Osmanlını yıxmaq və onu tarixin səhnəsindən silmək istəyən Avropa dövlətləri bu məsələdə türklər üçün olduqca həssas olan bir etnik qrupu — yunanları seçmişdilər. Digər tərəfdən də, yunanlara Avropada böyük bir rəğbət vardı və bu müstəvidə onları Osmanlı əleyhinə qaldırmaq ciddi problem kimi də görünmürdü. Buna paralel olaraq, əsrlərlə Osmanlının himayəsi altında əmin-amanlıq içində yaşamalarına baxmayaraq, yunanlarda onların dillərinə, dinlərinə hörmət edən dövlətə qarşı bir naşükürlük və kin vardı. Osmanlını parçalamaq istəyən Avropa dövlətləri də məhz yunanların türklərə qarşı bu kin və nifrətini körükləməyə başladılar. Həmin dövrdə müxtəlif yollarla yunanlar yaşayan ərazilərə Avropanın müxtəlif dövlətlərindən, o cümlədən Fransa və İngiltərədən yüzlərlə casus göndərilmişdi. Onların arasında Morada türklərə qarşı qətliamlarda iştirak edən tanınmış şair Bayron da var idi. Casusların çoxu qısa müddətdə yunan dilini mükəmməl öyrənərək onların arasında tanınmaz olmuşdu. Yunanları Osmanlı əleyhinə üsyana qaldıran da məhz bu casuslar oldu. Üsyanın mərkəzi isə bugünkü Yunanıstanın cənubundakı Mora yarımadası seçilmişdi. 1821-ci ildə Morada başlanan üsyan siqnalını bölgədəki yunan baş yepiskopu verdi. O, kilsədəki bir mərasimdə: “Xristianlara hüzur, türklərə ölüm” şüarını irəli sürərək, yunanları üsyana səslədi. Bunun ardınca minlərlə yunan silaha sarılaraq bölgədəki xarici ölkə casuslarının təhriki ilə əllərinə keçən türkləri qətlə yetirməyə başladı. Dəhşət dolu anlar
Avropa ölkələri Mora üsyanından bir model kimi gələcəkdə digər Balkan ölkələrində də türklər əleyhinə istifadə etməyi planlaşdırmışdılar. Bu modelin əsasında Balkanlarda müstəqil Yunanıstan və digər dövlətlərin ortaya çıxması və buna əngəl ola biləcək türklərin tamamilə məhvi, ya da onların bölgədən Anadoluya köç etməsi dayanırdı. Çünki Balkanlarda türklərin varlığı gələcəkdə Osmanlının yenidən bu yerlərə qayıtması demək idi və bu da Avropanı qorxudurdu. Ona görə də ingilis, fransız və alman casusları tərəfindən körüklənən Mora üsyanında əsas hədəf siyasətlə heç bir əlaqəsi olmayan dinc türklər idi. Həmin vaxt Mora yarımadasında 30 min nəfərdən türk yaşayırdı. Üsyan başlanan kimi yunanlar hər şeydən xəbərsiz olan və dünənə kimi çiyin-çiyinə dostluq və qardaşlıq içində yaşadıqları silahsız türklərin üzərinə hücum edərək onları öldürməyə başladılar. İki ay içərisində minlərlə türk bu qətliamın qurbanı oldu. Mora üsyanı zamanı yunanların türklərə qarşı həyata keçirdikləri vəhşiliklər hətta avropalıların özlərini belə dəhşətə gətirmişdi. Məsələn, Mora üsyanı haqqında tarixi sənədlər əsasında kitab yazaraq, onu 1861-ci ildə çap etdirən Georq Finlay baş verənləri belə təsvir edir: “Yunanlar dinc sakinlərə, qadınlara, uşaqlara, qocalara rəhm etmədən amansızcasına öldürür və bundan peşmanlıq hissi keçirmirdilər. Hətta indinin özündə (1850-1859-cu illər nəzərdə tutulur) yaşlı yunanlar öldürülən türklərin üzərinə yığılan daş qalaqlarını göstərərək qəhrəmanlıqlarından danışırlar. Yaşlı yunanlardan biri yandırılmış bir tikintini göstərərək: “Burada Əli ağanın gözətçi qülləsi vardı. Elə bu yerdə də həm onu, həm həyat yoldaşlarını, həm uşaqlarını, həm də qulluqçularını öldürdük”, — deyirdi. Bunu anladan yaşlı yunan bir vaxt onu da ölüm gözlədiyini ağlına belə gətirmədən öldürdüyü Əli ağanın əkin sahələrindəki məhsulu yığmağa gedir. Əslində yunanlar tərəfindən törədilən bu hadisə bir xalqın cinayəti idi”. Finlayı dəhşətə gətirən törətdikləri cinayətlərə görə yunanların peşmançılıq, vicdan əzabı çəkməmələri idi. Yunanların Osmanlı əsgərlərinin üzərinə deyil, silahsız türklərin yaşadıqları kəndlərə, qəsəbələrə hücum edərək uşaqları, qadınları, qocaları bir yerə yığıb ya dərəyə, ya da bir quyuya ataraq soyuqqanlılıqla öldürmələri onlara rəğbət bəsləyən avropalı Finlayı belə dəhşətə gətirmişdi. Yunanların Mora və sonrakı üsyanlar zamanı türklərə qarşı həyata keçirdikləri dəhşət dolu soyqırımlar barədə Alison Filips (Philips)1897-ci ildə nəşr edilən kitabında belə yazır: “Hər yerdə daha öncədən bir razılığa uyğun siqnal alan adamlar kimi hərəkət edən yunanlar əllərinə keçən türkləri süngüdən keçirirdilər. Türkləri qətl edən yunanlar “Heç bir türkü sağ qoymayacağıq, nə Morada, nə də dünyada türk qalmayacaq” mahnısını oxuyurdular. Nəticədə, üsyan baş verəndən sonrakı üç həftə içində qaça bilənlər istisna olmaqla, bölgədə bir nəfər də olsa sağ türk qalmamışdı”. Amerikanın məşhur tarixçisi Custin Makkarti “Ölüm və sürgün” adlı kitabında Mora üsyanı zamanı 25 min nəfər türkün öldürüldüyünü yazır.
Əslində bu, tarixdə bəşəriyyətə qarşı çevrilən ilk etnik təmizləmə siyasəti idi. Halbuki Osmanlı dövləti itaəti altında saxladığı xalqlardan heç birinə, o cümlədən də yunanlara qarşı belə qeyri-insani hərəkətlərə əl atmamış, bütün xalqlara münasibətdə olduqca ədalətlə davranmışdı. Yunanların Moradakı qətliamları İstanbulda böyük həyəcanla qarşılanmışdı. Xalq hər an ayağa qalxaraq İstanbulda yaşayan yunanları qətl etməyə hazır idi. Buna baxmayaraq, Osmanlı padşahı II Mahmud yenə də insanpərvərlik və humanizm nümayiş etdirdi. O, İstanbulda yunan qırğınlarına yol verməmək üçün Mora üsyanını körükləyən Kayseri, Ədirnə, Tarabya, Edrəmitdəki kilsə rəhbərlərini, o cümlədən İstanbul patriki Georgiusu edam etdirdi. Georgius Fənərdəki Patrikxananın orta qapısından asıldı. Xain zərbə
Buna paralel olaraq, Misir valisi Kavalalı Əli Paşanın oğlu İbrahim Paşanın komandanlıq etdiyi Osmanlı ordusu Mora üzərinə yürüş etdi. Ordu Mora üsyanını qısa müddətdə yatırdı. Belə görünürdü ki, yunanlar bir daha üsyan qaldırmağa cəsarət etməyəcəklər. Ancaq son məqamda məsələyə Qərb ölkələri müdaxilə etdilər. Onlar Yunanıstanın Osmanlıdan ayrılması üçün üsyan yatırılan kimi Osmanlıya əsgərlərini dərhal Moradan çıxarması barədə ultimatum verdilər. Osmanlı bu ultimatumu rədd edincə Qərb dövlətləri hərəkətə keçdilər. İngilis, fransız və rus hərbi gəmiləri heç bir əsas olmadan və savaş elan etmədən Navarindəki Osmanlı-Misir donanmasını top atəşinə tutdular. Nəticədə qəfil atəşi gözləməyən Osmanlı-Misir donanması böyük itkilər verdi. 57 gəmi bu hücum nəticəsində batırıldı. 8 min türk dənizçi isə bu xain hücumun qurbanı oldu. Bu hücumdan sonra Fransa dərhal hərbi dəniz tarixində şanlı bir qələbə qazandığını bəyan etdi. Amma ingilislər bu hücumla bağlı daha təmkinli mövqe nümayiş etdirdilər və susmağa üstünlük verdilər. Onlar türk hərbi dəniz güclərinə edilən hücumla bağlı yanlışlığa yol verilməsi kimi təəssürat oyatmağa çalışırdılar. Amma İngiltərə, Fransa və Rusiya bu xain hücumla Osmanlının Moradan öz qoşunlarını çıxarmasına nail ola bilmədilər. Bunu görən Fransa və İngiltərə bu dəfə Morada üsyanı yatırdan Misir valisi Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşaya təzyiq göstərməyə başladılar. İbrahim Paşa uzun müddət bu təzyiqlərə tab gətirə bilmədi. O, sonda Osmanlı padşahının əmrini gözləmədən komandanlığı altında olan qoşunları Moradan çıxarmağa məcbur oldu. Amma yenə də Osmanlı yunanların müstəqilliyini tanımaq istəmirdi. Bunun sonu isə müharibə ilə nəticələndi. Bu dəfə Qərb Rusiyanı önə verdi. Osmanlı ilə Rusiya arasında 1828-ci ildə baş verən müharibədə türklər uduzdular. Nəticədə, tərəflər arasında Ədirnədə sülh anlaşması imzalandı. Bu anlaşmaya əsasən, Osmanlı məğlub dövlət kimi Yunanıstanın müstəqilliyini tanımağa məcbur oldu. Bundan əlavə, Ədirnə anlaşması ilə Türkiyə Serbiyaya muxtariyyət verməli oldu. Bununla belə, Osmanlı ilə Rusiya və Qərb ölkələri arasında Yunanıstanın tam müstəqilliyini nəzərdə tutan bəzi maddələr barədə ortaq məxrəcə gəlinməmişdi. Ona görə də bölgədə etnik münaqişələrin qarşısını almaq adı altında Qərb dövlətləri Morada və Serbiyada ( Belqrad və bir neçə bölgə istisna olmaqla) yaşayan türklərin və digər müsəlmanların Anadoluya deportasiya edilməsinə nail oldular. Bunun ardınca Qərb yunanlara yeni kral da tapdı. Bu kral Bavariya prinsi Otto oldu. O, Yunanıstan kralı kimi ağ atın belində qəhrəman kimi Afinaya daxil oldu. Bu hadisə ilə Balkanlarda Osmanlının daha ağır bir duruma düşməsi və on minlərlə türkün vəhşicəsinə qətli, yüz minlərlə müsəlmanın isə Anadoluya deportasiyası üçün zəmin hazırlandı. Belə ki, əcdadlarının səlib yürüşlərini bu dəfə Balkanlarda davam etdirən Qərb bölgə xalqlarına müstəqillik verilməsi adı altında adıçəkilən ərazilərdə yaşayan türklərin və digər müsəlmanların qətliamı və deportasiyası üçün yeni planlar hazırlamışdı. Bu planların reallaşması istiqamətində Qərbin atdığı addımlar isə gələcəkdə Balkanları qətlə yetirilən türklərin qanlarından əmələ gələn bir dənizə çevirəcəkdi… |