Nəsib Quliyev: “Bu gün uşaqların qayğısına qalmaq, onların üstündə əsməyin birinci şərti təbii şəraitdə böyümələrinin təmin olunmasıdır”
Tikilən binanın möhkəm olması üçün birinci vacib faktor bünövrənin yaxşı olmasıdır. Çünki dayaq möhkəm olanda, külək-boran ona çox da təsir edə bilmir. İnsan orqanizmini də bir binaya bənzətsək, sağlamlığın qeydinə uşaq vaxtından qalınmalıdır. Uşağın sağlamlığının diqqətdə saxlanması isə valideynlərdən asılı olur. Son vaxtlar isə illər öncə ilə müqayisədə uşaqların tez-tez xəstələndiyini görürük. Uşaqların sağlamlığı ilə bağlı məsələ ətrafında K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyevlə söhbətləşdik.
— Əvvəllər uşaqlar ayaq açandan sonra qardaş-bacılarının yanında böyüyürdülər. İndi valideynlər uşaqların üstündə "əsir”lər. Amma indi uşaqlar əvvəlkindən daha çox xəstələnirlər. Səbəb nədir?
— Bu "əsmək” ifadəsini bir az obrazlı hesab edirəm. Biri var məntiqli olaraq uşağın sağlamlığını diqqətdə saxlayasan, bir də var sadəcə, göstəriş xətrinə uşağın üstündə əsdiyini nümayiş etdirəsən, reallıqda isə elə olmasın. Valideynin uşağın üstündə əsməsi o ola bilər ki, dünyaya gətirdiyi övladı təbii mühitdə yaşasın, təbii məhsullarla qidalanıb böyüsün. Bunu indiki zamanda tətbiq etmək xeyli dərəcədə çətinləşib. Çünki insan cəmiyyətinin inkişaf istiqaməti heç də həmişə qənaətbəxş istiqamətə getmir və təbiətin də elə qanunları var ki, canlılar ona riayət etmədikdə, təbiət onlardan qisas alır. Bu gün uşaqların qayğısına qalmaq, onların üstündə əsməyin birinci şərti təbii şəraitdə böyümələrinin təmin olunmasıdır. Əslində bunun üçün nə böyük vəsait tələb olunur, nə də xüsusi şərait. Amma doğru yolu tutmaq lazımdır.
— Yəqin ki, doğru yoldan çıxmaq üçün atılan ilk addım uşağa ana südünün verilməməsi olur…
— Gələcəkdə uşaq dünyaya gətirəcək ana hamiləlik dövründə, hətta ondan da qabaq körpəsini təbii yolla qidalandıracağını yəqin etməlidir. Canlı aləmdə yarananların əşrəfi insan sayılır. Amma insandan başqa təbiətdə elə bir canlı yoxdur ki, dünyaya gətirdiyi balasına başqasının qidasını versin. Heç görmüsünüz ki, şir, pələng öz balasına dovşan südü versin? Amma insanlar şüurlu surətdə heyvan südü və yaxud süni qidalarla uşaqlarını rahat şəkildə qidalandırırlar. Bunu uşağı dünyada hamıdan çox istəyən, onu dünyaya gətirən ana edir. Biz şüurlu insan olsaq da, təbiətin qanununu pozuruq. Təbiətin qanununu kimlər pozurlarsa, təbiət ən azı onlardan qisas alır.
— İndi də keçi südünün uşaqlara verilməsi dəbə düşüb. «Ana südünü ən yaxşı o əvəz edir” – deyirlər…
— Təəssüf ki, insanların arasında səhv olaraq belə bir fikir yayırlar. Əslində bilməlidirlər ki, keçinin südü ana südü ilə müqayisədə inək südündən də çox uzaqdır. Bəzən pasientlər deyirlər ki, mənim südüm su kimidir, amma keçinin, inəyin südü ağdır, daha yaxşıdır. Fərq nədir? Bunu pasientə elmi cəhətdən izah etmək bəzən çətin olur. Amma ən sadə variantla deyim. İnsan, keçi və inək yanaşı dayansınlar. Onların bir-birinə oxşarlığı nə dərəcədədirsə, südləri də bir o qədər bənzəyəcək. İnsan südünün tərkibində qan zülalı, heyvanınkında isə ağlıq yaradan kazeyn zülalı var. Kazeyn zülalı başqa sözlə, keçi zülalı deməkdir. Bu heyvanlara məxsus olan qida maddəsidir. Biz də onu özümüzə doğma hesab edirik. Hər bir ana uşağını öz südü ilə bəsləməli, daim onu açıq havada gəzdirməli, tibb işçilərinin verdiyi məsləhətlərə qulaq asmalıdır. Mühitlə, iqlimlə asılı elə məsələlər var ki, orada tibb mütəxəssisinin məsləhəti lazımdır. Necə gəldi uşaq böyütmək olmaz.
— Uşaq vaxtı ana südü ilə normal şəkildə qidalanan bəzi insanlar bu səbəbdən gec-gec xəstələndiklərini deyirlər. Bu səbəbdirmi?
— Dünyada bununla bağlı təcrübələr aparılır. Məsələn, süni qida qəbul edənlərdə ishal xəstəlikləri ana südü ilə qidalananlardan 17 dəfə çox olur. Yaxud, bütövlükdə süni qidalarla qidalanan uşaqlar arasında bu və ya digər xəstəlikdən ölüm hadisələri təbii qidalananlardan dörd dəfə çoxdur.
— Uşaqları çox zaman həkimə aparanda qoyulan ilk diaqnoz immun sisteminin zəif olması ilə bağlı olur. Uşaqların immun sistemi niyə zəif olur?
— Uşaqlar dünyaya gələndə onların immun sistemi hələ tam formalaşmır. İmmun sisteminin yetişməsi üçün orta hesabla iki il vaxt tələb olunur. İki yaşdan sonra uşaq orqanizminin özündə immun proseslər fəaliyyətə başlayır və özünü idarə edə biləcək səviyyəyə çatır. Amma öncəki iki il ərzində immun sisteminin qoruyucuları ana südü vasitəsi ilə uşaqlara passiv yolla hazır şəkildə gəlir. Bu da təbiətin qoyduğu tələbdir. Uşaq doğulandan iki yaşına qədər immun sistemi ananın südündən çox asılıdır. Əgər bunu etmiriksə, immun sisteminin formalaşması pozulur, uşaqları xəstəlikdən qoruyan faktor çatışmır. Obrazlı desək, infeksiyanın qapıları açıq olur, uşaqlar da ardıcıl olaraq xəstəliklərə tutulurlar. Ona görə immun sistemi zəif olanda uşaqlar yoluxucu xəstəliklərə daha tez tutulurlar. İmmun sistemi çatışmazlığına uşaqlar arasında iki variantda rast gəlinir – onlardan birincisi, anadangəlmədir, ona birincili immunodefisit deyilir. Bir də var ikincili immunodefisit. Bu zaman isə bu və ya digər xəstəliyin yaranmasından dolayı immun sistemi zəifləyərək, çatışmazlıq vəziyyətinə gəlib çatır. Bir də dünyada ən qorxulu xəstəliklərdən sayılan qazanılmış immun çatışmazlığı sindromu var. İmmun sisteminin zəifləməsinin qarşısını almaq üçün birinci yol hər şeyin təbii yolla baş verməsidir. İnsanların, xüsusilə də uşaqların yaşlarına uyğun olaraq ən təzə hazırlanmış qidalarla və təbii mühitdə, ağ işıqda, günəş, dəniz havası, qum vannası və s. kimi vasitələrdən istifadə edərək uşaqların yaşamasıdır. Yanaşma sadədir. Əgər uşaqlar təbii mühitdə böyüyüb inkişaf edəcəklərsə, onların immun sistemləri də tam şəkildə güclü formalaşmış olacaq.
— Son vaxtlar uşaqların həkimə müraciəti ən çox hansı problemlərlə bağlı olur?
— Dünyanın praktikası da belədir ki, uşaqların bizə müraciət etdikləri problemlər sırasında birinci yerdə tənəffüs üzvlərinin problemləri durur. O da təbiidir. Çünki tənəffüs sistemi qədər xarici mühitlə açıq kontaktda olan sistem yoxdur. Ona görə təbii ki, burada xəstələnmə əlamətləri daha çox görünür. Azərbaycanda hazırda uşaqlar arasında ikinci yerdə neanotal dövrün (çağalıq, yenidoğulma) xəstəlikləri durur. Təsadüfi deyil ki, Azərbaycanda bununla bağlı 2005-ci ildən başlayaraq indiyə qədər çoxsaylı dövlət proqramları qəbul edilib, 7 regionda perinatal mərkəz yaradılıb. Bu gün də Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramında neonatoloji xidmətə xüsusi önəm verilməkdədir. 2015-ci ilin yanvarından Azərbaycanda diridoğulmanın yeni beynəlxalq meyarlarına keçildi. Bizdə artıq bədən kütləsi 500 qr və ondan çox, hestasiya yaşı 22 həftə və ondan çox olan bütün dünyaya gələn uşaqlarda həyat əlaməti görünürsə, onları yardım edərək yaşatmaq üçün bütün tədbirlər həyata keçirilir. Əvvəllər isə bu göstərici bədən kütləsi 1 kq, hestasiya yaşı 28 həftədən az olmayaraq dünyaya gələn körpələrə aid edilirdi. Bütün bunların həyata keçirilməsi Azərbaycanda körpə ölümünün ilbəil azalmasına gətirib çıxarıb. 1992-93-cü illərdə körpə ölümü göstəricisi 30 promilliyə yaxın idi, indi bu rəqəm 10,2 promilli əhatəsində dəyişir. Amma dünyanın ən çox inkişaf etmiş ölkələri var ki, orada bu rəqəm 4-5-ə qədər azalıb. Məqsədimiz gələcəkdə körpə ölümü göstəricisini minimum səviyyəyə çatdırmaqdır.
— Uşaq ölümü əsasən hansı yaş dövründə daha çox olur?
— Uşaq ölümü ən çox uşaq anadan olduğu ilk həftə, sonra ilk 40 gün və bir yaşa qədər olan dövrdə olur. Sonrakı illərdə ölüm göstəricisi azalmağa başlayır.
— 1 yaşa qədər olan ölümlərin səbəbi nələr olur?
— Təbiətə uyğunlaşma məsələsidir. „Dünyaya uşaq gəldi”ni elə belə demirik. Uşaq ana bətnində olduğu 9 ay ərzində də dünyada olur, amma doğulmayıb, nəfəs almır. Doğulub dünya ilə uyğunlaşmağa başlayanda artıq dünyaya gəlir. Bizim elin gözəl adəti var ki, uşaq doğulanda onu anası ilə bir otaqda saxlayırlar, tapşırırlar ki, üstünə heç kim getməsin. “Qırxlı uşağın üstünə getməzlər”, „Zahının üstünə getməzlər” kimi adətlərimiz qoruyucu faktorun biridir. Tibbi-nöqteyi nəzərdən tam əsaslandırılmışdır. Təbiətin qanunu belədir ki, uşaq dünyaya gələndə onun orqanizmində olan bütün mikrob florası ananınkı ilə oxşar olmalıdır. Bu halda ana südü onu tam qoruyur. Uşağın ağzında, nəfəs yollarında, dəri səthində, hətta bağırsaqlarında olan bakteriya ananınkı ilə eyni olmalıdır. Ona görə ana və uşağı hamıdan ayırırlar ki, uşağın bədənində saprofit və digər mikrob floralarının formalaşması 40-45 günə başa çatır. Sonra uşaq kimin yanına getsə qorxusu yoxdur.
— Əvvəllər böyüklərin problemi olan piylənmə indi uşaqlarda da aktuallaşıb. Hansı səhvlər edilir?
— Uşaqlar arasında bir qisim piylənmə ya irsi olur, ya da hansısa xəstəliklə bağlı. Bir də uşaqların qidalanmasının düzgün təşkil olunmaması ilə bağlıdır. Yenə təbiətin qanunlarına gəlirəm. Təbiət heç zaman bizə indiki kimi hər şeyi hazır verməyib. İş o yerə çatıb ki, yediyimiz çörək məhsullarının unu da bir neçə növdən ibarətdir. Halbuki bizim üçün effektli olan odur ki, buğda dəyirmanda üyüdüldükdən sonra ondan çörək bişirilsin. Amma biz ən yüksək növdə kağız rəngində əldə edilən undan çörək bişiririk. Bu o deməkdir ki, qida məhsullarını o vəziyyətdə orqanizmə daxil edirik ki, həzm prosesindən çox asanlıqla keçərək, bədəndə depolaşmaya başlayır. Bu depolaşmanın də üstünə gəlir uşaqların hipokineziya və hipodinamiya problemləri. Uşaq orqanizmi yeyib-yatır. Həm lazım olan miqdarda hərəkət etmir, eyni zamanda qapalı mühitdə yaşayır. Evin içində nə qədər hərəkət edə bilər ki? Ayaq üstü yeməkləri, konsentrantları, yağlı qidalar və s səbəblər daxil olmaqla, axırda belə bir problem meydana çıxır.
— Uşaq kök olmayanda sağlam olmadığını deyirlər…
— Təbii ki tibb işçisi, həkim olmayan insanlar bəzən belə dərk edirlər ki, hansı uşağın yanaqları ətlidirsə bədənində depolaşma daha yaxşı gedir, sağlamlıq əlamətdir. Tibb dilində biz ona paratrofiya deyirik. Bu qidalanma pozğunluğunun bir növüdür. O normal hal deyil. Uşağının çəkisinin çox olması sağlamlıq deyil, xəstəlik əlamətidir. Valideynlər bu halla qarşılaşmamaq üçün birincisi, təbii qidalanma mövqeyində dayanmalı, uşaqlarını təbiətin yaratdığı qida ilə bəsləməlidirlər. Əgər bunu edə bilmirlərsə, uşaqların qidasını, xüsusilə körpə uşaqların qidasını seçəndə mütləq mütəxəssislə məsləhətləşməlidirlər. Rayonlardan birindən uşağı yanıma gətirmişdilər. Maşının yük yerinə də keçi qoyub gətirmişdilər. Mənə deyirlər ki, keçi südü veririk, dedik birdən uşaq Bakıda qalar. İki dəfə belə hadisə ilə qarşılaşmışam. Valideyn bunu qəsdən etmir, belə dərk edir. Məlumatsızdırlar, ona görə də deyirəm ki, mütəxəssislə məsləhətləşsinlər.
kaspi.az