Tarixin lap qədim zamanlarından başlayaraq türklər gündoğandan günbatana kimi uzanan böyük bir ərazidə at oynatmış, onlarla imperiyalar qurmuş və ən yenilməz sərkərdələri önlərində baş əyməyə məcbur etmişlər. Eramızdan min il əvvəl başlayan yeni ərazilər fəthi ilə gündoğana və günbatana köç edən türklər getdikləri hər yerdə qəhrəmanlıqları, ədalətləri ilə milyonların sevgisini qazanmışlar. Bu baxımdan türk tarixi bir köç tarixidir desək, səhv etmərik. Bugünki Avrasiyanın da sivil xəritəsinin formalaşdırılmasında türklər önəmli rol oynamışlar. Amma sonradan, belə demək mümkünsə, tale türklərdən üz döndərdi və onlar bir vaxtlar sevgi və məhəbbətlə rəftar etdikləri xalqlar tərəfindən sonsuz zülmlərə məruz qaldılar. Halbuki, Osmanlı imperiyası həmin xalqları ədalətlə idarə etmiş, bir nəfər belə qeyri-müsəlmanın zərrə boyda da olsa, haqqının tapdalanmasına imkan verməmişdi. Lakin 17-ci yüzilliyin sonlarına yaxın Osmanlının müxtəlif səbəblər üzündən zəifləməsi, xüsusi ilə Vyana ətrafındakı məğlubiyyət (1683) türklər üçün yeni fəlakətlərin başlanmsı demək oldu.
Türkün “qara” əsri
18-ci yüzilliyin ortalarından başlayaraq bir-birini sürətlə əvəz edən faciəli hadisələr son 250 ili türkün qan yaddaşına qara yüzilliklər kimi həkk edib. Bu dönəm həm də tarixdə Balkanlardan Anadoluya türk köçləri və Bakanlarda türk soyqırımı kimi qeyd edilir. İqtisadi inkişafdan geri qalma, daxili çəkişmələr və Osmanlının zəifləməsi ilə Avropada baş qaldıran türk düşmənçiliyi daha da qızışdı. Avropanın siyasi səhnəsində ortaya çıxan güclü dövlətlər tərəfindən Osmanlının idarəsi altında olan ərazilərdə milli-etnik münaqişələrin körüklənməsi isə Balkanlarda türklərin öz tarixlərinin ən faciəli günlərini yaşamasına gətirib çıxardı. Necə deyərlər, elm və texnikanın inkişafı ilə Avropa dövlətlərinin güclənməsi və bu müstəvidə xarici və daxili amillərin təsiri altında iqtisadi inkişafdan geri düşən türklər bir vaxtlar tarixin qüdrətli dövləti olduqları halda, 20-ci yüzillikdə tədricən dünyanın ən çox soyqırımına məruz qalan xalqına çevrildilər. Onlar yüz illər boyu yaşadıqları doğma yurdlarından kütləvi şəkildə köç etməyə məcbur oldular.
Türklərin məruz qaldıqları zülmlər Çin səddindən başlamış Balkanlar da daxil olmaqla Avropanın böyük bir ərazisində güclü əks-səda verdi. Təsadüfi deyil ki, Balkanlardan minlərlə kilometr uzaqlarda olan Özbəkistanda yaşayan və 1938-ci ildə Stalin repressiyasına məruz qalaraq güllələnən böyük özbək şairi A. Çolpan bununla əlaqədar bir şeirində yazırdı:
Bu imiş bilgi- fen, hünər əsri,
Bu imiş yüksələn bəşər əsri
Hadisat öylə göstərdi ki,
Bu əsr yalnız şər və şər və şər əsri.
Türklərin üzləşdikləri zülmlər nəticəsində böyük bir coğrafiyadan, o cümlədən Balkanlardan və çar Rusiyasının əsarəti altında olan ərazilərdən Anadoluya köç etmələri bəşər tarixinin ən qara səhifələrindən biri hesab edilə bilər.
Osmanlı ədalətinə xəyanət
Bir vaxtlar dünyaya haqq və ədalət yaymaq üçün Asiyadan Avropanın mərkəzinə qədər uzanan böyük bir ərazini fəth edən Osmanlı orduları özləri ilə o dövrdə zülmətdə çırpınan xalqlara haqq və ədalət gətirdilər. Osmanlı ordularının ayaq basdığı hər yerdə haqq və ədalətin hökm sürməsinin şahidi olan əksər xalqar könüllü şəkildə onun idarəsi altına girməyi üstün tutdular. Osmanlıya sığınan hər bir xalq dilini, dinini, milli kimliyini qoruyub saxlayaraq 100 illər əmin-amanlıq içində yaşadılar. Osmanlı dövləti fəth etdiyi torpaqlara özləri ilə yeni bir mədəniyyət, inkişaf gətirdilər. Çünki o dövrdə Osmanlı dövləti özünün yüksəliş dövrünü yaşayırdı və mədəni, elmi mənəvi cəhətdən nəinki Avropanın, həm də dünyanın ən inkişaf etmiş ölkəsindən biri idi. Necə deyərlər, Osmanlı özü ilə Avropaya yeni sivilizasiya, haqq və ədalət gətirmişdi. Bu da Avropada elm və mədəniyyətin sürətlə inkişafına təkan verdi. Lakin Osmanlının insanpərvərlyi, bütün insanların haqq və ədalət içində yaşamasını təmin edən siyasəti onun özünə qarşı çevrilərək türklərin zülmə, qətliamlara və köçlərə məruz qalmasının əsasını qoydu. Bir vaxtlar Osmanlının haqq və ədalətinə sığınan xalqlar onun zəifləməsindən istifadə edərək xəyanət yoluna qədəm qoydular. Onlar xarici ölkə casuslarının təhriki ilə Osmanlıya qarşı üsyanlar qaldıraraq ona arxadan zərbələr endirdilər. Bu, tarixdə görünməyən bir xəyanət idi...
İlk məğlubiyyət və ilk köçlər
17-ci əsrin 80-ci illərində Vyananı mühasirəyə alan Osmanlı bu şəhəri ələ keçirmək üçün çox cəhdlər göstərdi. Lakin müəyyən səbəblər üzündən Vyananı almaq mümkün olmadı. Vyana ətrafında öz tarixində ilk uğursuzluğuna düçar olan Osmanlı ordusu tədricən Avstriyanı tərk edərək geriyə çəkilməyə başladı. Osmanlı ordularını təqib edən avstriyalılar 1687-ci ildə indiki Makedoniyanın paytaxtı olan Üsküpə (Skopye) qədər gəlib çıxdılar. Yeri gəlmişkən qeyd edək ki, Osmanlı ordusu Üsküpü 1389-cu ildə fəth etmişdi və 300 il ərzində bu şəhər ən inkişaf edən sivil mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Şəhərdə Osmanlı tərəfindən yüzlərlə göz oxşayan ictimai-siyasi əhəmiyyət daşıyan binalar, o cümlədən mədrəsələr, məscidlər, kitabxanalar, elm təhsil mərkəzləri parklar inşa edilmiş, küçələrə daş döşənmişdi. Amma Osmanlı ordusunu təqib edən Avstriya əsgərləri Üsküpü ələ keçirən kimi şəhərə od vuraraq yandırmağa, əllərinə keçəni dağıdaraq məhv etməyə, insanları qətlə yetirməyə başladılar. Şəhər qısa müddətdə xarabazarlığa çevrildi. Avstriyalıların qətliamından xilas olmaq üçün Üsküpdə yaşayan türklər Anadoluya köç etmək məcburiyyətində qaldılar. Bu, Osmanlı tarixində Balkanlardan Anadoluya başlayan ilk türk köçü idi. Üsküpdən köç etməyə məcbur olan türklər İstanbula gələrək buradakı Unqapanın ətrafında məskunlaşdılar. Beləliklə, İstanbulda Balkanlardan köç edən türklərdən ibarət böyük bir məhəllə əmələ gəldi. Bununla da Rumelindən Anadoluya doğru ilk köç başladı. Əvvəlcə bu köçün müvəqqəti olacağına və Üsküpdəki yurd-yuvasını qətliam təhlükəsi altında tərk etməyə məcbur olan türklərin tezliklə geriyə qayıdacaqlarına böyük ümidlər bəslənilirdi. Ancaq bu ümidlər özünü doğrultmadı, əksinə sonrakı illərdə Balkanlardan Anadoluya köç qarşısı alınmaz bir faciəyə çevrildi və özü ilə türklərə dəhşətli faciələr yaşatdı.
Üsküp hadislərindən sonra Osmanlının artıq əvvəlki qüdrətini bərpa edə bilməyəcəyi aydın oldu. Bunun ardınca ruslarla da döyüşlərdə Osmanlının yenilməsi əsarət altında qalmaq istəməyən Krımda və Qafqazda yaşayan xalqların Anadoluya yeni köç axınının əsasını qoydu. Avsrtiyanın ardınca Krım və Qafqazda da Osmanlı ordularının ruslara yenilməsi bölgədə yaşayan türklərin, o cümlədən çərkəzlərin Anadoluya köçü üçün sanki siqnal oldu. On minlərlə Krım türkü və çərkəz rus zülmündən qaçaraq Anadoluda məskunlaşmağa başladı. Onlar Osmanlının idarəçiliyi altında təhlükəsiz yaşamaq və gələcəkdə imkan düşən kimi ata vətənlərinə qayıtmaq niyyətində idilər. Ona görə də istər Balkanlardan, istərsə də Krım və Qafqazdan köç edənlər tarixi vətənlərinə yaxın ərazilərdə, xüsusi ilə, Qara dəniz ətrafında yaşamağa üstünlük verirdilər. Lakin hadisələrin gedişi göstərdi ki, onların geriyə yolu kəsilib və doğma yurdlarını zorla tərk edənlər əsrlər boyu vətən yanğısını nəsildən-nəsilə keçirərək yaşadacaqlar. Krım və Qafqazdan sonra yenidən Balkanlardan, o cümlədən indiki Serbiya və Qaradağdan (Çernoqoriya) Anadoluya yeni köç dalğası başladı. Buna səbəb isə Avropa dövlətlərinin Osmanlının daxili işlərinə müdaxilə edərək öz casusları vasitəsi ilə Sebiya və Qaradağda türklər əleyhinə üsyan qaldırmaları oldu. Amma adıçəkilən hər iki bölgədə əsrlər boyu serblər və qaradağlılarla qardaş kimi çiyin-çiyinə yaşayan türklər onlardan bu xəyanəti gözləmirdilər. Ona görə də serblər və qaradağlılar heç nədən xəbərsiz minlərlə türkün üzərinə qəfildən hücum edərək onları kütləvi şəkildə qətlə yetirməyə başladılar. Serblərin və qaradağlıların zülmündən qaçan on minlərlə türk qətliamdan xilas olmaq üçün Anadoluya axışmağa başladı. Bu, Balkanlardan Anadoluya başlanan ikinci köç idi.