İkinci Dünya müharibəsinin sonu

İkinci Dünya müharibəsinin sonu

Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi.
1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı.
Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumən, hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əskər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi.
Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əskəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə,

Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası indi birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın hərbi hissələri də fəal iştirak etmişdilər.
Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması "reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, fürerə qarşı sui-qəsdlər başladı, Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. Sui-qəsd nəticə verməmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən-Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu.
Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlarına və sovet meylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Polşada, Rumıniyada, Bolqarıstanda, Yuqoslaviyada, Albaniyada, Yunanıstanda, Macarıstanda, Çexoslovakiyada yeni dövlət qurumları. və ictimai hərəkatlar formalaşdı. Artıq nasist Almaniyasının məğlubiyyəti göz qabağında idi.
Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda İ.V.Stalin (SSRİ), F.Ruzvelt (ABŞ) və U.Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər.


Tərəflər faşizmdən xilas olmuş ölkələrdə demokratik prinsiplərə uyğun razılaşdırılmış siyasət yeritməyi özündə əks etdirən Azad Avropa barədə xüsusi Bəyannamə imzaladılar. Konfransda Almaniyanın təslim olmasından 2-3 ay sonra SSRİ-nin Yaponiyaya qarşı müharibəyə girməsi barədə də məxfi saziş imzalandı. Yalta konfransının qərarları Almaniya və Yaponiya üzərində qələbənin tezləşdirilməsində, müharibədən sonra dünyanın yenidən qurulmasında çox mühüm əsas oldu.
Üç dövlətin razılığı əsasında 1945-ci il aprelin 25-də Dumbarton-Oks konfransı (1944-cü il 21 avqust-28 sentyabr) qərarlarına müvafiq olaraq San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi hazırlandı. Nizamnamədə dövlətlərarası münasibətlərin əsas prinsipləri müəyyən olunmuşdu. Burada xalqların suveren bərabərliyi, ərazi bütövlüyü və öz müqəddəratmı təyin etməsi, zor işlətməkdən imtina olunması, dövlətlərin daxili işlərinə qarışmamaq, sülhün və təhlükəsizliyin qorunub saxlanması və möhkəmləndirlməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi təsbit olunmuşdu. Ümumi sülhün qorunması və saxlanılmasına xidmət edən Təhlükəsizlik Şurası yaradıldı. SSRİ, ABŞ, İngiltərə, Fransa və Çin onun daimi üzvləri təsdiq olundu. Məsələlərin həllində onların yekdilliyi prinsipi əsas götürüldü.
1945-ci il aprelin 16-dan Berlin uğrunda döyüşlər başladı. Aprelin 25-də Elbada (Torqau rayonunda) müttəfiq qoşunları görüşdülər. Berlinin mühasirəsi başa çatdı. Mayın 2-də Berlin alındı. Ondan 2 gün əvvəl imperiya dəftərxanasının bunkerində Hitler intihar etdi. Mayın 8-nə kimi Praqadakı faşist qoşunlarının müqaviməti qırıldı. Mayın 8-də Berlin yaxınlığındakı Karl-Xorstda Almaniya danışıqsız təslim aktım imzaladı. 1945-ci il aprelin axırlarında vaxtilə almanların işğal etdiyi Şimali İtaliyada Mussolinin başçılığı ilə yaradılmış "Salo Respublikası" (Sosial Respublika) üsyançılar tərəfindən devrildi. Mussolini tutulub edam edildi.
Dünyanın, o cümlədən Avropanın müharibədən sonrakı quruluşunu müzakirə etmək məqsədilə 1945-ci il iyulun 17avqustun 2-si arasında Potsdam (Berlin yaxınlığında) konfransı keçirildi. Konfransda ABŞ, SSRİ və Böyük Britaniyanın dövlət başçıları iştirak edirdilər.
Konfrans məğlub edilmiş Almaniyaya münasibətlərin prinsiplərini hazırladı. Almaniyanın tərksilah edilməsi, nasional-sosialist partiyasının buraxılması, hərbi cinayətkarların cəzalandırılması, siyasi həyatın demokratikləşdirilməsi, iqtisadiyyatın dinc əsasda inkişaf etdirilməsi sazişin mühüm prinsipləri idi. Konfrans Avropada sərhəd məsələlərinə də baxdı. Keniqsberq (Kalininqrad) şəhəri SSRİ-yə verildi. Polşanın qədim torpaqları özünə qaytarıldı.
Konfrans başlıca faşist hərbi canilərini mühakimə etmək üçün Beynəlxalq hərbi tribunal yaratdı. Sonralar Nürnberq mühakiməsində əsas nasist başçıları cəzalandırıldı.
İkinci dünya müharibəsi hələ qurtarmamışdı. Şərqdə Yaponiya ilə müharibə davam etdirilirdi. 1944-1945-ci ilin yayı üçün müttəfiqlərin silahlı qüvvələri Sakit okeanda iri hərbi əməliyyatlar apararaq bir sıra adaları (Marşall, Marian) tutdular. Filippinin, Birmanın xeyli hissəsini işğalçılardan təmizlədilər və İndoneziya adalarını azad etməyə başladılar. 1945-ci il avqustun 6da və 9-da ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atdı. 270 min dinc əhali öldürüldü. Bunlar, hələ müharibə vaxtı atom vahiməsini dünyaya yaydı. O, həm də SSRİ-yə təsir etmək məqsədi güdürdü.
SSRİ Krım (Yalta) konfransının qərarını yerinə yetirərək 1945-ci il avqustun 8-də Yaponiyaya müharibə elan etdi və avqustun 9-dan ona qarşı hərbi əməliyyatlara başladı. Qısa bir zaman ərzində bir milyonluq Kvantun ordusunu təslim olmağa məcbur etdi. Şimali-Şərqi Çin, Şimali Koreya, Cənubi Saxalin və Kuril adaları yapon qoşunlarından təmizləndi.1945-ci il sentyabrın 2-də Tokio körfəzində Amerikanın Missuri gəmisində Yaponiya danışıqsız təslim aktını imzaladı.
Beləliklə, 1939-cu il sentyabrın 1-də başlayan ikinci dünya müharibəsi 6 il sonra-1945-ci il sentyabrın 2-də başa çatdı.

Top