1942-ci ilin yayından müharibənin gedişində yeni mərhələ başlandı. 1942-ci ilin iyunu-1944-cü ilin yanvarını əhatə edən bu dövr II dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Belə ki, bu mərhələdə faşist bloku ölkələri cəbhələrdə strateji təşəbbüsü itirmişdilər, iqtisadi, hərbi, siyasi və mənəvi üstünlük antihitler koalisiyasının əlinə keçmişdi. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. 1942-ci ilin mayın 7 - 8-də ABŞ orduları Korolin dənizindəki döyüşdə Yaponiyanı məğlubiyyətə uğratdı. Müharibənin gedişində əsaslı dönüşün ilk tutarlı addımı 1942-ci ilin iyununda Sakit okeanın mərkəzində yerləşən mərcan adası Miduey yaxınlığındakı döyüşdən başlamışdı. Həmin döyüşdə yaponlar ciddi məğlubiyyətə düçar olmuş və bundan sonra Sakit okeanda müdafiə mövqelərinə keçmişdilər. 1943-cü ilin noyabrında Gilbert adalarında da yaponlar ciddi məğlubiyyətə uğradılar.
Müttəfıq (İngiltərə və ABŞ) qoşunları 1942-ci ilin oktyabrında Şimali Afrikada hücuma keçərək Misirin El-Alameyn rayonunda faşist ordularına güclü zərbə vurdular. 1942-ci ilin oktyabr və noyabrında Kirinaikanı və Tripolitaniyanı azad etdilər. 1943-cü ilin fevralında amerikan və ingilis qoşunları Liviya-Tunis sərhədinə çıxdılar. May ayında Tunisdə faşistlərin 250 minlik ordusunu təslim etdilər. Şimali Afrikanın azad edilməsi müttəfiq qoşunlarının İtaliyaya çıxarılması üçün şərait yaratdı.
Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942 - 1943) və Oryol-Kursk ətrafında alman ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu olmuşdu.
Çox müstəsna strateji əhəmiyyəti olan Stalinqrad uğrunda döyüşlər 1942-ci ilin yayından (iyulun 17-dən) başlamışdı. Avqustun 25-də Stalinqrad mühasirə vəziyyətinə salınmışdı. Stalinqradın müdafiəsi general V.İ.Çuykovun komandanlığı altında olan 62-ci orduya və general M.S.Şumilovun 64-cü ordusunun hissələrinə həvalə olunmuşdu. Azərbaycan xalqının qəhrəman oğlu general Həzi Aslanovun tank alayı da bu döyüşlərdə iştirak etmişdi. Döyüş igidliyinə görə general Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü,
1942-ci il sentyabrın ortalarından (13) etibarən şəhərin küçələri, tinlərı və evləri uğrunda döyüşlər başlamışdı, Dördmərtəbəli bir ev 58 gün müdafiə olunmuşdu. O əldən-ələ keçməsinə baxmayaraq düşmənə təslim edilməmişdi. Şəhərin müəyyən hissəsi almanlar tərəfindən zəbt edilməsinə baxmayaraq o, qorunub saxlanılmışdı. Faşistlərin Stalinqradı tutmaq niyyəti baş tutmamışdı.
1942-ci il noyabrın 10-da sovet qoşunları Stalinqrad ətrafında əks hücuma keçdi. Əməliyyata marşal G.K.Jukov rəhbərlik etmişdi.
Stalinqrad əməliyyatı 1943-cü il fevralın 2-də başa çatmışdı. Bu əməliyyat zamanı almanların 22 diviziyası - 330 mindən çox əskər və zabiti mühasirəyə alınaraq məhv edilmişdi: Onlardan 147 mini öldürülmüş, 91 min nəfəri, o cümlədən general-feldmarşal fon Pauls olmaqla 24 general əsir götürülmüşdü. Bu döyüşdə faşistlər 1.5 milyon adam itirmişdilər. Hitler 1943-cü il fevralın 2ni ümumalman matəm günü elan etmişdi.
Stalinqrad ətrafındakı qələbə zəbt olunmuş sovet ərazilərini almanlardan azad olunması uğrunda mübarizə üçün əlverişli şərait yaratdı. 1942 - 1943-cü illərin qışında sovet ordularının əməliyyatları zamanı 500 min km2 sovet ərazisi işğalçılardan azad edildi.
Bu dövrdə müttəfiqlərin iqtisadiyyatında da köklü dönüş baş vermişdi. 1942-ci ilin sonunda müttəfiqlər faşist blokundan üç dəfə çox hərbi təyyarə, 10 dəfə çox tank istehsal edirdilər.
Əsaslı dönüşün həlledici döyüşçülərindən biri də Oryol-Kursk rayonunda aparılan əməliyyat olmuşdu. Faşistlər bu rayona 50-yə qədər diviziya toplamışdılar, Onlardan 20-si motorlu diviziya idi. 50 gün (1943-cü il iyulun 5-dən-avqusmn 25-i) davam edən bu döyüşdə faşistlər yarım milyon adam itirmişdilər, Bu döyüş zamanı almanların 30 seçmə diviziyası, o cümlədən 7 tank diviziyası məhv edilmişdi. Oryol-Kursk ətrafında qələbə ilə ikinci dünya müharibəsinin gedişində əsaslı dönüş başa çatmışdı. Bundan sonra bütün cəbhələrdə təşəbbüskarlıq müttəfiq qoşunlarının əlinə keçmişdi.
Müharibənin bu mərhələsinin ən mühüm əməliyyatlarından biri də Dnepr uğrunda olan döyüşlərdir. Bu döyüşlər 1943-cü il avqustun axırı - oktyabrın sonu müddətində olmuşdu, Bu döyüşlər nəticəsində almanların sovet qoşunlarının hücumlarının qarşısını almaq səyləri puç edilmişdi. Dnepr uğrundakı döyüşlərdə düşmənin 26 diviziyası məhv edilmişdi. Ukraynanın paytaxtı Kiyev şəhəri düşməndən azad edilmişdi. Dnepr uğrunda döyüşlər zamanı misilsiz igidlik göstərən 2438 nəfərə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
1943-cü ilin iyulunda amerikan-ingilis qoşunları Siciliyaya, avqustun ikinci yarısında isə Appenin yarımadasına çıxarılmışdı. İtaliyada faşist diktatoru Mussolini devrilmiş, marşal Badolyo başda olmaqla yeni hökumət hakimiyyətə gəlmişdi. 1943-ci ilin sentyabrında İtaliya müharibədən çıxarılmış və keçmiş müttəfiqi Almaniyaya müharibə elan etmişdi. Bu faşist hərbi blokunun dağılmasında ilk addım olmuşdu.
Bu mərhələdə 1942-ci ildən etibarən açılması gecikdirilən ikinci cəbhə məsələsi ən aktual problemlərdən idi. Üç dövlət (SSRİ, ABŞ, B.Britaniya) başçılarının Tehran konfransında (1943cü il 28 noyabr-1 dekabr) bu məsələ müzakirə edilməmiş və onun 1944-cü ilin may ayında Fransanın şimalından açılması müəyyənləşdirilmişdi. Habelə konfransda müharibədən sonra da birgə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi bəyan olunmuşdu.