Yerli özünüidarəetmə

Yerli özünüidarəetmə

Bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır.
Müxtəlif dövlətlərdə yerli özünü idarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır.
Yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət  hakimiyyət orqanları sisteminə daxil deyillər. Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər. Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Nizamnamədə bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin qaydaları və s. müəyyən olunur. Bələdiyyələr sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekologiya üzrə yerli əhəmiyyətli proqramlar həyata keçirir.
Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünü idarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.
Bələdiyyə orqanları dövlət orqanları sisteminə daxil deyil. Bələdiyyə hüququ yerli özünüidarəetmə ilə bağlı məsələləri tənzimləyən hüquqi normalar sistemidir. Bələdiyyə mülkiyyəti mülkiyyət hüququ əsasında şəhər və kənd ərazilərinə, həmçinin digər bələdiyyə qurumlarına mənsub olan əmlakdır.
Yerli özünüidarə haqda ilk beynəlxalq sənəd 1985 il oktyabrın 15 Avropa yerli və regional hakimiyyət orqanlarının daimi konfransı tərəfindən Strasburqda qəbul edilmiş “Yerli özünüidarə haqqında Avropa Xartiyası”dır. Xartiyanın əsas məqsədi yerli özünü idarə orqanlarının hüquqlarının təmin olunması və müdafiəsidir. Xartiyanın əsas istiqaməti yerli özünü idarə orqanlarının muxtariyyət dərəcəsinin demokratiyanın əsas meyarı olmasını göstərməkdir. Azərbaycan Avropa Xartiyasına 2001 il dekabrın 12 qoşulmuşdur.
Azərbaycanda yerli özünü idarə orqanları bələdiyyələrdir. Bələdiyyələr çoxmandatlı seçki hüquq əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999 il dekabrın 12 keçirilmişdir. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə işinin təşkili “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Konstitusiyanın 143 maddəsi Bələdiyyələrin işinin təşkilinə həsr olunmuşdur. Bələdiyyələrin fəaliyyətinin 2 forması var:
-    İclaslar
-    Komissiyalar ( daimi və başqa komissiyalar)

Bələdiyyə iclasları bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. İclaslar ayda 1 dəfədən az olmayaraq bələdiyyə sədri tərəfindən çağrılır.
Bələdiyyələrin daimi və başqa komissiyalarının fəaliyyəti bu prinsiplər əsasında həyata keçirilir: fikir müxtəlifliyi, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi, ictimai rəyi nəzərə almaqla komissiya üzvlərinin təşəbbüskarlığı
Top