Yer səthinin üçdə ikisini əhatə edən okean və dənizləri həmişə insanların diqqətini cəlb etmişdir. Hazırki dövrün bir çox siyasi, iqtisadi məsələləri dənizlərinin, okeanlarının tədqiqi və istifadəsi ilə bağlıdır. Okean və dənizlər hamı üçün geniş su yolu olmaqla yanaşı, çox zəngin heyvan və bitki aləmi, mineral və kimyəvi sərvətləri, tükənməz enerji ehtiyatları deməkdir. Əgər dünya dənizlərindən səmərəli istifadə edilsə ərzaq istehsalının 4-5 dəfə artırmaq olar. Elmi-texniki tərəqqi dənizin dibindən neft, qaz, manqan, qızıl, mis və digər mineral sərvətlər çıxarmağa imkan verir. Yetmişinci illərə nisbətən dənizin dibindən neft çıxarılması 4 dəfə artmışdır, ABŞ, İngiltərə, Yaponiya, Azərbaycan dənizin böyük dərinliklərindən neft çıxarır və bu proses getdikcə təkmilləşir. Xəzər dənizindəki məhşur «Neft daşları» dünyada ilk böyük dəniz tikintisidir.
Uzun müddətdir ki, Xəzər nefti Azərbaycanın neft istehsalının əksəriyyətini təşkil edir.
Dünya okeanı və onun bütün tərkib hissələrinin (daxili dəniz sularının, məhəlli suların və bitişik zolaqların, dənizin akvatoriyası, dənizin dibi və təki daxil olmaqla), qitə dəniz dibinin, beynəlxalq boğazların və kanalların hüquqi vəziyyətini, beynəlxalq gəmiçilik, dəniz peşəkarlığı və s. sahələrdə subyektlərin hüquq və vəzifələrini tənzim edən qaydaların məcmuuna beynəlxalq dəniz hüququ deyilir.
Beynəlxalq dəniz hüququ ümumi beynəlxalq hüququn sahələrindən biridir. BMT-nin dəniz hüququ üzrə qərarında məhəlli suların eninin 12 milə qədər olması bu suların sahil dövlətlərin ərazisinin tərkib hissəsi kimi qəbul edilməsi qanuniləşdirilmişdir. BMT nizamnaməsinə görə dəniz üzgüçülüyü təhlükəsiliyini təmin etmək, çirklənməsinin qarşısı almaq, balıqçılıq, gömrük, maliyyə, sanitariya qaydalarını gözləmək sazişə uyğun olaraq sahil dövləti tərəfindən müəyyən edilmiş qanun və qaydaları gözləmək də əsas şərtləndəndir.
Beynəlxalq hüquqda eni 200 milə qədər olan iqtisadi zolaqlar haqqında məsələlərin nizama salınması da vardır. Bu problemi həll edərək, həmin zolaqlarda canlı və mineral sərvətlərin kəşfi, çıxarılması, həm də bu sərvətləri idarə etmək üçün sahil dövlətin suveren hüquqlarının tanınması ilə yanaşı, digər dövlətlərin sazişdə müəyyən edilmiş qanuni hüquqları və mənafeləri, xüsusilə də gəmiçilik, balıqçılıq sahəsində mənafeləri nəzərdə tutulmalıdır.
Belə qayda həmin iqtisadi zolaqda həmin sahil dövlətin, başqa dövlətlərin hüquq və vəzifələrinin müvafiq surətdə uyğunlaşdırılmış xarakterini nəzərdə tutur. Açıq dənizlərin hər hansı hissəsinin heç bir dövlətin suverenliyinə tabe edilməsini əsaslandıran, geniş dəniz sularının hüquqi rejiminin əsası olan açıq dənizlərin azadlığı prinsipinin saxlanılması və təsdiqi gəmiçilik azadlığı, süni ada və digər qurğular yaratmaq azadlığını, beynəlxalq hüquqa uyğun olaraq sualtı xətlərin, boru kəmərinin çəkilməsi azadlığını əhatə edir. İqtisadi zolaqlarda isə müvafiq beynəlxalq saziş və ya səlahiyyətli beynəlxalq təşkilatın qərarı ilə müəyyən olunmuş norma və qaydalara riayət edilməlidir. Bu sahələrdə xarici ölkəyə məxsus gəmi dəniz mühitini çirkləndirərsə, sahil dövləti sazişin göstərişlərinə uyğun olaraq tədbirlər görə bilər, gəmidə müfəttişlik əməliyyatı apara bilər. Mübahisələr tərəflərin rəsmi ərizəsi əsasında beynəlxalq arbitraj və ya məhkəmə tərəfindən həll edilə bilər.
Sahillərin bir dövlətə məxsus olub, eni isə həmin dövlətin məhəlli sularının enindən ikiqat artıq olmayan və ya artıq olsa da həmin dövlət üçün mühüm iqtisadi, hərbi əhəmiyyətti olan körfəz və buxtaların suları da dövlətin daxili dəniz suları hesab olunur, Dövlət ərazisinin tərkib hissəsi olan bütün bu suların hüquqi vəziyyəti də həmin dövlətin qanunları ilə müəyyən edilir. Sahilləri iki və ya daha artıq dövlətə aid olan dəniz, körfəz və buxtaların hüquqi vəziyyəti, həmin sahil dövlətlərinin xüsusi sazişi ilə nizama salınır.
Məhəlli sular sahil dövlətinin ərazisinin tərkib hissəsi olmaqda onun suveren hakimiyyətinə tabediir, Məhəlli sulların dərinlikləri və təki, habelə onların üzərindəki hava sahilləri də həmin dövlətin suverenliyinə tabedir. Məhəlli suların eni ayrı-ayrı ölkələrdə fərqlidir. Rusiya Federasiyasında bu məsafə 12 mil müəyyən edilib (5 avqust 1960-cı il SSRİ dövlət sərhəddinin qurulması barədə əsasnamənin 3-cü maddəsi).
BMT-nin dəniz hüquqlarına aid Əsasnaməsində dövlətlərin ərazi sularında xarici hərbi gəmiləri də hidroqrafik tədqiqat aparmaq, xəritə çəkmək, manevr etmək, atəş açmaq, mina düzəltmək, təyyarə ilə bu sular üzərində uçuş etmək və s. qadağan edilir. Sualtı qayıqlar suüstü vəziyyətdə hərəkət etməlidirlər.
2 və ya bir neçə dövlətin ərazisi ilə, ya da məhdud miqdarda dövlətlərin sahilləri ilə əhatə olunaraq, bu sahil dövlətləri üçün dəniz yolları əhəmiyyətinə malik olan dənizlərə qapalı dənizlər deyilir. Qapalı dəniz olmaq etibarı ilə Xəzər dənizinin sahilləri 5 dövlətə məxsusdur.
Rusiya Xəzər dənizinin statusuna yenidən baxılması məsələsini ortaya atıb. Həm də, Rusiya BMT-nin üzvi olan bir dövlət kimi Azərbaycan Respublikasını mövcud sərhədləri daxilində (su sərhədləri ilə birlikdə) tanımışdır. Hazırda Rusiyanın Xəzərin statusuna yenidən baxılması məsələsini qaldırması əslində Azərbaycan iddiası deməkdir.
Xəzərə göl statusu SSRİ təşkil edilməmişdən əvvəl verilib. Elə bu səbəbdən də İranın Xəzər dənizində donanması saxlaması və ondan digər məqsədlərlə istifadə edilməsi qadağan olunmuşdur. Xəzərin status məsələsi müzakirə edilərsə, onda Azərbaycan bunun dəniz olduğunu sübut edən başqa hüquqları da tələb etməlidir. Xəzər dəniz statusu almalıdırsa onun bir başa okean sularına çıxma imkanları olmalıdır. Onda Volqa çayının, Volqa-Don kanalının, Qara dənizin, Azov dənizinin statusuna yenidən baxılmalıdır. Azərbaycan isə Xəzər dənizi vasitəsi ilə dünya okeanına çıxmaq üçün yeni səlahiyyətlər almalıdır.
Beynəlxalq hüquq və qanunlara görə özgə ərazisini zorla işğal etmək, digər dövlətlərin sərhədlərini pozmaq, hər hansı dövlətin razılığı olmadan onun ərazisindən, ərazi, məhəlli sularından istifadə etmək qadağandır. Azərbaycanın nə quru, nə də su sərhədlərini pozmağa Rusiya dövlətinin heç bir hüququ yoxdur. Xəzər coğrafi təsnifata görə göldür, göl olaraq da qalacaqdır. Bu nə Rusiyadan, nə də Xəzər əhatəsində olan digər dövlətlərdən asılı deyil. Digər bir məsələ də yaddan çıxmamalıdır. İki dövlət arasındakı sərhəd xətti qarşılıqlı razılaşmaya və beynəlxalq dəniz hüquqa görə sərhəd boyu axan çaylarda çayın, göllərdə və dənizlərdə isə onların tən ortasından keçməlidir. Burada da beynəlxalq qanun Azərbaycanın tərəfindədir. Yəni Azərbaycanın Xəzər dənizindəki sərhəddi dənizin tən ortasından keçən xətlə hududlanmalıdır. Bu sərhəd daxilində Xəzərin bütün sərvətləri Azərbaycanındır.
Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT