Bank nə vaxt müştərini məhkəməyə verə bilməz?

Bank nə vaxt müştərini məhkəməyə verə bilməz?

Günümüzdə maliyyə sıxıntısı yaşayan hər kəs geri ödənilməsi çətin olsa belə çıxış yolunu bankdan kredit əldə etməkdə görür. Elə bu səbəbdən də həmin borclarını geri ödəməkdə çətinlik çəkirlər.

Təbii ki, yüksək faizlərlə olan krediti alıb, probleminizi həll etmək işin ən asan tərəfidir. Lakin krediti əldə etdikdən sonra geri qaytarmaq heç də asan deyil. Çünki banka olan borcunuzu geri qaytararkən əsas məbləğlə birlikdə bank faizləri üstəgəl komisyon haqqları da ödəməli olacaqsınız. Lakin bəzən bank kredit müştərisi olmuş şəxslər, kredit borclarını ödəməkdə çətinlik çəkir və bir müddət sonra ödəmə edə bilmirlər. Nəticə isə problemli kreditlərin artmasına gətirib çıxarır.

Əgər banka olan kredit borcun vaxtında geri ödənmirsə, ilk növbədə bank gecikmə ilə bağlı xəbərdarlıqlar edəcək. Daha sonra isə bank sizinlə bu problemi məhkəmədən kənar həll etməyə çalışacaq və öz maraqları baxımından məhkəməyə son anda müraciət edəcəklər. Çünki məhkəməyə müraciət etdikdən sonra faiz hesablanması dayanır, bu isə banklara təbii ki, sərf etmir. Bununla yanaşı digər səbəblərdən biri də yaranmış problemin məhkəmə vasitəsiylə həlli uzun və kifayət qədər maliyyə vəsaiti tələb edən prosesdir.

Bunun qarşısını almaq üçün isə qanuna əsasən borclu məhkəmə əmrini alan gündən sonra 10 gün ərzində həmin əmri vermiş məhkəməyə ərizə ilə müraciət edilərsə, həmin əmr dərhal və ləğv edilir. Bundan sonra işə tərəflərin iştirakı ilə baxılır. İşə tərəflərin iştirakı ilə baxılanda borc məbləği yenidən hesablanır və faizlər silinir.

Bəs bank nə vaxt müştərini məhkəməyə verə bilməz?
Daha aydın olaraq qeyd etmək istərdik ki, bankın müştərini məhkəməyə verməsi üçün xüsusi müddət var ki, həmin vaxt bitdikdən sonra bank müştərini məhkəməyə verə bilməz. Həmin müddət isə kredit əldə edən şəxs və zamin üçün fərqlidir.

Belə ki, kredit götürən şəxs üçün həmin məbləği geri ödəmədiyi təqdirdə, bankın onu məhkəməyə vermə müddəti 3 ildir. Yəni əgər 3 il ərzində, borcalan kredit borcunu geri ödəmədiyi halda belə bank həmin şəxsi məhkəməyə verməyibsə, 3 il bitdikdən sonra artıq borcalanın məhkəməyə verilməsi mümkünsüzləşir. Zamin isə bu müddət 1 ildir. Eyni qayda ilə 1 il bitdikdən sonra zaminin məhkəməyə vermə müddəti bitir. Həmin müddət isə kredit borcunu son ödəmə tarixindən hesablanır.

Sonda isə sizə, kredit əldə etdiyiniz zaman bir neçə dəfə düşünməyi və sizə uyğun şərtlərlə kredit verən banka müraciət etməyi məsləhət görürük.
Top