Uşağın çəkisinin defisiti “hipotrofiya” adlanır. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərinə tutulur.
Hipotrofiyanın ağır formaları hətta uşağın həlak olmasına səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və, adətən, xəstəxana şəraitində müalicə olunur.
Çəki artımının pis olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər – qeyri-adekvat, balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də (2,5 saat) tab gətirmir.
Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi — əlavə qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal müddəti — uşağın 5 aylığındandır).
İkinci qrup səbəblər — qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, disbakterioz, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur. Belə əlamətlər qeyd olunduqda yalnız bir məsləhət vermək olar – mütəxəssisə müraciət edin.
Üçüncü qrup səbəblər: maddələr mübadiləsinin pozulması. Əgər çəki artımının az olması ilə yanaşı, uşağın boy artımının da xeyli ləngiməsi qeyd edilərsə (bəzi hallarda uşağın boyu, ümümiyyətlə, artmaya da bilər), tez bir zamanda həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə də müraciət etmək lazımdır.
saglamolun.az