Seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisidir. Demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Xalq hakimiyyətinin təmin edilməsi seçkilər nəticəsində ortaya çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsini əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Seçkilər və referendum zamanı hakimiyyət faktiki olaraq, seçki məntəqələrinə gedərək hakimiyyət orqanlarının nümayəndələrinə səs verən xalqın əlinə keçir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
Azərbaycan Respublikası vətəndaşları seçmək və seçilmək, referendumda iştirak etmək hüququna malikdir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçkilərdə və ümumxalq səsverməsində -referendumda öz əksini tapır. Hər hansı bir vətəndaşı yalnız məhkəmə vasitəsilə seçki hüququndan məhrum etmək mümkündür.
Ümumi seçki hüququ dedikdə irqindən, milliyyətindən, dinindən,cinsindən, mənşəyindən, əmlak vəziyyətindən vs. asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşları seçmək, seçilmək və referendumda iştirak etmək hüququ başa düşülür.
Bərabər seçki hüququ :
1) vətəndaşlar seçkilərdə bərabər əsaslarla iştirak edirlər.
2) Hər bir səsvermə zamanı hər bir vətəndaşın səsi vardır.
3) Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.
Birbaşa seçki hüququ:
1) seçkilərdə namizədlərin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs vermələri
2) başqa şəxslərin yerinə səs vermələrinin qadağan olunması
Seçki hüququnun həyata keçirilməsində mühüm rol oynayan şərtlərdən biri səsverməni təşkil etmək formasıdır. Seçki forması seçki sistemi anlayışında öz əksini tapır.
Seçki sistemi dedikdə vətəndaşların seçkili dövlət orqanlarının seçillməsində iştirakını, habelə seçicilərlə seçkili dövlət orqanlarının üzvləri arasında əlaqələri müəyyən edən qaydalar başa düşülür. Dünya təcrübəsində seçkil sisteminin 2 əsas tipi var.
- majoritar
- proporsional
- ( qarışıq)
Majoritar seçki sistemi1 mandatlı seçki növüdür. Bu seçki sisteminə uyğun olaraq deputatlığa namizəd seçkilərdə fərdi qaydada iştirak etməli və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə deputatlığa namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Bu seçki sistemində bir nəfərin timsalında partiyalar deyil konkret namizədə səs verilir. Bu sistem əvvəl Fransada tətbiq edilirdi. Hazırda bu sistemdən Kanada, İngiltərə, Hindistan, ABŞ və s. ölkələr istifadə edir.
Proporsional seçki sistemi seçkilərin partiya siyahıları üzrə aparılmasını nəzərdə tutur. Bu sistem ayrı-ayrı namizədlər üzrə deyil, əldə olunmuş səslərə uyğun olaraq siyahı üzrə proporsional şəkildə bölünməsinə əsaslanır. Bu zaman deputatlar yalnız partiya qarşısında məsuliyyət daşıyırlar. Bu sistem İtaliyada, Latın Amerikasında, İsraildə, Avstraliyada və Portuqaliyada geniş tətbiq edilir.
Qarışıq seçki sistemi majoritar və proporsional seçki sistemlərinin birləşməsini nəzərdə tutur. Bu sistemdən, Rusiya Federasiyasında istifadə olunur. Dövlət dumasına seçkilərdə deputat yerlərinin sayı bərabər bölüşdürülür. Proporsional seçkilərdə 5% lik səddi aşmış partiyalar Dövlət Dumasında təmsil olunma hüququ qazanır.
Əvvəllər Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər qarışıq seçki sistemi əsasında həyata keçirilirdi. Lakin Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında 2002 il avqustun 24 ümumxalq referendumunda qəbul edilmiş dəyişikliklər nəticəsində Milli Məclisə yalnız majoritar seçki sistemi əsasında seçkilərin keçirilməsi müəyyən edildi.