Azərbaycanlılar müharibədə

Azərbaycanlılar müharibədə

Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar.
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafıəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi. Onlardan M.Qədirovun, İ.Səfərovun, D.Abdullayevin, İ.Dadaşovun, A.İmanovun, M.Məmmədovun, A.Qafarovun, Ə.Mansurovun, Ə.Əliyevin və bir çox başqalarının göstərdikləri mərdlik və igidlikləri indi də iftixar hissi ilə xatırlanır.9 1941-ci il iyunun 30-da düşmən mühasirəsindən çıxmaq uğrunda əlbəyaxa döyüşdə A.İmanov və İ.Səfərov igidlik göstərmiş, faşistləri geri oturtmuşdular. Leytenant D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi 7 gün düşmən hücumuna sinə gərib onlarla faşisti məhv etmişdi. Prut çayı yaxınlığında gedən döyüşdə siyasi işçi Kamal Qasımov 6 döyüşçü ilə birlikdə 3 gecə arasıkəsilməyən atəş altında 3 körpünü partladaraq düşmənin çaydan keçməsinin qarşısını almış, dördüncü gün igidliklə həlak olmuşdu.

Leninqrad müdafıəçisi, snayperçi M.İsmayılov iyulun 22də Sovet sərhədini keçmək istəyən 11 düşməni sərrast atəşlə məhv etmiş və igidliyinə görə Lenin ordeninə layiq görülmüşdü. Azərbaycanlı şahin, dəniz aviasiyası leytenantı Hüseynbala Əliyevin əfsanəvi igidliyi heç vaxt unudulmayacaq. Bu cəsur təyyarəçi Leninqrad səmasında gedən ilk döyüşlərdə 4 faşist təyyarəsini vurub yerə salmışdı. 1941-ci il iyulun 17-də Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur döyüşçü 17 yara almasına baxmayaraq öz qırıcısını yerə endirə bilmişdi. Hüseynbalanın hava döyüşünü və onun aldığı ölümcül yaralara baxmayaraq, yerə enmək bacarığını müşahidə edən döyüş yoldaşları onun qəhrəmanlığına heyran qalmışdılar. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin ordeni ilə təltif edildi. Digər təyyarəçi Yusif Quliyev 1941-ci ilin yayında Leninqrad müdafıəsində yüksək cəsarət göstərmişdi. Yusif 4 faşist təyyarəsi ilə təkbaşına döyüşə girərək onlardan ikisini məhv etmişdi. Müharibənin dördüncü günü, iyunun 25-də Qara Dəniz Donanmasının 63-cü aviasiya briqadasının təyyarəçisi Məzahir Abbasov hitlerçilərin bazasını bombalamaq tapşırığını yerinə yetirərkən düşmən təyyarələrinin hücumuna məruz qalır. Qorxmaz şahin təyyarəsini düz düşmən təyyarəsinin üstünə şığıyır, onlardan birini vurub yerə salır, digər düşmən təyyarəsini isə qaçmağa məcbur edir. Ancaq təyyarəsinin yandığını görən Məzahir onu ustalıqla dənizə endirə bilmiş və bir neçə gün su üzərində qalmışdı. Göstərdiyi igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Baltik səmasının qorunmasında Rizvan Zeynalov da fərqlənmiş və igidlik göstərmişdi. Məzahir Abbasov və Rizvan Zeynalov 1941-ci ildə ilk dəfə olaraq Berlinin bombardman edilməsində iştirak etmişlər.
1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfıyevin tankçılar bölməsi düşmənin 2 tankını, 16 topunu, 50-dən artıq əsgərini məhv etmişdi.

Müharibənin ilk günlərində Qərb cəbhəsində gedən döyüşlərdə 11 min həmyerlimiz iştirak etmiş, böyük igidliklər göstərmişlər. Moskva uğrunda qanlı vuruşmalarda Azərbaycan döyüşçüləri fərqlənmişdilər. Tank hissəsinin komandiri, kapitan Həzi Aslanov qeyri-adi sərkərdə bacarığına və göstərdiyi qəhrəmanlığa görə Qırmızı Ulduz ordeni ilə təltif olundu. 1941cü ilin noyabrında Moskva ətrafında göstərdiyi şücaətə görə Müseyib Allahverdiyev Qırmızı Ulduz ordeninə layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva ətrafında 10 düşmən təyyarəsini vurmuşdu. M.Paşayev Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. Pulemyotçu İdris Vəliyev Borodino çölündə ağır yaralanmasına baxmayaraq, 75-dən artıq faşisti məhv etmişdi. İ.Vəliyev Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Moskva uğrunda gedən döyüşlərdə baş serjant İsrafıl Məmmədovun əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. İ.Məmmədovun dəstəsi Novqorod vilayətinin Pustınka kəndi yaxınlığında mövqe tutmuşdu. Güclü top atəşindən sonra minə qədər faşist bu mövqeyə hücum etdi. İ.Məmmədov cəsarətli əmr verdi: düşmən 10-15 metr məsafəyə buraxılsın. 10 saat qanlı vuruşma getdi, sonra əlbəyaxa vuruşma başladı. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən İ.Məmmədov özü təkbaşına 700 faşist öldürdü. Göstərdiyi igidliyə görə İsrafıl Məmmədova 1941-ci il dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı adı verildi. İsrafıl Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı idi.
Düşmənə qarşı ölüm-dirim mübarizələrində göstərdiyi şücaətə və igidliklərə görə gənc zabit N.Bağırov Qırmızı Ulduz, kapitan A.Abbasov Qırmızı Bayraq ordenlərinə layiq görülmüşdülər. Stalinqrad yaxınlığında döyüşlərdə fərqlənən pulemyotçu Ə.Rəcəbov Lenin ordeni ilə, A.Axundov Qırmızı Bayraq və Qırmızı Ulduz ordenləri ilə, təyyarəçi qadın Züleyxa Seyidməmmədova «Stalinqradın müdafıəsi uğrunda»medalı ilə təltif edilmişlər. Stalinqrad ətrafında 55-ci xüsusi tank alayının komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirdi. Həzi Aslanovun tank briqadası ağır döyüşlər apararaq bir neçə yaşayış məntəqəsini düşmənlərdən azad etdi. Bu döyüşlərdə düşmənin 49 tankı, 14 minamyot batareyası, 3 piyada rotası, 50 avtomobili məhv edildi, 1400 hitlerçi əsir götürüldü. 1942-ci il dekabrın 31-də SSRİ Ali Sovetinin Rəyasət Heyyətinin fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Qeyd etmək lazımdır ki, Sovet ordusu Stalinqrad uğrunda gedən vuruşmada alman-faşist qoşunlarına sarsıdıcı zərbə endirdi, Hitlerin ən çox inandığı, feldmarşal Paulüs başda olmaqla 24 general, 330 min nəfər əsgər və zabit əsir alındı. Faşistlər Stalinqrad uğrunda gedən döyüşlərdə 1,5 milyon canlı qüvvə, 3 mindən çox tank, top və minamyot, 4,4 min döyüş və nəqliyyat təyarəsi itirdilər. Stalinqrad döyüşlərində böyük və həlledici dönüş baş verdi və Sovet ordusunun əks — hücum
əməliyyatları genişləndi.
Kəşfıyyatçı Əli Kərimov və baş leytenant Həmzə Sadıxov qorxmaz kəşfıyyat işləri apararaq feldmarşal Paülsün əsir alınmasında fəal iştirak etdiklərinə görə Qırmızı Ulduz ordeninə layiq görülmüşlər. 1600-dən artıq azərbaycanlı «Stalinqradın müdafıəsi uğrunda» medalı ilə təltif olunmuşdur.

Hitlerin işğal planında Qafqaz, o cümlədən Azərbaycan, xüsusilə Bakı diqqət mərkəzində idi. Moskva yaxınlığında darmadağın edilən faşist orduları Hitleri qəzəbləndirdi və cənub istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad və Qafqaz uğrunda ağır döyüşlər aparılırdı. Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı işğal etmək üçün Hitler nəhəng ordu və canlı texnikanı bu istiqamətə yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı. Zaqafqaziya xalqlarının faşist əsarəti altına düşmək təhlükəsi ilə bağlı Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz etmək üçün şimaldan əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya vasitəsilə saxlanırdı. Bu isə işi xeyli çətinləşdirirdi. Belə bir zamanda Azərbaycanda olan iri müəssisələrlə yanaşı, xırda müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı. 1942-ci il avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist mitinqi keçirildi. Mitinqdə Səməd Vurğun alovlu nitq söylədi və bütün Zaqafqaziya xalqlarını düşmənə qarşı ölüm-dirim mübarizəsinə səslədi. Beş ay davam edən Qafqaz uğrunda döyüşlərdə (25 iyul — 31 dekabr 1942) yüz mindən çox həmyerlimiz həlak oldu.
Qafqaz uğrunda gedən döyüşlərdə Xanqulu Sadıqov bir döyüşçü ilə 1942-ci ildə avqustun 25-dən 29-dək düşmənin 300 canlı qüvvəsini məhv etmişdi. X.Sadıqov igidliyinə görə Lenin ordeni ilə təltif olundu. 1942-ci ilin oktyabrında Qafur Məmmədov şücaət və igidlik göstərərək 13 faşisti məhv etdi. Qafur Məmmədov alman avtomatçısının rota komandiri Z.Santskini nişan aldığını görərək, sürətlə irəli atıldı və öz həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qafur Məmmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.
«Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!»- deyə döyüşçü yoldaşlarını qələbəyə ruhlandıran və döyüş meydanında igidlik göstərən İdris Süleymanov Mozdok rayonunda qəhrəmanlıq nümunələri göstərmişdir. 13 dekabr
1942-ci    il tarixli fərmanla İ.Süleymanov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Mozdok rayonunda 402-ci atıcı diviziyasının 833 saylı alayının komandiri Akim Abbasovun döyüşçüləri düşmənin 96 tankını, 2 zirehli maşınını və çoxlu faşist məhv etmişdi. Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və medallarla, mayor A.Abbasov isə Qırmızı Bayraq ordeni ilə təltif olunmuş, ona podpolkovnik hərbi rütbəsi verilmişdi.
Qafqazın müdafıəsi uğrunda döyüşlərdə leytenant Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdi. Göstərdiyi igidliyə görə Z.Bünyadov Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. 1945-ci ilin yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Tibb işçisi Qüdrət İsmayılov igidliyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.
İgid şahin Adil Quliyev düşmənin 18 təyyarəsini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Kursk qövsündə 800 faşisti məhv edən və qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına həlak olan İ.İlyasova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Pulemyotçu Ağaşirin Cəfərov 500-dən artıq faşist öldürmüşdü. Göstərdiyi igidliyə görə A.Cəfərov 1943-cü il 1 noyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
1943-cü   ilin oktyabrında 300 hitlerçini məhv edən Mehdi Quliyev 1943-cü il 17 noyabr tarixli fərmanla Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü il 26 oktyabr tarixli Fərmanla Məmməd Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Ukrayna torpaqlarının azad edilməsində Məlik Məhərrəmovun adı iftixarla çəkilir. Dneprin keçilməsində göstərdiyi igidliyə görə 1943-cü il sentyabrın 27də Məlik Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dneprin keçilməsində igidliyinə görə Məmməd Məhərrəmova və Səlahəddin Kazımova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Kiyevin azad edilməsində igidliyə görə Xıdır Mustafayev 1944-cü il 10 yanvar tarixli Fərmanla Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Döyüşdə göstərdiyi igidliyə görə Əmir Piriyevə 1944-cü il mayın 7-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Belarusiyanın azad olunmasında qvardiya general mayoru, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük müvəffəqiyətlər qazandılar. Həzi Aslanovun tank briqadası və şəxsən özü əsl igidlik və qəhrəmanlıq nümunələri göstərdilər. Onun briqadası Ali Baş Komandanın təşəkkürünə layiq görüldü. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Lakin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona çox gec — 1991-ci il iyunun 21-də verildi. 1945-ci il yanvarın 24-də Həzi Aslanov müəmmalı şəkildə yaralandı və həlak oldu.
Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qəzənfər Əkbərov, Bəhyəddin Mirzəyev, Yusif Sadıxov və başqaları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

Böyük Vətən Müharibəsi illərində Azərbaycanda yaradılan dörd milli diviziya — 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Bu diviziyalardan başqa 227-ci və 271-ci diviziyalar da komplektləşdirildi ki, onların da şəxsi heyyətinin 30%-dən 70%-ə qədəri azərbaycanlı idi. Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyyətinin 24 aprel 1944-cü il tarixli Fərmanı ilə «Simferopol diviziyası» fəxri adı verilmiş, onun şərəfınə Sapundağda abidə ucaldılmışdı. Tarixə 77-ci Simferopol diviziyası adı ilə daxil olan bu şanlı hərbi birləşmə 1922-ci il iyulun 6-da Azərbaycan Xalq Hərbi Dəniz Komissarlığının 207/a nömrəli əmri ilə yaradılan Azərbaycan atıcı diviziyasının varisidir. Vaxtilə bu diviziyaya Cəmşid Naxçıvanski rəhbərlik etmişdi. Qambay Vəzirov, Cabir Əliyev, Rəhim Aslanov kimi azərbaycanlı hərbiçilər bu diviziyada böyük hərbi məktəb keçmişlər. Qafqazın müdafıəsində və bütövlükdə Şimali Qafqazın azad edilməsində, habelə Krımın və Ukrayna torpaqlarının düşməndən təmizlənməsində 77-ci diviziyanın böyük rolu və tarixi xidmətləri olmuşdur. Suvorov ordenli 77-ci diviziya müharibə illərində 10.900 km-lik döyüş yolu keçmiş, yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. Diviziyanın 11.237 nəfər əsgər və zabiti orden və medallarla təltif olunmuşdur. 77-ci diviziyanın döyüşçüləri düşmənin 26.400 əsgər və zabitini məhv etmiş, 14.300 nəfəri əsir götürmüş, 2333 avtomobilini, 18 təyyarəsini məhv etmişlər.
416-cı Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-ci il noyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə — 27 ay fasiləsiz vuruşmalarda 2500 km-dən artıq şərəfli döyüş yolu keçmiş, 7900 kv.km-lik Sovet ərazisini düşməndən azad etmiş, 40 çayın üzərindən adlamış, düşmənin 22 mindən artıq canlı qüvvəsini məhv etmiş, 5474 nəfəri əsir götürmüş, onlarla tankını, 195 topunu, 210 pulemyotunu, 31 minomyotunu, 800 atəş nöqtəsini, 68 anbarını məhv etmiş, 17 tank, 8 özüyeriyən qurğu, 297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240 parovoz ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet ittifaqı Qəhrəmanı adını almış, 11 nəfəri Lenin ordeni, 358 nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdür. Diviziyanın 14.369 nəfər döyüşçüsü orden və medallarla təltif olunmuşdur. Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri ilə 416-cı diviziyaya «Taqanroq» fəxri adı verilmişdi. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən 416-cı Taqanroq diviziyası 1945-ci il mayın 2-də Berlinin Brandenburq darvazasına qələbə bayrağı sancmışdı.
Azərbaycan diviziyaları Ukraynanın, Belorusiyanın, Polşanın, Çexoslovakiyanın, Rumıniyanın, Macarıstanın, Yuqoslaviyanın azad edilməsində fəal iştirak etmişlər. Ukrayna ərazilərinin alman — faşist işğalçılarından azad olunmasında fəal iştirak edən 223-cü Azərbaycan diviziyası Bolqarıstanın, Macarıstanın, Rumıniyanın, Yuqoslaviyanın azad edilməsində böyük xidmətlər göstərmişdir. Bu diviziya Yuqoslaviyanın paytaxtı Belqrad uğrunda göstərdiyi rəşadətə görə «Belqrad diviziyası» fəxri adına layiq görülmüşdü. 223-cü diviziya 3660 km qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini işğalçılardan azad etmiş, düşmənin 55 min əsgər və zabitini məhv etmiş, faşistləri ağır itkilər verməyə məcbur etmişdir. Diviziyanın döyüşçüləri 9 dəfə Ali Baş Komandanlıq tərəfındən qiymətləndirilmişdir. 3-cü Ukrayna cəbhəsinin komandanı, marşal F.İ.Tolbuxin diviziyanın döyüşçülərinin qəhrəmanlığını xüsusi qeyd etmişdir.
271-ci Azərbaycan diviziyası Polşanın və Çexoslavakiyanın faşistlərdən təmizlənməsi uğrunda aparılan döyüşlərdə fərqlənmişlər. 1943-cü ilin sentyabrında «Donetsk» əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyaya fəxri «Qorlovka» adı verilmişdi. Diviziyanın igid döyüşçülərindən olan Z.Bünyadov, A.Vəzirov, M.Abdullayev və b. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.
Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-ci atıcı diviziya Taman yarımadasının faşistlərdən azad edilməsində fərqləndiyinə görə ona «Temyurq» fəxri adı verilmişdi. 1944-cü ilin aprelində Yalta və Feodosiya uğrunda vuruşmalarda 227-ci diviziyanın döyüşçüləri düşmənin 5000 əsgər və zabitini məhv etmiş, 8000 nəfərini əsir götürmüş, 400 avtomobilini, 7000 at və çoxlu qənimət ələ keçirmişlər. Göstərdiyi şücaətə görə diviziya Qırmızı Bayraq ordeni ilə, 2300 döyüşçü isə müxtəlif orden və medallarla təltif olundu, üç alay isə fəxri «Sevastopol"» adına layiq görüldü. Diviziya Yassı-Kişinyov əməliyyatında, Macarıstan və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir.

Azərbaycanın oğul və qızları partizan müharibələrində və antifaşist müqavimət hərəkatlarında da böyük qəhrəmanlıqlar göstərmişlər. Əfsanəvi qəhrəman «Mixaylo» ləqəbli Mehdi Hüseynzadənin İtaliyada və Yuqoslaviyada şərəfli mübarizəsi bütün nəsillərə nümunədir. Bu gün onun məzarı milyon milyon insanların ziyarətgahına çevrilmişdir. 1957-ci il aprelin 11-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Fransız generalı Şarl-De Qollun rəhbərlik etdiyi müqavimət hərəkatı tarixinə şanlı səhifələr yazmış, Xarqo təxəllüsü ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, dövlət bayrağından irəli getmək şərəfınə layiq görülmüşdür. Azərbaycan övladları Vətəndən uzaqda olmalarına baxmayaraq, onların faşizmə qarşı nifrəti bir an belə səngiməmiş, bütün vasitələrdən istifadə edərək düşmənlə ölümdirim mübarizəsinə qalxmış xalqlara qoşularaq, bir sıra bölgələrdə belə mübariz və döyüşən dəstələrə rəhbərlik etmişlər.

Müəllif: dosent N.Z.Məmmədov

Top