Cinayətdə iştirakçılıq

Cinayətdə iştirakçılıq

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha təhlükəli edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.
İştirakçılıq – cinayətin törədilməsində iki və ya daha çox şəxsin birgə iştirakıdır. Cinayətdə birgə iştirakçılıq ümumi nəticənin əldə edilməsi üçün iştirakçıların hərəkətlərinin qarşılıqlı olaraq şərtləşdirilməsində özünü göstərir. Ancaq hərəkətlərin birgəliyi təkcə obyektiv deyil, həm de iştirakçılığın subyektiv əlamətlərini əks etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid psixoloji birliyə malik olan iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə şərtləşir.
İştirakçılıq yalnız qəsdən edilən cinayətlərdə mümkündür. Ehtiyatsızlıq üzündən törədilən cinayətlərdə isə iştirakçılıq istisna olunur. Buna görə də subyektiv cəhətdən o təkcə iştirakçılar arasında subyektiv əlaqənin olması ilə deyil, həm də şəxsin törətdiyi əmələ və onun nəticələrinə psixoloji münasibəti ilə müəyyən olunur. Yalnız, qəsdən cinayət törətməkdə qəsdən birgə iştirak, iştirakçılıq yaradır.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində cinayətdə iştirakçılığın bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik (cinayətkar təşkilat) formaları göstərilir.
Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Bu, iştirakçılığın az yayılan və daha az təhlükəli olan formasıdır. İştirakçılığın bu forması razılaşmanın minimum dərəcəsi, yəni cinayət törədilməsi anına qədər iştirakçılar arasında əlbirliyin qeyri - mümkünlüyü ilə şərlənir. Burada cinayətin bütün iştirakçıları cinayətin birlikdə icraçısı kimi çıxış edirlər və onların birləşməsi yalnız cinayətin törədilməsi zamanı mümkün olur. Bir qrup şəxs tərəfindən qabaqcadan razılaşmadan törədilən cinayətlərə zorlama və s. cinayətlər misal ola bilər.
Qabacadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qabaqcadan razılaşmaqla yaranan iştirakçılıq, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin, daha dəqiq desək, Cinayət Məcəlləsinin xüsusi hissəsinin maddələrində nəzərdə tutulan əməllərin icrasına qədər iştirakçılar arasında razılaşmanın mövcud olmasını nəzərdə tutur.
Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.
Mütəşəkkil dəstə iştirakçılar arasında mütəşəkkilliyin yüksək dərəcəsi ilə xarakterizə olunur: rəhbərliyin mövcudluğu, cinayətin törədilməsi planının işlənib hazırlanması, hazırlanmış planın reallaşdırılması üzrə hərəkətlərin müəyyən edilməsi və vəzifələrin bölüşdürülməsi və s. Onun üçün peşəkarlıq və sabitlik xasdır: qayda üzrə, iştirakçılar bir deyil, bir sıra cinayətlərin törədilməsi məqsədilə birləşirlər. Son zamanlar respublikamızın iqtisadi və təsərrüfat həyatında baş verən cinayətlərin çox hissəsinin məhz mütəşəkkil dəstə tərəfindən törədilməsinə daha çox təsadüf edilir. Buna görə də qüvvədə olan cinayət qanunvericiliyində o, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur.
İştirakçılığın yuxarıda göstərilən formaları içərisində bəlkə də ən təhlükəlisi cinayətkar birlik hesab olunur. Cinayətkar birlik, yaxud cinayətkar təşkilat dedikdə, ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi başa düşülür. Cinayətkar birliyin sabitliyi və mütəşəkkilliyi, bu birliyin üzvləri arasında uzun müddətli və yaxud daimi əlaqələrin mövcudluğunu, həmçinin cinayətə hazırlıq və cinayətin törədilməsinin spesifik metodlarını əks etdirir. Cinayətkar birliyin yaradılmasına narkobiznes, terrorçuluq və s. bu kimi cinayətlərdə xüsusilə daha çox rast gəlinir. Cinayətkar birliyin təşkil edilməsi və onda iştirak, cinayət məsuliyyətinə səbəb olur və qanunvericilik tərəfindən ciddi surətdə cəzalandırılır.
Cinayət Məcəlləsinin 32-ci maddəsində cinayətdə iştirakın xarakterindən asılı olaraq iştirakçılığın - icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi növləri fərqləndirilir.
Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də Cinayət Qanunu ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş alətləri gizlətməyi, belə alətləri almağı və yaxud satmağı qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.
Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.

Top