İnsanların bir – birindən fərqləndiyini, eyni zamanda onlar arasında oxşarlığın da olduğunu hamımız bilirik. Fərqlənmək insanı, fərdi təkrarolunmaz, özünəməxsus və bənzərsin edir. Oxşarlıq isə insanlara müəyyən cəmiyyətlərdə birləşmə imkanı verir. Hər bir adamın başqalarından istedadı, dini etiqadı, maraqları, nöqteyi-nəzəri, nəyəsə üstünlük vermək və s. ilə fərqlənmək hüququ var. Bu hüquq bütün insanları bərabər edir. “Hüquq bərabərliyi” və “ayrı seçkilik” anlayışları bizə tarixdən daha çox tanışdır. İnsanlar əsirlər boyu bərabərlik uğrunda mübarizə aparıblar, ayrı seçkiliyin bütün formalarına milli, dini, irqi, cinsi, silki və s. qarşı çıxıblar. Müxtəlif tarixi dövrlərdə insanlar sosial mənşəyinə, irqinə və dərisinin rənginə, cinsinə, milli və dini mənsubiyyətinə görə bərabər olmamışlar. Hətta dünyanın ən demokratik ölkəsi olan ABŞ-da belə irqi ayrıseçkilik uzun müddət mövcud olmuş, seqreqasiya qanunları cəmiyyətin mütərəqqi qüvvələri tərəfindən uzunmüddətli mübarizə nəticəsində ləğv olunmuşdur.
II dünya müharibəsindən sonra “hüquq bərabərliyi” və “ayrı-seçkilik” anlayışları yeni mahiyyət kəsb etdi. Beynəlxalq ictimaiyyət bu məsələlərə daha həssas yanaşmağa başladı.
İnsan hüquqları haqqında Ümumi Bəyannamənin birinci maddəsində deyilir ki, bütün insanlar azad, hüquq və ləyaqətlərinə görə bərabər doğulurlar. Onlar idrak və vicdana malikdirlər. Ona görə də bir-biri ilə qardaşlıq ruhunda davranmalıdırlar.
Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlmişdir. Məhz bu prinsiplərə əməl olunmaması həmişə hüquq və azadlıqların pozulması üçün səbəb olmuşdur. Bərabərliyin pozulmasının daha geniş yayılmış forması ayrı-seçkilikdir. Buna görə də ayrıseçkiliyin ləğv edilməsi hüquq bərabərliyinin tam reallaşmasının ən mühüm şərtlərindəndir.
Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir. Insan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində bəyan edilir: “ İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar.” Bu prinsipi əsas tutan Azərbaycan Respublikası dövləti özünün Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda dövlətimiz hər cür ayrı-seçkiliyə görə məhdudlaşdırmaları qadağan edir.