Demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir.
Demokratiya əhval – ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır.
Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır.
Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır.
Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləməlidir.
Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir.
Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir.