XIX əsrin əvvəllərindən Balkanlardan Anadoluya başlayan türk köçü Osmanlıya məxsus olan Aralıq dənizindəki adalarda da özünəməxsus şəkildə əks-səda verməkdə idi. Bu baxımdan Aralıq dənizinin ən strateji məkanlarından hesab edilən Kritdə Qərb dövlətləri və Rusiya Osmanlı əleyhinə adadakı yunanları üsyanlara təhrik edirdilər. Onu da deyək ki, Krit adası hələ eramızdan əvvəlki yüzilliklərdə yunanlar tərəfindən işğal edilmiş və uzun müddət Bizansın idarəçiliyi altında olmuşdu. 823-cü ildə ərəblər Kriti ələ keçirərək adanı özlərinə birləşdirdilər. Ancaq ərəblərin zəifləməsindən istifadə edən Bizans 961-ci ildə Kriti yenidən işğal etdi. Amma sonralar adanın əhəmiyyətini dərk edən xaçlı cəngavərləri onu Bizansın əlindən aldılar. Krit əvvəlcə genuyalıların əlinə keçdi. 1204-cü ildə Konstantinopolu işğal edən xaçlılar bu dəfə Krit adasını 15 kiloqram qızıla Venesiyaya satdılar. Bu adalar uzun müddət Aralıq dənizində xaçlıların Şərqə yürüşləri üçün tramplin rolunu oynadı. Xaçlılar bu adadan tez-tez Osmanlı gəmilərinə hücum edir və onları talayırdılar. Bunun qabağını almaq üçün Osmanlı da ara-sıra adaya qarşı əks-hücumlar təşkil edirdi. 1341-ci ildə Osmanlı əsgərləri ilk dəfə olaraq Kritə çıxdılar. Oradakı quldur yuvalarını dağıdan Osmanlı əsgərləri sonra müəyyən səbəblər üzündən Kriti tərk etdilər. Osmanlı əsgərləri ikinci dəfə Kritə 1427-ci ildə hücuma keçdilər və oradakı quldur dəstələrini yenə darmadağın etdilər. Kritə hücumlar 1538-ci ildə Barbaros Xeyrəddin Paşanın dövründə də davam etmişdi. Amma hər dəfə də Osmanlı əsgərləri Kriti tərk etdikdən bir müddət sonra adada quldurlar yenidən baş qaldırır və türk gəmiləri üzərinə hücumlar edirdilər. Bu da sonda Osmanlının səbrini tükəndirdi və adanın ələ keçirilməsi qərara alındı. Ona görə də 1645-ci ilin may ayının 11-də Osmanlı əsgərləri adaya hücuma başladılar. Amma ada hər tərəfdən yaxşı müdafiə olunurdu. Ona görə də bu adanın alınması Osmanlı ordusuna 24 ilə başa gəldi. 1669-cu il, sentyabr ayının 27-də Krit adası, nəhayət ki, Osmanlı tərəfindən fəth edildi. Adanın alınması zamanı Osmanlı 50 min nəfər əsgər itirdi. Ada venesiyalıların işğalı altında olan zaman bura katoliklərin əsas dini mərkəzlərindən birinə çevrilmiş, pravoslav kilsəsinin fəaliyyəti isə qadağan edilmişdi. Amma Osmanlının zəifləməsi və Qərb dövlətlərinin ona qarşı birləşməsi adadakı yunanları cəsarətləndirməyə başladı. Adada Qərb casuslarının iştirakı ilə yunanlar 1791-ci ildə Bizans imperatorluğunun bərpasını nəzərdə tutan xəritə üzərində işləməyə başladılar. 1796-cı ildə “Meqalı-İdea”adlı xəritə nəşr edildi. “Meqali-İdea”da yuxarıda qeyd etdiyimiz kimi, Yunanıstanın müstəqilliyinin əldə edilməsi, Qərbi və Şərqi Trakiyanın, Salonikin, Şimali Epirin, Egey dənizindəki adaların, Kritin, Rodosun, Qərbi Anadolunun, Kiprin, İmroz və Bozcadanın ilhaqı, İstanbulun işğalı və Böyük Bizans İmperiyasının bərpa edilməsi nəzərdə tutulurdu. Öncədən onu da deyək ki, “Meqali-İdea” da nəzərdə tutulanların əksəriyyətini yunanlar reallaşdırıblar. Belə ki, Yunanıstan 1829-cu ildə Moranı, 1864-cü ildə Yeddi adanı, 1881-ci ildə Teselayı, 1913-cü ildə Kriti, Balkan savaşından (1912-ci il) sonra Egey adalarını, Makedoniyanın bir hissəsini, Epiri (Yanya), I Dünya müharibəsinin sonunda Dədəağacı, Trakiyanı (sonralar Lozanna anlaşmasına əsasən, Şərqi Trakiya Türkiyəyə qaytarıldı), II Dünya savaşından sonra isə On İki adanı işğal etdi. Hazırda “Meqali-İdea”nın əsas hədəfi Şimali Kipri tamamilə ələ keçirmək və onu Yunanıstana birləşdirməkdir. Bununla əlaqədar Avropa Birliyi Türkiyənin adıçəkilən quruma üzvlüyü məsələsindən təzyiq vasitəsi kimi istifadə edir. Kiprin tamamilə Yunanıstana birləşməsi planının arxasında isə yenə də 19-cu əsrdən etibarən Osmanlıya qarşı xaçlı savaşlarını başladan və hazırda onu yeni müstəvidə davam etdirən Fransa, İngiltərə, Rusiya və Almaniya dayanır.
Burada bir önəmli fakta da diqqəti cəlb etmək istəyirik. Belə ki,1760-ci ildə Kritdə 60 min nəfər xristian, 200 min nəfər də müsəlman (onların arasında türklər çoxluq təşkil edirdilər) yaşayırdı.
Kritdə Osmanlı əleyhinə ilk üsyan hələ 1770-ci ildə başlamışdı. Bosfor boğazını və İstanbulu ələ keçirmək barədə I Pyotrun vəsiyyətinə əməl edən Rusiya Krit yunanlarını üsyan qaldırmağa təhrik etdi. Amma Osmanlı qısa müddətdə bu üsyanı yatırdı. 1821-ci ildə Morada başlayan üsyan Kritdəki yunanları da ayağa qaldırdı. Onlar adadakı türklər üzərinə hücum edərək, onların çoxunu öldürdülər. Amma 1825-ci ildə adaya qoşun çıxaran İbrahim Paşa bu üsyanı yatırdı. Bunu görən Rusiya, İngiltərə və Fransa 1827-ci ildə Navarindəki türk donanmasına qəfil hücum edərək, 57 gəmini batırdı. 8000 türk əsgəri isə bu xain hücum zamanı şəhid oldu. Bunun ardınca 1828-ci ildə Rusiya Osmanlı üzərinə hücum etdi. Bu müharibədə Osmanlı məğlub oldu. 1830-cu ildə Londonda imzalanan anlaşmaya görə, Osmanlı Qərb dövlətlərinin təzyiqləri altında Yunanıstanın müstəqilliyini tanımağa məcbur oldu. Amma Krit adası yenə də Osmanlıda qalmaqda davam edirdi. Ona görə də adada yenidən üsyan başladı. Amma üsyan 1831-ci ildə Misir valisi Mehmet Əli Paşa tərəfindən yatırıldı. 1839-cu il, avqust ayının 10-da Yunanıstan Kritin özünə ilhaqı (enosis) barədə İngiltərə, Fransa və Rusiya qarşısında məsələ qaldırdı. Ancaq İngiltərə buna mane oldu. Çünki bununla əlaqədar bölgədə yeni müharibə çıxsa, Yunanıstan Osmanlı qarşısında tab gətirə bilməyəcəkdi. Buna baxmayaraq, 1840-cı ildə Londonda imzalanan yeni anlaşmaya əsasən, Osmanlı Qərb dövlətlərinin təzyiqləri altında əsgərlərinin böyük hissəsini Kritdən çıxarmağa məcbur oldu. Bundan istifadə edən yunanlar adadakı türkləri zorla öz yurd-yuvalarını tərk etməyə məcbur etdilər. Nəticədə, 10-15 min türk Kriti tərk edərək, Anadoluya köç etdi. Beləliklə, Kritdən Anadoluya ilk türk köçləri başladı. Krım savaşı (1853-1856-cı illər) zamanı da Yunanıstan Rusiya tərəfində Osmanlıya müharibə elan etmək istədi, ancaq ingilislər buna imkan vermədilər. Əvəzində ingilislər 1864-cü ildə 1815-ci il Vyana Konqresinə əsasən Osmanlıdan zorla aldıqları Yeddi adanı Yunanıstana verdilər. Amma Yunanıstan israrla Kriti də istəyirdi. Ona görə də öz keşişlərini adaya göndərən Yunanıstan və Roma Papası, həmçinin Rusiya orada yeni qiyamlar təşkil etdi. Bunun ardınca da Qərb mətbuatında antiosmanlı isteriyası başladı. Qiyamçılar Kritin Yunanıstana ilhaqını (enosis) elan etdilər. 1866-cı il avqust ayının 16-da Kritdə qiyamçılar türklər yaşayan Selino qəzasına soxularaq oradakı bütün müsəlmanları qətlə yetirdilər. Qərb dövlətləri üsyanı yatırdan Osmanlıya bir-birinin ardınca etiraz notaları verdilər. Osmanlı güzəştə getməyə və adanı bərabər şəkildə hər iki tərəfin yunanların və müsəlmanların idarə etməsi barədə razılıq verməyə məcbur oldu. Amma adadakı sayı 12 min nəfər olan yunan quldur dəstələri Hacı Mixailin başçılığı altında Kritdəki türkləri öldürməkdə davam edirdilər. Nəticədə, qətliamlardan qaçan türklərin 50 min nəfəri Kandiyə qalasına sığındı. Təxminən 60 min nəfər türk də Kritdən Anadoluya köç etdi. Öz növbəsində, Fransa admiral Simonun komandanlığı altında Kritə hərbi donanmasını göndərdi. Rusiya, Fransa və İngiltərənin təzyiqi altında 1867-ci il, oktyabr ayının 6-da Osmanlı Kritə muxtariyyət verdi. Amma yunanlar Kritdən Yunanıstana qaçan köçkünləri bəhanə edərək, bu muxtariyyəti qəbul etmədi. Sonra Yunanıstan bu məsələni Avropa dövlətləri səviyyəsinə qaldırdı. Yunanıstan qaçqınları 3 gəmi ilə Kritə göndərdi. Bunu isə Osmanlı qəbul etmədi. Nəticədə, 1868-ci ildə iki ölkə arasında diplomatik əlaqələr kəsildi. Amma Qərb dövlətlərinin təzyiqləri altında Osmanlı 1869-cu ilin fevral ayında keçirilən Paris Konfransına əsasən, Yunanıstanla əlaqələri yenidən bərpa etməyə məcbur oldu. 1877-78-ci illər müharibəsində məğlub olan Osmanlı 1878-ci il, oktyabr ayının 23-də Halepa anlaşmasını imzaladı. Bu anlaşmaya əsasən, yenidən qiyam qaldıran Krit yunanlarına muxtariyyət verildi. Adanın valisi müsəlman, yardımçısı xristian oldu. Krit baş məclisi 49 xristian və 31 müsəlmandan təşkil edildi. Yunan və türk dili də rəsmi dil oldu. Əfv elan edildi. O dövrdə Sultan II Abdulhəmidin ətrafındakılar ona Kriti Yunanıstana verməsini və bununla da problemi həll etməsini təklif edirdilər. Lakin Sultan bu təklifləri rədd etdi. 1896-cı ildə adada qiyamlar yenidən baş qaldırdı. Yunan prinsi Georgi həmin il adaya qoşun çıxardı. Osmanlıya isə Georgiyə qarşı çıxmağa nəinki imkan verilmədi, əksinə, onu adadakı əsgərlərinin sayını azaltmağa məcbur etdilər. 1900-cü ildə prins Georgi türklərin Kritdəki son qalası olan Hanyanı da ələ keçirdi. 1908-ci ildə adanın ali məclisi Kritin Yunanıstana ilhaqını elan etdi. Bundan sonra ali məclisdən müsəlman deputatlar qovuldu. 1913-cü ildə imzalanan London və Buxarest anlaşmaları ilə Kritin Yunanıstana ilhaqı rəsmiləşdirildi. Bundan sonra adadan türklərin deportasiyası daha da gücləndi. Qısa müddətdə 60 min nəfərə yaxın türk Kritdən Anadoluya köçürüldü. Onlardan 12-15 min nəfərini ingilislər köhnə, artıq ömrünü başa vuran gəmilərə doldurmuşdular. Həmin gəmilər uzun yola tab gətirə bilməyərək yolda batdı. Nəticədə, türklər ingilislər və yunanların bu qeyri-insani cinayətinin qurbanı oldular. 15 min nəfərə yaxın türk, qadın, uşaq, qoca dənizdə bataraq məhv oldu. Beləliklə, Qərbin Osmanlıya və İslam dünyası üzərinə yunanların əli ilə düzənlədiyi xaçlı yürüşü nəticəsində Krit türklərdən təmizləndi və bu, bəşər tarixində qara ləkə kimi qaldı. |