Aliment necə ödənilməlidir?

Aliment necə ödənilməlidir?

Günümüzdə boşanma hadisəsindən sonra alimentlə bağlı mübahisələr geniş yayılıb. Tərəflər alimentin məbləği ilə bağlı razılığa gəlmir, məhkəmə çəkişmələri başlayır. Digər bir problem isə aliment verməkdən imtina edən tərəfin gəlirlərinin gizlədilməsi, rəsmi qaydada təsdiqlənməməsidir.

Alimentlə bağlı mübahisələrə görə, cinayət hadisələri də qaçılmazdır. Elə dünən bir kişinin keçmiş həyat yoldaşını qətlə yetirməsinin səbəbi də aliment probleminə söykənir. Qeyd edək ki, Cəlilov İsrail İsmayıl oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızı ilə hadisədən bir neçə ay əvvəl boşanıb. İ.Cəlilov aliment ödəmədiyi üçün A.Cəlilova keçmiş həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan əsəbiləşən İ.Cəlilov keçmiş həyat yoldaşının yaşadığı ata evinə gələrək A.Cəlilovanın boğaz nahiyəsini bıçaqla kəsib. A.Cəlilova çoxlu qan itirərək dünyasını dəyişib. İ.Cəlilov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. İ.Cəlilovla A.Cəlilovanın birgə nikahından iki övladı var.

Hüquqşünas Aynur Musayevanın bildirdiyinə görə, məhkəmə qaydasında alimentin tutulması zamanı valideynin gəlirləri yoxlanılır: “Valideynin gəlirinə uyğun aliment tutulur. Əgər gəlirləri qeyri-müntəzəmdirsə, onda sabit məbləğdə hər ay aliment tutula bilər. Əgər gəlirləri müntəzəmdirsə, aylıq gəliri varsa, onda bir uşağa görə gəlirin dörddə biri, iki uşağa görə gəlirin dörddə ikisi, üç və daha çox uşağa görə isə gəlirin yarısı aliment şəklində tutulub ödənilə bilər”.

Musayeva qeyd edib ki, yetkinlik yaşına çatmayan uşaqlara alimentin verilməsi əslində tərəflərin razılığına əsaslanır. Aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan pul vəsaitidir. Alimentin məbləği tərəflərin razılığı ilə müəyyən olunur. Əgər alimentə görə tərəflər arasında mübahisə yoxdursa, onda iş məhkəməyə getmir.

Həmsöhbətimizə görə, əgər valideynlərdən biri uşağı saxlamaqdan boyun qaçırırsa, digər valideynin tələbi ilə alimentin məbləği məhkəmə qaydasında tutula bilər. “Məhkəmənin qərarı ilə tutulan aliment könüllü ödənilməyən alimentdir”.

Hüquqşünas bildirib ki, qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlir: “İcra məmuru artıq alimentin alınması ilə məşğul olur. Borclu ilə daim təmasda olur, onun gəlirlərini müəyyən edir, alimentin müəyyən edilməsinə nəzarət edir”.

A.Musayevanın dediyinə görə, alimentin ödənilməməsi məhkəmə qətnaməsinin icra olunmaması deməkdir: “Bu isə inzibati xətadır. İcra məmuru həmin şəxsi məsuliyyətə cəlb edə bilər. İnzibati qaydada cərimə edə bilər. İnzibati qaydada görülən tədbirlər nəticə vermədikdə həmin borclu barəsində məhkəmə qərarını icra etmədiyinə görə icra məmurunun müvafiq təqdimatına əsasən cinayət işi başlanıla bilər. Şəxs həbs oluna bilər”.

Onun sözlərinə görə, borclu şəxs xaricdə olduqda belə hallarda adətən borclunun yerini müəyyən etmək mümkün olmadığına görə onun barəsində axtarış verirlər və borclu ölkəyə gəldikdə, o, məcburi qaydada polis orqanları tərəfindən icra məmurunun yanına çatdırılır: “Başqa ölkədə bu və ya digər qərarı icra etmək bu artıq dövlətlərarası hüquqi mexanizmlərə uyğun həyata keçirilir. Bir dövlətin ədliyyə orqanları digər dövlətin ədliyyə orqanlarına sorğu göndərməklə icranı həyata keçirə bilər. Sadəcə bütün bu prosedurlar iki dövlət arası orqanlar olduğuna görə çox vaxt alır. Hal-hazırda bu çox vaxtın getməsinə səbəb olur. Bir çox hallarda tərəflərin mövqeyinə uyğun olmur. Aliment elə bir ödənişdir ki, uşağın saxlanması üçün zəruri olan vəsaitdir, bunu isə qarşı tərəf uzun müddət gözləyə bilmir”.

Aynurə Məmmədova
Top