Əmgəyin funksiyası nədir?

Əmgəyin funksiyası nədir?

Yeni doğulan uşaqların əmgəyi ilə bağlı valideynlər çox narahat olur. Onun kiçik, ya da böyük olması ilə bağlı tez-tez həkimə müraciət edirlər. Hətta bəzən lazımsız yerə dərmanlardan, kalsium preparatlarından da istifadə olunur. Bu isə əmgəyin həddindən tez bağlanmasınar səbəb olur. Bəs əslində əmgəyin normal ölçüləri necə olmalıdır? 

Nevroloq Rayihə Xudiyeva bildirir ki, böyük əmgək alın və təpə sümükləri ardında yerləşən rombşəkilli boşluqdur: “Normalda əmgək kəllə sümükləri ilə eyni səviyyədə olur, əlimizi üzərinə qoyanda pulsasiya edir. Uşaq ağlayanda, qışqıranda, öskürəndə qabara bilər. Bu, nevroloji əlamət deyil.

Əmgək kəllədaxili təzyiqin yüksəlməsinə səbəb olan müxtəlif xəstəliklər zamanı qabara bilər. Təbii ki, bu xəstəliklərə uyğun digər əlamətlər də müşahidə ediləcək. Qusma, ishal kimi orqanizmin maye itirməsinə səbəb olan hallarda əksinə, əmgək çökə bilər. Bəs əmgəyin funksiyası nədir? Əmgək doğuş yollarında kəllə sümüklərinin bir-birinin üzərinə keçməsinə şərait yaratmaqla başın həcmini kiçildir, kəllə daxilində beyin toxumasının sıxılmadan inkişafını, böyüməsini təmin edir, beyin toxumasını travmadan qoruyur”.

R.Xudiyeva məlumat verir ki, əmgək uşağın 3 ayından 2 yaşına qədər bağlanır: “Əgər uşağınızın inkişafı pediatr və ya nevroloq tərəfindən normal qiymətləndirilibsə, başın çevrəsi normal artırsa, başqa əlamət aşkarlanmayıbsa, əmgək sizi narahat etməsin. Buna görə uşağınıza müxtəlif dərmanlar verməyin, ana südü, D vitamini, tərkibində kalsium olan qidalardan məhrum etməyin. Heç bir vasitə ilə əmgəyin bağlanma zamanına təsir edə bilməzsiniz”.
Top