dövlət 1759-cu ilə qədər müstəqilliyini qoruyub saxlaya bildi. Bu dövrdə isə ölkəyə hər tərəfdən mancur hücumları başladı. Mancurlar bölgəni 1862-ci ilə kimi əldə saxladılar, idarə etdilər. 1759-cu ildən 1862-ci ilə kimi uyğurlar 42 dəfə ölüm-dirim mübarizəsinə qalxdılar, üsyan qaldırdılar. Məqsəd azadlığa, müstəqilliyə yetmək idi. 1863-cü ildə uyğurlar nəhayət, mancurları ölkədən qova bildilər. Rusiya, Osmanlı, Böyük Britaniya imperiyaları Uyğur dövlətini rəsmi surətdə tanıdılar. İngilislər uyğurların Rusiya ilə qonşu olduğunu nəzərə alaraq düşündülər ki, uyğurlar Rusiyanın təsiri altına düşəcəklər. Bu səbəbdən də ingilislər mancurları silahlandırdılar, həm də böyük maliyyə dəstəyi göstərdilər, onları yenidən Şərqi Türküstana geri qayıtmağa sövq etdilər. 1876-cı ildə Uyğur dövlətinə qarşı Çin-Mancur qoşunları birgə hücuma keçdilər, işğal etdilər, ölkənin adı Şərqi Türküstan deyil, «Şincan» (indiki Sintzyan) adlandırıldı. Çində «Şincan» — «yeni ərazi, sərhəd» anlamındadır».
Araşdırmaçı daha sonra deyir ki, o dövrdə işğal edilən Uyğur dövlətinin ərazisi indiki Qazaxıstandan çox böyük idi: «Artıq bu dönəmdən uyğurlar Çinin tabeliyinə keçdi. 1911-ci ildə Çin millətçiləri mancurları devirdilər, ölkəni respublika elan etdilər. Ancaq uyğurların onillərdən bəri azadlıqlarına qovuşmaq istəkləri yenidən gerçəkləşmədi.
Uyğur xalqı dövlətçiliyini quran, dəfələrlə xəlqi qüdrətini təsdiq edən xalq kimi varlığına yiyə durmaq istəyirdi. Onlar yenə də Çin hakimiyyətinə qarşı ciddi hərəkata başladılar. İki dəfə Şərqi Türküstan Respublikası (1933-cü ildə Birinci Şərqi Türküstan dövlətini, 1943-cü ildə isə İkinci Şərqi Türküstan dövlətini) qurdular. Hər iki hərəkatın yatırılmasında SSRİ-nin fəallığı oldu. Hər iki hərəkat amansızlıqla yatırıldı. 1949-cu ildən bu yana Çin Xalq Respublikasının idarəçiliyi altında olan Şərqi Türküstan 1,828 milyon kvadrat kilometrlik bir ərazidir».
Doğu Türküstandakı türksoyluların say tərkibi barədə danışan M.V.Öməroğlu deyir: «Ötən yüzilin 40-cı illərinin ikinci yarısından bu yana Doğu Türküstanda 30 milyondan çox türkəsilli soylarımız (çox az sayda tatarlar, qazaxlar, qırğızlar, özbəklər və çoxsaylı uyğurlar) yaşayır. Uyğur ailəsində aşağısı 4-5 uşaq olur. Bu gün Avropada və Orta Asiyada yaşayan uyğur ailələrində 4-dən aşağı uşaq olmur. Çin ötən yüzilin 50-ci illərindən başlayaraq iç bölgələrindən Şərqi Türküstana çinliləri göndərməyə başladı ki, oralarda milli azlıqların sayını azaltsınlar. Şərqi Türküstan bölgədə torpağının varına görə ən üstün bir yerdir. Bura təbii ehtiyatlarıyla, xammalıyla (kömür, neft ehtiyatları, qaz, qızıl, xrom, qalay, nikel, çox nadir metallar, kimyəvi duzlar və s.) çox zəngindir».
Uyğurların da əlifba məsələsində başları bizim kimi daşdan-daşa dəyib: «Əvvəlcə ərəb əlifbasında yazırdılar, sonra kiril əlifbasını qəbul etdilər, latına keçdilər, indi təzədən ərəb əlifbasının hərfləri əsasında uyğur dil intonasiyasına uyğun olaraq əlifba yaratdılar. Həmçinin uyğurların məktəbləri, universitetləri var. Uyğurların xüsusən dəqiq elmlər, informasiya texnologiyaları, təbabət, ədəbiyyat, tarix sahəsində ciddi imzalı alimləri var.
Avropa ölkələrində hərəkatları, Orta Asiya ölkələrində təşkilatları, Uyğur teatrı, mədəniyyət evləri, dərnəkləri fəaliyyət göstərir. Qazaxıstanda Sadvakasov adına Şərqşünaslıq İnstitutu var, əvvəllər bura Uyğurşünaslıq İnstitutu adlanırdı. Hazırda orda «Uyğurşünaslıq» bölümü, Yazıçılar İttifaqının nəzdində Uyğur bölməsi var. Uyğurlar həddən artıq çalışqan xalqdırlar».

Top