Dövlət və dövlət hakimiyyəti anlayışları bir-birilə sıx qarşılıqlı əlaqədə olan anlayışlardır. Dövlət hakimiyyəti, onu insan cəmiyyətinin digər sosial strukturlarından, qeyri-hökumət təşkilatlarından: partiyalardan, dini birliklərdən, həmkarlar təşkilatlarından və s. fərqləndirən çox mühüm əlamətdir.
Geniş fəlsəfı planda dövlət və dövlət hakimiyyətinin qarşılıqlı əlaqəsinə forma və məzmunun qarşılıqlı nisbəti kimi baxmaq olar. Dövlət hakimiyyətin maddi qüvvəsini təmsil edir ki, bunu da müvafiq mexanizm olmadan həyata keçirmək mümkün deyil. Ona görə də dövlət orqanları hakimiyyətin əsas aləti, onun maddi ifadəsidir.
Hüquqi dövlətdə dövlət hakimiyyəti sistemi hakimiyyətin bölgüsü, hüquqi qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi prinsiplərinə əsaslanır. Hüquqi qanunun aliliyi o deməkdir ki, dövlət orqanları qanuna bağlıdırlar, yəni qarşısında duran vəzifələri yerinə yetirmək üçün onlara ayrılmış dövlət hakimiyyəti səlahiyyətləri həddində, öz səlahiyyətləri çərçivəsində ciddi surətdə konstitusiyaya və qanunlara riayət edərək fəaliyyət göstərirlər. Qanunlar isə haqqa və ədalətə, bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanır.
Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin əsas mənbəyi sayılır. Lakin xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış edir. Bununla bərabər xalqın bilavasitə öz iradəsini ifadə etmək, ona məxsus olan hakimiyyəti bilavasitə həyata keçirmək hüququ vardır (məsələn, dövlət və ya ictimai həyatın hər hansı bir məsələsi üzrə ümumxalq səsverməsi olan referendum yolu ilə).
Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət yalnız onun dövlət təşkilatı formasıyla məhdudlaşa bilməz. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir. Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və fəaliyyətləri, habelə iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elm və texnika, təhsil, tərbiyə sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir.
«Vətəndaş cəmiyyəti» — dövlətdən asılı olmayan, elə ictimai institutlar və münasibətlər (sosial, mənəvi, mədəni sahələr) sistemidir ki, bunun vasitəsilə insanların həyat fəaliyyəti, onların yaradıcılığı və bunların nəsildən-nəsilə ötürülməsi üçün fərdlərin və kollektivlərin xüsusi maraq və tələbatlarının reallaşmasında lazım olan şərait təmin edilir.
Nəzərə almaq lazımdır ki, «vətəndaş cəmiyyəti» anlayışı sadəcə olaraq «vətəndaş» və «cəmiyyət» terminlərinin şərti birləşməsi kimi çıxış etmir. Vətəndaş cəmiyyətinin mövcudluğu o zaman mümkündür ki, sosial əlaqələrin bütün sahələrində, o cümlədən, iqtisadi, siyasi, mənəvi sferalarda şəxsiyyətin yaradıcılıq imkanlarının aktiv təzahürü şəraitində münasibətlər yaranır.
Sovet dövründə «vətəndaş cəmiyyəti» anlayışından istifadə edilməmişdir. Güman edilirdi ki, dövlət sosializm quruculuğu prosesində ümumi maraqların qarantı və ifadəçisinə çevrilir, sinfi fərqlərin ləğv edilməsi ilə vətəndaş cəmiyyəti və dövlət arasındakı fərq də itir. Kommunist təliminə görə dövlət tədricən ölməlidir. Praktiki olaraq sosialist dövləti mahiyyət etibarilə bütün cəmiyyəti özünə tabe etdirmiş fərdi maraqların təzahürünün qarşısını almışdır.
Dövlət vətəndaş cəmiyyətinə onun strukturlarının hüquqi çərçivəsini müəyyən etməklə təsir edir və bununla bərabər o, vətəndaş cəmiyyəti tərəfindən əks-təsirə məruz qalır. Məsələn, dövlətin qanunvericilik fəaliyyəti, xalqın nümayəndəli orqanlarının işi siyasi partiyaların, ictimai təşkilatlarının fəaliyyəti ilə sıx qarşılıqlı əlaqədədir. Belə nəticəyə gəlmək olar ki, dövlət mexanizminin, cəmiyyətin siyasi hakimiyyətinin bütün təşkilatlarının normal və səmərəli işi, şəxsiyyətlə dövlət arasındakı mühüm həlqə, özünəməxsus şəkildə vasitəçi olan vətəndaş cəmiyyətinin inkişafı olmadan mümkün deyil. Vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, burada vətəndaş və onların birliklərinin əsas hüquq və azadlıqları həyata keçir.