Əsas hərbi əməliyyatlar

Əsas hərbi əməliyyatlar

SSRİ və ABŞ-ın müharibəyə qatılması
1941-ci ilin yayı üçün faşistlər artıq, demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda SSRİ-nin işğalı dururdu. Almaniya hələ 1940-cı ilin iyunundan SSRİ üzərinə şərti olaraq “Barbarossa” planı adı verilmiş hücum plan hazırlamağa başlamışdı. Həmin plana əsasən SSRİ 1941-ci ilin payızına qədər məğlub edilməli idi. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. “İldırımsürətli müharibə” strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə endirdilər. Almanlar qışa qədər Arxangelsk – Həştərxan xəttinə çıxmaq niyyətində idilər. Onlar müharibənin birinci həftəsində Leninqrad (indiki Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabrda hitlerçilər Kiyevi tutdular, Leninqradı mühasirəyə aldılar və Moskva üzərinə güclü hücuma başladılar. 1941-ci ilin dekabrında sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən Moskva ətrafında darmadağın edildi və 100-250 km geri qovuldu. Moskva vuruşmasında sovet qoşunlarının qələbəsi Almaniyanın “İldırımsürətli müharibə” planını puça çıxardı, alman qoşununun “məğlubedilməzliyi” haqqında əfsanəni dəfn etdi.
Bu qələbə işğal edilmiş ölkələrdə Müqavimət hərəkatına güclü təkan verdi, antihitler koalisiyasını möhkəmlətdi, faşist dövlətləri blokunu zəiflətdi. 1941-ci il dekabrın 7-də tərkibində 6 təyyarə daşıyan gəmi olan yapon eskadrası ABŞ-ın Sakit okean donanmasının Havay adalarındakı Pirl-Harbor bazasına güclü zərbə endirdi. Həmin gün yapon qoşunları Tailandda, Böyük Britaniyanın müstəmləkələri olan Malayziya və Birmaya soxuldular. Buna cavab olaraq ABŞ və Böyük Britaniya Yaponiyaya müharibə elan etdilər. Eyni zamanda Almaniya və İtaliya da ABŞ-a qarşı müharibəyə qoşuldular. Bununla da ABŞ ikinci dünya müharibəsinə qatıldı. Almaniyanın hücumunun ilk günlərindən Böyük Britaniya və ABŞ SSRİ ilə həmrəy olduqlarını elan etdilər. 1941-ci il iyulun 12-də əməkdaşlıq haqqında Sovet-Böyük Britaniya sazişi imzalandı. ABŞ SSRİ-ni müdafiə etdiyini bəyan etdi. ABŞ, SSRİ və Böyük Britaniya arasında SSRİ-yə silah və ərzaqla yardım etməyi nəzərdə tutan üçtərəfli saziş imzalandı. 1941-ci ilin noyabrında ABŞ “Lend-liz haqqında qanun”u SSRİ-yə də şamil etdi və ona 9,8 milyon dollar yardım göstərməyi qərara aldı. Həmin il avqustun 14-də ABŞ və Böyük Britaniya Atlantika xartiyası adlanan sənəd imzaladılar. Burada qeyd edildi ki, onların başqa ərazilər əldə etmək niyyəti yoxdur, xalqların öz müqəddəratını təyin etmək hüquqlarına hörmət edirlər, müharibədən sonra ədalətli və təhlükəsiz, beynəlxalq münasibətlərdə zorakılığa imkan verilməyən dünya yaranmasında maraqlıdırlar. SSRİ mühacir Çexoslovakiya və Polşa hökumətlərini tanıyaraq Atlantika xartiyasına qoşuldu.
1942-ci il yanvarın 1-də 26 dövlət Atlantika xartiyası prinsiplərinə qoşulmaq haqqında “Birləşmiş Millətlərin Bəyannaməsi”ni imzaladı. Müharibənin sonu üçün antihitler koalisiyasında 50 dövlət birləşmişdi. Antihitler koalisiyasının yaranıb möhkəmlənməsi müharibənin gedişində əsaslı dönüşün başlanmasına mühüm təsir göstərdi.
Müharibənin gedişində əsaslı dönüş və müharibənin qurtarması
İkinci Dünya müharibəsinin ikinci mərhələsi müharibənin tarixinə əsaslı dönüş kimi daxil olmuşdur. Əsaslı dönüşün ilk addımları 1942-ci ilin iyununda Sakit okeanın mərkəzində Miduey adası yaxınlığındakı döyüşdə atıldı. Bu döyüşdən sonra Yaponiya bir daha Sakit okeana hücum əməliyyatlarına başlaya bilmədi. Şimali Afrikada italyan-alman qoşunları da ciddi məğlubiyyətə uğradıldı. 1942-ci ilin oktyabrında general B.Montqomerinin komandanlığı altında ingilis ordusu Əl-Əlameyn kəndi yaxınlığında italyan-alman birləşmələrini mühasirəyə alıb darmadağın etdi. Noyabrda general Duayt Eyzenhauerin komandanlığı altında ABŞ qoşunları Mərakeşdən Şimali Afrikaya çıxarıldı. İtalyan-alman qoşunları təslim edildi. Müttəfiqlər 1942-ci ildə Avropada ikinci cəbhəni açmadılar. Bu isə almanlara şərqdə böyük qüvvə cəmləşdirməyə imkan verdi. May ayında almanlar Kerç yarımadasında sovet ordusunun müdafiəsini yardılar, iyulun əvvəllərində Sevastopolu ələ keçirdilər. Onlar Xarkovu tutduqdan sonra Volqaya doğru irəlilədilər. İyulda Stalinqrad (indiki Volqaqrad) və Qafqaz uğrunda şiddətli müdafiə döyüşləri başlandı.
Don çayını keçmiş almanlar cənuba doğru  hücum edib Krasnodarı, Stavropolu və Maykopu tutdular. Sovet ordusu müdafiə döyüşlərində düşmənin hücumunu dayandırdı. Noyabrın 19-da Stalinqrad cəbhəsində sovet qoşunları əks-hücuma keçdilər. Noyabrın 23-də Kalaç şəhəri yaxınlığında almanların böyük hərbi birləşməsi (22 diviziya, 160 müxtəlif hərbi hissə, 330 min canlı qüvvə və çoxlu texnika) mühasirəyə alındı. Almanların mühasirəni yarmaq cəhdləri dəf edildi. 1943-cü ilin yanvar-fevral aylarında bu hissələr məhv edildi. İkinci Dünya müharibəsinin ən böyük hərbi əməliyyatlarından biri olan Stalinqrad döyüşü nəticəsində strateji üstünlük müttəfiq qoşunlarının tərəfinə keçdi. Müharibədə tam əsaslı dönüş başlandı. 1943-cü ilin yanvarında Lelinqradın blokadası yarıldı. Aprelin əvvəllərində Sovet ordusu Qafqazda hücuma keçib almanları geri oturtdu. Əsaslı dönüşü təmin edən hərbi əməliyyatlardan biri də Kursk döyüşü idi. Bu döyüş 1943-cü ilin 15 iyul – 25 avqustunda olmuşdu. Həmin döyüşdə almanların 30 seçmə diviziyası məhv edildi. Bu döyüşdə İkinci Dünya müharibəsinin gedişində əsaslı dönüş başa çatdı. Atlantika uğrunda döyüşlərdə də əsaslı dönüş baş verdi. Cəbhələrdə təşəbbüs müttəfiq qoşunlarının əlinə keçdi. Alman sualtı qayıqlarının təhlükəsini azaltmaq üçün müttəfiqlərin gəmiləri Atlantik okeanını xüsusi gözətçi qruplar tərkibində keçməyə başladılar. Şimali Atlanyika üzərində təyyarələrlə daimi nəzarət təşkil olundu. Müharibədə əsaslı dönüş faşist bloku ölkələrinin böhranına  səbəb oldu. 1943-cü ilin iyulunda müttəfiq qoşunları Siciliya adasına çıxdı.
Bu hadisə İtaliyada faşist rejiminin böhranına səbəb oldu. Mussolini hakimiyyətdən kənarlaşdırıldı və həbs edildi. Marşal Badalyonun başçılığı ilə yeni hökumət təşkil edildi. İtaliya hökuməti barışıq sazişi imzaladı və Almaniyaya müharibə elan etdi. Bununla barışmayan Hitler İtaliyanın şimal hissəsini işğal etdi. Oraya göndərilmiş xüsusi qrup tərəfindən həbsdən azad olunmuş Mussolini başda olmaqla faşist rejimi bərpa olundu. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının – F.Ruzvelt, İ.Stalin və U.Çörçillin 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehranda ilk görüşü təşkil edildi. Avropada ikinci cəbhənin açılması haqqındakı məsələ konfransın işində mərkəzi yer tuturdu. İkinci cəbhə ilə bağlı bəzi fikir ayrılıqları üzə çıxdı. Çörçill amerikan-ingilis birləşmələrinin Balkanlardan, Stalin isə Fransanın şimalından çıxarılmasında israr edirdi. Avropada müharibənin tez qurtarmasında və bütün qüvvələrin Yaponiyaya qarşı yönəldilməsində maraqlı olan Ruzvelt Stalinin fikrini müdafiə etdi. İkinci cəbhənin 1944-cü ilin mayında Fransada açılması haqqında qərar qəbul edildi. 1943-cü ilin sonunda Ruzvelt və Çörçill Misirdə Çin Prezidenti Çan Kayşi ilə Misir bəyannaməsini imzaladılar. Yaponiyanın darmadağın edilməsinədək müharibə aparılacağı, onun işğal etdiyi bütün Çin ərazilərinin geri qaytarılacağı, Koreyaya müstəqillik veriləcəyi haqqında razılıq əldə edildi.1944-cü ilin əvvəllərindən etibarən sovet ordusunun keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində işğal olunmuş ərazilər düşməndən tamamilə azad edildi.
1944-cü il iyunun 6-da ABŞ generalı Duayt Eyzenhauern komandanlığı altında müttəfiq qoşunları Şimali Fransa ərazisinə (Normandiyaya) çıxarıldı. Bununla da, Avropada ikinci cəbhə açıldı. Almaniya iki cəbhə (Şərq və Qərb) məngənəsinə düşdü. Amerikan və fransız qoşunları Fransanın cənubuna çıxarıldılar. Avqustda müttəfiqlərin zirehli tank briqadası Parisə daxil oldu. 1944-cü ilin sonlarına qədər Fransa və Belçikanın çox hissəsi faşistlərdən azad edildi. Sentyabrda Bolqarıstan və Rumıniya müttəfiqlərlə barışıq sazişi imzaladılar. Onlar Almaniyaya müharibə elan etdilər. Sovet ordusu sentyabrda Yuqoslaviyaya daxil oldu. 1944-cü ilin sonunda müttəfiq qoşunları artıq Almaniyanın sərhədləri önündə dayanmışdı. Almaniya hələ güclü idi. Alman ordusu müttəfiqlərə qarşı 1944-cü ilin dekabrında Ardenndə son əks-hücuma keçdi. Müttəfiqlərin böyük ordu hissələri mühasirəyə salındı. 1944-cü ilin əvvəllərində ABŞ qoşunları Marşall, Marian və Filippin adalarını tutub Yaponiyanın əsas dəniz yollarını nəzarət altına aldılar. 1945-ci il fevralın 4 – 11-də Yaltada “böyük üçlüyün” dövlət başçılarının yeni görüşü keçirildi. Krım konfransı adını almış bu görüşdə qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməli idi. Almaniyadan təzminat almasının vacibliyi də qeyd olundu. SSRİ yeni qərb sərhədlərinin qəti tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldığını təsdiq etdi.
Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada Cənub-Şərqi Çin dəmir yolu və Port-Arturun SSRİ-yə verilməsini tələb etdi. Konfransda Azad edilmiş Avropa haqqında bəyannamədə qeyd edildi ki, qitə xalqlarının öz arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Bu konfransda gələcək Birləşmiş Millətlər Təşkilaının iş qaydaları da müəyyənləşdirildi. 1945-ci ilin fevralında Qərbi Avropada müttəfiqlərin ümumi hücumu başlandı. Onlar Reyni keçib Rurda alman qoşunlarının 325 minlik qruplaşmasını mühasirəyə aldılar. Apreldə bu qruplaşma təslim oldu. Aprelin 16-da Sovet ordusunun Berlin əməliyyatı başlandı. Aprelin 25-də Berlin mühasirəyə alındı. Elə həmin gün Torqau rayonunda SSRİ və ABŞ orduları görüşdülər. Aprelin 30-da səhər tezdən Reyxstaq üzərinə Qələbə bayrağı sancıldı. Bu hadisədən iki saat sonra Hitler intihar etdi. Mayın 7-də alman qoşunları Qərb cəbhəsində təslim oldular. Mayın 8-dən 9-na keçən gecə Berlində alman hökuməti adından feldmarşal V.Keytel danışıqsız təslim aktını imzaladı. Avropada müharibə qurtardı. 1945-ci il iyulun 17-dən avqustun 2-dək Berlin yaxınlığında yerləşən Potsdamda “böyük üçlüyün” növbəti görüşü keçirildi. SSRİ-dən İ.Stalin, Böyük Britaniyadan K.Ettli, ABŞ-dan H.Trumen bu konfransda iştirak edirdi. Konfransın əsas məqsədi Almaniyaya münasibətdə müttəfiqlərin siyasətini müəyyən etmək idi. Almaniya ərazisi Böyük Britaniya, SSRİ, ABŞ və Fransa işğal zonalarına bölündü. Ələ keçmiş faşist rəhbərləri Beynəlxalq tribunala verildi. Ölkənin paytaxtı Berlin də dörd zonaya bölündü.
Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi. Almaniya ərazisinin dörddə birini itirdi. Almaniyadan alınacaq təzminatın miqdarı 20 milyard dollar müəyyən edildi. Onun 50%-i SSRİ-yə çatmalı idi. 1945-ci ilin aprelində ABŞ ordusu Yaponiyanın 500 kilometrliyində olan Okinava adasına çıxdı. Az sonra yapon qoşun hissələri Filippin, İndoneziya və Hind-Çinin bir hissəsindən qovuldular. 1945-ci il iyulun 26-da ABŞ, SSRİ və Çinin danışıqsız təslim olması tələbini Yaponiya rədd etdi. ABŞ avqustun 6-da Xirosima şəhərinə atom bombası atdı. Bir neçə dəqiqənin ərzində şəhər xarabalığa çevrildi. 250 min dinc əhali həlak oldu. Avqustun 8-də SSRİ Yaponiyaya müharibə elan etdi. Səhəri gün Mancuriya sərhədindən sovet qoşunlarının ümumi hücumu başlandı. Avqustun 9-da ABŞ ikinci atom bombasını Naqasaki şəhərinə atdı. Atom bombasından istifadə edilməsi hərbi zərurətdən irəli gəlməmişdi. Yaponiya hökuməti təslim olduğunu elan etdi. Rəsmi təslim aktı 1945-ci il sentyabrın 2-də ABŞ-ın “Missuri” xətt gəmisində imzalandı. İkinci Dünya müharibəsi başa çatdı. Bu müharibə bəşər tarixinə ən böyük, ən qəddar və ən dağıdıcı müharibə kimi daxil oldu. Müharibədə təqribən 65-67 milyon adam öldürülmüş, külli miqdarda maddi sərvət, mədəniyyət abidələri məhv edilmişdi.
Top