Demokratik cəmiyyətdə seçkilər

Demokratik cəmiyyətdə seçkilər

Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına azad, demokratik seçkilərin keçirilməsidir. Seçkilər, demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Seçkilərin keçirilməsi hüquqi və siyasi əhəmiyyəti ilə seçilir. Seçkilərin keçirilməsinin hüquqi əhəmiyyətini başlıca olaraq, vətəndaşların aktiv və passiv seçki hüquqlarının həyata keçirilməsinə hüquqi təminat verilməsi və Konstitusiya ilə müəyyən edilmiş dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının formalaşması təşkil edir. Siyasi əhəmiyyətə isə seçkilərin nəticələrindən asılı olaraq, ölkədə mövcud siyasi qüvvələr nisbətinin, demokratiyanın vəziyyətinin, seçicilərin arzu və istəklərinin, onların siyasi, iqtisadi və sosial sahələrdə olan tələblərinin müəyyən edilməsi daxildir.
Seçki hüququ iki ünsürlə — aktiv və passiv seçki hüquqları ilə səciyyələnir.
Aktiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə qanunla müəyyən edilmiş qaydada iştirak etmək, daha doğrusu, seçmək hüququdur.
Passiv seçki hüququ vətəndaşların nümayəndəli orqanlara seçkilərdə və ya seçkili vəzifələrə namizəd sifəti ilə qanunla müəyyən edilmiş qaydada iştirak etməyə əsas verən subyektiv hüququdur.
Azərbaycan Respublikası vətəndaşları üçün aktiv seçki hüququ 18 yaş müəyyən edilmişdir. Passiv seçki hüququ üçün aşağıda göstərilən yaş senzləri müəyyən edilmişdir: Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmək üçün – 25 yaş, Azərbaycan Respublikasının prezidenti seçilmək üçün – 35 yaş, bələdiyyələrə üzv seçilmək üçün 21 yaş.

Azərbaycan Respublikasında seçkilər seçki komissiyaları tərəfindən təşkil edilir və keçirilir.
Azərbaycan Respublikasında seçki komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir: Azerbaycan Respublikasının Mərkəzi Seçki komissiyası, dairə seçki komissiyaları, məntəqə seçki komissiyaları.
Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. Bu orqan 18 üzvdən ibarətdir. Mərkəzi Seçki komissiyasının üzvləri Milli Məclis tərəfindən aşağıdakı qaydada seçilir: 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsum olmayan olmayan və onların namizədliklərinə təmsil edən siyasi partiyaları təmsil edirlər.
Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Bu üzvlər Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər.
Azərbaycan Respublikasında 125 seçki dairəsinə müvafiq sayda dairə seçki komissiyaları yaradılır.
Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət təşkil edilir. Seçki məntəqəsinin ərazisində ən çoxu 1500 və ən azı 50 seçici qeydə alınmalıdır.
Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidir.

Seçkilərin ilkin nəticələri səsvermə günündən başlayaraq ən gec 5 gün müddətində Mərkəzi Seçki Komissiyasının tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər.
Mərkəzi Seçki Komissiyası 45 gün müddətində kütləvi informasiya vasitələrində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir.
Top