Hüquq nədir?

Hüquq nədir?

Əhali arasında çox tez-tez yayılan «...mənim hüququm var», «… .hüququmu tələb edirəm», yaxud «...hüququm pozulmuşdur» və sair kimi işlədilən ifadələrin şahidi oluruq. Bəs nədir hüquq? Biz onu necə başa düşürük?
Hüquq elmində hər bir filosof, hər bir alim, hər bir hüquqşünas öz siyasi baxışına görə müxtəlif təriflər vermişlər. Lakin, istənilən bir yazıda hüquq haqqında tam söhbət açmaq, onun geniş anlayışını vermək, mahiyyətini göstərmək, tarixi tipləri və formaları barədə oxucuda tam təəssürat yaratmaq xeyli çətindir. Burada məqsədimiz hörmətli oxucularımıza hüquq haqqında ümumi məlumatlar verməkdir.
Hüquq dövlət yarandığı zamanlarda onunla eyni vaxtda meydana gəlmişdir. İctimai şüurun formalarından biri sayılan hüquq insanların birbirinə dövlət və ictimai təşkilatlarla, ümumiyyətlə cəmiyyətdə olan ictimai münasibətləri tənzim edir. Bu münasibətləri təkcə hüquq deyil, həm də əxlaq nizama salır.
Əxlaqla hüquq arasında bənzərlik ondadır ki, bunların hər ikisi ictimai həyatda cəmiyyət üzvlərinin rəftarını müəyyən edir. əxlaq da,hüquq da müəyyən ictimai münasibətlərin məhsuludur. Lakin, hüquqla əxlaq arasında da fərq vardır. Hüquqa nisbətən əxlaq qaydaları xeyli əvvəl mövcud olmuşdur. Əxlaq qaydalarında cəmiyyətin iradəsi ifadə olunur. Hüquq dövlət hakimiyyəti tərəfindən yaradılmış, tətbiq edilməsi dövlətin məcburi qüvvəsi ilə təmin edilən ictimai münasibətləri və qaydaları mühafizə edən, möhkəmləndirən və inkişaf etdirən rəftar qaydalarının cəmidir.
Əxlaq xeyir və şər, yaxşı və pis, vicdan və namus haqqında, şəxsi və ümumi mənafelərin qarşılıqlı əlaqəsi barədə baxışların, bu baxışlara müvafiq surətdə ictimaiyyət tərəfindən müəyyən edilən rəftar qaydalarının məcmuudur. Hüquq qaydalarının pozulması zamanı hər hansı şəxsi hakimiyyət dairələri tərəfindən verilmiş qanunlara əsasən müəyyən edilmiş məsuliyyətə cəlb edilirsə, əxlaq qaydalarının pozulması zamanı ictimaiyyət tərəfindən pislənməsinə, ictimai töhmətə, qınağa və ya nifrətə səbəb olur.
Əgər, vətəndaş M. qonşusu ilə, yaxud iş yoldaşı ilə salamlaşmırsa, onun hərəkətində heç bir hüquq pozğunluğu yoxdur. O, sadəcə olaraq əxlaq qaydalarını pozmuşdur. Odur ki, həmin hərəkətlərə görə hüquqi məsuliyyət daşımır. Lakin, onun hərəkətlərini cəmiyyət pisləyir, nəzakətsiz bir insan kimi qiymətləndirir. Başqa halda, əgər M. sıravi əsgərdisə və hər hansı bir tanıdığı və ya tanımadığı zabitlə görüşdükdə ona əsgəri qaydada rəsmi-təzim etməklə salamlaşmalıdır. Bu onun borcudur. Çünki belə qayda hərbiçilərin nizamnamələrində öz əksini tapmışdır. M. bu qaydaya əməl etməzsə, müəyyən olunmuş qaydada cəzalanacaqdır.
Hüquq normalarınınqanunlarının pozulması eyni zamanda əxlaq qaydalarınınpozulması deməkdir. Lakin, əxlaq qaydalarının pozulmasını heç də həmişə hüquq qanunlarının pozulması kimi qiymətləndirmək olmaz. Sadə bir misal: əgər vətəndaş hər hansı bir əmlakı oğurlayarsa və yaxud ictimai yerdə xuliqanlıq edərsə, bunlar onun hərəkətlərində təkcə hüquq pozğunluğu deyil, həmçinin mənəviyyatsızlıqdır.
18 yaşlı qəşəng bir qız 70-75 yaşlı tənha dövlətli bir kişiyə ərə gedərsə, burada heç bir qanun pozğunluğu yoxdur. Çünki qanunda (Azərbaycan Respublikasının nigah və ailə məcəlləsində) nigaha daxil olan şəxslərin qarşılıqlı razılığı, onların nigah yaşına çatması tələb olununr. Lakin, belə hala cəmiyyət pis qiymət verir.
Hüquqla əxlaq bir də onunla fərqlənir ki, dövlət lazım gəldikdə istədiyi vaxt hüquq qanunlarını müəyyən edir, onu dəyişdirir və ya ləğv edir. Əxlaq qaydaları isə düzgün rəftar qanunları olduğundan onları istək əsasında təsis etmək, nə dəyişdirmək nə də ləğv etmək mümkündür.
Müasir həyatımızda bu və ya digər ictimai münasibətləri tənzimləmək üçün hüquq bir sıra sahələrə (mülki, əmək, cinayət və s) bölünür.
Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilir ki, vətəndaşın hüquq qabiliyyəti, hüquqi fəaliyyəti onun anadan olması ilə əmələ gəlir və ölümü ilə xitam edilir, sona yetir.

M. ilə S. yeni ailə qurduqdan sonra mənzil şəraiti pis olduğu üçün M. mənzil növbəsinə durmuşdu. Bir ildən sonra bu gənclərin uşağı olur.
Həmin uşaq anadan olduğu andan atası və anası ilə bərabər ölçüdə mənzil sahəsi almaq hüququnu əldə edir. Vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək, özü üçün mülki vəzifələr yaratmaq qabiliyyəti (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə onun həddi-buluğa çatması ilə, yəni 18 yaşına çatması ilə əmələ gəlir.
«Vətəndaşların təqaüd təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-si maddəsində göstərilir ki, kişilər 62 (qadınlar 60) yaşa çatdıqda və azı 25 il (qadınlar 20 il) iş stajı olduqda yaşa görə təqaüd hüququnu əldə edirlər.
Hüququn əldə edilməsi üçün təkcə yaş həddi deyil, qanunvericilikdə müəyyən edilmiş şərtlərə də əməl olunması vacibdir.
Respublikamızın konstitusiyasına görə respublika vətəndaşları təhsil hüququna malikdirlər. Lakin, bü heç də o demək deyildir ki, respublikanın hər bir gənci ali təhsil məktəblərinə qəbul olunmasını tələb etməlidir. Bü hüququ əldə etmək üçün onlar yaxşı oxumalı, dərin biliyə malik olmalı, müsabiqə yolu ilə imtahan verərək yüksək bal toplamalıdırlar.
Qanunla müəyyən olunmuş hallar istisna olmaqla vətəndaşlar pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün məhkəməyə müraciət edə bilərlər.
Top